Onlarda Yaqo, Mefistofel, Həbibra, Salyeri... Bəs bizdə? - İblis! Qaloşlu? - HİDAYƏT

Ucalsın gözümdə aşiq Romeo[1],

O, uzaqda deyil, Romeo mənəm!

İtil gözlərimdən qaniçən Yaqo[2],

Mən açıq deyirəm: sənə düşmənəm!

 

Verter[3], sızıldayır incə tellərim,

Sənin həyatını düşünən zaman.

Peçorin[4] - öz eşqin özünə qənim,

Bela[5] - nağıl gözəl, həm bədbəxt insan...

 

15 yanvar, 1963

 

Bu misralar yazılanda onuncu sinifdə oxuyurdum. Əhməd Cəmil hələ "Can nənə, bir nağıl de" kimi ürəyəyatan şeirlər yazırdı, "Faust"u dilimizə çevirmək barədə bəlkə heç düşünmürdü də... Hamid Qasımzadə "Büq-Jarqal"ın tərcüməsini nəşriyyata təqdim etməyə hazırlaşırdı. Aleksandr Puşkinin lirikası, "Yevgeni Onegin" mənzum romanı məni elə sehrləndirmişdi ki, "Motsart və Salyeri" faciəsini oxumaq ağlıma gəlmirdi...

Bəlkə bunlara görə Mefistofel, Hədibra, Salyeri o misralarda "unudulub"? O illərdə yaxşılara da, pislərə də ədəbiyyatdan baxırdım və mənə elə gəlirdi - ən azı, doğma kiçik kəndim Maralzəmidə, təhsil aldığım nisbətən böyük kəndlərdə - Lökdə, Aldərədə, ümumiyyətlə Mığrı bölgəsində və bütöv  Zəngəzurda Yaqo kimi  dəhşətli, mürtəd adam yoxdur. Sevdiyim insanlar da ədəbiyyatda idi - Romeo kimi, Verter kimi, Büq Jarqal kimi, ziddiyyətli Peçorin, nağıl gözəl Bela kimi... "Əlvida, Lotto, həmişəlik ayılırıqsa - həmişəlik əlvida!" - deyirdi Verter (yeniyetməlik çağlarımda oxuduğum bu haray indiyədək ürəyimi titrədir). Aleksandr Puşkin isə sətirdən "lotto" sözünü çıxarıb, qalanları "Rusiya şeirinin şah əsərinə" (S.Vurğun) epiqraf seçirdi.

Sonralar illər məni birdən olmasa da, yavaş-yavaş düşündürməyə başladı, gördüm - həyatda qarşıma çıxan İblislər, Qaloşlular var. Əvvəllər  səbəbini anlamırdım, başa düşmürdüm. Nə üçün?! Sonralar ağlıma gəldi - sən demə, təvazökarlıqdan uzaq səslənməsin - "günahkar" hələ kiçikmiqyaslı bədii yaradıcılığım, az-çox ictimai fəaliyyətim... olub.  Hələ orta məktəbdə oxuduğum illərdə mətbuatda, ədəbi  orqanda şeirlərim çap olundu, iyirmi bir yaşımda "Sovet Ermənistanı" respublika qəzetinin əməkdaşı, iyirmi dörd yaşın içində olanda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, az sonra, eyni zamanda Ermənistan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Ədəbiyyatı Şurasının sədri, Teatr Cəmiyyətinin (indiki anlamda - Teatr Xadimləri İttifaqının) Rəyasət Heyətinin üzvü, SSRİ-nin, Azərbaycanın, Ermənistanın yüksək mükafatları...  Bu günün özündə də tədqiqatçılar Qərbi Azərbaycanda yaranmış 150-yə yaxın yaşı olan böyük sənət ocağımızın o dövrünü  intibah illəri, bütün Cənubi Qafqazın möhtəşəm, ən yüksək səviyyəli, peşəkar kollektivlərindən biri sayırlar. O illərdə Qərbimizdə yaranan  milli ədəbiyyatımız da inkişaf etdi, orada yaşayıb-yaradan azərbaycanlı şairlərin,  nasirlərin, publisistlərin kitabları ardıcıl nəşr edildi, geniş təbliğ olundu. Çoxlu irimiqyaslı, yaddaqalan tədbirlər həyata keçirildi. Qərbi Azərbaycan yazıçılarının əsərləri erməni mətbuatında və Bakıda müntəzəm çap olunmağa başladı. Eyni zamanda Azərbaycan ədəbiyyatının klassiklərinin, həmçinin çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərləri İrəvanda erməni dilinə çevrilərək nəşr olundu. Bütün bunlar və digər tədbirlər Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasının xəttilə həyata keçirilirdi.

