Ədəbiyyat İnstitutu - 90
Asif RÜSTƏMLİ
1. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Humanitar fikrin, filoloji düşüncənin formalaşma və təşəkkül tarixi qədim olsa da, elmi-tədqiqat müəssisəsi məcrasında ədəbiyyatşünaslıq elminin sistemli araşdırılması, ardıcıl öyrənilməsi və elmi ictimaiyyətə çatdırılması prosesinin ideya qaynaqları Xalq Cümhuriyyətinin təsis etdiyi Bakı Universitetinin tarix-filologiya fakültəsindən başlamış, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (26.10.1923) yaranması ilə müvafiq ədəbi struktura çevrilmişdir. İlkin olaraq ATTC Tarix-Etnoqrafiya seksiyasının tərkibində yaradılan Ədəbiyyat altkomissiyası Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə 1923-cü il 16 noyabr tarixli iclasında ədəbiyyat tarixçisi "Firudin bəy Köçərlinin əlyazmalarının ailəsindən alınaraq əldə edilməsi Xalq Maarif Komissarlığından təkidlə xahiş edilmişdir". (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-11).
Ə.Haqverdiyevin Cəmiyyətə gəlişi milli irsə - xüsusilə, ədəbiyyat, tarix, folklor və etnoqrafiya sahəsində tədqiqat işlərinə diqqəti artırdı, gündəliyi formal hesabat statistikasından əməli fəaliyyət proqramına dəyişdi, mütəxəssislərdə inam və həvəs yaratdı. Etnoqrafiya komissiyasının və Ədəbiyyat altkomissiyasının 20 noyabr 1923-cü il tarixli iclasında "Azərbaycan xalq ədəbiyyatı"nın gündəliyə gətirilməsi Əbdürrəhim bəyin yeni bir uğuru idi. Komissiyanın qərar hissəsində yazılırdı: "Azərbaycan xalq ədəbiyyatının toplanması üzrə qrup yaradılması məqsədəuyğun hesab edilsin. Bu iş Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz və Hacı Kərim Sanılıya həvalə olunsun. Onlara Etnoqrafiya komissiyasında Azərbaycan xalq ədəbiyyatı haqqında məruzə etmək və mütəxəssislər seçmək səlahiyyətləri verilsin" (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-20).
Tarix-Etnoqrafiya seksiyasında və onun Ədəbiyyat altkomissiyasında könüllülük əsasında 204 nəfər çalışırdı. Ədəbiyyat altkomissiyası Etnoqrafiya komissiyasının tərkibində fəaliyyət göstərirdi. Ədəbiyyat altkomissiyasının sədri Ə.Haqverdiyev, müavinləri isə prof. V.B.Tomaşevski və H.Cəbiyev, elmi katib M.C.Məmmədov, Rəyasət Heyətinin üzvləri - Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Cəfər Cabbarzadə, Məmmədəli Səfərov (Sidqi), Əli Kərimov və başqaları idi. Sonrakı illərdə Türkologiya seksiyasına daxil olan Əhməd Cavad, Əmin Abid kimi milli ruhlu, istedadlı gənclər Cəmiyyətin qaynar mühitinə atıldılar.
1924-cü ilin yanvarın 2-dən Etnoqrafiya komissiyasının və Ədəbiyyat altkomissiyasının sıraları yeni üzvlər hesabına daha da genişləndirildi. O dövrün tanınmış ziyalılarından, ədəbi-ictimai xadimlərindən - Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Əliheydər Qarayev, Sultan Məcid Qənizadə, Mirzə Cəlal Yusifzadə, İdris Həsənov, Pənah Qasımov, Rza Təhmasib, Feyzulla Qasımbəyli (Qasımzadə), Əbdül Baqi Hüseynov, Xəlil İbrahimov və başqaları böyük həvəslə cəmiyyətin üzvlüyünə daxil oldular.
