Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var...
90-cı illərin oduncaqla isinən köhnə məktəb otaqlarının küləkli, soyuq qış günlərindən, tüstülənən sobanın göz göynədən xatirələrinin vərəqləri arasından misra-misra tökülür bu sətirlər...
Bir anlıq yaddaşım film lenti kimi, illər əvvələ qayıdır, özümü ədəbiyyat dərsində, 11 yaşında, bir şeirin uca hisslərinin zirvəsində hiss edirəm:
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam...
Müəllim razılıq dolu hərəkətlərlə başını tərpətdikcə, uşaq təxəyyülüylə ədəbiyyat otağının baş tərəfində sırayla portretləri vurulmuş şair, yazıçılar arasından Rəsul Rzanın yazdığı sətirləri tanıyaraq diqqətlə məni dinlədiyini düşünüb daha da ürəklənirəm:
- Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm,
ölərəm.
Əminəm ki, bu şeirlərin qol-qola girib ürəklə, sevgiylə torpaq, vətən yollarında addımladığı sətirlərinin yaratdığı əsrarəngiz duyğu seli mənim də özümü söz-şeir cərgəsinə qatmağıma, ədəbiyyatçı olmağıma səbəb olmuşdur.
"Mən torpağam" şeiri ilə başlanan tanışlığımız sonradan şairin "Rənglər" silsiləsi, "Təyyarədə düşüncələr", "Rəngli yuxular", Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poeması və s. başqa şeirlərinə qədər davam etdi.
Xalq şairini öyrəndikcə, oxuduqca poetik gücü, şeirdəki novatorluğu, lirikanın incəliklərini daha aydın görmək olur. Hər sətrinin dərinliyinə baş vura bilmək üçün yaxşı bir "üzgüçü" olmasan da, o, növbəti misrası ilə mütləq oxucusunun düşüncəsini, duyğularını söz dəryasında batmaqdan xilas edir.
"Şair gözlərində yuxusuzluğun ağır göynəyi ilə miz üstündə payız yarpağı kimi tökülən varaqlarda, yan-yana, üst-üstə yazılıb pozulmuş sətirlərdə, ağlı-qaralı səhifələrdə" "Mirzə Cəlil nisgili"ni ifadə edərkən, dünyanın ölülər dünyası olduğunu bir daha dilə gətirir...
Bunlar ki, lap yaxından
tanışdır mənə,
İsgəndər baxdı üzümə
Maraqla, diqqətlə,
İstehzalı qəhqəhələrlə,
Dedi: - Görürsən,
Ölülər
Ölüb qurtarmayıb hələ.
İllər bir-birini əvəzləsə də, zaman su kimi axıb keçsə də, Mirzə Cəlilin qələmə aldığı satiranın, kinayəli gülüşün bu günümüzə də aid olduğunu doğru duyan R.Rza gecəyarısı onu yuxudan oyadan kefli İsgəndər kimi danışan duyğularını şeir-şeir danışdıraraq təəssüf hissi keçirir.
Həmin silsilənin başqa bir şeirində isə Zeynəbə Xudayar bəyin qisasını Mirzə Cəlilin aldığını söyləyib, bu günə qayıdaraq yeni məktəb binasının önündə ayaq saxlayan xəyalının "Danabaş kəndinin əhvalatları" əsərini danışmaq üçün Zeynəb müəlliməyə - öncə mən danışım, - deyən uşaqların səsindən aldığı zövqü dilə gətirir, nadanlıqla, cahilliklə mübarizədə elmin, savadın üstünlüyünü xüsusi qeyd edir.
"Dilənçilər" başlıqlı şeirlər silsiləsində isə maddi və mənəvi dilənçiliyi qarşılaşdıran Rəsul Rza əllərində taqəti qırılmış ömrün titrəyişi, gözlərindən qürub edən, bir tikə çörəyin dilənçisi olan yaşlı qocaya kövrələrkən oxuduğu qəzetdəki hadisədən çox, adının kimdən sonra və ya kimdən öncə çəkildiyinin dərdini çəkən adam üçün - bu da bir növ, dilənçidir, şöhrət, tərif dilənçisidir, - deyir.
Həyata, insanlığa, hadisələrə sağlam düşüncələrlə yanaşmaq, şeirdə yenilik, sözün sətirlərdə şahə qalxması, misralar boyu şütüyən duyğuların isti nəfəsi Rəsul Rza yaradıcılığının fərqli, üstün və maraqlı tərəfidir, desəm, heç yanılmaram.