O illərdə Ermənistan rəhbərliyi və ictimaiyyəti səviyyəsində Azərbaycan mədəniyyəti ilə bağlı yaddaqalan tədbirlərin hazırlanmasında və keçirilməsində fəal iştirak etmişəm. Yetmişinci illərdə Nəsiminin, Aşıq Ələsgərin, Səməd Vurğunun, İrəvan Teatrında çalışmış görkəmli aktyorların, Qərbdə təhsil sahəsində çalışmış pedaqoqlarımızın, hətta... Məşədi Əzizbəyovun... yubileylərinin yüksək səviyyədə qeyd olunmasının təşəbbüskarı olmuşam.

Bu işləri həyata keçirmək üçün Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi Yazıçılar İttifaqı, "Dövlətnəşrkom", nəşriyyatlar, Teatr Cəmiyyəti, Kitab Cəmiyyəti, başqa uyğun qurumlarla əvvəlcədən danışıqlar aparırdım, bu səviyyələrdə istəyimi  həyata keçirə bilməyəndə özüm Mərkəzi Komitəyə müraciət edirdim, onları razılaşdırırdım və... göstəriş yuxarıdan gəlirdi, beləliklə, tədbirə hazırlıq başlayırdı.

Ancaq bütün bunlarla yanaşı, İblislər, Qaloşlular, Yaqolar, Mefistofellər, Həbibralar peyda olurdular, çoxalırdılar. Saysız-hesabsız belə məkrli, qərəzli "hücumlar"dan üçünü təqdim etmək istəyirəm. Birincisi: "Burdan min atlı keçdi" roman-essemdən sətirlər düşür yada: "Mən Azərbaycan ədəbiyyatının  nümunələrinin erməni dilinə tərcüməsinin təşəbbüskarı və nəşrinin təşkilatı işləri ilə məşğul olmuşam. O illərdə İrəvanda erməni dilində çap olunan hər Azərbaycan kitabı mənim iştirakımla dünya işığına çıxıb. Hansı kitablar? Yadımda qalanlar: Nəsiminin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin (iki şeir toplusu), İsa Hüseynovun, Nəbi Xəzrinin, Elçinin, İsa İsmayılzadənin, Hidayətin və digərlərinin. Hətta 1917-1925-ci illərdə "Daşnaksütyun" millətçi-terrorçu qruplarının soydaşlarımıza qarşı törətdiyi qırğınları, təcavüzləri əks etdirən Nəzər Heydərovun "Zəngəzur dağlarında" tarixi-memuar kitabını. Bu əsərin İrəvanda nəşri Bakıdakı dostları, naşirləri, digər ziyalıları da təəccübləndirdi. Əjdər Xanbabayev mənə dedi: "Zəngəzur dağlarında"nı Bakıda çox çətinliklə nəşr edəndə lap axırda "Qlavlit" buraxmırdı, Mərkəzi Komitə, sonda isə Heydər Əlirzaoğlu işə qarışandan sonra, onun xüsusi göstərişi ilə icazə verildi".

Bəli, bütün ciddi maneələr dəf edilərək, həmin əsər İrəvanda erməni dilində nəşr edildi!

Ötən əsrin otuz-əllinci illərində erməni teatrlarında tamaşaya qoyulan Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun əsərlərindən sonra erməni səhnəsinin pərdəsi Azərbaycan dramaturgiyasının üzünə tamam "bağlanmışdı". Teatrda fəaliyyətim dövründə Mədəniyyət Nazirliyi, erməni teatrlarının direktorları, baş rejissorları ilə apardığım danışıqların nəticəsi olaraq bu "pərdə" açıldı, Erməni Akademik Milli Dram Teatrında İmran Qasımovun "Nağıl başlayanda..." dramı, Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Qafqazlı qardaş qızı" operettası, Kamo (Bəyazid) Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" pyesi və digər əsərlərimiz respublikanın bir sıra Dövlət teatrlarında səhnəyə qoyuldu... Ermənistan Televiziyası İrəvan Dövlət Azərbaycan Dram Teatrının bəzi tamaşalarını bütünlüklə nümayiş etdirməyə başladı.

