Unudulmayan alimin xatirəyə dönən şair ömrü - Zülfiyyə İsmayıl tanınmış dilçi-türkoloq alim Cəfər Cəfərov haqqında yazır

Ömür şirin olar cavan yaşında,

Gözüm qalıb bir cüt qara qaşında.

Anam nəvəsinə beşik başında

Tək layla çalanda, xatırla məni.

Cəfər İsmayıloğlu

 

İyirmi yaşlı gəncin qələmindən süzülmüşdü bu misralar. Bəlkə də, qısa ömrünün ürəyə daman xəbərçisi idi "Xatırla məni" şeiri... bu şeiri oxuduqca, hər misrada ürək sızladan nakam duyğular dilə gəlir və yarımçıq ömrün vəsiyyəti kimi kağızdan ruha hopur. Bəli, yarımçıq ömür... O, az yaşadı, cəmi 57 il... amma bu ömrə nələr sığdırmadı ki...

Ölümündən sonra 75 illik yubileyinə töhfə olaraq "Xatırla məni" şeirlər çələngi 2013-cü ildə işıq üzü gördü. Bu kitabda alimin orta məktəb illərindən, ta ömrünün sonuna qədər vətənə, el-obaya həsr etdiyi şeirlərlə yanaşı, görkəmli alimlərin də alim-şair haqqındakı fikirləri yer alır. Akademik Tofiq Hacıyevin "Cəfər müəllimin öz dünyası vardı", akademik Nizami Cəfərovun "Mərhum türkoloq haqqında bir neçə söz", professor Qara Namazovun "Qayğıkeş insan, öyünüləsi alim", Məmmədəli Qıpçağın "Nəcib insan, gözəl müəllim", Vəli Əliyevin "Cəfərin türk dünyası" və başqa görkəmli alimlərin, söz nəhənglərinin, onu yaxından tanıyan dostlarının Cəfər müəllim haqqında reallığı əks etdirən fikirləri, xatirələri onu görmək və tanımaq fürsəti olmayanlar üçün aydın mənzərə yaradır.

Akademik Tofiq Hacıyev Cəfər müəllimi belə xarakterizə edirdi: "Cəfər müəllim zəmanəmizin, sovet rejimi dövrünün gözəl insanlarından idi. Başdan-başa antitürk, təpədən-dırnağa anti-Azərbaycan olan bir quruluşda Cəfər iliyinəcən bir millətçi kimi, türk oğlu türk kimi, böyük ürəkli bir azərbaycanlı kimi, əsl sədərəkli kimi yaşadı". Sədərəkli alimin tərcümeyi-hal göstəricilərinə qısa nəzər salaq:

Tanınmış dilçi-türkoloq alim, əsl vətəndaş-ziyalı Cəfər İsmayıl oğlu Cəfərov qədim türk-oğuz yurdu Naxçıvanın qəhrəmanlıq səngəri olan Sədərəkdə 20 fevral 1938-ci ildə doğulmuşdu. Elə orta məktəbi də həmin kənddə bitirmişdi. Azərbaycan Dövlət Universitetinin şərq filologiyası ixtisasında (1956-1961) təhsil alıb. Hələ tələbəikən Şərq dillərinə olan meyli və şair ruhu orijinaldan etdiyi tərcümələrin, sanki doğma dilimizdə yazıldığı təsiri bağışlayır. O, Pərvin Ettesaminin "Yetimlərin göz yaşı"nı, Pərviz Natel Xanlarının "Qartal" və digər əsərləri fars dilindən ana dilimizə hərfi deyil, bədii tərcümə etmişdir. Ali təhsilini uğurla başa vurduqdan sonra tale yolu onu Türkmənistana aparmışdı. Həyatda təsadüfi heç nə olmur, hər şey alın yazısıdır. Gələcəyin məşhur türkoloqu Türkmənistan Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olur, türkologiyaya xidmət edən axtarışlar aparır. Eyni zamanda Türkmənistan Dövlət Universitetində fars dilinin tədrisi ilə məşğul olur. 1971-ci ildə "Müasir türkmən dilində fars sözləri" mövzusunda dissertasiya işini müdafiə edir. "Gəzdim səyyah kimi", - deyən Cəfər müəllimin həyat yolu harada yaşamasından asılı olmayaraq xalqın ulu keçmişinin tədqiqinə, millətə xeyir vermək duyğusuna hesablanmışdır. Onun 1974-cü ildən, ta ömrünün sonuna qədərki taleyi Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin "Türkologiya" kafedrası ilə bağlı olub. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Cəfər müəllimin oradan tələbəsi olmamış olsun. Onu tanıyanlar onu rəğbət hissi ilə xatırlayır. Öz yetirmələrinə tədris etdiyi sahənin dərinlikləri ilə yanaşı, onlara xalqımızın mənəvi dəyərlərini, vətən, torpaq, el-oba sevgisini də aşılayıb, xeyirxahlığı, insani keyfiyyətləri isə öz şəxsi nümunəsi ilə təlqin edib. Özünü cəmiyyətin mənəvi tərbiyəsinə həsr edən əsl müəllim həm də öz dəyişməz xarakteri ilə gənclərin ürəyində ümid çırağı yandırmağı bacarmalıdır. Cəfər müəllim də məhz belə müəllimlərdən olub. Həm şərəfli müəllim, həm də məhsuldar alim ömrü yaşamaq hər kəsə nəsib olmur. Biz onun müəllimlik fəaliyyəti, insan kimi xarakterik keyfiyyətləri haqqında danışdıq. Digər tərəfdən, Cəfər müəllimi səciyyələndirən istiqamət onun məqalələri, tədqiqatları, monoqrafik əsərləridir.

