Hörmətli oxucu, bu günlərdə qarşıdan özbək xalqının böyük oğlu Zəhirəddin Məhəmməd Baburun doğum günü gəlir. Bu münasibətlə biz öz fikirlərimiz əsas olmaqla, mövcud olan ədəbiyyatdan istifadə edərək oxuculara bu tarixi şəxsiyyət haqqında, onun daha çox ədəbiyyatşünaslıq görüşləri barəsində məlumat vermək istədik.
Tərlan QULİYEV
XV əsrin sonları, XVI əsrin əvvəllərində Özbək xalqının dünyaya bəxş etdiyi oğullardan biri də böyük hökmdar, sərkərdə, şair, alim, dövlət xadimi Zəhirəddin Məhəmməd Baburdur. O, 14 fevral 1483-cü ildə Əndincanda anadan olmuşdur. Onun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası Qutluğ Nigar xanım isə Çingiz xanın XIV nəsildən törəməsi idi.
Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ 10 yaşında ikən Əndincana vali təyin edir. Bundan iki il, atasının bir qəza nəticəsində həlak olmasından sonra, Babur 12 yaşında, 1494-cü ildə Fərqanə taxtına çıxır. Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmisindən və dayısından qorumaq məcburiyyətində qalır. Taxta çıxdığı vaxtdan, eyni zamanda Hüseyn Bayqaranın bəyləri ilə savaşan Babur, növbəti dəfə rəqiblərinin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-ci ildə Şeybaniyə məğlub olan Babur, nəhayət, çox keşməkeşlərdən sonra Əfqanıstana gedir və 1506-cı ildə özünü Kabil şahı elan edir. Şah İsmayıl Xətainin (1487-1524) 1510-cu ildə Şeybani xanı məğlubiyyətə uğratması nəticəsində Babur şah keçmiş torpaqlarını, yəni ata-baba mülkü olan Mavərənnəhri yenidən ələ keçirmək fikrinə düşür. Bu səbəbdən də Şah İsmayılla müqavilə bağlayır. Onun adına xütbə oxutduraraq, sikkə kəsdirir. Şah İsmayıl Xətainin, Səfəvi dövlətinin hərbi qüvvələrinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi tutan Babur, bu torpaqları yenidən öz ərazilərinə qatır. Lakin Səfəvi qoşunları vətənə qayıtdıqdan sonra, bu torpaqlar yenə də onun əlindən çıxır. Və o, yenidən Kabilə qayıdaraq bundan sonra bütün diqqətini bu coğrafiyaya və Hindistana yönəldir.
Babur şah 1519-1526-cı illərdə Hindistana beş dəfə yürüş edərək, Pəncabı, Qəndəharı, Lahoru, Dehli və Aqranı fəth edib, nəticədə Əfqanıstanı, Bəlucistanı, Şimali Hindistanı öz hökmranlığı altına alıb, Böyük Moğollar imperiyasının (1526-1857) təməlini qoyur.
Tarixi mənbələr Səfəvilər dövlətinin (1501-1736) banisi Şah İsmayıl Xətai ilə Zəhirəddin Məhəmməd Baburun, hətta görüşməsi haqqında da məlumat verirlər. Belə ki, tarixi faktlara görə, Babur şəxsən Şah İsmayıl Xətainin yanına gəlib, onunla görüşmüşdür. Səfəvi dövrünün rəssamlarından olan Əliqulu bəy 1665-ci ildə II Şah Abbasın sifarişi ilə Baburun Şah İsmayılla görüşünü əks etdirən bir miniatür də çəkmişdir.
Hökmdar kimi XVI yüzilin bu iki böyük türk sərkərdəsi siyasi tale baxımından da bir-birinə çox oxşayır. Şah İsmayıl Xətaidən cəmi dörd yaş böyük olan Zəhirəddin Məhəmməd Babur, eyni zamanda Şah İsmayıl Xətaidən cəmi altı il sonra vəfat etmiş, Şah İsmayıl Xətai 38, Babur isə 48 il ömür sürmüşdür. Bu iki sərkərdənin, dövlət xadiminin belə qısa ömür sürmələrinə baxmayaraq, onlar Şərqin taleyində, tarixində, mədəniyyətində silinməz izlər qoymuş, dünya tarixinə türk adını qızıl hərflərlə yazmağı bacarmışlar. Bütün bu faktlar isə göstərir ki, bu gün dostluğa, qardaşlığa söykənən Azərbaycan-Özbək əlaqələrinin siyasi, diplomatik, elmi-mədəni tarixi ən qədim zamanlardan su içməklə, Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Babur kimi böyük dövlət xadimlərinin, şairlərinin, ədiblərinin qardaşlığından, dostluğundan bəhrələnir və XVI yüzildə bu iki böyük dövlət xadimlərinin əsasını qoyduqları bu dostluq və qardaşlıq bu gün də davam etməkdədir.
