Nizami CƏFƏROV
"Oğuz kağan" eposunda ideya-estetik təsdiqini tapan türk tanrıçılığı I minilliyin sonlarında, yəni təşəkkül tapmağa başladıqdan təxminən min il sonra islam dini (və fütuhatı) ilə qarşılaşdı. Dünya miqyaslı bu möhtəşəm (və mükəmməl!) dinə qarşı açıq-açığına çıxa bilməsə də, öz varlığını qoruyub saxlamaq üçün müəyyən müqavimət üsulları, "diplomatik" münasibət texnologiyaları işləyib hazırlamaqdan qalmadı. Türk tanrıçılığının "ideoloqlar"ı çox tezliklə anladılar ki, sələflərinin təqdim etdikləri etnik tarix və ya şəcərə elə də qədimə getmir. Halbuki istər iudaizmin, istər xristianlığın, istərsə də islamın (əslində islam əvvəlki dinlərin "tarix"ini özündə ehtiva etdiyindən "ideoloq"lar "Qurani-Kərim"in məlumatları ilə kifayətlənə bilərdilər) mifik tarixşünaslığı son dərəcə qədim (və zəngin) qaynaqlardan gəlirdi.
Türk tanrıçılığının retrospektiv iddialarının yer aldığı ilk geniş məlumatlı mənbə, yəqin ki, Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" kitabıdır ki, onun "Tarixi-oğuzan və türkan və hekayəti-cahangiri-u" adlanan ikinci fəslində bu barədə bəhs olunur. Farsca yazılmış həmin əsərin qədim türk - oğuz mənbələri (istər şifahi, istərsə də yazılı və hər iki halda türkcə) əsasında epik tarix olaraq tərtib edildiyinə heç bir şübhə yoxdur.
Demək olar ki, bütün məlum oğuznamə mətnlərini (onların sayı iyirmi beşdir ki, bu da türklərin, xüsusilə oğuzların tanrıçılıqla islam arasında əlaqə yaratmaq, öz şəcərələrini də bu tarixi-ideoloji kontekstdə təqdim etmək üçün yüz illər boyu nə qədər böyük enerji sərf etdiklərini göstərir) araşdıraraq möhtəşəm bir nəhr dastan halına gətirən Prof. Dr.Ə.B.Ərcilasunun "Oğuznamə (Oğuz Bitiq)" kitabının verdiyi müqayisə, (və ümumiləşdirici) məlumatlara görə, türklərin mifoloji tarixində ən qədim əcdad Nuh peyğəmbərdir. Halbuki iudaizm (tövrat) Adəm və Həvvadan başlayan insan nəslinin Nuha (Noya) qədər bütöv bir şəcərəsini verir.
Dünyanı oğulları arasında bölüşdürərkən Nuh peyğəmbər Türküstanı, ümumən Şərq ellərini böyük oğlu Yafəsə bağışlayır. "Came ət-təvarix"in başlanğıcında göstərilir ki, türklər Yafəsi Abulca xan kimi xatırlayır, onun Nuh peyğəmbərin oğlu, yoxsa nəvəsi olması məsələsinə münasibətdə tərəddüd edirlər. Ancaq türklərin, monqolların, bütün köçəri xalqların məhz Abulca xanın nəslindən gəldiyinə inanırlar (səh.193). Həmin mənbəyə görə Abulca xan, yaxud Olcay xan, yaxud da Yafəs özü Türküstanda köçəri həyat tərzi yaşayırmış. Yayda İnanç şəhəri yaxınlığındakı Or Tağ və Kür Tağa gedər, qışda isə həmin yörələrdəki Borsuk adlı yerdə məskunlaşarmış ki, burada Talas və Karı Sayram şəhərləri vardı. Abulca xanın ölkəsinin paytaxtı da burada yerləşirdi (səh.193).
Göründüyü kimi, "Oğuznamə"lər Nuh peyğəmbərin yurdu, məkanı barədə bir söz demir, ancaq Yafəsin (Abulca xanın) vətəninin Türküstan və onun ətrafları olduğunu dəqiq müəyyən edir.
