Vilayət QULİYEV
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyi ölkəmizdə xidmətlərinə, fəaliyyətinə və keçdiyi tarixi yola layiq bir şəkildə qeyd edildi.
Filoloq həmkarlarımın çoxu kimi bu mühüm elm, mədəniyyət və mənəviyyat ocağı mənim də həyatımda unudulmaz izlər buraxıb. Tərəddüdsüz deyə bilərəm ki, həyatda qazandığım uğurların əksəriyyəti üçün iki unudulmaz alma-materimə - Bakı universitetinə və Ədəbiyyat İnstitutuna borcluyam.
Əgər universiteti ilk cəhddən "fəth edə" bilmişdimsə, İnstituta gedən yolum bir az macəralı olmuşdu. Bəlkə də qanqaraldıcı macəra inciyib səmti dəyişməyə əsas verə bilərdi. Amma böyük məqsədə aparan yol həmişə hamar olmur.
1977-ci ilin payızında iki illik icbari müəllimlik fəaliyyətindən sonra sənədlərimi İnstitutun əyani aspiranturasına vermişdim. Filologiya fakültəsindən məzun olduğum o zamankı ADU-da saxlanmaqdan söhbət gedə bilməzdi. Əvvəla, nəticələrim elə parlaq deyildi (sonralar dostlaşdığımız mərhum dosent Raifə xanım Həsənova indi özümü az-çox mütəxəssisi saydığım XIX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı biliklərimi böyük minnətlə "kafi" sayıb 3 yazmışdı). O biri tərəfdən isə, həqiqətən, seçim və potensial baxımından kadr bolluğu vardı. Yəni fərqlənmək elə də asan məsələ deyildi.
Belə şəraitdə əyani aspirantura rəsmən paytaxta köçüb elmi fəaliyyətlə uğraşmağın yeganə yolu idi. Ona görə də bu yol həmişə tünlük olurdu.
Mən sənədlərimi verdiyim il Ədəbiyyat İnstitutunda əyani aspiranturaya cəmisi bir yer vardı. Bir yer uğrunda səhv etmirəmsə, yeddi nəfər rəqabət aparırdı. Doğrusu, namizədlərin çoxluğundan qorxmurdum. İnanırdım ki, qəbul prosesi, Məhəmməd Hadi demişkən, "Elmin, hünərin, mərifətin varsa, buyur, gəl! Yoxdursa, bu elm aləminə olma bir əngəl!" prinsipi ilə aparılacaq və ən güclü qalib sayılacaq.
Amma həqiqətən narahatlıq keçirdiyim, hətta arzulamadığım bir məqam vardı. Tələbəlik həyatının ilk günlərindən dostluq elədiyim Teymur Kərimov (indi akademik Teymur Kərimli) da iddiaçılar arasında idi. Yəqin ki, o da eyni dərəcədə narahatlıq hissi keçirirdi. Digər tərəfdən heç kəsin geri çəkilmək fikri yox idi. İxtisas imtahanından sonra məlum oldu ki, bir yerin davası ikimizin arasında gedəcək.
İki imtahandan sonra hər ikimiz 10 mümkün baldan 10 bal toplamışdıq - yəni iki 5 almışdıq. Aspirantlığın taleyini xarici dil imtahanı həll edəcəkdi. Mən hələ o dövrdə ingilis dili ilə ciddi məşğul olurdum. Ona görə də növbəti imtahandan da uğurla çıxacağıma inanırdım. Teymur isə fars dili təmayüllü məktəbi bitirmişdi. Rəsmi imtahan fənləri sayılan ingilis, alman, fransız dillərindən heç birini orta məktəbdə öyrənməmişdi. Azərbaycan Cümhuriyyətinin qurucularından birinin - Həsən bəy Ağayevin qızı olduğunu sonralar öyrəndiyim kafedra müdiri Nəzakət xanım Ağazadə gələcək alimlərin xarici dilə yiyələnməsi məsələsində çox prinsipial idi. Bu məsələdə heç kimə güşzəştə getmir, xahişə, tapşırığa baxmırdı...
