Klassik türk ədəbi abidələrinin nəşr və təbliğinə Mirzə Kazımbəy töhfəsi - Vilayət QULİYEV

Vilayət QULİYEV

Türk xalqlarının zəngin ədəbi-tarixi abidələrinin aşkara çıxarılması, nəşrə hazırlanması, təbliği və tanıdılması Rusiya şərqşünaslıq elminin yaradıcılarından biri olan görkəmli azərbaycanlı alim, Kazan və Peterburq universitetlərinin professoru Mirzə Kazımbəyin (1802-1870) elmi fəaliyyətinin əsas istiqamətlərindən idi. Bu işə o, hələ yaradıcılıq yolunun başlanğıcında, Seyid Rzanın 1466-1737-ci illər Krım tarixinə dair mühüm qaynaqlardan biri sayılan "Əs-səb-əs-Səyyar" ("Yeddi səyyarə") əsərini nadir əlyazma əsasında nəşrə hazırlaması (1833) ilə başlamışdı.

Sonrakı illərdə də türkdilli ədəbi abidələrin elmi-tədqiq və nəşri alimin diqqət mərkəzində dayanan məsələlərdən olmuşdu. 1839-cu ildə Mirzə Kazımbəy ümumtürk ədəbiyyatının klassik nümunəsi, Volqaboyu - Bulqar türklərinin böyük söz ustadı, Nizami Gəncəvi və Xaqani Şirvaninin müasiri Qul Əlinin (1183-1236, tam adı Məhəmməd Hacı Qali ibn Mehrxoca) oğuz-qıpçaq ədəbi ənənələrinə söykənən, farsdilli poeziyada geniş işlənmiş Yusif və Züleyxa mövzusunun türk ədəbiyyatında ilk inikası olan "Qisseyi-Yusif" poemasını Kazanda nəşr etdirmişdi. Qul Əli tatar və başqırd ədəbiyyatının banisi sayılır. 1983-cü ildə anadan olmasının 800 illiyi Tatarıstanda, eləcə də YUNESKO xətti ilə dünya miqyasında geniş qeyd edilmişdir. Amma onun öz əsərini hansı dildə yazması indiyə qədər mübahisə obyekti olaraq qalmaqdadır. Çünki Volqaboyu türkləri (tatarlar, başqırdlar, hətta çuvaşlar) ilə bir sırada türkmənlər də böyük şairin irsinə iddialıdırlar. Yeri gəlmişkən, "Qisseyi-Yusif" 1995-ci ildə Bakıda kiril, 2004-cü ildə isə latın qrafikası ilə çap olunub. Mətni Azərbaycan EA Əlyazmalar İnstitutunda mühafizə edilən bir Bakı və iki Leninqrad nüsxəsi əsasında Elməddin Əlibəyzadə və Əbülfəz Hüseyni hazırlamışdılar.

Mirzə Kazımbəy ilk naşir kimi poemanın klassik tatar dilində qələmə alınması fikrinə tərəfdar idi. Amma ona qədər də "Qisseyi-Yusif" tədqiqatçıların diqqətini çəkmişdi. Tatar xalqının tarixi yaddaşına, düşüncəsinə, hətta gündəlik həyatına güclü nüfuz edən ədəbi abidəyə ilk diqqət yetirən şair, din xadimi, maarifçi və pedaqoq Qabdrahim Utız İmyanı-əl-Bulgari (1756-1832) olmuşdu. Elmi-tənqidi mətn sayılması bir qədər çətin olsa da, o əsəri əlinin altında olan nüsxələr əsasında nəşrə hazırlamışdı. Lakin Kazan tatarları arasında nəşriyyat işlərinin kifayət qədər geniş rəvac tapmaması nəticəsində əlyazmasının nəşri mümkün olmamışdı. Qul Əlinin poeması Volqaboyu xalqları ilə bir sırada, Mərkəzi Asiya türkləri arasında böyük şöhrət tapmış kitablardan idi. "Yusif və Züleyxa süjeti XIII-XV əsrlər türk-tatar poeziyasında" (2001) monoqrafiyasının müəllifi, tatar ədəbiyyatşünası N.Ş.Xisamovun yazdığına görə mündəricə, poetik xüsusiyyətlər baxımından Qul Əlinin poeması özündən sonra meydana çıxan analoji süjet xəttinə malik əsərlərə təsirsiz qalmamışdı.

