Azər TURAN
Bu yazını Prezident seçkilərinin sona çatdığı saatlarda, fevralın 7-dən 8-ə keçən gecə yazıram. Azərbaycan bağımsızlığını elan edəndən sonra ilk dəfədir ki, Prezident seçkiləri Azərbaycanın bütün ərazilərini əhatə etdi. Prezident isə Xankəndidə səs verdi. Son vaxtlar Xankəndi yaddaşıma Əli bəy Hüseynzadənin misraları ilə assosiasiya edir: "Bu yerləri Türkə vermişdir Tanrı!"
Fevralın 24-də Əli bəy Hüseynzadənin 160 yaşı tamam olacaq...
Əli bəyin qızı Feyzavər Alpsarla son söhbətimiz 2018-ci il martın 17-də günorta saatlarında telefonla olmuşdu. Hüseynzadənin dünyasını dəyişdiyi gün idi və Feyzavər Turan Alpsar məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdi. Xəbərin sevincini bölüşmək üçün dərhal ona zəng vurdum. Ordenlə təltif olunmasından xəbərsiz idi. 99 yaşlı Feyzavər xanım hər zamankı kübar və həzin səsiylə "mən nə etdim ki? -dedi. - Sağ olsun, sayın Aliyev, əlbəttə, bunu türk kültürünün böyük mütəfəkkiri babamın adına sevinclə qarşılayıram" - dedi.
İlham Əliyev Feyzavər xanımı təkcə bu ordenlə sevindirmədi ki... Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 2014-cü ildə verdiyi Sərəncam, Əli bəy Hüseynzadənin əsərlərinin dövlət varidatı elan edilməsi, kitabının latın qrafikası ilə kütləvi tirajla nəşri, Cümhuriyyətin 100 illiyi günlərində Əli bəy Hüseynzadənin varisinə verilən yubiley medalı...
Atasının yüz ildən sonra fikir həyatımıza belə vüsətlə qayıtması Feyzavəri çox sevindirirdi.
2014-cü ildə Hüseynzadə barəsində verilmiş Prezident Sərəncamı Feyzavər xanımı çox duyğulandırmış, onu heç vaxt görmədiyi Azərbaycana daha da yaxınlaşdırmışdı. Bəlkə elə bu səbəbdən də, Feyzavər xanım atasına aid olan hər şeyi, o cümlədən, çox qiymətli olan rəsm əsərlərinin hamısını qarşılıqsız olaraq Azərbaycana bağışladı.
Bu sətirləri yazdığım otağın iki pəncərəsindən biri Bayraq meydanına, digəri isə Bibi Heybət məscidinə açılır. Pəncərədən işıqlara qərq olmuş Bibi Heybətə baxıram. 1936-cı ildə partladılıb dağıdılmış bu məscid müstəqillik illərimizdə yenidən quruldu. Tablonun tarixçəsini çoxlarımız bilirik, ötən yüzilin əvvəllərində, yəni "Səadət" məktəbinin müdiri olduğu sıralarda, konkret isə 1908-ci ildə Hüseynzadə Bibi Heybət məscidinin şəklini çəkir. Bəlli səbəblərə görə əsəri satışa çıxarır. Bakıdakı İngilis konsulu Mak Donnel şəkli almaq istəyir. Hacı Zeynalabdin Tağıyev hadisəni eşidir və buna imkan vermir. "Öz məscidimizin şəkli öz şəhərimizdə qalsın" deyib, tablonu özü alır. Az qala, bir əsr sonra Azərbaycan müstəqil olur. Ulu öndər Heydər Əliyev məscidi yenidən, amma əslində necə vardısa elə, yəni olduğu kimi inşa etdirmək istəyir. Və o zaman Hüseynzadənin çəkdiyi və Hacının iltifatı ilə öz şəhərimizdə qalan tablo da etibarlı şahidlərdən olur. Müxtəlif sənədlərin, o cümlədən, həm də bu tablonun əsasında Bibi Heybət məscidi yenidən qurulur. Və 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış lentini kəsmək İlham Əliyevə nəsib olur.
Əvvəldə qeyd etdiyim kimi, Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 2014-cü ilin 21 yanvarında Prezident İlham Əliyevin imzaladığı Sərəncam fikir həyatmızda yeni bir dövrün başlandığından xəbər verirdi. Çünki həmin Sərəncam Hüseynzadənin yalnız ədəbi-estetik deyil, həm də ideoloji baxışlarının dominant fikir olaraq təcrübədə tətbiq olunmasına vəsilə oldu. Yuxarıda xatırlatdığım "Bu yerləri Türkə vermişdir Tanrı, / Ey düşmən, burası Turan qapısı" misralarının yaratdığı ideoloji intibalarla biz bu gün Zəngəzur səmtinə yönəlirik. Bu isə ərazi bütövlüyü təmin olunmuş Vətəndə yüz il sonrakı perspektivdən - Vahid və Bütöv Azərbaycan həqiqətlərindən soraq verir. Bu, son iki yüz əlli ildə millətimizə Tanrının böyük iltifatıdır.