İngilis dilindən də uğurla imtahan verib 5 aldım. Dostum üçün mənəvi zərbə olacağını bilsəm də, artıq özümü İnstitutun aspirantı sayırdım. Amma Anadolu türk qardaşlarımızın sözü olmasın, derkən... elə həmin gün öyrəndim ki, İnstitut rəhbərliyi kadrlar və aspirantura şöbəsinə məktub göndərib Teymur Kərimovun nizamişünaslıq sahəsində ixtisaslaşacağını və buna görə də fars dilindən imtahan verməsinin daha məqbul olacağını bildirib və məsələ ilə bağlı müsbət qərar verilib.
Əslində bir az məntiqsiz görünürdü. Eyni əsasla deyək ki, Nazim Hikmət yaradıcılığından yazan aspirant, yaxud dissertantdan da xarici dil kimi Anadolu türkcəsindən imtahan götürülə bilərdi. Amma axı məqsəd tədqiqat sahəsindən asılı olmayaraq gələcək alimin Avropa dillərindən birində elmi ədəbiyyatdan istifadə tələbi idi. Çünki nizamişünasın, ümumiyyətlə farsdilli klassik poeziyamızın tədqiqatçısınının farsca bilmə zərurəti 2X2-nin 4-ə bərabər olması qədər sadə həqiqət, aksiom idi. Əgər fars dilinə bələd deyildisə, bu mənbələri necə araşdıracaqdı? Amma artıq qərar verilmişdi və təbii ki, onu dəyişməyə qadir deyildim...
Doğrusu, Teymurun da uğurla imtahan verib 5 almasından üzülmədim. Düşünürdüm ki, bəlkə EA aspiranturasına qəbul tarixində unikal bir hadisə baş verib. İki nəfər mümkün olan ən yüksək bal toplayıb. Belə şəraitdə onlardan birini çıxdaş edib geri qaytarmaq, haqqına girmək nə dərəcədə düzgün olardı? Bizə universitetdə klassik Azərbaycan ədəbiyyatından dərs demiş mərhum Firuz Sadıqzadənin sözü olmasın, "ağır, səngin başlı alimlər" belə haqsızlığa, ədalətsizliyə necə razılıq verə bilərlər? Düşünürdüm ki, yəqin əlavə yer alar, ikimizi də qəbul edərlər.
Artıq aspiranturaya qəbul imtahanlarının nəticəsini, eləcə də yeni aspirantın dissertasiya mövzusunu və rəhbərini Elmi Şurada təsdiq edib Rəyasət Heyətinə göndərmək zamanı çatmışdı. Bu arada İnstitutun direktoru professor Mirzağa Quluzadənin məni axtardığını dedilər. Yaxşı xəbər eşitmək ümidi ilə sevincək qəbula tələsdim. Amma ümidlərim suya düşdü. Mirzağa müəllim lopa bığlarını sığallayıb əlini parlaq, daz başına çəkəndən sonra həlim səslə dedi:
- Oğul, yaxşı imtahan verdin. Təbrik edirəm. Amma bildiyin kimi, bir yerimiz var. Onu da klassik ədəbiyyat üçün nəzərdə tutmuşuq. Sənsə müasir dövr ədəbiyyatı ilə maraqlanırsan. Baxıb görürəm ki, yaz qəbuluna qədər gözləməli olacaqsan.
Bir müddət deməyə söz tapmadım. Sonra aramızda belə söhbət oldu.
- Bəs bütün imtahanlardan 5 alıb aspiranturaya düşə bilməməyimi eşidib-bilənə necə izah edəcəyəm? Ümidim sizədir, çox xahiş edirəm, mənə köməklik göstərin.
- İndi heç nə eləmək mümkün deyil. Qoy bir müddət keçsin, gələrsən, səni İnstitutda işə götürərəm, mövzu təsdiq eləyərik.
- Axı şəhər qeydiyyatım yoxdur.
- Səni öz evimə propiska elətdirərəm.
- Bəlkə Akademiyanın rəhbərliyinə vəziyyəti olduğu kimi çatdırasınız? Bəlkə başqa institutlarda boş qalmış yerlərdən birini verərlər?
