Azər TURAN
Aşıq Pəri Cəbrayılda doğulub. Amma ömrünün bir qismini Şuşada yaşayıb və ehtimal ki, elə Şuşada da dünyasını dəyişib.
Firidun bəy Köçərli yazırdı ki, Aşıq Pəri öz müasirləri arasında ən istəkli, əziz və möhtərəm bir qadın imiş. Onun əsl vətəni Qarabağ xanlığına bağlı Cəbrayıl uyezdində, Dızaq mahalında Maralyan qəryəsidir. Doğum və vəfat tarixi məlum deyil. İbtida təlimini öz qəryəsində alıbdır... Elə ki, şöhrəti artıb hər yana yayılır, gözəlliyinə aşiq olanlar çoxalır. Aşıq Pəri Maralyandan köçüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şairlər və dövlət adamları arasında daha da çoxalır, hər bir təb əhli onun şəninə gözəl şeirlər yazıb öz məhəbbətlərini izhar edərmiş; şairə özü də əhli-hal, sahibcəmal, xoşsöhbət, işvəli bir nazənin imiş.
Fuad Köprülü də Aşıq Pərinin Şuşada iqamət etdiyini - yaşadığını yazıb.
Pəri milli şeirin maraqlı örnəklərini yaradıb, bu öz yerində. Xüsusən, dil və ritm baxımından Aşıq Pəri çox müasirdir. XIX yüzil hadisəsinə bənzəmir, yaradıcılığının ümumi səciyyəsi yeni estetik dalğanı xatırladır. Klassik Azərbaycan poeziya dilini xəlqiləşdirən şairlərin ön sıralarındadır, bəlkə Vaqifdən sonra bu istiqamətdə qələm çalan ilk şairimizdir. Əliabbas Müznibin 1928-ci ildə nəşr olunmuş "Aşıq Pəri və müasirləri" kitabına Ön söz olaraq qələmə aldığı "Aşıq Pəri haqqında bir neçə söz" yazısında Hənəfi Zeynallının dediyi kimi, Aşıq Pəri "elin sevə-sevə dinlədiyi deyişmələri və yazışmaları surətilə heca vəzninin qol-budaq atmasına yardım etmiş oldu". Zeynallının diqqəti cəlb etdiyi bu məqam Azərbaycan poeziyasının milliləşdirilməsi prosesində ciddi mərhələ hesab olunmalıdır.
Aşıq Pəriyə ünvanlanmış şeirlərin üslubu da fərqlidir. Doğrudan da, Firidun bəyin bildirdiyi kimi, işvəliymiş ki, ona şuşalı gənc şair Mirzə Həsən açıqdan-açığa:
...Boyun yaraşıqda qiyamət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Kəmər ilə nazik bellər oynaşır
- deyirmiş. Burda ilk dəfədir ki, Azərbaycan şeirində konkret ünvanla "Ağ məmə köynəyə gözəllik verir" deyilir. Aşıq Pəri də duyğularını zərif məna örtüyünə büküb cavab verirmiş:
Katiblərin şahı, dəftər içində,
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli, fellisən, nazü-qəmzəli,
Dəhanında şirin dillər oynaşır.
1867-ci ildə Leypsiqdə nəşr olunmuş "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir ki, Adolf Berje sahibcənabının ehtimamilə mətbu olunubdur" kitabında Berje onu şairliyindən başqa "eşidilməmiş bir gözəlliyə malik olan Aşıq Pəri" olaraq dəyərləndirir.
Gözəlliyi özündən sonra iki yüz il keçməsinə baxmayaraq, təravətini itirməyən Aşıq Pəri, ilk qadın şairimizdir ki, Şərq poeziyası kontekstində məchul gözəlin zahiri vücudunun öz varlığıyla əvəzlənməsinə müsaidə edib. Qəribədir, Azərbaycan poeziyasında əndamının belə adlı-ünvanlı vəsf olunduğu ilk obrazın da adı Pəridir. Vaqifin Pərisi... "Boyun sürahidir, bədənin büllur, /Gərdənin çəkilmiş minadan, Pəri!.. / Üz yanında tökülübdür tel nazik, / Sinə meydan, zülf pərişan, bel nazik, / Ağız nazik, dodaq nazik, dil nazik, / Ağ əllərin əlvan hənadan, Pəri!"
***
Aşıq Pəriyə aşiq olan Əsəd bəy "O gündən ki didarını görmüşəm, / Həsrətindən yanar cismü can, Pəri" misrası ilə başlayan qoşmasında "Axır gizlin dərdim qıldım aşikar, / Qoy bilsə də, bilsin Mirzəcan, Pəri" - deyə keçən bir misra var... Aşıq Pəri Şuşa civarında erməni əsilli Mirzəcan Mədətovla da yaxın olub. Yaxın olsalar da, bir-birinə bəslədikləri duyğular bütün hallarda təktərəflidir. Mirzəcan Pərinin dərdindən dəli-divanə olduğunu etiraf edir. Pəri isə bütün hallarda Mirzəcanın eşqini cavabsız qoyur. Şeirləşmələrinin birində Mirzəcana "Hər nə ki danışsan, əfsanədəndir, / Batacaqdır məkri-qanə gözlərin. / Sən mənə rəqibsən, həmi naməhrəm, / Sataşmasın zənəxdanə gözlərin". Pəri Mirzəcan Mədətovu özünə naməhrəm adlandırır və bunun səbəbi bəllidir. Bəs nə üçün onu həm də rəqib adlandırır? Bu sualın cavabı verilməyib... Amma mütləq verilməlidir. Pərini sirli edən səbəblərdən biri də bu məqamdadır.