Bu mənada, mədəni Turançılığın yaradıcısı və ideoloqu olan Əli bəy Hüseynzadənin irəli sürdüyü məfkurənin başında Azərbaycanın Gücü İlham Əliyev dayanır. Və İlham Əliyevin yürütdüyü siyasətin hesabına biz artıq Əli bəy Hüseynzadə ideallarının ölkəsində yaşayırıq və bu ölkənin siyasi, ideoloji səmtini müəyyənləşdirən İlham Əliyevin təbirincə, Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayıb, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürüb və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edib...
Əli bəy Hüseynzadənin əsərlərinin dövlət səviyyəsində ilk təqdimatı da, yuxarıda xatırlatdığım kimi, İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı 2004-cü ildə imzaladığı Sərəncamdan sonra - 2007-ci ildə gerçəkləşdi: Hüseynzadənin "Seçilmiş əsərləri" 25 min tirajla nəşr olundu...
2018-ci ilin həmin mart günündə Feyzavər Alpsarı ona "Dostluq" ordeninin verilməsi münasibəti ilə təbrik edəndə inandım ki, qızına verilən bu orden yüz il bundan qabaq Əli bəy Hüseynzadənin həyata keçirdiyi işlərin qarşılığında Azərbaycan adına bir qədirdanlıq nümunəsidir. İlham Əliyevin timsalında dövlətimizin öz dəyərlərinə bütövlükdə sahib çıxmasının gözəl və misilsiz bir örnəyidir.
Feyzavər Alpsar yer üzünün koronovirusla çalxalandığı 2020-ci ilin 25 aprelində dünyasını dəyişdi. Yollar bağlı olsa da, Azərbaycan adından ilk təziyə sözlərini İlham Əliyev yazdı. Feyzavər xanımla bağlı millətə ilk başsağlığını o verdi: "...Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım. Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır..."
İlham Əliyev 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi. O Bakıda ki, bu gözəl şəhər hələ erməni əsarətində olanda və hələ paytaxt elan edilməzdən öncə, Hüseynzadə "Azərbaycanın təbii paytaxtı Bakıdır, Bakını Azərbaycana çox görən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir", - deyə Qafqaz İslam Ordusuna varılacaq son hədəfi - Bakını nişan vermişdi.
2014-cü ilin aprelində isə Praqada Türkiyənin təmsil olunmadığı "Şərq tərəfdaşlığı" sammitində Türkiyənin qarasınca deyinən köhnə düşmənin sözünü "Türkiyə burda yoxdur, amma mən burdayam", - deyə Azərbaycan Prezidenti İlham Əliyev kəsmişdi. Yəni gerçəkdən də, Hüseynzadənin dediyi kimi oldu, tarixin elə bir anı gəldi ki, dünya reallığının doğurduğu bütün çətinliklərə rəğmən, beynəlxalq siyasi müstəvidə Ermənistanın sözünü Azərbaycan kəsdi, Türkiyənin sözünü Azərbaycan dedi.
2021-ci ildə Hüseynzadənin təbirincə, "Qarabağın mərkəzi və bir çox Qafqasiya türk üdəba və şüərasının vətəni olan" Şuşa şəhərində İlham Əliyev Rəcəb Tayyip Ərdoğanla birgə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı.
İlham Əliyev Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurdu. Bayraq meydanları qurmaqla kifayətlənmədi, o əziz bayrağı Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad etdiyi digər Qarabağ şəhərlərində ucaltdı.
O bayrağın ki, onu mənalandıran türkləşmək, islamlaşmaq, avropalaşmaq amilinin ideoloqu da Hüseynzadə idi.
İlham Əliyev 2018-ci ili Azərbaycanda Cümhuriyyət ili elan etdi.
O Cümhuriyyət ki, 1918-ci ildə Gəncədə Əli bəy Hüseynzadə ölkənin "irəli gələnləri, münəvvərləriylə birgə Azərbaycanın bir Cümhuriyyət halında təsis və təşkil olunmasında yaxından iştirak" etmişdi.
İlham Əliyevin İstiqlal dəyərlərimizlə, fikir həyatımızla bağlı gördüyü işlər daha çoxdur, bu barədə çox yazmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirilməsindən, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Ceyhun Hacıbəylinin, Əhməd Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində keçirilən və keçiriləcək yubileylərindən tutmuş, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə qədər və s.