"Rənglər" silsiləsində isə o, Azərbaycan ədəbiyyatında hər rəngin öz çalarlarını ustalıqla, rəssam kimi sözlə çəkmişdir. Ağ rəngin sevinc, məhəbbət çaları, mavinin təsəlli, qırmızının ümid, qaranın dərd çalarları "Yükü Təbrizdə qalmış dəvənin bir gün gələcəyinə ümid", "Şorbaya yanböyür batırıb çıxardığı qaşıqdan aldığı ləzzət sevinci", "Güllələrin, vədələrin gücsüzlüyünə inam"ın mükəmməl ifadəsidir.
Şairin şeirlərində "Dili ali məclislərdən qovulan,
qolları buxovlu olan,
qəbilələr, xalqlar" isə qaranın dərd çalarında, dərd rəngində bu gün də ağ gün üçün mübarizə aparır.
Əl vurmayın, rənglənib - dediyi:
Dodaqlara qonmuş təbəssüm.
Buqələmunlar.
Təcrübəli meymunlar.
Qara qatıq.
Ağ qurum.
Yeməli qum.
Məhəbbətin surraqatı.
Məqsədli alqışlar,
İnsan qəlbinin
boş olduğu anlar.
Fil görünən birələr.
Səməd Mənsur haqqında xatirələr.
Doğruya bənzəyən yalanlar.
Şalvarlı, köynəkli,
donlu, əlcəkli adamlar.
Hər cürə boya.
Toydan yasa,
yasdan toya
tələsən addımlar
- saxta boyaların ətrafı darıxdırıcı rənglərlə cəmiyyətə bulaşdırdığı uğursuz tablolardır.
İllər ötsə belə ədəbiyyat tarixində öz ömründən də çox yaşayacaq şairin söz ömrü... Bir tərəfində Nigar duyğuları, o biri tərəfində isə bu gün, ən az özü qədər sevilən Anar dühası hələ əsrlər boyu uzun yol gedəcəkdir.
Bakının "Torqovaya" və ya "Tarqovı" kimi tanıdığımız mərkəzi meydanından keçərkən, iki küçənin kəsişməsində üz-üzə vurulmuş yazılı lövhəyə gözüm sataşanda hər zaman bir anlıq ayaq saxlayıram...
Şəhərin ən gözəl mərkəz meydanındakı hər iki küçənin adı yazılan lövhəni oxuduqca, deyilənə görə, Nigar Rəfibəylinin Rəsul Rzaya yazdığı, dillər əzbəri olan məşhur şeirinin musiqisi səslənir qulaqlarımda:
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim...
Sonra nə zamansa, Rəsul Rzanın "Mənim küçəm" adlı şeirində oxuduğum bir neçə misranı xatırlamağa çalışıb, telefon dəftərimi varaqlayıram. Vaxtilə onun da qələmi nostalji hisslərə boyun əyib bəyaz sətirlərə sözü mürəkkəblə çiləmişdi deyə...
"İki söz, ürək insanının ömür yollarının kəsişdiyi kimi, adlarını daşıdığı bu iki küçə də üz-üzə dayanaraq hər gün insan izdihamı ilə dolub-boşalan qucağında bu günü sabaha daşıyırlar" düşüncəsiylə kövrəlirəm:
O başda bir ağac vardı,
mən hər səhər
qulpusınıq fincanımla
ona su tökərdim.
O da hər yaz
dörd-beş yerdən yarpaqlardı.
Mən, deyəsən, gəncliyimi
o ağacın kölgəsində
qoyub getdim.
Söylə, küçəm, söylə,
Onu görmədin ki?
Gəl, bu sirri mənə aç:
Hanı ağac? Hanı ağac?
Küçə dinmədi, sükut etdi,
müdrik bir insan kimi,
Sanki eşitmədi mənim umu-küsümü.
Birdən baxdım, qabaqdan bir oğlan,
iki qız gəlir,
dodaqlarında gəncliyimin təbəssümü...
Bu fikirlər selinə qapılıb gedərkən, qış günündə uzaqdan soyuq təbəssümlə gülümsəyən günəşin gözümə düşən şüası gözümü yaşardır, rüzgarın qanadlarında gələn həzin bir musiqi yenə onun sehrli misralarını pıçıldayır:
Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır bu gün, nədəndir?!
Yaman gündə dost əlindən bərk yapış,
Dünyanın həvəsi keçib gedəndir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!