Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə ön söz - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun müəllifi olduğu "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan lüğətçiliyi tarixində keyfiyyətcə yeni hadisədir. Və həmin yeniliyin elmi-metodoloji əsasları barədə bəhs etməzdən əvvəl Lüğətin yaranma tarixçəsini nəzərdən keçirək.

Dövlət Tərcümə Mərkəzi 2017-ci ildə uzun illərin iş təcrübəsindən, linqvistik-üslubi müşahidə və araşdırmalardan irəli gələrək ilk orfoqrafiya vəsaitini - "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü"nü ərsəyə gətirdi. Sözlük son illərin (2004, 2013-cü illərin) orfoqrafiya lüğətlərinə alternativ olaraq hazırlanmış, kitabın ön sözündə bu barədə yığcam məlumat verilmişdi. Afaq Məsudun rəhbərliyi ilə lüğət yaradıcılığı işini getdikcə daha da genişləndirən Tərcümə Mərkəzi 2020-ci ildə həmin Sözlük əsasında təkmilləşdirilmiş növbəti nəşrini - "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni gerçəkləşdirdi.

Lüğət ön sözdə öz missiyasını aşağıdakı şəkildə bəyan edir:

"Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Dilimizin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

...Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vasitələrin, başlıca olaraq mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır".

Mərkəz bu nəşrdən sonra da orfoqrafiya lüğəti üzərində aparılan təkmilləşdirilmə işini davam etdirməklə kifayətlənmədi, əvvəlki lüğətlərdə buraxılmış çoxsaylı qüsur və xətaların müəyyən edilməsi niyyəti ilə ciddi metodiki prinsiplər əsasında ayarlama işi apardı ki, bu da öz əksini 2022-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılan sözlərin təsnifatı" adlı kitabda tapdı. Daxili istifadə üçün nəzərdə tutulmuş kitab Nəsimi adına Dilçilik İnstitutunun 2004, 2013 və 2021-ci illərdə hazırladığı orfoqrafiya lüğətlərində aşkar edilmiş qüsurların müfəssəl təsnifini əks etdirir.

Təəssüf doğuran hal, Dilçilik İnstitutuna məxsus orfoqrafiya lüğətlərinin nəinki 5-ci (2004), 6-cı (2013), hətta Tərcümə Mərkəzinin kəskin tənqidi iradlarından sonra işıq üzü görmüş 7-ci (2021) nəşrində aşkarlanmış eyni qüsurların aydın şəkildə müşahidə olunan inersiyasında qalmasıdır. Bu isə onu göstərir ki, həmin nəşrlərin müəllif kollektivi artıq adət halını almış tərtib texnikasından kənara çıxmaq, müasir tələblərə cavab verəcək mükəmməl lüğət modeli yaratmaq iqtidarında deyil.

Mərkəzin 2023-cü ildə ərsəyə gətirdiyi orfoqrafiya lüğətinin geniş ictimaiyyətə təqdim olunan yeni və daha mükəmməl nəşri üç nəzəri-metodoloji fundamentə əsaslanır ki, onlardan birincisi - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin (və Onun qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin) həyata keçirdiyi dil siyasətidir. Həmin siyasət zəngin tarixi ənənələri olan Azərbaycan dilini həm qorumağın, həm də böyük bir xalqın mənəvi sərvəti olaraq inkişaf etdirməyin ideoloji prinsiplərini müəyyənləşdirmişdir. Əgər sözügedən dil siyasəti istər ölkədə, istərsə də onun hüdudlarından kənarda (xüsusilə dünya azərbaycanlıları arasında) böyük uğurlar qazanmasaydı, belə bir təkmil Lüğət yaratmaq barədə ideya da, yəqin ki, meydana çıxmazdı.

İkinci fundament - dil haqqında elmin ümumən söz nəzəriyyəsi, eləcə də sözlük (lüğət) tərtib etmək metodları, üsulları barədə kifayət qədər mükəmməl qənaətlərdir ki, hazırkı nəşrdə həmin qənaətlər analitik təhlildən keçirilərək rəhbər tutulmuşdur.

Nəhayət, üçüncü fundament - Azərbaycanda orfoqrafiya lüğətçiliyinin heç də az zəngin olmayan ənənəsidir. Lakin 1920-ci illərin ciddi elmi-dilçilik müzakirələri əsasında tərtib olunmuş ilk orfoqrafiya lüğəti olan "İmla lüğəti"nin (1929) xeyli dərəcədə mükəmməl təcrübəsi sonrakı dövrlərdə həm siyasi rejimin təsirindən irəli gələn obyektiv, həm də peşəkarlıq səviyyəsinin aşağı düşməsinin, yaxud laqeydliyin nəticəsi olan subyektiv səbəblərdən, çox təəssüf ki, inkişafdan qalmışdır.

Görkəmli söz ustası Afaq Məsudun müəllifi olduğu yeni orfoqrafiya lüğətinin əsaslandığı nəzəri-metodoloji fundamentlər görülən dil yaradıcılığı işinin həm miqyasını, həm də keyfiyyətini parlaq şəkildə əks etdirir.

 

***

Azərbaycan xalqı siyasi müstəqillik əldə etdikdən sonra ölkədə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dövlət quruculuğu hərəkatının üzvi tərkib hissəsi olaraq dil quruculuğu müxtəlif aspektlərdən çox mühüm bir sahə kimi ön plana çıxmış, ciddi ictimai, siyasi və mədəni müzakirələrin predmetinə çevrilmişdir. Ümummilli Liderin dil siyasətində üç aparıcı tendensiya diqqəti xüsusilə cəlb edir:

1) Azərbaycan dilinin Azərbaycan Respublikasında hüquqi (konstitusion) baxımdan dövlət dili səviyyəsinə yüksəldilməsi;

2) ölkə daxilində dövlət dilinin işlənməsinin müasir tələblərə cavab verməsi üçün zəruri tədbirlərin görülməsi;

3) beynəlxalq miqyasda (o cümlədən dünya azərbaycanlıları arasında) Azərbaycan dilinin təbliği.

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində milli dövlət (və dil) quruculuğuna səriştəsiz, populist və hətta avantürist mövqedən yanaşan bir sıra qüvvələrin təhriki ilə mövcud tarixi ənənələrə sayğısızlıq göstərilmiş, dövlət dilinin Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında əksini tapmış adı heç bir əsas olmadan "türk dili" adı ilə əvəzlənmişdi. Bu isə, əlbəttə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda haqlı etirazlar doğurmaqda idi. 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsi hazırlanarkən Azərbaycan Prezidentinin təklifi ilə dövlət dili haqqındakı maddə ümumxalq səsverməsinə ayrıca qoyularaq qəbul edildi ki, həmin maddədə "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəası təsbit olunur.

Müstəqilliyini yeni əldə etmiş dövlətin üz-üzə qaldığı siyasi, sosial-iqtisadi çətinliklərə rəğmən, Ümummilli Lider Azərbaycan dilinin Azərbaycan cəmiyyətində, xüsusilə onun, müəyyən mənada, "yuxarı təbəqə"sini təşkil etmək iddiasında olmuş rusdilli əhali arasında mövqeyinin yüksəlməsi üçün həlledici tədbirlər gördü. Sovet dövründə uzun illər dövlət idarələrində çalışmış, Azərbaycan dilini yaxşı bilməyən mütəxəssislərin tədricən Azərbaycan dilini mənimsəməsini müxtəlif çıxışlarında Prezident yalnız rəsmi yox, şəxsi nüfuzundan da istifadə etməklə ardıcıl tələb edir, vaxtilə ümumittifaq miqyaslı sahələrdə - hərbidə, nəqliyyatda, hüquq-mühafizə orqanlarında, beynəlxalq münasibətlərdə və s.-də milli dilin işlədilməsini sürətləndirəcək layihələr həyata keçirirdi. Zəngin idarəçilik təcrübəsi olan dövlət adamının yeni Konstitusiyanın qəbulundan sonrakı müxtəlif xarakterli görüşlərində - orta məktəblərdən başlamış xaricdəki diaspor təşkilatlarına qədər - dil məsələsi həmişə əsas müzakirə mövzularından biri olmuşdur ki, bu zaman Heydər Əliyev hər bir vətəndaşın öz dövlət dilini dərindən bilməsinin zərurətini əsaslandırırdı. Və göstərirdi ki, insan gərək müasir dünyanın inkişaf etmiş dillərini öyrənsin, ancaq birinci növbədə, ana dilini, dövlət dilini bilməlidir.