Zəhirəddin Məhəmməd Babur, eyni zamanda Babur təxəllüsü ilə gözəl şeirlər yazıb-yaradan özbək ədəbiyyatının klassiklərindən biridir. Mənbələr Baburun qələmindən altı yüzdən yuxarı mənzum əsərin çıxdığını və onun "Divan" bağladığını söyləyirlər. Təbii ki, bu əsərlərin böyük bir qismini qəzəllər təşkil edir. Bütün orta əsrlər klassik şərq ədəbiyyatında, qəzəliyyatında olduğu kimi, bu əsərlərin də əsas mövzusu eşq, qəhrəmanları aşiq və məşuq, mötivləri hicran, ayrılıq, qəm-kədər, sevgilinin vəfasızlığı və s.-dir. Lakin bu qəzəllərin əsas xüsusiyyəti ondan ibarətdir ki, Babur bu qəzəllərdə Şərq ədəbiyyatının demək olar ki, bütün bədii ifadə vasitələrindən istifadə etsə də, bu qəzəllər olduqca sadə və anlaşıqlıdır. Babur başqa şairlər kimi şeiriyyatını mübhəm fikirlər, qəliz ifadələrlə ağırlaşdırmamış, öz hisslərini aydın və təsirli bir dildə ifadə etməyi bacarmışdır. Bu mənada, tədqiqatçılar, Baburun özbək ədəbiyyatında qəzəl janrının inkişafında mühüm rol oynadığı kimi, ümumiyyətlə türkdilli qəzəl ədəbiyyatının da inkişafında mühüm rol oynadığını qeyd edirlər.
Qara zülfün fərağında pərişan ruzigarım var,
Yüzünün iştiyaqında nə səbrü, nə qərarım var...
Qeyd etmək lazımdır ki, bu böyük sərkərdə öz yaradıcılığında təkcə divan bağlamaqla kifayətlənməmiş, elmlə, memarlıqla, incəsənətlə, ədəbiyyatşünaslıqla, musiqi ilə də dərindən maraqlanmışdır. Belə ki, tədqiqatçılar onun qələminə dini mövzuda qələmə aldığı risalələrlə yanaşı, hətta musiqi və hərb elmləri ilə bağlı risalələrin də mənsub olduğunu qeyd edirlər. Babur, eyni zamanda tərcümə ilə də məşğul olmuşdur.
Baburun xatirə kitabı kimi qələmə aldığı "Baburnamə" əsəri isə, istər öz dövründə və istərsə də, müasir günümüzdə memuar ədəbiyyatının ən gözəl incilərindən sayılır. Əsər fasilələrlə Baburun həyatının 1494-cü ildən, 1529-cu ilə qədərki dövrünü əhatə edir və onun hakimiyyətində olduğu üç ölkə - Fərqanə, Kabil və Hindistanla bağlıdır. Babur bu əsərdə ətrafinda baş verən tarixi hadisələr, şəxsiyyətlər, bu ölkələrin təbiəti, etnoqrafik xüsusiyyətləri, coğrafiyası və s. haqqında o qədər dolğun, ətraflı, elmi məlumatlar vermişdir ki, əsəri oxuyan hər bir kəs Baburun qələminə heyran qalmaqla yanaşı, əsərdə təsvir olunan dövr haqqında olduqca qiymətli ensiklopedik məlumatlar almış olur.