Bir "maraqlı" məqamı da qeyd etməyə bilmirəm: yetmiş-səksəninci illərdə, həm Bakıda, həm İrəvanda nəşr edilən kitablarımın, mətbuatda dərc edilən orijinal yazılarım və tərcümələrimin müsbət əks-sədası bəzilərini çox narahat edirdi və bu "bəziləri" sonrakı illərəcən gəlib çıxdılar... "Sovet Ermənistanı" qəzetinin Lətif Hüseynov adlı tərcüməçisinin 1976-cı ilin yanvar ayında "Ədəbiyyat və incəsənət" qəzetinə göndərdiyi "Bədii tərcümədə xalturaya qarşı" adlı cızma-qarası bu baxımdan "xarakterikdir". Bugünkü lətiflər olmasaydı, şübhəsiz, o Lətifi bu kitabda  xatırlamağa dəyməzdi.

Lakin...

Lətifin məqaləsində ilk abzas (yazdığı kimi təqdim olunur): "L.İ.Brejnev yoldaş onuncu beşilliyi keyfiyyət beşilliyi adlandırmışdır. Bu yalnız maddi istehsal sahəsinə deyil, eyni zamanda həyatımızın bütün sahələrinə, o cümlədən, bədii yaradıcılığa aiddir. Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, mətbuatımızda bəzən bədii cəhətdən dəyərsiz yazılara, hətta xalturaya rast gəlirik". Başqa abzas: "Hidayət "Sovet Ermənistanı?" qəzetinin 1975-ci il 27 sentyabr tarixli nömrəsində Avetik İsahakyandan "Lirik şeirlər" tərcümə etmişdir. (?) Üzdəniraq bu tərcümələr oxucuda təəssüf və ikrah əmələ gətirir. Axı, Avetik İsahakyan, nəinki şair-filosof, böyük lirikdir. Onun özünəməxsus bədii manerası, təkrarolunmaz poetik məziyyətləri vardır. A.İsahakyanın şeirləri mahnı kimi xüsusi ahəngə, ölçü-biçiyə, daxili dinamikaya, fəlsəfi yığcamlığa, poetik vüsətə malikdir, doğrudan-doğruya melodiyadır (təranədir - H.). Hidayətin tərcüməsində isə bunların heç biri yoxdur. Bədii tərcümədə belə xamlıq ancaq gənclik həvəsindən və məsuliyyətsizlikdən irəli gələ bilər". Son iki abzas: "Yox, bunlar böyük lirik Avetik İsahakyanın şeirləri deyil, onun böyük adına böhtandır, onu hörmətdən salmaqdır. Şeir ustadı olan, buna görə də "Varpet" şöhrəti qazanan Avetik İsahakyanın ədəbi irsinə və xatirəsinə belə münasibət, hörmətsizlik onun anadan olmasının 100 illik yubiley təntənələrində xüsusilə dözülməzdir.

Bəli, bu bədii tərcümə pərdəsi altında xalturaçılıqdır. Belə xalturaya qəzet səhifələrində yol vermək, xalqın pulunu sərf etmək (?) ikiqat cinayətdir. Onuncu beşillikdə maddi istehsal sahəsində olduğu kimi, ədəbiyyat sahəsində də keyfiyyət uğrunda mübarizə aparmalıyıq.

13.01.1976-cı il. Lətif Hüseynov".

Sözü düşmüşkən - həmin tərcümələr Bakıda, "Azərnəşr"də nəşr olunan Avetik İsahakyanın seçilmiş əsərlərinə daxil edildi və çox yüksək dəyərləndirildi. Məqsədim ədəbiyyatla, bədii sənətlə heç bir əlaqəsi olmayan o primitiv, ibtidai düşüncələrə cavab vermək deyil, o illərdə də mənə qarşı paxıllıq, qısqanclıq hisslərini cilovlaya bilməyən üzdəniraqların mövcud olduqlarını diqqətə çatdırmaqdır. "L.İ.Brejnev yoldaş", "Onuncu beşillik" A.İsahakyanın şeirlərinin tərcüməsi ilə nə dərəcədə əlaqəlidir? Lətif Gəncədə qəzet redaktorunun müavini işləyəndə maliyyə mənimsəmələri üstündə həbs olunmuşdu, Kommunist Partiyası sıralarından qovulmuşdu, türmədə yatmişdi. Həbsdən çıxandan sonra daha Gəncədə qala bilməyib, İrəvana gəlmişdi. Kommunist Partiyasına da, "L.İ.Brejnev yoldaşa" da, "Onuncu beşilliy"ə də nifrət edirdi. Ancaq onda, Hidayətin gördüyü xeyirxah işlərə ləkə salmaq üçün Baş katibə, onuncu beşilliyə söykənmək istəyirdi.