Azərbaycan yazıçılarının 1997-ci ilin oktyabrında keçirilən X qurultayındakı (bu, müstəqillik dövrünün ilk qurultayı idi) məşhur nitqində Ulu Öndərin dediyi sözlər Onun Azərbaycan dili barədəki təsəvvürlərinin fəlsəfi mahiyyətini aydın göstərir:

"Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var... Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət - xalq, millət ola bilməz". Və o da çox əlamətdar, eyni zamanda Ulu Öndərin dil siyasətinin perspektivlərinin nədən ibarət olmasını anlamaq baxımından əhəmiyyətlidir ki, əlavə olaraq tövsiyə etmişdir:

"Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər".

Əlbəttə, hər nə qədər sevimli, hər nə qədər doğma və qürurverici olsa da, ana dili, dövlət dili heç bir dilin timsalında müasir dünyanın intellektual mənzərəsini bütünlüklə əks etdirə bilməz. Ulu Öndər xüsusilə gənclərin xarici (təbii ki, ilk növbədə, beynəlxalq) dilləri mütləq öyrənmələrini tövsiyə edərkən onların müasir elmləri mənimsəmə imkanlarının genişlənməsi, dünya ilə daha sıx əlaqələrə girmək maraqlarının təmin olunması ilə yanaşı, onu da nəzərdə tuturdu ki, inkişaf etmiş dillərin mühitinə nüfuz edən hər kəs öz milli dil təfəkkürünü də zənginləşdirir, ana dilində daha məntiqli, daha obrazlı, daha təsirli danışmaq, yazmaq üsulları qazanır. Və əgər belə demək mümkünsə, həmişə "daxili"ndə olduğu dilə "xaric"dən də baxmaq imkanı əldə edir.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanı, heç şübhəsiz, Azərbaycan dilinin bütün tarixində, ilk növbədə, ona görə qeyri-adi bir hadisədir ki, dilə elmi münasibətlə siyasi münasibət bir-birini tamamlayır, eyni zamanda hər iki cəhət müstəqil dövlət quruculuğu ideallarının təzahürü olan milli təəssübkeşliklə həmahəng çıxış edir:

"Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.

...Qədim və zəngin tarixə malik türk dili ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır.

...Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür".

"Kitabi-Dədə Qorqud"u Azərbaycan yazılı dilinin səciyyəvi nümunəsi olaraq təqdim edən fərmanda göstərilir ki, "həm eposun, həm də "Kitab"ın "meydana çıxması üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi". Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi... xətti ilə inkişaf edən, zəngin diferensial üslubi maneralar nümayiş etdirən Azərbaycan ədəbi dilinin XVII-XVIII əsrlərdə xəlqiləşdiyini, demokratikləşdiyini xatırlatdıqdan sonra fərman XIX əsrdən başlayan funksional üslub təzahürləri, terminoloji yeniləşmə, ana dili tədrisinin genişlənməsi kimi məsələlərə toxunur, XX əsrin əvvəllərindəki ədəbi dil müzakirələri, mübahisələri barədə bəhs edir. Və ümumiyyətlə, bu son dərəcə mükəmməl rəsmi sənəd Azərbaycan ədəbi dili tarixinin ayrı-ayrı dövrləri, mərhələləri haqqındakı təsəvvürləri vahid bir məcrada nəzərdən keçirməyin klassik örnəyi sayıla bilər.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Prezident fərmanının tarixi əhəmiyyətini müəyyən edən cəhətlərdən biri də odur ki, sənəddə Azərbaycan dilinin bir sıra problemləri sadalanmış, onların aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunmuşdur. "Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları" olduğu göstəriləndən sonra təəssüflə etiraf edilir ki, "ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mənəvi inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur... Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir..."

Sovet dövrü ilə müqayisədə Azərbaycan dilçiliyinin irəli getmək əvəzinə, geri qalması barədə narahatlıq ifadə olunması, əlbəttə, o illərdəki kimi bu gün də az düşündürücü deyil:

"Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır".

Fərmanda dövrün Azərbaycan dili ilə bilavasitə bağlı olan ən aktual probleminə geniş yer ayrılması, şübhəsiz ki, təbii idi. Yüz illər boyu istifadə edilmiş ərəb əlifbasını xüsusilə XIX əsrdən etibarən Azərbaycanın görkəmli ziyalıları artıq kəskin şəkildə tənqid eləməyə başlamışdılar. Odur ki, XX əsrin 20-ci illərində yalnız Azərbaycanda deyil, bütün türk dünyasında latın əsaslı əlifbaya keçid prosesi kifayət qədər uğurla başa çatdı. Lakin 30-cu illərin sonlarında sovet rejimi türk xalqlarını məcbur elədi ki, latından kirilə keçsinlər. Əlifbanın bu cür tez-tez dəyişməsi isə nəsillər arasındakı əlaqələrin qırılmasına gətirib çıxarmaya bilməzdi. Bununla belə, etiraf etmək lazımdır ki, artıq müstəqilliyinə qovuşmuş türk xalqlarının, o cümlədən azərbaycanlıların latına qayıdışı bir sıra baxımlardan zəruri idi. Və odur ki, Azərbaycan Prezidentinin fərmanında deyilir:

"Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir".

Mövcud vəziyyət bundan ibarət idi ki, latın əlifbasına keçidin on ilə qədər uzanması cəmiyyətdə müəyyən çaşqınlıqlar yaradır, destruktiv qüvvələr həmin çaşqınlığı daha da gücləndirmək üçün bəzi şayiələr yayırdılar. Onlar Azərbaycanın nəinki kirilə, hətta ərəb əlifbasına qayıda biləcəyi barədə danışmaqla xalqa siyasi hakimiyyətin guya dayanıqsız olduğu, gah bu, gah da digər oriyentasiyaya meyil etdiyi təsəvvürünü təlqin eləməyə çalışırdılar. Ölkə başçısı isə millətin, dövlətin taleyi ilə bağlı hər hansı məsələnin tədricən həll olunması tərəfdarı idi. Təcrübəli siyasi xadim yaxşı bilirdi ki, əlifba kimi strateji məsələdə tələsmək də gecikmək qədər təhlükəlidir... Proses ən mobil sahə olan təhsildən - orta məktəblərdən başlamışdı, get-gedə dövlət idarələrini, kütləvi informasiya vasitələrini də əhatə edir, əhalinin artıq böyük hissəsi, xüsusilə gənc nəsil yeni əlifba ilə yazıb-oxumaq vərdişlərinə yiyələndiyini göstərirdi. Ona görə də Azərbaycan Prezidenti sözügedən fərmanla 2001-ci ilin avqust ayının 1-dən bütövlükdə latın əlifbasına keçilməsini təmin etdi. Həmin ilin avqust ayının 9-da isə Prezident növbəti fərmanı ilə avqust ayının 1-ini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan elədi.

Cəsarətlə demək olar ki, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman Azərbaycan Respublikasının - müstəqil Azərbaycan dövlətinin (eləcə də Ümummilli Lider Heydər Əliyevin) apardığı dil siyasətinin bir tərəfdən yekunu idisə, digər tərəfdən də həmin siyasətin gələcək perspektivlərini müəyyən edirdi. Və təsadüfi deyildi ki, çox keçmədən - 2002-ci ilin sentyabr ayının 30-da Azərbaycan Respublikasının Milli Məclisi məhz 18 iyun 2001-ci il tarixli fərmanın göstərişi əsasında "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun qəbul etdi. Qanun Azərbaycan dilinin yeni tarixi statusunu təsbit edən bu sözlərlə başlanır:

"Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır".

