Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

Siracəddin HACI

(Əvvəli burada)

 

İyirminci doqquzuncu beytin şərhi:

fərman yazıldı

 

"(Tanrının) belə bir fərmanı yazıldı -

Ki, dörd il ölüm ölkəndən uzaq olsun".

 

Mətndə iç səsin - müjdə gətirən səsin üç beytlik sözü var, bu, sonuncusudur, iki gözəl xəbəri var: Bəhramın mərhəmətlə mayalanmış niyyətinə görə Allah qıtlıq bəlasını onun ölkəsindən uzaqlaşdırdı. Şah qıtlıqdan ölmüş o bir insanı düşündüyünə, üzüldüyünə, məsuliyyəti üzərinə götürdüyünə, Allaha dua etdiyinə görə ikinci müjdə də gəldi: Nizami ikinci müjdəni bu vasitələrlə tanıdır:

- İç səs "dörd il" deyir, bu dörd il qıtlıq illərinin qarşılığıdır, ağır sınaq illəridir, o illər ki, Bəhram hər kəsə mərhəmət hərəkatı ilə xalqı ölümün pəncəsindən qurtardı, ilahi imtahandan keçdi, mərhəmətin, mərhəmətli şahın, sosial dövlətin gücünü göstərdi, bircə insanın ölümünü belə özünə dərd etdi;

- Mətndə "dörd il" sözünün sonunda bitişən əvəzlik biçimində "sən" əvəzliyi var, bu işləri yerinə yetirir: 1) Bəhramı, onun mərhəmətini önə çıxarır - qıtlığın olduğu dörd il sənin illərin idi - sınandın, qazandın; 2) Allahın müjdəsinin keçərlilik tarixi də dörd ildir - sənin dörd ilinin qarşılığıdır, sən imtahan olundun, xalq əziyyət çəkdi, Allahın müjdəsinin hökmü təkcə sənə deyil, hər kəsə aiddir, Allah mərhəmətli Bəhrama görə hər insana aid müjdə göndərir - O, bu dərəcədə mərhəmətlidir, saleh əməlin qarşılığını qat-qat verər; 3) bu ölçü mərhəmətin dəyərini göstərir, bir insanın mərhəməti Allahın mərhəmət xəzinəsinin qapısını açdı - mərhəmətin qarşılığı mərhəmətdir;

- İç səs ilahi müjdənin dəyərinin, böyüklüyünün ifadəsi üçün bu vasitələrə yer verir: 1) "yazmaq" ("yazılmış" biçimində) feilini seçir, əsla pozulmayacaq biçimdə yazılmışdır, Allahın sözü dəyişməz, qətidir, hökmdür, əmrdir - Qurani-Kərimdə Allahın bir sıra əmrləri "yazıldı" biçimində gəlmişdir, məsələn, "oruc sizə yazıldı", fərz oldu, əmr edildi - çox önəmlidir...; 2) "mənşur" yazıldı, iç səs məhz "mənşur" sözünə yer verir, onu qafiyə mövqeyində işlədir, müjdənin dəyərini göstərir, söz ərəbcədir, "n-ş-r" kökündəndir, eyni kökdən olan sözlər bu mənaları əhatə edir: "diriltmək" - o elə bir müjdədir ki, xalqı maddi-mənəvi baxımdan dirildəcək; "açmaq" - inkişafın, ümidin yolunu açacaq; "yayılmaq" - hökmü hər kəsə aid olacaq; "genişlətmək" - o ilahi müjdə xalqı darlıqdan qurtaracaq; "fərman" - ən uca məqamın sözüdür, Allahın əmridir; "namə" / "məktub" - Allah mərhəmətli Bəhrama "məktub göndərmişdir" - Onun əməyinə bu qədər dəyər verir, məktubu məhz onun adına, onun işinə görə imzalamışdır;

- İç səs ilahi müjdənin dəyərini göstərmək üçün onun keçərlilik tarixini də açıqlayır: dörd il, bu zaman dilimi mərhəmətin önəmini vurğulayır;

- Bu dörd ildə nə olacaq? "Sənin diyarında", yenə "sən" əvəzliyi gəldi (üç beytdə beş "sən" əvəzliyi var, ikisi rədif yerindədir), hər şey Bəhramın adına bağlandı - mərhəmət, mərhəmətli şah, sosial dövlət ilahi müjdəyə yol açdı;