Nəticədə poema sonrakı dövrlərdə eyni mövzuda əsər yazan şairlərin sıx istinad etdikləri və təsirləndikləri mənbələrdən birinə çevrilmişdi. Mirzə Kazımbəyin Utız-İmyanı versiyasının üzərində müəyyən redaktə aparıb əsəri universitet mətbəəsində çap etdirməsi poemanın şöhrətini daha da artırmışdı. Məşhur tatar kitabşünası A.Karimullinin yazdığına görə, 1839-1917-ci illər arasında "Qisseyi-Yusif" poeması Kazan, Orenburq, Ufa və b. şəhərlərdə 80 dəfədən çox (demək olar ki, hər il!) nəşr olunmuşdur. Onların hamısının əsasında isə dəqiqliyi və mükəmməlliyi ilə seçilən Qabdrahim Utız İmyanı-Mirzə Kazımbəy nüsxəsi dayanırdı.

1845-ci ildə orta əsrlərin başqa bir mühüm türk dini-ədəbi abidəsi - Anadolu sufi şairi Məhəmməd (Mehmet) Çələbi Yazıçızadənin (?-1451) "Məhəmmədiyyə" (orijinaldakı adı "Kitabi-Muhammediyye fi na`ti seyyidi`l-alemin habibillahi`l-a a`zam Ebi`l-Kasim Muhammedini`l-Mustafa") poeması ("İslam Ansiklopedisi"ndə əsərin janrı dini dastan kimi müəyyən olunub) Mirzə Kazımbəyin müqəddimə, izah və şərhləri ilə "Bilicilərin başçısı, Yazıçızadə təxəllüslü Məhəmməd Çələbinin qəlb oxşayan "Məhəmmədiyyə kitabı" adı ilə çap edilmişdir.

Yazıçızadənin üzərində üç il işlədiyi və II Sultan Mehmet Fateh zamanında - 1449-cu ildə bitirdiyi "Məhəmmədiyyə" (əslində müəllifin daha əvvəl ərəb dilində yazdığı "Meqaribü`z-zaman" adlı əsərinin Osmanlı türkcəsinə tərcüməsi idi) hər bir tatar ailəsində Qurani-Kərimdən sonra ikinci müqəddəs kitab kimi yüksək dəyərə malik idi. Yuxusunda İslam peyğəmbərini görən və ondan "İçir hikmət şərabın ümmətimə, Sözümü söylə xalqa aşikara" əmrini alan şair əsrlər boyu ayrı-ayrı hissələri dini cameədə mövlud kimi oxunan möhtəşəm dastan yaratmışdı.

Əsərin Türkiyədə çıxan son nəşrlərindən birinə Ön sözündə müasir türk tədqiqatçısı Amil Çələbioğlu yazır: "Məhəmmədiyyə" tək Osmanlı və Türkiyə coğrafiyasında deyil, Krımda, Kazanda, başqırdlar, uyğurlar arasında, digər türk və islam torpaqlarının hamısında oxunub sevilmiş, böyük şöhrət qazanmışdı. Əlyazma və çap nüsxələrinin sayca çoxluğu, müxtəlif bölgələrdə mövcudluğu da bunun göstəricisidir. Türkcə ədəbi əsərlər arasında belə geniş yayılmış nümunəyə az təsadüf edilir. Osmanlı və Cümhuriyyət dövründə hər evdə, hər ailədə "Məhəmmədiyyə" nüsxəsinin olması onun şöhrətinin necə geniş yayıldığını ortaya qoyur."

Yalnız Osmanlı türklərinin deyil, savadlı tatar və başqırdların da anladıqları bir dildə yazılmış poemada İslam peyğəmbərinin həyatından, paklıq və müqəddəsliyindən, fəzilətlərindən bəhs olunurdu. Həzəc bəhri əsas götürülməklə əruzun müxtəlif vəznlərindən istifadə yolu ilə yazılan "Məhəmmədiyyə" axıcı bir dilə malikdir.

