"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi
Siracəddin HACI
İyirminci üçüncü beytin şərhi:
ruzi verirsən
O Sənsən ki, öz qələbə xəzinəndən,
Xalqa bir-bir ruzi verirsən.
Bəhram dua halında - məqamındadır, duasının ilk bölməsində Allahı, insanı tanıdır: Allah ehtiyacsızdır, hər şeyə gücü çatır, yaratdığı hər varlığın ruzisini də verir, insan sınırlı, ehtiyaclı varlıqdır, acizdir, Allaha möhtacdır.
Məsələ qıtlıqla bağlı olduğundan Nizami də daha çox Allahın ər-Rəzzaq sifətini açıqlayır, bu ad üzərindən Onun bənzərsizliyini ifadə edir, yeni vasitələr seçir, hər bədii əlamət Allahla insanın fərqini göstərir:
- "Sənsən" deyir, beyti bu sözlə başlayır - mən şaham, nə qədər çox çalışsam da, çöldə bir ceyranı belə doyurmaq əlimdən gəlmir, yaradılanların ruzisini verən bircə varlıq var, o da Sənsən;
- Sənsən o ki, o varlıq ki, tayın, bərabərin, bənzərin yoxdur;
- Səni ayıran, seçən, üstün qılan nədir? Ruzi bağlamında budur: "qələbə bərat"ın var. "Bərat" sözü tərcümədə "xəzinə" kimi verilib, nəzərdə tutulan mənanı doğru ifadə etmir. "Bərat" sözü ərəbcədir, dini termin olmaq imkanı qazanmışdır, şaban ayının on beşinci gecəsi ilə bağlı istifadə olunur (onu da deyim ki, bu gecə ilə bağlı Qurani-Kərimdə bircə söz, ayə yoxdur), deyilir ki, o gecə rəhmət, bağışlanma gecəsidir, dualar qəbul olunar, günahlar bağışlanar. Barat/bərat bir növ müjdə məktubudur. Rəvayətə görə, o gecənin bir özəlliyi də var: varlıqların ruziləri müəyyən/təqdir olunar, o gecə xeyir, yaxşılıq, bərəkət yağış kimi yağar...;
- Nizami niyə "barat/bərat" sözünü seçir: Allahı, Onun mərhəmətini tanıdır, fərqini göstərir... varlıqların ruzisini yazan - onlara ruzi ilə bağlı təminat məktubu verən tək varlıq var, O da Sənsən;
- Şair "barat"/"bərat" qəlibini tək işlətmir, "qələbə" sözünə qoşur, anlamını dərinləşdir, Allahın baratının xeyrini - gücünü açıqlayır, "qələbə baratı" - Allahdan yaşam/həyat qaynağı olan ruzi baratı almaq varlıqlar üçün qələbə deyilmi, bundan xeyirli müjdə varmı? Allah varlıqları yaradır, onlara yaşamaq təminatı verir - yaradılan hər varlığa ruzi təminatı vermək ancaq Allaha aiddir - Sən bu gücə, mərhəmətə, imkana sahib tək varlıqsan, ruzi və bağışlanma məktubunu imzalayan Sənsən;
Sənin o qələbə - mərhəmət baratın nəyə yol açır? Nizami ikinci misrada bu suala cavab verir, uyğun vasitələr seçir:
- "Yek be yek" - bir-bir/birbəbir - şair ümumi danışmır, Allahın mərhəmət, güc və imkanının sınırsızlığını ifadə etmək üçün bu qəlibə yer verir, Allah xalqın ruzisini verir demir, xalqa bir-bir ruzi verirsən deyir, xəlq etdiyin hər varlığın ruzisi Sənə aiddir, O kimsəni unutmaz, hər kəslə maraqlanar, hər kəsə ayrıca ruzi baratı yazar, inanana da, inanmayana da ruzi verər;
- "Ruzi verirsən" - yenə şəxs sonluğu biçimində "Sən" gəldi, hər şeyi Allaha bağladı, xalqın hər bir fərdinin (burada "xalq" / "xəlq" sözünü yaradılan hər varlıq mənasında oxumaq olar) ruzisini verən tək bir varlıq var, O da Sənsən;
- Beytin qafiyəsi "qələbə", "ruzi" ("piruzi", "ruzi") sözləridir, deyir ki, ruzi baratı/təminatı almaq varlıqlar üçün zəfərdir, o təminatı vermək gücü, imkanı da mərhəməti sınırsız olan Allaha aiddir - Allah sınırsız, insan sınırlı, Allah ehtiyacsız, insan möhtac varlıqdır - Bəhram şah olsa da, acizdir, Allahın mərhəmətinə möhtacdır, bu, Bəhramın Allah təsəvvürünün, dua şüurunun, Allahın bağışlanma qapısına getmək anlayışının ana ölçüsüdür;
İyirminci dördüncü beytin şərhi:
günahım yoxdur
Əgər canlılardan biri qıtlıq nəticəsində,
Öldüsə də, bu (işdə) mənim günahım yoxdur.
