Budapeştdə yazılmış Krım hekayələri - Bəkir Çobanzadə nəsri haqda qeydlər - Vilayət QULİYEV

Vilayət QULİYEV

Krım tatarlarının qəmi sevincindən, əndişəsi rahatlığından çox olan həyatı Bəkir Çobanzadənin poetik və publisist yaradıcılığı kimi, hekayələrinin də mərkəzində dayanır. Hiss olunur ki, müəllifin Avropa paytaxtında qovuşduğu nisbi şəxsi rahatlıq, başqaları ilə müqayisədə, bəxtinin gətirməsi onu qətiyyən qanı qanından, canı canından olan soydaşlarının problemlərindən təcrid etməyib. "Mənim qəlbim dağlardadır" - deyən məşhur şotland bardı Robert Berns kimi onun ürəyi də Krımda qalıb. Doğma yurddan uzaqda olsa da, vətəndəkilərin çoxundan daha yaxşı anladığı, tarixi köklərini, səbəblərini bildiyi dərd və problemlərə münasibətdə şəxsi məsuliyyət hissi, cavabdehlik duyğusu onu bir an tərk etmir.

Budapeştdən ayrılmamışdan bir neçə ay əvvəl, 1920-ci il fevralın 2-də qələmə aldığı "Bəzi günahlarım" adlı kiçik nəsr nümunəsi bu cəhətdən səciyyəvidir. Hekayədən daha çox, yığcam esse təsiri bağışlayan yazıda müəllif düşüncə tərzi, bədii-elmi yaradıcılığı və fəaliyyətinə xas cəhəti - vətən sevgisini obrazlı şəkildə, şairanə dillə ümumiləşdirmişdi: "Gözlərində ümid nuru, kökslərində həyat, bəxtiyarlıq atəşi ilə fidan boylu, al yanaqlı, elmas saçlı gənc qızlar məni sevgidə, eşqdə təməlsiz, səbatsız, xaraktersiz görürlər. Mən yurdumun nişanlısıyam. Onları, bəzən yurduma bənzəyirlərmiş kimi görüb sevir, bəzən də yurdumdan uzaq, xəbərsiz bulub sidqim sıyrılır, üz çevirirəm. Bu ürək birdən artığını sevə bilmir, nə edim?"

Bunlar gəlişigözəl sözlər, bəlağət və ritorika deyil, bir gerçək idi. Gənc Bəkir Çobanzadə, hətta təsvir etdiyi epizodik sevgi süjetlərini də böyük və əbədi Krım məhəbbətinə, xalqa bağlılığına tabe tutmuşdu.

Hekayələrin, demək olar ki, hamısında şəxsi, tərcümeyi-halla bağlı çalarlar üstünlük təşkil etməkdədir. Çoxunu bəlli ölçüdə avtobioqrafik adlandırmaq mümkündür. Çünki onların hamısında müəllifin bu və ya digər dərəcədə şəxsi həyatında yaşadığı, müşahidə etdiyi, yaxud eşitdiyi hadisələr və insan tipləri sırf fərdi və milli çalarları ilə təsvir olunur. Məsələn, "Xırmanda bir şair" hekayəsinin qəhrəmanı Əbdüləziz Mollanı tərəddüdsüz Bəkir Çobanzadənin özü ilə eyniləşdirmək olar. Burada onun həyatının Budapeştə qədərki dövrü ilə üst-üstə düşən, səsləşən məqamlar kifayət qədərdir.

Əbdüləziz Molla bir müddət İstanbulda mədrəsələrə ayaq döyəndən sonra Krıma qayıdır. Öyrəndiyi elmlərlə güzəranını təmin edə bilməyəcəyini görüb əməli yol seçir: xırmanda taxıl döyən kəndlilərə qoşulur. Məqsədi yenidən İstanbula qayıdıb təhsilini davam etdirmək üçün bir az pul toplamadır. Ona görə də hər cür əziyyətə qatlaşır. Həmkəndliləri ilə birlikdə taxıl sovurur, buğda doldurulmuş kisələri arabalara yükləyir. Fiziki mənada eyni işi görsələr də, ürəyinin dərinliyində ağıl, hiss baxımından özünün aralarından çıxdığı kənd adamlarından üstün olduğunu düşünür. Gecələr ulduzlara baxıb fəlsəfi düşüncələrə dalır. Bədahətən şeirlər deyir. Və sonda şeirə aludəliyi ilə də özünə düşmən qazanır. Bir gün şəhərli müsafirləri ilə birlikdə iş üstünə gələn xırman sahibi Cabbar Çələbi savadı olduğunu bildiyindən ona əvvəlcə, "Tərcüman" qəzetini oxudur. Şeir qoşduğunu eşidib birini oxumasını tələb edir. Ağanın sözündən çıxa bilməyən Əbdüləziz Molla bədahətən aşağıdakı bəndi söyləyir:

 

Biz Tatarıq, işimiz yaxşı getmir,

Suçumuz çox, Tanrı bizi əfv etmir,

Başqa xalqlar zəngin olur, yurd salır,

Bizim para bir günlük toya yetmir.