- "Diyarından" deyir, məkanı böyüdür, Bəhramın hökmünün keçdiyi hər yerdən, hökm hər kəsə aiddir;

- "Ölüm uzaq olsun" - Bəhramın ölkəsində dörd il ölən insan olmayacaq, feil əmr biçimindədir - "dur başəd", uzaq olsun, fərmandır, ilahi hökmdür, mərhəmətin dəyərini göstərir - həyati önəmi olan şeylər əmr biçimində ifadə olunur;

- Bəhramın mərhəmətinin qarşılığı onun ölkəsində dörd il ölüm hökmünün qaldırılmasıdır, yəni mərhəmət həyat, dirilik, ümiddir;

- "Ölüm uzaq / iraq olsun" - bu, xalqın dilidir, onun anlayışına uyğundur, Nizami hər kəsin anlayacağı biçimdə deyir ki, ölüm Allahın dəyişməyən qanunudur - hər kəs öləcək, ancaq elə bir dəyər var ki, Allah məhz ona görə ölüm qanununun hökmünü dörd ilə təxirə saldı, o dəyərin adı mərhəmətdir, mərhəmətli olun, ey insanlar, o sizi xilas edəcək!

 

Otuzuncu beytin şərhi:

bir nəfər də ölmədi

 

Onun məmləkətində böyükdən kiçiyədək,

Belə nağıl edirlər ki, dörd ildə bir nəfər də ölmədi.

 

Məsnəvinin süjet xətti yeni bölməyə keçir, mərhələləri yada salaq, Nizami mərhəmət anlayışını, mərhəmətli şah obrazını, sosial dövlət ölçüsünü inşa etmək üçün: şiddətli quraqlığı, onun ortaya çıxardığı qıtlığı, aclığı, Bəhramın qərarvermə biçimini, tədbirlərini, hər kəsə mərhəmət hərəkatını, bu hərəkatın nəticələrini, xalqın xilasını, bircə insanın ölümünü, Bəhramın o bir insanın ölümünə görə Allaha duasını, duanın qəbulunu, ilahi müjdələri tanıtdı, Allahın mərhəmət qanununu izah etdi...

Yeni mərhələdə Bəhramın ölkəsində dörd il kimsə ölməyəcək müjdəsinin nəticəsi təqdim olunur. Nizami bu vasitələri seçir:

- Müjdə, həqiqətən, gerçəkləşdi ölçüsünü qoyur - Allah verdiyi sözü yerinə yetirər;

- "Onun mülkündə" - Bəhramın şah olduğu imperatorluqda, buradakı "o" vurğusu Bəhramı, onun mərhəmətini önə çıxarır, sınır qoyur, başqa mülklərdə deyil, məhz, ancaq Bəhramın mülkündə, dörd il kimsə ölməyəcək hökmü yalnız Bəhramın mülkünə aiddir. Niyə? Orada mərhəmət var - Allahın rəhmət, xeyir, bərəkət yağışı mərhəmət olan ölkəyə, vicdana daha çox yağar;

- Nizami istisnaya yer qoymur, bu məqsədlə "böyüklərdən/yaşlılardan kiçiyədək" deyir - Allahın hökmü hamıya aid oldu;

- "Kəs", "kimsə", "heç kim", "bircə insan belə" dörd ildə ölmədi - Allahın müjdəsi/buyruğu yüzdə yüz gerçəkləşdi;

- Şair "eşitdim ki" deyir, şahidlik rolundan çıxır, eşitdiyini yazır, bu söz də mərhəmət anlayışının təqdiminə yol açır: a) Nizami ondan neçə yüz illər öncə baş vermiş hadisəni danışır, yəni bu hadisə o qədər məşhur oldu ki, o qədər şahidi var ki, elə önəmlidir ki, dillərə düşdü, dastana çevrildi, nəsillərdən-nəsillərə keçdi, Nizami də onu eşitdi, örnək göstərdi; b) insanlar o xəbəri, hadisəni yadda saxlayır, danışır, gələcək nəsillərə ötürürlər ki, içində insanlığın ehtiyacı olan dəyər daşıyır - mərhəmət, mərhəmətli dövlət başçısı, sosial dövlət dəyişməyən ehtiyacdır; c) Allah ömrünü mərhəmətə həsr edənin adını unutdurmaz, dəyərli olan (mərhəmət) dəyərli qılar;

 

Otuz birinci beytin şərhi:

ölümdən qoruyur

 

Xoşbəxt o şahdır ki, öz nemət və nəvazişi ilə,

Rəiyyəti ölümdən qoruyur.