- Ay bala, bu sən dediyin kimi asan məsələ deyil. Gərək Akademiyanın Rəyasət Heyətinin qərarı çıxa. Sonra Qosplana göndərələr. Nazirlər Sovetində baxıla. Çünki ortada ştat vahidi, pul məsələsi var. Ondansa, otur, yaz qəbulunu gözlə. Papağını fırladacaqsan, 3-4 ay keçəcək. Söz verirəm ki, heç səndən imtahan da götürməyəcəyik...
- Bəlkə özüm Akademiyanın prezidentinə məktub yazım, izah eləyim...
- Nə yazacaqsan? Bizdən şikayət eləyəcəksən? Normal imtahan götürülüb, layiq olduğun qiymət verilib. İndi nə edək ki, vəziyyət belə gətirib...
Mirzəağa müəllimin yanından kədərlə ayrıldım. Teymurla birlikdə içməyə getdik. Yəqin ki, o sevincdən, mən də dərddən içirdim.
Amma qəribədir ki, aspirantlıq iddiasından könüllü əl çəkmək müqabilində məni hətta "evinə propiska eləməyə hazır olan" Mirzağa müəllimə qarşı ürəyimdə heç bir kin, inciklik yox idi. Bir neçə il sonra xalq yazıçısı Elçin Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimləri haqda esselərdən ibarət "Fikrin karvanı" populyar kitabını hazırlayanda və mənə Mirzağa Quluzadə haqda yazmağı təklif edəndə tərəddüdsüz razılaşdım. Sonralar alimin oğlu, taleyin hökmü ilə artıq xarici siyasət sahəsində həmkar olduğumuz, güzəştsiz və prinsipial Vəfa Quluzadə bir söhbət zamanı həmin esseni "atam haqqında ən yaxşı yazı" adlandırdı və təşəkkürünü bildirdi...
Bilmirəm, bəlkə də o vaxt mübarizə aparsam, nə bilim Mərkəzi Komitəyə, Leninin mavzoleyinə, ya da elə "Kirpi" jurnalına şikayət ərizələri göndərsəm nəyi isə dəyişmək mümkün olardı? Amma doğrusu, bunu Ədəbiyyat İnstitutunun qüdsiyyəti, orada çalışan həqiqi alimlərin şəxsiyyəti ilə bir araya sığışdırmırdım. Haqq etdiyimi ala bilməsəm də elm məbədinə donosbazlıqla ayaq basmaq istəmirdim.
Beləcə, əla qiymətlərə baxmayaraq qəbul imtahanından "kəsilmiş" uğursuz abituriyentlər kimi əli ətəyindən uzun halda işlədiyim məktəbə qayıtdım. Bu hadisə təbiətcə impulsiv adam olan direktorumuz Sərbaz müəllimə yaman yer eləmişdi. Toyda, yasda söhbəti fırlayıb mütləq mənim "məsələmin" üstünə gətirirdi:
- Ayə, bu zülmü Allah götürməz. Sən bədbəxt oğlu day nə eləməliydin? Başından yuxarı tullanmayacaqdın ki? Bütün imtahanlardan beş almışdın də. Nə deyib qəbul eləmədilər? Vallah, sovet hökumətinin tarixində belə hadisə olmayıb - deyirdi.
Növbəti ilin yaz qəbulunda imtahanlarda altı ay əvvəlki rekord nəticəni göstərib əyani aspirant adını qazandım. Rəhbərlik səviyyəsində özümü də, kədərli tarixçəmi də artıq unutmuşdular. İxtisas imtahanında "həmin oğlan" olmağımın fərqinə yalnız akademik Məmməd Cəfər vardı. Məmnuniyyət və minnətdarlıqla onun aspirantı olmaq, rəhbərliyi altında dissertasiya yazmaq təklifini qəbul etdim.
İnstitut qısa müddətdə doğma evimə, Bakıda ən çox mənəvi rahatlıq tapdığım yerə çevrildi. Təbii ki, Teymur Kərimovla da arada heç bir umu-küsü yox idi. Hətta bir müddət Şərifzadə küçəsindəki Aspirantlar Evində eyni otağı paylaşmışdıq.