Babur bir peşəkar filoloq kimi, orta əsrlər Şərq filologiyasının əsas qollarından biri olan əruzun nəzəri məsələləri ilə də maraqlanmış və əruzşünaslıq tarixində mühüm yer tutan "Müxtəsər" əsərini qələmə almışdır. Məlumdur ki, əruz bir sistem kimi mürəkkəb nəzəri quruluşa malikdir. Bu nəzəri sistemi öyrənmək olduqca çətindir və əruz elmi bu sahə ilə məşğul olan mütəxəssisdən ardıcıl zəhmət tələb edir. Bu mənada, ömrü daha çox at belində, döyüşlərdə keçən sərkərdənin əruzun nəzəri əsaslarını, onun tarixini, ayrıca olaraq ərəb əruzunu, fars əruzunu, əruz elmi sahəsində qələm çalan ayrı-ayrı alimlərin əruz haqqında olan mürəkkəb əsərlərini bilmək, onları xırdalıqlarına qədər təhlil etmək bacarığına malik olmaq, farsdilli, özünəqədərki türkdilli əruzvəznli poeziyanın incəliklərinə bələd olmaq heç də asan məsələ deyildir ki, Babur "Müxtəsər" əsərində məhz bunları dərindən bildiyini sübut edir və bununla da əruz haqqında gözəl bir əsər ortaya qoymaqla yanaşı, eyni zamanda türk əruz elminin yaratmaq hüququna layiq olduğunu da göstərirdi.
Türkdilli xalqlar əruz vəznini farslardan təqribən iki əsr sonra, XI əsrdə qəbul edib öz poeziyalarında işlətməyə başlayıblar. Əruz haqqında elmi planda gedən axtarışlar isə, ilk dəfə türkdilli xalqlar tarixində böyük Özbək şairi və alimi Əmir Əlişir Nəvai tərəfindən öz həllini tapmışdır. Nəvai ilk dəfə olaraq, "Mizanül-övzan" əsərində türkdilli əruzvəznli şeirin elmi-nəzəri əsaslarını yaratmaq istəmiş və bu işə öz dövrünün ümumtürk filologiya elminin səviyyəsi miqyasında qismən də olsa, nail olmuşdur. Məlum olan faktlara görə, türkdilli əruzun nəzəri xüsu-siyyətlərini geniş və ətraflı şəkildə Nəvaidən sonra, ilk dəfə yenə də böyük Özbək alimi və şairi Zəhirəddin Məhəmməd Babur sistemləşdirmişdir.
Babur öz əsərində türkdilli əruzun nəzəri xüsusiyyətlərini ümumiləşdirməyə çalışarkən, hər bir halqanın, səviyyənin üzərində ayrıca dayanmış və türkdilli əruzun məhz həmin anda hansı keyfiyyətlərə malik olduğunu göstərmişdir. Türkdilli əruzun özünəməxsus elmi xüsusiyyətləri olduğunu duymaq və onları nəzəri şəkildə sistemləşdirmək məsələsi isə özlüyündə heç də kiçik məsələ deyildi. Türkdilli xalqlar tarixində bu işin ilk dəfə olaraq Nəvai və Babur tərəfindən görülməsi hələ XV-XVI əsrlərdə təkcə əruzun deyil, eyni zamanda ümumtürk filologiya elminin hansı potensiala malik olmasından da xəbər verir.
Belə ki, əruzun nəzəri sistem kimi türk dillərinə yad olduğunu hiss edən Babur "Müxtəsər" əsərində Nəvai kimi, ilk növbədə, türk dillərini fonetik baxımdan - qrafik nöqteyi-nəzərdən əruzun tələblərinə uyğunlaşdırmaq istəmişdir. Əslində ümumtürk əruzunu sistemləşdirmək istəyən bütün əruzçuların qarşısında bütün dövrlərdə duran ən vacib və ən çətin məsələ bu olmuşdur.
Məlumdur ki, türkdilli şairlər əruz vəzninin çətin bəhr və növlərində də sə-nətkarcasına yazıb-yaratmışlar. Babur onları da qeyd etməyi unutmur. Məsələn, Babur "Müxtəsər" əsərində mütəqarib bəhrinə hər misrası səkkiz təfilədən ibarət olan vəznə, türk şeirindən aşağıdakı nümunəni misal verir:
Ey yüzü çabuk, vey gözü üsrük,
vey dili çuçuk, ləbləri şəkkər,
Ey xəti sünbül, vey sözü çün mül,
vey yüzü qül-qül, qaməti ər-ər.
fə'lü fə'Ulün fə'lü fə'Ulün fə'lü fə'Ulün fə'lü fə'Ulün.