Cəfər Cəfərovun qədim yer-yurd adlarımız Qafqaz, Gəncə, Naxçıvan, Yerevan, Noraşen, Abşeron, Arsak və s. haqqındakı orijinal etimoloji tədqiqatları uzun illərdir ki, elmi ictimaiyyətin rəğbətini qazanıb. Azərbaycan, türkmən, türk, alman və rus dilində 50-dək elmi məqaləsi, "Aslar kimdir?", "Milli etnik yaddaşın izi ilə" adlı monoqrafiyaları işıq üzü görmüşdür. Tam əminliklə deyə bilərik ki, bu əsərlərin əksəriyyəti milli meyarlar baxımından heç vaxt öz müasirliyini, aktuallığını itirməmişdir. Akademik Nizami Cəfərov qeyd edir ki, "Cəfər Cəfərov asların izlərini hər yerdə, qədim türk yazılı abidələrində, türklərə məxsus damğalarda, digər simvolik işarələrdə, qədim türk piktroqrafiyasında Hind, Çin, İran, Avropa mənbələrində axtarırdı". Həqiqətən də, C.Cəfərovun istər Azərbaycan damğaları, qədim türk işarələr sistemi, Qobustan qayaüstü işarələrinin oxunuşu, qədim yer-yurd adlarımızın etimoloji izahı, istərsə də qədim türklərin etnik mənşəyi hesab olunan aslarla bağlı sanballı tədqiqatları müstəqillik dövründə milli kökə qayıdış konsepsiyasına həsr olunan əsərlərin əsas istinad mənbələrindəndir. Çünki Cəfər müəllim hər bir araşdırmaya məqalə sayı çoxalsın deyə deyil, zərgər dəqiqliyi ilə yanaşıb. Akademik Tofiq Hacıyevin təbirincə desək: "Cəfər cibində zərrəbin gəzdirərdi", o bu zərrəbinlə tarixin dərinliklərindən xəbər verən tutarlı faktları üzə çıxarıb "qədim türk mədəniyyəti haqqında əsassız və mücərrəd konsepsiyalar irəli sürən erməni, ingilis və rus tədqiqatçılarına qarşı" (akademik Vəli Əliyev) elmi mübarizə aparan alim olmuşdur.

İnsan taleləri kimi, xarakterlər də müxtəlifdir. Hər alim öz doğruları üzərində araşdırmalarını nizamlayır. Cəfər müəllim də ictimai-siyasi cəhətdən müasir dövrümüzdən fərqli olan bir quruluşda yaşamış və təzyiqlərə baxmayaraq öz nəticələrini qorxmadan, cəsarətlə yüksək kürsülərdə və kütləvi informasiya vasitələrindən elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. Bax, beləcə Cəfər müəllim öz əməllərilə ömürnaməsini, tale kitabını yazdı və unudulmayan alim ömrü həzin-həzin, dalğa-dalğa xatirəyə dönən şair ömrü kimi onun şeirlərində, misralarında yaşayır. Bəli, türkoloq-alim Cəfər Cəfərov həm də şair idi... O, şeirlərini Cəfər İsmayıloğlu təxəllüsü ilə yazıb. Onun bədii yaradıcılığı da maraqlı, ürəyəyatım və yaddaqalandır. Bu yazının ümumi ruhu Cəfər müəllimin gördüyü işlərin təhlilinə və mənalı ömür yolunun tədqiqinə hesablanmışdı. Ona görə də Cəfər Cəfərovdan yazıb, Cəfər İsmayıloğlunu xatırlamamaq ədalətsizlik olar. Cəfər müəllimin "Xatırla məni" şeir çələngini vərəqlədikcə professor İfrat Əliyevanın kitab haqqındakı fikirləri düşüncələrimə tərcüman olur: "...bu kitabda mən Cəfərin müxtəlif illərdə müxtəlif münasibətlərlə əlaqədar yazdığı əsərlərini oxudum və oxuduqca onun infarkt keçirmiş yaralı ürəyinin yaralı misraları məni bu kitab barədə söz deməyə sövq etdi... "Xatırla məni" şeirlər toplusu adi bir kitab deyil. Biz bu kitabda 20-ci əsrdə xalqımızın son illərdə gördüyü dərdlərini və yaralarını oxuyuruq".