 

Şeir əvvəlcə Cabbar Çələbinin xoşuna gəlir: "Ay ölmüşlərinin canına rəhmət! Çox gözəldir! - deyə onu tərifləyir. Çap üçün "Tərcüman"a, İsmayıl bəyə göndərməyi məsləhət bilir. Amma bir az dərindən düşünəndə eşitdiyi misralarda imkanlı adamlara, ilk növbədə isə, özünə qarşı sərzəniş, hətta ittiham görür. "Bizim para bir günlük toya yetmir! Yox, bir düyününüzə də para verəcəyəm! - deyə donquldanıb cızığından çıxan şairə qəti xəbərdarlığını edir: "Əgər bundan sonra belə beytlər yazıb xalqa yatsa, yuxusuna da gəlməyən fikirlər öyrətsən, ayağın yerə dəymədən səni buradan yox edərəm" - sözləri ilə hədə-qorxu gəlir.

Əbdüləziz bədahətən dediyi misraları "düşünərək yazmadığı" haqda and-aman edib özünə bəraət qazandırmaq istəsə də, nəticəsi olmur. Yalnız həmin günə qədər şairlə yola getməyən, onun mənasız qafiyələrlə camaatın əlini işdən soyutduğunu düşünən Zibeydə abla həqiqətin təsiri altında bir anda dəyişir. Sevincini gizlətmir, "Çox gözəl oldu!" - deyir. "Zənginlərin parası varsa, fəqirin də dili var. Dilimizi bağlayamaz ki! Yaz sən, həm də bu axşam otur, yaz! Necə də gözəl oldu! Sən qorxma, heç bir şey olmaz!" - sözləri ilə özünü itirmiş şairə ürək-dirək verir. Bir an içində Əbdüləziz Molla günün qəhrəmanına çevrilir. Ağsaqqal biçinci Mambet onu keçmiş vaxtların bahadırlarına bənzədir. Hamı tütün kisəsini çıxarıb eşmə təklif eləyir. Zibeydə abla xörəyin ən yaxşı tikələrini boşqabına qoyur. Üzə deyilmiş həqiqət xırman əhlinə, sanki bir güc, qüvvət verir. Sadə adamlar doğru söz, həqiqət ətrafında birlik nümayiş etdirir.

Əslində, Bəkir Çobanzadə bu bəsit süjetli, lakin ibrətamiz hekayədə qələm adamının cəmiyyətdəki mövqeyi və təsir gücü ilə bağlı arzularını ortaya qoymuşdu. Şair sözündən, qəzet xəbərindən zənginlər, sərvət sahibləri özlərini yığışdırmalı, xalq isə ruhlanıb haqqını tələb etməli idi - müəllifin arzuladığı cəmiyyət, münasibətlər sistemi bu idi! Həyatda hər şey belə asanlıqla başa gəlmirdi. Amma məktəbin, maarifin, mətbuatın qadir gücünə inanan, üstəlik, yaşadığı Avropa ölkəsində bunun əyani təzahürlərini görən romantik yazar nə vaxtsa, vətənində də belə olacağına inanırdı! Ən azı, həmin hissi soydaşlarına aşılamağı özünə borc bilirdi.

Avtobioqrafik səciyyəli "On dörd yaşımda" hekayəsi (1920-ci ildə tatar əsilli məşhur türk arxeoloqu, Budapeşt Universitetinin məzunu Həmid Zübeyir Koşay tərəfindən Türkiyə türkcəsinə çevrilsə də, heç yerdə çap olunmamışdı - V.Q.) isə daha çox lirik-sentimental ovqatın üstünlüyü ilə diqqəti çəkir. "Bu hekayəni mənim qədər anlayan Enis Behice ithaf edirəm" sözləri əsərin yalnız Peştdəki Osmanlı konsuluna ithaf olunmasından deyil, həm də müəlliflə türk diplomatı arasında yaxın dostluq əlaqələrinin, hiss və düşüncə ortaqlığının mövcudluğundan xəbər verir. Hətta Enis bəyin özünün də vaxtı ilə İstanbula köç etmiş bir krımlı ailəsində böyüdüyünü söyləməyə zəmin yaradır. Çünki Krım tatarlarının ağır taleyini, onların işğalçı ruslarla mürəkkəb qarşılıqlı münasibətlərini, zülmə boyun əyməmək fəlsəfəsini yalnız bu torpaqlarda böyüyən, həmin hissləri yaşayan insanlar anlaya bilərdilər.

Hekayənin qəhrəmanı yeniyetmə Bəkirin özüdür. Bunu qonaq getdiyi evdə hamıya "Bizim çobanın oğlu..." - deyə təqdim olunmasından da görmək mümkündür. Doğrudur, ev sahibi Hacı Akay özünü qonağın adını yadda saxlamaq əziyyətinə salmır. Onu elə, sadəcə, Nəmənəcik çağırır. Əslində bu müraciət çox rəmzi səciyyə daşıyır. Tatar insanlarının adlarını, şəxsiyyətlərini, milli hiss və duyğularını itirdiklərinə işarədir. İki qəsəbənin - Qarasu ilə Uluözənin arasında xeyli məsafə olsa da, şərait, mühit və yaşayış baxımından elə də ciddi fərq yoxdur. Hər ikisində camiləri hörümçək basıb. Uluözən imamı isə Qarasudan olan həmkarı ilə "iki rakı şüşəsi bir-birinə bənzədiyi qədər" oxşardır.

