XX əsrdə ölkəmizin ilk elmi araşdırmalar mərkəzinin - Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 yaşı ötən il tamam oldu. Geniş miqyas daşımasa da, müəyyən anım tədbirləri keçirildi. Qarşıdan isə daha bir diqqətəlayiq ildönümü - 1926-cı il Birinci Bakı Türkoloji qurultayının 100 illiyi gəlir. İnanmaq istərdim ki, respublikamızın elmi ictimaiyyəti bu mühüm mədəni və siyasi-tarixi hadisəyə laqeyd qalmayacaq. Aradan 100 il ötəndən sonra İkinci qurultay daha mütəşəkkil və geniş coğrafiyanı əhatə edən bir şəkildə qədim türk yurdu Qarabağda, yenidən mədəni həyatımızın mərkəzlərindən birinə çevrilən Şuşada baş tutacaq.
Görkəmli türkoloq-alim, SSRİ EA-nın müxbir üzvü, həyatının bəlli bir dövrünü Azərbaycanda dilçilik elminin inkişafına həsr etmiş Nikolay İvanoviç Aşmarinin (1870-1933) bəhs olunan ildönümlərinin hər ikisi ilə sıx bağlılığı var. 1923-26-cı illərdə Bakı Universitetinin Şərq dilləri fakültəsinin türkologiya kafedrasında çalışdığı dövrdə o, Tədqiq və Tətəbbö Cəmiyyəti ilə yaxından əməkdaşlıq etmişdi. Eyni zamanda Birinci Ümumittifaq Bakı Türkoloji qurultayının hazırlanmasına müəyyən töhfə vermiş, elmi forumun "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri" bölməsinin gündəliyində yer alan və yeni baxış bucağı ilə səciyyələnən məruzələrdən birinin müəllifi kimi tanınmışdı. "Türkologiyanın keçmişi və indiki vəziyyəti haqqında bəzi qeydlər" adlı məruzə Rusiyada bu elm sahəsinin qısa tarixini araşdırmaq və sovet şəraitində qarşıda duran əsas vəzifələri müəyyənləşdirmək baxımından ilk elmi-nəzəri təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.
N.İ.Aşmarin əksər mənbələrdə rus sovet alimi kimi təqdim edilsə də, milliyyət etibarı ilə çuvaş türkü idi. Bu barədə onu yaxından tanıyan başqırd əsilli türkoloq, İstanbul Universitetinin professoru Zəki Vəlidi Toğan (1890-1970) "Xatirələr"ində belə yazır: "Yemelyanov məni "Yadəsillilər (qeyri-ruslar nəzərdə tutulur - V.Q.) üçün seminariyanın" ("Seminariya dlya inorodtsev") müəllimi, şərqşünas Nikolay Aşmarinlə və nəhayət, professor N.F.Katanovla tanış etdi. Bunun da sayəsində Kazandakı şərqşünaslar mühiti ilə daha yaxın əlaqə qura bildim. Aşmarin özü çuvaş türklərindən idi. Nikolay Katanov isə Altayın Saxa türkləri arasından yetişmişdi. Hər ikisi də Rusiya şərqiyyat institutlarını bitirib rus şərqşünasları mühitinə qatılan şəxslər idi. Bu iki şəxsin mənə çox köməyi dəydi. O il (1906-cı il - V.Q.) Aşmarinin Rusiya Xalq Maarif Nazirliyinin Jurnalında çıxmış "Tatar ədəbiyyatı" (söhbət "Kazan tatarlarının müasir ədəbiyyatı haqda bir neçə söz" yazısından gedir) məqaləsini rus dilindən tatarcaya çevirdim. Bu tərcümə sonra Orenburqda kitabça şəklində çap olundu".