Müəllif orta əsrlər türk şairi Sədrəddin Yazıçının oğlu idi. Bu səbəbdən də Yazıçızadə təxəllüsünü qəbul etmişdi. Gəncliyində islam Şərqi ölkələrində çoxsaylı səyahətlərdə olmuş, dövrünün məşhur müdərrislərindən dərs almışdı. Sufilik təliminin incəliklərinə isə Bayramiyyə təriqətinin qurucusu, sufi şeyxi Hacı Bayram Vəlinin (1352-1430) mürşidliyi ilə yiyələnib, onun xələfi-davamçısı kimi tanınmışdı.

Əsərdəki peyğəmbər məhəbbəti intəhasızdır. Şairin hər misrasından İslamın rəsuluna böyük sevgi və heyranlıq saçılır. Mövzu, mündəricat baxımından poemanı üç hissəyə bölmək olar: 1.Dünyanın və canlı aləmin yaranışı. 2.Peyğəmbərin həyatı və əməlləri. 3.Axirət dünyasının təsviri. Bütün dastan boyu "fəna-fi-rəsul" (Peyğəmbərə qovuşmaq) və "fəna-fi-ilah" (Allaha qovuşmaq) ideyası fərqli rakurslarda təbliğ edilir. Təsadüfi deyil ki, "Məhəmmədiyyə" İslam peyğəmbərinin və İslam dininin şəninə türk dilində böyük təsir gücünə malik mükəmməl, ibrətamiz əsərlərdən biri sayılır. Rusiya imperiyasında milli-dini basqını daha çox hiss edən, adını və dilini unutmağa zorlanan türk-müsəlman əhali üçün belə əsərlərin xalq arasında yayılması çox zəruri idi. Çünki onlar özünüqoruma instinkti üzərində köklənmiş həqiqi mənəvi qida, güclü özünütəsdiq və müqavimət vasitəsi rolunu oynayırdı.

Rus universiteti professorunun və xristianlığı qəbul etmiş bir şəxsin İslama dair kitabların nəşrinə, təbliğinə yaxından maraq göstərməsi bir çoxlarına qəribə gəlirdi. Bəzi iddialara rəğmən, Mirzə Kazımbəyin bu yolla keçmişdə mənsub olduğu dini - İslamı təbliğ etdiyini düşünmək qeyri-inandırıcı görünür. "Məhəmmədiyyə" tipli əsərlər onun nəzərində ilahiyyat məsələlərinə dair qaynaq olmaqdan daha çox, ədəbi-linqvistik abidə idi; mükəmməl dil nümunəsi idi. Əsər Anadolu türkcəsinin leksik-semantik tərkibini, eləcə də zaman etibarı ilə keçdiyi inkişaf yolunu, məruz qaldığı dəyişiklikləri izləmək baxımından qiymətli ədəbi-tarixi qaynaq rolunu oynayırdı.

"Məhəmmədiyyə"nin tatar və başqırd oxucuları arasında böyük populyarlıq qazandığını qeyd etmişdik. Ona görə də ilk nəşrdən sonra kitab hər il təkrar (bəzən ildə iki dəfə) çap olunsa da, artan tələbatı ödəmirdi. Nəticədə, nəşriyyat işlərinin artıq sərfəli biznesə çevrildiyi şəraitdə bəzi naşirlər "Məhəmmədiyyə"nin anonim nəşrlərini bazara çıxarmaqdan çəkinmirdilər. Onların əsasında Mirzə Kazımbəyin hazırladığı nüsxə dayansa da, mənbə bir qayda olaraq göstərilmirdi. Şəxsi arxivindəki sənədlərindən biri alimin keyfiyyətsiz şəkildə ortaya qoyulan belə qaçaq nəşrlərdən narahatlıq və narazılıq hissi keçirdiyini, önünü almaq üçün müvafiq tədbirlər görülməsi üçün hökumət dairələri qarşısında binagüzarlıq etdiyini göstərir.

Mirzə Kazımbəyin hazırladığı mükəmməl nəşr XIX əsrdə Osmanlı din alimləri və naşirlərinin də  diqqətindən kənarda qalmamışdır. Türkiyə Diyanət Vakfının "İslam Ansiklopedisi"ndə də göstərildiyinə görə, 1846-1910-cu illər arası kitab doqquzu rəsmli olmaqla İstanbulda 22 dəfə nəşr edilmişdi.         

