Mövlanə Məhəmməd Füzulinin dövr və mühitinin, öz şəxsiyyətinin bir sıra mətləblərini açan, farsca yazılmış "Rindü-Zahid" mükaliməsi şairin "Əsərləri"nin V cildində yer alır. Həmin cildə Ön söz yazmış akademik Həmid Araslı belə maraqlı mülahizələr irəli sürür: "Rindü-Zahid" əsəri Yaxın Şərq ədəbiyyatı tarixində mükalimə şəklində yazılmış böyük bir hekayədir". Hekayə deyil, bəlkə görkəmli alimimiz hekayət yazıb, bu söz nəşrdə hekayə kimi gedib. Biz bu fikirdəyik ki, bizim dramaturgiyamız XIX əsrdən yox, bəlkə də elə "Rindü-Zahid"dən mənşə alır. Həmid Araslı yazır ki, "Ata Zahid, oğul isə Rind adlanır. Bu adlar özü orta əsr ədəbiyyatında rəmzi məna daşıyırdı. Zahid tərki-dünyalıq, mühafizəkarlıq, riyakar dindarlıq, Rind isə bunun əksinə, həyat və gözəllikləri sevən, eyş-işrət, musiqi və gözəllik aşiqi bir şəxsiyyətdir... Ata-oğul dili ilə gedən mükalimədə nəsillərin qarşılıqlı münasibəti aydınlaşır".
Beləliklə: XVI əsrdən müasir dövrədək bizim ədəbiyyatda atalar və oğullar problemi davam edir.
Hörmətli H.Araslı hər yerdə Zahidi köhnə sovet sözü ilə desək, "mühafizəkar", hətta "mürtəce" adlandırır (V c.s.5). İndi belə terminlər işlətmək yolverilməzdir. Əsərin əvvəlində verilən rübaidə belə deyilir:
İlahi, sən məni məğrur zahid etmə!
Səndən uzaq olan bir rind də etmə!
Elə et ki, yoxluqda ikən bir ad çıxarım,
Məni rindlik və zahidliklə məşhur etmə!
(V c.s.11)
Bu rübai M.Füzulinin özünə aiddir. Biz əvvəlki məqaləmizdə (bax:"Yeni tarixi dövr və Füzulişünaslığın vəzifələri". "Ədəbiyyat qəzeti".17.02.2024) yazmışıq ki, Füzuli həm Rinddi, həm də Zahid. O bir yandan, eşqi, şərabı tərifləyir, "səccadəyə basma ayaq", "məscidə girmə", "namaz əhli ilə oturma-durma" deyir, digər tərəfdən, "ruzi yeyənin ali rəsulun qapısından", "mənim qəbrimin üzərinə baş daşı qoymayın, imam Hüseynin məzarının baş daşının kölgəsi mənim qəbrimin baş daşı olsun" deyir.
"Rindü-Zahid"in əvvəlində verilən ikinci rübainin birinci misrası belədir:
"Zahidlərin pak ürəyindəki işıq səndəndir".
İndi də mətnə müraciət edək: "Əcəm diyarında olduqca vüqarlı, çox təmiz, pak bir Zahid var idi"... Onun Rind adlı bir oğlu var idi ki, kamalda misli-bərabəri yox idi" (s.13-14).
Beləliklə, həm Rind, həm də Zahid hörmətə layiq adamlar, Füzulinin iki parçası idi. Əsər başdan-başa Qurani-Kərimdən gətirilən surələr və ayələrlə müşayiət olunur. Bu, XVI əsr üçün bir məziyyət idi və əsərdəki fikirlərə inamı möhkəmləndirirdi.
Rind nəzmə meyillidir. Zahid ona deyir: "Ey Rind! Sənin sözlərindən nəsrdən ikrah etdiyin məlumdur... Allahın və Peyğəmbərin caiz görmədiyi nəzmi bəyənirsən? Yalançılıqda ifrat etdiyinə görə şəriət əhli tərəfindən adı məzəmmətlə yad edilən şeir sənin xatirinin səhifəsinə nə üçün nəqş bağlamışdır?
