Görkəmli Azərbaycan şairi Əli Tudə və ömür-gün yoldaşı Şəfiqə xanımın sevgi hekayəti
Şairin məhəbbəti
Adi məhəbbət olmur.
Yox! O ilahiləşir,
Yenə kifayət olmur.
Əli Tudə əslən Ərdəbilin Çanaxbulaq kəndindən idi. Atası Qulu əsrin əvvəllərində həyat yoldaşı Şahbəyimlə birgə Şimali Azərbaycana köçmüş, neft mədənində işə düzəlmişdi. 1924-cü ildə Əli dünyaya göz açmışdı.
Amma Əlini boya-başa çatdırmaq Qulu kişiyə nəsib olmur, vaxtsız əcəl onu ailəsindən ayırır. Bir müddətdən sonra Şahbəyim də dünyasını dəyişir. Əli nənəsi Qəribin himayəsində böyüyür.
Oğlanın sözə, şeirə böyük məhəbbəti vardı. Bir gün müəllim məktəbin radioya dəvət aldığını, Əlinin öz şeirini studiyada oxuyacağını deyir.
İlk dəfə mikrofon qarşısına keçən Əli həyəcanlansa da, şeirini sona qədər çaşmadan oxuyur. Nəvəsini dinləyən Qərib nənə evdə onu sevinc göz yaşlarıyla qarşılayır.
1938-ci ilin repressiya illəri bu taya köç etmiş Cənubi azərbaycanlıların da həyatına öz damğasını vurur. Nənəsi ilə söhbəti Əlinin ömürlük yaddaşına yazılır:
- Oğlum, Əli, biz yenidən Ərdəbilə qayıtmalıyıq.
- Nənə, niyə?
- Başçının qərarıdır. Cənubi azərbaycanlılar yenidən öz dədə-baba yurdlarına göndərilir.
- Bəs Məhluqəgil? Bəs o biri qonşular? Axı onlar köçmür?
- Onların pasportu sovet pasportudur, mənim balam. Bizim kimi İran pasportu daşıyanlar o taya keçməlidir.
- Bəs məktəb? Bəs mənim dərslərim? Mən o tayda oxuya biləcəm?
- Bilmirəm, mənim balam. Amma sən fikir eləmə, bir çarəsini taparıq.
Beləcə, 14 yaşlı Əli də nənəsi ilə birgə İrana köçürülür. Bir nənə idi, bir özü. İşləyib özünə və nənəsinə baxmalı idi. Təhsili yarımçıq qalan oğlan fəhləlik etməli olur. Ancaq ağır həyat tərzi onun ədəbiyyata olan məhəbbətini söndürmür. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub qələmi ilə mübarizə aparır.
Sevirəm xalqımı özümdən artıq,
Ürəyimdən artıq, gözümdən artıq,
Tuturam sözünü sözümdən artıq,
Mehriban səsinə mən can demişəm.
1946-cı ilin yazında Cənubi Azərbaycanda Milli Hökumət yaradıldı. Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açıldı. Əli Tudə bu yeni sənət ocağına müdir təyin edildi. O vaxt cəmi 22 yaşı vardı. Filarmoniyada çalışan kollektivin əksəriyyəti gənclər idi.
Qısa müddətdə bu sənət ocağı böyük uğurlar əldə etdi. Aşıqlar, sazçı qızlar, qızlardan ibarət rəqs ansamblı işə başladı.
Bir dəfə isə Əli Təbriz kinoteatrında "Arşın mal alan" filminin afişasını gördü. Sevincdən gözləri yaşardı. Bu təkrarsız sənət əsəri Vətəndən-Vətənə göndərilən qardaş sovqatı idi.
Ekranda Gülçöhrə qızlarla dərdləşir, "Sevməsəm, görməsəm, ailə qurmaram" deyirdi. Kinoteatrdakı qadınlar təsirlənmişdi; Gülçöhrənin sözlərində öz nisgilli talelərini tapıb qəmə-ələmə bürünürdülər.