Doğrudan da, fenomen qadındır. Həm hal əhlidir, həm də irfan sahibidir. Hər halda, Aşıq Pəri istisna olaraq, fərqli paradiqmada tədqiq olunmalıydı. Yazdığı şeirlərin bir qismində həm erotizm, həm də sufizm bir aradadır.
Pəri Mirzəcana, "Sən təriqətdən ötüb, irfanlara qoyma məhəl" deyir, Mirzəcan isə ona "Tapalı eşqin yolun biz böylə işi neyləriz? / Əqlimiz heyran olubdur, dünü kişi neyləriz? / Gəl edək zövqü səfa, molla, keşişi neyləriz?" - deyə cavab verirdi.
Mirzəcan Mədətov dünyasını dəyişəndə Aşıq Pərinın dünyadan hesab sorduğu belə misraları var: "Dünya, sənin etibarın yox imiş, / Bir xəbər ver, Mirzəcanı neylədin?" Fuad Köprülü Aşıq Pərinin həmin şeirini mərsiyə adlandırır.
Mirzəcan Mədətov türklərin düşməni, çar ordusunun Qarabağ üzrə komandanı, Qarabağda və Gəncədə azərbaycanlılara divan tutan erməni generalı Valerian Mədətovun yaxın qohumudur. Hətta bəzi mənbələrdə qardaşı oğludur. Hərçənd, Firidun bəy Köçərli Valerian Mədətovun elə Mirzəcan Mədətovun özü olduğunu ehtimal edir. "Mirzəcan Mədətov haman general Valerian Qriqoryeviç Mədətov olduğuna Aşıq Pərinin onun vəfatı zamanında yazdığı təəssüfamiz şeirlər də dəlalət edir".
Firidun bəy Köçərlinin bu yanlışı Feyzulla Qasımzadənin diqqətindən yayınmır. Professor Mirzə Feyzulla bildirir ki, Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nda təsadüf olunan yanlışlardan biri də "Mirzəcan Mədətovun general Mədətovla qarışdırılması"dır.
Firidun bəy Köçərlini belə yanlış qənaətə gəlməyə vadar edən səbəb, çox güman, "Mirzəcanı neylədin?" şeirinin üçüncü bəndində keçən mətləblərdir:
Puç dünya, səndə bir yarıyan hanı?
Günbəgün artırdı şövkəti-şanı.
Tiflisin sağ əli, sərdarın canı,
Viran qoyub Dağıstanı, neylədin?
Bu misraları necə anlamaq olar? Valerian Mədətov doğrudan da, Tiflisdə canişin Yermolovun ən yaxınlarından hesab olunurdu. Dağıstan əhalisinə, ləzgilərə zülm edən, xüsusən, Tabasaran, Aquşa, Kazıkumık bölgələrini işğal edən rus ordusunun komandanı da o idi. Mirzəcan Mədətov isə Tiflisdə Qafqaz baş hakiminin dəftərxanasında çalışırdı və Mirzə Fətəli Axundov tərcüman vəzifəsində Mirzəcan Mədətovu əvəz etmişdi. Söhbət Mirzəcandan, yəni qardaşoğlu Mədətovdan gedirsə, o da Tiflisdəki canişinin sağ əli sayıla bilərdi. Feyzulla Qasımzadə Tornauya istinadən xatırladır ki, "Yermolov Mirzəcanı çox sevirdi və ona inanırdı; səfərə çıxdığı zaman ondan nə gecə və nə gündüz ayrılardı".
Amma əmisi Valerian Mədətovdan fərqli olaraq, Mirzəcan Dağıstanı viran qoymamışdı. Bu mənada, yuxarıdakı misralar əmi Mədətova daha müvafiqdir. Dağıstanı viran qoyan Valerian Mədətovun ölümü ilə Dağıstan viran qala bilməz, əksinə, dağıstanlılar buna sevinə bilərdi. Firidun bəy Köçərlinin hər iki Mədətovu eyni adam hesab etməsi, heç şübhəsiz, xatırlatdığımız misralarla bağlıdır. Hər halda, son misra müəmmalıdır, onun şərhi ədəbiyyat tarixçilərimizin vəzifəsidir, həm də çox ciddi vəzifəsidir.
Mirzəcan Mədətov Vərəndə mahalının Çanaqçı kəndindəndir. Məhəmməd Ağa Müctəhidzadə də, Firidun bəy Köçərli də, Mir Möhsün Nəvvab da onu "Qarabağın Şuşa tabeliyində olan Çanaqçı kənd sakini" olaraq təqdim ediblər. Hər halda, Aşıq Pəri həm Fərhad bəy Məlikaslanovla sevgili olub, həm Mirzəcan Mədətov ona talib olub, həm də xəbər yayılıb ki, Pəri başqası ilə ailə qurmaq fikrinə düşüb. Pəriyə xitabən, yenə də Məhəmməd bəy Aşiq "Aşıq Pəri, bir göftgu eşitdim. / Namizəd olmusan bir şux oğlana" deyə təəssüfünü bildirir və Fərhadı da, Mirzəcanı da onun yadına salırdı:
Hər kəs ki yolunda çəkdi çox cəfa,
Bir gün vüsalından görmədi səfa.
Nə dilin var, ey-Pəriyi-bivəfa!
Fərhada şiri-nər Məlik Aslana.
Qəzanın işini əgər bilirdi,
Əl çəkib dünyadan çətin ölürdü,
Sıçrayıb qəbirdən dişrə gəlirdi,
Yetsəydi bu xəbər ol Mirzəcana.
