“Türk mənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) kitabı haqqında
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 22 sentyabr 2023-cü il tarixli iclasının (9№-li protokolu) qərarı və professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə dosent Xədicə Heydərovanın və dosent Teyyub Quliyevin tərtib etdikləri A, B, C, Ç, D, E, Ə hərfləri daxil edilən "Türk mənşəli arxaizmlər lüğəti" (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) adlı leksikoqrafik əsər işıq üzü görmüşdür. Tərtibçilər bütün məqamlarda lüğətçilik prinsiplərinə sadiq qalmış və bu prinsiplərə doğru - düzgün riayət edərək dəyərli bir mənbə yarada bilmişlər. Diaxron aspektli bu lüğətin A, B, C, Ç hərfləri ilə başlayan sözlərini Xədicə Heydərova, D, E, Ə hərflərini əhatə edən sözləri isə Teyyub Quliyev sistemli şəkildə toplamış və tərtib etmişdir. Layihənin rəhbəri və lüğətin ön söz müəllifi dosent Xədicə Heydərovanın qeyd etdiyi kimi, lüğətin tərtibi prosesində şöbə əməkdaşları bu işi iki mərhələdə yerinə yetirmişlər: 1) mənbələrdən nümunələrin toplanması və baş sözlər əsasında əlifba sırasının düzülməsi; 2) mənbələr üzrə ayrı-ayrılıqda toplanmış materialların qəbul edilən tərtibli prinsiplər əsasında hərflər üzrə birləşdirilməsi və vahid lüğət halına salınması.
Türk xalqlarına məxsus folklor və yazılı abidələrin hər birində müasir türk dillərinin, o sıradan Azərbaycan dilinin hamısının payı var. Məhz bu payı qoruyub saxlayan Orxon-Yenisey yazılı abidələri, Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk" əsəri, Əhməd Yəsəvinin "Divani-Hikmət"i, Əhməd Yügnəkinin "Ətəbətül Həqaiq" əsəri, "Kitabi-Dədə Qorqud" dastanı, "Oğuznamə"lər, V.V.Radlovun və L.Z.Budaqovun lüğəti və digərləri əsas mənbə kimi xüsusi yer tutur. "Türk mənşəli arxaizmlər lüğəti" adlı leksikoqrafik əsərin tərtibçiləri göstərdiyimiz mənbələrin bəzilərindən başqa, 60-a qədər müəllif və tərcümə əsərlərindən də nümunələr toplamış və bunların hamısını sözlüyə daxil edərək, leksik, semantik, fonetik, qrammatik istiqamətlərdə izahlar vermişlər. Tərtibçilər XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında yaratdıqları bu leksikoqrafik əsərə, mənasına, quruluşuna, səslənməsinə və qrammatik formasına görə arxaizmlərin 5 növünü seçmiş və onları belə qruplaşdırmışlar: 1) leksik arxazimlər (tamamilə köhnəlmiş, müasir ədəbi dildə işlənməyən sözlər). Məs: ağınmaq-çıxmaq, ağgöz-gözünün ağı çox olan, aqtarmaq-çevirmək, yerə salmaq, andağı-ondakı, balçaq-qılıncın qəbzəsi və s; 2) semantik arxaizmlər (müasir dövrdə işlənən, leksik mənası dəyişmiş sözlər. Məs: bazlamaq-azar oxumaq, bərk-dönməz, möhkəm iradəli və s; 3) fonetik arxaizmlər (səslənməsi köhnəlmiş sözlər). Məs: aqlıq//ağlıx-aqlıq, dəprənmək-tərpənmək, hərəkət etmək və s; 4) qrammatik arxaizmlər (sözlərin müasir dildə olmayan köhnəlmiş qrammatik formaları). Məs: açılğan-açılun, ağlayu-ağlayaraq, andan//andin-ondan və s; 5) leksik-sözdüzəldici arxaizmlər (əvvəlki mənasını saxlamaq şərtilə morfemlərindən biri dəyişmiş sözlər). Məs: aydınrak-daha aydın, altunlıx-qızıllı, atuğ-atçı, atı olan, birlə/birlən-ilə, -la, -lə və s.
Dilin qədimliyinin aşkar olunmasında mühüm cəhətlərdən biri də onun leksikonuna vaxtilə daxil olmuş, sonralar arxaikləşmiş sözlərin leksik-semantik, qrammatik quruluşlarının üzə çıxarılmasıdır ki, bu nöqteyi-nəzərdən də bu leksikoqrafik səciyyəli əsər olduqca qiymətlidir. Azərbaycan yazılı abidələrində tarixən işlənmiş və ədəbi dilimizdə köhnəlmiş sözlərə bu aspektdən, yəni təqdim edilmiş lüğət yönündən yanaşsaq, bunu tam aydınlığı ilə görərik.
Bəşər tarixində xeyli sayda ensiklopedik, filoloji, siyasi həm də izahlı lüğətlərin müəyyən növ və tipləri böyük bir inkişaf yolu keçmiş və açıq şəkildə etiraf etməliyik ki, XI əsrdə Mahmud Kaşğarinin yaratdığı "Divan"a bərabər ikinci bir möhtəşəm və qüvvətli mənbə, lüğət tipi yaradılmamışdır. Düzdür, qədim Mesopotamiyada, Yunanıstanda yaradılmış lüğətlər olmuşdur, lakin onlar primitiv xarakterli olmuş, qədim dövrlərin söz qatını hərtərəfli bir şəkildə əks etdirməmişdir, lakin Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk"ü ensiklopedik xarakterə malik olmaqla türk xalqlarının tarixi, mədəniyyəti, coğrafiyası, dili, etnoqrafiyası və s. barədə böyük bilgilər verən əzəmətli bir mənbədir. Ölkəmiz müstəqillik qazandıqdan sonrakı dönəmlərdə elmi tədqiqatların üfüqləri daha da genişlənmiş, mənşə, etnik səslərə, kök, genezis məsələləri yasaq və qadağalardan kənar konyuktur düşüncənin qəliblənmədən uzaq milli dəyər və sərvət kəsb edən elmi-nəzəri mənbələr yaradılmışdır. Uzaq tarixin ədəbi-mədəni irsi kimi arxaik sözləri toplamaq, onu lüğət şəklinə salaraq xalqımıza təqdim etmək möhtəşəm olduğu qədər, eyni zamanda şərəfli bir işdir. "Türk mənşəli arxaizmlər lüğəti"nin I cild tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları, dosent Xədicə Heydərova və dosent Teyyub Quliyev bu işin öhdəsindən layiqincə gəlmiş və olduqca dəyərli bir mənbə yarada bilmişlər. Əslində tərtibçilər bu mənbəni lüğət adlandırsalar da bunu yalnız struktur və forma baxımından belə hesab etmək olar. Mahiyyət etibarilə isə biz bu işi A, B, C, Ç, D, E, Ə baş hərfləri üzrə təqdim edilmiş mükəmməl araşdırma və bütün parametrlərin qoyuluşu etibarilə samballı tədqiqat əsəri hesab edib, tərtibçilərə, lüğətin yaradıcı heyətinə növbəti işlərində uğurlar arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!