Almaniyanın Drezden şəhərinin arxivində saxlanılan "Kitab-ı Dedem Korkud Ala Lisan-ı Taife-i Oğuzan", yəni "Oğuz tafyalarının dilində yazılmış Dədə Qorqut Kitabı" və Vatikanda saxlanılan və altı hekayədən oluşan "Hikayet-i Oğuzname, Kazan Beğ ve Gayrı " əlyazmaları Oğuz türklərinin bilinən ən qədim epik hekayələrindən ibarətdir. XIV və ya XV yüzildə anonim bir yazar tərəfindən orijinaldan köçürülmüş və başda Azərbaycan, Türkiyə və Türkmənistan olmaq üzərə Oğuz xalqlarının ortaq mədəni mirasının bir parçası olan bu dastanlar, İslam dinini qəbil etməzdən öncə Oğuz türklərinin mübarizələrini, həyat tərzlərini, inanclarını, əxlaqi və milli dəyərlərini, ədəbi təfəkkürlərini araşdırmaq və öyrənmək baxımından misilsiz bir qaynaq olmaqdadırlar.
"Dədə Qorkud Kitabı"nın Drezden nüsxəsini ilk dəfə alman H.O.Fleisch tapmışdır. Kitab haqqında ilk məlumat isə alman türkoloqu Heinrich Friedrich von Diezinnin 1815-ci ildə yazdığı məqalədə verilmişdir. Bu yazıdan 100 il sonra Kilisli Rıfat bəy Drezden nüsxəsinə dayanaraq "Kitab-ı Dede Korkud ala Taife-i Oğuzan"ı ilk dəfə 1916-ci ildə İstanbulda çap etdirmişdir. 1938-ci ildə isə görkəmli qorqudşünas alim Orxan Şaiq Gökyay dastanı fotosurəti və "Dədə Qorqut" adıyla yayımlamışdır. Kitab müəllif tərəfindən təkmilləşdirilərək dəfələrlə çap olunmuşdur.
Maraqlıdır ki, Orxan Şaiq Gökyayın nəşrindən bir il sonra, 1939-cu ildə gənc alim Həmid Araslı, ölkədə tüğyan edən repressiyalar və bu repressiyaların əsas qurbanlarından birinə çevrilmiş türkologiya elmi və türkoloq alimlərin, türkçü yazarların həbs olunduğu, Sibirə sürgün edildikləri, hətta güllələndikləri bir vaxtda, Azərbaycanda ilk dəfə "Kitabi-Dədə Qorqud"un əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayaraq çap etdirir. "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə o, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də bütün türkologiya elmimizə böyük xidmət göstərmişdir. Alim eyni zamanda "Kitab"ın araşdırılması ilə də ciddi məşğul olmuşdur. Bu mədəni abidənin üzərində çalışarkən, Həmid Araslı kompleksli araşdırma sistemi olan türkologiya elminin uğurlarından geniş istifadə etmişdir.
Bilindiyi kimi, akademik Həmid Araslı milli ədəbiyyatşünaslığımızın formalaşmasında önəmli rol oynayan azsaylı filoloq və türkoloq-şərqşünaslarımdan biridir. Geniş erudisiyaya sahib olması və şərq dillərini mükəmməl bilməsi sayəsində o, orta əsrlər Azərbaycan ədəbiyyatını islam mədəniyyəti kontekstində araşdırmış və ona yeni baxış açısı gətirmişdir. Böyük klassiklərimiz Nizami, Nəsimi və Füzuli irsinə həsr etdiyi əsərləri Həmid Araslını orta əsr ədəbiyyatımızın nüfuzlu bilicisinə çevirmişdir.
Həyatının ağır keçməsinə - iki yaşında şəhərin təhsilli alim-ruhanilərindən olan atası Hacı Məhəmmədtağı Ərəszadəni, daha sonra anası Dürrübəyim xanımı itirən və bir müddət Gəncənin tanınmış ziyalılarından olan yaxın qohumlarının himayəsində yaşayan Həmid Araslı həmişə təhsilə, oxumağa maraq göstərmişdir. O, əvvəlcə, Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə, 1922-ci ildə isə Gəncə Darülmüəllimi seminariyasında təhsil almağa başlamış, seminariyanı bitirdikdən sonra Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləmişdir. H.Araslı 1929-cu ildə Bakıya gələrək, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1932-ci ildə aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləmişdir. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayan Həmid Araslı, 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.
Bunları xatırlatmaqda məqsədim Həmid Araslının Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində, ədəbiyyatşünaslıq elminin gəlişməsində, əlyazmalarının toplanması və sistemləşdirilməsində, türkologiyanın inkişafında nə qədər böyük rol oynadığını xatırlatmaqdır. Zənnimizcə, onun ədəbiyyatşünaslıq sahəsində böyük uğurlara imza ata bilməsinin əsas səbəblərindən biri, alimin eyni zamanda görkəmli türkoloq və folklorçu olması ilə bağlıydı. Bütün bunlar həqiqətdir. Bir həqiqət də ondan ibarətdir ki, Həmid Araslının həyatı və elmi fəaliyyəti, göründüyü kimi, hər zaman rahat olmamış, çox ağır sınaqlardan da keçmişdir.