Özünün "Türk tarixi" kitabının nəşrindən bəhs edərkən müəllif yazır: "Əsərimlə həm elmi baxımdan, həm də türk olmaları səbəbindən maraqlananlar professor Katanovla Aşmarin oldu. Hər ikisi rus senzoru idi, amma buna baxmayaraq ruslara toxunan yerləri çıxarmayıb kitabımın tam nəşrinə yardım etdilər".
Çuvaş MR-nın Dil, Ədəbiyyat, Tarix və İqtisadiyyat İnstitutunun "Elmi əsərləri"ndə "Aşmarinin xatirəsinə" adlı məqalə çap etdirən akad. V.A.Qordlevski (1876-1956) də həmkarının çuvaş köklərinin mövcudluğuna şübhə ilə yanaşmırdı.
Ailədə rus dilindən sonra öyrəndiyi ikinci dil çuvaşca olmuşdu. "Həyatım" adlı avtobioqrafik qeydlərində alim yazırdı: "Hələ kiçik yaşlarımdan məndə dilləri, ilk növbədə isə, çuvaş dilini öyrənməyə maraq yaranmışdı. Buna da səbəb Kurmışa və Zasuryaya gələn, yaxud oradan keçən, bütün görkəmləri ilə arasında yaşadığım rus əhalidən kəskin şəkildə fərqlənən çuvaşlar olmuşdu. İlk çuvaş söz və ifadələrini bu xalqa çox böyük rəğbətlə yanaşan ana nənəmdən eşitmişdim".
Novoçerkassk klassik gimnaziyasını bitirdikdən (1891) sonra türk, ümumən Şərq xalqlarının dil və mədəniyyətlərinə olan böyük maraq Aşmarini Moskvadakı Lazarev Şərq Dilləri İnstitutuna gətirmişdi. Burada gimnaziyada öyrənməyə başladığı türk, tatar, ərəb, fars dilləri sahəsində biliklərini təkmilləşdirmişdi. Latın dilinə mükəmməl yiyələnmişdi. Təbii ki, həyatının əsas stixiyası olan çuvaş dilini də unutmamışdı. Özünün də etiraf etdiyi kimi, məhz çuvaş dili ilə eyni ailəyə mənsub olduğu üçün institut illərində Osmanlı türkcəsini əsaslı şəkildə mənimsəməyə daha çox diqqət yetirmişdi. Birinci kurs tələbəsi ikən "Çuvaşlarda xalq poeziyası təcrübəsi" adlı məqalə yazıb "Gtnoqrafiçeskoe obozrenie" jurnalında dərc etdirmişdi.
İnstitutun sonuncu kursunda isə çuvaş dilinin fonetika və morfologiyasına dair materiallar toplamağa başlamışdı. Onların əsasında ilk çuvaş dili qrammatikasını tərtib edib müəllimi, fin-uqor dilləri üzrə tanınmış mütəxəssis V.F.Millerə (1848-1913) göstərmişdi. Miller çoxsaylı prinsipial qeydlər etmişdi. Aşmarin qeydlər əsasında 1895-ci ildə, Kazan xristian tatarlar məktəbinin müəllimi işlədiyi dövrdə əsəri demək olar ki, yenidən yazmışdı. Dilin təbii daşıyıcıları - çuvaşlarla canlı ünsiyyət, çuvaş əlyazmaları ilə tanışlıq işi təkmilləşdirmək imkanı yaratmışdı. Lakin yeni variantda da qrammatika Aşmarinə sistemsiz, xaotik görünmüşdü. Yardım üçün üz tutduğu N.F.Katanov (1862-1922) əlyazmasının çapını məsləhət bilmişdi. Gözləntilərinin əksinə olaraq ilk dilçilik təcrübəsi uğurlu alınmışdı. Macar türkoloqu və etnoqraf, akademik B.Munkaçi (1830-1907) Katanova məktubunda Aşmarinin çuvaş qrammatikasını bəyəndiyini bildirmiş, hətta "wichtig" (mühüm - V.Q.) adlandırmışdı.