Şərqşünas alimlər "Məhəmmədiyyə"nin Kazan nəşrini böyük məmnunluqla qarşıladılar. Çünki əsər Osmanlı türkcəsini öyrənən tələbələr üçün də qiymətli dərs vəsaiti - oxu kitabı idi. Kazan Universitetinin professoru N.İ. Berezin bu münasibətlə yazırdı: "Hətta Mirzə Kazımbəy əvvəllər "Əs-səb-əs-Səyyar", yaxud "Müxtəsərül-viqaye" kimi mühüm qaynaqları çap etdirməsəydi belə, tək "Məhəmmədiyyə"nin nəşri Avropada şöhrət qazanmağa yetərli idi. "Müxtəsərül-viqaye" və "Məhəmmədiyyə" kimi elm tarixində yaddaqalan hadisələr şərqşünaslığın artıq Rusiyada özünə layiqli davamçılar tapdığını sübut etməkdədir".

Aradan iki il ötəndən sonra, 1847-ci ildə Mirzə Kazımbəy türk klassik mətnlərinin hazırlanması və nəşri istiqamətindəki fəaliyyətini davam etdirərək orta əsrlər özbək təriqət ədəbiyyatının diqqətəlayiq nümunələrindən birini - mütəsəffif şair Sufi Allahyarın "Səbatül-acizin" ("Zəiflərin dözümü") əsərini Kazan Universitetinin mətbəəsində çap etdirmişdi. Bu, alimin "çağatay poeması" adlandırdığı əsərin birinci nəşri deyildi. Kitab ilk dəfə 1802-ci ildə, hələ universitet təsisindən əvvəl eyni şəhərdə işıq üzü görmüşdü. XIX əsr boyu "Səbatül-acizin" poemasının Daşkənd, İstanbul, Buxara, Bakı, Kogon (indiki Özbəkistan) nəşrləri meydana çıxmışdı.

Sufi Allahyar (1616-1713, bəzi mənbələrdə isə 1644-1724 kimi də göstərilir) özbək şairi və filosofu, XVII-XVIII əsrlərdə Orta Asiyada təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi idi. Tatar alimləri onun ailəsinin Buxara xanlığına vaxtilə Volqaboyundan köç etdiyini göstərirlər. Mükəmməl dini təhsil alan, hər üç klassik Şərq dilini dərindən bilən Sufi Allahyar ilahiyyat məsələlərinə, sufiliyin mahiyyətinə, islam əxlaqı və mənəviyyatına həsr olunmuş "Məslək-ül Müttəqiyyin" ("Təqva sahiblərinin yolu") "Murad-ül arifin" ("Ariflərin arzuları"), "Məhzən-ül Mütiin" ("İtaət edənlərin xəzinəsi") kimi dini-fəlsəfi əsərlərin müəllifidir. Bu poema, yaxud məsnəvilər hamısı fars dilində qələmə alınmışdır. Farsca yaradıcılığının zənginliyinə baxmayaraq türk dünyasında Sufi Allahyara böyük şöhrət qazandıran ana dilində yazdığı "Səbatül-acizin" poeması idi. Əsər mahiyyət etibarı ilə dini xarakterlidir. Yuxarıda haqqında danışdığımız "Məhəmmədiyyə" poemasında olduğu kimi, burada da İslam peyğəmbərinin gözəl sifətlərinin vəsfi əsas leytmotivi təşkil edir. Eyni zamanda əshabələrə və İslama ilk iman gətirənlərə, habelə yeni dinin əleyhdarlarına - münafiqlərə geniş yer ayrılır. Tarixi-mənəvi və dil xüsusiyyətlərinə görə, "Səbatül-acizin" XX əsrin əvvəllərinə qədər Volqaboyu və Orta Asiya mədrəsələrində əxlaq və İslam tarixinə dair mühüm dərs vəsaitlərindən biri kimi istifadə olunmuşdur.

