“Bilmirəm türkdür, ya tatardır adın...” - Bəkir Çobanzadə poeziyası. I məqalə - Vilayət QULİYEV

Vilayət QULİYEV

Bəkir Çobanzadənin poetik yaradıcılığında inikasını tapan əsas mövzular arasında ilk yerdə, heç şübhəsiz, türk-tatar dili, daha geniş anlamda ana dili məsələsi dayanır. Şeirlərində sıx-sıx müraciət olunan Vətənin taleyi, Krımın tarixi keçmişi və XX yüzilliyin başlanğıcındakı acınacaqlı vəziyyəti, soydaşlarının yaşamı, gələcəyə yönəlik arzuları, milli-mədəni tərəqqi və digər mövzular da birbaşa, yaxud dolayı yolla ana dili, onun xalqın tarixində, taleyində oynadığı mühüm rolla bağlıdır.

Şair Bəkir Sidqinin (şeirlərini əsasən, bu təxəllüslə yazmışdı - V.Q.) poetik irsindən nümunələri Azərbaycan dilinə uyğunlaşdırıb nəşr edən türkoloq-professor Ramiz Əsgərin yazdığına görə, "Qaval səsləri" əlyazma toplusundakı 73 şeirdə "tatar" sözü 99, "yurd" sözü 56, "Krım" adı isə 11 dəfə işlənib. Əslində bu anlayışlar da mahiyyət etibarı ilə dil məfhumunun ifadəsinə xidmət edir; çünki "tatar", "yurd", yaxud "Krım" kəlmələrinin arxasında, ilk növbədə, milli identiklik amili kimi ana dili nəzərdə tutulurdu. Dörd illik Budapeşt həyatında doğma dili onun üçün "xilasedici kəmər" - ana Vətən və milli varlığa bağlılığın qarantı rolunu oynamışdı.

O, yaradıcılığında doğma dili və türk yurdu mövzusuna sıx-sıx müraciətinin səbəblərindən bəhs edərək yazırdı: "Yetişdikcə şair olurdum. Şeirlərim mayasını tənha, yoxsul, başı dərdlər çəkən qazax ellərindən, ağır boyunduruq altında inləyən tatarların türkü və şərqilərindən alırdı". Sonra həmin şeirlərin coğrafiyası genişlənərək islam Şərqini, hətta müsəlman dünyasını əhatə edəcək, arada bayronvari "dünya kədəri" ünsürləri ilə də zənginləşəcəkdi. Bəkir Sidqi qarşısında açılan geniş və rəngarəng dünyaya bəzilərinin türk, bəzilərinin tatar adlandırdığı ana dilinin sehrli güzgüsündən baxırdı. "Bilmirəm, Türkdür, ya Tatardır adın, Ancaq çox şirinsən, Tanrıdan dadın!" - deyə əslində bu adların bir-birinin təkrarı olmasına, türk-tatar dilinin nə isə qeyri-adi, ilahi mənşəyinə ürəkdən inanırdı.

Qürbətdə, fərqli mədəniyyətlərin daşıyıcıları arasında yaşaması, bəzən aylarla doğma dilində danışmağa, həsb-hal etməyə bir adam tapmaması onu heç vaxt vətənindən, soydaşlarından, ana dilindən və milli psixologiyadan uzaqlaşdırmamışdı. Əksinə, "boynuna sarıldığı", eşidərkən, "qəddini dikəltdiyi" türk-tatar dili "qürbətçi-şair"i doğma yurda qırılmaz tellərlə bağlayan, Vətənindən və xalqından bir gün də uzaq düşməyə imkan verməyən sehrli vasitəyə çevrilmişdi. Güc və qüvvət mənbəyi, qarma-qarışıq həyat labirintində yolgöstərən məşəl olmuşdu:

 

Yad eldə üzülüb, acı çəkəndə,

Ümidsiz gözümdən qan-yaş tökəndə

Boynuna sarılıb dərdimi dedim,

Bir munis sözündən dikəldi qəddim.

 

Şeirin olmasa, şərqin olmasa,

Bircə "yurd" kəlmənlə içim dolmasa,

Necə dolaşardım qürbət diyarda?

Tanışsız, bilişsiz yad mahallarda.