Digər tərəfdən - Hidayəti gözdən salmaq üçün bildiyi dahilik göstəricisi ifadələrini - bütün təşbehləri ("nəhəng şair-filosof", "böyük lirik", "özünəməxsus bədii manerası", "təkrarolunmaz poetik xüsusiyyətləri", "mahnı kimi xüsusi ahəng", "fəlsəfi yığcamlığa, poetik vüsətə malik, doğrudan-doğruya melodiya", "şeir ustadı", "Varpet" ("varpet" də erməni dilində elə "ustad" deməkdir. - H.) şöhrəti qazanan...") erməni şairinə yağdırırdı.

Gənc Sabir Rüstəmxanlının - "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdirinin L.Hüseynova məntiqli və təmkinli cavab məktubu yetmiş yaşını haqlayan kişinin yaddaşında "vicdan dərsi?" kimi qalmalıydı:

"Hörmətli Lətif Hüseynov!

Avetik İsahakyandan Hidayətin - gənc müəllifin orijinaldan çevirdiyi bu şeirlərdə İsahakyan poeziyasının ruhu və sənətkarlıq xüsusiyyətləri yaxşı saxlanılmışdır. Buna görə də tərcüməçinin bu xeyirxah niyyətinə sizin münasibətinizlə redaksiya şərik ola bilmədi.

15.03.1976. Şöbə müdiri: Sabir Rüstəmxanlı".

İkinci məqam: yenə "Burdan min atlı keçdi"dən sətirlər: O illərin başqa bir acı həqiqəti: 1978-ci ildə, 34 yaşın içində olanda mənə "Ermənistan SSR Əməkdar Mədəniyyət xadimi" fəxri adı veriləndə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini, əvvəllər Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi, sonralar uzun illər Mərkəzi Komitədə təlimatçı işləmiş Cümşüd Sultanov qərəzini, hirsini heç nə ilə soyuda bilməyib, Mərkəzi Komitənin Mədəniyyət Şöbəsinin müdiri Qurgen Arakelyanın yanına gedib üsyankarcasına: "Siz nə edibsiniz? Hidayət millətçidir, qatı türkçüdür. Ona o boyda ad vermək olar? O ad elə böyükdür - son 10-15 ildə heç kimə verilmirdi. Birdən-birə nə oldu?"

Qurgen Arakelyan ixtisasca jurnalist idi, "Pravda"nın Ermənistan üzrə xüsusi müxbiri olmuşdu. Məni o vaxtlardan tanıyırdı. Yüksək fəxri ad alan kimi əhvali-ruhiyyəmi pozmamaq üçün əvvəlcə özü mənə heç nə demədi. Amma Cümşüd kişinin sözü ona elə yer eləmişdi - "Sovet Ermənistanı" qəzetinin məsul katibi İsrafil Məmmədovu dəvət edib (redaktor Məhərrəm Bayramov məzuniyyətdəydi, təbrik teleqramını mənə Qara Dəniz sahillərindən göndərmişdi) ona söyləmişdi: "Bu, nə dəhşətli adamdır, elə insana belə sözlər..."

İllər ötəndən sonra özü də mənə dedi, ancaq acı təəccübünü hələ də gizlədə bilmirdi. Cümşüd kişi mənə fəxri ad veriləcəyini əvvəlcədən bilsəydi, gör, nə oyunlardan çıxardı.

O, irəvanlı deyildi, deyəsən - uşaqlıqdan mühiti onu belə ermənipərəst edib, əslində   elə irəvanlıya rast gəlməmişdim. Şərurdan gəlmişdi (şərurlulardan da, bütün naxçıvanlılardan da beləsinə rast gəlməmişəm), müharibədən sonra, İrəvanda erməni ilə evlənmişdi, qızlarını ermənilərə ərə vermişdi (Qərbi Azərbaycanda bu, çox nadir hadisələrdəndi), oğluna erməni almışdı. Bir fakt isə heç gözlərimin qabağından getmir: oğlu "Leçkomissiya"nın poliklinikasında həkim idi. Qapısında yazdırmışdı: "Sultanyan..." Amma hamı ona "Sultanov" deyirdi.

Cümşüd kişini çoxdan tanıyırdım - Mərkəzi Komitədə işlədiyi illərdən,                üz-üzə gəlmişdik, hərdən ünsiyyətdə olmuşduq. Onda azərbaycançılıqdan əsər-əlamət tapmaq mümkün deyildi.