1896-cı ildən N.İ.Aşmarin türkologiyada "klassik əsər" (V.V.Bartold) sayılan 17 cildlik "Çuvaş dili sözlüyü" üzərində işləməyə başlamışdı. Dörd il sonra Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyəti, habelə Kazan Yeparxiyasının xəbərlərində "Çuvaş sözlüyünün tərtib proqramı"nı dərc etdirmişdi. Yalnız öz topladığı materiallarla kifayətlənməmişdi. Bu dillə bağlılığı olan mütəxəssislərə, ziyalı çuvaşlara müraciət etmişdi. Çuvaşların yaşadığı ərazilərdə ekspedisiyalarda olmuşdu. Lüğətin ilk iki cildi 1910-1912-ci illərdə akademik F.E.Korşun (1843-1915) nəzarəti altında çap edilmişdi. Həyatının sonuna qədər üzərində işlədiyi sözlüyün daha üç cildi sovet hakimiyyəti illərində, Çuvaş XKS-nin qərarı ilə çıxmışdı. Hazır materialların nəşrini tam şəkildə yalnız 1950-ci ildə tamamlamaq mümkün olmuşdu.
N.İ.Aşmarinin başqa bir mühüm əsəri - "Bulqarlar və çuvaşlar" kitabı (1902) Volqa hövzəsindəki qədim türk etnosunun öyrənilməsi işinə böyük töhfə sayıla bilər. Təsadüfi deyil ki, gənclik illərində o, qəribə bir sövq-təbii ilə "avropalı köçərilər"in dilini - macarcanı da müəyyən qədər öyrənmişdi. Sonralar onların dil baxımından bulqar və çuvaşların yaxın qohumu, türkəsilli olmaları qənaətinə gətirmişdi. Hunlardan qalma şəxs adları və titulların bulqar-çuvaş dilləri vasitəsi ilə izahı alimi bu fikrin həqiqiliyinə inandırmışdı. Akademik V.V.Bartold 1929-cu ildə həmkarının fikirlərini "çox ehtimal ki, gələcəyi olan nəzəriyyə" adlandırmışdı. Müasir dövrdə macar dilinin fin-uqor deyil, türk dili ailəsinə mənsubluğu haqda get-gedə ağırlıq kəsb etməyə başlayan nöqteyi-nəzər dilçi və etnoqraf kimi Aşmarinin uzaqgörənliyindən xəbər verir.
***
1923-cü ildə Kazan ali məktəblərində çalışan digər həmkarları - antik dövr fəlsəfəsi üzrə tanınmış mütəxəssis, Azərbaycan EA-nın gələcək həqiqi üzvü A.O. Makovelski (1884-1969), ərəbşünas P.K.Juze (1870-1942) və b. kimi N.İ.Aşmarin də aclıq və ehtiyac içərisində olan Volqaboyundan Bakıya üz tutmuşdu. Azərbaycan hökumətinin dəvəti ilə yerli universitetin tarix-filologiya fakültəsinin türkologiya kafedrasının professoru vəzifəsində fəaliyyətə başlamışdı. Burada həssas münasibət və hörmət görmüşdü. Bakı Universitetinin Elmi Şurası 1925-ci il fevralın 3-də çap etdirdiyi əsərləri və səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alıb ona müdafiəsiz (honoris causa) türkologiya doktoru alimlik dərəcəsi vermişdi. Həmkarları bu qərarı qəbul edərkən tək özlərinin müşahidə və mülahizələrinə deyil, Leninqrad türkoloqlarının yazılı təqdimatlarına, B.Munkaçi, Q.Ramstedt, T.Qotye, Y.Mesaroş, Y.Vixman, M.Ryasenen və b. tanınmış macar, fin, alman linqvist alimlərinin mətbuatda çıxan rəylərinə əsaslanmışdılar. Fakültədə elmi-pedaqoji əhatə dairəsi kifayət qədər geniş idi. Tələbələrə türk dillərinin müqayisəli qrammatikasından, Orxon-Yenisey abidələri və uyğur yazısından, türkologiyaya giriş fənlərindən mühazirələr oxuyur, gənc alim və aspirantların elmi işlərinə rəhbərlik edirdi.
