Feillik fenomeni - İsmayıl Kazımov Nasir Mənzurinin kitabı haqqında yazır

Bu adda, 586 səhifədən ibarət birinci kitab (Ağız lövhələr 12, Ağız lövhələr 13 sırasından olub) yazıçı Nasir Mənzuri tərəfindən Təbrizin "Qaraçuxa" nəşriyyatında 2023-cü ildə çap edilmişdir. Kitab müxtəlif sistemli dillərin, xüsusən də, türk dillərinin feillərinə həsr olunmuşdur. İsnad feili bir sistem kimi müqayisəli-tutuşdurma metodunun köməyilə öyrənilmişdir. Əsər Cənubi Azərbaycan türklərinin dialektində yazılmışdır; "Aydınlatma" hissəsində, öncə, dilin öz varlığında quruluş, qavram, həmçinin semantik sirlərə malik olduğu göstərilir. Bu seriyadan olan kitabların başlıca məqsədi "bu sirləri dumanlıqdan çıxartmaqdır".

Müəllif diqqəti "dil-düşüncə" bütövlüyünə yönəldir: "Dünyanın necəliyi, abstrakt olaraq, dildə də təkrar olunur, yəni ifadəsini tapır. Bu üzdən, dil öz məfhum-forma sistemini dünyanın formalaşmasında, onun dil mənzərəsindən alır. Burada dilin idrakla bağlılığı ortaya çıxır. N.Mənzurinin düşüncəsində, "dildə xalqın şifahi yaradıcılığından əldə edilmiş həqiqətlərin idrakına, eləcə də, varlığın idrakına çatma əsla bəsit sayılası bir proses deyil. Bu, mühüm bir irsdir. Bu cür irs tədqiqatlar üçün düşündürücüdür, dərincəsinə güvənməli bir sənəd sayıla bilər. Beləliklə də, həmin prosesin nəzəriyyəyə çevrilməsində onun gərgin vəziyyəti tanınmalı və göz önünə alınmalıdır".

Kitabda məsələlərə yanaşma, irəli sürülən nəzəri müddəalar bizim dilçilik tədqiqatlarından fərqlidir. Bu tədqiqat üçün təməl sayılan nəzəri mənbələr aşağıdakı kimidir: Nisbilik nəzəriyyəsi, Fraktallar həndəsəsi, Çaxnaşma (xaos nəzəriyyəsi), Mifik düşüncə nəzəriyyəsi, Kompleks düşüncə nəzəriyyəsi, Semiotika. Bu nəzəriyyələrin hər birinin müəllifi vardır.

N.Mənzurinin kompleks tədqiqatı məhz feil üzərindədir. Feil barədə onun tədqiqatı yuxarıda göstərdiyimiz kimi, bizim tədqiqatlardan seçilir. Bizim müasir Azərbaycan dilində feil monoqrafik şəkildə görkəmli dilçi alim Həsən Mirzəyev, Ağamusa Axundov tərəfindən geniş araşdırılmış, onun struktur-semantik tərəfləri dərindən öyrənilmişdir.

Sözügedən kitabda N.Mənzuri yazır ki, indilikdə dilimizin feil sisteminin anlamı zavallı bir durumdadır. Müəllif səbəbini isə referans kitabların olmamasında görür; belə kitablar yazılmasa, bu zaman dilin gərgin, aktual problemləri artacaqdır.

"Feillik" iki hissədən ibarətdir. "Səs-andırım Bütövlüyü" adlı Ağız lövhələr 5 Bakıda nəşr edilmişdir. Həmin kitabda Türk dilinin səs sistemində özünü göstərən xüsusiyyətlərdən irəli gələn modellər müəyyənləşdirilmişdir.

Müəllif hər iki kitaba 40 ildən çox zəhmət sərf etmiş, müxtəlifsistemli dillərin üzərində müşahidələr aparmış, feilin, ona aid olan qavramların təhlilini aparmışdır.