Və... yeganə azərbaycanlı idi - öləndə erməni qəbiristanında, Qriqoryan kilsəsinin qaydaları ilə basdırdılar. Belə adamlarla elə mühitdə işləməli olmuşdum..."

Mənə yüksək fəxri ad verilməsi erməni yazıçılarını da dilə gətirmişdi: "Hidayətə Əməkdar Mədəniyyət xadimi verdiniz, bəs biz? "Turka" (oxuyun: türkə! (H) Əməkdar Mədəniyyət  xadimi verdiniz, bəs biz?" - söylənənlər də vardı.

Əlbəttə, erməni rəsmiləri bu barədə mənə heç nə demirdilər, amma qulağıma çatırdı. İnsafən, erməni millətçilərindən kimsə soruşmurdu ki, "turka" o adı niyə verdiniz? " Soruşurdular: "Bəs biz?" Cümşüd isə...

Yeri gəlmişkən, həmin ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərlik etdiyi Mərkəzi Komitənin Bürosunun qərarı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı - o vaxtlarda ölkəmizin ən yüksək mükafatı ilə təltif olundum. "Xoşbaxtlıq"dan Cümşüdlərin əlləri Bakıya gəlib çatmırdı (çatsaydı, nə çıxacaqdı?).

Bu yaxınlarda onun adını mətbuatda görəndə acı-acı təəccübləndim: son illərdə Qərbi Azərbaycandan çox şey yazan bir müəllif onun adını "Sovet Ermənistanı" qəzetində çalışmış peşəkar jurnalistlər sırasında vermişdir. "Burdan min atlı keçdi"də dediyim kimi - Cümşüd Sultanov jurnalist deyildi,  Kommunist Partiyasının funksioneri olmuşdu, pensiya yaşı çatanda uşaqlıqda azərbaycanlı olduğu yadına düşmüşdü, Mərkəzi Komitədən xahiş etmişdi ki, onu pənah aparacağı yeganə yer kimi "Sovet Ermənistanı"na göndərsinlər - başını qatmaq, maaş alıb dolanmaq üçün. Azərbaycan dilini də yaxşı bilmirdi. O müəllif Cümşüdün "Sovet Ermənistanı"nda işlədiyi müddətdə imzasıyla çap olunmuş bir məqalə demirəm, kiçik informasiya belə  tapa bilməz.

Üçüncü məqamdan da "hücum". Tutduğu vəzifədə cəmisi bir il işləmiş, həllinə neçə illik problemlər yaratmış keçmiş direktor və həndəvərindəkilər teatrın böyük uğurlarını qısqanclıqdan, köhnə əyyamlara qayıdış ehtirasından gələn eybəcər cəhdlərindən çəkinməyərək uzun illər boyunca dəridən-qabıqdan çıxırdılar. Heç nə edə bilmədiklərini görüb erməni şovinistlərinə yarınaraq yeni hiyləyə əl atdılar: Hidayəti necə uzaqlaşdırmaq olardı teatrın direktor kürsüsündən? Onun yerinə erməni təklif etmək! Masisdə (Zəngibasarda) qısa zamanda mədəniyyət evinin müdiri işləmiş Çılpaxyanı təklif etmək.  Qısa "arayış": 1952-ci ildə Dövlət Azərbaycan Teatrı bağlanandan sonra o mədəniyyət evində peşəkarlıqdan uzaq, zəif Azərbaycan Xalq Teatrı fəaliyyət göstərmişdi və Çılpaxyan deyilənin Xalq Teatrı ilə heç təşkilatçılıq və yaradıcılıq əlaqəsi olmamışdı. Əsas "göstərcisi" o idi ki, erməniydi və erməni şovinistlərinin xoşu gələcəkdi.

Hansı erməni istəyərdi ki, İrəvanda yüksək, peşəkar səviyyəli Azərbaycan teatrı olsun? Baş sındırdılar, uyğun vəzifəlilərin qapılarını döydülər və... bu xəbər hardansa teatra da gəlib çıxdı. Bir səhnə vurğunu, istedadlı aktrisa, sonralar xalq artisti bu xəbəri eşidəndə elə təəccübləndi ki, öz leksikonu ilə qətiyyən bir araya sığmayan ifadə qopdu dilindən: "Lipçikyan?" Bu söz bir saatda bütün teatra yayıldı. Sonra məlum oldu ki, teatrın divarlarını tez "yarıb keçib": iki gün sonra tamam başqa məsələlər ilə bağlı Mədəniyyət naziri ilə görüşəndə söhbətimizin sonunda gülə-gülə, istehza ilə soruşdu: "Lipçikyan necəd ...ir? Ha-ha-ha..."