1925-ci il 30 may tarixində Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurası Rəyasət Heyətinin sədri seçilməsi Cəmiyyəti struktur etibarilə genişləndirdi, məzmun, sanbal etibarilə daha da dərinləşdirdi. ATTC Mərkəzi Şurası Rəyasət Heyətinin 1925-ci il 19 avqust tarixli qərarı ilə Biblioqrafiya bürosunun bazası əsasında Kitabxana-Biblioqrafiya bürosu yaradıldı və yeni qurumun ilk sədri Hənəfi Zeynallı təyin edildi.
ATTC Mərkəzi Şurası yanında Redaksiya-Nəşriyyat kollegiyasının nəşr planına 1925-26-cı illər üçün 20-dən çox adda çap məhsulu daxil edilmişdir.
Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" iki cilddən və dörd hissədən (kitabdan) ibarət idi. İlk iki hissə 1925-ci ildə, son iki hissə isə 1926-cı ildə işıq üzü görmüşdür. Salman Mümtazın "Azərbaycan ədəbiyyatı" (Molla Pənah Vaqif) kitabı 1925-ci ildə nəşr olundu. Bu nəşrdə şairin əsərlərinin böyük bir qismi ilk dəfə idi ki, geniş oxucu auditoriyasına təqdim edilirdi.
Cəmiyyətin hasilə gətirdikləri əsərlərin nəşri 1927-29-cu illərdə də uğurla davam etdirildi. Bəkir Çobanzadənin "Türk ədəbiyyatı. Əski türk ədəbiyyatı xülasələri. İkinci il" (1929), Hənəfi Zeynallının "Molla Nəsrəddin məzhəkələri" (1927), "Azərbaycan tapmacaları" (1928), Hümmət Əlizadənin "Azərbaycan el ədəbiyyatı" I və II hissələr (1927), Vəli Xuluflunun "Tapmacalar" (1928), "Koroğlu" (1929) və digər tədqiqatçıların əsərlərinin nəşri Cəmiyyətin humanitar düşüncə sahəsində ciddi uğurlarından sayılmalıdır.
Beləliklə, Respublika Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ləğv edilir.
2. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu
Respublika Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (Az.DETİ) yaradıldı. İnstitut Az.MİK-in nəzdində təsis edildi və bu elmi qurumun ilk direktoru Həbib Cəbiyev, elmi katib isə Vəli Xuluflu təyin olundu. Yeni elmi-tədqiqat ocağının 7 əsas bölməsindən biri - Dil, ədəbiyyat və incəsənət idi. Bu bölmənin rəhbərliyinə 1929-cu il dekabrın 1-dən professor Bəkir Çobanzadə, elmi katib vəzifəsinə isə ədəbiyyatşünas, professor Aleksandr Baqriy seçilmişdir. Dil, ədəbiyyat və incəsənət bölməsi Rəyasət Heyətinin 1929-cu il 27 dekabr tarixli iclasında ədəbiyyatşünaslığın aktual məsələləri, milli ədəbi abidələrin nəşrə hazırlanması problemi ciddi müzakirə edilərək perspektiv planlar müəyyənləşdirilmişdir.
1931-ci il fevralın 24-də isə Ədəbiyyat və Dil bölməsində struktur dəyişikliyi həyata keçirildi. Ədəbiyyat sektorunun və ədəbiyyat tarixi seksiyasının rəhbəri B.Çobanzadə, Müasir ədəbiyyat seksiyasının rəhbəri Hənəfi Zeynallı, Ədəbiyyatşünaslıq və ədəbi tənqid seksiyasının rəhbəri Əli Nazim, Kapitalizməqədərki ədəbiyyat seksiyasının rəhbəri Salman Mümtaz və Folklor seksiyasının rəhbəri, bölmənin gənc aspirantı Baba Əsgərov təyin edilmişdir. Həmin dövrdə Məmmədağa Sultanov, Cəmo Cəbrayılbəyli, Feyzulla Qasımzadə, Firuz Ordubadi və Mehdi Hüseyn Ədəbiyyat və Dil bölməsinə elmi işçi qəbul edilmişlər.