Amma seçkidən sonra məni bu yazını yazmağa vadar edən səbəb başqadır. Məni düşündürən və haqqında dəfələrlə yazdığım 1918-ci ildən 2024-cü ilə kimi gəlib çıxmağı bacarmış ümumtürk siyasi təfəkkür və davranış faktının İlham Əliyevin örnəyində sabit qalması, mental siyasi baxışın öz romantik ecazını qoruyub saxlaması və nəhayət, iki yüz ildən sonra ən məkrli və qəddar düşmənimizin üzərində zəfər çalmasıdır. Xankəndi səmasında dalğalanan üçrəngli Azərbaycan bayrağının sayəsi düşən yerdən Azərbaycan əsgərinin addımlamasıdır. O, bunu necə etdi? 250 ildir ki, hipnoz edilib uyuşmuş milli enerjini necə hərəkətə gətirdi, canlandırdı və onu necə hərəkata çevirə bildi? Mütəfəkkirlərimizin ideya olaraq irəli sürsələr də, həyata keçirə bilmədikləri milli ittihad - milli birlik fəlsəfəsini necə yarada bildi? Bu mənada İlham Əliyev, XX yüzilin əvvəllərində Əli bəy Hüseynzadə də daxil olmaqla, millət atalarımızın xəyal edə bilmədiyi ideyaları XXI yüzilin 20 ilində gerçəkləşdirdi. Vətənin milli birlik düsturunu yaratdı. Və bu hərəkat, Qarabağ Zəfəri kontekstində Turan idealını aktuallaşdırdı. Belə çıxır ki, nə vaxtsa, bir gün Turan da qurulacaq, çünki İlham Əliyev onu mədəni xəyaldan siyasi reallığa çevirdi və bu gün Macarıstanın Baş naziri Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə İlham Əliyevə təşəkkürünü bildirir, Prezident seçkilərindəki qələbəsini ilk təbrik edənlərdən biri Orban olur:
Sizlərsiniz ey qövmi-macar, bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bunu isə 130 il əvvəl Əli bəy Hüseynzadə deyirdi. Deyirdi ki, ey macar xalqı, siz bizə qardaşsınız, əcdadımızın da ortaq mənşəyi Turandır.
2020-ci ildə İkinci Qarabağ savaşında Türkiyə mənəvi-siyasi baxımdan Azərbaycanın yanında oldu. Əli bəy Hüseynzadə 1918-ci ildə yazırdı ki, "Azərbaycanı qurtaran Anadolu öz-özünü də qurtarır. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!.."
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə İlham Əliyev türk birliyinə mühüm töhfə verən tarixi qələbəyə görə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edildi. Bu, Turan quruculuğu yolunda türk dünyası miqyasında qazanılmış ilk orden idi. Həm də türk dünyasının ən böyük ordeni.
Ötən il dekabrın 30-da "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Ədəbiyyatda həsrət mədəniyyət hadisəsidir, yaxud yeni tariximizin Qərbi Azərbaycan mərhələsi" məqaləmdə yazmışdım ki, "Milli tariximizin ən məsul dövründəyik. Budəfəki seçki fevral ayına təsadüf edəcək - Turan düşüncəsini ilk dəfə siyasi gündəmə gətirən Əli bəy Hüseynzadənin doğulduğu tarixə. Seçkilər ərəfəsində böyük mütəfəkkirin 160 yaşı tamam olacaq... Bu gün Turan yolunda Azərbaycana onun ideyaları çox lazım oldu: "Menşikov, Maqda Neyman, Çerevanski, "Mşak", "Arşalyus" və sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!.."
Maqda Neyman bu sırada Qərbi təmsil edən yeganə ermənipərəst ünsür idi. İndi Maqda Neymanlar AŞPA-da ağız-ağıza verib çığır-bağır salmaqdadırlar. Salsınlar, bu gün bu sözləri İlham Əliyevin üslubunda eşidirik. Bunu, sanki indi o deyir: divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyilik!..