Salonda işıqlar yananda bütün salon, bir nəfərtək ayağa durub alqışladı. Kinoteardan çıxanda Əlinin gözlərində sevinclə kədər bir-birinə qarışmışdı. Gülçöhrənin obrazı Əli Tudənin gözləri önündən çəkilmirdi. İzlədiyi ekran əsəri həm sənət ecazkarlığı, həm də baş qəhrəmanının daxili və zahiri gözəlliyilə onun qəlbini fəth etmişdi. Ancaq onu ağrıdan məsələnin o biri tərəfi idi. Dostuna dedi ki:
- Hələ də görmədən, sevmədən ailə quranlar var. Qədim adətə boyun əyməli olurlar. Biz əlimizdən gəldiyi qədər bu köhnəlmiş adətləri həyatımızdan silib çıxarmalı, insanlarımıza işıqlı həyata gedən yolu göstərməliyik. Bu bizim borcumuzdur.
Əli Tudənin Cənubi Azərbaycanın işıqlı gələcəyi üçün bəslədiyi arzular nakam qaldı. Milli Hökumət beşikdəcə boğuldu. Əli Tudənin kitabları mətbəədə yandırıldı. Özünün isə qeyd-şərtsiz qətlinə fərman verildi.
Azadlıq mücahidinin vətəni tərk edib bu taya pənah gətirməkdən başqa əlacı qalmadı. Mühacirliyin ilk günündə - 1942-ci il dekabrın 12-də Naxçıvanda yazdığı "Mən nə gətirdim" şeiri tez bir zamanda dillər əzbərinə çevrildi.
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım,
Bir xilqət görmədi, pünhan gətirdim.
Səməd Vurğunla Bakıda, Yazıçılar İttifaqında görüşü Əli Tudənin yaddaşına ömürlük həkk olunur.
- Əli Tudə! Siz ki lap gəncsiniz! Mən isə təxəllüsünüzdən sizin ağsaqqal bir şair olduğunuzu düşünmüşdüm. Yaxşı yazırsız, cavan oğlan!
- Səməd müəllim, sizin kimi söz sərrafından bu sözləri eşitmək qürurvericidir. Sizin Azərbaycan şeiriniz o taylı-bu taylı ellərin ən gözəl nəğməsidir.
- O taylı-bu taylı ellərimizi nə qədər vəsf etsək, yenə də azdır. Heyif ki, mən Təbrizi görə bilmədim. Amma siz, Balaş Azəroğlu, silah olmayanda söz, söz olmayanda silahla vuruşan başqa azadlıq mücahidlərimiz Təbrizin bu tayda döyünən ürəyi olacaqsız.
Bakıda Əli Tudə üçün ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən şair ədəbi-bədii yaradıcılıqla fəal surətdə məşğul olur. Qələmi bir an da yerə qoymayan mübariz şair o taylı-bu taylı ellərin azad gələcəyi naminə yazıb-yaradır.
Yox! Xalq dənizdir, onu
Bəlalar qaralayar.
Tufanlar döyəcləyər,
Şimşəklər paralayar.
Dənizin içindəsə,
Təlatümlər yetişər...
Azadlıq mücahidi bu yolda tək savaşmayacaqdı. Fədakar ömür-gün yoldaşı Şəfiqə onunla birgə mübarizə aparacaq, onun qayğılarını paylaşacaqdı.
Əli Tudənin gələcək ömür yoldaşıyla ilk görüşü belə baş tutmuşdu: istirahət günü idi. Əli Tudəylə bərabər bu taya pənah gətirmiş aşıq Hüseyn Cavan dostuna dedi.
- Ay Əli, hara belə?
- Şəhərə çıxıb bir az fikrimi dağıtmaq istəyirəm.
- Başqa vaxta saxla. Bu gün bizi qonaq çağırıblar. Getməsək, yaxşı düşməz.
- Kim qonaq çağırıb?