Ədəbiyyat və Dil bölməsinin 1931-32-ci il iş planında fərdi öhdəliklərlə yanaşı kollektiv işlər də yer almışdır. "M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında" 8-10 ç.v. həcmində toplu hazırlamaq işini prof. B.Çobanzadə, prof. A.N.Samoyloviç, Ə.Qubaydulin, H.Zeynallı, A.Tağızadə, M.Quliyev, Ə.Seyidzadə və b. bölmə iclasının qərarı ilə öhdələrinə götürmüşdülər. Hənəfi Zeynallının fərdi iş planında "XX əsr Azərbaycan ədəbiyyatı" (12 ç.v.), "Azərbaycan folkloru" (Aşıq şeirləri (8 ç.v.), "Azərbaycan atalar sözləri və məsəlləri" (8 ç.v.) mövzusu yer almışdır.
Az.DETİ-nin Ədəbiyyat və Dil bölməsi yeni kadrların, gənc mütəxəssislərin hazırlanması istiqamətində də səmərəli iş aparırdı. 1931-ci ilin iyul ayında İnstitutun aspiranturası humanitar sahə üzrə də sənədlərin qəbuluna rəvac verdi. İstedadlı və perspektivli gənclərdən Səməd Vurğun Vəkilov, Mir Cəlal Paşazadə, Heydər Hüseynov, Mirzə İbrahimov, Ağası Məmmədov, Pəri Həsənzadə, Y.Nəsirli, Q.Kərimova və Jamkoçan 1931-ci ilin sentyabr ayında "Partiya tarixi", "Qərb dövlətlərinin tarixi", "Dialektik materializm", "Siyasət", "Türk dili" və "Rus dili" fənlərindən imtahanları uğurla verərək bölmənin aspiranturasına qəbul edildilər.
İkinci kursa keçən aspirantlar imtahanları uğurla versələr də, mövcud institutda təhsillərini davam etdirmək onlara qismət olmur. Çünki Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu 1932-ci il iyulun 16-da ləğv edilir.
3. Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu
Ədəbiyyat və Dil bölməsinin bazası əsasında Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunun (Az.DƏSİ) yaradılması üçün sabiq direktor müavini və bölmə rəhbəri, professor Vəli Xuluflu Maarif Komissarlığına rəsmi müraciət etdi. Museyib Şahbazovun sədrliyi ilə Maarif Komissarlığının 1932-ci il 29 iyul tarixli Kollegiyasının qərarı ilə Dil, Ədəbiyyat və Sənət İnstitutu yaradılmışdır. (AR Dövlət Arxivi, fond-2, siyahı.-1, s.v.-5, qutu -1).
Professor Vəli Xuluflunun rəhbərlik etdiyi Az.DƏSİ-də 1932-ci ilin sentyabr ayında 22 nəfər əməkdaş çalışırdı. Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunda Əli Nazim (Ədəbiyyat şöbəsinin müdiri), Qulam Bağırov (Dil şöbəsinin müdiri), Hüseyn Cavid (Ədəbiyyat şöbəsinin məsləhətçisi), Ələsgər Ələkbərzadə (Ədəbiyyat şöbəsinin elmi işçisi), İdris Həsənov (redaktor), Yusif Əliyev (redaktor), Abdulla Tağızadə (Dil nəzəriyyəsi seksiyasının müdiri) və b. tanınmış ədəbi simalar fəaliyyət göstərir, aspirantlarla birbaşa təmasda olurdular ((AR DA fond-57, siyahı-1, iş-1002)). Aspirantlardan Mir Cəlal Paşazadə, Səməd Vurğun, Mirzə İbrahimov, Ağası Məmmədov, Y.Nəsirli və b. ədəbiyyat üzrə ikinci kurs aspirantura təhsilini Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunda davam etdirirdilər.