Bəhram duasının ikinci bölməsinə keçir, birinci bölmədə iki addım atdı: Allahı, insanı tanıtdı, sınır qoydu, O, hər varlığın ruzisini verən Allahdır, insan isə acizdir...
Şair duasının ikinci bölməsində baş verən hadisəni danışır, bu işdə məsuliyyətinin dərəcəsini ifadə edir, uyğun sözlər seçir, bütün vasitələr qıtlıq nəticəsində bir insan öldü, bunun günahı Bəhrama aid deyil mesajı verir:
- "Gər" ("əgər") - Bəhram şərt qoyur, ortaya çıxan nəticənin səbəbini / şərtini göstərmək istəyir;
- "Qıtlıqdan/darlıqdan" - qıtlığı önə çıxarır, yəni məndən asılı olmayan bir hadisə baş verdi;
- "Canlılardan bircə can/tən" - şah "canlı" sözünü cəmdə işlədir, gördüyü işi, çəkdiyi əziyyəti, verdiyi əməyi dilə gətirir, yəni əlimdən gələn hər şeyi etdim, canlıları qıtlığın pəncəsindən qurtardım, əsla məsuliyyətsizlik etmədim;
- Bircə insan öldü - qıtlıqdan öldü, onun ölümündə də günahım olmadı (sıradakı beyt bunun səbəbini açıqlayır);
- Bəhram cümləsini iki hissəyə ayırdı: qıtlıq nəticəsində canlılardan bircə insan ölsə də, indi nəticəni açıqlayır: bu işdə (o bir nəfərin ölümündə) mənim günahım olmadı - burada önəmli bir incəlik var, tərcümədə nəzərə alınmayıb, nəticədə, ciddi yanlışlığın yolu açılıb, belə ki, tərcümə Bəhramın "bu işdə mənim günahım yoxdur" dediyini söyləyir. Bəhram belə deyərmi? Nizami mərhəmətli şahı bu sözlərlə tanıdarmı? Tanıtmaz, səbəbləri sıralayaq: Bəhram duasının birinci beytində Allahdan üzr istədi, günahı yoxdursa, niyə üzr ehtiyacı hiss edir? Bəhram bu işdə günahının yoxluğunu düşünürsə, niyə bağışlanmaq üçün dua edir? Günahım yoxdur demək təkəbbür əlamətdir, səmimi olmamağın göstəricisidir, təkəbbürlü insan acizliyini etiraf edərmi? Nizami Bəhramın duyğularını bu sözlərlə ifadə edir: qıtlıq nəticəsində bircə insan öldü, ancaq onun ölümündə günahım olmadı (yoxdur deyil), onun ölümünə məsuliyyətsizliyim deyil, acizliyim yol açdı, halından xəbərim olsa idi (şah da olsam, hər kəsin halını bilmək imkanım yoxdur, insanam, acizəm), mütləq yardım edər, o bir insanı ölümün pəncəsindən qurtarardım. Onun ölümünün səbəbkarı birbaşa mən deyiləm - o insanın halından xəbərdar olsa, ancaq yardım etməsə idi, ölümünün səbəbkarı sayılardı. Günahım olmadı, ancaq məsuliyyətimi də inkar etmirəm;
İyirminci beşinci beytin şərhi:
nə faydası var?