- Usta İbrahim! Şəhərin ən məşhur misgərlərindəndir.
Usta İbrahimin evi şəhərin köhnə məhəllərindən birində yerləşirdi. Əli Tudə qapını döydü və qarşısında "Arşın mal alan" filmindəki Gülçöhrəni gördü. Cavan oğlan gözlərini ovuşdurub bir də baxdı. Bu, həqiqət idi. Qarşısında doğrudan da, Gülçöhrə dayanmışdı. Özü də təbəssümlə ona baxırdı.
Gülçöhrə sükutu pozdu.
- Sizə kim lazımdı?
- Bura usta İbrahimin evidi?
- Bəli, buyurun. Atam evdədir.
Həyətin yuxarı başındakı evdən səs gəldi:
- Şəfiqə, qızım, gələn kimdi?
- Ata, səni istəyirlər.
Hə, Gülçöhrəyə bənzəyən bu qızın adı demə, Şəfiqə imiş. Usta İbrahim istiqanlı adam idi. Qonaqlarını hörmətlə qarşılayıb süfrə arxasına dəvət etdi. Nahardan sonra sənət haqqında söhbətlər axşamdan xeyli keçənə qədər davam etdi.
Qonaqlar ev sahibləri ilə xudahafizləşib gedəndə usta İbrahimin qızları onları ötürmək üçün ayağa qalxdılar.
Yolda söhbət zamanı məlum oldu ki, Şəfiqə Pedaqoji İnstitutun kimya-təbiət fakültəsində oxuyur.
Şəfiqənin "Siz harda təhsil alırsınız?" sualına Əli Tudə məyusluqla cavab verdi:
- Necə oxuyaydım? İnqilab, döyüş, iş, sonra mühacirət...
Şəfiqənin yanaqları allandı. Sanki onun inqilabçı-mühacir olduğunu unutduğu üçün utandı.
- Doğru deyirsiniz. Siz o qədər işlər görmüsünüz ki, oxumağa vaxt qalmayıb. Ancaq yenə də gec deyil.
- Əgər burda qalmalı olsam, mütləq oxuyacam.
Bir neçə ildən sonra tale onları yenidən qarşılaşdırdı. Şəfiqə Kürdəmirdə müəllim işləyirdi, məktəbdə tədris-hissə müdiri idi. Bakıya gələndə gənclər birlikdə kinoya, teatra gedir, bir-birini tanımağa çalışırdılar. Sevgi haqqında romantik filmlərə baxsalar da, öz aralarında müzakirə eləmirdilər. Əli lirik söhbətlər edəndə isə Şəfiqənin utandığından yanaqları allanırdı.
Misgər usta İbrahim artıq dünyasını dəyişmişdi, odur ki, Şəfiqəni anası Umnisə xanımdan istədilər.
Amma elçilərə "yox" cavabı verildi. Umnisə xanım hardansa eşitmişdi ki, İran şahı Əlinin ölümünə fərman verib. O, qızını sinəsi dağlı, tifaqı dağılmış görmək istəmirdi.
Şəfiqənin dayısının Əliyə rəğbəti vardı. Odur ki, bacısını fikrindən döndərə bildi. İkinci dəfə Şəfiqəgilin qapısını döyən elçilər şad-xürrəm qayıtdı.
Amma bir nisgil Əlinin içini yandırırdı. Bu, o tayda qalan qohumların, doğmaların nisgili idi. Könül istərdi ki, bu şad gündə onlar da burda olsun.
Toyu Güney Azərbaycandan olan aşıqlar aparırdı. Vətən haqqında oxunan havalar bir az nisgilli olsa da, məclisə bir əzəmət, yenilməzlik qatırdı.
Şairin həyat yoldaşına toy hədiyyəsi olan şeir hər ikisinin ürəyini riqqətə gətirdi:
İsti ülfətimə möhtaclar kimi
Ümidlə baxdısa mənə mələklər,
Bilmədi sevgi də ağaclar kimi
Ürəkdə kök atıb, gözdə çiçəklər.