           

Şairin nəzərində türk dili yalnız ünsiyyət vasitəsi deyil, həm də ucsuz-bucaqsız türk dünyasının sərhədləri, hətta varlığıdır. Onun mənəvi pasportu, tanınma nişanəsidir. Harada səslənməsindən, tələffüz və şivə fərqlərindən asılı olmayaraq damarlarında türk qanı axan hər kəs üçün eyni dərəcədə munis və şirindir, hər türk övladında tarixinə sahiblik və qürur hissi doğurur. Onu özü ilə alıb tarixin qədimliklərinə, çox böyük bir coğrafiyaya, keçmişin qururdoğurucu, şərəfli çağlarına aparır:

 

Harada duyulsa Nəvai dili,

Harada çırpınsa Tukayın könlü

Orası əbədi vətəndir bizə.

Oraya dönərik öz türkümüzlə...

 

Türk-tatar dili Bəkir Sidqi üçün türk tarixinin ayrılmaz parçasıdır. Türk ulusunun ən şanlı dönəmləri, qəhrəmanlıq və fütuhat dövrləri türklərin ana dillərinə sayğı ilə yanaşdıqları, düşmənə bu dillə fərmanlar göndərdikləri vaxtlar olmuşdu. Ana dilinin mövqeləri zəifləyəndə türk eyniyyəti də itirilməyə, dövlət zəifləməyə başlamışdı.

 

Qoca türk dilinin doğdum bağrından,

Doğma balasıyam, unudarmı can?

Mən onun səsindən oyandım indi,

Nə bayam, nə də ki, zəngin əfəndi.

Tatar ozanıyam, dilimin qulu,

Dilimi yaşadan igidlər ulu.

İgidlər - onların hər sözü yarlık -

Unutmaz adların türklük, tatarlıq!

 

1918-ci il yanvarın 30-da Budapeştdə yazdığı tarixi-fəlsəfi aspektli "Zavallı türk" (əslində burada "zavallı" sözü "yazıq", "miskin" deyil, "bəxti gətirməyən", "layiq olduğunu ala bilməyən" mənasında işlənmişdir - V.Q.) şeirində tələbə-şair Osmanlı sarayında "ərəb və əcəm (İran) təsirinin yayılmasını, zamanla hakim mövqe tutmasını türklüyə ən böyük zərbə kimi dəyərləndirir, "Sənin də var idi əcdaddan qalan, Möhtəşəm bir dilin - zirehli qalxan!" - deyə dilin itirilməsini (eyni hal daha böyük ölçüdə Səvəfi və Qacar sarayları üçün səciyyəvi olmuşdu) milli dövlətin və dövlətçiliyin tədricən tarix səhifəsindən silinməsinə bərabər tuturdu. Özünəqayıdışı ana dili və milli zehniyyətin bərpasında görürdü. Bunu isə artıq mənəvi simasını itirmiş sultan saraylarından deyil, sadə insanlardan gözləyirdi:

 

Gün gələr, de, sən də oyanarmısan?

Öz doğma dilinə dayanarmısan?

Qaraman çobanı, adsız Yörüklər,

Sınmayan kişilər, o əsl Türklər!

Bir gün qalxarlarmı "Qurtuluş!" - deyib,

Türktək qürur duyub, "Türkəm!" söyləyib?

 

Gənc Bəkir Sidqinin türk dili sevgisi bəzən qarşısıalınmaz bir tutquya, qara sevdaya çevrilərək fantastik miqyaslar alır, sanki bütün müşküllərin açarına çevrilir. Şair səmimi şəkildə inanır ki, dünyanın üç qitəsində səslənən, milyonları hərəkətə gətirən bu dil hər şeyə qadirdir. Planetar miqyaslıdır. Birlik və qüdrət mənbəyidir. Əzəli və qutsaldır. O, hətta canını almağa gələn ölüm mələyi Əzraillə də yalnız ana dilində danışacağını xəyalında canlandırır. İnanır ki:

 

Gər anlasa səni düşmən də sevər,

Bir şirin sözünə dünyanı verər.

İstəyirəm, səni hər yerdə görüm,

Hər yanda incinlə dastanlar hörüm.  

Bütün canlılara öyrədim səni,

Yetimin könlündən sil qəm-qüssəni.

Camiyə, mehraba, saraylara gir,

Uzaq dənizlərdən bir xəbər gətir.

Səninlə düşmənə fərmanlar yazım,

Dil anlamazların kökünü qazım!