Başqa bir yerdə isə səkkiztəfiləli rəməl bəhrinə misal göstərir:
Necə kim cövri-cəfa ilə əzab eyləsən,
ey yari-cəfacuyi-purazari-sitəmkar, mənə sən,
Qılaram qulluğü hizmət, çəkərəm cövri-cəfa ta ki,
tirikmən iruram, yari-vəfadar, sənə mən.
fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilAtün.
Baburda belə nümunələri həzəc və rəcəz bəhrlərindən də misal gətirmək olar. Hətta Babur Tirazi adlı şairin yaradıcılığından hər misrası on məfA'İlün-dən ibarət olan şeirə də misal nümunə verir.
Türk şeirşünaslıq tarixində Baburun xidmətləri təkcə bununla bitmir. Babur da Nəvai kimi, öz əsərində əruzvəznli şeir şəkilləri ilə bağlı olmayan, lakin əruz vəznində qələmə alınan bir neçə türk şeir formasının adını çəkir. Maraqlıdır ki, Babur bu janrların böyük əksəriyyətinin musiqi ilə bağlı olduqlarını söyləyib, onların xalq arasında çox məşhur olub, musiqi üstündə oxunduqlarını da bildirir. Bizcə, bu məqamdan etibarən, Baburun adını çəkdiyimiz əsəri ilə təkcə ümumtürk əruz elmini sistemləşdirdiyini deyil, eyni zamanda türk xalq musiqisinə elmi münasibət bəslədiyini də söyləyə bilərik. Babur aşağıdakı janrların adlarını çəkir: "tərxani", "öləng", "tuyuq", "qoşuq", "türkü".
"Tuyuq" haqqında Baburda maraqlı fikirlərlə rastlaşırıq. Məsələn, o, fA'ilAtün fA'ilAtün fA'ilün ölçüsündən danışarkən, Şeyx Əttarın "Məntiqüt-teyr", Ruminin "Məsnəvi"si, Əlişir Nəvainin " Lisanüt-teyr" və başqa əsərlərin bu vəzndə yazıldığını söyləyərək, fars şairlərinin rübai vəzni yaratdıqları kimi, türk şairlərinin də bu vəzni müəyyən həddə salıb, bu vəzndə iki beytdən ibarət şeir deyərək, onu "tuyuq" adlandırdıqlarını söyləyir. Onun yazdığına görə, bu şəkil və vəzn həddindən artıq xoşagələn olduğu üçün, moğol xanları və türk sultanlarının məclislərində çox məşhurdur. Bu məclislərdə hər bir kəs növbə üzrə ayağ (qədəh) ona çatarkən, vəziyyətə uyğun olaraq, bir "tuyuq" seçib oxuyur. Bu sözlərdən sonra, Babur qafiyə ilə bağlı olaraq "tuyuq"un daha bir neçə növündən bəhs edir.
Babur fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün ölçüsündən danışarkən, "qoşuq" haqqında da məlumat verir. O, yazır: "Türklər arasında bu vəznin adı "qoşuq"dur". Başqa sözlə desək, Babura görə, "qoşuq" daha çox bu vəzndə yazıldığı üçün, Babur bu vəznin adını "qoşuq" adlandırır. "Qoşuq" V.V.Radlovda da var. "Qoşuq" V.V.Radlova görə, "arğuştaq" üsulunda oxunan şeir növlərindən biri, eyni zamanda musiqi, rəqs zamanı oxunan mahnıdır. V.V.Radlov fikirlərini daha da izah etmək üçün aşağıdakı nümunəni verir:
Anlamayan sözdə "tuyuğ" bəhrini,
Qaysı tuyuğ, bəlkə "qoşuq" bəhrini.
Beləliklə, gördüyümüz kimi, "qoşuq" xüsusi vəzni olan və xüsusi musiqi üstündə oxunan türk musiqi və şeir janrlarından biridir.
Baburun "Müxtəsər"ində biz "öləng" termini ilə də rastlaşırıq. Babur bu mahnının - "öləng" mahnısının türklər arasında çox məşhur olduğunu, bu mahnının, adətən toylarda oxunduğunu, eyni zamanda hər misrasından sonra "yar-yar" sözünün təkrar edildiyini qeyd edir. Fikrinə münasib olaraq, Babur, aşağıdakı beyti misal gətirir:
Munca cəfa canıma, çağlamadım, yar-yar,
Düşmən imiş dustlar, anlamadım, yar-yar.