Necə odlu sevgi dindi fəryadla,
Göz yaşında yudu üzünü, gülüm!
Mənim ürəyimsə susub inadla
Sənə deyəcəkmiş sözünü, gülüm!
Xoşbəxt cütlüyün ilk getdikləri yer Şuşa oldu. Hər axşam Cıdır düzünə gəzməyə çıxar, Şuşanın zəngin sərvətinə göz dolusu tamaşa edərdilər. Cıdır düzü Əli Tudənin yadına Savalan dağlarını salardı.
İsa bulağına gedəndə də Savalandakı bulaqları xatırlayardı. Ancaq Şəfiqəyə söz vermişdi ki, dünya zülmət olsa da, onun xətrinə çıraq olar.
Dünya zülmət olsa başdan-ayağa,
Deyərəm, fanaram, sənin xətrinə.
Yenə də görməsən, dönüb çırağa
Əlində yanaram, sənin xətrinə.
1951-ci il.
Şəfiqəni doğum xəstəxanasına aparan Əli evə qayıtsa da, gecə yarısına qədər otaqda nigeran-nigaran var-gəl edir. Evdə telefon olmadığına görə xəstəxanaya zəng vurub xəbər öyrənə bilmirdi. Birdən qapı döyüldü. Qonşu Nobar idi.
- Əli dadaş, gözlərin aydın, qızın olub!
Əliyə elə bil dünyanı bağışladılar. Həyəcanla soruşdu:
- Nobar, sən hardan öyrəndin?
- Qonşudan xəstəxanaya zəng vurdum, dedilər.
Səhərisi universitetə yollanan xoşbəxt atanın sevinci üzündən oxunurdu. Bu xəbəri gizlətmək istəsə də, tələbə yoldaşlarının təkidilə söylədi. Əlinin sevincinə qoşulub gənc atanı təbrik etdilər.
O vaxt Rəna adı dəbdə idi. İlk övladının adını da Rəna qoydu. Artıq universitetə tələbə həvəsilə yox, ata qüruru ilə gedirdi. Dərsdən çıxanda isə heç redaksiyaya da baş çəkmək istəmirdi. Birbaş evə qaçırdı. Rəna yatmış belə olsa, onu qucağına götürər, yorulana qədər oynadardı.
1952-ci ildə Əli Tudə universiteti fərqlənmə diplomu ilə bitirib "Azərnəşr"ə redaktor göndərildi.
Yazı makinasının olmaması yazıçının işini ləngidirdi. Odur ki, evə yazı makinası alır. Problemin böyük qismi həll olunmuşdu. İndi isə makinada yazmağı öyrənmək qalırdı.
Şəfiqə bu işdə də həyat yoldaşına dəstək olur. Kimsənin köməyi olmadan makinada yazmağı öyrənir. Əli Tudənin redaksiyalara aparacağı yazıları çap edir.
Əli Tudə həyat yoldaşını "ətirli gül" adlandırırdı. "O gülün bir ləçəyini dünyaya dəyişmərəm", - deyirdi şeirlərində.
Şəfiqə biş-düş edib ev-eşiyi sahmana salandan, uşaqların qayğısına qalandan sonra yazı makinasının arxasına keçirdi. İkilikdə işləyirdilər. Biri yazı masasının, biri isə yazı makinasının arxasında. Makinanın səsi birdən kəsiləndə Əli Tudə bilərdi ki, hansısa ifadə, ya söz həyat yoldaşının xoşuna gəlməyib.
Bəzən də Şəfiqə barmağını yazının üzərinə qoyub deyirdi:
- Bu söz mənim xoşuma gəlmir, bəlkə dəyişəsən?
Əli Tudə də israrlı idi.
- Dəyişmirəm.
Şəfiqə sözündən dönmürdü.
- Yox, dəyiş.