Yaxud Aşıq Pəri tuğlu Məlik Aslanla eşq yaşayanda Pərinin eşqiylə özünə Aşiq təxəllüsünü götürən Məhəmməd bəy Cavanşir ona iltimasını bu sözlərlə çatdırırdı:
Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tən edər mehri rüxün göydə məhi-tabanə,
Gərçi bihəd görürəm lütfünü bir insanə,
Piri-biqandədir, uyma Məlik Aslanə,
Olgilən yar yenə mən təki bir oğlanə.
Aşıq Pəri ilə Fərhad bəyin münasibətlərindən Qasım bəy Zakirə şikayətlənən Məhəmməd bəy Aşiqə Zakir təsəlli verirdi... Hər nə olur-olsun, Məhəmməd bəy Pərini hamıya qısqanırdı... Fərhad bəy Məlik Aslana da, erməni Mirzəcan Mədətova da.
Aşıq Pəri isə Cəfərqulu xanla deyişmələrində Fərhad bəyi ucaldaraq vəsf edir. Cəfərqulu xanın: "Nədən ötrü bizdən kənar gəzirsən? / Nə tabe olubsan sərasər ona?" sualına "Saymanıq soltanı, xanı, paşanı / Nə şah bir söz deyər, nə sərdar ona" deyə cavab verir. Digər tərəfdən, onu Fərhad bəyə, hətta Mirzəcan da qısqanır: "Nə xandı, nə paşa, nə sən görən bəy, / Mirzəcandı, yalnız intizar sənə":
Eşitdim tapıbsan bir həmdəm, Pəri!
O həmdəm deyildir, artar qəm, Pəri!
Fələk kimi etmə sən sitəm, Pəri!
Əsər etməz məgər ahu-zar sənə?
Pərinin həmdəmi Fərhad bəy Məlikaslanov barədə bir neçə kəlmə yazmağa ehtiyac yaranır. Fərhad Məlikaslanov rus ordusunda Qarabağ süvari alayının hərbçilərindən olub. Dahi rus şairi Puşkin ona şeir həsr edib. Nəinki şeir həsr edib, hətta qara qələmlə onun portretini də çəkib. Puşkin şeirində Fərhad bəyin hətta yaraşığını vəsf edir:
Не пленяйся бранной славой,
О красавец молодой!
Не бросайся в бой кровавый
С карабахскою толпой!
Знаю: смерть тебя не встретит:
Азраил, среди мечей,
Красоту твою заметит —
И пощада будет ей!...
Mənbələrdə Fərhad bəyin Həcc ziyarətində olduğu, Xatay xanımla ailə qurduğu yazılır.
Mirzə Fətəlinin "Puşkinin ölümünə Şərq poeması" kifayət qədər məşhur olduğu halda, qəribədir ki, Puşkinin azərbaycanlı Fərhad bəy barədə yazdığı şeir barədə çox az danışılıb. Hər halda, Puşkinin qəhrəmanlarından Fərhad bəylə Pərinin həmdəmliyi də Aşıq Pəri ilə bağlı detalların ən ilginclərindəndir. Həmdəm olduqları illərdə Fərhad bəy Aşıq Pəriyə Puşkinlə görüşü barədə söhbət açmamış olmazdı...
Məhəmməd bəy Aşiq Pəri ilə Fərhad bəyin yaxın münasibətlərindən rəncidədir, ona xoş olmayan bu ilişki barədə, dediyim kimi, Zakirə şikayətlənir. Qasım bəy Zakir isə... Adolf Berjenin tərtib etdiyi kitabda Zakirin "Dər göftguyi-Aşıq Pəri be Məhəmməd bəg nəveştə" şeirində (Berjenin kitabında bütün şeirlərin adı farsca yazılıb) Aşıq Pərinin qadın və şair həssasiyyətinə uyğun olmayan, ümumiyyətlə, Azərbaycan şeirinin dilinə və üslubuna yaraşmayan ədəbdənkənar misralar keçir ki, bu yazıda həmin şeirdən sitat gətirmək istəmirəm. Şeir ilk dəfə Adolf Berjenin kitabında dərc olunub. Zakir Pəriyə niyə nifrət edir, ona qarşı niyə bu qədər amansızdır, bilinmir. Amma həm də ilginc olan budur ki, Pəriyə görə Aşiq təxəllüsü ilə yazan Məhəmməd bəy Qasım bəy Zakirin o hərcayi sözlərinə necə dözmüşdü? Sevdiyi bir qadının təhqir olunmasına necə təhəmmül etmişdi? Görünür, Məhəmməd bəy Aşiqin də, başqalarının da hədəfi Pərinin zahiri gözəlliyidir, bədənidir. Heç biri, o cümlədən, Məhəmməd bəy Aşiq də Pərinin irfanına vurğun deyil. Bunun belə olduğunu Aşiqin ömrünün son çağlarında yazdığı "Tövbənamə" şeirindən də görürük. Lakin hələ "Tövbənamə"yə qədər Məhəmməd bəy Pəriyə ünvanladığı bir şeiri sonda belə bir təəssüflə bitirirdi: "Qoynun içindəki bağu bostanı / Nə hasil tapşırdın naşı bağbana"... Zakirin Məhəmməd bəy Aşiqə xitabən yazdığı şeir nəzərə alınsa, Aşıq Pəri Məhəmməd bəy Aşiqin Fatma, Məryəm və Şahsənəmdən sonra ovlamaq istədiyi növbəti qadındır...
Pəriyə ən çox şeirlər həsr edən Məhəmməd bəy Aşiqi bəzən "mürşidi-kamilim" adlandıran Aşıq Pərinin onunla şeirləşməsi (yəqin ki, bu son deyişmədir) münasibətlərin son həddidir. Bizim poeziyamızda gənc və gözəl bir qadına heç kəs heç vaxt belə açıq-saçıq izharda bulunmamışdı:
Məhəmməd bəy Aşiq:
Qarşıda Pəri yeri,
Dızaqda Pəri yeri.