Bu tərəfdən də, Fransa meydana atıldı. "Hər zövqü min haram olan əfsunlu cənnətdə" - Parisdə dünyaya mədəniyyət dərsi keçən fransızlar, əvvəlcə, Natəvanın heykəlinə qəsd etdilər. 1992-ci ildə ermənilərin Şuşada etdiyini fransızlar (bəlkə Fransadakı ermənilər) Fransanın Evian-le Ba şəhərində təkrar etdilər. Sonra Azərbaycanın öz torpaqlarını ermənilərdən təmizləməsi Fransa senatını qeyzləndirdi. Əmin olsunlar, Natəvanın heykəlinə qəsd də, senatın üzgün qərar layihəsi də, hətta AŞPA-dakı icazəli və təmənnalı parlamentarilər də əmin olsun ki, bütün bu cəhdlər Azərbaycanda antifransız, yaxud antiavropa ruzigarları əsdirməyəcək. Çünki Azərbaycan Makronun Fransası ilə Monteskyönün Fransasını fərqləndirməyi bacarır. Sovetlər dövründə biz fransız Anri Massenin "İslam" kitabını ruhumuzu, inancımızı diri saxlayan kitablardan biri olduğu üçün əziz bilmişik. Sonra da onu öyrəndik ki, Masseyə bu kitabı yazdıran səbəb fransız aliminin azərbaycanlı bir qıza böyük heyranlığı olubmuş. Biz Pyer Lotinin qələmindən çıxmış Aziyadanın eşqini sonsuza qədər dəyərləndirəcək bir millətik. İndi isə dünənə qədər dünyanı avropalaşdıran, dünyaya demokratiya təlimləri ixrac edən Fransa, Makronun timsalında təəssüf ki, özü antimədəniyyət elementinə çevrilməkdədr. Biz Parisi krallarına, prezidentlərinə görə deyil, şairlərinə, rəssamlarına, bəstəkarlarına görə sevdik. İndi həmin Paris kədərli bir şair və həzin bir rəssam olan qarabağlı estet, yaradıcılıqda dekadans bir xanımın mərmər hüsnünə əl qaldırır.
O mədəniyyət ki, ünvanı Avropadır - Parisdir, bu gün o, ikiqütblü mədəniyyətdir. İsmayıl bəy Qaspıralı bunu nəzərdə tutub deyirdi ki, bu gün milyonlar sərf edib dünyanın müxtəlif yerlərində xristianlığı təbliğ etmələrinəmi baxalım, yoxsa, özlərinin kilsəyə və İncilə imanlarının qalmadığınamı heyran olalım? Guya insan haqları üçün yapdıqları müharibələrimi seyr edəlim? Yoxsa biçarə Alsace-Lorrainənin bakirə qızlarının Parisdə əlli franka satıldığınımı insaf mizanına çəkəlim?.. Bu gün heykəlinə qəsd etdikləri Natəvan XIX yüzildə Şuşaya fransız mədəniyyətinin daxil olmasına cəhd edirdi. Şübhəsiz ki, mən Aleksandr Düma və Natəvanla bağlı dəfələrlə deyilib-yazılmış faktdan deyil, Knyaginya Usmiyevanın, yəni bu gün Fransadakı heykəlinə həqarət edilən Natəvanın Qarabağda Qadın Xeyriyyə Cəmiyyəti yaradıb Cəmiyyətin hesabına fransız dilində dərslər təşkil edilməsinə rəvac verməsindən danışıram. Özü də bu, elə bir dövr idi ki, o illərdə, daha dəqiq, 1888-ci ildə Qarabağlı Əhməd Ağayev ermənilər və azərbaycanlılar arasında ilk şuşalıydı ki, təhsil almaq üçün Şuşadan Parisə getmiş, Sarbon Universitetində Renan, Darmesteter kimi alimlərdən dərs almışdı. Və 1894-cü ildə geri qayıdıb Şuşa Realnı Məktəbində fransız dilini tədris edirdi. Realnı məktəbin yeganə fransız dili müəllimi tək o özü idi. Fransızlar bunu bilmir, bilmir ki, bu gün təəssübünü çəkdikləri qarabağlı ermənilərin babalarına Şuşa Realnı Məktəbində fransız dilini həmin Əhməd Ağaoğlu öyrətmişdi.
Həm də o Əhməd Ağaoğlu ki, Sədi Şirazinin padşaha mütləq itaət təlim edən ehkamçı baxışlarının əvəzinə, Monteskyönün "Qanunların ruhu"nu mənimsəməyi daha uyğun görürdü. İtaət, qənaət, təvəkkül, təslim, dözüm modelinə söykənən dərviş əxlaqı prinsiplərinin yerinə, Russonun "İctimai müqavilə" nəzəriyyəsini öyrənməyi tövsiyə edirdi.
***
Azərbaycan xalqı Fransa prezidentinin və senatının, eləcə də AŞPA-nın hərəkətlərinə bu gün Əli bəy Hüseynzadənin yüz il əvvəlki tövsiyəsi ilə cavab verdi: "Qəm yemə, səbr et, bu da yahu, keçər".
Prezident seçkilərində təkcə burada yaşayan Azərbaycan vətəndaşları deyil, eyni zamanda yüz il əvvəl Azərbaycanda pərvəriş tapmış böyük məfkurə dalğası iştirak edirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!