"Came ət-təvarix" məlumat verir ki, Abulca xanın Dip Yabqu xan adında oğlu vardı. Dip - "taxt - hakimiyyət", Yabqu isə "xalqın öndəri" mənasına gəlir. Olduqca nüfuzlu, məşhur hökmdar Dip Yabqu xanın dörd oğlu dünyaya gəldi: Qara xan, Or xan, Kür xan və Küz xan. Onlar da ataları kimi böyük şöhrət qazandılar.
Oğuznamələr üzərindəki tarixi-xronoloji müşahidələr belə bir qənaətə gəlməyə əsas verir ki, mifoloji şəcərə tədricən peyğəmbərlərdən etnoslara - xalqlara, tayfalara, nəsillərə keçməyə başlayır. Məsələn, "Şəcəreyi-tərakimə"nin interpretasiyası "Came ət-təvarix"dəkindən fərqlənir:
Nuh peyğəmbər üç oğlunun hərəsini bir yerə - Hamı Hindistana, Samı İrana, Yafəsi isə uzaq Şimala göndərdi. Və onlara tapşırdı ki, Yer üzündə başqa insan qalmadığına, dünyanın taleyi sizdən asılı olduğuna görə özünüzə yurd tutun, oğul-uşaqlarınız doğulub artsın, insan nəsli hər tərəfə yayılsın... Bəzilərinin peyğəmbər saydığı Yafəs İtil və Yayık (Volqa və Ural) çayları sahillərinə yerləşdi. İki yüz əlli il orada yaşadı. Və səkkiz oğlu dünyaya gəldi: Türk, Xəzər, Səkləb, Rus, Minq, Çin, Kimeri, Tarix.
Yafəs ölüm ayağında ikən böyük oğlu Türkü öz taxtına oturdub digər oğullarına vəsiyyət etdi ki, onu özlərinə padşah bilib sözündən çıxmasınlar... Türk çox yerləri gəzib, axırda İsıq Köl ətrafında məqam tutdu. Çadır evi ilk dəfə o qurdu, türklər arasında geniş yayılmış adətlərin bir qismi də ondan qalır. Türkün dörd oğlu oldu: Tütək, Çigil, Bersaçar və Əmlak.
Yafəs kimi Türk də "uzaq səfərə gedəndə" (öləndə) hakimiyyəti böyük oğluna verdi. Tütək müdrik bir padşah olmuşdur. Atası kimi onun da türk törəsinin zənginləşməsində xidmətləri böyükdür. Əcəm (İran) padşahlarından birincisi olan Kəyumərsin müasiri idi. Və iki yüz qırx il ömür sürdükdən sonra oğlu Amulca xanı öz yerinə qoyub gedər-gəlməzə üz tutdu (səh. 200-201).
Burada maraqlı olan məqamlardan biri mifik türk hökmdarları şəcərəsinin eyni dərəcədə mifik İran hökmdarları şəcərəsi ilə müqayisəsidir ki, bu kifayət qədər qədim tarixi köklərə malik İran - Turan epik yaradıcılıq mədəniyyətindən gəlir.
Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə"si Amulca xandan sonra hakimiyyətə onun oğlu Bakuy Deb xanın, sonra onun oğlu Kök xanın, sonra onun oğlu Alınca xanın gəldiyini xəbər verir. Alınca xanın hakimiyyəti illərində türklərin vilayətləri, el-ulusları daha da genişlənir. Və ona əmanət edilən ölkənin güclənməsi üçün çalışmış Alınca xan Tatar və Monqol adlı əkiz oğullar qoyub ata-babaları kimi bu dünyadan köçür. Tatar və Monqol hər biri onun üçün ayrılmış yerdə hökmdarlıq etməyə başlayır.