Azərbaycan xalqının yalnız beşdən birinin Azərbaycan Respublikası ərazisində yaşadığını nəzərə alsaq, burada dünya azərbaycanlıları ilə bağlı məsələyə ayrıca diqqət yetirilməsi, əlbəttə, sadəcə, təbii yox, həm də son dərəcə zəruridir.

Qanunun əsasını təşkil edən "Dövlət dilinin işlənməsi, qorunması və inkişafı" adlı II fəslin 13-cü maddəsində göstərilir ki, "müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir". Bu isə dilin işlənməsi, qorunması və inkişafında orfoqrafiyaya ənənəvi olaraq nə qədər böyük önəm verildiyini təsdiq etməkdədir.

Ümummilli Liderdən sonra da Azərbaycan dövləti özünün müstəqil dil siyasətini uğurla gerçəkləşdirir ki, bunun ilk mühüm göstəricisi Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli cərəncamı oldu. Sərəncamda deyilir ki, "latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır".

Sərəncamda göstərildiyi kimi, əsas diqqət məhz Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin nümunələrinin nəşrinə verilsə də, dünya ədəbiyyatı da kənarda qalmamış, Homer, Firdovsi, Dante, Şekspir, Höte, Puşkin, Lev Tolstoy, Fyodor Dostoyevski, Çingiz Aytmatov kimi klassiklərin vaxtilə Azərbaycan dilinə tərcümə olunmuş əsərləri məhz ilk mərhələdə buraxılmışdı. Ümumiyyətlə, sözügedən sərəncamın verilməsinin (və onun həyata keçirilməsinin) tarixi əhəmiyyəti onda idi ki, a) latın əlifbasına keçid yalnız cari, yaxud fövri bir akt olaraq qalmadı, ictimaiyyətin sərəncamına dövlət hesabına get-gedə daha da artan zəngin ədəbiyyat verildi; b) vaxtilə kiril əlifbasında nəşr olunmuş əsərlərdən başqa, yeni əsərlər də kütləvi tirajlarla çap olunub oxuculara çatdırıldı ki, onların içərisində Azərbaycan dilinin ifadə imkanlarını genişləndirən həm orijinal, həm də tərcümə əsərləri vardı; c) nəşrlərin kütləviliyi, ölkənin bütün kütləvi kitabxanalarına, xüsusilə məktəb kitabxanalarına göndərilməsi, müəyyən qisminin münasib qiymətlərə kitab mağazalarına verilməsi, bunun ardınca özəl nəşriyyatlar şəbəkəsinin genişlənməsi latın əlifbasına keçidi sözün həqiqi mənasında başa çatdırmış oldu.

Azərbaycan Prezidenti 2012-ci ilin may ayının 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam verdi. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütövlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır".

Bundan sonra sənəddə Azərbaycan dilinin olduqca geniş imkanlarından heç də həmişə yetərincə istifadə olunmaması, ədəbi dilimizin inkişaf qanunlarına zidd olan stilistik meyillərə, maraqlara meydan verilməsi, milli dilçilik təfəkkürünün isə bütün bunlara laqeyd yanaşması qeyd olunduqdan sonra əlavə edilir ki, "dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi, bir qayda olaraq, yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir".

Bu cür kifayət qədər kəskin tənqidi mülahizələrin rəsmi dövlət sənədində öz əksini tapması, ilk növbədə, Azərbaycan dilinin (və xalqının) həm tarixdən gələn, həm də müstəqilliyinin açdığı geniş imkanlarla yeni vüsət alan zəngin intellektual-mənəvi enerjisinə əsaslanırdı. Və çox keçmədən qəbul olunan Dövlət Proqramı qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsi, eləcə də ölkədə dilçiliyin müxtəlif sahələrinin inkişafı üçün prioritet istiqamətlər müəyyənləşdirdi ki, onlardan biri də yeni orfoqrafiya lüğətinin hazırlanması idi.

 

***

Lüğətçilik, əslində, məhdud bir dilçilik sahəsi yox, bütövlükdə xalqın ziyalılarının - müxtəlif sahələr üzrə ixtisaslaşmış elm adamlarının, yazıçıların, ictimai-siyasi xadimlərin məşğul olduğu mədəni-intellektual bir ümummilli yaradıcılıq meydanıdır.

Hər hansı dilin orfoqrafiya lüğəti, ilk növbədə, həmin dildə aktiv işlənən sözlərin mütləq əksəriyyətini özündə ehtiva etməli olduğundan bu cür lüğətlərin tərtibçiləri, hər şeydən əvvəl, "söz nədir" sualı üzərində dərindən düşünməyə məhkumdurlar. Məsələni ümumi dilçilik və ya dil nəzəriyyəsi baxımından mürəkkəbləşdirən, yaxud ona paradoksal görkəm verən cəhət isə ondan ibarətdir ki, sözə həm ayrı-ayrı dillərin, xüsusilə ayrı-ayrı dil tiplərinin (flektiv, aqlütinativ, amorf və polisintetik) mövqeyindən tərif verilir, həm də ona müxtəlif dillərin fövqündə, yəni bəşər dilinin universal hadisəsi kimi baxılır. Əgər sözügedən paradoksallıq nəzərə alınmasaydı, başqa sözlə, ona müəyyən mənada qanunauyğun hal olaraq münasibət göstərilsəydi, nə ayrı-ayrı dillər, yaxud dil tipləri, nə də bütövlükdə bəşər dili miqyasında söz barədə dialektik təsəvvür əldə etmək olmazdı. Və heç də təsadüfi deyil ki, ana dilindəki sözün mənası və ya mənaları bir çox hallarda yabançı, xüsusilə daha çox ümumbəşəri səciyyə daşıyan beynəlxalq dillərə tərcümədə dəqiqləşdirilir. Dünya dilləri üçün ümumi olan terminologiyaya gəldikdə isə bu, bəşər (insan) dilinin ayrı-ayrı dillərin leksikonuna münasibətdə öz linqvistik hegemoniyasını vaxtaşırı olaraq nümayiş etdirməsidir. Odur ki, istənilən müasir dilin, o cümlədən Azərbaycan dilinin orfoqrafiya lüğətini (hər şeydən əvvəl ona görə ki, bu, dilin lüğət tərkibini heç bir çeşidləməyə, təsnifata ehtiyac duymadan təqdim edən ən demokratik lüğət tipidir; yetər ki, burada verilən vahidlər - dil işarələri, birincisi, söz anlayışına uyğun gəlsin, ikincisi isə, orfoqrafiya qaydalarına müvafiq yazılsın) beynəlxalq terminologiyanın getdikcə artan nüfuzundan kənarda təsəvvür etmək mümkün deyil.

Tipoloji baxımdan aqlütinativ (iltisaqi), genetik baxımdan türk dillərinin nümayəndəsi olan Azərbaycan dilinin leksikonunda, təbii ki, türk mənşəli sözlər mühüm yer tutmaqla türk aqlütinasiyasının həm fonetik, həm də qrammatik əlamətlərini ümumi leksik-semantik sistemə diktə edir. Bununla belə, müxtəlif dövrlərdə Azərbaycan dilinə, demək olar ki, kütləvi şəkildə daxil olmuş ərəb, fars, eləcə də Qərb (Avropa) mənşəli sözlər öz flektiv tipologiyasını bu və ya digər dərəcədə (əsasən, söz yaradıcılığında) hiss etdirir.