Həyatının Bakı dövründə o, universitetlə yanaşı, respublikanın ilk elmi mərkəzi - Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) ilə də sıx iş birliyi və əməkdaşlıq şəraitində çalışmışdı. Akademik Qordlevskinin yazdığına görə "Nikolay Aşmarin onilliklər boyu qazandığı zəngin təcrübəni ATTC əməkdaşları ilə həvəslə bölüşürdü". Bu mühüm elmi qurum haqda maraqlı tədqiqat əsərinin - "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri. 1923-1929" monoqrafiyasının (Bakı, 1999) müəllifi, filologiya elmləri doktoru Həmidə Xəlilbəylinin araşdırmalarından da göründüyü kimi, N.Aşmarin yüksək elmi-nəzəri hazırlığı, əhatəli biliyi, ən başlıcası isə Azərbaycan elminə töhfə vermək istəyi sayəsində ölkəmizdə humanitar sahənin aparıcı nümayəndələri sırasında yer almışdı. ATTC-nin bir sıra istiqamətlər üzrə elmi-tədqiqat bölmələrinin fəaliyyətində yaxından iştirak etmişdi.
Belə bölmələrdən biri, Cəmiyyətin Tarix-etnoqrafiya şöbəsinin tərkibində yaradılan Etnoqrafiya Komissiyası idi. Şöbənin 1924-cü il yanvarın 2-də keçirilən təsis yığıncağında Komissiyanın rəyasət heyətinin tərkibi təsdiqlənmişdi. Sədr vəzifəsi yekdilliklə görkəmli yazıçı-dramaturq, ATTC-nin qurucularından biri kimi tanınan Ə.Haqverdiyevə həvalə olunmuşdu. Professorlar N.İ.Aşmarin və V.B.Tomaşevski müavin, A.R.Zifeldt və V.A.Ryumin katib, Azərbaycan Tarixi Muzeyinin ilk direktoru, arxeoloq D.Şərifov isə rəyasət heyətinin üzvü seçilmişdi.
Etnoqrafiya Komissiyasının elmi vahidlərindən biri kimi təşkil edilən lüğət-dil yarımbölməsi birbaşa N.Aşmarinin adı ilə bağlı idi; bölməyə özü rəhbərlik edirdi. Müavinləri isə Ə.Haqverdiyev və V.B.Tomaşevski idilər. Azərbaycan dilinin lüğət tərkibinin araşdırılması və dialektoloji tədqiqatların aparılmasında bu yarımbölmə 20-ci illərin ortalarında kifayət qədər effektiv fəaliyyət göstərmişdi.
1925-ci ildə Azərbaycan xalqının digər türk xalqları ilə dil, etnoqrafiya, etimologiya və ədəbi-mədəni bağlılıqlarını sistemli, müqayisəli şəkildə araşdırmaq məqsədi ilə Cəmiyyət nəzdində ayrıca Türkoloji şöbə yaradılmışdı. Bakı Universiteti şərqşünaslıq fakültəsinin dekanı Bəkir Çobanzadənin rəhbərlik etdiyi şöbənin üzvləri arasında Ruhulla Axundov (sədr müavini), Hənəfi Zeynallı, Pənah Qasımov, Cəlal Məmmədzadə, Həbib Cəbiyev, İsmayıl Hikmət kimi tanınmış alim və ictimai-siyasi xadimlərlə bir sırada professor Nikolay Aşmarin də var idi.