Bir həftə ötdü, Mərkəzi Komitənin Mədəniyyət Şöbəsinin müdiri ilə yenə tamam başqa məsələlərlə bağlı telefonla danışanda  da aktrisanın ayaması unudulmadı: "Lipçikyan necə oldu? Ha-ha-ha..."

"Lipçikyanın təşəbbüskarları"nın yerinə xəcalət çəkirdim: ermənilər gülürdülər.

Belə İblislərə, Qaloşlulara, əlbəttə, cavab vermirdim, münasibət bildirmirdim, barələrində düşünmürdüm. Onlar yalnız qarşıma çıxanda yadıma düşürdü ki, yer üzündə belə məxluqlar var... Ancaq misralar yazılırdı, şair atasından, anasından gizlətdiyini kağızdan, qələmdən gizlədə bilmir. Axı, İblislik, Qaloşluluq ...yayıldıqca  Qərbi Azərbaycandakı soydaşlarımıza yeni problemlər yaranırdı...

 

Məni sevməyən kəs...

 

Məni sevməyən kəs, gəl, batma yasa,

Yayda qış tapılmaz, qışda - ilk bahar.

Hərdənbir xatırla: bu gün hardasa

Neytron bombası kəşf edən də var.

 

Bir sözüm xoşuna gəlməyib?

Olar!

Yoxsa, misram uçub, gözünü deşib?

Yoxsa, "təsadüfi" "səyyah" bombalar

Günahsız Beyrutun üstünə düşüb?

 

Qüsur axtarırsan hər bir sətrimdə,

Adi addımımda, söz qanadımda.

Qüsur axtarırsan alın tərimdə,

Gəzdiyim torpaqda, quru adımda...

 

Zərrəcə uğurum dağ gəlib sənə,

Riyan  tufan olub, sinəndə əsib:

Paxıllıq divləri girib qəlbinə,

Xeyirxah nə varsa - kökünü kəsib.

 

Neçə dırnaq tökdün yol aza-aza,

Çox qəzet oxudun, amma nə qandın?

Ulduzdan dedimsə - məni ulduza,

Səndən danışdımsa, sənə qısqandın!

 

Gözünün qarası -

ilan yuvası,

Ağı - sarı şeytan bazarı kimi!

Kədərin - qoca-qoca bir əyyaş yası,

Sevincin - təlxəyin azarı kimi...

 

Ana bətnindəykən bəs necə idin?

İllər dalda qaldı, ömür də yarı...

Varını, yoxunu mənə xərclədin,

Öz adın yadında qalıbmı, barı?

 

Bu yarı ömründə bircə ünvan var:

Həyatın, baxışın mənə zilləndi,

Gün gələr, görərsən, səpələndi qar,

Xəlbirdən irəli ələk ələndi...

 

Demirəm, günahım yoxdur zərrəcə,

Demirəm, yarımdır yalnız ilk bahar.

Deyirəm, a nadan, Yer kürəsində

Neytron bombası kəşf edən də var...

 

1982

 

İrəvanda (Bütöv Qərbi Azərbaycanı demirəm hələ) "Sovet Ermənistanı" qəzetində, Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında, Pedaqoji İnstitutun Azərbaycan bölməsində, Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda, məktəblərimizdə və digər təşkilatlarda minlərlə ləyaqətli, milli qeyrətli soydaşlarımız çalışırdılar. Amma təəssüf ki, İblislərdən, Qaloşlulardan xali deyildik. Erməni şovinizmi azmış kimi sayca çox az olsalar da, belələri də soydaşlarımıza problemlər yaratmağa cəhd edirdilər.

İndiki cavan nəsil o münasibəti görməyib:  dövlət qurumlarına ünvanlanan imzasız məktublar uzun on illər boyu insanları şoka salırdı, infarkt edirdi, ömürlərini qısaldırdı. Hərdən mən də elə imzasız ("imzası" - şər, böhtan) məktubların "qəhrəmanı" olurdum. Cavabım yenə misralar ilə idi.

 

İmzasız böhtançıya

imzalı cavab

 

Düşübdür dalımca qara niyyətin,

Gecəli-gündüzlü izlərsən məni.

Odumda saralar şeytan gözlərin,

Zülmətli yollarda gözlərsən məni.