Akademik Ağamusa Axundov "söz nədir" sualına belə cavab verir:

"Söz, hər şeydən əvvəl, müəyyən bir səs kompleksindən ibarətdir, başqa sözlə, o, müəyyən fonetik tərkibə malikdir. Əslində, müəyyən fonetik tərkibə malik olmayan söz yoxdur.

İkincisi, sözün müəyyən bir mənası vardır. Sözün mənası geniş anlayış olub, məfhumları, emosional vəziyyətləri və s. əhatə edir.

Nəhayət, üçüncüsü, sözün mənasının müəyyən mənbəyi mövcuddur. Belə ki, məna yalnız müəyyən bir predmet, hadisə, hərəkət, emosional vəziyyət əsasında yarana bilər".

Azərbaycan dilçiliyinin korifeyinin (və müstəqil Azərbaycan Respublika-sının Konstitusiya layihəsini hazırlayan işçi qrupunun üzvünün) sözə verdiyi bu tərif Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanarkən elmi-nəzəri əsas olaraq qəbul edilmişdir.

 

Sözə əlahiddə tərif verilməsi hər nə qədər vacib olsa da, nəzərə almaq lazımdır ki, söz, ilk növbədə, leksik-semantik sistemdə mövcuddur. Belə ki, dildəki sözləri hər hansı kəmiyyətdə, hər hansı məqsədlə və təbii ki, sistematik şəkildə siyahıya alarkən onların məzmun, forma və funksiya baxımından sıx qarşılıqlı münasibətləri dərhal özünü göstərir. Və hətta ən sıravi dil daşıyıcısı ən azından hiss edir ki, sözlər kəmiyyətindən asılı olmayaraq siyahıda (lüğətdə) bir-birini yuxarıda göstərilən münasibətlər baxımından "çağırır": onlar ya çoxmənalılıq, ya sinonimlik, ya omonimlik, ya da antonimlik əlaqəsindədir. Orfoqrafiya lüğətinin birbaşa həmin münasibətləri əks etdirən lüğətlərdən fərqi ondadır ki, bu barədə zahirən "susur", ancaq onun "bətn"ində bütün məna münasibətlərini işarələyən söz-formalar o həddə ehtiva olunur ki, məsələn, polisemiya, sinonimiya, omonimiya və s. lüğətlərini tərtib edərkən daha universal mənbə kimi məhz orfoqrafiya lüğətinə istinad olunur.

Akademik Ağamusa Axundov dil haqqındakı elmin leksik-semantik sistem barədəki təsəvvürünü fonetik-fonoloji və qrammatik olmaqla digər dil sistemləri barədəki təsəvvürləri ilə müqayisə edərək yazır:

"1. Hər şeydən əvvəl, dilin lüğət tərkibi adamların müdaxiləsi üçün bilavasitə açıqdır, o, konkret vahidləri dəyişməyə, müxtəlif mənşəli və müxtəlif yaranma üsullu sözləri seçməyə imkan verir. Belə vəziyyət fonoloji və qrammatik səviyyələrdə yoxdur.

2. Dilin leksik-semantik sisteminin ikinci xüsusiyyəti onun dilin xarici strukturu, dil üslubları və nitq fəaliyyətinin müxtəlif kommunikativ sahələri ilə bilavasitə bağlılığıdır, belə ki, leksik sistemin təsvirində dilin daxili və xarici strukturu təlimləri bir-biri ilə kəsişir...

3. Nəhayət, leksik-semantik sistemin üçüncü xüsusiyyəti odur ki, leksik-semantik kateqoriyalar müxtəlif və çoxlu semantik əsaslara görə müəyyənləşir. Buna görə də onun kateqoriyaları fonoloji oppozisiyalar və qrammatik kateqoriyalar qədər qapanmış xarakter daşımır".

Bu isə o deməkdir ki, dilin leksik-semantik sistemini bütün təfərrüatı ilə heç bir lüğətdə, hətta həmin sistemi tam həcmdə əks etdirmək iddiasında olan orfoqrafiya lüğətində də ehtiva eləmək prinsip etibarilə mümkün deyil. Ancaq bu və ya digər dilin leksikonunun maksimum həcminin göstəricisi olaraq yenə də məhz orfoqrafiya lüğəti çıxış edir.

Məsələ burasındadır ki, hər hansı dilin leksikonunu mümkün qədər təfərrüatı ilə əks etdirərkən orfoqrafiya lüğətini "məhdudlaşdıran" məhz onun əsas missiyasıdır. Belə ki, burada hər cür söz deyil, müasir orfoqrafiya qaydalarına uyğun olaraq yazılan ədəbi söz verilir. Və ümumiyyətlə, orfoqrafiya lüğətinin əsas missiyası yazılı sözün ədəbiliyini təsbit edərək qorumaqdır.

Orfoqrafiya qaydalarının, yaxud normalarının (və lüğətlərinin) təcrübəsi göstərir ki, yazılı sözün ədəbiliyi, ilk növbədə, dialekt və ya canlı danışıqdakı çoxvariantlılıqdan qorunur ki, həmin çoxvariantlılıq təsadüfi olmayıb, dilin təbiətindən, onun diferensiasiya cəhdlərindən irəli gəlir. Və beləliklə, dil ümumxalq səviyyəsində həm forma, həm də məzmunca sözün çoxvariantlılığına can atır, ədəbi səviyyədə isə təkvariantlılıq müdafiə olunur ki, sonuncunun qarantı xalqın ziyalıları, ədəbiyyatı, mədəniyyəti, təhsilidir. Lakin unutmaq olmaz ki, orfoqrafiya normalarının (və lüğətinin) müəyyən dövrdə imtina etdiyi, qarşısını aldığı dialekt və ya canlı danışıq vahidlərinin bir qismi zaman-zaman ədəbi status qazana bilər.

Arxaizmlərin, neologizmlərin sözügedən lüğətdə əksini tapıb-tapmamasına gəldikdə demək lazımdır ki, mövcud təcrübə dəqiq meyarlar vermir, ancaq məhz ədəbi normativlik prinsipi tələb edir ki, istər arxaizmin, istərsə də neologizmin orfoqrafiya lüğətindəki yeri nə dərəcədə işlək olub-olmaması ilə təyin olunsun. Qeyd edək ki, Azərbaycan dilinin hazırkı yeni orfoqrafiya lüğəti həmin prinsipi o baxımdan müəyyən qədər dəqiqləşdirmiş, başqa sözlə, zənginləşdirmişdir ki, hər iki hadisəyə dil üçün hansı səviyyədə perspektivli olması ehtimalından çıxış edilərək yanaşılmışdır. Yəni tərtibçi bu və ya digər hələlik passiv cəbhədə dayanan bir sözü (arxaizmi, adi danışıq vahidini, neologizmi və s.) lüğətə daxil etmişdirsə, cari dil proseslərində onun tezliklə önə çıxacağı ehtimalına əsaslanır.

Sözü lüğətə gətirən birinci tələb onun mənaca bütövlüyü, bu və ya digər anlayışı rahat ifadə etməsidirsə, ikinci tələb fonetik mütəşəkkilliyidir. Azərbaycan dili, ümumən türk dilləri iltisaqi quruluşun (tipologiyanın) təbiətindən irəli gələn bir əlamətə - ahəng qanununa malikdir ki, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərməklə sözün fonomorfoloji təşkilində mühüm rol oynayır.

Flektiv dillərdəkindən fərqli olaraq, söz kökünün istər məzmun, istərsə də formaca müstəqilliyi, cümlənin sintaktik buxovlarından asılı olmaması, sözdüzəldici (eləcə də sözdəyişdirici) şəkilçilərin fonetik quruluşunda heç bir təbəddülat yaratmadan kökün sonuna ardıcıl qaydalarla əlavə olunması da türk (Azərbaycan) sözünün lüğətlərdə rahat əksini təmin etməkdədir. Onu da qeyd etmək lazımdır ki, yalnız türk mənşəli deyil, ərəb, fars və Avropa mənşəli flektiv alınmalar da Azərbaycan dilində məhz iltisaqi leksik-qrammatik tələblərə uyğun yerləşdirilir.