Tədqiqatçı-alim Cəfər Cəfərov elmi araşdırmalarının nəticələrini Cəfər İsmayıloğlunun bədii düşüncəsi ilə çulğaşdırıb ustalıqla poetik şəklə salır:

 

A dostlar, Qafqazı yıxdı xəyanət,

Yalan ayaq tutdu, itdi həqiqət.

Yaxşı ki, bir səslə söylədi millət:

"Az ərlər"in ocağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

 

Bu misralardakı Vətən və yurd sevgisi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə almışdır. Təəssüf ki, qanlı-qadalı 90-cı illərdə "Azərbaycan torpağıdır Qarabağ!", - deyən vətəndaş ziyalımız dünyanı lərzəyə gətirən "Qarabağ Azərbaycandır!" şüarının 44 gündə həsrətə son qoyan reallığını görmədi...

Şairin 1996-cı ildə qələmə aldığı "Milli ordumuza" şeiri, sanki son illərdə yazılmış zəfər mövzulu şeir təsiri bağışlayır:

 

Ey milli ordumuz, xilaskar oldun

Sülhün, səadətin keşiyində sən.

Necə ki, düşmən var, hər gecə-gündüz

Bu azad xalqımın keşiyindəsən!

 

...Ədəbiyyatın, daha çox da poeziyanın hər zaman müraciət etdiyi ənənəvi mövzulardan biri və ya birincisi Ana mövzusudur. "Uşaqkən anadan yetim qalmışam", - deyən Cəfər İsmayıloğlu ürəyində qübara çevrilən bu nisgili "Anasız cahanı sevmirəm mən də, Anamın dərdidir qalıb sinəmdə" misralarını axarınca biri digərinin davamına çevrilən "Ana", "Anama", "Anam gəlsin" kimi şeirlərində məhrəm duyğularının pıçıltısı eşidilir:

 

Dərdimi tək bircə anama deyin,

Anamın əlilə dərman eyləyin.

 

"Ana südü", "Anamın məktubu" kimi şeirlərin müəllifinin "Ögey anama" yazdığı şeiri oxumadan öncə düşündüm ki, bu şeirdə paradoksal və təzadlı fikir, küskünlük kimi duyğu və düşüncələri əks etdirən misralar olacaq. Amma yanıldım... reallığı əks etdirən bu şeirin bir nağıl kimi sirli-sehrli dünyası, ürək sızladan büyülü duyğusu, mərhəmət libasına bürünən sevgi hissləri o qədər axıcı bir dillə misralara tökülür ki, heyrətlənməyə bilmirsən. Ana obrazının ucalığını, "Ananın ögeyi, doğması olmaz" düşüncəsini və Azərbaycan qadınının - Anasının ümumiləşmiş obrazını, poetikləşən, heykəlləşən ruhunu görürsən.

Onun "Pişik", "Quzu", "Qaranquş", "Qoçaq kirpi", "Bahar", "Təyyarə", "Aya uçanda" kimi uşaqlar üçün yazdığı şeirlərinin ab-havası bir başqadır:

 

Gül gülə baxdı,

Güldən tər axdı,

İnsan da güldü,

Cahan da güldü.