22 dekabr 1932-ci il tarixini Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutunun (Az.DƏSİ) ləğv edildiyi gün də adlandırmaq olar. Bu tədqiqat ocağı cəmi beş ay (29 iyul - 22 dekabr 1932) səmərəli fəaliyyət göstərə bildi.
4. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsi
"SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialinin Azərbaycan Bölməsi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1932-ci il 29 dekabr tarixli qərarı ilə yaradıldı. EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsi Az.MİK Rəyasət Heyətinin qərarından sonra faktiki olaraq fəaliyyətə 1933-cü il yanvar ayının ortalarından başladı. Dil sektorunun müvəqqəti rəhbəri İskəndər Teymur oğlu Sitaşi təyin edilir. Dil sektorunda professor Bəkir Çobanzadə, Qulam Bağırzadə, Paşa Sultanov, Babazadə və b. çalışırdı. Maddi mədəniyyət sektorunun rəhbəri Ələsgər Ələkbərov təyin edilir. İncəsənət sektoru iki nəfərdən təşkil olunmuşdu. Əli Nazim sektorun rəhbəri, professor Aleksandr Baqriy isə Folklor seksiyasının müdiri təyin edilmişdir.
Yeni qurumda ilk əmrlə "Dil və maddi mədəniyyət" sektorunun rəhbəri Ələsgər Ələkbərov, Dil seksiyasının rəhbəri İskəndər Sitaşi, elmi işçiləri - prof. Bəkir Çobanzadə, İdris Həsənov, Qulam Bağırzadə, Liliya Vəkilova, Abdulla Tağızadə, Paşa Sultanov, Abdulla Şərifov, B.Babazadə və D.Hüseynova, İncəsənət sektorunun rəhbəri Əli Nazim, elmi əməkdaşları - prof. A.Baqriy, Salman Mümtaz, Həbibulla Səmədzadə, Cavad bəy Rəfibəyli və b. təyin edildilər.
1933-cü il mart ayının 22-də - Novruz bayramı günü Az.OZFAN-ın tərkibində Ədəbiyyat Sektoru yaradıldı və onun ilk müvəqqəti müdiri, dosent Əli Nazim Mahmudzadə təyin edildi. Azərbaycan türkləri üçün müqəddəs Novruz bayramına təsadüf edilən bu gün - 22 mart 1933-cü il Akademiya divarları arasında ədəbiyyatşünaslıq elmimizin ilk strukturunun təsis tarixi, görkəmli tənqidçi, ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, fəal elm təşkilatçısı, ictimai elmlər namizədi, dosent Əli Nazim Mahmudzadə isə onun ilk rəhbəri oldu.
Az.OZFAN-dan SSRİ Elmlər Akademiyasına 1933-cü il martın 22-də təqdim edilən nomenklatura siyahısında Ədəbiyyat Sektorundan dosent Əli Nazim, prof. A.V.Baqriy, Həbibulla Səmədzadə, Cavad bəy Rəfibəyli, Dil Sektorundan isə prof. Bəkir Çobanzadə, dosent Abdulla Tağızadə, İdris Həsənov və b. yer almışdır.
Azərbaycan klassiklərindən Xaqani Şirvani, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və b. şair və yazıçıların həyat və yaradıcılığı elmi-tədqiqat ocağında ilk dəfə ədəbiyyatşünaslıq elmimizin ciddi, əhatəli araşdırma obyektinə çevrildi.
Ədəbiyyat sektorunun 1 yanvar 1936-cı ildə hazırladığı hesabata əsasən, müqavilələr əsasında nəzərdə tutulan bütün elmi-tədqiqat işləri yüksək səviyyədə icra edilmişdir.