Bununla belə, təcrübə göstərir ki, alınmaların lüğətdə əksi istər məzmun, istərsə də forma planında çox ciddi mübahisələr doğurur. Məzmun planında ortaya çıxan mübahisələr alınma sözün nə dərəcədə "legitim" olub-olmamasından irəli gəlir. Çünki dil daşıyıcıları əcnəbi sözlərə meyil etdikləri qədər də müqavimət göstərirlər və burada arbitr rolunu bu və ya digər dövrdə cəmiyyətin (və dilin) düşdüyü sosial-mədəni şərait oynayır. Həmin şərait dəyişdikdə müvafiq alınmalara münasibət də kəskin şəkildə dəyişir. Və nəticə etibarilə, lüğətçi yüzlərlə, hətta minlərlə sözə münasibətdə dilemma qarşısında qalır ki, hansı mənşədən olan vahidi lüğətə daxil etsin, ya etməsin. Azərbaycan dilinə gəldikdə cəsarətlə demək olar ki, o, alınmaların uzun müddət tarix səhnəsini zəbt etmiş iki "nəsl"i üçün tamamilə açıq olmuşdur ki, onlardan birincisi ərəb-fars (akademik Tofiq Hacıyev doğru olaraq göstərir ki, ərəb və fars alınmaları Azərbaycan ədəbi dili formalaşandan onun türk qatına münasibətdə eyni cəbhədə dayanır), ikincisi isə Qərb alınmalarıdır. Və bu gün hər iki alınmalar "nəslinin" sinxronlaşmasına əsaslanan Şərq-Qərb paralelliyi Azərbaycan dili leksikonunda kifayət qədər fəal "dialoq"unu davam etdirməkdədir.

Dilin daxili imkanları hesabına tədricən yaranan (və ədəbi normaya çevrilən) sözlərdən fərqli olaraq, alınmalar ya yazılı, ya da şifahi olsun, dilə qısa bir müddətdə, eyni zamanda böyük kütlələrlə keçə bilər. Bu cür hallarda xarici müdaxilənin "süzgəcdən keçirilmə"si dilin ədəbi-mədəni müqavimət gücündən asılıdır ki, buraya, hər nə qədər subyektiv amil olsa da, lüğət tərtibçisinin intellektual səviyyəsi, milli təəssübkeşliyi də daxildir. Xüsusilə o mənada ki, tərtibçi alınmalar arasından bu və ya digər sözü seçib lüğətdə verərkən dilin özgürlüyünə, özünəməxsus inkişaf qanunlarına əsaslanmalıdır.

Forma planında ortaya çıxan mübahisələrə gəldikdə isə qeyd etməliyik ki, burada da meydan xeyli genişdir. Xüsusilə ərəb mənşəli sözlərin əvvəl latın, sonra kiril əlifbasında yazılmasında uzun illər ciddi problemlər yaşanmış, məsələyə həm Azərbaycan dili, həm də türk dilləri miqyasında baxılmış, prinsip etibarilə, ahəng qanunu üzrə tələffüz (məsələn, adəm? adam, məarif ? maarif, cəmaət ? camaat və s.) əsas alınsa da, həmin prinsipə axıracan riayət (təsadüfən işlətdiyimiz bu sözdəki kimi) etmək mümkün olmamışdır. Ancaq Azərbaycan dilinə tamamilə yad olan bəzi ərəb fonetikası xüsusiyyətlərini (məsələn, apostrofu) dildən çıxarmaq üçünsə uzun zaman lazım gəlmişdir.

Nəzəri dilçilikdə belə bir müddəa hələ XIX əsrdən özünə möhkəm yer tutmuşdur ki, "təfəkkürün forması olaraq dil onun (təfəkkürün) tələblərinə münasibətdə həmişə kasıblıq çəkir". Bir qədər sadəlövh səslənən bu müddəa sonrakı dövrlərdə təfəkkür və dil əlaqələri zəminində daha da zənginləşdirilmişdir.

Dilin təfəkkür qarşısında "kasıblığı" onu (dili) məcbur edir ki, çoxlu qeyri-adekvat sözlər, ifadələr "uydursun". Bu isə, təbii ki, lüğətçini hansı vahidin "saf", hansının "saxta" olduğunu seçib ayırmaq kimi o qədər də sadə olmayan bir problem qarşısında qoyur.

Söz lüğətə daxil edilərkən ən böyük çətinlik törədən məqamlardan biri onun dil işarəsi olaraq ümumi natamamlıq "kompleks"i daşımasıdır. Görkəmli dilçi Emil Benvenist göstərir ki, "dil, hər şeydən əvvəl, kateqoriyalaşdırmadır". Bu isə o deməkdir ki, söz işarəsi eyni zamanda funksional-semantik və qrammatik qruplaşdırmanın müxtəlif həcm və dərəcə ümumiləşdirmələri ilə səciyyələnir.

Görkəmli semiotik Çarlz Uilyam Morris isə haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, işarə öz təbiəti etibarilə interpretator kimi çıxış edən dil daşıyıcılarının interpretasiyasıdır.

Həm dilçinin, həm də semiotikin mülahizələrindən aydın görünür ki, sözü nitqdən, diskursdan, mətndən (deməli, onu işlədənlərin praqmatik münasibətindən) kənarda alıb dəyərləndirmək, ona ən müvafiq məna-məzmunu belə şamil etmək şərtidir. Ən azından ona görə ki, bu və ya digər lüğəti tərtib edən şəxs də hər nə qədər hazırlıqlı, əhatəedici, obyektiv olsa belə, dil daşıyıcısı kimi öz interpretatorluq (eyni sözü müxtəlif məna çalarlarında təqdim etmək) missiyasından imtina eləmək gücündə deyil.

Sözlər yalnız leksik mənasına (semantikasına) deyil, həm də qrammatik (morfoloji) mənsubiyyətinə görə təsnif olunur. Və odur ki, lüğətdə hər nə qədər sözün semantikası ön plana çəkilsə də, praktik olaraq, leksik-qrammatik söz qrupları üzərində əməliyyat aparılır. Azərbaycan dili bu baxımdan, təbii ki, yenə də iltisaqi quruluşun xarakterindən irəli gələrək bir sıra xüsusiyyətlər nümayiş etdirir ki, onlardan birincisi müəyyən sözlərin bu və ya digər nitq hissəsinə mənsubluğunu bildirən formal əlamətin olmamasıdır. Məsələn, yaxşı, gözəl, maraqlı və s. sözlərin sifət və ya zərf mövqeyində işləndiyi yalnız kontekstlə təyin edilir.

Dahi Ferdinand de Sössür XX əsrin əvvəllərində demişdir ki, hər hansı səviyyəyə (fonoloji, leksikoloji və qrammatik) mənsub dil vahidləri barədə bəhs edərkən onlara qeyri-müəyyən münasibətlə kifayətlənmişlər. Lev Vladimiroviç Şerba da israr edirdi ki, "ayrıca bir söz anlayışı... cümlə anlayışı kimi dilçiliyin ən mübahisəli anlayışlarındandır". Görkəmli dilçi-fonetist bildirirdi ki, "az və ya çox yayğın semasioloji təsəvvürlərin müəyyən nüvəsi sayılmaqla həmişə belə aydın, mübahisəsiz görünən sözün səs tərəfinin özü, sən demə, elə də az yayğın və qeyri-müəyyən deyilmiş". Ona görə də "dilin mexanizmində nə isə mərkəzi hadisə" (F. de Sössür) kimi qəbul olunan söz müasir dilçilik ədəbiyyatında heç də birmənalı olaraq səviyyə yaradan vahid sayılmır. L.V.Şerba isə israrında davam edərək yazır: "Əslində, söz nədir? Mənə elə gəlir ki, müxtəlif dillərdə o, müxtəlif cür olacaqdır. Buradan isə belə çıxır ki, "ümumən söz" anlayışı mövcud deyil".