           

Məhz doğma dilə, müstəqil dövlətçiliyə münasibət baxımından, bir zamanlar böyük pərəstiş hissi ilə "Ağ topraklar"- deyə can atdığı, Osmanlı hökmdarı II Sultan Əbdülhəmidi xalqla təmas - "selamlık" zamanı görəndə sevincindən göz yaşlarını boğa bilmədiyi İstanbul da şairə əvvəlki kimi munis və əzəmətli təsir bağışlamamışdı. Çünki İstanbul tədricən kosmopolit şəhərə çevrilərək böyük bir millətin tarixi mirasını yaşatmaq missiyasını, milli istinadgah mövqeyini itirirdi. Çünki orada Anadolu türkünün haqqı yeyilirdi, bir vaxtlar hayqırtıları ilə Avropanı lərzəyə salan türk dili, türklük düşüncəsi, mənəviyyatı və əxlaqı tədricən saraydan qovulurdu, rumluların, ermənilərin, musəvilərin meydan suladıqları Osmanlı paytaxtı tarixin ən böyük fəthlərinin qəhrəmanına - Anadolu türkünə yad nəzərlərlə baxır, soyuqluq göstərirdi:

 

Bilirəm, İstanbul sevinməyəcək,

Ərəbin, Əcəmin sözün deyəcək.

İstanbul Türk dilin bitirdi, sovdu,

Türklüyün unutdu, Türk sözün qovdu.

İstanbul - səbəbi bu pəltəkliyin!

İstanbul əlilə vuruldu düyün!

İstanbul ləkədir ağ üzümüzdə,

O, bir qaranlıqdır gündüzümüzdə.

 

Bəkir Çobanzadənin ümumtürk, xüsusən də, Krım-tatar ədəbiyyatı üçün bir örnək sayılan İstanbul təsirindən və Osmanlı türkcəsindən tədricən uzaqlaşaraq milli ənənələrə üstünlük verməsi "Türkçülüyün tarixi" əsərinin müəllifi Yusif Akçuranın da diqqətindən yayınmamışdı: "Bəkir Sidqi Əfəndi Niyazi Əfəndidən (Dobrucadakı Krım türklərinin görkəmli şairi Mehmet Niyazi bəy (1878-1931) nəzərdə tutulur - V.Q.) ziyadə Krımın xalq nəğmələrindən təsirlənmişdir. Bu şairdə İstanbul və Osmanlı ədəbiyyatının təsiri çox azdır. Mənzumələrinin şəkillərini, vəznlərini tamamilə xalqdan almışdır. Osmanlıca yazı qaydalarına pək diqqət yetirməmiş və yaxşı da etmişdi".

Maraqlıdır ki, dünya türklüyünün ümid yeri kimi baxdığı İstanbula tənqidi münasibət Azərbaycan şairi Hüseyn Cavidin 1917-ci ildə qələmə aldığı "Uçurum" pyesində də əksini tapıb. Doğrudur, yeniyetmə Bəkir Sidqidən fərqli olaraq Cavid Osmanlı paytaxtında həyatının daha yetkin dövründə (1905-1909) yaşamış, İstanbul Darülfünunun dil-ədəbiyyat bölümündə təhsil almışdı. Aydın məsələdir ki, onun türk-Osmanlı cəmiyyətinə münasibəti daha dərin müşahidələrə, tarixi biliklərə əsaslanmışdı. Hüseyn Cavidin nəzərində İstanbulun mədəni-mənəvi tənəzzülünü şərtləndirən əsas amil yalnız sadə türk dilinin sarayda nüfuzdan düşməsi deyildi. Türk mənəviyyatı və əxlaqının, türklüyə xas dəyərlərin aşınması idi. "Qəhrəman Oğuzların, böyük Ərtoğrulların sarsılmaz xələfləri" sayılan türk gəncliyinin babalarının at belində dolaşdıqları Avropanın zahiri parıltısına aldanmaları, qədim qitədən fəzilət, hümmət, ciddiyyət və vüqar yerinə, "yurda sapıqlıq və iffətsizlik" gətirmələri "Uçurum" müəllifini daha çox düşündürür və sarsıdırdı. Bu mənada, filosof təbiətli Azərbaycan şairi, sadəcə, üzdəki qüsurları tənqid etməyə yox, onları doğuran səbəbləri, problemin kökünü aşkara çıxarmağa çalışırdı. Bəkir Sidqi isə türklüyü saran mənəvi düşkünlüyün yalnız bir təzahürü - ana dilinə sayğısız münasibət üzərində dayanırdı. Cavidin:

 

O gün ki İstanbulda,

Gənclik fransızlaşdı,

Getdikcə türk övladı

Uçuruma yaklaşdı.