5. Dil və Ədəbiyyat İnstitutunun yaradılması
Cəfər Kazımovun sədrliyi, EA Azərbaycan Filialı Rəyasət Heyətinin 1936-cı il fevralın 27-də qərarı ilə Ədəbiyyat və Dil Sektorunun bazası əsasında Dil və Ədəbiyyat İnstitutu yaradıldı. Yeni akademik qurumun ilk direktoru Azərbaycan elminin təşkili və təbliği sahəsində fədakarlıq nümunəsi göstərən, professor Artur Rudolfoviç Zifeldt-Simumyaqi təyin edildi. Dil və Ədəbiyyat İnstitutunun direktor müavinləri isə Əli Nazim Mahmudzadə və Qulam Bağırzadə, elmi katib Hənəfi Zeynallı təsdiqləndi. İnstitutun strukturu ilkin olaraq 2 şöbə və 5 sektordan ibarət idi.
1937-ci il repressiyasının ilk zəif həyəcan dalğası, alimlərə, ziyalılara ünvanlanmış vahimə mesajı idi. Arxiv sənədləri birmənalı olaraq təsdiqləyir ki, Əli Nazim mart ayında institutun direktor müavini təyin edilsə də, faktiki olaraq o iyul ayının əvvəllərindən vəzifəsindən kənarlaşdırılmışdır.
Dil və Ədəbiyyat İnstitutunda sayı yetərincə az olan elmi qüvvələr səfərbərliyə alınaraq Azərbaycan klassiklərindən - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və b. əsərlərinin, Azərbaycan folklor incilərinin tədqiqi, toplanması, təbliği və nəşrə hazırlanması prosesi mübaliğəsiz demək olar ki, böyük vüsət almışdır. Ədəbiyyatşünaslıq sahəsində həyata keçirilən irimiqyaslı elmi-tədqiqat işlərinə, zəruri təşkilati islahatlara baxmayaraq 1937-ci ilin repressiyaları Dil və Ədəbiyyat İnstitutunun kollektivindən də yan keçmədi. Ağır cəza tədbirlərinin ilk dalğası Dil və Ədəbiyyat İnstitutunun direktor müavini vəzifəsini icra edən, elmi katib Hənəfi Zeynallını hədəfə aldı.
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları arasında Ədəbiyyat Sektoruna rəhbərlik etmiş yazıçı, elm təşkilatçısı Böyükağa Talıblı (1937, 13 oktyabr), EA Azərbaycan Filialı Rəyasət Heyətinin sədr müavini, professor Vəli Xuluflu (1937, 13 oktyabr), professor Bəkir Çobanzadə (1937, 13 oktyabr), Əmin Abid Mütəllibzadə (1938, 19 oktyabr), institutun direktoru Əhməd Əhmədov, kiçik elmi işçisi Xalid Səid Xocayev (1937, 13 oktyabr), elmi katib Abdulla Tağızadə (1938, 3 yanvar) və b. ən ağır cəzaya - güllələnməyə, professor Artur Rudolfoviç Zifeldt-Simumyaqi 8 il, Əli Nazim 10 il, Salman Mümtaz Əskərov 10 il, institutun direktoru, professor İdris Həsənov 8 il müddətinə həbs cəzasına və "Buzlu cəhənnəm"ə (Gültəkin) Əmin Abid sürgünə məhkum edilmişdilər.
SSRİ EA Az.F-in Rəyasət Heyətinin 1938-ci il 17 fevral tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsinə Aleksey Klimov təyin edildikdən sonra institutda ictimai-siyasi mühit nisbətən yumşalmış, yeni kadrlar işə cəlb edilmiş, fərqlənən elmi işçilər daha məsul vəzifələrə irəli çəkilmişdir. Məhz Aleksey Alekseyeviçin imzası ilə Arif Dadaşov (Məmməd Arif Dadaşzadə) Ədəbiyyat şöbəsinin rəhbəri, Avadyay Avadyayev Folklor şöbəsinin müdiri təyin edilmiş, 9 mart 1938-ci il, 36 saylı əmri ilə Dilçilik şöbəsinə Əkrəm Cəfəri böyük elmi işçi, A.İ.Abbasovu kiçik elmi işçi, Ədəbiyyat şöbəsinə K.Əliyevi kiçik elmi işçi vəzifələrinə təsdiqləmişdir.
