Görkəmli ədəbiyyatşünas alim Məsud Əlioğlunun 1971-ci ildə yazdığı “Füzuli və Üzeyir” məqaləsinin bu gün də aktual olduğunu nəzərə alıb, “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirik.
Füzuli dühası bütün əsrləri və zamanları heyrətə gətirmişdir - yüksək ideallara çağıran mündəricəsi, gözəllik və eşqdən ibarət mənası, kamil sənətkarlıq qüdrətinə görə!
Dahilik Füzuli şeirinin mayasındadır və onun ümdə, əlamətdar xüsusiyyəti dövranlara, ictimai həyatın bütün mərhələlərinə hökm yetirmək qüvvəsindədir.
Haqqın və insanlığın xidmətində dayanan sənət hər zaman güclüdür və bu mənada, Füzuli şeirinin fikir, məna çəkisini, heyrətamiz gözəllik və incəlik duyğusunu bu gün biz daha yaxından duyur, dərk edirik.
Kamil, bütöv və xilqətcə yüksək insanın könül diləkləri Füzuli şeirində, zamanın puçluğuna, ağılsızlıqdan törəyən cəhalətə və ictimai həyatın hər növ haqsızlığına qarşı qiyam qaldırmışdır. İnsan mövcud vəziyyətlə barışa bilməz və əgər o, real varlıqdakı uyğunsuzluğa, şəxsiyyəti alçaldan, miskinləşdirən amillərə tab gətirirsə, demək, həyat qurtarmışdır.
Füzuli dühasının bədii təcəssümü - şeir, sənət dünyası insanlığı bu baxımdan daim üsyana çağırmışdır. Maraqlıdır ki, şairin lirikasında - qəzəllərində "tərkibbənd", "müxəmməs", "mürəbbe", "qitə", "rübai", "qəsidə" və s. müxtəlif formalı şeirlərində, eləcə də "Leyli və Məcnun", "Bəngü-badə", "Söhbətül-əsmar" və s. poemalarında həqiqət naminə fənalığa, məhəbbət naminə zülmə və işıqlı ideallar naminə mənəvi cəhalətə qarşı barışmaz üsyankarlığın əks-sədası əsrlərin zülmətini yararaq gəlib bu günə yetişmişdir.
Füzuli sənətinin bəşəri-humanist təbiətini, eşqə və azadlığa çağıran ecazkar mənasını və bədii söz kamilliyini tədqiq-təhlil işində elmi təfəkkürdə xeyli iş görülmüşdür. Tənqidi ədəbiyyatda ictimai-elmi idrakın müxtəlif sahələrində fəaliyyət göstərən onlarca ədəbiyyatşünas, mütəfəkkir, sənətşünas başdan-başa "tilsim"dən ibarət Füzulinin sənət kəhkəşanının tədqiqinə - şərhinə ömürlərini sərf etmişlərsə də, hələ tam, aydın və dolğun bir nəticə hasil olunmamışdır.
Füzuli tükənməzlik xüsusiyyəti - möcüzəsi ilə ağılları, ürəkləri heyran qoymuşdur!
Füzuli şeirinin fəlsəfi-bədii qaynaqlarının elmi idrakın məntiqinə əsasən, şərhi ilə yanaşı, musiqi lisanı ilə təbliği və izahı da əsaslı bir məsələdir ki, bu işdə musiqi dühası Üzeyir Hacıbəyovun xidməti misilsizdir.
Ü.Hacıbəyov Füzulinin şeir-sənət dünyasına musiqi sənətinin sehrli mahiyyətindən və yüksəkliyindən diqqət yetirən ilk Azərbaycan bəstəkarıdır. Birinci milli opera "Leyli və Məcnun"da, habelə "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarında bəstəkar, Füzuli qəzəllərinin musiqi dili ilə şərhinə olduqca həssas yanaşmış və surətlərin daxili-mənəvi aləmini, xarakterlərini, iztirab və sevinclərini şərh məqsədilə müvafiq qəzəllərdən məharətlə istifadə etmişdir.
Mövcud opera və operettalarda Füzulinin müxtəlif məzmunlu qəzəlləri "Leyli və Məcnun"da Leylinin, Məcnunun, Leylinin anasının, İbn Səlamın, Məcnunun atasının və Nofəlin ərzi-halının bildirilməsində, "Arşın mal alan"da Əsgərin və Gülçöhrənin, "O olmasın, bu olsun"da Gülnazla Sərvərin birlikdə oxuduqları duetlərdə heyrətamiz dərəcədə psixoloji ifadə vasitəsinə çevrilmişdir.