Eyni zamanda, onu da söyləyək ki, vəzn etibarilə də Nəvainin "cəngi"si ilə Baburun "öləngi"si eynidir. Beləliklə, verdikləri izahatdan məlum olur ki, Nəvainin "cəngi"si ilə Baburun "öləngi"si təqribən eyni poetik və şərqi formasıdır.
Baburda başqa bir nəğmənin adına da təsadüf edirik: "tərxani". Bu nəğmə haqqında qısa bir məlumat verən Babur, sadəcə olaraq, onun rəcəz bəhrində yazıldığını söyləyir. Babur yazır: "Türklər arasında "tərxani" adlanan bir mahnı da vardır. Bu vəzni ona aid edirlər. O, iki dairə ilə bağlıdır: təqtisi bir dairə ilə, musiqisi digər bir dairə ilə".
Və nəhayət, "türkü". Babur "türkü"dən bəhs edərkən, onun Sultan Hüseyn Bayqara (1469-1506) zamanında meydana çıxdığını söyləyir.
Beləliklə, bütün bu yuxarıda deyilənlər, "türkü"nün bir nəğmə növü və poetik bir janr kimi türk xalqları arasında XV əsrdən etibarən, yaranıb inkişaf etdiyini və xalq arasında çox məşhur olduğunu göstərir. V.V.Radlov da "türkü"nün xalq mahnısı, xalq nəğməsi olduğunu söyləyir. V.V.Radlova görə xalq arasında "türkü söyləmək", "türkü bağlamaq" ifadələri də işlədilir.
Bu mənada, istər Nəvainin "Mizanül-övzan" və istərsə də, Baburun "Müxtəsər" əsərlərinə nəzər salsaq, görərik ki, onlar öz əsərlərində "türkü", "qoşuq", "tuyuq", "cəngi", "öləng", "tərxani", "arazvari", "məhəbbətnamə", "müstəzad" kimi poetik janrlardan danışsalar da, eyni zamanda xalq arasında bu adlarla məşhur olan mahnı növlərindən də bəhs etmişlər. Bu faktlar bir daha göstərir ki, bu janrların xalq mahnıları ilə əlaqəsi olduqca böyük olmuşdur. Bu fakt, eyni zamanda onu da sübut edir ki, xalq arasında yaranan türk xalq mahnılarının çeşidi də müxtəlif olmuş, onlar ədəbiyyatla, poetik janrlarla da sıx əlaqədə olmuşlar.
Məlumdur ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi təkcə əsərlərinin ideya-məzmun xüsusiyyətlərinə görə deyil, həm də sənətkarlıq xüsusiyyətlərinə görə də dahidir. Belə ki, məsələn, Nizami Gəncəvi "bəsmələ"ni, yəni Allah (c.c.) kəlamı olan "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini Azərbaycan ədəbiyyatında, bəlkə də bütövlükdə Şərq ədəbiyyatında poeziyaya gətirən, onu vəznə salan ilk şairdir. Bu isə o qədər də asan məsələ deyildir. Bu Allah (c.c.) kəlamı, adətən istisnasız olaraq, bütün nəsr əsərlərinin və elmi əsərlərin ilk sətirlərini bəzəsə də, mənzum əsərlərdə bu fakta bir o qədər də sıx-sıx təsadüf olunmur.
Lakin "Məxzənül-əsrar"da "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini bu bəhrə gətirməklə, bu bəhrdə Nizami Gəncəvi, eyni zamanda böyük bir poetik qüdrət göstərmişdir. Bu faktı, hələ XVI əsrdə Zəhirəddin Məhəmməd Babur "Müxtəsər" əsərində qeyd etmişdir. Belə ki, Babur öz əsərində səri bəhrindən danışarkən, Nizaminin "Məxzənül-əsrar" poemasının ilk beytini nümunə gətirir və yazır:
"Məqtuyi-mətviyy-mövquf
Bismillahir-Rəhmanir-Rəhim
Həst kəlide-dəre-gənce-həkim.
Rəməl bəhrində xatırladıb dedim ki, əcəmlər ərəbləri təqlid edib (ənənələrini) dirildərkən misralarının vəznini müxtəlif göstəriblər. Nizaminin bu beyti də deyilən növdəndir. Əvvəlki misranın iki rüknü məqtudur, əruzu mətviyy-mövquf: məf"Ulün məf"Ulün fA"ilAn. Sonrakı misranın iki rüknü mətviyy, zərbi mətviyy-mövquf: müftə"ilün müftə"ilün fA"ilAn."