Şair bəzən tələbkar oxucusunun fikrilə razılaşırdı, bəzən isə razılaşmayıb həmin sözü dəyişmirdi. Amma makinadan çıxan yazılı səhifələri oxuyanda Şəfiqənin israr etdiyi sözü dəyişərdi.
Əli Tudənin bütün günü yazı masası arxasında keçirdi. Şəfiqə bəzən narazılığını səssiz baxışlarıyla bildirər, bəzən də üsyan edərdi.
Qonşu qadınlar Əli Tudənin şeirlərini tərifləyəndə Şəfiqə ah çəkib deyərdi:
- Mən bilirəm, yazanda o nələr çəkir, hər yazısına canının bir parçasını qoyur. Balığın canı suda olantək, onun da canı sənətindədir.
Əli Tudə isə ona təsəlli olsun deyə şeir oxuyardı:
Qadın var, nəfəsilə
Yandırar qırovları,
Qadın var, küləyiylə
Söndürər alovları.
Qadın var, kişisini
Cin atına mindirər.
Qadın var, kişisini
Cin atından endirər.
Qadın var, kişisinin
Xiffətinə çevrilər.
Qadın var, kişisinin
Zinətinə çevrilər.
1954-cü il. Dərs vaxtı Əli Tudənin qəfildən halı pisləşir, xəstəxanaya aparırlar. Şəfiqə ömür yoldaşını tək buraxmır, hər gün xəstəxanaya, onu görməyə, qayğısına qalmağa gəlir.
Bir axşam şair hüznlü baxışlarını xəstəxana pəncərəsindən həyətə dikib Şəfiqəni gözləyirdi. Hər yer pambıq kimi qarla örtülmüşdü. Tufanın hökmü ilə quşbaşı qar dənəcikləri arada yolunu çaşır, bir-birindən aralı düşürdü.
Amma Əli Tudə əmin idi ki, nə olursa-olsun, Şəfiqə gələcək. Pəncərədən baxa- baxa "Məhəbbət nədir?" şeirini yazdı.
Məhəbbət bir tufan deyil,
Arasından tez keçəsən.
O elə bir dondur, gərək
Yüz ölçəsən, bir biçəsən.
- Əli...
Əli Tudə adını eşidib geri döndü, Şəfiqə idi. Başdan-ayağa donmuş, geyimi əynində taxtaya dönmüşdü. Saçlarından ağ sırsıralar asılmışdı. Dodaqları soyuqdan göyərmişdi.
Hamı Şəfiqənin hünərinə heyran qalmışdı. Xəstə ömür-gün yoldaşının gözlərini yolda qoymamaq üçün qara-borana məhəl qoymadan, fırtınalı yola çıxmış fədakar qadın hamını heyrətləndirmişdi.
- Şəfiqə, sənin kimi zərif qadın bu tufanda Suraxanıdan necə gəldin?
- Suraxanıdan Mərdəkana elektrik qatarıyla gələcəkdim. Ancaq bu havada qatar işləmədi. Elektrik xətləri sıradan çıxdı. Mən də üstüaçıq maşında gəldim.
- Tufanla çarpışa-çarpışa?
- Hə, tufanla çarpışa-çarpışa.
Bütöv şair ömrü yaşayan Əli Tudə yaradıcılığında Vətən, Cənub həsrəti mövzusuna sadiq idi. O tayda qalan vətənin nisgili Əlinin yuxularını ərşə çəkirdi. Uzaqdan da olsa, Savalan dağını görmək ümidilə bir dəfə Şəfiqə ilə birlikdə Yardımlıya getdilər. Ora çatanda duman hər yeri bürüdü. Savalan dağı görünməz oldu. Kor-peşman geri qayıtdılar.
Nəhayət, bu şanlı xəbər!
- Sərhədlər açıldı, gözünüz aydın!
- Əli, yuxuların çin oldu, yollar açıldı!