 

Səntək çox nadürüst çıxıb qarşıma,

Üzümə dəyibdir min tufan, ayaz.

Çiçəkli yazıma, qarlı qışıma

Mən nəğmələr deyim, sən anonim yaz:

 

Mənim hər şeirimin başında adım,

Misramda - ürəyim, qolum, qanadım!

Sən gizlə adını, sözünü dəyiş,

Gözünü, cildini, özünü dəyiş!

 

Mənə qanad versin zirvə, göy, həyat,

Duyum hər kəlmənin, sözün yerini.

Sənsə, quyuların dibində "yarat"

Anonim "janrında"  "şah əsərini ".

 

Hər güldən min nəğmə alım bir ağız,

Şeirim ürəklərdə dinsin, döyünsün.

Səninsə, yazdığın imzasız kağız

Tozlu qovluqlarda yetim görünsün.

 

Məndən xoşun gəlmir? Neynək, İnsanın

Vardır öz yaxşısı, öz yamanı da...

Bəs niyə, de, bütün yazdıqlarının

Mövzusu da mənəm,  qəhrəmanı da?!

 

Mənim yolum-izim - üfüqə doğru,

Sözüm dilindədir hər sevən kəsin.

Barı, elə et ki, a bədbəxt oğlu,

El səni sağ ikən ölmüş bilməsin.

 

Yaxşılıq, sədaqət - qəlbimə ilk yar,

Eşqim ürəyimdə al şərab içər.

Atalardan qalma bir kəlam da var:

Deyirlər: "it hürər, karvanlar keçər".

R.S.

Növbəti məktubun, imzasız böhtan,

Qoy, imzalı olsun bir yol, nəhayət.

Mənə sözün varsa, buyur, hər zaman

Ünvanım - bu kitab, adım  - Hidayət.

 

1974

 

Yaxud    ondan bir il sonra bir səhər çağı avtomobildə Göyçəyə gedərkən yazılan misralar:

 

Özün nə yazıbsan?

Bilinmir hələ...

Başqası nə yazsa - ona tənəsən,

Gedib çatmasa da bir misran elə,

"Əmma" çıxarmağa bircə dənəsən.

 

Bəlkə ağ yalandır öz həyatın da?

Bəlkə laylalar da nahaq deyilib?

Bəlkə elə Nobel mükafatı da

Fizik Landauya səhvən verilib?!

İncimə, bir az da vaxtını alsam,

Bu bəndi həmişə yada salarsan:

Mən hansı tarixdə kosmonavt olsam,

Sən elə həmin gün şair olarsan.

 

29 noyabr, 1975

 

Gənclik illərimdə uzun müddət bir sual üstündə baş sındırırdım. Yaqoya belə  dəhşətlər, faciə, cinayət törətmək istəyi hardan gəlib? Cavabını tapmırdım. Sonralar  da Şekspir  sehrindən çıxa bilmədim, incilərindən birini ("Sonu yaxşı olan hər iş yaxşıdır") dilimizə çevirdim. İrəvan Dövlət Azərbaycan Dram Teatrında uğurla tamaşaya qoyuldu - Ümumittifaq Şekspir festivalında nümayiş olundu və  yüksək dəyərləndirildi, Bakıda "Dünya ədəbiyyatı kitabxanasında" nəşr edildi, əsərlərinə Şərqin, Qərbin ünlü sənətkarlarının ifasında baxdım, haqqında çox oxudum, görkəmli Şekspirşünaslarla görüşdüm və mənə... məlum oldu ki, heç bir səbəb yoxdur, sadəcə, o əclafın xisləti beləymiş! Mefistofel, Həbibra, Salyeri, İblis, Qaloşlu da, həmçinin! Deməli, həllolunmaz problem xislətdəymiş!

Antonino Salyeri (1750-1825) zəmanəsinin istedadlı bəstəkarı imiş, qırxdan çox operanın, saysız-hesabsız instrumental və vokal əsərlərin müəllifi, "Avropanı fəth edən" adlandırılan sənətkar idi. Söz düşmüşkən, 1997-ci ildə keçirilən məhkəmə Salyerinin Motsartın ölümündə  iştirakını rədd etdi. Aleksandr Puşkinin "Kiçik faciə"sindəki Salyeri, sadəcə, bədii qəhrəmanının adı oldu. Onu da qeyd etmək lazımdır ki, bəzi ölkələrdə, o sırada Rusiyada Motsartı guya bəstəkar Salyeri zəhərlədiyi barədə versiyalar yayılmışdı. İstedadlı adam elə cinayət törədə, Puşkinin o qəhrəmanının prototipi  ola bilməzdi.