Linqvist-alim mədəni səviyyəsindən asılı olmayaraq istənilən xalqın dilinin öyrənilməsini onun məişəti, həyat tərzi, etimologiyası, şifahi ədəbiyyatı və digər etnoslarla əlaqələrindən kənarda təsəvvür etmirdi. Dilin ifadə imkanlarını, lüğət tərkibini, eləcə də incəlik və özünəməxsusluqlarını araşdırmaq üçün xalqın arasında olmağa, bu dildə danışan insanlarla ünsiyyət qurmağa böyük əhəmiyyət verirdi. N.Aşmarini tərəddüdsüz Azərbaycanda elmi dialektologiyanın banilərindən biri saymaq mümkündür. Görkəmli Azərbaycan dilçisi, akademik M.Şirəliyev sələfinin bu sahədəki xidmətindən bəhs edərkən yazırdı: "1920-ci illərin ortalarında Nikolay Aşmarin Azərbaycan dialekt və şivələrinin lüğəti üçün material toplamaq üçün proqram və təlimat hazırlamışdı. Bu istiqamətverici sənədlər əsasında 1930-cu ilə qədər təxminən 60 min söz və ifadə toplanmışdı. Toplanılan leksik vahidlər əsasında "Azərbaycan-türk xalq şivələrinin lüğəti" hazırlanıb nəşr edilmişdi".
Əslində bu sahədə ilk addımı alimin özü atmışdı. 1924-cü ilin yayında və növbəti ilin payızında ATTC-nın tapşırığı ilə şivə orijinallığı baxımından daha çox seçilən Şəkidə (Nuxa) dialektoloji ekspedisiyada olmuşdu. Üst-üstə ay yarım çəkən səfərlər zamanı Nuxa kişi müəllimlər seminariyasının, eləcə də ayrı-ayrı məktəblərin şagirdlərinin köməyi ilə zəngin material toplamışdı. Qaranlıq görünən məqamları aydınlaşdırmaq üçün Şəki ziyalıları ilə ətraflı fikir mübadiləsi və dəqiqləşdirmələr aparmışdı. Onların arasında müəllifin böyük hörmətlə söz açdığı görkəmli maarif xadimi, yazıçı və etnoqraf, Nuxa Kişi Müəllimlər Seminariyasının direktoru Rəşid bəy Əfəndiyev (1863-1942) də vardı. Heyranlıq hissi ilə bəhs etdiyi Şəkidə dilçi alimə hörmətlə yanaşmış, qayğı və diqqətlə əhatə etmişdilər. Nuxa qəza partiya komitəsinin məsul katibi İ.Tağıyev, xalq maarifi şöbəsinin müdiri Ə.Mahmudov, yerli ziyalılardan Ə.Bayramov, A.İmamzadə, Ş.İmamzadə, C.Hacızadə, M.Xəlifəzadə işin təşkilinə və səmərəliliyinə yardım göstərmək üçün əllərindən gələni əsirgəməmişdilər. Nəticədə Aşmarin Azərbaycan dialektologiyasına həsr olunmuş ilk monoqrafik əsəri - "Nuxa şəhəri türk xalq şivələrinə ümumi bir nəzər" ("Obhiy obzor narodnıx törkskix qovorov q. Nuxa") kitabını qısa müddətdə hazırlayıb başa çatdırmışdı. Əsər 1926-cı ildə ATTC xətti ilə çap olunmuşdu. Kitab üzərindəki iş prosesində həmkarları Əbdürrəhim bəy Haqverdiyev, Vəli Xuluflu, universitetin tələbəsi Sürəyya Talıbxanbəyli (sonralar təhsilini İstanbulda davam etdirmiş, Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" jurnalında Qarabağ dialektinə dair silsilə məqalələri çıxmışdı) öz qeyd və təklifləri ilə ona əhəmiyyətli yardım göstərmişdilər. Əsər 1926-cı ildə ATTC xətti ilə çap olunmuşdu.