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir, Nizami mərhəmətin, mərhəmətli şahın, sosial dövlətin yol açdığı ilahi bərəkəti tanıtdıqdan sonra "Gerçək dövlət başçısı kimdir?" sualına cavab verir, uyğun vasitələr seçir:

- "Fərrox" sözünə yer verir, bu sözün "yararlı", "uyğun", "xoş", "gözəl", "yaxşı", bir də "xoşbəxt" mənası var, Nizami xoşbəxt dövlət başçısının dəyərini ifadə etmək üçün iki addım atır: ona "şah" deyir, bu anda məhz "şah" sözünə yer verir, onu barmaqla göstərir - fərrox o şahdır ki, yararlı, xeyir-bərəkətli, xoşbəxt şah o şahdır ki...;

- Şair bir addım da atır, "o" deyir, xeyirli dövlət başçısının mövqeyini gücləndirir, mərkəzə qoyur, "xoşbəxt şah", "o şahdır ki", "o" - beytdəki bütün sözlər onun özəlliyini açıqlamağa yönəlib;

- Onun üç özəlliyi var: a) xalqa nemət verir - "nemət" sözü ərəbcədir "n-ayn-m" kökündəndir, bu mənaları var: "yaxşı hal", "gözəl həyat", "yaxşılıq", "bol ruzi", "xoşbəxtlik", "insanı sevindirən bütün gözəl şeylər", "bəli" - biz sözün "bol ruzi" anlamını önə çıxarırıq, səbəbi budur: mətn qıtlıq illərində xalqını ruzi ilə xilas edən şahın tanıdılması ilə bağlıdır. "Nemət" sözü ("nemətlə", "nemət verərək" anlamında) bu mesajı verir - mərhəmət xalqa bol ruzi vermək, onu sıxıntılardan qurtarmaqdır, mərhəmətli şah xalqını zənginləşdirən şahdır; b) xalqının nazını çəkir - "naz" sözü qafiyə mövqeyində - güclü yerdədir, dövlətin, şahın işini göstərir, mətndə qayğı ilə, qayğısını çəkərək mənasına yüklənir, yəni mərhəmət - xalqın nazını çəkmək, ona qayğı göstərməkdir, mərhəmətli şah xalqının nazını çəkər - dövlət, şah, hakimiyyət insana xidmət üçündür; c) mərhəmətli dövlət başçısı nemətlər verərək, xalqın nazını çəkərək hansı hədəfi gerçəkləşdirər? Nizami mərhəmətli, ədalətli dövlət başçısının dəyərini ifadə etmək üçün ən çətin zaman dilimini - dörd il davam edən qıtlıq, yoxsulluq, aclıq, ölümlə savaş illərini yada salır, bu məqsədlə "ölüm"ü ("mərg ra") sözünü seçir, onu ikinci misranın başına yerləşdirir, deyir ki, mərhəmət, mərhəmətli şah ölümü uzaq tutar, kimdən uzaq tutar? Rəiyyətdən - bir insandan, qrupdan deyil, bütün vətəndaşlardan uzaq tutar. Xalqa öz övladı kimi baxmağın - mərhəmətin nəticəsi budur;

- Mərhəmətli şahın özəlliyi budur: o inanır, saleh əməlləri ilə də sübut edir ki, dövlət də, sərvət də, vəzifə də, xalq da mülkiyyət deyil, Allahın əmanətidir;

- Nizami mərhəmətli şaha xilaskarlıq vəzifəsi yükləyir - o ən çətin illərdə xalqını ölümün pəncəsindən qurtardı;

- Mərhəmət qurucu dəyərdir - xeyirli insan tərbiyə edir, sosial dövlət qurur, sarsılmaz birliyə yol açır, sevgi, paylaşma, qardaşlıq şüuru - mədəniyyəti inşa edir;

- Mərhəmət qurtarıcı dəyərdir - xalqı ölümdən, didişmədən, nifrətdən, sıxıntılardan, qorxulardan, qayğılardan, yoxsulluqdan, ümidsizlikdən qurtarır;

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!