İnstitutda Azərbaycan ədəbiyyatının böyük klassiki, dahi şair Nizami Gəncəvinin 1941-ci ildə keçiriləcək 800 illik yubileyi münasibətilə böyük işlər görülür, əsərləri öyrənilir və nəşrə hazırlanırdı. İnstitutun elmi işçiləri sırasına folklor üzrə yeni cəlb edilənlərdən biri də tanınmış müəllimə, SSRİ Ali Sovetinin deputatı, Millətlər Sovetinin sədr müavini Çimnaz Aslanova idi.
6. Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu
Respublika XKS-nin 1938-ci il 8 sentyabr tarixli 4925 saylı qərarı ilə Dil və Ədəbiyyat İnstitutu Tarixdən ayrılaraq onun bazası əsasında müstəqil Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu yaradıldı.
Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsini icra etmək Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, görkəmli filosof-alim Heydər Hüseynova həvalə olunur.
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun (0.5 ştat) yeni direktoru Heydər Hüseynov 1 yanvar 1939-cu ildə imzaladığı 1 saylı əmrə əsasən, institutun strukturu 3 şöbədən və 18 işçidən ibarət idi. Ədəbiyyat şöbəsində: Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Mübariz və b. çalışırdı. SSRİ EA Azərbaycan Filialının sədr müavini Əhəd Yaqubovun rəhbərliyi ilə 5 yanvar 1939-cu ildə yeni yaradılmış Nizami adına Ədəbiyyat və Dil İnstitutunun geniş istehsalat müşavirəsi keçirildi. Yığıncaqda institutun əməkdaşlarından - H.Araslı, A.Avadyayev, Y.Əliyev, M.Əlizadə, C.X.Hacıyev, H.Hüseynov, M.A.Dadaşzadə, İ.Cəfərzadə, F.Qasımzadə, A.A.Klimov, M.Rəfili və M.H.Təhmasib iştirak edirdi. Gündəlikdə yeganə məsələ: "Nizami adına Ədəbiyyat və Dil İnstitutunun iş perspektivləri haqqında" idi. Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun təşkil edilməsində məqsəd Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini, xüsusilə, Nizaminin yaradıcılığını öyrənən böyük elmi-araşdırma institutunun yaradılması idi.
Müşavirədə direktor v.i.e. Heydər Hüseynov institutda struktur dəyişikliyinin zəruriliyini, iş şəraiti yaradılmasını, əməkdaşlar üçün ayrılmış 3 otağın kifayət etmədiyini vurğuladı. Cəfər Xəndan Hacıyev dedi ki, Azərbaycan ədəbiyyatı nəhəngdir və onu 5-6 ştatla məhdudlaşdırmaq olmaz.
Yeni mütəxəssislər hesabına Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun ştat vahidi 6 ay ərzində təxminən iki dəfə artırıldı, işçilərin ümumi sayı 18-dən 33 nəfərə çatdırıldı. Bu dövrdə instituta qəbul edilən istedadlı gənclərdən biri də M.C.Paşayev idi.
Heydər Hüseynov 26 fevral 1939-cu il tarixli, 32 saylı əmri ilə fevralın 16-dan Ədəbiyyat şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə etmişdir. Doğrudur, müvəqqəti şöbə müdirliyi uzun sürməsə də, bu fakt gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq imkanlarından xəbər verən sevindirici hadisə idi.