Monqol xanın Qara xan, Kür xan, Kır xan və Or xan olmaqla dörd oğlu dünyaya gəlir. Monqol xan öldükdən sonra hakimiyyətə böyük oğlu Qara xan keçir. O, Or Tağı ilə Kür Tağında yaylardı ki, indi həmin yerlər Uluğ və Kiçik dağ adlanır. Qışda isə Sir çayının mənsəbi ilə Qara Qum və Borsuka gedərdi (səh. 201-202).
Beləliklə, türk-oğuz mifik-epik təfəkkürü gələ-gələ Abulca xan ilə Qara xanın funksiyalarını eyniləşdirir. Və heç fərqinə də varmır ki, bunlardan birincisi Nuh peyğəmbərin oğlu, yaxud nəvəsi Yafəs, digəri isə Monqol xanın dörd oğlundan ən böyüyüdür.
"Şəcəreyi-tərakimə" davam edir:
Türk xalqı Yafəsdən (Abulca xandan) Alınca xanadək müsəlman idi (burada, tamamilə təbiidir ki, "müsəlman" dedikdə tək bir Tanrıya etiqad, müəyyən dini-ruhani qaydalara riayət etmək nəzərdə tutulur - N.C.). Alınca xan padşah olduqdan sonra xalq o qədər zənginləşdi ki, başını itirib yolunu azdı. Tanrını yaddan çıxarıb kafir oldular. Qara xan zamanında isə kafirlik o həddə çatdı ki, atası oğlunun müsəlman olduğunu eşitsə, onu öldürürdü, oğul da atasının müsəlman olduğunu eşitsə, onu öldürürdü... (səh.202).
Bu isə o deməkdir ki, tanrıçılıqdan müsəlmanlığa yol axtaran mifoloji-epik təfəkkür tanrıçılığı müsəlmanlığa qovuşdurmağın ən münasib yolunu müsəlmanlığın tarixini tanrıçılıqdan başlamaqda görür. Və bunun ən mükəmməl təzahürü öz ifadəsini Yazıçıoğlu Əlinin "Təvarixi-Ali-Səluq"unda tapır:
Qara xanın bir oğlu doğuldu. Üç gün, üç gecə anasının südünü əmmək istəmədi. Ona görə də anası ara vermədən ağlayardı. Hər gecə yuxusunda görərdi ki, oğlu ona deyir: "Ey mənim anam! Əgər Tanrıya tapınıb onu sevənlərdən olsan, sənin südünü əmərəm".
Xanım tamamilə kafir olan ərindən, qohum-əqrəbasından çəkinərək bu barədə kimsəyə bir söz demədi ki, onu da, uşağını da öldürərlər. Gizlicə Tanrıya həqiqi iman gətirdi, oğlu onun südünü əmməyə başladı. Bir yaşına çatanda artıq gücü, qüvvəsi, hərəkətləri ilə hamını təəccübləndirməyə başladı. Atası onu görüb dedi ki, bizim nəsildə hələ belə igid dünyaya gəlməyib, ululuq və kamal mərtəbəsinə çatacağına heç bir şübhə yoxdur... Və yığışıb ad verməkdən ötrü məşvərətə başlayanda bir yaşlı uşaq dilə gəlib dedi ki, "mənim adımı Oğuz qoyun!" Məclisdəkilər hər nə qədər təəccüblənsələr də, cavabında bir söz deyə bilməyib razılaşdılar (səh.203).
Oğuzun tanrıçı tərcümeyi-halının "Oğuz kağan" dastanında necə əks olunduğu bizə ən mükəmməl şəkildə uyğur oğuznaməsindən məlumdur. Yazıçıoğlu Əli "Oğuznamə"si isə anadan müsəlman olaraq doğulmuş Oğuzun böyüyəndən sonra başına gələnlərin təfərrüatına belə varır:
Oğuzun həddi-büluğa çatdığını görən atası Qara xan onu evləndirmək qərarına gəldi. Əvvəl qardaşı Kür xanın, sonra Küz xanın qızlarını yanına göndərsə də, onların heç biri Oğuzun təklifinə məhəl qoyub dini (burada tanrıçılıqla müsəlmanlıq təxminən eyni başa düşülür - N.C.) qəbul etmədilər. Məsələnin əsl mahiyyətini bilməyən ata Qara xan üçüncü qardaşı Or xanın qızını da ona aldı. Oğuzun dini qəbul etmək təklifinə bu qız belə cavab verdi ki, Tanrını tanıyıb bilmirəm, ancaq sənin sözündən də çıxmaram. İman gətirib Haqq-Təalaya sığındı. Və Oğuz onunla evləndi (səh. 204-205).