 

Yurdumuzu sardıqca,

Düşkün Paris modası,

Hər kəsə örnək oldu,

Sərsəm firəng ədası

 

- misralarının arxasında əslində türk cəmiyyətini bürümüş xəstəlik - təqlidçiliyi mədəniyyət kimi qəbul etmənin faciəsi açılıb göstərilmişdi.     

Yeri gəlmişkən, başqa bir azərbaycanlı - Cümhuriyyət hökumətinin Osmanlı sarayındakı səlahiyyətli naziri Ə.Topçubaşi "İstanbul sindromu"nu siyasi-iqtisadi baxımdan dəyərləndirmişdi. O, Baş nazir Fətəli xan Xoyskiyə 5 noyabr 1918-ci il tarixli məktubunda yazırdı: "Burada (İstanbulda - V.Q.) ictimai fikir, hətta mövcud olsa da, hərəkətsiz və dumanlı şəkildədir. Bu dağınıqlıq, qətiyyətsizlik içərisində aparıcı əhvali-ruhiyyəni sezmək çətindir. Nəinki çətin, hətta deyərdim ki, qeyri-mümkündür. Çünki ölkə əhalisi son dərəcə rəngarəng və müxtəlifdir. Amma bununla belə, yenə üç əsas qrup müəyyənləşdirmək olar: 1. Öz vətənlərinin marağı üçün yaşayan xaricilər. Türkiyə onlar üçün sağmal inəkdən başqa bir şey deyil. 2. Yunanlar və ermənilər. Hər ikisi, xüsusən də, yunanlar Türkiyənin barışmaz düşmənidirlər. Hamısı Osmanlı ağalığından azad olmaq arzusu ilə yaşayır, səbirsizliklə ingilislərin, yaxud hər hansı başqa qüvvənin onları "vəhşi" dedikləri türklərin əlindən qurtaracağı ümidi ilə günləri sayır. Özlərini "osmanlı" kimi qələmə vermək, vətən sevgisi nümayiş etdirməklə bir sırada, səbirsizliklə avropalıların türkləri ölkədən qovacağı saatı gözləyirlər. Həm də türkləri hər üzünə yolur və qırxırlar. Buna daha yaxşı şərait yaratmaq üçün türklər vuruşmalı, onları qorumalıdırlar. Ermənilərlə yunanlar isə ticarətlə məşğul olmalı, var-dövlət toplamalıdırlar. 3. Nəhayət, türklərin özləri. Onlar iki qrupa bölünür: a) dövləti yaratmış həqiqi türklər; b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün də daxil olan müxtəlif ölkələrin müsəlman xalqları. Müsəlman olsalar da, daim türklərdən narazıdırlar. Belələrinin sırasına, fikrimcə, türk dövlətinin qəbirqazanları kimi çıxış edən ərəblər, suriyalılar, çərkəzlər, arnavutlar və "et-tutti guanti" (hər cür həftəbecər - italyanca - V.Q.) daxildir. Hərəsi yorğanı öz üstünə çəkmək istəyir. Hesab edirlər ki, türk dövləti türklər deyil, ayrılıqda ərəblər, çərkəzlər, arnavutlar üçün qurulub. Hazırda Ərəbistan və Suriyada, daha əvvəl isə Albaniyada türklərə göstərilən münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc Anadolu türkü (8 milyon nəfərə yaxın!) 600 illik tarixə malik dövlətin bütün yükünü və günahlarını çiyinlərində daşımağa məcburdur. Bu olan işdirmi, bu nə qədər ədalətlidir?!"

Mətləbdən bir qədər uzaq düşsək də, deməliyik ki, türkçülük ruhunun Osmanlı imperatorluğu və Türkiyə Cümhuriyyətində bərqərar olmasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Rəşid Rəhməti Arat və b. "rusiyalı türklər", həqiqətən, mühüm xidmət göstərmişdilər. Yəqin ki, gənc Bəkir Çobanzadəni də ən azı, bu kaqortanın simpatizanları, silahdaşları siyahısına daxil etmək mümkündür.

