Teymur Elçin-100: Müdrik, ağsaqqal sənətkar - Zahid XƏLİL

44 günlük Vətən müharibəsinin nəticələrinin hələ ədəbiyyatımız ücün baş mövzu olaraq qaldığı, Şuşanın 30 illik işğaldan azadlığa çıxdığı bu günlərdə xalqımızın qəhrəmanlığını ruhən təbrik edən şəxsiyyətlərdən biri də ictimai xadim, gözəl şair, tərcüməçi, jurnalist Teymur Elçindir.

Teymur Süleyman oğlu Əliyev 1924-cü ilin mart ayının 28-də Şuşada anadan olmuşdur. 6 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Bakıda yaşayıb yaratsa da, ürəyi daim Qarabağla döyünmüşdür. Qələmə aldığı əsərlərdə Qarabağın təbii gözəlliklərini, saf havasını, bu obanın şirinliyini, insanların qeyrətini vəsf etməkdən doymayıb:

 

Sularından içməyən

Bilirmi şərbət nədir?

Dostu yaddan seçməyən

Bilirmi qeyrət nədir?

Şərbətimiz Qarabağ,

Qeyrətimiz Qarabağ!

 

Qarabağın hər qarışı, bulaqları, çəmənlikləri, otu, çiçəyi onun ruhunda idi. Əfsanəvi Qarabağ atları da, Cıdır düzü də, Xarı bülbül də onun ilham mənbəyi idi. Bir sözlə, Qarabağ Teymur Elçin poeziyasının baş qəhrəmanıdır.

Şair Qarabağı tərənnüm etməklə kifayətlənmir, daim onun başına dolanmaq, qayğısına qalmaq, nazını çəkmək istəyir:

 

Şuşa dağlar qızı, dağlar gözəli,

Sənə körpəlikdən vurulmuşam mən.

Odlar diyarının bahar gözəli,

Başına dolanan qaranquşam mən.

 

Təsadüfi deyil ki, şairin bu yaxınlarda TEAS PRESS nəşrlər evi 3 alma nəşriyyatı tərəfindən çap etdiyi kitabı "Könlüm Qarabağdadır" (2019) adlanır.

Qələmini, əsasən, uşaqlar və gənclər üçün əsərlər yaratmağa həsr edən bu gözəl sənətkar iyirmidən cox orijinal kitabın, elə o qədər tərcümə toplusunun müəllifidir. Onun tərcümə etdiyi əsərlər uşaq ədəbiyyatımızı zənginləşdirən gözəl nümunələrdir. Xüsusilə rus uşaq ədəbiyyatının klassikləri Marşak, Barto, Mixalkov, Çukovskinin poetik nümunələrini dilimizə böyük sənətkarlıqla çevirmişdir. Bu tərcümələr onun özünün də bir sənətkar kimi yetişməyində xüsusi rol oynamışdır. Teymur Elçin bir sənətkar kimi tərcümə etdiyi şairlərlə yanaşı dayanan sənətkardır. Onun yaradıcılıq axtarışları və bədii kəşfləri dünya klassikası ilə səsləşir.

Qürur hissi ilə demək istəyirəm ki, bu fikirləri Teymur Elçinə həsr etdiyim bir şeirimdə də ifadə etməyə çalışmışam. Onun təvazökarlığını, uşaq şeirlərindəki təzəliyi, bu əsərlərin kənar təsirlərdən uzaq olmasını - orilinallığını ifadə etmək üçün belə bir bənd yazmışdım:

 

Sən bizim şairlərin

Əlasıydın, xasıydın.

Sanki bahar fəslinin

Açılan yaxasıydın.

 

Onun uşaqlar üçün qələmə aldığı poetik nümunələrdəki bakirəlik, təravət, bir keyfiyyət göstəricisidir.

Teymur müəllimin keçdiyi həyat yolu zəngin və rəngarəngdir. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. Təhsili, mütaliəsi, ağsaqqallarından aldığı bilik və tərbiyə onu çox cavan yaşlarında cəmiyyətin üz təbəqəsinə çıxarmışdı. Gənc ikən müxtəlif dövlət qulluqlarında xidmət göstərmiş, dörd dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini işləmişdir. Amma bu vəzifə, siyasi və ictimai qulluqların hamısını birləşdirən ana xətt Teymur Elçinin ədəbiyyat sahəsindəki xidmətləri və mətbuat orqanlarındakı fəaliyyətidir. Ömrünün xeyli hissəsini nəşriyyatlarda, Azərbaycan Televiziyası və Radiosu Komitəsində rəhbər vəzifələrdə olub. Teymur Əliyevin yaradıcı kollektivə rəhbərlik etmək bacarığı hələ də qocaman jurnalistlərin dilindən düşmür. Onun sərrast redaktə qabiliyyəti var idi. Mətbuat işini əla bilirdi. Kollektivlə işgüzar münasibəti, səmimiyyəti Teymur müəllimi hamının sevimlisi etmişdi.