1951-ci ildə Mir Cəfər Bağırov "Kitab-ı Dədə Qorqud"un "mahiyyətinə burjua-millətçilik zəhəri hopmuş" "irticaçı xarakter daşıyan" bir abidə olduğunu elan edir və Xalq yazıçısı Elçinin də yazdığı kimi "bundan sonra anti,"Dədə Qorqud" kompaniyası başlayır. Dünənəcən bu abidənin həqiqi qiymətini vermiş ən istedadlı Azərbaycan ədəbiyyatşünasları Mir Cəfər Bağırovun bu iddiasını təsdiq etmək məcburiyyətində qalır və əvvəllər bu abidəyə yüksək qiymət verdikləri üçün üzr istəyirdilər (bunu da deməyi borc bilirəm ki, yalnız rəhmətlik akademik Həmid Araslı istəmir). ("Elçin. Mir Cəfər Bağırov kim idi?" - "Ədəbiyyat qəzeti". 27 aprel 2024). "Dədə Qorqud Kitabı"na qarşı qaralama kompaniyalarının aparıldığı mərkəzlərdən biri də Azərbaycan Yazıçılar İttifaqı olmuşdu. Orada keçirilən iclaslarda, Elçinin dili ilə desək, "bu görkəmli (eləcə də görkəmsiz) yazıçılar" Bağırovun bu böyük abidə haqqında dediklərini qızğın dəstəkləyir, "Dədə Qorqud Kitabı"nın araşdırmaçılarını, ilk növbədə də, onu hazırlayıb nəşr və tədqiq edən Həmid Araslını kəskin tənqid atəşinə tuturdular.
Məni uzun illər bir sual maraqlandırırdı. Mahiyyəti, xasiyyəti etibarı ilə olduqca mədəni, mülayim, sakit, dedi-qodulardan uzaq olan yaxın qohumum, dayım Həmid müəllimin, repressiyanın, təqibin, qorxunun hökm sürdüyü bir vaxtda, başqalarından fərqli olaraq, Bağırovun dediklərindən sonra üzr istəməməsinin, "Kitab" haqqında öz fikrində, mövqeyində qalmasının bir bədəli olacağını, "hökmdarın" qəzəbinə tuş gələcəyini bilmirdimi? Keçən əsrin 70-ci illərinin əvvəllərində Həmid müəllim Türkiyədə keçirilən bir konqresə qatılmaq üçün Moskvaya gəlmişdi (o vaxtlar xaricə ancaq Moskva üzərindən getmək olardı). Oğlu Elman Araslının evində qaldığı iki-üç gün ərzində tez-tez görüşüb, söhbət edirdik. Fürsətdən istifadə edib, illərdir məni tədirgin edən bu sualı Həmid müəllimə verdim. O, yarımçıq çəkilmiş siqaretini söndürüb yenisini yandırdı, xəyala getdi və bir müddətdən sonra: "Əlbəttə, qorxurdum, özü də möhkəmcə. Həm də özümdən çox, ailəm üçün qorxurdum. Yazıçılar İttifaqındakı ittihamlarla dolu çox ağır iclasdan sonra evə gəlib Balacaxanımdan (həyat yoldaşı) xahiş etdim ki, bir-iki isti paltarımı kiçik çamadana yerləşdirib, giriş qapısının yanına qoysun, məni aparmağa gələndə, heç olmasa, isti paltarlı o çamadanı özümlə götürə bilim. Çünki hər an gəlib məni apara bilərdilər. Stalin ölənə, Bağırov həbs olunana qədər mən və ailəm 2-3 il beləcə qorxu içində yaşadıq".
Ölkədə siyasi iqlim bir az yumşalan kimi Həmid Araslı yenidən böyük əmək sərf etdiyi "Dədə Qorqud Kitabı" ilə bağlı çalışmalarını davam etdirir, 1962 və 1978-ci illərdə bu qiymətli abidəni genişləndirərək yenidən yayınlayır.
Bir haşiyə: 1960-cı ildə məktəbi bitirdikdən sonra mən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölümünə daxil olmaq istəyirdim. Yaxın qohumumuz Məmməd dayının təklifi ilə məsləhətləşmək məqsədilə Həmid müəllimin yanına getdik. Türkoloq olmaq istədiyimi öyrəndikdə, o, türkologiyanın bəlalı bir elm olduğunu dedi və təkidlə ərəb və ya fars filologiyalarından birini seçməyimi təklif etdi. Mən isə türkoloq olmaq istəyirdim, çünki Həmid müəllimin elmi fəaliyyətindən, başına gələnlərdən az-çox xəbərim vardı. Odur ki, fikrimdən dönmədim, istədiyim bölümə daxil oldum, fərqlənmə diplomu ilə bitirdikdən sonra 1966-cı ildə Moskvaya gedib SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil oldum, 1968-ci ilin sonlarında dissertasiyamı müdafiə etdim və İnstitutun istəyi ilə orada çalışmağa başladım. İnstitutda işlədiyim 25 il boyunca və sonralar Həmid müəllimin yolunu bir baxıma davam etdirməyə çalışdım.