Kitabın quruluşu haqqında: 1-ci kitabda -"Feillik" (1) feil və onun zamanları bir isnad (bir dildə təməl bir sistem, maraqlıdır, hər hansı bir dili öyrənərkən, birinci növbədə, həmin dilin isnad, qaydasız fellərini öyrətmək lazım gəlir) nöqtəsi kimi, bir sistem kimi araşdırılır. Bizim dildəki indiki, keçmiş və gələcək zaman terminləri "yəqinli" və "yəqinsiz" sözlərilə ifadə olunur. Müəllif ingilis, fransız, fars və türk dillərini müqayisə edir. O, maraqlı bir məsələyə toxunur: "Dil adlanan bir varlığın qapısından içəri girməyimiz ancaq isnad sistemilə, eləcə də, isnad feililədir. Bu üzdən, bütün dillər ancaq çalışırlar, bu isnad sistemini olduqca əlverişli, olduqca tanış və olduqca sizinlə ayaqbir olan yoldaş tanıtdırsınlar. Təəssüflər olsun ki, Türki dilində (yəqin türk dilləri nəzərdə tutulur) isnad sistemini və isnad feilini düzgün bir durumda tanıtdıra bilməyiblər (burada amacımız tənqid deyil, yoxsa, danışmalı sözlər çoxdur" (s.13).

Müəllif müqayisəli-tutuşdurma metodundan istifadə edərək bir neçə dilin (həm müxtəlifsistemli, həm də qohum dillərin) əvəzliklə feilin təsrifini, bağlantısını müəyyənləşdirir. Göründüyü kimi, kitabda isnad feili bir sistem olaraq araşdırılır. Bizim dildə bu, feili xəbər kimi öyrənilir. Müəllif də qeyd edir ki, türk dilləri arasında, yalnız Azərbaycan türkcəsi əvəzliklə feilin təsrifini ayırd edib, eləcə də, cümləni feili də mükəmməl biçimdə bağlayıbdır (s.18).

Dil işini düzgün bir sistemə salmalıdır. Əgər bu mümkün olmadıqda "dilin işində bollu komleksliklər", yəni gərginlik yaranır. Müəllif bu gərginliyi bu strukturda müsbət (təsdiq) və mənfi (inkar) quruluşu qrammatik zamanlar üzrə izah etməyə çalışır.

İkinci kitab "Feil təsrifinə referans" adlanır. Burada hər bir feilin iki növü - məsdər və təsrif quruluşu nəzərdən keçirilir. Bir feilin təsrifində ən əsas sayılan xüsusiyyət isə onun hadisələnməsini, olaylanmasını əksetmə potensialıdır. Müəllif bu məqamda riyazi metoddan, sxemləşmədən də istifadə edir; feilin təməl kökünü növlər üzrə dəyişdirir (müqayiqqə et: sürmək-sürümək-sürünmək-sürütmək-sürüşmək-sürüyüşmək-sürünüşmək-sürüdüşmək-sürdürmək-süründürmək-sürütdürmək və s. ). 128 formanın bu təməl feillə dəyişdirilməsi türk dilləri feillərinin təsrif zənginliyini növ-zaman əsasında nümayiş etdirir. Feil kökündən sonra növ və şəxs formalarının təsdiq və inkarda geniş təsrifi dilimizin məna imkanlarının da geniş olduğunu göstərir.

Kitabın sonrakı bölmələrində aspekt məsələləri mühüm yer tutur. Aspekt - nöqteyi-nəzər, baxış mənasındadır. Aspekt sadə 1, 2, 3, 4, edərli (təkrarlı), edirli (davamlı), etmişli (mükəmməl), edəcəkli (gələcək zamanı anladan quraq) istiqamətlərdə təhlil olunur. Aspektələr bütün zamanları əhatə edir.

Feilin spesifikasının aşkara çıxarılması, aydınlaşdırılması, müəyyənləşdirilməsi, onların sistem-strukturunun (sistem-kateqorial) bu baxış bucağında izlənilir. İki aspektin birincisində bir morfoloji vahid kimi feil elə bir sistemdir ki, buraya sinif və kateqoriyalar (həmçinin onların leksik-qrammatik və feil yaradıcılığı hadisəsi) aiddir.

Nitq axını feillə - onun potensial gücü ilə (məna ilə birlikdə) gedir, əlverişli şəraitdə, danışanın əmrilə, onun təşkili mexanizmi ilə təyin olunur. Bu zaman feilin qrammatik elementləri funksionallaşır, həmin mexanizm bu strukturda qaydaya, nizama salınır.