Doğrudur, burada müxtəlifliyin meyarı kimi, ilk növbədə, dillərin tipoloji quruluşu əsas alınır, ancaq eyni tipoloji quruluş daxilində də sözün nə dərəcədə "söz" anlayışına uyğun gəldiyi elə də aydın deyil. Məsələn, Azərbaycan dili lüğətlərində feillər ilkin olaraq iki formada qeydə alınır ki, onlardan birincisi, köhnə terminlə desək, "məsdəri-xəfif" şəkilçisi ?ma, ?mə, ikincisi isə məsdər şəkilçisi ?maq, ?mək ilə bitən formadır. Həmin formaların bilavasitə söz yaradıcılığı prosesində iştirakı məlumdur (məsələn: çax - çaxmaq, qaz - qazmaq, cır - cırmaq, dol - dolma, yax - yaxma, süz - süzmə və s.), ancaq bu cür iddiada olmayan variantlarından birincisi lüğətlərə düşmək hüququnu ona görə qazanmışdır ki, o, leksik-qrammatik söz qrupu olaraq ümumən feili təmsil edir; ikincisinə gəldikdə isə onun nə dərəcədə "söz" anlayışı tələblərinə cavab verməsi (eyni zamanda yazma, yazılma, yazdırılma, yazışma... tipli söz yaradıcılığı imkanlarının modelləşdirici ünsürü olaraq Azərbaycan dilinin orfoqrafiya lüğətində ardıcıl yer zəbt eləməsi) şübhə doğurmaya bilməz.

Əlbəttə, burada söhbət lüğətlərdə Azərbaycan dili leksikonunun         struktur-semantik sisteminin doğru-düzgün əks etdirilməsi cəhdlərindən (etiraf edək ki, bu cür cəhdlər XX əsrin ortalarından sonra elə də intensiv olmamışdır) daha çox, dilin özünün təbiətini - türk iltisaqi quruluşunun özünəməxsusluğunu nəzərə almamaqdan gedir.

Şübhəsiz, orfoqrafiya lüğətinin çoxsaylı problemləri içərisində ən mühümlərindən biri də söz yaradıcılığıdır ki, özünün həm morfoloji, həm də sintaktik təzahürlərində həm ümumi nəzəri baxışın təkmilləşdirilməsini, həm də hər bir lüğət "söz"ünə konkret izah-münasibət tələb edir. Və xüsusi olaraq göstərmək lazımdır ki, orfoqrafiya lüğətlərini tərtib edərkən nəzərdən keçirilən mətnlər tərtibçilərə sözü yalnız dil standartlarına deyil, həmçinin nitqin okkozional (üslubi) maraqlarına uyğun şəkildə verir. Ona görə də dillə nitqi ayırmağa çətinlik çəkən, daha konkret desək, nitq vahidini dil vahidi adına lüğətə gətirən tərtibçi külli miqdarda qondarma okkozional birləşmələrə (məsələn: gecə-gündüzbilmədən, dabanqırdıqaçma, tələsibtəndirədüşmə və s.) "mürəkkəb söz" statusu qazandırmağa çalışır. Bu isə dilin işarəvi dəqiqliyi ilə nitqin sintaksisə tabe stilistik maneraları arasında zamanın çağırışları ilə səsləşən elə prinsiplər və ya qaydalar müəyyən edir ki, ana dilinin sözlərini bütün miqyası ilə siyahıya almağa çalışan (eyni zamanda bu siyahının az-çox mükəmməlliyinə həmişə şübhə ilə yanaşan) tərtibçi həmin prinsiplərə və ya qaydalara sadəcə əməl etməklə kifayətlənməməli, eyni zamanda onları idarə etməyin elə nümunələrini verməlidir ki, bu və ya digər xalqın lüğətini tərtib etmək kimi, əslində, texniki iş təsəvvürü yaradan bir fəaliyyəti sözün həqiqi mənasında yaradıcılıq işi səviyyəsinə yüksəltmiş olsun.

***

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti, artıq qeyd etdiyimiz kimi, XX əsrin 20-ci illərindən başlayan ardıcıl lüğət yaradıcılığı axtarışlarının ənənəsinə əsaslanır ki, həmin ənənəni professor Bəkir Çobanzadə başda olmaqla Azərbaycan dilçiliyini yaradanlar qoymuşlar.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin ön sözündə tərtibçi-müəllif Afaq Məsud sözügedən ənənənin taleyi barəsində yazır: "Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş "İmla lüğəti" (müəllifi: V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında ("Azərbaycan dilinin orfoqrafiya lüğəti" - Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının ilkin olaraq müəyyən edilmiş 20 000-dən dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq".

Müəllif tamamilə haqlı olaraq orfoqrafiya lüğətlərində xüsusilə son illər həcm artımının dilin leksikonunda gedən qanunauyğun proseslərlə bağlı olmadığını göstərir:

"İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlayarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq".

Məlum olduğu kimi, Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti - "İmla lüğəti" hər nə qədər "kasıb" leksik material bazası əsasında (on mindən bir az artıq söz) hazırlansa da, Vəli Xuluflu başda olmaqla onun tərtibçiləri öz vəzifələrinə tarixi məsuliyyətlə yanaşmış və buraya müasir dil üçün artıq səciyyəvi olmayan, yalnız klassik ədəbiyyatın dilində işlənən sözlər ona görə daxil edilmişdi ki, həmin ədəbiyyat latın əlifbası ilə nəşr olunarkən düzgün yazılış qaydaları gözlənilsin. Əgər 30-cu illərdə Azərbaycanın ən görkəmli dilçiləri (o cümlədən də "İmla lüğəti"nin müəllifi) repressiyaya məruz qalmasaydılar, türk (Azərbaycan) dilinə (və dilçiliyinə) qarşı sovet ideologiyasının antitürk mahiyyətli təcavüzü baş qaldırıb get-gedə daha dözülməz xarakter almasaydı, 40-cı, 50-ci illərdə Azərbaycan lüğətçiliyi sahəsindəki axtarışlar rus sovet lüğətçiliyinin "ustanovka"sı altında getməsəydi, yəqin ki, nisbətən rahat nəfəs alındığı sonrakı illərdə həmin strateji işə bu qədər məsuliyyətsiz yanaşılmaz, son dərəcə acınacaqlı "ənənə" meydan sulamazdı.

Afaq Məsud Nəsimi adına Dilçilik İnstitutunun 2004, 2013-cü illərdə nəşr etdiyi orfoqrafiya lüğətləri üzərindəki müşahidə, təhlil və araşdırmaların nəticələri barədə bildirir ki, "əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan iki, bəzən üç variantda, minlərlə sözün tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən car-car, car-cur, cur-cur, danq-dunq, dız-dız, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dəyməağlarlıq, dibdəndüşmə, dır-dıretmə, dit etmək, dız-dızoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qalaq-qalaqoynama, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstərmə, yumurtayadüşmə və s. bu kimi 40 000-dən çox söz quramalarıyla "zənginləşdirildiyi" araşdırma işlərinin ilkin mərhələlərində müəyyən edildi".

"Ön söz" müəllifi oxucuları yeni orfoqrafiya lüğəti üzərindəki işin necə başlanması barədə ona görə təfsilatı ilə məlumatlandırır ki, o zamana qədər yol verilmiş səhvlərin yalnız mənzərəsi deyil, "texnika"sı da aydınlaşmış olsun:

"Yeni orfoqrafiya lüğəti üzərində işə başlanılarkən paralel şəkildə müxtəlif növ mətnlərin (dövlət qurumları saytları, KİV, dublyaj, təhsil, tədris, elmi-bədii nəşrlər və s.) Azərbaycan dilində tərtibi və tərcüməsi prosesində nəzərə çarpan qüsur və xətalarla bağlı təhlil və araşdırma işlərinə də start verildi.