Kitab "Müqəddimə əvəzinə" adlı giriş sözü ilə açılır. Müəllif qarşısına qoyduğu başlıca vəzifədən bəhs edərkən haqlı olaraq göstərirdi: "...təsvir edilən şivələrin, eləcə də Azərbaycanımızın digər türk xalq şivələrinin necə səslənmələri indiyədək tədqiqatçıların diqqətini çəkməyib". Anlaşılmazlıq yaranmasın deyə "Şəki" və "Nuxa" toponimlərinə aydınlıq gətirməyə çalışmışdı. "Şəki" adı altında keçmişdə müstəqil xanlıq, sovet dövründə qəza, "Nuxa" adı altında isə bu inzibati-ərazi vahidinin mərkəzinin nəzərdə tutulduğu fikrini irəli sürmüşdü. Verdiyi məlumatlardan akademik B.A.Dornun 1858-ci ildə çap etdirdiyi "Şəki xanlarının müxtəsər tarixi" (müəllifi şair və salnaməçi Kərim ağa Fateh idi - V.Q.) əsəri ilə tanış olduğu görünürdü. Əlverişli coğrafi mövqeyinə, təbii gözəlliklərinə və iqtisadi cəlbediciliyinə görə müəllif Nuxa-Şəkini "Şimali Qafqazın ən gözəl guşəsi" hesab edirdi.
"Nuxa və Nuxa əyaləti haqqında qısa məlumat" adlandırdığı növbəti fəsildə N.İ. Aşmarin "Böyük Qafqaz dağ silsiləsinin cənub ətəklərində, Kiş, Dəyirman və Gürcan dağ çaylarının sahilində, dəniz səviyyəsindən 2454 fut yüksəklikdə yerləşən" bölgənin müxtəsər tarixi, inzibati, iqtisadi və etnik icmalını vermişdi. Əhalinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olduğunu vurğulayan müəllif Şəkini ticarət və sənaye baxımından Transqafqazın zəngin şəhərlərindən biri kimi təqdim etmişdi. 1863-cü ildə Şəkidə olan və təəssüratlarını "Qafqaz" kitabında (Leypsiq, 1866) bölüşən alman səyyahı A.Petsolta əsaslanaraq hər ilin yay aylarında ipəkçiliklə məşğul olan çoxsaylı Avropa istehsal və ticarət firmaları agentlərinin bura axdıqlarını xüsusi vurğulamışdı. Yazdığına görə xaricilər arasında saylarının çoxluğu baxımından əsas yeri fransızlar (500-600 nəfər), nisbətən az miqyasda isə italyanlar tuturdu.
Əsərin sonrakı fəsillərində Şəkinin müxtəlif məhəllələrindən toplanmış zəngin dialektoloji material və onların əsasında hasil edilən linqvistik nəticələr təqdim olunmuşdu. Çoxsaylı nümunələr kitab müəllifinin az vaxtda Azərbaycan türkcəsinin incəliklərinə yiyələnməklə yanaşı, dilimizin dialektlərini müqayisəli şəkildə öyrənməyə təşəbbüs göstərdiyini də sübut edir. Çuvaş şifahi xalq ədəbiyyatı haqda araşdırmalar müəllifi olan alim Şəkidə təkrarsız folklor nümunələrinin yanından da laqeyd ötə bilməmişdi. Kitabın sonunda yüz il bundan əvvəl Şəkidə və çevrəsində yazıya alınan, bəziləri günümüzə fərqli şəkildə çatan, bəziləri isə unudulan atalar sözləri, tapmacalar verilmişdi. Əlavələr bölməsinə Şəkinin məhəllə, yaylaq, bazar, çay, eləcə də şəhər mərkəzindən kənarda yerləşən kəndlərinin adları daxil edilmişdi.