İşdə də, fərdi münasibətlərdə də o, ağsaqqal idi. Xalq yazıçısı Elçin bu fikri belə təsdiq edir: "Teymur müəllimdə yaşından asılı olmayaraq bir müdriklik, ağsaqqallıq sanbalı var idi, insanın sonradan, yəni yaşlaşdıqca əldə etdiyi müdriklik və ağsaqqallıq sanbalı yox, elə bil ki, gendə olan, gendən gələn xüsusiyyət idi".

Filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova Xalq yazıçısının bu fikrinə şərik çıxaraq yazır: "T.Elçinin Azərbaycan folkloruna və ədəbiyyatına marağı və sevgisi, həmçinin xarakterindəki saflıq, dürüstlük, vicdanlılıq və başqa bu kimi insani keyfiyyətlər də məhz genetik olaraq valideynlərindən, böyüdüyü mühitdən və torpaqdan qaynaqlanmışdır".

Atası Süleyman kişi müdrikliyi ilə el-oba içində hörmət qazanan ağsaqqal idi. Anası Hafizə xanımın sinəsi el ədəbiyyatının ən gözəl nümunələri ilə dolu idi. Əmisi Yusif kişi Qori Müəllimlər seminariyasını bitirmişdi. Firudin bəy Köçərli ilə dostluq və yaradıcı əməkdaşlıq edirdi. Bir sözlə, Teymur Elçini formalaşdıran mühit münbit idi.

Bir sənətkar kimi Teymur Elçin uşaq ədəbiyyatımızın tarixində yaşayacaq gözəl şairdi. Hər şeydən əvvəl bu gözəllik onun poetik leksikası ilə bağlıdır. Xalq ədəbiyyatından gələn doğmalıq, kökə bağlılıq, ifadə tərzinin qədimliyi, milliliyi onun poetik nitqinin səciyyəvi cəhətləridir. Bu cəhətlər onun yanıltmaclarında aydın görünür.

 

İki bükü kükü yedim,

Yedim iki bükü kükü.

 

Və ya

 

Cücüləri cücələrə

Tapşırdılar cücülər.

Cücüləri bircə bircə

Aşırdılar cücələr.

 

Akademik Tofiq Hacıyev Teymur Elçin poeziyasının arxitekturası haqqında maraqlı fikir söyləyir: "Teymur Elçinin uşaq şeirlərinin arxitekturası nəzəri ümumiləşdirmələr üçün maraqlı material verir: Dilçilikdə belə bir fikir mövcuddur ki, insan dilinin törəməsi ilə uşağın dilaçma prosesinin müəyyən uyğunluqları var. Teymur Elçin şeirinin quruluşu ilə ilk bəşər şeirinin, məsələn, qədim türk-azərbaycan şeirinin tərkib hissələri arasında analogiya hiss olunur. "Akademikin sözlərinin müəyyən mənada təsdiqi kimi deyim ki, Teymur Elçin dilimizin qədimliyini qorumaq üçün, sıradan çıxmaq üzrə olan kəlmələrdən istifadə edərək uğurlu əsərlər yaratmışdır.

Həmin sözlərin uşaqların leksikasına daxil olması, onların ömrünün uzanması kimi qiymətləndirilə bilər.

Uşaq Keçiyə müraciətlə deyir:

 

Keçim, ay keçim,

Süd ver

Bir içim,

Bir qurtum,

Bir udum,

bir içim.

 

"Bir qurtum", "Bir udum", "bir içim" ölçü bildirən ifadələr dilimizdə az işlənən sözlərdir və şeirdə belə uğurla verilməsi təqdirəlayiqdir.

Bir sənətkar kimi qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayan Teymur Elçin uşaq ədəbiyyatımızın böyük simaları - Abbas Səhhət, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyevlə bir sırada dayanan, müasir dövrün tələblərinə uyğun olaraq bu sahəni təzə bir üslubla zənginləşdirən bir sənətkardır. Bu cəhəti Xalq yazıçısı İlyas Əfəndiyev cox dəqiq izah edir: "Onun kiçik qəhrəmanları yeni dövrün, yeni mədəniyyətin meyvəsi olmaqla bərabər, bütün təbiəti ilə, bütün xarakterik cizgiləri ilə azərbaycanlıdır".

Teymur Elçinin uşaqlar üçün qələmə aldığı poetik nümunələrdəki bakirəlik, təravət və digər dəyərli keyfiyyətlər əsərlərinin orijinallığını təmin edir. Teymur Elçin dünya ədəbiyyatına boylanan və onun yaxşı ənənələrindən yaradıcı şəkildə bəhrələnməyi bacaran qələm sahibidir. Onun "laylalar", "Qarğanın məktəbində", "Sözlər" silsiləsindən yazdığı əsərlər İlyas Əfəndiyevin dediyi "Yeni dövrün, yeni mədəniyyətin" meyvəsidir.

Xalq ədəbiyyatından öyrənməyən bir sənətkar təsəvvür eləmək çətindir. Teymur Elçin də xalq ədəbiyyatının bədii təcrübəsindən faydalanan qələm sahibidir. Sənətkar yaxşı bilirdi ki, xalqın yaradıcı təfəkkürü yazıçı üçün təkcə müəllim yox. həm də yol yoldaşı olmalıdır. Teymur Elçinin "Analar və laylalar" şeir silsiləsi adındakı "layla" sözünə görə xalq ədəbiyyatından bəhrələnən əsərlərdir. Amma bu şeirlərin nə bədii strukturunda, nə də fikri təlqin etmək üsulunda folklorla oxşarlıq yoxdur. Şeirlər lirik deyil, epik formada yazılıb.