Şəlalə yaxınlığında rastlaşdığı bir mənzərə adsız qəhrəmanın iç dünyasını qarışdırır, daxilində təlatüm yaradır. Tatar bələdçilərin müşayiəti ilə at belində təbiət seyrinə çıxmış cavan rus qızlarının sərbəstliyi, qayğısızlığı onun xəyalını keçmişə - xalqının azad olduğu zamanlara aparır. Buna səbəb isə qızlar deyil, onların mindikləri cins tatar atlarıdır: "Atları, bizim baş götürüb qaçan, şahə qalxan, sahibini tanıyan, son zamanlarda köydə, Kolan ovalarında doğulub şəhərin bir küncündə ölüb qalan sevgili atlarımızdandı. Əvvəlcə, atalarımız bu atlarla düşmən qovalamış, dünyanın yeddi dənizini keçmiş, bellərində doğulub ölmüş, sevgilisini, nişanlısını qaçırmış, öldüyündə ayrıca qəbrə gömülmüş, quyruğu heç əyilməyən bayraqlarımızın ucunda dalğalanmış... Biz isə piyadayıq. Biz torunlar bu atları unutduq. Onlar da bizi buraxıb getdilər. İndi kim bilir, hansı xalqların əmrində əski günləri, atalarımızın səsli, varlıqlı, vüqarlı günlərini unudub yenə kükrəyir, yenə qoşurlar?! Düşmənləri evlərinə, muradlarına alıb götürürlər. Biz piyada qaldıq. Neçə yüz ildən bəri... Hər yerdə, hər yarışda, hər mücadilədə... Atlarımızı sevək! İnanclarımıza görə Peyğəmbərimiz də Meraca Burak adlı atı ilə çıxmışdı. Zatən, başqa cür də çıxa bilməzdi. Köhnə vaxtlarımızdakı atlarımız olsaydı, onları ram edən igidlərimiz olsaydı, biz də çıxardıq..."

Yəqin ki, müəllif yalnız belə sentensiyalarla kifayətlənsəydi, hekayəsi adi publisistika səviyyəsindən yuxarı qalxmaz, psixoloji dərinlik və bədii dəyər qazanmazdı. Bəkir Çobanzadə yaradıcılıq yolunda ilk addımlarını atsa da, həqiqi ədəbiyyatın qarşısında duran vəzifələri, bədii sözü qəzetçilikdən fərqləndirən cəhətləri ən azı, fəhmlə, intuisiya ilə anlayırdı. Ona görə də qəhrəmanını yalnız tarixi düşüncə və paralellərin cazibə dairəsində saxlamamışdı. Pafos əsirinə çevirməmişdi, adi, gündəlik həyata gətirməyə çalışmışdı. Nəticədə daha gerçək, daha səmimi və təbii bir mənzərə yaratmağa nail olmuşdu.

Bir-birlərinin dillərini çox az bilsələr də, özü kimi romantik təbiətli rus qızı Anyuta ilə yaxından tanışlıq 14 yaşlı tatar yeniyetməsini həqiqi insani hisslərin hər şeyin fövqündə dayanması həqiqətinə inandırır. Məhz səmimi insan münasibətlərinin təzahürü həmin anlarda rusların vətənini işğal etmələrini, tatar atlarını minib tatar torpaqlarında arın-arxayın gəzmələrini unutdurur. Anyutanın onu eyni dildə danışdığı, eyni inancı paylaşdığı soydaşlarından daha yaxşı anladığına əmin olur. Amma bu halı yalnız bir an çəkir. Rus qızı nəvaziş göstərmək istəyəndə onun əllərini geri itələyir, sərt və qətiyyətli səslə "Siz bizi sevmirsiniz. Özüm görmüşəm. Rus məktəblərinin divarlarındakı şəkillərdə gördüm. Siz bizi öldürürsünüz. Bizi sevmədiyinizi hər kəs bilir!" - deyə düşündüklərini Anyutanın üzünə deyir. Yalnız rus qızının "Onlar başqa adamlar! Onlar bizi də sevmirlər. Mən tatarları sevirəm" - sözlərindən sonra əvvəlki səmimiyyət bərpa olunur. Sadə süjet xəttinə malik hekayədə müəllif qəhrəmanının uğradığı metamorfozanı ustalıqla əks etdirməyi bacarmışdı.

Krım tatarının taleyi, tarix boyu xalqının məruz qaldığı məhrumiyyət və faciələr Bəkir Çobanzadəni erkən gənclik çağlarından düşündürmüşdü. Taleyin amansız zərbələrindən yayınmaq olmazdımı? Yanlış addımlar nə zaman, harada atılmışdı? Səhv ataların idi, yoxsa, onların əmanətini layiqincə qoruya bilməyən oğulların? Bir zaman yel ayaqlı atların belində Moskvaya qədər gedib çıxan, rus çarlarından bac-xərac alan tatarlar nə üçün məzlum, çarəsiz duruma düşmüşdülər? Əzablı yollar haradan, haçandan başlamışdı? Budapeştdə yazdığı əsərlərdən ibarət "Qaval səsləri" məcmuəsinə daxil etdiyi həcmcə iri nəsr əsərinin - "Uğurlu yollar" hekayəsinin leytmotivi, əslində bu çətin suallara cavab tapmaq cəhdi kimi mənalandırıla bilər.

Hekayənin adı ilə məzmunu arasında bir ziddiyyət var. Acı istehza, sarkazm yükü daşıyan "Uğurlu yol", əslində Krım tatarlarını ehtiyaca, fəlakətə, milli simanın itirilməsinə aparan yoldur. Müəllif tatar kimliyinin qeyb olmasını xalqının ənənəvi yaşam tərzindən, patriarxal həyatdan imtina edib, böyük şəhərlərə köçməsində görür. Aulda dilini, dinini, adət-ənənələrini qoruya bilən Krım tatarı şəhərdə bunu bacarmır.