- Ey Zahid! "biz ona şeir öyrətməmişik" ayəsinin məzmunundan belə anlaşılır ki, şeir Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, onu təhqir etmək xətadır. "Həqiqətən, bəzi şeirlər hikmətdir" hədisinin mənasından belə anlaşılır ki, Peyğəmbər şeiri bəyənmişdi... "Şeirdəki fayda verən yalan zərər verən doğru nəsrdən yaxşıdır"(s.16).
Əvvəla, budur ki, Füzuli bir qəzəlində yazır: "Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır", yəni Füzuli bu əsərdə bəyənmədiyi rindliyi qəbul edir. İkincisi, bir dahi şair olaraq Füzuli şeir ustasıdır. Məhəmmədi Füzuli eyləyən bəyənmədiyi şeirdir. Üçüncüsü, Füzuli özü də Rind kimi düşünür:
Gər dersə Füzuli ki, Gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Şeir rəmzdir-simvoldur, şeir metaforadır, təşbeh və istiarədir. Ona görə də böyük şair şeiri "yalan" adlandırır ki, həqiqi lirika birbaşa anlaşılmır. Zahid deyir, "imkan həqiqətə çevrilə bilməz". Rind: Ata zahiri vücudsuz, mürşüd mənəvi vücudsuz. "Mürşüd anadan müqəddəsdir", "elm bir ruhdur", "nəfsin canı vardır"...
Ümumən, rindlik və zahidlik Orta əsrlər düşüncəsində iki zidd halət idi. Burada dahi Füzulinin digər bir (dövründən irəli gələn) ziddiyyəti də vardır. Zahid deyir: "Ey Rind! Daha yaxşı olar ki, sənət kəsb etməkdən qabaq elmə rəğbət edəsən. Elm öyrənmək vadisinə gələsən ki, elm ruhani ləzzətlərin zəncirini hərəkətə gətirəndir ki, Allahı tanımaq sirlərinə vasitədir:
Elm bir dəryadır ki, ondan
Haqqı tanımaq gövhəri hasil olar.
Zahid oğlu Rindi ona görə elmə dəvət edir ki, elmdən "haqqı tanımaq gövhəri hasil olar". Rind atasına belə cavab verir: "Varlıqda irfandan başqa bir müddəa yoxdur". Akademik H.Araslı yazıb: "Füzuli sufilərin riyazət yolu ilə Tanrıya doğru yaxınlaşmaq arzusunu bəyənmir... Füzuli irsini daha dərindən öyrənməkdən ötrü onun sufilər haqqındakı mülahizələrini nəzərdən keçirmək də çox lazımdır. Şair sufi təriqətlərindən heç birisinə mənsub olmamışdır. (s.8-9). Füzulinin tərəfində durduğu Zahid "qələm gözəllik lövhü üzərinə rəqəm yazdı" deyir. Açımını Rind verir: "Ey Zahid!" bu xətt təliminin müqəddiməsidir. Xətt təlimini mərifətin şərini bilmək qələtdir. İrfan istedadı xəttdən asılı deyildir. Peyğəmbərin savadsızlığı, təhsilsizliyi buna şahiddir, xətt irfanın mənşəyi deyil... Çünki Allaha yaxınlıq məqamında əql heyran, nitq də laldır" (s.18-19). Beləliklə, buradan əqlə dəlalət edən elmin gücsüzlüyü, əksinə, sənətkar (mütəfəkkir) üçün fəhmin qüdrəti ortaya çıxır. Peyğəmbər savadsız idi, fəqət, onun savaddan çox-çox güclü vəhyi var idi. Peyğəmbər vəhylə, dahilər fəhmlə ilahi deyimləri, səma kitabını qəbul etmişlər.