1985-ci ilin mayında keçirilən Sovet Türkoloqlar Komitəsinin illik toplantısında Komitənin sədri akademik Andrey Nikolayeviç Kononov və SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Komitənin sədr muavini Əthəm Rəhim oğlu Tenişevin təkliflərilə mən Komitənin xarici əlaqələr üzrə sədr müavini seçildim. Qarşımda sovet türkoloqlarının zəif olan xarici elmi əlaqələrini canlandırmaq, başqa ölkələrin, birinci növbədə, Türkiyə alimləri və qurumlarıyla təmaslar yaratmaq, beynəlxalq konfranslar keçirmək, düzənlənən elmi forumlarda sovet alimlərinin fəal iştirakını təmin etmək kimi ciddi vəzifələr qoyulmuşdu. Doğrusu, türkologiyanın inkişafından ehtiyat edən və bu elmin sadəcə, dilçilik səviyyəsində tutulmasında və siyasi konyuktura xidmət etməyində fayda görən o dövrün iqtidarının tutumunu nəzərə alsaq, bu vəzifəni həyata keçirmək o qədər də asan iş deyildi. Komitə rəhbərliyi və üzvlərinin əksəriyyəti çox yaxşı başa düşürdü ki, ciddi beynəlxalq koordinasya, müxtəlif ölkələrin alimləri arasında fikir alış-verişi, (mübadiləsi,) ortaq elmi araşdırmalar, toplantılar olmadan kompleks bir elm olan türkologiyanın inkişafi mümkün deyildir.
Türkiyəni ziyarət etdikdən, orada apardığım bir çox görüşmələr və yazışmalardan sonra Sovet Türkoloqlar Komitəsi daimi sovet-türk kollokviyumlarının təşkil edilməsi təklifilə SSRİ Xarici İşlər Nazirliyinə rəsmi yazı göndərdi. Bir müddətdən sonra yeni imzalanan Sovet-Türk Mədəni və Elmi Əməkdaşlıq Protokoluna hər il növbə ilə Sovetlər Birliyi və Türkiyədə keçirilmək şərtilə Sovet-türk kollokviyumlarının Protokola salındığını məmnuniyyətlə öyəndik. Nə gizlədim, məlum səbəbə görə, kollokviyumun sovet tərəfi başqanı olaraq, birinci toplantının "Kitabi-Dədə Qorqud"a həsr olunmasını və Bakıda keçirilməsini istəyirdim. Türk tərəfi ilə görüşmələrdən sonra buna nail oldum və 1988-ci ildə Bakıda "Mədəniyyət abidəsi olaraq "Dədə Qorqud Kitabı" mövzusunda kollokviyum keçirdik. Türkiyə və Sovet İttifaqı tərəfindən toplantıya qatılan professorlar - Orxan Şaiq Gökyay, Bahəddin Ögel, Xalıq Korolu və başqa ünlü qorqudşünas alimlərin iştirak etdikləri toplantının açılışında çıxış edərək, mən Birinci Kollokviyumun, "Dədə Qordud Kitabı"nın Azərbaycanda ilk araşdırmaçısı və naşiri olan akademik Həmid Araslının əziz xatirəsinə həsr olunduğunu bildirdim.
İlk dəfə Azərbaycana, Bakıya gələn Orxan Şaiq Gökyay mənə müraciət edərək, qədim məsləkdaşı Həmid Araslının məzarını ziyarət etmək istədiyini bildirdi. Akademikin qızı, professor Nüşabə Araslı onu Fəxri Xiyabanda uyuyan Həmid müəllimin məzarına apardı. Qayıtdıqdan sonra Orxan Şaiqin dediyi sözlər bu gün də qulağımdadır: "Həmid müəllimin "dəmir qapı" arxasında, siyasi basqıdan, təzyiqdən qorxmadan, çəkinmədən "Kitabi-Dədə Qorqud"u araşdırması və nəşr etdirməsi, gerçəkdən, bir qəhrəmanlıq idi. Ona dərin minnətdarlığımı bildirdim və bu gün Bakıda onun şərəfinə "Dədə Qorqud" kollokviyumu keçirdiyimizi söylədim."
Oğuz tayfalarının bu nəhəng abidəsini yaşadan, xalqlarımıza tanıdan və sevdirən bu iki böyük insana, alimə - Həmid Araslı və Orxan Şaiq Gökyaya Allah qəni-qəni rəhmət eləsin, ruhları şad olsun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!