Haçan olar biz evdə
Saldıraq, Pəri, yeri?
Aşıq Pəri:
Qəlyanın səri yeri,
Eşqin əsəri yeri.
Ağlına dua yazdır,
Olma sərsəri, yeri.
Məhəmməd bəy Aşiq:
Yeri, sərsəri, yeri,
Anla sirr, səri yeri.
Sərvim, qoynuna girsəm,
Ollam, sərsəri yeri.
Aşıq Pəri:
Aşığam Maralyana,
Od düşüb Maralyana.
Necəsən, bir ah çəkim,
Dağlarda maral yana?
Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında onu "Aşıq Pərinin aşiqlərindən biri" adlandırır. Feyzulla Qasımzadə isə bildirir ki, Qarabağda Vaqif şeiri üslubunu davam etdirən şairlər içərisində...birinci yeri tutan Məhəmməd bəy Aşiq Zəngilani "ən yaxşı şeirlərini Aşıq Pəriyə həsr etmişdir".
Amma hər şeyə rəğmən, düz deyirmiş: "Artdı hirsim mərəzi, etmədim əsla pəhriz"... Məhəmməd bəy Aşiqin "Tövbənamə" şeirindəki etirafları, xüsusən, şeirdə təkrir olaraq keçən "Asiyü bədəməlü rusiyahü xarəm mən" misrasındakı dərin və kədərli təəssüfünün səbəbləri nə imiş? Adamın nə qədər ağır günahları varmış ki, tövbəsini bu şəkildə edib. Məhəmməd bəy Aşiqin "Tövbənamə"si XIX yüzil Azərbaycan poeziyasının çox dəyərli örnəklərindəndir. "Tövbənamə"də işarələrlə olmuş olsa belə, Pəriyə bəslədiyi eşqini də, özünə Aşiq təxəllüsünü götürməsini də böyük günahlarının sırasında xatırladır... "Bir neçə il özümü eşqə müqəyyəd qıldım. / Gahi Aşiq adımı, gah Məhəmməd qıldım. / Məşqi əbruyi-xətü xal ilə mürtəd qıldım..."
Adolf Berje əvvəldə xatırlatdığımız kitabında yazır: "1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 16 yaşında qeyri-adi zahiri gözəlliyə malik olan bir qız zühur etdi. Bu qızın adı Aşıq Pəri idi". Elə buradaca mübahisəli bir məqama aydınlıq gətirilməsinə ehtiyac yaranır. Pəri barədə yazan müəlliflər Adolf Berjeyə istinadən verdikləri yuxarıdakı qeyddə 16 yaşındakı qızı bir qayda olaraq, 18 yaşlı qızla əvəz ediblər. Amma göründüyü kimi, Berje 1867-ci il Leypsiq nəşrinə alman dilində yazdığı Ön sözdə Pərini 16 yaşlı qız kimi təqdim edib... Əgər 1829-cu ildə Pərinin 16 yaşı vardısa, deməli, o, 1813-ci ildə dünyaya gəlib. Mirzəcan Mədətovun vəfat tarixi isə müxtəlif qaynaqlarda fərqli şəkillərdə göstərilir. Əksər qaynaqlar 1851-ci ili göstərsə də, professor Vilayət Quliyev onun dəqiq vəfat tarixini yazıb: 1837-ci il. Mirzəcan dünyasını dəyişəndə Pərinin ya 24, ya da 34 yaşı olub. Fərhad Məlikaslanov isə demək olar ki, Pərinin həmyaşıdıydı, 1889-cu ilə qədər - səksən dörd yaşına qədər yaşamışdı. Özündən sonra ailəsi, övladları qalıb. Əzizə Cəfərzadənin bildirdiyinə görə, Mirzəcan Mədətovun Mina xanım adlı həyat yoldaşı, Səfiyə adlı qızı varmış. Bu məqam xeyli suallar doğurur. Hər şeyə rəğmən, o bir erməniydi və necə olurdu ki, o, həm Pəriyə talib olur, həm də Mina adlı azərbaycanlı həyat yoldaşı, hələ üstəlik, Səfiyyə adlı qızı varmış?..
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabının "Yazılı ədəbiyyatda aşıq şeiri səpkisində yazan şairlər" hissəsində professor Feyzulla Qasımzadə bildirir ki, Mirzəcan Mədətov "ən hərarətli şeirlərini özünün Qarabağ müasiri Aşıq Pəriyə həsr etmişdir".
Feyzulla Qasımzadənin yazdıqlarından belə anlaşılır ki, Mirzəcan Mədətov da, Məhəmməd bəy Aşiq də ən yaxşı şeirlərini Aşıq Pəriyə həsr ediblər. Buna rəğmən, Mirzəcan Mədətovun da, Fərhad Məlikaslanovun da, Məhəmməd bəy Aşiqin də - Pərinin bütün aşiqlərinin ailəsi, uşaqları var, amma Pəri tarixin bir döngəsində izsiz-soraqsız yoxa çıxır...
