Ümumtürk dilləri dialekt və şivələrinin öyrənilməsinə dəyərli töhfə - Nadir MƏMMƏDLİ

Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” kitabı haqqında

Nadir MƏMMƏDLİ

Müstəqillik illərində Azərbaycan türkologiya elminin uğurlarından biri də türk dillərinin dialekt və şivələrinin  inteqrasiyasının tədqiqidir. Bu cəhətdən, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlı monoqrafiyası  ciddi elmi əhəmiyyət kəsb edir, geniş və çoxcəhətli problemləri özündə ehtiva edir.

Monoqrafiyada dialekt və şivələrin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri barədə kifayət qədər təhlil olunmuşdur: türk dillərinin (oğuz və qıpçaq qrupu) dialekt sistemi araşdırılmış, ortaq dialektoloji vahidlər, onların arealları linqvistik baxımdan təhlil edilmiş, dil vahidlərinin leksik-semantik, qrammatik strukturu, konseptual məna baxımından müqayisəli-tarixi tədqiqə cəlb edilmişdir.

Dialektoloji vahidlərdə dilin bir çox arxaikləşmiş, hətta ölmüş hesab edilən qədim reliktləri qorunub saxlanılır. Həmin ünsürlərin türk dilləri ailəsinə daxil olan dillərdə müqayisəli şəkildə öyrənilməsi mövzunun aktuallığını daha da artırır. Dialektoloji vahidlər mənsub olduğu xalqın dilinin, tarixinin, etnoqrafiyasının, məişətinin, məskunlaşdıqları ərazinin xarakterik cəhətlərinin müəyyən edilməsində əsas amildir. Əsərdə türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektlər müəyyənləşdirilir və bununla qədim türk protodillər rekonstruksiya edilir.

Monoqrafiyada aşağıdakı yeniliklər diqqəti cəlb edir: türk dillərinin dünya dilləri sırasında yerinin dəqiqləşdirilməsi, türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxış, türk dillərinin dialekt bölgüsü və bu sözlərin müxtəlif ədəbi dillərə inteqrasiyası, türk dillərinin fonetik, leksik və morfoloji xüsusiyyətlərinin oğuz və qıpçaq qrupu dilləri üzrə şərhi, türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxış. Monoqrafiyada türk dillərinin dialekt və şivələrinin qarşılıqlı əlaqələri müəyyənləşdirilməklə, qohum dillərin dialektlərinin istiqaməti və bölümləri aşkarlanmış, türkcələrin dialektlərinin ədəbi dilə inteqrasiyasında dominantlıq rolu dəqiqləşdirilmişdir.

Kitabda dialekt inteqrasiyasının elmi istiqamətləri düzgün şəkildə müəyyənləşdirilmişdir. 600 səhifəlik bu monoqrafiya 7 fəsildən ibarətdir. "Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri" adlı I fəslində göstərilir ki, Azərbaycanda dialektologiyanın tədqiqinə keçən əsrin 20-30-cu illərində başlanılmışdır. Əvvəlcə dialektoloji materiallar toplanılmış, sonra onlar fonetik, leksik, qrammatik, struktur-semantik, sintaktik cəhətdən müqayisəli-tarixi metod müstəvisində araşdırmaya cəlb edilmişdir.

Bütün türk dillərinin, o cümlədən, Azərbaycan dilinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası tarix boyu müxtəlif mərhələlərdən keçmişdir. Hazırda dialektoloji tədqiqatların istiqamətləri genişlənməkdə və bu sahədə Azərbaycanda görülən işlər vüsət almaqdadır. Bu fəsildə M.Şirəliyevin, A.Axundovun, T.Hacıyevin, F.Zeynalovun, H.Mirzəyevin, E.Əzizovun, B.Əhmədovun, İ.Kazımovun, M.Məmmədlinin, H.Əsgərovun, Ə.Tanrıverdinin, B.Xəlilovun və K.Bəşirovun xidmətləri diqqətə çatdırılmış, yaradıcılıq fəaliyyətlərinin əsas cəhətləri təhlil olunmuşdur. Azərbaycan dilinin dialekt və şivələrinə məxsus sözlərin ümumilikdə türk dillərinin leksik vahidləri ilə müqayisəli-tipoloji xüsusiyyətləri, oxşar və fərqli cəhətləri tədqiq olunmuşdur.

Monoqrafiyanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlı II fəslində müəllif dilin dialekt bölünməsi (üzvlənməsi), onun təkamülündə meydana çıxan innovasiyaların (dilin ilkin formalarının dəyişməsi) müəyyənləşdirilməsi, eləcə də konkret bir dilin başqa qohum dillərlə ortaq və ayrılan xüsusiyyətlərini hərtərəfli tarixi-dialektoloji tədqiqata cəlb etmişdir.

Monoqrafiyanın "Türkcələrin dialekt bölünməsi" adlı III fəsli daha əhatəlidir. Professor Mahirə Hüseynova bu fəsildə ümumtürk: Azərbaycan, qırğız, qumuq, dolqan, yakut, kaşqar, krım-tatar, özbək, karnim, sor, tosular, tuva, kazan-tatar, başqırd, altay, zakas, çuvaş, türkmən, qaqauz, axıska, qazax, qaraqalpaq, noqay, qaraçay-balkar, uyğur və zalar dillərinin dialektlərini təsnif edir. Araşdırmaçı ümumtürk dilləri dialekt və şivələri, eyni zamanda bunların qarşılıqlı inteqrasiyası ilə bağlı əsas problemləri öyrənməyi qarşısına məqsəd qoymuş və olduqca böyük məsuliyyət tələb edən tədqiqat işinin öhdəsindən layiqincə gəlmişdir.

Professor Mahirə Hüseynova monoqrafiyanın "Fonetik xüsusiyyətlər" adlı IV fəslində ümumtürk dillərinin dialekt və şivələrində saitlərin fonematik xüsusiyyətlərini, sait və samit səs keçidlərini, diftonqlaşmanı, ahəng qanununu, protezanı, saitlərin düşümünü, "n-z" samit münasibətlərini, "n" samitinin dialektlərdə səslənmə variantlarını, assimilyasiya, dissimilyasiya, metateza hadisələrinin oxşar və fərqli cəhətlərini izləyir, mükəmməl elmi nəticələr əldə edir.

Monoqrafiyanın "Morfoloji xüsusiyyətlər" adlı V fəsli xüsusi maraq doğurur. Tədqiqatçı bu fəslin ayrı-ayrı bölmələrində hal, mənsubiyyət, kəmiyyət kateqoriyalarının, əvəzliklərin, feili sifət şəkilçilərinin, feili bağlama və məsdər şəkilçilərinin, inkarlıq kateqoriyasının morfoloji göstəricilərinin, zərflərin ümumtürk dillərinə qarşılıqlı inteqrasiyasından bəhs edir.

Kitabın "Leksik xüsusiyyətlər" adlı VI fəsli 9 bölməni əhatə edir. Bu bölmələrdə Azərbaycan dialekt və şivələrində mövcud olan müxtəlif peşələrlə bağlı leksik vahidləri, tayfa, nəsil adlarını, qohumluq münasibəti bildirən sözləri, mərasim leksikasını, yemək və içki adlarını, danışıq etiketlərini, toponimləri, atçılıq təsərrüfatına aid sözləri, onomastik vahidləri ümumtürk dillərinin dialekt və şivə materialları əsasında müqayisə etmiş, türkologiya, həmçinin tarixi dialektologiya ilə bağlı maraqlı elmi nəticələr əldə etmişdir.