Sənətinin və bəstəkar amalının mayası etibarilə iki münbit və tükənməz mənbəyə - xalq musiqisinə və klassik şərq muğamlarına əsaslanan bəstəkar, Füzuli qəzəllərinin məna-məzmun tutumunu, fəlsəfi-idraki dəyərini və bədii-poetik incəliklərin səsin, avazın və melodiyanın ifasında şərhi məqsədilə həmin mənbələrdən yerli-yerində, həm də məqsədəmüvafiq istifadə etmişdir.
Dahi bəstəkar və yenilikçi sənətkar olmaqla yanaşı, həm də görkəmli musiqi nəzəriyyəçisi kimi fəaliyyət göstərən Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri traktatında yazırdı: "Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. Bu "musiqi mədəniyyəti sarayı"nın tikilişində Qədim yunan musiqi nəzəriyyəsini yaxşı bilən və hərtərəfli biliyə malik olan Əbu Nəsr Fərabi, Avropada Avitsenna adı ilə məşhur olan alim-mütəfəkkir Əbu Əli Sina, Əlkindi və başqaları iştirak etmişlər.
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. 12 əsas muğam bunlar idi: "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq", "İsfahan", "Zirəfkənd", "Büzürk", "Zəngulə", "Rəhavi", "Hüseyni" və "Hicaz".
6 avazat isə "Şahnaz", "Mayə", "Səlmək", "Novruz", "Kərdaniyə", "Güvaşt"dan ibarət idi.
XIV əsrin axırlarına doğru baş verən ictimai-iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi "binası"nın divarları əvvəllər çatlamış, sonralar isə büsbütün uçub-dağılmışdır.
Yaxın Şərq xalqları uçub-dağılmış bu "musiqi binası"nın qiymətli "parçaları"ndan istifadə edərək, özlərinin "lad tikinti" ləvazimatı ilə, hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahı" tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir, yenə bu qayda ilə muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif mənalar ifadə edirdi.
Musiqi sənətinə dair nəzəri müddəalarını əsaslandırmaqla yanaşı, Üzeyir Hacıbəyov yaradıcı bəstəkar olaraq, klassik milli musiqinin - muğamların başlıca əməli xüsusiyyətlərini də öz yaradıcılığında dahiyanə bir ustalıqla imtahandan keçirmişdir. Bəstəkarın Füzuli qəzəllərindən istifadə ilə özünün opera və operettalarında yaratdığı ayrı-ayrı musiqi parçaları: ariya, duet və müstəqil şəkildə təsnif və şöbələr klassik Azərbaycan-Şərq muğamlarının fikri-bədii qaynaqlarından qidalanmışdır. Klassik muğamın dinləyicidə mərdlik və gümrahlıq hissi oyadan "Rast", şən-lirik əhval-ruhiyyə yaradan "Şur", məhəbbət hissini gücləndirən "Segah", dərin kədər duyğusu aşılayan "Şüştər", həyəcan və ehtirası coşduran "Çahargah", qəmginlik gətirən "Bayatı-Şiraz" və daha dərin bir qüssə təlqin edən "Humayun" adlı yeddi əsas pərdəsi bəstəkarın Füzuli şeirinə yaradıcı münasibətində tam dolğunluğu, poetik-emosional təsir qüvvəsi ilə nəzərə çarpmaqdadır. Füzuli qəzəllərinin musiqiyə alınmasında bu əsas pərdələrdən əlavə, yerinə görə, "Simayi-Şəms", "Mahur-Hindi", "Əraq", "Osmanlı", "Bayatı-Kürd", "Bayatı-Qacar" kimi musiqi şöbələrindən də istifadə olunmuşdur.
Füzuli şeirinə müvafiq Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında da insanın təbii-canlı hisslərinin tam azadlığı uğrunda ictimai həyatın amansız qanunlarına, mənəvi təzyiqə qarşı mübarizəsindən doğan sarsıntılar həyəcan dolu emossional dillə bildirilir.