Sonra versiyalar başlayır. Sonra Pərinin tərcümeyi-halında "deyilənə görə" versiyaları dövriyyəyə qatılır... Pəri ilə bağlı xatirələr qarışıq düşür. Pəri guya çox gənc yaşlarında, bəlkə də yeniyetmə yaşlarında Cəbrayılda yaşlı və dul Molla Məhəmməd adlı əzazil bir adama ərə gedibmiş. On il Molla Məhəmmədlə evli olub. Bunu Pərinin qızlığı, Molla Məhəmmədin əvvəlki arvadından olan qızı 120 yaşlı Şirin arvad danışırmış. Kimə danışıb? Sonra Pəri ərinin işgəncələrindən baş götürüb Şuşaya qaçıb. 16 yaşlı Pəri 10 il necə kiminsə arvadı ola bilərdi? Necə olurdu ki, Pəridən elə də uzaq olmayan tarixlərdə Müctəhidzadə, Mir Möhsün Nəvvab təzkirələrində, yaxud XX yüzilin ilk illərində "Azərbaycan ədəbiyyatı" kitabını yazan Firidun bəy Köçərli, yaxud 1927-ci ildə "El şairləri" kitabını hazırlayan Salman Mümtaz bu barədə hər hansı məlumat əldə edə bilməyib? Yaxud necə olub ki, gözəllikdə pərilərlə, mələklərlə qiyaslandırılan Pəri erkən yaşlarında arvadı ölmüş, dul bir kişi ilə evlənib? Yaxud Berjenin yazdıqlarına, yaxud Axundovun Berjeyə verdiyi məlumatlara inansaq, o zaman razılaşmalıyıq ki, Mirzəcan Mədətov Maralyana gedib Aşıq Pəri ilə görüşüb. Necə olurmuş bu? Molla Məhəmməd adlı əzazil birinin gənc və gözəl arvadını görmək üçün kimsə, yad bir kişi - erməni Mədətov Maralyana gedə bilərdimi? Gedibsə, Maralyanda Pəri ilə görüşübsə, bu, Pərinin həyatında Molla Məhəmməd adlı adamın varlığını sual altına düşürür. Bir qisim "deyilənə görə"lərdə Pəri Şuşada yaşamayıb, amma tez-tez Şuşaya gedib-gəlirmiş, şeir məclislərində iştirak edib geri qayıdırmış... XIX yüzilin 30-cu illərində gözəl bir qadın Cəbrayıldan Şuşaya nə ilə gedirmiş, nə ilə qayıdırmış? Bir qisim "deyilənə görə"lərdə guya Şuşada dünyasını dəyişəndən sonra Pərinin qardaşları Şuşaya gəlib onun cənazəsini Maralyana aparıb orada dəfn ediblər. Bu versiyaların hər birinin dəqiqliklə araşdırılmasına ehtiyac var. Guya Pərinin qəbri səksəninci illərə qədər Cəbrayılda qalırmış. XIX əsrin otuzuncu illərində dünyasını dəyişmiş, varisi və övladı olmayan gənc bir qadının üstü yazılı başdaşısını kim təsəvvür edir? 150-200 il sərasər onu kim ziyarət edirmiş ki, qəbri itib-getməyibmiş? Yazılı başdaşını qəbrinin üstünə qoyan kim imiş? Qardaşlarının Şuşaya gəlib onun cənazəsini Cəbrayıla aparması ilk dəfə hansı qaynaqda göstərilib?
Pərinin vəfat tarixi də müxtəlif mənbələrdə fərqli şəkillərdə qeyd olunub. İlk məlumatı Adolf Berje verir: "Pəri 1833-cü ildə dünyasını dəyişib". Başqa mənbələrdə isə onun 1847-ci ildə vəfat etdiyi bildirilir.... Amma gerçək olan budur ki, Pəri ilə bağlı söhbətlər Mirzəcanın öldüyü illərdə qapanır. Ya 1837-ci, ya da 1851-ci ildən sonra Pəri sirr örtüyünə bürünür. Sonra Pəri ilə bağlı heç bir məlumat yoxdur. Cəfərqulu xan Nəva, yaxud Məhəmməd bəy Aşiqlə şeirləşmələri də sirr pərdəsini qaldırmağa imkan vermir.
Pəri 16 yaşına qədər ömrünün əvvəli barədə heç bir iz buraxmadığı kimi, sonra da heç bir iz buraxmadan sanki qeybə çəkilir.
Amma Pərinin obrazı ədəbiyyat tarixində gənc qalır... 24, ya da 38 yaş arasında. Hər iki halda Pəri gəncdir...
Aşıq Pəri XIX yüzil qadın poeziyamızda nadirdir. Həyatı kimi, yaradıcılığı da gizlincsizdir, açıqdır. Dediyim kimi, XIX yüzil Azərbaycan qadın poeziyasında bir qadın şairin yaradıcılığında belə bir durum estetik dalğa, yaxud yeni ədəbi cərəyan səviyyəsindədir. Yuxarıda qeyd etdiyim kimi, onun xüsusən Mirzəcan Mədətovla münazirəsində (deyişməsində) irfanla intimizm qaynayıb-qarışır. Mirzəcan Mədətovun dünya nəşəsi Aşıq Pərinin irfan dumanına bürünüb. Burda münazirə formasının hüdudları da aşılır. İki tərəfin heç biri özünü öymür. Əksinə, Mirzəcan Mədətov Pəriyə olan duyğularını hər vəchlə etiraf edir, Pəri isə Mədətovun sevgi izharlarını daha dərin və irfani qatlarda cavablandırır.
Aşıq Pəri:
Şaira, sənsən zəmanə mərdi, meydandan danış,
Əzbər eylə dildə dəftər, cövhəri-candan danış,
Yeddi yerdir, yeddi gögdür, eylə əzbərdən sual,
Yeddi məna, yeddi qüsl, yeddi göhər, həm kəmal,
Yeddi bürcdə, yeddi yıldız, həşt cənnət bimisal,
Yeddi rükət, yeddi iman, yeddi ərkandan danış.