Daha dəqiq desək - faciədəki Salyeri Puşkinin yaratdığı obrazdır. Tarixdəki Antonino Salyeri ilə əlaqəsizdir. Mənim üstünə düşdüklərim içində bircə nəfər də olsun, istedadlı adam tapmaq mümkün deyil. Hamısı artıq bu yazıda xatırlanan Cümşüd Sultanov, Lətif Hüseynov, "Lipçikyan təşəbbüskarları" kimilərdir. Hamısı işlədikləri təşkilatın kiçik otağından, dar və qısa dəhlizindən başqa heç yeri görə bilməyən, harasa çıxmağa, millət naminə iş görməyə qadir olmayan məxluqlardır. Bu İblislər, Qaloşlular 1988-89-cu illərdə erməni təcavüzkarları tərəfindən doğma yurdlarından, ata-baba ocaqlarından, ev-eşiklərindən tarixdə görünməmiş vəhşiliklə, faşistcəsinə qovulandan sonra öz başlarına gəlmiş müsibətləri yazmağa, dünyaya çatdırmağa da qeyrətləri, qabiliyyətləri çatmadı.

Mən soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu və ən dəhşətli deportasiyasından öncə o istedadsız qısqancları, paxılları görür və yazırdım.

Sonra Bakıda da İblislər, Qaloşlular çıxdılar qabağıma, fikir vermədim, İrəvandakı kimi öz yolumla getdim, bu gün də eləyəm.

Ancaq uzun illər siyasi, diplomatik vəzifələrdə çalışanda hakimiyyət kabinetlərində əyləşmiş, dəhlizləri ilə addımlayan səlahiyyətli anti-milli İblislər, Qaloşlular yolumu kəsmək üçün nəyə desən, əl atdılar. Ulu öndərim Heydər Əliyev, möhtərəm Prezidentim İlham Əliyev məni qorudular.

Yeni İblislər, Qaloşlular ədəbiyyatımızda inikasını tapmalıdır, cəmiyyətimizi daha da saflaşdırmaq, xalqımızı, insanlığı, dünyanı bəd xislətlərdən qorumaqdan yana.

Nə üçün onlarda... Yaqo, Mefistofel, Həbibra, Salyeri... Bəs bizdə?

Bu sətirlər başa çatanda yadıma düşdü - Viktor Hüqo "Büq Jaqal"ı 16 yaşında olanda yazıb, amma risk edib nəşr etdirməyib, illər ötəndən - görkəmli yazıçı olandan sonra yenidən oxuyub, əlyazmasının ədəbi inci olduğuna inanıb və bir sözünə də dəymədən çapa verib. Hələ 16 yaşında olanda da yaramaz, cani cırtdan Həbibranın fransız və ya ümumiyyətlə qərbli olmasını "şanına" sığışdırmayıb - onu Afrika kökənli kimi təqdim edib. Viktor Hüqo guya fransızların elə Həbibranın tarixi Vətənində   Afrikada törətdikləri soyqırımılardan, müsibətlərdən  xəbərsizmiş.  Bəs bu gün? Qatı şovinist-cinayətkar Ermənistanı dəstəkləməklə,  Müdafiə nazirini İrəvana işğalçılıq dərsi keçməyə göndərməklə, hətta qatı təcavüzkar ölkəyə arınmaz-arınmaz silah ötürməklə... onlarla  o Həbibranın nə fərqi var?! Ancaq  Həbibra yaranıb və milyardlarla insanın nifrətini "qazanıb", çoxlarını cinayət törətməkdən çəkindirib.

Bəs bizdə - İblis! Qaloşlu? - vurğuladım, sual etdim: az deyil?

Əgər bizdə   Azərbaycanda həyatda prototip Həbibra tapılmırsa, yaradacağımız obrazın fransız kökənli olmasını rahatca, əsaslı məntiqlə təqdim edə bilərik.

 

24 fevral, 2024

 

 

 

 

 

 


[1] Romeo - V.Şeksprin "Romeo və Culyetta" faciəsinin surəti

 

[2] Yaqo - V.Şeksprin "Otello" faciəsinin surəti

[3] Verter- İ.Hötenin "Gənc Verterin iztirabları" romanının surəti

 

[4] Peçorin - M.Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestinin surəti

[5] Bela- M.Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestinin surəti

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!