İkinci aspektdə feil funksional-morfoloji vahid olaraq bu sistemdə qanuniləşir və normalaşır, müxtəlif dil səviyyələrində elementlər müəyyən təsirə məruz qalır, söyləmlə lazım olan fikir ifadə olunur. Bu, aspekt dil və nitqin sistemi ilə bağlıdır.

Feil semantik cəhətdən müxtəlif hadisələri, hərəkətləri, prosesləri, vəziyyəti və s.bildirir.

Feil dilin özünəməxsus sözüdür. Feildə əşya və predmetin zaman əlamətləri də dəyişir, yəni təsriflənir. Feil dilin ən canlı nitq hissəsidir. Feil dilin ən yeni arterial qanıdır (A.Yuqov). Feil bütöv fikirdir. Hər bir feil bütöv, tamamlanmış nitqi məhdudlaşdırır, bürüyür. Feil kapsuk kimidir, bütöv ifadə, cümlə və frazadır, mətndə öz gücünü göstərə bilir (V.Kolesov).

Feil dildə ən mürəkkəb və konstruktiv nitq hissəsidir. Feilin semantikası dildə relyativ xarakter daşıyır. Feilin semantik əsasları subyektin iş və fəaliyyət aspektlərini, proses və anlayışını əks etdirir. Feildə prosessuallıq öz əksini tapır. Feil, həmçinin struktur-semantik kateqoriyadır. Feil fəaliyyəti və işlə əlaqədar insan şüurunu inikas etdirir. İnsanın fiziki və psixoloji fəaliyyəti, gücü feil formaları ilə realizasiya olunur.

"Feillik" kitabında feil çoxaspektli mürəkkəb sistem kimi, dildə və nitqdə feili vahidlərin koqnitiv və dil mexanizminin realizasiyası kimi, hərəkət və prosesin verballaşması, insan təcrübəsi kimi, insanın işini, fəaliyyətini əhatə edən proses kimi, eləcə də mətndə marginal zonaların yaranması vasitəsi kimi və s. təsvir olunur.

Feil güclü mətnləri yaradır. Mətndə başlıca ideya, fikir feil vasitəsilə gerçəkləşir. Feillər mətndəki əsas ideyanı, nüvə, başlıca qayəni ifadə edir. Feillə əsas əlamət açılır. Demək olar ki, mətndə ən mühüm əlamətlər feil və onun kateqoriyaları vasitəsilə ötürülür. "Feillik" kitabının müəllifi Nasir Mənzuri feili bir fenomen kimi səciyyələndirir. Onun təhlillərində şair və yazıçının bədii dünyası feillərdən istifadə etmək yolu ilə səciyyələndirilir. Feil türk dillərində aktiv nitq hissəsi olduğundan, onun tərənnümü də poetik üsulla verilir. Azərbaycanın görkəmli şairi B.Vahabzadə "Feil olmaq istəyirəm" şeirində insanları aktiv hərəkətdə, güclü fəaliyyətdə görmək istəyir. Bədii mətnlərdə şəxsiyyətin jesti, mesajları, ən ümdə fəaliyyəti, yaradıcılıq işi əsas etibarilə feillə təqdim olunur, feildən istifadə mətnin dinamikasını əmələ gətirir. Beləliklə, feil mətni qurur, qapayır və dövrəyə alır.

Feildə aspektuallıq əsas kateqoriyalardandır. "Aspekt" - növ mənasındadır. Növ - aspekt feilin, həm qrammatik, həm də funksional-semantik kateqoriyasıdır, xüsusi vasitələrlə formalaşır, prosesin keçidini səciyyələndirir ( prosesin son, daxili həddi, nəticəsi, bölücü, təkrarlıq və bu kimi münasibətlər yaradır).

Y.S.Maslov aspektologiya konsepsiyasının təməlini qoymuşdur. O, dilçiliyin müstəqil bir sahəsi kimi, aspektologiyanı müəyyənləşdirmişdir ("Aspektologiya" latınca aspectus - daxili növ, zahiri görünüş və yunanca loqos - söz, təlim mənasındadır). Aspektologiya qrammatikanın yeni bir bölməsidir, feilin növ (aspekt) və bütün aspektologiya sferasını, feilin növ kateqoriyasının ifadə vasitələrini öyrənir. "Qrammatik növ və növ-zaman kateqoriyası, aspektologiya feillərin aspektual sinfini dinamik, statik, son həddə çatma (son həddə çatan feillər) və onların altsiniflərini, hərəkət vasitələrini, həmçinin müxtəlif aspektual kontekstin relevant komponentləri bu elmin mahiyyəti və məzmunu kimi başa düşülür" (Maslov Ö.S. Oçerki po aspektoloqii L., İzd-vo LQU, 1984, s.236).