Və bundan sonra uğur hekayəsi başlandı. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə elədim. Tədricən elmi-ədəbi mühitdə tanındım, kitab və məqalələrim çap olundu. 1987-ci ildə EA rəhbərliyinin böyük etimadı sayəsində İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkildim. Həyatımın 20 ildən çoxunu keçirdiyim doğma kollektivi fiziki mənada 1999-cu ildə - mühüm dövlət vəzifəsinə təyin olunanda tərk etdim. Mənən isə özümü həmişə İnstitutla bağlı sayırdım və sayıram. Bu elm ocağının son rəhbərlərindən biri, unudulmaz Bəkir müəllim -akademik Bəkir Nəbiyev həmişə məni görəndə səmimiyyətlə deyirdi: "Ehtiyatda bir ştat vahidi saxlayıram. Nə vaxt qayıtsan, yerin hazırdır!"
Rus dilində məşhur ifadə var: "vozvrahenie na kruqi svoi" - yəni öz yerinə, yaxud mühitinə dönüş, qayıdış... Ömür vəfa eləsə nə vaxtsa "öz yerimə" - Ədəbiyyat İnstitutunun divarları arasına qayıtmaq fikrimdə yaşatdığım arzulardan biridir.
***
Son iki-üç həftə ərzində mətbuatda, xüsuilə də "Ədəbiyyat qəzeti"ndə Ədəbiyyat İnstitutunun dünəni və bu günü, milli mədəniyyət və ədəbi-ictimai fikir tariximizdəki yeri, həyatlarını ünlü elm məbədi ilə bağlamış korifey alimlər, görülmüş işlər və yeni tədqiqat istiqamətləri, uğurlar və gözləntilər barəsində kifayət qədər yazılıb. Bu fikirlərə şərik çıxmaqla bir sırada 90 yaşlı elm ocağımızın bir özəlliyi - onun daim aydın ifadə olunan ictimai-siyasi siqləti üzərində dayanmaq istərdim.
Ədəbiyyat institutu mövcudluğu dövründə daim milli-mənəvi fikir mərkəzi, ləyaqət və vətəndaşlıq məktəbi kimi tanınıb. İctimai həyatda cərəyan edən taleyüklü hadisələrə, cəmiyyətdə baş verən mürəkkəb proseslərə münasibətdə əksər hallarda obyektiv və prinsipial elmi-siyasi mövqe nümayişi ilə seçilib.
İnstitutun tarixində bunun çoxsaylı nümunələri mövcuddur.
1950-ci ildə Mircəfər Bağırovun qəzəbinə tuş gəlmiş akademik Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyası başlananda "respublika xozeyinin" bütün basqılarına baxmayaraq Ədəbiyyat İnstitutunun direktoru Məmməd Arif Dadaşzadə saxta ittihamçılar xoruna qoşulmamışdı.
1957-ci ildə keçmiş Azərbaycan SSR-də bütün idarə və müəssisələrdə Azərbaycan dilinin dövlət dili kimi işlənməsi məsələsi ortaya çıxanda o zaman respublika Ali Sovetinə rəhbərlik edən xalq yazıçısı, akademik Mirzə İbrahimov başda olmaqla Ədəbiyyat və Dil İnstitutunun kollektivi prinsipial məsələdə milli-vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi.
Təbii ki, şahidi və bir sıra hadisələrin iştirakçısı olduğum yaxın tarixi keçmişdən daha çox misallar gətirə bilərəm. Indi artıq rəzil və bədnam müəllifi ilə birlikdə tarixin zibilliyinə atılmış "Ocaq" adlı məkrli düşmən cızmaqarasına ilk kəskin ictimai reaksiya verən elmi mərkəzlərdən biri, bəlkə də birincisi Nizami İnstitutu oldu. Bu münasibətlə keçirilən ümuminstitut toplantısında sonralar məqalələrə çevrilən sərt çıxışlar, direktor Əziz Mirəhmədovun köhnə dostu, professor Kamran Məmmədovla kəskin mübahisəsi və sonuncunun əsəbiləşərək deyinə-deyinə iclası yarımçıq tərk etməsi indiyə qədər qulaqlarımda səslənir, gözlərim önündən çəkilmir.