Onun yaşayışından mənim xəbərim olmayıb,
O, öləndən sonra mənim
xəbər tutmağımın nə faydası var?
Nizami Bəhramın duasını mərhəmət, mərhəmətli şah, sosial dövlət anlayışlarının inşasına yönəldib: qıtlıqda xalqı düşünmək mərhəmətdir, dövlətin bütün imkanlarını xalqın xilasına yönəltmək mərhəmətdir, bir insanın ölümünə çox üzülmək, bunu özünə dərd etmək mərhəmətdir, o bir insanın ölümünə görə Allahdan bağışlanma istəmək mərhəmətdir, dua etmək, almaq mərhəmətdir, Allahın sınırsız mərhəmətini önə çıxarmaq mərhəmət sevgisidir, hər varlıq Allahın mərhəmətinə möhtacdır demək mərhəmətin önəmini qavramaqdır, insan acizdir demək o, Allahın mərhəməti olmadan yaşayan bilməz ölçüsüdür, Allah ər-Rəzzaqdır - hər çeşid ruzini yaradır, yaratdığı varlıqlara paylayır demək, ey insan, hər şeyini Allahın mərhəmətinə borclusan deməkdir, şahın mərhəmətli olması, ey şahlar, ey insanlar, siz də mərhəmətli olun mesajıdır, sosial dövlət mərhəmətin siyasi ifadə biçimidir, mərhəmətli şah anlayışı dövlət başçısı necə olmalıdır sualının cavablarından biridir...
Şərh olunan beyt mərhəmətli şahın duasının sonudur, mərhəmətin əlamətləri ilə doludur, bir-bir sayaq:
- Misra "ke" / "ki" bağlayıcısı ilə başlayır, iki işi var, öncəki beytlə bağ qurur, açıqlayır - bağ qurmaq, açıqlamaq mərhəmətdir. Bəhram nəyi açıqlayır? Öncəki beytdə demişdi ki, o bir insanın ölməsində mənim günahım olmadı. İndi fikrinin dəlilini ortaya qoyur - dəlilli danışmaq mərhəmətdir, Allaha, insanlara sayğıdır, belə ki, dürüstlüyün, səmimiliyin göstəricisidir;
- "Onun hesabından" (ölən bir insanın hesabından) deyir, məhz "hesab" sözünü seçir, söz ərəbcədir, "h-s-b" kökündəndir, bu mənaları əhatə edir: "ölçü", "yetərli olmaq", "hesablamaq" / "saymaq", "zənn etmək" - onun hesabından, yəni həyatından, yaşayışından;
- Xəbərim olmadı, xəbərim olsa idi, mütləq yardım edər, mərhəmətimi əsirgəməzdim;
- Bəhram "mənim" deyir, sözü iki dəfə işlədir, rədif mövqeyinə yerləşdirir - beytdə üç varlıq var: Allah, Bəhram, qıtlıqdan ölən bir insan, Bəhram ölən o insana görə Allahdan bağışlanma - mərhəmət istəyir, mən, mən deyərək məsuliyyətini dilə gətirir - məsuliyyəti mərhəmətinin meyvəsidir;
- "Çonke" - bu qəlib beytdə artıq iş işdən keçmişdi anlamını yüklənmişdir, o insan öləndən sonra xəbərim oldu;
- Bəhram bədii suala yer verir: bu xəbərin mənə nə faydası var / idi? Bədii sual bu işləri yerinə yetirir: a) Bəhramın üzüntüsünü dilə gətirir; b) çarəsizliyini ifadə edir; c) mərhəmətini göstərir; d) deyir ki, o, bağışlanmağı haqq edir; e) səmimidir, səmimiyyət düşüncə ilə sözün, əməlin üst-üstə düşməsidir, mərhəmətin meyvəsidir, bağışlanmağa yol açır;
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!