...İşin davamı olaraq 2017-ci ildə yığcam orfoqrafiya vəsaiti - "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" (ADTM) ərsəyə gətirildi, kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə də, ümumilikdə dövləti və milli əhəmiyyət daşıyıcısı olan nəşr üzərində iş dayandırılmadı. Mərkəzin özəl söztoplayıcı "Söz hovuzu" proqramı vasitəsilə "Açıq kitab" elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii, elmi-publisistik ədəbiyyatlardan söz yığımı prosesi davam etdirildi".

Yeni orfoqrafiya lüğətinin müəllifi görülən işlərin detallarına varmaqla yanaşı, lüğətin hansı strateji məqsədə xidmət etdiyini də doğru-düzgün müəyyənləşdirir:

"Məlum olduğu kimi, statusundan, çalışdığı sahə, yaxud fəaliyyət spesifikasından asılı olmayaraq hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını daşıyan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" elə bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi dilinin söz ehtiyatını müəyyən etdirməklə yanaşı, sözləri vahid düzgün yazılış qaydasında mükəmməl şəkildə təqdim edə bilsin".

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan dilinin Orfoqrafiya Normaları"na uyğun olaraq tərtib edilmiş lüğət 65 000 sözü əhatə etsə də, onun ön sözündə göstərilirdi ki, "Mərkəz lüğətin təkmilləşdirilməsi işini daim davam etdirəcək və bu sahədə hər bir səmərəli təklifə açıq olacaq".

Əslində, "hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını daşıyan" əsər məhz bu yolla - "hər bir səmərəli təklifə açıq olmaq"la hazırlana bilər. Və o da tamamilə təbiidir ki, orfoqrafiya lüğəti üzərində iş heç zaman dayanmamalıdır.

Artıq bir neçə dəfə qeyd olunduğu kimi, ADTM-də Azərbaycan dilinin yeni orfoqrafiya lüğətini yaratmaq ideyası mövcud lüğət nəşrlərinin son dərəcə qüsurlu hazırlandığına (və həmin qüsurların tezliklə aradan qaldırılma ehtiyacına) görə meydana çıxmışdı. Hələ "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü"nün (2017) ön sözündə bu cür qüsurların təsnifatı barədə məlumat verilmiş, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (2020) ön sözündə isə tərtibçi-müəllif həmin təsnifatı daha ətraflı şərh etmişdir.

Ancaq çox keçmədi ki, Dilçilik İnstitutu orfoqrafiya lüğətinin "yenidən işlənmiş 7-ci nəşr"ini (2021) yayımladı ki, onun ön sözündə lüğətin birinci nəşrinin 11 000, ikinci nəşrinin 20 000, üçüncü nəşrinin 40 000, dördüncü nəşrinin 58 000, beşinci nəşrinin 80 000 sözü əhatə etdiyi qeyd olunduqdan sonra göstərilir: "2013-cü ildə nəşr olunmuş sonuncu orfoqrafiya lüğəti isə həcminə görə daha böyük olmuşdur. Lüğətdəki sözlərin sayı 104 mini, əlavələrlə birlikdə 110 mini keçir. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yeni - yeddinci nəşrindəki sözlərin sayı isə 90 minə yaxındır".

Əlbəttə, ADTM-in yeni orfoqrafiya lüğəti hazırlaması prosesində Dilçilik İnstitutunun nəşrləri barədə göstərdiyi iradlar, eləcə də Mərkəzin ilk nəşrlərdən rəhbər tutduğu elmi-metodiki prinsiplər cəmiyyətdə böyük rezonans doğurmaya bilməzdi. Və odur ki, Dilçilik İnstitutu yeni nəşr üzərində işə müəyyən qədər ciddi yanaşmağa məcbur oldu:

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu 2013-cü il nəşri haqqında müsbət fikirlərlə yanaşı, bir sıra iradlar, fərqli və mübahisəli yanaşmalar da irəli sürülmüşdür. Lüğətin yeni nəşri hazırlanarkən göstərilən qeydlər və təkliflər nəzərə alınmış və onların islahı istiqamətində zəruri redaktə işləri yerinə yetirilmişdir. Redaktə işlərinin nəticəsində sözügedən lüğətdən 18 mindən çox söz çıxarılmışdır. Bu qəbildən olan sözlər sırasında ərəb və fars dillərindən alınma qəliz və çətin anlaşılan sözlər, eləcə də bəzi qondarma və arxaikləşmiş sözlər üstünlük təşkil edir.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (Dilçilik İnstitutu, 2021) ön sözündən belə məlum olur ki, həmin nəşr üzərində aparılmış "redaktə" işi heç də lüğətin tərtibi işinin bu və ya digər dərəcədə elmi fundament üzərinə qaldırılması demək deyil. Nəşrdən nəşrə keçərək standartlaşan, qəlibləşən, bir növ, "qələti-məşhur" şəkli alan qüsurlar o qədər çox, eyni zamanda "rəngarəng"dir ki, onlara "daxil"dən yox, "xaric"dən əsaslı bir tənqidi baxış tələb olunurdu. Və Mərkəzin 2015-ci ildən apardığı intensiv araşdırmalar nəticəsində hazırlayaraq 2022-ci ildə daxili istifadə üçün çap etdirdiyi ""Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılan sözlərin təsnifatı" kitabı həmin tələbi layiqincə qarşılamış oldu.

"Təsnifat"ın tərtibçisi ön sözdə göstərir ki, "2015-ci ildən başlayaraq dövlət dilinin düzgün tətbiqi və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində Mərkəz tərəfindən aparılan təhlil və araşdırmalar nəticəsində Ana dilimizin rəsmi qaynağı, yazılı və şifahi istifadəsinin örnək mənbəyi olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (Nəsimi adına Dilçilik İnstitutu - 2004-cü və 2013-cü il nəşrləri) aşkar edilmiş minlərlə (ümumi sayı 60 000) qrammatik, orfoqrafik, məna xətalı sözləri, milli varlığımızı, mənəvi dəyərlərimizi aşağılayan təhqiramiz ifadələri, heyvan və quş səslərini lüğətdən çıxararkən, az qala, yüz illik tarixə malik olan bu dil sənədinin bu gün dünyanın dörd bir yanında öyrənilib tədqiq və tədris edilən dilimiz, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında hansı təəssüratlar yarada biləcəyi həyəcan və vahimə doğurmaya bilməzdi. Vəziyyətdən yeganə çıxış yolunu vəsaitdən istifadənin dayandırılmasında və yeni lüğətin tərtib edilməsində görən Mərkəz lüğəti vaxt itirmədən qüsur və xətalardan təmizləməklə paralel olaraq 2017-ci ildə yığcam "İşlək orfoqrafiya sözluyü", 2020-ci ildə 65 000 saf Azərbaycan sözü və işlək terminlərin toplandığı "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni nəşr etsə də, dilin söz ehtiyatının saflaşdırılması və orfoqrafiyası ilə bağlı həyata keçirilmiş bu tədbirlər Dilçilik İnstitutu tərəfindən 2021-ci ildə buraxılmış sonuncu və əvvəlkindən də qüsurlu lüğətin tərtibi prosesində nəzərə alınmadığı səbəbindən vəsait yenidən minlərlə keçmiş və yeni orfoqrafik xətalarla, ifadə və məna qüsurları, xarici sözlər, jarqonlar, saxta termin və əcnəbi adlarla ictimaiyyətə təqdim edildi.