"Leyli və Məcnun" operasının proloqunda "Şəbi-hicran yanar canım" misrası ilə başlayan qəzəlin musiqi dili ilə şərhi qərinələrin axınından azadlığa doğru ümid nəzərləri ilə baş qaldıran insanlığın nakam arzularının himni kimi səslənir:
Məni candan usandırdı, cəfadan yar usanmazmı,
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən,
dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
"Leyli və Məcnun" dahiyanə faciədir. Poemanın məzmun dərinliyi, fəlsəfi-poetik vüsəti, insanın real imkanları ilə ideal həyat arzuları arasındakı uçurumlardan doğan əlçatmaz böyük kədərini, poetik sözün incəliyi ilə təsdiqə yetirməsindədir. Üzeyir Hacıbəyovun bəstəkar olaraq sənətkarlıq məharəti orasındadır ki, o, Füzuli şeirinin mahiyyətini - ölçüsünə və poetik fikir yatağına sığmayan həmin bəşəri-ülvi faciəni musiqiyə köçürmüş, onu musiqinin qəlbləri təlatümə gətirən ecazkar dili ilə yenidən həyata qaytarmışdır. Başqa sözlə, musiqi səltənətində yeni bir "Leyli və Məcnun" yaratmışdır. Füzuli poemasının əsasında dayanan "eşq və azadlıq insanın ən nurlu idealıdır və insan bu idealının fövqünə yüksəlməyincə real aləmdə həqiqi səadəti tapmaq mümkün olmayacaq." fikrinin musiqi dili ilə təhlili, operanın da başlıca bədii-estetik qayəsi kimi meydana çıxmışdır. Eyni halda bəstəkarın ayrı-ayrı surətlərin fərdi aləmini, mənəvi-intim xüsusiyyətlərini canlandırmaq məqsədi ilə apardığı səmərəli yaradıcılıq işi muğamın müxtəlif şöbələrindən istifadə ilə başa çatdırılmışdır. Nümunə üçün operanın ikinci pərdəsindən "Anasının Leyliyə nəsihəti"ni və Leylinin anasına xitabən öz dərdini izah edən qəzəlin ifasını xatırlamaq kifayətdir:
Ana -
Ey şux, nədir bu göftgulər,
Qılmaq sənə tənə eybculər?
Neyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.
Leyli -
Ey munisi-ruzigarım, ana!
Dürci-düri-şahvarım ana!
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
Bu ariyalar muğamın "Simayi-Şəms" şöbəsi üzrə bəstələnmişdir. Füzulinin poemasında əsas faciəli şəxsiyyətin - Məcnunun kədəri və mənəvi sarsıntıları subyektiv amillərə əsaslanmır və fərdi səciyyə daşımadığından, ictimai məzmun qazanır. Bu səbəbdən də, məna və fikir etibarilə yüksəlir, büllurlaşır və axır məqamında bəşəri kədərə qovuşur. Lakin faciənin mərkəzində dayanan surətin əhatə olunduğu cəmiyyətdə "faciəyə məhkum şəxsiyyətdirmi, cəmiyyətdirmi?"- sualına cavab vermək çətindir. Füzuli, şeirinin əsrləri aşıb gələn sədası ilə belə bir həqiqəti deyir ki, şəxsiyyətsiz bir cəmiyyətdə şəxsiyyət kimi yetişmək faciədir! Məğrur olmaq, ləyaqətli böyümək və müstəqil düşüncəyə sahiblənmək fəlakətdir!
Üzeyir musiqisində həyat yolu, amalı və taleyi fəlakətə məhkum məğrur şəxsiyyətin faciəsi muğamın "Əraq" şöbəsində izah olunur:
Eşq dərdi, ey müalic, qabili-dərman deyil!
Cövhərindən eyləmək cismi cida asan deyil!
Dövr cövründən şikayət edənə aşiq demə,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil!
Canı canan ittihadi-fariq eylər cismdən,
Cismdən agah olan can vasili-canan deyil!
Füzulinin "Leyli və Məcnun" poemasında ömür yolu və həyatı uğursuzluqla xitama yetən təkcə əsas qəhrəmanlar deyil. Əsərdəki digər surətlər də həyatın və dövranın fəlakətli hallarından qurtara bilmirlər: iztirab, kədər və möhnətdən xilas olmurlar. Məcnunun atası oğlunun "eşq divanəsi"nə çevrilməsindən mükəddərdir. Valideynləri Leylinin, onların arzu etmədikləri, qorxulu sevdaya giriftar olmasından əzab çəkirlər. İbn Səlam vəfalı ər olduğu halda, Leyli tərəfindən sevilmədiyi üçün bədbəxtdir. Nofəl cəngavər şəxsiyyət kimi Məcnuna yardım göstərə bilmədiyinə görə peşmançılıq əzabı çəkir və s. Demək, ümumən cəmiyyət faciə içərisindədir və bu faciəni əsas yaradan amillər: fərdlər arasındakı mənəvi rabitənin, ruhi ahəngdarlığın pozulmasıdır. Bu cəmiyyətdə qürur xudbinliklə əvəz olunmuşdur. Bütün bunların sayəsində heç kəs bir başqasına görə özünü fəda etmək istəmir. Füzuli şeirinin fəlsəfi axarından baş qaldıran, tarixin və zamanın zülmünə ittiham oxuyan sarsılmaz həqiqət budur!