Tanrıçılıqla müsəlmanlığı artıq eyni bir din olaraq qəbul edən oğuznamə yaradıcılığı bütün digər dinlərin tarixində olduğu kimi kafir - dindar (allahsız - allahlı) qarşıdurmasına meydan açır ki, bunun ən ziddiyyətli, dramatik təzahürü özünü kafir ata ilə dindar oğul arasında göstərir. Və "Came ət-təvarix" bu barədə aşağıdakıları söyləyir:
Oğlunun tanrıçı - müsəlman olduğuna əmin olan kafir (eposun məntiqinə görə bunun özü də bir cür inamdır - N.C.) ata qohum-əqrəbasını yığıb məsləhətləşir ki, "yolunu azmış" Oğuza qarşı necə hərəkət etsinlər. Və onun öldürülməsini qərara alırlar... Bunu eşidən kiçik arvadı (əslində əmisi qızlarının hər üçü onun rəsmi arvadı sayılırdı, ancaq Oğuz yalnız tanrıçılığı - müsəlmanlığı qəbul etmiş üçüncü əmisi qızını öz arvadı hesab edirdi - N.C.) məsələnin nə yerdə olduğunu ərinə xəbər verir. Oğuz kafirləri - atası Qara xanı, əmiləri Kür xanı və Küz xanı öldürür, yetmiş beş il əmilərinin törəmələri ilə vuruşub, axırda onları məğlub edir (səh.207).
Oğuznamələr bundan sonra Oğuzun fütuhatı barədə bəhs edir ki, bu həm Makedoniyalı İskəndərin Türküstan səfərlərini, həm də müəyyən mənada İslam dininin yayılması uğrundakı müqəddəs müharibələri - qəzəvatı yada salır. "Came ət-təvarix" Şamaxı şəhərinin müqavimətini qırıb xərac aldıqdan sonra Oğuzun Arran və Muğana gəldiyini yazır. Xəbər verir ki, yaz fəsli idi, yaylaqlara çıxdılar, qışda isə yaylaqlardan enib hər tərəfi - Savalan, Ala dağ, Ağdıböri dağlarınadək hər yeri aldılar. Azərbaycan vilayətini ələ keçirdilər. Gözəl otlaqlarda cins atlarını bəslədilər (səh. 221- 222).
"Oğuznamə"nin yalnız şifahi olaraq dildən-dilə keçib zənginləşən bir epos deyil, həm də dinin kanonlarını izah (və nümayiş) etdirən kitab olduğunu nəzərə çatdıran "Əfqanıstan əfşarları oğuznamə"si (Kazan əlyazması) belə bir əhvalat danışır:
Oğuz xan ömrünün sonuna gəlib çıxdığını hiss edib möhtəşəm bir toy keçirdi. Və həmin toyda üzünü Misir tarixçilərinə tutub göstəriş verdi ki, Tanrı qüdrət əli ilə bu dünyanı yaradandan, Adəmdən, onun peyğəmbər oğullarının və xilafət məqamında oturan oğullarının ta Nuh vaxtına qədərki həyatından, Tanrının tufanı başlayıb bitirməsindən ta bizim dövrümüzə, ta bizim övladlarımızın dövrünədək əhatə edən böyük kitablar yazın.
O zaman bütün Misir hakimləri, tarixçiləri toplaşıb əziyyətlər çəkərək Allahın yardımı ilə böyük bir kitab yazıb adını "Oğuznamə" qoydular. O kitab o qədər ağır idi ki, insan yerdən qaldıra bilməzdi.