Heydər Hüseynovun sədrliyi ilə 1939-cu il mart ayının 23-də (protokol № 2) İnstitutun Ədəbiyyat şöbəsinin geniş iclası keçirildi, plan işləri təsdiq olundu. Müvafiq protokola əsasən, Feyzulla Qasımzadə M.F.Axundzadənin IV cildini (20 ç.v.) çapa hazırlamağı, A.A.Bakıxanov haqqında monoqrafiya (12 ç.v.) yazmağı, Mikayıl Rəfili "M.P.Vaqifin ədəbi irsi" (6 ç.v.) adlı monoqrafiya üzərində çalışmağı, Həmid Araslı Füzulinin (30 ç.v.) və Vaqifin (20 ç.v.) əsərlərini toplamalı və tərtib etməli, Mir Cəlal Paşayev "Füzuli yaradıcılığının poetik xüsusiyyətləri" (5 ç.v.) adlı monoqrafiyasını və Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin III cildinin (20 ç.v.) tərtibini başa çatdırmalı, Mehdi Hüseyn "Danabaş kəndi" adlı tədqiqat işi yazmalı, Cəfər Xəndan Hacıyev "Sabir inqilabi satirik kimi" dissertasiyasını tam bitirməli, Məmməd Arif "Cəfər Cabbarlının dramaturgiyası" (5 ç.v.) işini göstərilən müddətdə tamamlamağı öhdələrinə götürmüşlər...
Xalid Səid Xocayevin repressiyasından sonra onun çapa hazırladığı M.Kaşğarinin "Divani-Lüğat-it Türk"ü (50 ç.v.) yenidən plana daxil edildi və Divanın mükəmməl işlənməsi, müqəddimə və şərhlərin yazılması, coğrafi lüğət və xəritənin hazırlanması işi prof. S.E.Malov, prof. P.K.Juze, Ə.Dəmirçizadə, S.Nizami, S.İsmixanov və Ə.Ələsgərzadəyə tapşırıldı.
İnstitutun rəhbərliyinə 1939-cu ilin sentyabr ayında Məmməd Arif Dadaşzadə gətirildi. O direktor vəzifəsinin icrasına başladığı ilk günlərdən istedadlı kadrların seçilməsi və yerləşdirilməsi, mütəxəssislərin müqavilə əsasında instituta cəlb edilməsi, yeni şöbələrin yaradılması məsələlərinə xüsusi diqqət yetirmişdir.
Az.F RH 1939-cu il 13 dekabr tarixli qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunda ilk dəfə yeni struktur vahidi - mətnşünaslıq şöbəsi yaradıldı. Klassik ədəbi irsin peşəkar səviyyədə nəşrə hazırlanmasında yeni yaradılan mətnşünaslıq şöbəsinə böyük ümidlər bəslənilirdi.
M.A.Dadaşzadə Az.F RH illik hesabatında elmi əməkdaşlardan Mikayıl Rəfilinin "Nizami və müasirləri", Mübariz Əlizadənin "Nizaminin həyat və yaradıcılığı" adlı araşdırmalarının hələ də başa çatdırılmadığını qeyd etməklə, institutun nəşr olunan tədqiqat işləri sırasında Nizami Gəncəvinin əsərləri ilə yanaşı, Cəfər Xəndan Hacıyevin "Mirzə Ələkbər Sabir", Mir Cəlal Paşayevin "Füzulinin poetik xüsusiyyətləri" monoqrafiyalarını yüksək dəyərləndirmişdir.
1941-ci ilin əvvəllərində institutda işləyən 21 nəfərdən 14-ü elmi işçi - Məmməd Arif, Cəfər Xəndan, Mir Cəlal, Fəzləddin Babayev, Mübariz Əlizadə, Paşa Ağayev, Davud Quliyev, Yaqub Əliyev, Ələkbər Babazadə, Əhməd Mahmudov, Cəlal Əfəndiyev, Hacı Əliyev, Məhəmməd Hüseyn Təhmasib, Əhliman Axundov və 7 nəfər texniki sahədə çalışan əməkdaş var idi.