Bu kədərli aqibət Krımın Çonqar bölgəsinin əkinçi sakinləri olan Qurd Baba və Men Börü ailələrinin timsalında izlənilir. Yaxın qonşular gündəlik ruzilərinin çıxdığı torpağı buraxıb, yaxşı güzəran sevdası ilə şəhərə köçürlər. Men Börünün on yaşlı oğlu Seyid Nəbi, Qurd Babanın altı-yeddi yaşlarındakı qızı Fatimə valideynləri ilə müqayisədə şəhər həyatına daha asan uyğunlaşırlar. Hər iki ailə gələcəkdə qohum olmağı düşünür. Bunu övladlarından da gizlətmirlər. Əvvəlcə təhsilə o qədər də maraq göstərmədiyindən Seyid Nəbini bir yəhudinin dükanına pirkeşik verirlər. O, ağlı, bacarığı, insanlarla dil tapmaq məharəti sayəsində tezliklə uğur qazanır. Rus dilini öyrənir, mühasib ixtisasına yiyələnir. Daha sonra ziyalı tatar kimi şəhər dumasına katib seçilir. Müəllimlik edir, cəmiyyəti-xeyriyyə işlərində fəallıq göstərir. Artıq soydaşları arasında, sadəcə, Seyid Nəbi deyil, "Seyid Nəbi Menbörüyev cənabları" kimi tanınır. Evdə Quran təhsili alan Fatimə də tərbiyəli, ağıllı qız kimi böyüyüb. Valideynləri övladlarına baxıb gələcəyin xoşbəxt ailə ocağı barədə düşünürlər. Sanki hər iki tərəf min bir məhrumiyyətlə üzləşdiyi yad, mərhəmətsiz şəhərdə istəklərinə çatmış kimi görünürlər.

Elə bu zaman şəhər həqiqi, sərt simasını göstərir. Lirik ricətlərinin birində ifadə olunduğu kimi, "Köydə erkək, tarixdə igid olan xalq şəhərdə xidmətçiyə çevrilir".. Təbii ki, patriarxal həyat tərzi bəlalardan çıxış yolu deyildi. Elə dövr başlamışdı ki, müəllifin müəyyən qədər ideallaşdırdığı kənd də insanları xilas edə bilmirdi. Çünki dünyaya baxış dəyişmişdi. Mənəviyyat erroziyaya uğramışdı. Əlinə pul gələn Seyid Nəbi artıq ata-babaları kimi əski kənd qaydaları ilə yaşamaq istəmir. Gününü yüngül əxlaqlı rus qızlarının arasında, kef məclislərində keçirir. İçkiyə aludəlik hər şeyə, hətta bütün varlığı ilə onu sevən Fatiməyə də marağını öldürür.

Fatimə də yeganə çıxış yolunu yenidən ilkinliyin, saflığın qorunduğu kəndə qayıtmaqda görür. Lakin qayıdış mümkün deyil. Tatarların buraxıb gəldikləri torpaqlar artıq almanların, rusların əlindədir. Krım içəridən, qarış-qarış işğal olunur. Onun maarifdən, milli şüurdan kənar düşmüş həqiqi sakinləri laqeydlikləri, tənbəllikləri ucbatından dilbər vətənlərini günbəgün itirirlər.

Bəlkə də bu saf, təmiz tatar qızının məhəbbəti Seyid Nəbi üçün düşdüyü burulğandan xilasedici kəmər ola bilərdi. Ancaq o, evlənmək də istəmir. Ailə həyatının qəlb rahatlığı, könül xoşluğu gətirəcəyinə qətiyyən inanmır, "Bizim evlənməyimizdən bir imam, bir də çalğıçı qaraçılar qazanır" - deyə anasının yalvarışlarını rədd edir. Heç kəs qarşısında məsul olmadığı, yalnız öz kefi üçün yaşadığı sərbəst həyatı daha üstün tutur.

Tay-tuşlarının çoxu kimi, Seyid Nəbi də gücünü, enerjisini sərf eləməyə yer tapmır. "Uşaqkən alma oğurlayırdım, pəncərə sındırırdım. Bəs indi nə edim?"- dilemması qarşısında aciz qalır. Bəkir Çobanzadənin fikrincə, cəmiyyətin öndə gedənləri də bu suallara cavab vermək iqtidarında deyillər. Hər tərəfdə dəhşətli mənəvi boşluq hökm sürməkdədir: "Bu gün hörmət sahibi olan müsəlman gənclərin hamısı içir. İsmayıl Qasıpralı, Kazanlı Abdulla Tukayev deyilən şairlər hamısı içirlər. Tukayevi hər gün küçədən qaldırıb evə gətirirlər. Sevəcək bir kimsən, arxasından qoşacaq bir işin olmayandan sonra içməyib nə edəcəksən?"