- Yollar açıldı... İnana bilmirəm. Yəni Savalan dağı artıq xəyal deyil? Onu görə biləcəm? Ərdəbili, Çanaxbulağı, yurdumun sevgisini qətrə-qətrə gözlərimə yığdığım illərə geri dönə biləcəyəm, yəni?
- Hə, hə. Sənə nə oldu? Özünü pis hiss edirsən?
- Yox, sadəcə, ürəyim çırpındı. Deyəsən, ruhum o yerlərə məndən tez getmək istəyir.
- Elə demə, Əli. Hələ hər şey qabaqdadır. Axı sən özün şeirində deyirsən ki:
Şair qarlı zirvədir,
Buludu qalaq-qalaq...
Həyəcanı dalğa-dalğa...
Sükutu qalaq-qalaq.
Günəş də nəfəsiylə
Əridə bilməz onu.
1993-cü il. İrandan Əli Tudəyə dəvətnamə gəlir, amma konsulluqda itib-batır.
İkinci dəvətnamə 1995-ci ilin oktyabrında ünvana çatır. Amma Əli Tudə yenə İrana buraxılmır:
- O, siyasi mühacirdir. İran vətəndaşlığı pasportunu gətirin, buraxaq.
Şəfiqə xanımla oğlu Natiq ikilikdə İranın yolunu tuturlar. Əli Tudə onları öz doğma yurduna səssiz göz yaşlarıyla yola salır.
İranda olduqları müddətdə Natiq Cavadzadə bütün arxivləri ələk-vələk edir, amma Əli Tudənin pasportu tapılmır. Sən demə, şahın göstərişiylə hələ o vaxt siyasi mühacirlərin sənədləri yandırılmışdı.
Şəfiqə xanımla Natiq Bakıya qayıdanda Əli Tudəni tanımırlar. O dəyişmiş, sanki 18 gündə on yaş qocalmışdı.
- Şəfiqə, mənə vətəndən danış.
- Danışacam, Əli. Ürəyimiz elə doludu ki. Heç xiffət etmə, yaxın vaxtlarda sən də gedəcəksən, inanıram ki, gedib görə biləcəksən Savalan dağını.
- Ürəyimə damıb ki, daha oraları görə bilməyəcəyəm. Bu mənim sonuncu ümidim idi.
- Kaş ki dəvətnamə heç gəlməsəydi... Ümidlərin belə itkin düşməsəydi...
- Şəfiqə, Savalan dağı yenə əzəmətliydi? Bu illər onun qəddini əyməyib ki?
- Yox, əyməyib. Yenə yenilməzdi, əzəmətlidir Savalan dağı.
- Savalan dağı həmişə mənəvi kamillik, saflıq, paklıq rəmzi olub. Əvvəllər ona sitayişə gəliblər, indi də elədi?
- İndi də elədi.
- Kaş ki bircə dəfə Savalan dağının başına dolanardım... Onun saflığına, paklığına, aydınlığına ehtiyacım vardı.
- Əli, bir gün daş ürəklər rəhmə gələcək, səni yurduna buraxacaqlar... qoy bir bu pasport işi həll olunsun...
- Yox, artıq çox gecdi...
Şair əlacsız xəstəliyə tutulmuşdu. Bu xəstəliyin adı vətən nisgili idi. Onun gündən-günə zəiflədiyini görən doğmaları hansı müalicəyə əl atsalar da, faydası olmurdu. 1996-cı ilin 26 fevralında Əli Tudə gözünü əbədilik yumdu.
Şəfiqə xanım ah çəkib deyəcəkdi:
- Kaş ki o dəvətnamə gəlməsəydi...
Azadlıq mücahidinin bir ömür ürəyində daşıdığı vətən məhəbbəti, son nəfəsinə qədər ruhunda yaşatdığı mübarizlik söz-söz, nəğmə-nəğmə gələcəyə qanadlandı. Qanadlandı ki, o taylı-bu taylı vətənin başını qara buludlar alanda, onlara qarşı yorulmadan savaşsın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!