Xalq ədəbiyyatımızdan fərqli olaraq Teymur Elçin "Layla"nın xarakterini, mahiyyətini yeniləşdirir. Onun laylaları lirik qəhrəmanın xarakterini açmağa xidmət edir. Şair bu tipli şeirlərin mahiyyətini açmaq üçün "Analar və laylalar" silsiləsinə bir Ön söz yazır və fikrini belə izah edir:

 

Layla çalır analar,

Hər biri öz dilində.

Nə deyir laylasında

Ana qartal, ana şir?

Dovşanların anaları,

İnsanların anaları,

Nə deyir?!

 

Beləliklə, oxucuya eyham vurur ki, "Layla" təkcə uşağı yatırtmaq ücün deyil, həm də tərbiyə etmək üçündür. Canavar "Laylası"nda deyir:

 

Yat, mənim küçük balam,

Tez böyü, kiçik balam.

Qulaqların, gözlərin,

Dişlərin iti olsun.

Quzunun əti olsun -

Yediyin.

Kimi görsən, parçala,

Böyü, canavar bala.

 

"Analar və laylalar" orijinal üslubda yazılan bitkin bir poemadır. Əsərdə turacın, qurbağanın, delfinin, kirpinin, canavarın laylasından sonra insanın laylası gəlir. Heyvanların laylası əhvalatlar şəklində verildiyi halda, müəllif insanın laylasını folklor janrında olduğu kimi yaradır. Sanki bununla hər bir janrın yenilənmə, əsas qayəni saxlamaqla inkişafetmə haqqını təsdiq edir.

Saf, təmiz yumor hissi, fikir və duyğularını qeyri-ənənəvi yolla təlqin etmək bacarığı, daim axtarışda olmaq vərdişi, az sözlə çox şey ifadə etmək qabiliyyəti Teymur Elçini dünya klassiklərinə yaxınlaşdırır. Cəsarətlə demək olar ki, Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatının Marşakı, Mixalkovu, Korney Çukovskisidir.

Cəmi bir neçə sözlə bitkin bir hekayəni təsəvvür etməyə imkan yaradır:

"Dovşanın zəngi" şeiri cəmi iki misradır:

 

- Alo, kimdi, sənsən, Kələm?

İstəyirəm sizə gələm!

 

"Pişiyin zəngi" də elə o həcmdədir:

 

- Yatdınmı, Siçan bala?

Yo-o?

Çalımmı sənə layla

Yo- o?

Mi-yoo!

 

Bu tipli şeirlərdə şairlə valideyn əməkdaşlığı meydana çıxır. Bu epizodlar uşağın həyatdan və valideyndən aldığı biliklərlə zənginləşir. Uşaq anlayır ki, dovşan Kələmi yemək üçün, pişik siçanı tutmaq üçün zəng edirmiş. Yalnız bundan sonra şeir yumora, sonra da uşağın üzündə təbəssümə çevrilir.

Ən adi məqamlarda həyatın şəklini yox, məhz özünü göstərməyi bacarmaq qabiliyyəti də Teymur Elçinə xas olan keyfiyyətdir.

 

Balaca bir quşam mən,

Budağa qonmuşam mən.

Hər tərəfə qar yağıb,

Soyuqdan donmuşam mən.

Yem gəzirəm cik-cirik,

Görməsin məstan pişik!

 

Teymur Elçin poeziyasının bədii keyfiyyətlərindən biri onun zəngin yumorudur. Yumor ədəbiyyatın enerji mənbəyi kimi, həm mətnin təsirini gücləndirir, həm də onu cəlbedici edir. Şairin bir sıra şeirlərində mətnin tərkibindəki yumor, həm uşağın üzündə təbəssümə çevrilir, həm də tərbiyəedici keyfiyyətə malik olur.

T.Elçin bir mövzuya həsr olunmuş silsilə şeirlər yazmağın ustasıdır. "Zənglər", "Karandaşlar", "Laylalar" silsiləsindən olan əsərlər, həm tərbiyəvi, həm də yumoristikdir. "Qara karandaşın nəğməsi" şeirinin məzmununda uşağa qara rəngi anlatmaq məqsədi dayanır, məzmununun öyrədici xarakterinə görə şeirin bezdirici olacağını nəzərə alan şair yumoristik əhvala üstünlük verir:

 

Yaxşı baxın,

Qara quşam,

Qaranquşam mən.

Afrikalı zənciyəm,

Qaraların rəngiyəm,

Qara gözəm,

Qara qaşam.

Qara yazan

Qara daşam

Karandaşam mən.

 

Teymur Elçin yaxşı dost, gözəl həmsöhbət, nurlu bir şəxsiyyət idi. Biz cavan qələm sahibləri ondan çox şeylər öyrənmişik, indi də əsərlərindən öyrənirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!