Mirzə Fətəli Axundzadənin məktubları - Dördüncü yazı - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 
"Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbləri islama mürəccəh tuturam. İş ona qalsa, yenə islam dini sair ədyanlardan bərgüzidə də mənim məqbulumdur" (s.22). 
M.F.Axundzadə digər məktublarında da onu islam dinini tənqid etməkdə günahlandıranlara cavab verirdi ki, mən müsəlman xalqlarını geri qoyan dini yox, xurafatı, cəhaləti, fanatizmi tənqid edirəm. 
Kəmalüddövlə yazır ki, şəhərləri abad etmək, yolları düzəltmək əvəzinə, "çürümüş sümüklərə hər gün beş-altı kəlmə ərəb dilində  fatihə oxumaqla" (s.24) məşğul olurlar. 
Arvadı Ayişə bir gün Hz. Məhəmməddən soruşur: "Sən Allahın peyğəmbərisən, Allahın mərhəməti olmasa, sən də cənnətə düşə  bilməzsən?" O, əsəbi halda üç dəfə başına vurur və deyir: "Yox, Yox, Yox! Ədalət və mərhəmət hər bir cəmiyyətin mənəvi-əxlaqi  tarazlığını qoruyur". 
"Və İran əhli bu günə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozur, təbiətlərini alçaldır, fitri cövhərlərini boğur, qorxaq və yalançı edir" (s.32). Çubuq və fələqqə XIX əsrə qədər - M.F.Axundzadənin dövründə bir Şərq ölkəsi olaraq bizim məktəblərin də əsas tədris və tərbiyə vasitəsi idi. Bu üsul uşaq vaxtı şəxsiyyəti təhqir edir, alçaldırdı. Bunun üçün "Dəli kür" bədii filminə baxmaq məsləhətdir. 
Kəmalüddövlə ikinci məktubunda yazırdı: "Həkimanə tədbirsiz min illər keçəcəkdir ki,  İran əhli qəflətdən oyanmaz. Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəflətdə qalacaq, o da qoyun kimi bu adam xalqın içində bizaval səltənət edəcək" (s.44). 
M.F.Axundzadə yenə də  maarifin, savadın - "həkimanəliy"in xalq üçün əhəmiyyətini qeyd edir, despotizmi tənqid edir, onun tarixi perspektivsizliyini göstərir. 
Əgər məzardan dura bilsəydi ki, İran bu gün də orta əsrlərdən uzağa gedə bilməyib, bu gün bəşəriyyət güclü sivilizasiya keçirdiyi XXI əsrdə də həmin dar ağaclarından günahsız insanlar asır, mövhumat əlaməti olan iri əmmamələr, qara çadralar və pərəncələr insanlara zülm etməkdədir. İkinci məktubda Molla Sadığın günah, cəhənnəm haqqında cəfəngiyyatları yer alır. Bu cəfəngiyyatlar fanatizm, xurafat, mövhumata bəraət qazandırır. Molla Sadıq heç kəsin görmədiyi cəhənnəm dəhşətlərindən, moizələrlə insanları bu dünya malından uzaq durmağa, o biri dünyaya (!) hazırlaşmağa səsləyir (bax: s.48-49). 
Mövhumatçı dindarlar insanları cəhənnəm əzabı ilə qorxudaraq deyirdilər: "Nəqamət çalma, haramdır, nəqamətə qulaq asma, haramdır; nəqamət öyrənmə, haramdır; teatr, yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır; rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır" (s.51). Əlbəttə, bütün bunlar, savadsız mollaların iftirası idi, onlar istəmirdilər ki, xalq savadlansın, savadlı xalqı aldatmaq çətin idi. Quldurlar, oğrular, fahişələr bundan sui-istifadə edirdilər. Bu cahiliyyə dövründən yenicə çıxmış bədəvi ərəblərə səcdə edirdi, onlar namus, vicdan nədi, bilmirdilər. Bu məktubda M.F.Axundzadə müxtəlif din adamlarının, imamların əməllərindən bəhs edir və onları maarifçi filosof kimi tənqid edir. İkinci məktubun ikinci yarısında Mirzə Fətəli vəhdəti-vücud fəlsəfəsini özünəməxsus tərzdə izah edir. Bu zamana o, Şəms Təbrizinin, Mövlanə Cəlaləddin Ruminin (sufilərin!) adını çəkir. O, vəhdəti-vücudu, orta əsrlərdə, həm Şərqdə, həm də Qərbdə yayılmış məfkurəni şübhə altına alır: "Pəs küll cüzlə, yəni özü-özünə necə deyə bilir ki, məni tanı; aya, küllün cüzvdən dərin nədir?... Aya, baş ələ necə deyə bilir ki, sən mənə ibadət eylə..." (s.71-73).