Müəllifin acı ironiya ilə "yeyən heyvan" adlandırdığı Seyid Nəbinin həyatı məntiqi sonluqla bitir - növbəti içki məclislərindən biri ölümü ilə nəticələnir. Amma onsuz da, faciəli duruma düşmüş tatar cəmiyyəti bu faciədən nəticə çıxarmaq iqtidarında deyil. Əksinə, ətrafdakılar anasına təsəlli verib deyirlər: "Yalnız sənin başına gəlməyib ki? Xədicə ablanın oğlu Marusyaya görə intihar etdi. Nəbinin oğlu dükan soyub adam öldürdüyü üçün Sibiryaya sürgün olundu. Səninkinin kimsəyə zərəri olmadı. İşiylə, eviylə qismətini yedi, bitirdi, getdi..." Bir sözlə, belə çıxır ki, yalnız özünün deyil, valideynlərinin, sevdiyi qızın həyatını puç edən Seyid Nəbi əslində başqa soydaşları, həmvətənləri ilə müqayisədə, az qala, övliya kimi bir varlıq imiş...

Uzaq Macarıstanda bu kədərli vaqeələr, sanki şəxsi həyatını nizama salmış kimi görünən, sevimli məşğuliyyəti, gələcək üçün aydın məqsəd və məramı olan müəllifin yadına niyə düşmüşdü? Hekayənin son cümləsi ortaya çıxan qəfil suala cavab təsiri bağışlayır: "Budapeştin gurultulu küçələrində Rumıniya ordusu ilə gələn Dobrucalı bir tatar əsgəri gördüm. Cocuqluq illərində şahidi olduğum hər şey yenidən gözlərim önündən keçdi". Əslində özgə iradəsinin, hökmünün ifaçısına çevrilən həmin gənc tatar əsgəri də dünyanın müxtəlif guşələrinə səpələnmiş talesiz Krım tatarlarından biridir. Rusların, almanların ağalığı altına düşmüş tatarla rumın hökmünə boyun əymək məcburiyyətində qalmış tatar arasında keçilməz sədd yoxdur. Hər ikisi vətən torpaqlarının ardınca dil və milli varlıqlarını da itirmək təhlükəsi qarşısında qalıblar.

"Bir yerdə durmayan su axıb gedir. Axıb gedən su da intəhasız, əngin dənizlərə qoşulur, yox olur. Yurdunda oturmayanlar, onun-bunun qapısında, onun-bunun süfrəsində baş girləyənlər də çox keçmədən yox olurlar. Yaşadığı yurdu istəklərinə uyğun bir şəkildə dəyişə bilməyənləri də torpaq, ya üstündən atır, ya da çürüdüb məzara gömür. Tarixin qüdrətli, qüvvətli Yehova (yəhudilər - V.Q.) milləti topraqlarından köçəndən sonra "cühuda" çevrildi. Tarixdə yerləri olmayan kazaklar torpağa sahiblənəndən sonra yeddi dənizə hakim "rus"a çevrildilər. Bir həyat var - Torpaq! Bir ana var - Torpaq! Bir cəllad var - torpaq!"

Hekayənin proloqunda yer alan bu sətirlərdə yazıçı, sanki qəribə bir intuisiya ilə doğma xalqının yalnız tarixi yox, gələcək faciələrini də görmüşdü...

Bura qədər nəzərdən keçirdiyimiz kədərli, ürək sıxan həyat tarixçələri Bəkir Çobanzadə nəsrinin, sadəcə, bədbin notlar üzərində kökləndiyi təsəvvürünü yaratmamalıdır. Krım türklərinin təkcə taledən şikayətlənib dərd çəkmələri deyil, sevinc və nəşələri, mübarizə əzmləri, cəsarət və mərdlikləri, sonsuz vətən sevgiləri də onun diqqətindən yayınmamışdı. "İndemez Cəlil" (burada əhli-kef, heç nəyə əhəmiyyət verməyən, heç nəyi ürəyinə salmayan mənasında işlənib - V.Q.) hekayəsinin qəhrəmanı Cəlil ağa yurdun belə insanlarındandır.

Müəllifin "orta tatar boylu, geniş çiyinli, qara bığlı, qara gözlü, gur saçlı, bəyaz tənli, incə burunlu bir kişi" kimi təqdim etdiyi Cəlil, sanki zahirən heç nə ilə maraqlanmır. Az danışır. Kimsənin işınə qarışmır. Qış-yay saatlarca evinin qabağında oturub çubuğunu ağzından çıxarmadan, sadəcə, öz-özü ilə göftgu edir. Lakin bu susqun, hər şeyə laqeydlik təsiri bağışlayan halı ilə "digərlərindən daha çox, krımlı, əski krımlıdır. Krımlının qayğısı, can sıxıntısı, günlərini faydasız keçirməsi" onu hamıdan daha çox qayğılandırır. Çünki "Batı, Çingizin, Teymurləngin yabançı göründüyü insanlar ona da yabançıdırlar". Cəlil ağa daxilən bir Krım vətənpərvəridir, Krım təşnəsidir. Amma bunu büruzə vermir.

Rusiyanın pravoslavlıq təəssübkeşliyi mövqeyindən qatıldığı Birinci Dünya savaşı başlanır. Digər soydaşları kimi, Cəlil ağanı da səfərbərliyə alıb cəbhəyə göndərirlər. Minlərlə tatar ögey vətən üçün labüd ölümə getsə də, yad münasibəti, ayrı-seçkiliyi hər an hiss edirlər. Bunu müəllif təhkiyəsində də görmək mümkündür: "Rus subayları o qrupun adlarını yazandan sonra bir neçə dəfə sayıb getdilər. Onlara görə bu vaqondakılar (Krım tatarları, Karaim türkləri, yəhudilər nəzərdə tutulur - V.Q.) düşmən atəşini söndürmək, topların ağzını tıxamaq, süxurları doldurmaq üçün qan və sümükdən başqa bir şey deyildilər".