Yaxud tariximizin "açılmamış səhifələrini" - Azərbaycanda XX əsrin ilk iki onilliyindəki milli-mədəni və siyasi oyanışı, "islam ümmətindən türk millətinə" çevrilmək yolundakı mübarizəni, Cümhuriyyətin gizli tarixini öyrənmək məqsədi ilə ölkəmizə gələn amerikalı tarixçi Tadeuş Svientexovski daha çox bizim İnstitutda lövbər salmışdı. Tarixi əsər yazsa da, məsləhət-məlumatı ədəbiyyat və mətbuat araşdırmaçılarından almaq istəyirdi. Indi yəqin bu barədə açıq danışmaq olar - hətta ona nəzarət üçün ayırılan "seksotu" da kollektivimizin arasından seçmişdilər...
"Dəmir pərdə" dövründə ölkəmizin azsaylı elmi-tədqiqat müəssisələri kimi Ədəbiyyat İnstitutu da özünəməxsus "nəfəslik" rolunu oynayırdı. Bəzən əcnəbi alimlər qonağımız olurdu. Bəzənsə tanınmış mütəxəssislərimiz konfrans və simpoziumlarda iştirak məqsədi ilə xarici ölkələrə yollanırdılar. İmkan daxilində mütləq gözümüzə "yad dünyanın" elçiləri kimi görünən bu insanlarla görüş keçirilirdi. Yadımdadır, mərhum mifoloq-alim Mirəli Seyidov Ankaradan qayıdandan sonra onun Türkiyə xatirələrinə qulaq asmaq istəyənlərin sayı elə çox oldu ki, görüşü EA-nın Əsas binasının 8-ci mərtəbəsində, bir neçə yüz nəfər adam tutan zalda keçirmək lazım gəldi.
Sonu, xüsusən də, xalqımıza çoxlu fəlakət və məhrumiyyətlər gətirən "aşkarlıq və yenidənqurma" dövrünün müsbət, gərəkli çağırışlarına ilk pozitiv reaksiya verən elm mərkəzlərindən biri, bəlkə də birincisi Ədəbiyyat İnstitutu idi. Hətta direktor Yaşar Qarayev indi artıq arxaizmə çevrilmiş makina bürosunun əməkdaşları ilə iclasda tələb edirdi ki, "gərək sizin makinalarınızın klavişləri yenidənqurmanın tempi və diapozonu ilə həmahəng səslənsin!" Həmin həmahənglik isə ilk növbədə alimlərin ortaya qoyduğu əsərlərdən asılı idi. 1980-ci illərin ikinci yarısından etibarən "unudulmuşlar" haqda meydana çıxan məqalə və kitablar, onların öz əsərlərinin nəşri Ədəbiyyat İnstitutunun fəaliyyətində aparıcı istiqamətlərdən birinə çevrilmişdi.
O zaman artıq tarixi sonunu yaşamaqda olan kommunist bürokratiyası - Mərkəzi Komitə bizim İnstituta "millətçilik yuvası" kimi baxırdı. Hətta iş o yerə gəlib çatmışdı ki, görünür, müxtəlif qaynaqlardan məlumatlar alan MK-nın birinci katibi Ə.Vəzirov günlərin birində heç kəsə xəbər vermədən səhər saat 10-da yazıçı Cəmil Əlibəyovun müşayiəti ilə bu "yuvanın" nə olduğunu öyrənmək üçün şəxsən durub Ədəbiyyat İnstitutuna gəlmişdi. EA prezidenti Eldar Salayev məsələdən xəbər tutub özünü çatdıranda müzakirə artıq bir saatdan çox idi ki, davam edirdi. Doğrudur, nəticə etibarı ilə İnstitutun xalq və dövlət üçün o qədər də qorxulu yer olmadığını birinci katibə izah edə bildik. Amma istənilən halda şübhə və xof yenə tamamilə çəkilmədi.