Mirzəcan:
Neylirəm bunları mən, gəl, ey Pəri, yardan danış,
Neylərəm üqba işin, sən kimi dildardan danış.
Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual?
Tapmışam bir mürşüdü, həsb etmişəm ondan kamal.
Çəkmənəm rizvan qəmin, bu dünyada versən məcal,
Aşiqə cövr eyləyən yari-sitəmkardan danış...
Aşıq Pəri şeiri ustalıqla yazır. Tutaq ki, həmin şeirləşmənin (müşairənin) içində qəfil çevriliş edib, Mirzəcanın dini və milli nüvəsini sancır:
Motaves, Marqos, Ohanes, Loqani yad etgilən,
Petros, həm İstepanı yad edib şad etgilən.
Doğulan uşağı "Allah" deyibən, dad etgilən,
Yandırıb xaxorti Davud, Süleymandan danış.
Mirzəcan:
Mən bu sözlərdən iraqəm, ey Pəri, dad etmə sən,
Yad edib bu sözləri, hər ləhzə fəryad etmə sən.
Bir belə sözlər deyib əğyarı həm şad etmə sən,
Zülfi-müşk, xali-ənbər, xətti-reyhandan danış...
Görünən o ki, Pəri irfan sirlərinə dərindən aşinadır. Təriqətdən ötüb, irfan yoluna girdiyini bəyan edir: "Ey Pəri, oldu dili-şeyda rədifi-əlbəəl, / Sən təriqətdən ötüb irfan yoluna qoy məhəl". Simvolları sıralayır, Mərrix və Zühəl (Mars və Saturn) ulduzlarını göyün günbəzi adlandırır, dirilik suyundan, Tuba cənnətlərindən, Rizvan bağından danışır. Qüdsi-Xəlildən agahdır.
Polşa doğumlu Ukrayna alimi Nikolay Qulak 1887-cı ildə "Ruskaya starina" jurnalında dərc etdirdiyi "Adolf Petroviç Berje oriyentalist kimi" məqaləsində bu deyişmədən çıxardığı nəticəni belə ümumiləşdirirdi: "Biz avropalılar üçün ideal Aşıq Pəri kobud ehtiraslı Mirzəcandan ölçüyəgəlməz dərəcədə ucadadır. Doğrudan da, Zaqafqaziyanın müsəlman qadınları Aşıq Pəri kimi qeyri-adi bir xanımla fəxr edə bilərlər. O sübut edir ki, xarici təzyiqə, hərəm həyatına baxmayaraq, onlarda ilahi bir qığılcım hələ də parlamaqdadır".
Təzkirələrdə və filoloji tədqiqatlarda üstündən sükutla keçilsə də, bütün hallarda bilinən və görünən budur ki, Mirzəcan Mədətov Aşıq Pəriyə aşiq olub və yuxarıda dediym kimi, Aşıq Pəri Mirzəcanın sevgisinə etina etmir. Amma burda ciddi bir məqam var. Mirzəcan:
Aşiq oldum mən sana, vallah, biguman, ey Pəri!
Məzhəbim tərkin qılıb oldum biiman, ey Pəri!
Mən özüm nəsraniyəm, amma ta ki, gördüm səni,
Əşhədü-billah ilə oldum müsəlman, ey Pəri!
Küfrü zülfün hər zaman bidinlik idi aşkar,
Mən gətirdim sidq ilə gördükdə iman, ey Pəri!
- deyə iman böhranı keçirirdi. Böhran idimi? Özü də fikirlərini bizim dildə ifadə edirdi. "Əşhədü-billah ilə oldum müsəlman, ey Pəri!" etirafı artıq Mirzəcan Mədətovun din dəyişdirdiyinə dəlalət edir. Bu, adi etiraf deyil. Mirzəcan Pərini görüb tanıyandan sonra, kəlimeyi-şəhadət söylədiyini iqrar edir. Türklərin düşməni erməni generalı Valerian Mədətovun qardaşı oğlu "Əşhədü-billah ilə oldum müsəlman, ey Pəri!" - deyir. Bu fakta niyə biganəyik?.. Azərbaycanlı gözəl bir xanım, çar ordusunun 2-ci müsəlman alayının erməni əsilli komandirinə: "Ağlını təğyir etdi, aldı sərdən kəlisa" (kilsə ağlını dəyişib başından aldı) deyə biləcək qədər irfani, nazənin və cəsur... Mirzəcanın isə kəlisası da, Qüdsi-Xəlili də, o dünyası da, bu dünyası da Aşıq Pəri idi... "Neylərəm üqba işin (axirəti), sən kimi dildardan danış" - deyirdi.
Mirzəcan Mədətovu "El şairləri" əsərinin heç bir səhifəsində yad etməyən Salman Mümtazdan fərqli olaraq, Firidun bəy Köçərli onu "Azərbaycan ədəbiyyatı tarixi" əsərində Azərbaycan şairi olaraq təqdim edir və haqqında üstün fikirlər söyləyirdi... Köçərli bu bəndin də keçdiyi şeiri "Eyzən kəlami-Mirzəcan" deyə təqdim edir:
Eylərsən axırda sən məni Sənan,
Dönərəm dinimdən, verəsən fərman.
Bilmirsən edəcək canını qurban,
Baxsa əgər Mirzəcana gözlərin.
Pəri isə Mirzəcana baxmadı. Mirzəcana da məsləhət gördü ki, gözünü ondan çəksin... "Sən mənə rəqibsən, həmi naməhrəm, / Sataşmasın zənəxdanə gözlərin".