Monoqrafiyanın "Bədii əsərlərin, tarixi sənədlərin dilində dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası" adlanan VII fəsli bir qədər praktik səciyyə daşıyır. Müəllif bədii əsərlər, tarixi sənədlərin dilindən toplanan dialekt materialları sistemləşdirir və belə bir elmi tezis irəli sürür: bugünkü türk xalqlarının dialektlərinin və eyni zamanda onların tarixi-etnik, genetik köklərinin dərindən öyrənilməsində saysız-hesabsız leksik paralellər mühüm rol oynayır. Nəticə etibarı ilə ümumtürk dillərinin leksik bazasına əsaslanaraq qohum dillərin dialektlərində müşahidə olunan inteqrasiya halları aydınlaşdırılır:

1. Ümumtürk dilləri və ya dialekt və şivələrinin inkişafını şərtləndirən, eyni zamanda sürətləndirən və müasir durumuna ciddi təsir göstərən ən önəmli problemlərdən biri inteqrasiya məsələlərinin dərindən tədqiq olunmasıdır. Bununla da, qədim türklərin söz yaradıcılığının ən mühüm cəhətlərini meydana çıxarmaq mümkündür.

2. Azərbaycan dialekt və şivə materialları qohum dillərin dialekt materialları ilə tutuşdurulmuş, müqayisə edilmiş, mövqeləri müəyyənləşdirilmişdir. Ümumtürk ədəbi dil və ya dialektlərində fonetik, morfoloji, leksik, qrammatik paralellərin aşkarlanmasına baxmayaraq, bütün bunlar sistemli deyil, pərakəndə xarakter daşıyır və qarşılıqlı inteqrasiya məsələlərinin dərindən aydınlaşdırılması üçün olduqca dəyərli elmi faktlar verir.

3. Ümumtürk dilləri dialekt və şivələrinin ayrı-ayrılıqda təsnifi prinsiplərinin verilməsi və ya müəyyənləşdirilməsi qohum dillərin müqayisə predmeti üçün əlverişli imkanlar yaradır. Müasir türk dillərinin dialektlərinin təsnifi ümumi xarakter daşıyır və bunların əksəriyyətində coğrafi izoqlos prinsipə üstünlük verilir. Türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar, uyğur dialektlərində olduğu kimi, Azərbaycan dilçiliyində də dialektoloji tədqiqatların ilkin dövrlərində coğrafi prinsip əsas götürülmüşdür.

4. Klassik və müasir Azərbaycan söz sənətkarlarının əsərlərində dialektizmlər bu və ya digər məqsədlər üçün işlədilir ki, ədiblər real şəraiti təsvir edərkən, üslubi əlvanlıq yaradarkən, təkrara yol verməmək üçün belə nitq vahidlərinə müraciət etməli olmuşlar. Bədii əsərlərdə və poetik örnəklərin, tarixi sənədlərin dilində əksini tapan dialektizmlərin qohum dil faktları ilə tutuşdurma, müqayisə yolu ilə öyrənilməsi də aktuallıq kəsb edən məsələlərdəndir.

5. Tarix boyu qohum türk xalqları daha çox öz sözlərinə, lüğət tərkibinə əsaslanmışlar, lakin tarixin müxtəlif dövrlərində baş verən uzunmüddətli ayrılmalar onların fonetik sisteminə də təsirsiz ötüşməmiş, dialekt və şivələrində əsaslı fərqlərin meydana çıxmasına səbəb olmuşdur. Tədqiqat işində ümumtürk dilləri dialekt və şivələrində mövcud olan fonetik hadisə və qanunlar hərtərəfli şəkildə öyrənilmiş, fonetik hadisələrin tarixi-genetik inkişaf prosesi dərindən izlənilmişdir.

6. Ümumtürk dilləri və ya dialektlərinin morfem sistemi də rəngarəngdir. Bir morfoloji göstərici ədəbi dildə işləndiyi halda, digərində dialektual səciyyə kəsb edir; bütün bunları qohum dillərin materialları əsasında müqayisəli şəkildə təhlil etmək inteqrasiya məsələlərinin aşkarlanmasında açar rolunu oynayır.

Professor Mahirə Hüseynova ümumtürk dillərinin dialekt faktlarına çox diqqətlə yanaşır, hər bir nümunənin spesifik xüsusiyyətlərini dərindən araşdırır, sözçülüyə yol vermir, mövzudan kənara çıxmır. "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası türkcələrin möhkəm dil əlaqələrinin yeni müstəvidə öyrənilməsi baxımından türkologiyamızın nailiyyəti hesab edilə bilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!