XX yüzilliyin əvvəllərində Azərbaycan romantik poeziyasının tez-tez üz tutduğu Şərq-Qərb qarşılaşdırması da şair Bəkir Sidqinin yaradıcılığına yad deyildi. Müsəlman Şərqinin, ilk növbədə isə, türk dünyasının çağdaş vəziyyəti belə müqayisələr üçün çox da uduşlu görünmədiyindən o, bir qayda olaraq tarixin dərinliyinə baş vurmağı daha üstün tuturdu. Çünki əski tarixdə iftixar hissi doğuran səhifələr vardı. Krımlı şairin Şərq-Qərb mövzulu şeirlərinin əksəriyyəti, sanki xalqının varlığını danmağa, şərəfli tarixini inkar etməyə çalışan gözəgörünməz opponentlərlə sərt polemika şəklində qələmə alınmışdı. Müəllif Avropa təhsilinə, mədəniyyətinə, elminə, rəğbətlə yanaşsa da, qərbli alim və siyasətçilərin avropasentrist meyillərinə sərt təpki göstərmişdi. Hətta türklərə nisbətən mötədil yanaşan Avropa ölkəsində - Macarıstanda belə o, yeni müstəmləkəçilik və müsəlman xalqlara yuxarıdan aşağı baxmaq ab-havasını, keçmişi arzularına uyğun şəkildə dəyişmək, yaxud qələmə vermək niyyətini sezə bilmişdi. Həmin yanaşma tərzi romantik və vətənpərvər şairdə haqlı etiraz doğurmuşdu.

Amma tarixi mövzulardan söz açanda obyektivlik və ədalət hissini də heç vaxt itirməmişdi. Türk varlığını danan, tarixini istədiyi şəkildə təhrif edən bədxah niyyətli qərbli alimlərə qarşı çıxdığı kimi də, gerçək tarixindən bixəbər, keçmişinin həqiqi sahibi olmağı bacarmayan soydaşlarını da günahlandırırdı. Hətta ikincilərin tənqidində daha sərt mövqedən çıxış edirdi. Həmin nöqteyi-nəzərdən "Dostlar, bu dil üçün savaşaq, gərək!", "Tatar deyiləm" - deyənlərə", "Keçmişdəki günahlarımız", "Doğuldum bir evdə" kimi tarixi analogiyalara əsaslanan, bəlli süjet xəttinə malik şeirlər səciyyəvidir. Məsələn, "Keçmişdəki günahlarımız" şeirində Avropa və türklər üz-üzə qoyulur.

           

Biri açıb kitabını "Lənət!" deyir

Hülakiyə, Batı xana, Temirə.

Biri yazıb tarixini "barbar" deyir

Bir zamanlar baş əydiyi əmirə.

 

Bu, mövcud şəraitdə özünü vəziyyətin ağası sayan avropalının mövqeyidir. Bəs müqabilində türk-tatar nə edir? Zəngin tarix və mədəniyyətin sahibi olduğunu ortaya qoya bilirmi? Babaların mirasına sahib çıxmaq əzmindədirmi? Təəssüf ki, yox! Aradan keçən yüzilliklər, uğradığı məğlubiyyətlər, uduzduğu savaşlar, o biri tərəfdən isə, tərəqqi yolundan uzaq düşməsi, zamanla ayaqlaşa bilməməsi, tarixi yaddaş və milli qürur hissini itirməsi tatarı əzib. O, hətta xalqının böyük şəxsiyyətlərini tanımır. Sanki milli varlığından, əcdadlarından imtina etməklə özünü qorumağa çalışır:

 

Fəqir Tatar atdan enib, şaşırıb,

Üzün örtür, səsin qısır, gizlənir.

"Çingiz, Temir, Batını tanımıram,

Mən onları heç görmədim!" - söylənir.

 

Amma təbii ki, tarixinin kədərli dövrünü yaşayan, qəhrəman keçmişindən uzaq düşərək müstəmləkə nüfuzuna çevrilən tatarın etirafları düşmənin fikrini dəyişdirmir. Əksinə, onun yazıq, çarəsiz vəziyyətini görüb daha böyük həyasızlıqla, daha sərt ittihamlarla üstünə gedirlər. Sanki döyüş meydanlarında uğradıqları məğlubiyyətlərin əvəzini acı sözlə, təhqir və həqarətlə çıxmağa çalışırlar:

 

Düşmənləri "Sənsən!" deyib hayqırır:

"İzin, rəsmin tarixlərdə boyaboy!

Səndin Cingiz ordusuyla yürüyən,

Sarı üzlü, yastıburun, alçaqboy"!