Tərtibçilər "Xatırla məni" kitabının növbəti bölməsində bəşər övladının bineyi-qədimdən özü ilə yaşatdığı kövrək və həzin, köhnə duyğuları "Yeni duyğular" adı altında cəmləşdirib. Bu qəbildən olan "Həsrət", "Xatirə", "Sevgi", "Ayrılıq", "Xəyanət", "Kişilik", "Qocalar", "Gənclik", "Görəndə", "İnanmıram", "Yollar", "Özümə nə deyim, sənə nə deyim?" və digər şeirlərində köhnə duyğulara öz nəfəsi ilə yeni poetik ruh verib, misraları öz ürəyinin sevgisi ilə isidib...

Müasir poeziyanın ənənələrinə sadiq qalan şair şifahi söz sənətini də yaddan çıxarmır. Onun folklorik janrlardan biri olan bayatıları da layla kimi şirin-şirin, mirvari kimi gizlin-gizlin qulağa süzülür:

 

Əzizim, anan mənəm,

Od tutub yanan mənəm,

Sən özün bilməsən də,

Tək səni anan mənəm.

             

Onun könül dünyasında "Bizim ellər"in ecazkar bir vəsfi var. C.İsmayıloğlunun "Bizim ellər" adlı lirik poeması Naxçıvanı tərənnüm edən ballada və ya tarixi-bədii salnamə təsiri bağışlayır...

"Yordu əyri-üyrü yoxuşlar məni" - desə də, xalqa xidmət yükünü zəif çiyinlərinə yükləməkdən yorulmadı, qələmi kimi ürəyini də şam kimi əritdi. Bu ziyadan neçə-neçə qəlbə nur səpələndi...

P.S. Gecənin ala qaranlığından sonra dan yerinin sökülməsinə lap az qalır... su kimi axıb gedən düşüncələr əlimi bir an belə klaviaturadan çəkməyə qoymur. Hər şeyi yazmaq istəyirəm... Qarşımdakı kompüterə toxunduqca çık-çık-çık gələn səslər yazının ahənginə ritm tutur... bu həzin sədalar altında gözlərim pəncərəmdən görünən təbiət mənzərəsinə dikilir. İlahi, gördüklərim məni valeh edir. Hər tərəf ağ örpəyə bürünüb... yəqin buludlar da mənim kimi yuxuya gedə bilmir. Havada rəqs edən qar dənəcikləri yorğunluğumu tamamən alır. Mən qış nağılına bənzəyən şair ömrünün kövrək akkordlarının son dilinə basıram və beləcə alim ömrünə həsr etdiyim yazınınsa saat 05:20-də son nöqtəsini qoyuram...

Ertəsi gün bu yazının ilk oxucusu Aytən xanım olur. Bir yerdə oxuyur, bəzi faktları birlikdə dəqiqləşdiririk... anidən otağa bir səssizlik çökür və gözlərimizdən gilələnən yaşlar vərəqlərə səpələnir. Və Aytən xanımın kitablarla, kar-kağızla dolu olan iş stolunun üzərinə qoyulan çərçivələnmiş rəsmdəki nigaran baxışlar üzümüzə zillənib, başımızın üstündə isə qürurla dayanan ata ruhunu hiss etməmək mümkün deyil. Sanki bir sarı işıq bizə doğru boylanır, elə həmin andaca müdrik atanın qızları ilə fəxr edən məğrur duruşunu görür, saçlarımıza isti bir əlin sığal çəkdiyini hiss edirik. Bəli, bizlər tutduğumuz yolla, həyat amalımızla, yaşam fəlsəfəmizlə valideynlərimizin başını dik, ruhunu şad edirik!..

Doğrudan da, valideynin yeri o vaxt behişt olur ki, özündən sonra onun əməlisaleh övladı qalır. Çünki övlad valideyn ömrünün davamıdır. Bu gün onun başladığı yolu ləyaqətlə davam etdirən, hər sözündə Cəfər müəllimi ehtiramla yad edən, yoxluğu ilə bir an belə barışmayan qızı dosent Aytən xanım vətəndaş-ziyalı kimi vətəninə, xalqına ləyaqətlə xidmət edir. Cəfər Cəfərov bir pedaqoq kimi tələbələrinin ürəyində, bir alim kimi mənsub olduğu xalqının, qayğıkeş ata kimi də övladlarının ürəyində taxt, bir qala qurub. Elə bir qala ki, onun torpağı vətənə məhəbbət, xalqın ulu keçmişinə sədaqət, ailəsinə sonsuz sevgi ilə yoğrulub. Onun təbirincə desək: "Məhəbbət, mərhəmət, bir də sədaqət Ürəkdən-ürəyə daşıyır bizi". Özü cismən aramızdan ayrılsa da, əsərlərində və qəlblərdəki xanimanda yaşayacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!