M.F.Axundov materialist-maarifçi kimi bu məsələdə ziddiyyətə varırdı... Vəhdəti-vücudun düsturu belədir: Dənizin suyunun şor olduğunu bilmək üçün dənizi bütöv içmək lazım deyil, bir damla kifayətdir. M.Fətəlinin İslam Peyğəmbəri haqqında fikirləri də bir qədər ziddiyyətlidir: "Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra, başına bir çox tərəfdarlar yığışdıqdan sonra və işində irəliləyiş görərək özü də qüdrət və dövlət sahibi olduqdan sonra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qoydu, qan tökməyə, rəhmsizliyə başladı, "Müşrikləri öldürün!" ayəsini göndərdi, bəni-Qürezə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər onların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib oldu, onların arvad-uşaqlarını əsir etdi, kişilərin boyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik?!" (s.78). 
"Kəmalüddövlə məktubları" traktatında belə suallar çoxdur və onlara birmənalı cavab vermək də çətindir. 
M.F.Axundov heç yerdə İslamın əsas kitabını - Quranı tənqid etməyib. Biz də bu fikirdəyik və dəfələrlə yazmışıq ki, biz insanları bir-birindən ayıran adamları müqəddəsləşdirib, adına Peyğəmbər demişik. M.F.Axundzadə bunu həll edən ilk Şərq mütəfəkkiri idi. Mirzə Fətəli Aişənin cavan döyüşçüsü Səfvanla şübhəli əlaqəsini - gecə bir yerdə qalmalarını da ikinci məktubda xüsusi qeyd edir (bax: II cild, s.86-87). 
Kəmalüddövlənin üçüncü məktubu Molla Cabbar mərsiyəxanın mərsiyə oxutmasından, Əli ibn Əbu Talibin vəfatı ilə bağlı mərsiyyəyə  - şiə mərasimində iştirak etməsi ilə başlanır. O, yazır: "Mən özüm də şiə məhəbbət, necə ki, sən də bilirsən, mənim ki, nəüzibillah əimmeyi-ətharə büqüzüm yoxdur və mükərrər  sən özün ənmməmim əxlaqi-cəmilə və ətvari-həmidələri babında məndən nədhlər eşidibsən..." (s.106).   
 
***
Dördüncü məktub İran şahzadəsi Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə cavab məktubudur, Cəlalüddövlə yazır ki, ərəblər tarix səhnəsinə çıxana qədər farslar və əhli-İran nə vəziyyətdə idi? "Aya, onlar deyildi ki, analarını, bacılarını və qızlarını və əmməllərini, xalalarını nikah edirdilər?" (s.124). Və qeyd edir ki, heç meşələrdə gəzən vəhşi heyvanlar da belə iş tutmurlar. "Mən Firdovsinin əşarını öz sözün təqviyyətində misal çəkirsən, Firdovsi özü də sənin kimi bir laməzhəbin birisi idi...