Aşıq Pərinin Mirzəcan Mədətovla şeirləşməsi ilk dəfə 1856-cı ildə Teymurxanşurada (Buynaqskda) nəşr olunmuş və XVIII-XIX yüzil poeziyamızın öyrənilməsi baxımından ilk mühüm qaynaq hesab olunan "Məcmuəyi-Vaqif və müasirini-digər" kitabında görünür. Kitabın tərtibçisi "Qarabağnamə" müəlliflərindən erməni Mirzə Yusif Nersesov Qarabağidir. Kitabı Mirzə Fətəli Axundov redaktə edib. Feyzulla Qasımzadə bildirir ki, "Məcmuənin əlyazma nüsxələrindən birində M.F.Axundovun bəzi qeyd və təshihlərinə rast gəlirik. Bu qeyd və təshihlərdən görünür ki, məcmuə böyük ədibin nəzərindən keçmiş və çap üçün redaktə edilmişdir". Berjenin kitabının hazırlanmasında da Axundovun xidməti vardır: "Pərəstiş etdiyim Adolf Petroviç!.. Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseynin göndərməli olduğu mətni tərcümə etməyə başlayacağam. Qulluğunuzda hazır olan müxlisiniz, Sizin Mirzə Fətəli Axundov".
Pərinin şeirləri ilk dəfə bu surətlə ədəbiyyat tarixinə və ədəbi prosesə daxil olur.
Tornaunun "Qafqaz zabitinin xatirələri" kitabında Mirzəcan Mədətovla bağlı qeydlər Aşıq Pərinin şeirində görünən obrazlardan birinin kimliyinə ayna tutur. Tornau kitabında bildirir ki, Mirzəcan, sadəcə, hərbçi və tərcüman deyildi. Eyni zamanda şərabı və gözəlliyi vəsf edən şeirlər yazırdı. Badam adlı gəncdən heç ayrılmazdı. Badam özünün bəstələdiyi şərqiləri oxuyub qonaqları məmnun edərdi...
Pəri gəraylılarından birində "Saymadın sultanı, xanı, / Eyləyibsən nahaq qanı, / Badam kimi növcavanı, / Yer ilə yeksan eylədin" deyir. Şeirdən bilinir ki, Badam qətlə yetirilib: "Necə qıydın gülzarına, / Pünhan keçən iqrarına, / Saldın yollar kənarına, / Dörd yanı al qan eylədin".
Görünür, Badam kim imişsə, Pəri üçün də əziz birisiymiş və Badam gənc yaşında dünyasını dəyişəndə Pəri yuxarıda xatırlatdığımız misralarla öz dərin kədərini ifadə etmişdi. Qriboyedovun 12 dekabr 1825-ci ildə Tiflisdən dostu Andrey Jandra yazdığı məktubda da Mirzəcan xatırlanır, amma bu dəfə şərqanə dostluq məclisində Mirzəcanın yanındakı Badam deyil, xanəndə Əliyardır. Əliyar Azərbaycan bayatılarını zümzümə edir. Ya bəlkə Badam elə Əliyarın ayamasıymış...
Adolf Berje 1868-ci ildə yazıb nəşr etdirdiyi kitabında 1829-cu ildəki 16 yaşlı Aşıq Pərinin, həm bənzərsiz gözəlliyini, həm də şairlik istedadını vəsf edir, başqa şairlərlə müqayisədə onun çox üstün olduğunu deyirdi.
Pəri aşıq idimi, şair idimi? Feyzulla Qasımzadə onu yazılı ədəbiyyatda aşıq şeiri səpkisində yazan şairlərdən biri hesab edir. Amma sual hələ də tam dəqiqliyi ilə cavablandırılmayıb. Aşıqdırsa, Azərbaycanın ilk qadın aşığıdır. Şairdirsə, Azərbaycan poeziyasında orta əsrlərlə XIX yüzil arasındakı bağları qoparanlardan, yeni ədəbiyyata yol açan şairlərdən biridir. Hənəfi Zeynallının Azərbaycan alimlərinə səslənişi öz aktuallığını hələ də qorumaqdadır: "Aşıq Pəri dövrünə əhəmiyyət verməliyik. Çünki geniş kütləmizin bədii həyəcanlarını oxşayan ağız ədəbiyyatı ilə klassik ədəbiyyatın böyük dönümü bu şairlərin ətrafında bağlanmışdı".