"Təsnifat"ın əvvəlində Dilçilik İnstitutunun 1975, 2004 və 2013-cü il nəşrlərində yer almış qüsurlu söz və ifadələrin artım statistikası verilmişdir. Buradan aydın görünür ki, A, B və C hərfləri ilə başlayan vahidlər üzrə qüsurluluq həddi nəşrdən-nəşrə kəmiyyətcə yüksəlməkdədir. Və 2013-cü il nəşrində maksimum həddə çataraq, 60 000-ə yaxın söz vahidinin (eləcə də söz qismində təqdim olunan quramalarının) Ana dilimizin mənzərəsini əks etdirən lüğətdən kənarlaşdırılması nəticəsinə gətirib çıxarır.

Sonrakı bölmələrdə isə "Lüğət"in son iki nəşri üzrə qüsurların (lüğətdən çıxarılan sözlərin) aşağıdakı təsnifatı təqdim olunur:

1. Söz quramaları - andıraqalma, aparıcıolma, barmaqlıqdanbaxma, başıqovurma, başmaqseyrinəçıxma, bicdoğma, boşqabaoxşarlıq, cıbırığınıçıxarma, bircür-bircür, bircürə-bircürə, boğazadəymə, çaypuluvermə, çəkməyaxamcırıldı, eşşəkbelisındırma, filqulağındayatma, qaralarlaoynama, növəmələgətirmədənqalma və s.

2. Səs təqlidləri - cırınqhacırınq, çarhaçar, dız-dız, dızz, diz-diz, dom-dom, ham, ham-ham, hav, hav-hav, xırıp, xırıpaxırıp, qağ-qağ, qar-qur, qart-qart, qığ-qığ, quqquluqu, zaranq, zaranqazaranq, zaranq-zaranq, zınq, zırınq, züy-züy və s.

3. Yazılışı, yaxud mənası qüsurlu sözlər - addamaq (adlamaq), alət-əməliyyat (?), alıq-dalğa (?), asudəçilik (asudəlik), balıqovu (balıq ovu), bollu-bəhrəli (bol bəhrəli), bozqırı (bozqır), bulanlıq (bulanıq), ciddiyyətli (ciddi), dincəltməsiz (?), fərəhlik (fərəhlilik), gülləşmə (güllənmə), xırdametrajlı (qısametrajlı) və s.

4. Yazılışı müxtəlif qaydalarda verilmiş sözlər - abidə-bulaq / bulaq-abidə, aldırmaq / aldırtmaq, buta / puta, daim / daima, həmin / haman, işartı / işarantı, muxtar / avtonom, ovsun / əfsun və s.

5. Qeyri-işlək ərəb, fars, rus və digər əcnəbi sözlər - ab, abi-heyvan, aşüftə, bədgu, eybcu, fak, fləq, flint, fob, ismi-xas, istorioqraf, kaput, kartoçka, kobzar, koka, kretin, jitiye, lotok, lölö, mujik, nəşvü-nüma, radiomaçta, requlyator, rubəru, yeretik, zəban və s.

6. Arxaik sözlər, şifahi danışıq elementləri, loru ifadələr - ağzıcırıq, ağızdanyava, arıq-tırıq, başıbatmışlıq, bərkgedənlik, budey, cında-cunda, cındırax, cırtqoz, çərən-çürən, dəngüş-dəngüş, dıbırçəllək, əngiboşluq, filan-fəsman, haça-paça, kalanlaşmaq və s.

7. Lüğətdə yer almış sözlərə dair lüzumsuz hallandırmalar - abituriyentli, abituriyentsiz, birqoyunlu, comərdcə, comərdcəsinə, comərdlənmə, comərdlənmək, comərdləşmə, comərdləşmək, comərdliklə, çəngələbənzər, çəngələoxşar, çəngəlvari, dənə-dənəlik, dənələtdirə-dənələtdirə və s.

8. Sahəvi terminlər - abandon, abatment, abuliya, adamsit, addendum, ambistom, amenoreya, amensiya, ametropiya, amfiblastula, amfibol, amfidiploid, aspergillyoz və s.

Əlbəttə, ADTM-in mövcud orfoqrafiya lüğətlərinin xüsusilə son nəşrləri üzərində apardığı təhlillər, külli miqdarda qüsurların aşkarlanması başlıca məqsəd deyildi. Əsas məsələ həmin qüsurlara bir daha yol verməməklə yeni orfoqrafiya lüğətinin təməlini atmaq, tərtib prinsiplərini, nəzəriyyəsini, metodlarını təkmilləşdirmək və mükəmməl bir lüğət örnəyi hazırlamaq idi. Bunun üçün, təbii ki, təxminən yüz illik Azərbaycan orfoqrafiya lüğəti tarixçiliyinin yalnız tənqidi və tədqiqi kifayət etmirdi. Mərkəzin ikinci işi, qeyd edildiyi kimi, "Söz hovuzu" proqramı çərçivəsində ən müxtəlif üslublara mənsub mətnlərdən, F. de Sössürün terminologiyası ilə desək, nitq yox, dil materialı toplamaq idi.

Yeni lüğətin çoxsaylı yeniliklərini aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:

1. Orfoqrafiya lüğətlərinin müxtəlif nəşrlərindən kənarda qalmış sözlər müəyyənləşdirilərək lüğətə daxil edilmişdir ki, bunların böyük bir qismi keçən əsrin sonu, yeni əsrin əvvəllərində meydana çıxmaqla, artıq ədəbi ünsiyyətin fəal faktına çevrilmişdir.

2. Sovet dövründə Avropa mənşəli vahidlərin sıxışdırıb arxa plana keçirdiyi bir çox sözlər lüğətə daxil edilərək ədəbi-normativ funksiyaları bərpa olunmuşdur.

3. Lüğət tərkibinin etnoqrafik əsasında dayanaraq daim dili qidalandıran çoxsaylı sözlər qarşısındakı süni "ədəbi maneə"lər aradan qaldırılmış, onlar zəruri anlayışların ifadəçisi olaraq geniş istifadəyə verilmişdir.

4. Azərbaycan cəmiyyətinin elmi-texniki tərəqqisinin göstəricisi olaraq ünsiyyətdə get-gedə populyarlaşan terminoloji səciyyəli sözlər lüğətdə özünəməxsus yerini almışdır.

5. Son illər türk dilləri, xüsusilə Türkiyə türkcəsi ilə qarşılıqlı əlaqələrin intensivləşməsi nəticəsində Azərbaycan dilinə keçən leksik vahidlər lüğətdə lazımi miqyasda əks olunmuşdur.

6. Ədəbi dilin inkişafı üçün təbii olan canlı bir prosesə - mürəkkəb feillərin düzəltmə feillərə çevrilməsi prosesinə, bir sıra hallarda eksperimental səciyyə daşısa da, geniş meydan açılmışdır.

7. Əvvəlki orfoqrafiya lüğətləri üçün, nə qədər paradoksal təsir bağışlasa da, xarakterik olan orfoqrafik variantlılıq aradan qaldırılmışdır və s.

Və nəhayət, geniş ictimaiyyətə təqdim olunan hazırkı nəşrin (eləcə də ümumən ADTM-in bu sahədə gördüyü son dərəcə məhsuldar mənəvi-ideoloji işin!) uğurunu şərtləndirən üçüncü amil isə, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun işini yeni tarixdə davam etdirən Azərbaycan Prezidenti, dünya azərbaycanlılarının lideri İlham Əliyevin Azərbaycan dilinin inkişafı üçün yaratdığı münbit ictimai, siyasi, mədəni şəraitdə Mərkəzin rəhbəri, Xalq yazıçısı Afaq Məsudun (və onun komandasının) heç bir tərəddüdə yol vermədən, ardıcıl olaraq nümayiş etdirdikləri yaradıcı iradə, intellektual əzm və milli təəssübkeşlikdir.

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti 20-ci, 30-cu illərdə başlamış böyük milli lüğətçilik işinin elə bir təbii davamıdır ki, öz sinergetik impulsunu milli müstəqilliyin verdiyi parlaq strateji imkanlardan almışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!