Zahid "qələm gözəllik üzərinə rəqəm yazdı" deyimi ilə əslində hürufizmə işarə edir. Rindün dediyi "xətt təlimini mərifətin şərti bilmək qələtdir" deyimi də, Füzulinin "Surətin gördükdə lal eylər məni" deyimi də Fəzlullahın üzünü görəndə özündən gedib bayılan müridlərə işarədir. Fəzlullah müridlərlə görüşəndə üzünü pərdə ilə örtürmüş. Bu yerdə böyük sufi uzaqdan təsir etdiyi üçün edam olunan Mənsur Həllac Miyanəçini də yada salaq. Həyatsevər Rindün söylədiyi bir mülahizə bu gün də din adından iftiralar yayan, inkişafa mane olan xurafata, cahilliyə, fanatizmə zərbədir: "Ey Zahid! Madam ki, məxluqatın yaradılmasında qərəz xaliqə ibadət etməkdir, Məxluqun məxluqa ibadət etməsi layiq deyil" (s 21). Bu fikir Orta əsrlər İslam Şərqində böyük bir inqilabdır. Mahiyyəti isə belədir:
İnsan bütlərə ibadət etmədiyi kimi, Peyğəmbərə, onun xəlifələrinə, imamlara da ibadət etməməlidir. Bu müddəa əslində "Qurani-Kərim"in Ali-İmran surəsindən gəlir. Həmin surədə deyilir: "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək".
Biz "Azərbaycan füzulişünaslığı" (2007) və "Sufizm" adlı əsərlərimizdə (birinci əsər bizim doktorluq dissertasiyamızdır.) Füzulidə sufizm olduğunu söyləmişik. Sufizm əslində din üzərində təməl tapır. Həmin təlim Peyğəmbərdən sonra III xəlifə Osmanın dövründə mali-bərabərsizliyə etiraz əlaməti olaraq dünyaya ifrat bağlanmamaq üçün dünyadan imtina edən ilkin sufilər-zahidlər olmuşdur. Zahidlikdən ürfaniliyə keçid sufizm tarixində yetkin mərhələnin hadisəsi idi.
Zahid deyir: "Cəhli etiraf etmək də bir növ elmdir". Rind deyir: "Allahı tanımaq alim və ağıllı olmaqdan başqa bir şeydir. Allahın sözündə və işində elm və əql kor və kardır. Məmləkətin işləri cahilin əlindədir" (s.24-25). Rind soruşur: "Bura haradır və bu şərəfli yerin adı nədir? Zahid deyir: "Bu, Allahın evidir və səfalı sufilərin məbədidir". Rind: "Bu ev vəhdət, sid və səfa evidir... Bu evdə yurd salmağın çətindir. Mən ki hələ sənə bağlıyam. Bu evdə mənzil tutmaqdan uzağam. Bizim hələ ki, fikrimiz dünya ilə məşğuldur. Bura kamillərin yeridir". (s.42-43). Rind şərabı və nəğməni tərifləyir: "Şərab şüur aynasından tozunu silir", "Ürəkaçan nəğmə səma eyvanının kəməndidir", "Eşq bəşər vücudu sədəfində Allahın əmanəti olan bir gövhər"dir. Rind burada Şərqin böyük filosof şairi Ömər Xəyyamın ənənəsini davam etdirir... Zahid isə başqa fikir irəli sürür: "Gözəllərin hüsnünə baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir".
"Rindü-Zahid"də mənəvi-əxlaqi məsələlər də müəyyən yer alıb. Bu məsələdə də iki dünyagörüşü qarşılaşır. Zahid: "Evli olmayan kişi hünərsiz olar". Yəni evlənmək kişiyə qəhrəmanlıq bəxş edir. Rind: "Evlənmək ləzzəti bir baldır və onun zəhəri övladın əziyyətidir. Təzə gəlin ilə ixtilaq şadlıqdır. ...Arvad sevən kişi düşmən bəsləyən bir səfehdir" (s.35-36).
Əsərdə əsas fikir gözəllik anlayışı ilə bağlıdır: həqiqət gözəl üzdə təzahür edir, "gözəllik Allah simasının aynasıdır". Allah axtaranlara yol göstərəndir.
Axırda Zahid arif Rindün tənbehi ilə öz işlərindən riya tozunu silir: "Fəna yolunda ağıllı ilə dəli birdir. Dənizin dibində daş ilə inci birdir".
"Rindü-Zahid" fəlsəfi mükaliməsində oğul Rind, ata Zahid birdir, hər ikisi mütəfəkkir Mövlanə Məhəmməd Füzulinin əqllə qəlbi arasında çarpışır, həqiqət axtarır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!