Firdovsi o səbəbə fürsləri mədh, ərəbləri zəmm edir ki, özü də fürs idi" (s.25-26). M.F.Axundzadə sənətkara milli və dini mənsubiyyətinə yox, təsvir və tərənnüm etdiyi bədii-fəlsəfi qayəyə, poetik novatorluğa, pozitiv estetik idealın aydınlığına görə dəyər verirdi. O, görkəmli filosof, Şərqdə sosiologiya elminin banisi Əbdürrəhman ibn Xəldun barəsində yazıb: "Əbdürrəhman ibn Xəldunu, mən, yaxşı tanıyıram. O, bəni-üməyyədəndir. Əbu Süfyan onun əmisidir, Müaviyə onun əmisi oğludur. Öz kitabında Müaviyənin və Bəni-üməyyənin tərəfini saxladığını... görürsənmi?" (s.127). İbn Xəlduna olduğu kimi, M.F.Axundovun İbn Sinaya münasibəti də yaxşı deyildi: "Bu Əli Sina dəxi bir şürbi və fasiqin birisi idi" (s.128). Mirzə Fətəli Kəmalüddövləni çox sərt tənqid edirdi: "İnsan məgər heyvandan gərək biqeyrət olsun? Öz cüftünü öz əli ilə biganə erkəyə versin. ...şövhər öləndən sonra arvad sütti olmaq, yəni özünü şövhərin cəsədi ilə bir yerdə diri gözlü atəşə yandırmaq səfahətdir... yeddi il sərasər samit oturmaq və əlini başına qoyub hərəkət verməmək və bu qəbil şeylər küllən əhnəqlikdir... zəkərə və fərcə sitayiş etmək xəriyyətdir və ana ilə,  bacı ilə və qız ilə, fərzəndi ilə, əmmə ilə və xala ilə cima etmək qəbihdir və adam öldürmək günahı-əzimdir? ... kişilər doğmayan arvadlarını mürşidlərinin yanına aparıb gözlərinin qabağında mürşidlərinin arvadları ilə cima etdirmək ki, uşaq doğsunlar səfahətdir? Öz qızlarını bərəhmənlərin yanına aparıb gözlərinin qabağında cima etdirmək binamusluqdur" (s.129). 
Məktublar Şərq - hind mənəvi-əxlaqi "qaydaları"nı cəsarətlə ittiham edir. Eləcə də, despotizmi tənqidə məruz qoyur. "Bizim padşahımız despot idisə də, Allaha şükür, genə özümüzdəndir, allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq" (s.131). 
"Kəmalüddövlə məktubları" M.F.Axundzadənin XIX əsrin ikinci yarısında - 1865-ci ildə Azərbaycan  dilində - türkcəsində yazmış, Mirzə Yusif xanla birlikdə fars dilinə tərcümə etmişdir. Əsəri 1874-cü ildə Adolf Berts ilə bahəm, rus dilinə tərcümə etmişdir.  
"Kəmalüddövlə məktubları"nın mülhəqatı onları dərk etmək üçün xüsusi maraq doğurur. Birinci məktubun mülhəqatında deyilir: "Kəmalüddövlə" müəllifinin o qövmdən bizə yadigar qalan rədd olunmuş və murdar yazının əlindən xilas edib millətimizi cəhalət qaranlığından mərifət işığına çatdırmaqdır" (s.132). Təəssüf ki, Mirzə Fətəli müasirlərinin nadanlığı və cəhaləti səbəbinə bu vacib və nəcib məqsədinə  çata bilmir. Ona görə də üçüncü məktubun mülhəqatında yazıb: "din və iman, elm və fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan adam, alim və filosof sayıla bilməz, əgər elm və fəlsəfə sahibi olursa, dindar və mömin ola bilməz" (s.150).
Qafqazda yaşayan "iki böyük türkdən biri" (Ziya Göyalp) Mirzə Fətəli Axundzadə hələ nə dramaturq kimi, nə də maarifçi filosof kimi öz həqiqi qiymətini almamışdır. Səbəb  totalitar sovet ideologiyasının basıncıdır.
1877-ci ildə M.F.Axundzadə ürəkşişmə xəstəliyinə tutularaq yatağa düşür. 1878-ci il mart ayının 10-da onun yanına gələn İsrafil bəy Yadigarov ondan soruşur: - Mirzə, siz nə sayaq dəfn olunmağınızı istərdiniz? Mirzə Fətəli son gücünü toplayıb belə cavab verir: - Siz bilirsiniz ki,  mən heç bir dinə inanmıram... Məni istədiyiniz kimi dəfn edərsiniz.
Mirzə Fətəli Axundzadə, həm şair ("A.S.Puşkinin ölümü haqqında Şərq poeması"!), həm nasir ("Aldanmış kəvakib"), həm görkəmli dramaturq (6 komediyadan ibarət "Təmsilat"), həm tənqidçi və ədəbiyyat və sənət nəzəriyyəçisi, həm də materialist filosof və Azərbaycan maarifçi realizminin banisi idi. XIX əsrin ortalarından bu sahələrin (və janrların!) hər birində o, "ilk" idi.
M.F.Axundzadə özü bütöv bir epoxa -  Yeni dövr Azərbaycan ədəbiyyatının yaradıcısı idi.
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!