İnsan özünün fərdi xudbinliyi, naqis ehtirasları və məhdud mənafeyi naminə yaşadıqca, cəmiyyət fəlakətdən, həyat üzüntüdən, qəlb sıxıntıdan qurtara bilməyəcək!
Üzeyirin operasında ayrı-ayrılıqda fəlakət girdabında məhkum olunmuş və ümumi birliyi, səadəti xüsusunda düşünməməkdən irəli gələn bu ictimai faciə, klassik muğamın müxtəlif şöbələri üzrə təhlil olunur. Nümunə üçün operanın başlıca pərdəsindən İbn Səlamın "Osmanlı" və Leylinin "Segah" üstündə oxuduqları ariyaları yada salaq:
İbn Səlam -
Pərişan-halın oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm,
qılmadın tədbiri-dərmanım.
Nə dersən, ruzigarım
böyləmi keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!
Əsiri-dami-eşqin olalı səndən vəfa görmən,
...Vəfavü-aşinalıq tərkini səndən rəva görmən.
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!
Leyli -
Xoşdur nə qədər eyləsə yarım cəfa mənə,
Ta kim rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərgəştə qalmışam,
Vəslin ümidi, billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən
Xuni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldan, ey meh, şəfa mənə.
Üzeyir Hacıbəyovun Füzuli qəzəllərinə musiqi bəstələməsi bəstəkarın "O olmasın, bu olsun" və "Arşın mal alan" operettalarında da əhəmiyyətli yer tutmaqdadır. Mövzu və janr etibarı ilə şənlik, gülüş və yumor hissləri ilə aşılanmış bu komediyalarında bəstəkar, Füzuli qəzəllərindən elə nümunələr seçmişdir ki, bunlar, əslində, dramatik vəziyyətlərin gedişi və qəhrəmanların gərgin hadisələr silsiləsindən keçən, müəyyən qədər də kədərli əhval-ruhiyyəyə məruz qalan sevgi-məhəbbət macəralarına xidmət edir. Bu da təsadüfi deyil. Füzuli şeirində şənlik doğuran komik ünsürlər yoxdur. Şairin qəzəlləri, ümumən bədii-fəlsəfi yaradıcılığında olduğu kimi, həyatın ziddiyyətlərini və insanın müəmmalı xilqətini dərindən izah edən ictimai kədərlə zəngindir.
Üzeyir Füzuli şeirinin can damarını təşkil edən fəlsəfi-bədii ciddiyyəti, qəzəllərin mayasına hopmuş düşündürücü lirizmin ahəngini xüsusi qayğı ilə mühafizə etmiş, hər iki operettanın baş qəhrəmanlarının daxili-ruhi aləmini, sarsıntı və həyəcanlar həlqəsindən keçən duyğu-fikir dünyasını təhlil məqsədilə müəyyən muğam parçalarını seçmişdir. "O olmasın, bu olsun" operettasında Sərvərlə Gülnazın dueti "Segah" pərdəsi üstündə Füzulinin bu məşhur qəzəlini şərh edir:
Şəfayi - vəsli qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.
Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor,
Gözüyaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
Muğamın "Segah" pərdəsi, bəstəkarın da qeyd etdiyi kimi, dinləyiciyə məhəbbət hissi təlqin edir. Təsadüfi deyildir ki, bir-birinə könül verən gənc sevgililər (Sərvər və Gülnaz) məhəbbətdən xoşnud olduqlarını nümayiş məqsədilə Füzulinin həmin qəzəlini xüsusi coşqunluq və məmnunluq əhval-ruhiyyəsi ilə oxuyurlar.