Aspektologiyaya baxış öz əhəmiyyətini genişləndirməkdədir. Feilə yanaşma yeni prinsiplər doğurmuşdur. Çünki feil bir fenomen kimi kateqorial problemdir. Azərbaycan dilinin funksional inkişafında aspektologiyanın özünəməxsus rolunu bu baxımdan ciddi nəzərə almaq lazım gəlir. Demək, növ-aspekt fərqləri funksional-semantik sferada bir kateqoriya kimi daha aydın görünür. Onda belə qənaətə gəlinir ki, "hər bir dil zəngin "növ potensialı"na malikdir. Bu potensial mümkün kompleks şəkildə növ münasibətlərini formalaşdırır, morfoloji, sintaktik, sözyaradıcı və leksik vasitələr növün funksional yükünü daşıyır" (Bondarko 1972, s.35)

Kitabda feillərin müsbət (yəni təsdiq) məsdər quruluşu, sistemi, fərqli (sürmək, sürünmək, sürütmək və s.) prizmadan müəyyənləşdirilir. Əsasən də, bu quruluş modelləşdirilir.

Sonda izah olunan feillərin əlifba sırası ilə siyahısı verilir. Onların bir çoxu dialekt səciyyəlidir: lombalamaq, lökləmək, kəhildəmək, iyəşmək, kallanmaq və s.

Beləliklə, "Feillik" adlı kitab türk dillərinin hələ yazılmamış funksional qrammatikasının (morfologiya və sintaksis) əsaslı şəkildə yazılmasına kömək edə bilər. Kitab, xüsusilə, ingilis dilini öyrənənlər üçün də faydalıdır.

Faktlar göstərir ki, cənubda işlənən türkcədə danışıq dilindən irəli gələn leksik, morfoloji və sintaktik, eyni zamanda üslubi xətalar da özünü göstərməkdədir. Çünki həmin türkü ədəbi dil səviyyəsində inkişaf edə bilməmiş, fars dilinin boyunduruğu altında qalmışdır (onlara kitab göndərən mən imiş imişəm). Cümlənin formal təsvirində müəllifin əsil və gizli quruluşları da ayırması bizdə böyük cümlələrin sadələşdirilməsi, çevrilməsidir. Bu, transformasiya hadisəsinin nəticəsidir.

Bu əsərdən türk dillərində feilin qavram quruluşunu, ultra cümlə sistemini, ümumən, dil-düşüncə problemlərini daha dərindən öyrənmək üçün də istifadə etmək olar.

Bir sözlə, "Feillik" kitabında türkcədəki feillərin növ-aspekt kateqoriyasının konseptual-struktur modelləri dərinləşdirilir. Bu məsələlər bizim dilçilikdə feildən yazan tədqiqatçıların, demək olar, gözündən qaçmışdır. Beləliklə, feil növ-aspektlərinin bəzi ontoloji-tipoloji xarakteri də açıla bilməmişdir, paradiqmatik sıralanma mükəmməl şəkildə konkretləşdirilməmişdir. Fərqli linqvistik kəlmələrdən istifadə də işin məzmununu anlamaqda bir qədər çətinlik yaradır. Feil sistemində leksik-qrammatik fərqlilik türkcələrin dialekt özəlliklərini ortaya qoyur. Gətirilən örnəklərin mənaları ümumi dərketmə kontekstində, müstəvisində başa düşülür. Nəhayət, müxtəlif koqnitiv, linqvikulturoloji amillər və aspektuallıq faktına bağlı anlamlar iyerarxiyası təhlil süzgəcindən keçirilən feillərin növləri içərisində onun konseptual xarakterli bir kateqoriya olaraq təsnif olunmasını şərtləndirir. Kitabın başlıca dəyəri də bundadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!