Mirzə Kazımbəyi bu əsərin nəşrinə sövq edən amillərdən biri də onun dil və üslubunun gözəlliyi, müəllifin ali həqiqətlər haqda aydın, anlaşıqlı şəkildə söz açmaq bacarığı idi. Sufi Allahyar poemasını müasir ifadə ilə "ümumtürk dili", yaxud "ortaq türkcə" adlandıra biləcəyimiz bir dildə qələmə almışdır. Üç yüz il əvvəl yazılmış misraların bu gün də yalnız özbəklər deyil, tatarlar, Anadolu və Azərbaycan türkləri üçün nə dərəcədə anlaşıqlı olduğunu aşağıdakı sətirlərdən də görmək mümkündür:

 

Anı kim gördilər Türki yaranlar,

Dedilər: Gər dua qılsa ərənlər,

Bitilsə Türki dil birlə Əqidə,

Könüllər bolsa ondan aramidə.

 

Yəni "Türk dostlar onu görən kimi dedilər: Əgər ərənlər dua etsələr, Türk dilində iman əsasları yazılar, Könüllər bundan hüzur tapar". Burada "Əqidə" dedikdə, şair çox güman ki, yaşam qaydaları (Əqaid) kimi Quranı nəzərdə tutur.

Nəşrə rusca yazdığı müxtəsər müqəddimədə Mirzə Kazımbəy əsərin fəlsəfi mahiyyətini, sufi mistisizmi ilə bağlılığını, didaktik mahiyyətini yüksək bədii məziyyətlərini və praktiki əhəmiyyətini ön plana çəkmişdi.

Yeri gəlmişkən, bu nəşr XIX əsr Azərbaycan ziyalılarına da yaxşı məlum idi. 1882-ci ildə görkəmli maarif və mətbuat xadimi Səid Əfəndi Ünsizadə (1842-1903) Tiflisdə, "Ziya" qəzetinin mətbəəsində "Səbatül-acizin" əsərinin sərbəst iqtibasından ibarət "Məktəb uşaqlarımızı oxutmaqdan ötrü sadə türki dilimizdə tərtib olunmuş Əqaid və Nəsaih risaleyi-mənzuməsidir" adlı 98 səhifəlik ("Səbatül-acizin"in orijinal Kazan nəşri 108 səhifədən ibarətdir - V.Q.) kitab çap etdirmişdi. İlk dəfə türkoloq Nazim Nəsrəddinovun diqqət yetirdiyi nəşrdə Səid Əfəndi Ünsizadə oğlu Əbdürrəhmanın istəyi üzərinə hazırladığı əsərinin "Səbəbi-nəzmi-kitab" adlı hissəsində sələfi Sufi Allahyarı dövrün azərbaycanlı oxucusuna tanıdaraq yazmışdı:

 

Qazan (tatar - V.Q.) dili ilədir bu məktub,

Əqaid, həm Nəsaih, qürbi-məhbub.

Sufi Allahyar təsnif etmişdi,

Əqaid, Nəsaih söylətmişdi.

Onu gördükdə oğlum Əbdürrəhman,

Dedi: - Ata, olarmı səndə imkan,

Bizim dilə bunu nəzm eyləyəsən,

Uşaqlara dəxi bəzl eyləyəsən?

Ki, məktəbdə oxuyub hifz edələr,

Dürüst yolda olub doğru gedələr?

                       

"Əs-cəb əs-Səyyar","Qisseyi-Yusif", "Məhəmmədiyyə", "Səbatül-acizin", "Dərbəndnamə" kimi türk ədəbi-tarixi abidələrinin nəşri ilə Mirzə Kazımbəy bir tərəfdən, Rusiyada türkdilli xalqların mütaliəyə, kitaba olan ehtiyaclarını aradan qaldırmağa çalışır, digər tərəfdən isə, həmin qaynaqlardan Şərq dillərinin tədrisində dərs vəsaiti, yaxud əlavə oxu materialı kimi istifadə edirdi. Nəşrlər hər iki mənada özünü doğruldurdu. Nəhayət, məsələnin üçüncü tərəfi də var idi. Həm də bu ilk baxışdan bir qədər qəribə görünə bilərdi: alimin nəşr etdiyi bu kitablar tatarların və Rusiya imperiyasındakı digər türk-müsəlman xalqların iman gətirdikləri dinin əsaslarını, mahiyyətini və tarixini daha dərindən öyrənmələrinə yardım göstərirdi.

 

Sarayevo

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!