Baburun bu sətirlərini şərh etdikdə elə mətləblər ortaya çıxır ki, Nizaminin təkcə dahi şair deyil, həm də böyük ədəbiyyatşünas, əruzun nəzəri əsaslarını mükəmməl bilən bir şəxs olduğunu və bəlkə də "Sirlər xəzinəsi" poemasını bilərəkdən səri bəhrində qələmə aldığını görürsən. Lakin Baburun fikirlərini şərh etməzdən əvvəl oxucuda poemanın vəzni haqqında aydın təsəvvür yaratmaq və Baburun fikirlərini daha rahat anlamaq üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır... Beləliklə, aydın olur ki, Nizami Gəncəvinin bu poeması səri bəhrində qələmə alınmışdır. Səri bəhrinin isə fars poeziyasında işlənən əsas qəlibi bütün orta əsr alimlərinin yazdıqlarına görə müftə"ilün müftə"ilün fA"ilün-dür. Və Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin birinci misradan başqa, yəni "Bismillahir-Rəhmanir-Rəhim"dən başqa, bütün misraları bu vəzndə yazılsa da, bu misra, yəni birinci misra, hələ XVI əsrdə, Baburun da dediyi kimi, başqa qəlibdə - məf"Ulün məf"Ulün fA"ilün vəznindədir. Bu nədir? Yəni Nizami Gəncəvi vəznləri qarışdırıb? Axı Nizami belə bir hala yol verməz. Bu məsələni araşdırarkən, istər-istəməz, Baburun dediklərinə gəlib çıxırsan... və görürsən ki, birinci misra, həqiqətən də, məf"Ulün məf"Ulün fA"ilün ölçüsündədir və bu, heç vəchlə vəznin sınıqlığına, ölçüsünün qüsurlu olmasına gətirib çıxarmır. Bəs görəsən niyə? Axı əruzda ilk baxışda guya misralarda, müasir terminologiya ilə desək, uzun və qısa hecaların eyni sıra ilə düzülüşləri vacibdir. Burada isə birinci misra - məf"Ulün məf"Ulün fA"ilün-lə, ikinci misra - müftə"ilün müftə"ilün fA"ilün başqa-başqa qəliblərdir... Bəs görəsən, vəzn niyə pozulmur? Buna görə, bunun səbəbini başa düşmək üçün, ilk növbədə, əruz vəzninin ümumi mahiyyətini və bir də Babur demişkən, ərəb əruzunun bəzi xüsusiyyətlərini bilmək lazımdır ki, Babur da ilk sətirlərdə məhz buna işarə edir.
Bu mənada, əslində əruzun mahiyyətini bildikdən sonra görürsən ki, Nizaminin birinci vəzni ilə ikinci vəzni arasında, yəni,
məf"Ulün məf"Ulün fA"ilün-lə,
müftə"ilün müftə"ilün fA"ilün
arasında zaman baxımından, həqiqətən də, heç bir fərq yoxdur. Nizami burada, sadəcə olaraq Baburun dediyi kimi, ərəb əruzunun xüsusiyyətlərini fars poeziyasına gətirmiş, Babur demişkən, ərəbləri təqlid edərək, onların ənənələrini diriltmişdir. Ərəb şeirində misralar arasında isə bu yaxın vəzn müxtəlifliyi çox adi haldır. Və burada qeyd edək ki, məf"Ulün məf"Ulün fA"ilün qəlibinin səri bəhrinin növlərindən biri kimi tarixən fars poeziyasında işləndiyini əksər əruzçular da qeyd etmişdir. Maraqlıdır ki, Nizami də məhz bunu bilmiş və vəznin verdiyi bu imkandan, farsdilli və türkdilli poeziyalarda da işlənən, amma bu xalqların əruzlarına bir o qədər də xas olmayan, lakin Nizami dövründə fars poeziyasında geniş yayılmış bu fənddən məharətlə istifadə etmişdir.
Beləliklə, gördüyümüz kimi, Babur təkcə əruzun nəzəri əsaslarını dərindən bilməklə kifayətlənməmiş, eyni zamanda klassik ədəbiyyatı da mükəmməl şəkildə bilmiş və adını Şərq ədəbi-nəzəri fikir tarixinə də qızıl hərflərlə yazmağı bacarmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!