Azərbaycan türkcəsinə dair ilk dialektoloji araşdırmanı yüksək qiymətləndirən akademik V.A.Qordlevski yazırdı: "Aşmarin "Nuxa şəhəri türk xalq şivələrinə ümumi bir nəzər" əsərində linqvistik müşahidələrin dəqiqlik və təfərrüat zənginliyini nümayiş etdirmişdi. Həsr olunduğu mövzu ilə bağlı ilk və nümunəvi monoqrafiya sayılan kitabda özündə müxtəlif etnoqrafik qruplaşmaların izlərini daşıyan şəhər məhəllələrinin şivələri fərqli cəhətləri ilə aşkara çıxarılmışdır".
Sonrakı illərdə də ölkəmizlə əlaqələrini üzməyən alim Bakıda axırıncı dəfə 1929-cu ildə, ATTC-nin dəvəti ilə olmuşdu. Cəmiyyət onu "Azərbaycanın türk xalq şivələrinin lüğəti" çoxcildliyinin planını hazırlamaq məqsədi ilə dəvət etmişdi. Əsərin növbəti il Bakıda çıxan I cildinin Ön sözündə də göstərildiyi kimi, Aşmarin "ideyanın ilk təşəbbüskarlarından və onu təcrübədə həyata keçirənlərdən biri idi".
Kollektivləşmə və sənayeləşmənin Volqaboyuna gətirdiyi fəlakətlər "zəmanə ilə ayaqlaşmağ"ı bacarmayan, təvazökar alimdən də yan keçməmişdi. SSRİ EA-nın müxbir üzvü seçilsə də, əyalət şəhəri Kazanda bu qurumun verdiyi üstünlüklərdən yararlana bilməmişdi. 1933-cü ildə xəstəliklər və ağır maddi ehtiyac içərisində vəfat etmişdi. Həyatının son aylarında həyat yoldaşı K.L.Aşmarina Çuvaş Elmi Tədqiqat İnstitutuna göndərdiyi məktubda yazırdı: "Yaşlı və böyük bir ailənin yükünü çəkən ərim çox ağır maddi durumdadır. Sizə lüğət hazırlayır, evdə isə yeməyə heç nə yoxdur. Ona ürək ağrısı keçirmədən baxmaq olmur. Kölgə kimi masa arxasında oturub fasiləsiz işləyir. Ailəmizi xilas etmək üçün satılması mümkün olan hər şeyi satmışam. İndi daha satmağa da heç nə yoxdur. Ona görə də sizə müraciət edirəm". Alimin oğlu V.N.Aşmarinin xatirələri isə bu kədərli mənzərəni daha da tündləşdirir: "Atam ölüm yatağına düşəndə anam qonşudan borc alıb məni Çeboksarıya, ona çatacaq qonorarı almağa göndərdi. Çünki Elmi Tədqiqat İnstitutu pulu poçtla yollamaqla bağlı xahişlərimizə məhəl qoymurdu. Amma vəsait olmadığını deyib məni də əliboş yola saldılar..."
Türkologiya elmi, xüsusilə də, doğma çuvaş mədəniyyəti qarşısında misilsiz xidmətlərinə baxmayaraq N.İ.Aşmarin sağlığında layiq olduğu, haqq etdiyi qiyməti almadan dünyadan köçmüşdü. Dövrün sərt, amansız şərtləri baxımından yanaşanda isə əslində bu, necə deyərlər, "vaxtında" baş tutan ölüm idi. Çünki vəfatından az sonra həyatının başlıca əsəri, az qala, bütün ömrünü verdiyi "Çuvaş dili sözlüyü" kəskin partiya tənqidinə məruz qalmışdı. Çuvaş ÜİK(b)P MK-nin birinci katibi P.S.Petrov müəllifi sözlük kimi təqdim olunan əsəri "bol pornoqrafiya ünsürləri və əksinqilabi cəfəngiyyatla" doldurmaqda ittiham etmişdi. "Böyük terror" ərəfəsində belə ittihamların nə ilə nəticələndiyini söyləməyə isə lüzum yoxdur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!