Pərinin adı çoxlu cavabsız suallarla assosiasiya olunur. Aşıq Pərinin sinəsində saz da var, əlində badə də. Bu misralar Məhəmməd bəy Aşiqin Pəriyə ünvanladığı şeirdəndir: "əlindəki badə olsun, saz olsun / Hərəkətin işvə olsun, naz olsun". Buna rəğmən, Adolf Berjenin kitabına daxil edilmiş Mirzəcan Mədətovla Pərinin şeirləşməsində, Mədətov ona: "Sevmənəm Tövrat, Zəburu, sən çalan tardan danış" demişdi. Bu dəfə söhbət Pərinin çaldığı sazdan deyil, tardan gedir. Yaxud Məhəmməd bəy Aşiqin yuxarıda xatırlatdığımız "əlindəki badə olsun" misrasına rəğmən, Pəri Cəfərqulu xan Nəvaya: "Araya düşübdür Məhərrəm ayı / Layiq deyil onda deyib güləsən" - deyə məsələnin ruhani tərəfini qabardır. Aşıq Pəri ilə bağlı prosesi yeni estetik dalğa adlandırmağımın bir səbəbi də budur. Pəri tamam orijinal hadisədir. XIX yüzilin birinci yarısında azərbaycanlı bir qadın tar çalır, sazda ifa edir, şeirlərinin irfani havası da əskik deyil... Cəsarət edib ona badə də istinad edə bilirlər. O isə Cəfərqulu xan Nəvaya "Unutmayıb müsəlmanlıq şərtini / Matəm deyib bir insafa gələsən" deyə xitab edir... Yenə də "yaxşı görkəmli, xoş qamətli və şirindil bir cavan" cəsarət edib ona "Ağ məmə köynəyə zərafət eylər" də deyə bilir... İstər-istəməz sual doğur: XIX yüzilin əvvəllərində Pəri necə geyinirmiş? Örtünmürdümü? Yaxud XIX yüzilin otuzuncu illərində Pəri şeirlərini bədahətən demir, yazır, məktublaşır. Əliabbas Müznibin "Aşıq Pəri və müasirləri" kitabında təqdim olunan şeirlər arasında onun həm yazışmaları, həm də deyişmələri yer alıb. Pərinin yazışma üslubuna Köçərli də diqqət yetirib: "Pərinin üstünə hər tərəfdən mənzum və mənsur məktublar axışıb gəlirdi". Bizdə şeirləşmə üslubunu epistolyar poeziya örnəkləri adlandırmaq olarsa, Vaqifdən sonra Pəri bu üslubun ilk yaradıcılarından biridir: "Ruşən gecəsində, xoş bir saatda, / Namə gəldi bu səhraya sevdiyim". Yaxud ona məktub yazırlar: "Aşıq Pəri, kağız sənə yetişcək / Durmuyubsan gərək bura gələsən". Özü də niyə yazırlar: "Tavus quşu kimi, ya mürği-tuti, / Gəzəcəksən yəqin əldən-ələ sən". O isə gəlib əldən-ələ gəzmir. Onu dəvət edən Cəfərqulu xana: "Adam bildik, biz də gəldik adına, / Adamlığı qanmayıbsan hələ sən" deyib nə üçünsə dövrün zəhmli bir xanzadəsinə (və generalına) tənə edir. Yaxud Mirzəcan Mədətov məktub yazıb onu etibarsızlıqda qınayır: "Yolun çox gözlədim, axır gəlmədin, / Yoxdu indən belə etibar sənə". Pəri isə Mirzəcanın məktubunu alıb Çanaqçıya gəlir: "Qasid gəlcək dərdi-dilin bilmişəm... / Vara-vara Çanaqçıya gəlmişəm / Mən necə bağlayım etibar, sənə?" - deyir. Yuxarıda qeyd etdiyim kimi, Əliabbas Müznib onların bu şeirləşməsini "Aşıq Pəri ilə Mirzəcanın yazışması" başlığı ilə təqdim edib.
Pərini bürüdükləri sirr pərdəsi açılmalıdır. Belə çıxır ki, Pərinin şəxsində biz iki əsr əvvəlki Azərbaycan qadınının sosial mündəricəsindən xəbərsizik. Onu dərindən tanımırıq. İki yüz il əvvəl onun nə qədər cəsarətli, dinamik, hərəkətli və azadfikirli olduğunu bilmirik. Pəri XIX yüzilin əvvəllərində təkbaşına feminist dalğaya bənzəyir.
Pəri şair olaraq qeyri-adidir. Azərbaycan poeziya dilinin sadələşdirilməsində əvəzsizlərdən biridir. Şeirləşmələrində Mirzəcanın "Batacaqdır məgər qanə gözlərin" misrasına qarşılıq olaraq, "Batacaqdır məkri-qanə gözlərin" - deyə cavab verə biləcək qədər yetənəklidir... Pəri ilk şairimizdir ki, şeirinin estetik haləsində "ulduzlar səyriyir". Yaxud "Sən bilirsən, kəlisanın içində / Ömrümə duaçı yüz min can gəlib". Mirzəcan ağanın Tiflis elindən göndərdiyi qaşı kamanın tamaşasına neçə-neçə zülfi-pərişan gəlib....Və namaz qılınır... Pərinin şeirləri bu qədər çoxqatlı və bu qədər çoxsimvolludur...
Əliabbas Müznib bildirirdi ki, "Aşıq Pəri Şuşaya gələr-gəlməz, Qarabağın gözə görünən, tanınmış şairləri arasında böyük hörmətə nail olmuş, bütün şeir və ədəbi məclislərində sayılmışdır. O, dərin düşüncəsinə, rəvan təbi və hazırcavablığına görə müasirləri arasında izzət sahibi idi".
Müctəhidzadə isə onun gözəlliyini pərilərlə, mələklərlə qiyaslandırır...
Aşıq Pəri bütün bu keyfiyyətləri ilə də yekunlaşmır. O, təkcə şeir hadisəsi deyil, həm də və daha çox təfəkkür hadisəsidir. Hənəfi Zeynallının yazdığı kimi, "Vəznlərinin yeknəsək olmaması da şairin o biriləri arasında müvəffəqiyyətini yüksəltmiş olur. Bütün ətrafının ancaq güldən və bülbüldən danışdığını və fars təsirinə uyaraq şeirlər yazdığını göz önünə gətirmiş olursaq, Aşıq Pərinin sxolastik bülbül və gül eşqindən bəhs etmədiyi və Sənan kimi təbii eşq mücəssəməsi olan şəxslərdən söyləməsi də onu İran nüfuzundan ayrı salmış və el şairlərinə yaxınlaşdırmışdır". Bu mənada da Aşıq Pəri Qarabağda estetik iqlimi, poeziyanın ahəngini dəyişdirən qeyri-adi şair olub.
Aşıq Pəri uzaq tarixin adamı deyil. Sıradan biri də olmayıb. Firidun bəy deyir ki, o, Şuşaya köçüb gəlib. Bəs sonra?
Pərinin aqibətindən xəbər yoxdur...
Mart 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!