 

Küncə sıxışdırılmış tatar özünümüdafiəyə sonuncu zəif təşəbbüs göstərir. Amma dediyinə qulaq asan, sözünə məhəl qoyan yoxdur. Şairin nəzərində bu vəziyyətdə həyasız, iddialı avropalıdan daha çox keçmişinə sahib çıxmağı bacarmayan tatar günahkardır. Öz kökü üstə bitə bilməyən ot qurumağa məhkumdur:

"Mən deyiləm", - deyə fəqir zarıyır,

Çingiz, Batı nəslimdə heç olmadı.

Atam, anam şərəfli bir seyiddi,

Yaxınlarım ya qazı, ya molladı".

 

Xəyali mübahisənin kuliminasiya nöqtəsində şair özü səhnəyə çıxır. Əslində onun dili ilə xələflərinin bugünkü halından pəjmürdə olan əcdadların ruhu danışır. Cahil tatardan fərqli olaraq bu ruh əcdadlarının dəfələrlə açıq döyüşdə yendiyi "mədəni Avropa"ya meydan oxuyur, tarixin təkrarlardan ibarət olduğunu yada salaraq kimliyi, dünəni barəsində, qürur duyduğu adlar haqqında açıq və sərt danışır:

 

Buraxın, o fəqir xalqı, suçu yox,

Suçludursa, bədəlini ödəyər.

Mənəm Çingiz, Temir xanın nəvəsi!

Mənəm onlar gedən yolu gedən ər!

 

Götürürəm günahları üstümə,

Bizlər yaxdıq Şamı, Bəsrə - Bağdadı.

Biz dağıtdıq sarayların Romanın,

Biz qaldırdıq ərşə ahı, fəryadı.

 

Sonrakı misralar türkün varlığına son qoyduğunu, onu həmişəlik ram etdiyini düşünənlərə xəbərdarlıq kimi səslənir. Tale türkə yar olmayıb, tək döyüş meydanında deyil, bilik və mədəniyyət yarışında, Həsən bəy Zərdabi demişkən, "zindənganlıq davasında" da uduzub. Amma bu hələ son deyil. Şair hər türkün ürəyində ölməyən, məğlubedilməz bir ruh, sönməyən bir od yaşadığına inanır. Türk yurdunun yeni Çingiz xanlar, Temirlər (Tamerlanlar - V.Q.) yetirəcəyinə, günün birində sözünü deyəcəyinə əmindir. Təbii ki, növbəti misralar vətənpərvər bir türk insanının qəlbində tüğyan edən romantik duyğuların ifadəsidir. Çünki gerçəklik çox qorxunc və kədərlidir. Amma ümidsiz yaşamaq da olmaz! Odur ki, acı reallıqdan uzaqlığına baxmayaraq xalqı səfərbər edən romantika daha cəlbedici görünür:

 

Qılıncım yox, köhlənim yox, yayayam,

Ürəyimdə dərddən atəş qalanıb,

Boynum bəxtin qollarında burulub,

Evim, ölkəm - nəyim varsa, talanıb!

Ey Avropa! Ey alimlər! Biliniz,

Çıxmasanız ağ yalanın sehrindən,

Sabah mən də olacağam bir Çingiz

Qüvvət alıb millətimin qəhrindən!

 

Tatar dilinin, tatar xalqının taleyi, vətəninin və soydaşlarının aqibəti XX əsrin əvvəllərində yazıb-yaratmış Krım şairlərinin heç birinin yaradıcılığında Bəkir Sidqi Çobanzadənin əsərlərindəki kimi, sözün yaxşı mənasında, təəssübkeşlik və yanğı hissi ilə işıqlandırılmayıb. Budapeşt şeirləri, heç şübhəsiz, yalnız Krım-tatar şeirində deyil, ümumtürk poeziyasında türkçülük cərəyanını parlaq, prinsipial ifadə edən nümunələr sırasına daxil oluna bilər. Ramiz Əskərin doğru müşahidə etdiyi kimi, Bəkir Çobanzadənin şeirlərini tematik cəhətdən təsnif etmək çətin olsa da, yaradıcılığına möhürünü vuran milli-vətənpərvərlik motivləri, vətən və millət sevgisi yaşının, təcrübəsinin azlığına rəğmən, tələbə-şairi son dərəcə mürəkkəb tarixi dövrdə Krım türklərinin düşünən beyni, çarpan ürəyi, danışan dili adlandırmağa əsas verir.

 

Sarayevo

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!