Qarabağa əsassız erməni iddiaları ortaya çıxanda və bu zəmində xalq hərəkatı başlayanda Ədəbiyyat İnstitutu sözün həqiqi mənasında arı pətəyini xatırladırdı. Təcili şəkildə bir sıra tarixi qaynaqlar (məsələn, "Qarabağnamə"lər) hazırlanıb nəşr edildi. Gündəlik mətbuatın hər sayında, radio və televiziya verilişlərində, müxtəlif agentliklərin xəbər bülletenlərində əməkdaşlarımızın səsi və sözü eşidilirdi. Müxtəlif "samizdat" nəşrlərin hazırlanmasında fəallıq göstərirdilər.
İnstitutun mənəvi-siyasi tarixində bir epizodu xüsusilə yaxşı xatırlayıram. 1990-cı ilin qanlı yanvarından sonra ölkəmizdə Kommunist partiyasına üzvlük biletlərindən kütləvi imtina başlanmışdı. Bəzi yerlərdə partiya biletləri nümayişkaranə şəkildə yandırılırdı. Belə bir vəziyyətdə yanvarın axırında kollektivdə sonuncu partiya iclası keçirildi. Bir zamanlar keçmiş Azərbaycan KP MK-da məsul vəzifə daşımış EA-nın müxbir üzvü Əziz Mirəhmədovdan tutmuş cavan kommunistlərə qədər xeyli əməkdaş cinayətkar partiyanın sıralarından çıxdığını bildirdi. Həm də bunu ali partiya orqanlarına ünvanladığımız kollektiv məktubla ifadə etdik. Əlbəttə, böyük qəhrəmanlıq deyildi. Amma istənilən halda milli-mənəvi mövqeyimizin ifadəsi idi.
Ədəbiyyat İnstitutu təkcə ədəbi-mədəni deyil, siyasi-dövlətçilik irsimizin, gerçək tariximizin dirçəldilməsinə də ciddi töhfələr verib. Türk-islam dünyasında ilk demokratik respublikanın - Azərbaycan Cümhuriyyətinin yaddaşımıza və tariximizə qaytarılmasında elm ocağımızın mühüm rolu olub. Ölkəmizin tarixində ilk dəfə 1990-cı ilin may ayında İnstitut rəhbərliyinin təşəbbüsü ilə "Azərbaycan Demokratik Respublikası: tarix, mədəniyyət və siyasət" adlı elmi konfrans keçirilib. Növbəti il isə onun materialları "Azərnəşr"də kitab şəklində çap edilib. Bu Cümhuriyyət haqqında tanıtım xarakterli ilk elmi yayınlardan biri idi. Cümhuriyyət xadimlərinin zəngin irsinin öyrənilməsi, nəşri və təbliği, Cümhuriyyət dövrü ədəbiyyatı və mətbuatı artıq dörddə bir əsrə yaxındır ki, İnstitutun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Kitablara mövzu olan böyük tarixi yolu bir məqaləyə sığışdırmaq imkansızdır. Mövcudluğu ərzində Ədəbiyyat İnstitutu daim dövlətimizin yanında olub, onun elm, mədəniyyət, milli-mənəvi tərbiyə, Azərbaycanı öz vətəndaşına və dünyaya tanıtmaq siyasətinin həyata keçirilməsinə böyük töhfələr verib. Fikrimcə, indi yaşadığımız dövr alimlərimizin qarşısına daha iri miqyaslı vəzifələr qoyur. Azərbaycan Renessansının sistemli şəkildə öyrənilməsi (vaxtı ilə mərhum professor Arif Hacıyev bu istiqamətdə ilk uğurlu təşəbbüs göstərmişdi), söz sənətimizin ümumtürk ədəbiyyatı kontekstində araşdırılması, türk sivilizasiyasının tədqiqi belə vəzifələr sırasındadır.
Qarşıdan daha böyük hesabat dövrü - 100 illik şərəfli yubiley gəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!