Amma Cəlil ağa müti olmaq barədə düşünmür. Ona vaqonda çubuq çəkməyi qadağan etmək istəyən rus zabitinə həddini bildirir. Savaşda da çoxlarından fərqlənir. Aslan kimi döyüşür. Medallara, hətta məşhur Georgi xaçına layiq görülür. Amma tütünü qurtarınca çubuğunu boş saxlamamaq üçün əsla, düşünmədən, hərbi mükafatlarının hamısını dəyər-dəyməzinə satır.

Final səhnəsində döyüşlərin birində Avstriya-Macarıstan ordusuna əsir düşmüş Cəlil ağanı Budapeştdə görürük. Buradan da onun real şəxs, Həmdi Atamana məktublarında tatar əsirlər içərisində bir-iki arkadaşı olduğunu yazan Bəkir Çobanzadənin əski tanışlarından biri olduğu qənaətinə gəlmək mümkündür. Müəllif qürbət eldə Cəlil ağa ilə görüşünü belə təsvir edir:

"Bir gün Budapeştdə bir macar dostum "Sizin tərəflərdən bir əsirim var. Heç bir dil bilmir. Yaraşıqlı, maraqlı adamdır. Bir gün gəlsəniz, bir az söhbət edərik. Çubuq çəkmək dəlisidir. Gələndə bir az tütün də gətirin", - dedi. Getdim, görüşdük, hal-əhval tutduq, bir-birimizin kefini soruşduq, söhbət elədik. Cəlil ağa idi, həmin o, İndemez Cəlil! Çubuğunu üç dəfə sümürüb qurtarmamış ağzından bir söz çıxmırdı. "Krımdan bir xəbər alırsınızımı?" - soruşdu. Mən də: "Alırıq, Cəlil ağa. Krımda qarışıqlıq var. Tatarlar yenə xanlıq qurmaq istəyirlərmiş. Krıma qayıtsanız, vuruşacaqmısınız?" - dedim. Cəlil ağa:

- Savaşıb yenə medalmı alacayıq? Bizə yetər, artıq siz savaşın! - dedi.

- Medal, nişan yoxdur. Savaşsaq, Krımı, bütün Krımı alacağız, Cəlil ağa!

Cəlil ağa çubuğunu sümürməmişdən əvvəl bir az düşündü:

- Elə isə savaşaq. Krımı alacaq olsaq, çubuğumu belə bir yana ataram! - dedi. Dedi və bir qəhqəhə çəkdi. Bəlkə də illərdən bəri belə gülməmişdi".

Və hekayə müəllifi inanır ki, zahirən əhlikef, laübalı görünən Cəlil ağa kimi ürəyi vətən eşqi ilə dolu insanlarla Krımı düşmən tapdağından qurtarmaq, orada azad və hürr məmləkət qurmaq olar.

Bəkir Çobanzadə nəsr əsərlərinin mərkəzinə elə həyat hadisələri və insan tipləri gətirməyə çalışırdı ki, onlar yalnız ayrı-ayrı fərdlər kimi qalmasınlar, müəllifin "tatarlıq" adı altında ümumiləşdirdiyi böyük, qollu-budaqlı toplumun sıra nəfərinə çevrilsinlər. Bir nəfər Krım türkünün fəlakəti, yaxud faciəsi bütün tatarlığın acı nəsibi kimi öz əksini tapsın. Bu baxımdan yanaşdıqda, tərəddüdsüz demək olar ki, nəsr və şeir yaradıcılığının başlıca mövzusu tatarlığın dünəni və indisi, tarix yolunda üzləşdiyi çətinliklər, sabaha bəslədiyi ümidlər idi.

"Biz tatarlar çox sürətlə doğulur, böyüyür, oynayır, danışıb-gülür, sonra da yıxılıb ölürük, - deyə kədərli bir ümumiləşdirmə ilə bütöv toplumun portretini yaradan müəllif tatar həyatının özəlliklərindən söz açaraq yazırdı: "At üstündə, ayğırların belində qoşdurub duran bir taleyimiz var. Toz qaldırıb, göz qamaşdırıb ortaya çıxırıq, sonra bir dönüş sırasında, bir ucqar, izsiz-soraqsız yerdə atımızdan düşüb səssiz, iniltisiz, üzülmədən, hıçqırmadan, ağlamadan ölür, unuduluruq.

Qoy hər xalq gedib istədiyi kimi yaşasın. Biz həyatın bu növünü, ölümün bu yolunu sevirik.

Bir tatar cocuğu səkkizində ata minməyi, onunda səkərək "Qaytarma" rəqsi oynamağı, on üçündə ahu baxışlı gözlərə vurulub sevdalanmağı bacarmasa, iyirmi beş-otuzlarında körpəcik cocuqlarını buraxıb təmiz al qanlar, yaxud da həyatın kirli, boğucu havası içində yazısı, nişanəsi, baş daşısı olmayan bir məzara necə girə bilər? Söyləyin, necə?

Tatarlıq asan olsa, tatarların həyatı yalnız onların ağırlıqlarına tab gətirə bildikləri qədər olmasa, sayımız bu qədər az qalardımı?"