Odur ki, əmirlərin çoxu kitabın qısa icmalının hazırlanmasını, şərhinin verilməsini istədi. Və həmin kitab bizim dövrə bu şəkildə gəlib çıxdı (səh. 233-234).
Əlbəttə, "Oğuznamə"nin ilk (və möhtəşəm) nüsxəsi əgər, doğrudan da, olmuşsa (hərçənd buna inanmaq elə də asan deyil), dərhal belə bir sual üzərində düşünməyi tələb edir ki, hansı janrda tərtib edilmişdir... Bu sualın cavabını yenə də həmin mənbədə - "Əfqanıstan əfşarları oğuznamə"sində tapırıq. Burada göstərilir ki, Oğuz xan cənabları xilafət ( hökmdarlıq) məqamında oturduğu zaman bütün Yer üzünü iman nuru ilə aydınlatdı... Amudəryadan keçib İran vilayətində istila bayrağını yüksəltdi. Moğol elindəki - ki, türk xalqı olduqları məlum və məşhurdur - adətlərin çoxunu Oğuz xan icad etmişdir. Nökər tutmaq, maaş vermək; orduda minbəyi, yüzbəyi, onbəyi rütbələri ondan yadigar qalmışdır.
Oğuz xan yetmiş üç il xilafət (idarə) məqamında oturmuş, elin hamısını müsəlmanlığa dəvət etmişdir. Müsəlman olanlara xoş münasibət göstərmiş, olmayanlarla döyüşmüşdür, özlərini öldürüb uşaqlarını əsir almışdır (səh. 234).
Deməli, "Oğuznamə" mifoloji-tarixi təsəvvürlərə əsaslanan bir din - iman kitabı olmuşdur ki, türk tanrıçılığının müsəlmanlıq iddialarını bütün miqyası (və ən başlıcası, etnik-etnoqrafik səmimiyyəti!) ilə əks etdirir. Sözügedən sonsuz səmimiyyətin bir amili də oğuznamələrin (və Oğuz xanın) zəngin türkcəsidir ki, Türkmənistan türkləri oğuznaməsində bu barədə deyilir: Niçem yıllık vatan kirqizdim ilqə, Büyük xaqanlıq açdım türki tilqə (Neçə illik vətən qazandım elə, Böyük xaqanlıq açdım türki dilə).
"Oğuz kağan" dastanından başlayaraq son oğuznamələrə qədər gözdən keçirilmiş müxtəlif xarakterli mətnlər deməyə əsas verir ki, onlar poetik struktur etibarilə biri digərinin birbaşa davamı olsa da, ideya-məzmunca üç dövrü əhatə edir: 1)türk tanrıçılığı dövrü (e.ə. I minilliyin sonlarından II minilliyin əvvəllərinə qədər); 2) türk tanrıçılığının müsəlmanlıq iddiaları dövrü (II minilliyin əvvəllərindən orta əsrlərin sonlarına qədər); 3)türk etnosunun müstəqil türk xalqlarına ayrılmasından sonrakı "qarışıq" dövr (orta əsrlərin sonlarından sonrakı dövr). Birinci dövr "Oğuz kağan" eposunun, ikinci dövr oğuznamələrin, üçüncü dövr isə həmin oğuznamələrin təşəkkül tapmaqda olan müxtəlif türk xalqları tərəfindən daha realist bir şəkildə interpretasiya edilməsinin dövrüdür. Ancaq bütün hallarda nəzərə almaq lazımdır ki, həmin dövrlər bir-birini türk cəmiyyətində gedən çox mürəkkəb ideya-mənəvi proseslər kontekstində əvəz etdiyindən hər bir əvvəlki dövr sonrakında ehtiva olunmaqla yanaşı, yeni keyfiyyətlər qazanır ki, bunun da əsasını mifoloji, dini və tarixi motivlərin tədricən daha çox etnoqrafik, etik və estetik dəyərlərə çevrilməsi müəyyən edir. Bu isə ondan irəli gəlir ki, etnos zaman-zaman eposun önünə keçir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!