Füzuli qəzəllərinin mərkəzi mövzusu məhəbbətdir. Bu məhəbbətin əlamətdar xüsusiyyəti, başlıca və aparıcı leytmotivi insanın öz taleyi uğrundakı mübarizəsi ilə əlamətdardır. Füzulinin qənaəti belədir. Doğrudur, eşq yolunda fəda olmaq, qurban getmək vacibdir. Məhəbbətdə kama və kamala çatmaq - ruhi böhranlar, mənəvi sıxıntılar hesabına başa gələ bilər. Lakin bu da həqiqətdir ki, sıxıntı keçirmədən, sarsıntıya məruz qalmadan, mənəvi işgəncə çəkmədən məhəbbətə qovuşmaq eşqi ucuzlaşdıra bilər. Kədərdən sonra yaranan sevinc, mənəvi böhrandan qalib çıxıb vüsala qovuşmaq insana tükənməz fərəh gətirir.
Füzulinin bu ruhda və məzmunda olan qəzəllərindən bəstəkar "Arşın mal alan" komediyasında da istifadə etmişdir. Əsərdə Füzulinin məhəbbət mövzusunda yazdığı dörd qəzəli müəyyən münasibətlərdə əsas surətlərin (Əsgər və Gülçöhrə) dilindən verilmişdir. "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" misrası ilə başlayan qəzəl birinci pərdədə tacir Əsgərin tənhalıqdan yaranan sıxıntılı və kədərli əhval-ruhiyyəsini bildirmək məqsədilə seçilmişdir:
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd.
Qıl mədəd, ey bəxt, yoxsa, kami-dil mümkün deyil,
Böylə kim, ol dilrüba bidərddir, mən dərdimənd.
Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Açar ol gülrux təbəssüm birlə ləli-nuşxənd.
İkinci qəzəl ikinci pərdədə Gülçöhrənin təbiətindəki dalğınlığı, həyat hadisələrinə romantik əlaqəsini və ümumən xaraktercə bədbin bir qız olmasını nümayiş etdirmək üçündür:
Pərişan xəlqi-aləm ahü-əfğan etdiyimdəndir,
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir.
Dili-zarimdə dərdi-eşq günü-gündən füzun olmaq,
Yetən bidərdə tədbir ilə dərman etdiyimdəndir.
Deyil bihudə, gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
Komediyada Gülçöhrənin dilindən Füzulinin daha iki qəzəli ifadə olunmuşdur. Birinci qəzəl ruhuna və mündəricəsinə görə surətin məhəbbətə aşina olduğunu, ilk anlarda nə kimi şadlıq təlatümləri keçirməsini bildirir; eşqin ləzzətindən xumarlanan saf, məsum bir qəlbin xoş həyəcanlarını tərənnüm edir:
Aşiq oldum necə bir tazə güli-rənayə
Ki, salıbdır məni o işvə ilə qovğayə.
Gözümün qanı ilə sinəmi al etdim kim,
Səbəbi sənət ola ol büti-bipərvayə.
Bu bir işdir ki, məni iynə kimi incəldib,
Salır iplik kimi hərdəm bu uzun sövdayə.
"Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda" misrası ilə başlayan ikinci qəzəl isə eşqə mübtəla bir qızın sevgilisindən ayrılmaq həsrətini, məhəbbətin cəfasına dözməməkdən və tez bir zamanda vüsala qovuşmaq arzusundan doğan iztirablı-ələmli vəziyyətini nümayiş etdirir:
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda.
Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda.
Der idim səbir eyləyim, olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda.
Ağlımı tərk eylədim fəzlü kəmalindən cüda,
Dönmüşəm mən müflisə cahü-cəlalindən cüda.
Tirə oldu ruzigarım zülfü-xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalından cüda.
Füzuli şeiri və Üzeyir musiqisi yaradıcılıq məsləkinin ahəngdarlığı, mövzu və fikir aləmi, fəlsəfi dərinlik və poetik hissin genişliyi etibarilə daim vəhdətdə, üzvi əlaqədə dərk edilən xariqüladə bir aləmdir. Füzuli poeziyasınınmı Üzeyir musiqisinə, bu musiqinin idraki ənginlik və melodiyasına, avaz və riqqətinə, gözəllik və bəlağətinə təsir etdiyini, Üzeyir musiqisininmi Füzuli şeirinin fəlsəfi dərinlik və lirizminə, çoxtərəfli həyati axtarış qüdrətinə, bəşəri kədər və işıqlı ideallar problemlərinə rövnəq verdiyini və cilalandırdığını söyləməyə mühakimənin iqtidarı çatmaz.
Füzuli - fikrin atəşi, hissin təlatümüdür! Üzeyir - gözəlliyin zinəti, eşqin vüsətidir! Fikir hisslə, gözəllik məhəbbətlə bir doğulduqda, vəhdətdə olduqda qüvvətlidir, təravətlidir, yüksəkdir.
1971
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!