Sanki Orxon-Yenisey yazılarındakı "Kəndinə dön, ey türk! Sən kəndinə dönəndə qüvvətli olursan!" çağırışı gənc Bəkir Çobanzadənin hekayələrində də eşidilməkdədir. O, Krım tatarları da daxil olmaqla, türk toplumunun çəkdiyi acıların, uğradığı məğlubiyyətlərin kökündə keçmişlə indini, tarixlə müasirliyi bağlayan körpülərin yandırılması gerçəyinin dayanmasına inanırdı. Tək mənəvi dəyərlər yox, eyni şəkildə maddi abidələr də qorunmalı idi. Çünki əcdadların Yer üzündə qoyub-getdikləri bu izlər olmadan sonrakı nəsillərə milli qürur, yurd sevgisi, başqa xalqlarla sağlam mədəni rəqabət kimi mühüm mənəvi hisslərin aşılanması o qədər də asan olmayacaqdı. Müəllif meyə qurşanan, yüngül əxlaqlı rus qadınlarının saxta bir təbəssümünü özləri üçün böyük qənimət sayan həmvətənlərinə həqiqi sərvət xəzinələrinin ünvanını göstərirdi:

"Avropada bir yerdə xaraba (antik abidə-V.Q.) olsa, gəlib baxacaq ziyarətçilər, nəvə-nəticələr ortaya çıxır. Akropolu, Pompeyi hər il minlərcə turist gəzib-dolaşır, mərmərlərin üstündə oturub ağlayırlar. Bizim viranələrimizi rüzgarlar təvaf edirlər, yağmurlar bu yerlərə yağır, göz yaşları tökürlər.

Ərəbistana, ərəb çöllərinə rəvan olanlar, nədən bu viranələrin yanında düşünüb ağlamırsınız? Ürəyiniz nurlanar, daha yaxşı müsəlman, daha igid tatar olardınız. Orada Peyğəmbər, burada ümməti-islam dəfn olunub".

Göründüyü kimi, nəzərdən keçirilən hekayələrin demək olar ki, hamısında publisist başlanğıc kifayət qədər qüvvətlidir. Publisist ricətlərə müraciətin səbəbi aydındır - problemin bədii dərkindən daha çox, birbaşa çağırışlarla oxucunun düşüncəsini hərəkətə gətirməyin daha asan, effektli olduğu düşünülürdü. Digər tərəfdən, bu tipli publisistika ünsürləri müəllifin milli və vətəndaşlıq mövqeyinin müstəqim ifadəsinə xidmət edirdi.

Qalatasaray sultaniyyəsindən tanıdığı Xeyirxahı "Hacı Əmir Həsən Əfəndi Bəkirzadə cənablarına" ithaf olunmuş "İki dərviş" hekayəsi Bəkir Çobanzadənin nəsr yaradıcılığında özünəməxsus yer tutur. Janr və mövzu etibarı ilə adıçəkilən əsər, əslində dini pritçadır və bir neçə cəhətdən səciyyəvidir. Hekayə ilə tanışlıqdan, ilk növbədə, müəllifin təkcə dünyəvi təhsil ocaqlarında deyil, dini məktəblərdə də əsaslı bilik əldə etməsi, islamın tarixinə və ehkamlarına kifayət qədər dərindən yiyələnməsi qənaəti hasil edilir. Didaktik motivlərə üstünlük verilən hekayə, eyni zamanda gənc yazarın ədalət duyğusu və müasir ifadə ilə desək, fəal həyat mövqeyi haqqında düşünməyə zəmin yaradır.

"Həzrəti Ömərin ədaləti bütün kafirlərin gözlərini yaşardanda, islamın yaşıl bayraqları Hindin, Çinin, Roma imperiyasının qübbəli salonlarında dalğalandığı zamanlarda bu gün yerlərin, qurdların yediyi sarı daşlı türbələrin altındakı igidlər "Əbədiyyət! Əbədiyyət!" - deyə türkülərin söylərkən, bizim Yayla dağlarında arslanlar, pələnglər dolaşırkən, Xilafət şəhərində - Şami-Şərifdə ağ saqqallı, ağ sarıqlı bir ixtiyarın - Şeyx İsmail əl-Kəndinin iki oğlu dünyaya gəldi" - nağılvari təhkiyə hekayənin pritça ruhu və dini məzmunu, eyni zamanda müəllifin bilik dairəsi və mətləbə uyğun üslub seçimi haqqında təsəvvür yaradır.

Tanınmış din adamı və böyük nüfuz sahibi olan Şeyx İsmayılın ölümündən sonra övladları - Yusiflə İshaq fərqli yaşam yolları seçirlər. İshaq iki keçi alıb Havran dağlarına, Əshabi-Kəhfi xatırladan hicra bir mağaraya çəkilir. Zahidanə həyat yaşayıb ömrünü ibadət və təqva ilə keçirir. Bilincli şəkildə dünya işlərindən tamamilə uzaqlaşır. Yeddi il mağarada qaldıqdan sonra şəhərə gedib qardaşına baş çəkməyi qərara alır. Keçiləri sağıb südünü ağ dəsmalın arasına tökür, (ibadət nəticəsində yetişdiyi müqəddəslik ona belə möcüzələr yaratmağa və kəramətini göstərməyə imkan verir) şəhərə yollanır.