İnstitut əməkdaşlarının iki ildən çox üzərində fərdi və kollektiv iş planlarına müharibə ağır zərbələr endirdi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin təntənə ilə qeyd edilməsi məsələsi gündəlikdən çıxarıldı, 6 cildlik Azərbaycan ədəbiyyatı tarixi kitabının müəyyənləşdirilmiş və təsdiqlənmiş müddətdə icrası ləngidildi və arxa plana keçirildi. Müharibə şəraitinə uyğun olaraq ciddi struktur dəyişikliyi və ixtisarlar aparıldı. Alimlərin, ziyalıların arxa cəbhədə ideoloji-ədəbi materialların tədqiqinə və təbliğinə meyillənməsi birbaşa ictimai-siyasi mühitin, ön cəbhənin sifarişi idi. Qələmin süngüyə çevrildiyi, alimin, şairin, ziyalının "Müsəlləh əsgərəm mən də bu gündən" (S.Vurğun) dediyi bir zaman yetişmişdi.
Şöbə əməkdaşlarının fərdi iş planlarına müharibə şəraiti ciddi əl gəzdirsə də, 1942-ci ildə mühüm problemlərin icrasına başlanılmış, "Azərbaycan ədəbiyyatı tarixi" üzrə 27 ç.v əvəzinə, 34 ç.v. həcmində tədqiqat və toplama işi görülmüşdür. Azərbaycan ədəbiyyatının qədim dövrünə aid Mikayıl Rəfili 1 ç.v., qədim və orta əsrlər üzrə Həmid Araslı 10 ç.v., XVII-XVIII əsrlərə aid Məhəmməd Hüseyn Təhmasib 4 ç.v., XIX əsr üzrə Feyzulla Qasımzadə 8 ç.v. XX əsrin əvvəlləri (sovet dövrünə qədər) Mir Cəlal Paşayev 5 ç.v. və institutun direktoru Məmməd Arif Dadaşzadə Sovet dövründən bəhs edən 6 ç.v. həcmində material hazırlamışdır.
Tədqiqat işlərinin sərlövhələrini nəzərdən keçirək: "Azərbaycan xalqının qəhrəmanlıq eposu "Dədə Qorqud" (1 m.v., icraçı Həmid Araslı), "Nizami əsərlərində qəhrəmanlıq və vətənpərvərlik motivləri" (6 m.v., icraçı Heydər Hüseynov), "Şah İsmayıl Xətai Azərbaycan ədəbi dilinin müstəqilliyi və işlək olması uğrunda mübariz kimi" (1, 2 m.v., icraçı Həmid Araslı), "Azərbaycan xalqının qəhrəmanlıq eposu "Koroğlu" (30 m.v., icraçılar Məhəmməd Hüseyn Təhmasib və Əhliman Axundov)," "Alovlu vətənpərvər Məhəmməd Hadi" (1, 2 m.v., icraçı Mir Cəlal Paşayev) və s.
İnstitutun və şöbənin illik hesabatına əsasən, öncədən planlaşdırılan tədqiqat mövzuları yüksək səviyyədə yerinə yetirilməklə yanaşı, plandankənar işlər də həyata keçirilmişdir. "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi (müxtəsər kurs) 40 m.v. həcmində redaktə olunmuş və nəşrə təqdim edilmişdir. Ədəbiyyat və dil şöbəsinin hazırladığı və çapa təhvil verdiyi digər diqqəti cəlb edən toplu "Vətən və ədəbiyyat" kitabıdır. Bu topluda Həmid Araslının "Aşıq mahnılarında qəhrəmanlıq", Mir Cəlalın "Böyük kədər", Əhliman Axundovun "Azərbaycan xalq yaradıcılığında igidlik və qəhrəmanlıq obrazı" və b. əsərləri yer almışdır.
İkinci Dünya müharibəsinin qüruba yaxınlaşması, faşizmin sınma, qırılma dövrünün başlanması bahar nəfəsi kimi, Nizami adına Ədəbiyyat və Dil İnstitutunda da açıq-aşkar duyulmaqda idi. Mənəvi ruh yüksəkliyi, əzmkarlıq, haqqa və ədalətə sarsılmaz inam böyük qələbənin yaxınlaşmaqda olduğundan xəbər verirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!