Neçə ildən bəri atasından qalma dükanı işlədən, hər addımbaşı şeytanın adamları ölçüdə, çəkidə aldatmaq vəsvəsəsi ilə üzləşən, amma Allah yolundan əsla sapmayan Yusif təəccüblənmədən süd bağlamasını qardaşından alıb divardakı mıxdan asır. "Dükan qadınlar, xanımlar, seyyidələr, şərifələrlə dolu idi. İshaq özünü bir toy məclisindəki kimi hiss etdi. Gözəl gözlər, incə qaşlar ürəyində bilinməyən, anlaşılmayan, nə ərəbcə, nə əcəmcə izahı mümkün olmayan, açılması müşkül bir yığın duyğular, həyat və dünya diləkləri oyandırdı".

Və elə bu zaman dəsmalın arasındakı süd taxt üstündə oturub müşk şüşəsini açmağa çalışan zənci qadının başına damcılamağa başlayır. Ani də olsa, könlünü dünya nəşəsinə qapdırmaqla təqvasını pozduğunu başa düşən İshaq bütün gecəni tövbə, istiğfarə edir, ertəsi gün isə qardaşına deyir:

"- Ya Yusif, ey zavallı qardaşım! Mənim kimi ən abid, ən zahid bir sufini bir saatın içində belə sarsıdan bir yerdə gör, illərdən bəri nə qədər günaha batmısan. Vaz keç, bu dünya əhvalından, xatununu boşa, uşaqlarını dostlarına tapşır, dükanını bağla, birlikdə mağaraya çəkiləlim. Başqa türlü səninlə cənnətdə rastlaşa bilmərik, sabah axirətdə qardaş kimi əl-ələ verib ömür sürməmiz çox çətin olar".

Yusif təklifi qəbul edir. İşlərini sahmana salıb gələcəyini deyir. İshaqı yola salanda "Yəqin ki, mağara soyuqdur, qaranlıqdır. Dəsmalın arasına köz qoydum ki, çatanda ocaq qalayasan" - deyir. Dəsmala bükülmüş qığılcım saçan köz parçalarını görəndə İshaq başa düşür ki, qardaşı ibadətdə, təqvada ondan əsla geri qalmayıb, Allah yanında dərəcəsi heç də ondan əskik deyil. Həm də İshaq buna illərlə, təkbaşına mağarada gizlənib insanlarla hər cür əlaqəni, ünsiyyəti kəsməklə nail olubsa, Yusif nahaq dünyada yaşayaraq, hər dəqiqə günah əməllərlə şirnikləndirilərək təmizliyini, halallığını qoruya bilib. İshaq başa düşür ki, qardaşının seçimi daha düzgündür. Yalnız özünü düşünməkdən, xudbinlikdən uzaq bir yoldur. İnsanlara kömək etmək, onları bəd əməllərdən çəkindirmək üçün geniş imkanlar açır. Odur ki, yenidən mağaraya qayıtmaq fikrindən əl çəkir, əl buyruqçusu kimi Yusifin dükanında qalıb ona kömək etməyə başlayır.

Bu maraqlı pritça həcmcə kiçikliyinə baxmayaraq çox böyük mənəvi-əxlaqi problemə aydınlıq gətirir. Cəmiyyəti dəyişmək, insanlara yardım göstərmək üçün inzivaya çəkilib dərviş, mentor olmaq kifayət deyil. Zahidlik yalnız fərdin mənəvi saflığına yol aça bilər. Cəmiyyətdə yaşayıb saflığı, təmizliyi, doğruluğu hər gün, hər saat şəxsi nümunənlə insanlara göstərmək toplumun düşüncəsini və əxlaqını dəyişdirmək baxımından daha məqbul və faydalı yoldur - "İki dərviş" hekayə-pritçasından çıxan əxlaqi nəticə budur!

Bəkir Çobanzadənin hekayələri etnoqrafik çalarların zənginliyi ilə seçilir. Bu da, hər şeydən əvvəl, tatar həyatının özünməxsusluqlarına dərin bələdlikdən, onu olduğu kimi, bütün incəlikləri, rəng və çalarları ilə təqdim etmək istəyindən irəli gəlir. Bu həyat müəllifə yad deyildi. Onu bütün sevinc və kədərləri ilə yaşamışdı. Hekayələrində özünün, ailəsinin, hər insanına, daşına, koluna bələd olduğu doğma Qarasubazarın tarixini yazırdı. Bəhs etdiyi tarixin canlı şahidləri vardı. Ona görə də təsvirlərində hər şey dəqiq, yerli-yataqlı olmalı idi. Eyni zamanda quru xronika yox, təsirli bədii əsər şəklində meydana çıxmalı idi.

Diqqəti çəkən digər cəhət isə, yuxarıda da qeyd etdiyimiz kimi, 25-26 yaşlı yazıçının yaşı və həyat təcrübəsi ilə bir araya sığmayan didaktika ünsürlərinə nisbətən geniş yer verməsidir. Əslində bu təmayül onun fərdi yaradıcılıq keyfiyyətindən, hadisələrə fərdi baxışından çox, dövrün ruhu ilə bağlı idi. Eyni ibrətamiz süjetləri, eyni didaktika ünsürlərini XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində digər türk xalqlarının bədii nəsr və poeziyasında da müşahidə etmək mümkündür. Sadəcə, maarifçi-didaktik ənənələrin ədəbiyyatda öz mövqelərini qoruyub saxlaması dəyişən şərtlər müstəvisində milli ziyalıların öyüd-nəsihətlə doğma xalqa doğru-düzgün yol göstərmək arzusundan irəli gəlirdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!