Baba bəy Şakirin yeni tapılan şeirləri - Raqub KƏRİMOV

 

Azərbaycan ədəbiyyatında ictimai satiranın təməlini qoyan sənətkarlardan biri Baba bəy Məhəmmədəli bəy oğlu Cavanşir təqribən, 1778-ci ildə Qarabağın Mehribanlı kəndində anadan olmuş, 1845-ci ildə vəfat etmişdir. Onun babası Fəzləli bəy Pənahəli xan Cavanşirin böyük qardaşı idi. Xan nəslindən olmasına baxmayaraq şairin güzəranı o qədər də xoş keçməmiş, ixtiyar çağlarında ehtiyac içində yaşamışdır. Azərbaycan satirik şeirinin formalaşması və zənginləşməsində müstəsna xidməti olan Baba bəy Şakirin əlimizdə olan əsərləri təsdiq edir ki, o həm lirik və həm də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, bir çox müasirləri kimi, onun şeirlərinin də cüzi bir hissəsi (7 satirik mənzuməsi, 2 aşiqanə qoşması, bir gəraylı və bir neçə natamam beyti) gəlib bizə çatmışdır. Lakin əminliklə deyə bilərik ki, Baba bəy Şakir kimi müqtədir bir şairin yaradıcılığı əldə olan bir neçə şeirlə məhdudlaşa bilməz. Heç şübhəsiz ki, onun müxtəlif janrlarda yazdığı çoxlu sayda şeirləri olmuşdur. Son zamanlar apardığımız araşdırmalar zamanı xoş təsadüf nəticəsində şairin bir neçə qeyri-mətbu şeirinin əldə edilməsi dediklərimizi təsdiq edir. Bu şeirlərdən ikisinə Qasım bəy Zakirin Mirzə Fətəli Axundzadənin arxivində saxlanılan F-2 s.v.418 şifrli Divanında təsadüf etdik. Şeirin hər ikisi ünvanlıdır. Bunlardan biri, Qasım bəy Zakirin yaxın qohumu, yaşca ondan kiçik olmasına baxmayaraq, şairin zarafatla "əmi" deyə müraciət etdiyi, Şuşanın tanınmış bəylərindən olan Behbud bəyin oğlu Böyük bəyə, digəri isə, yenə də Zakirin dostlarından olan Kərbəlayi Səfi Valehə ünvanlanmışdır. Q. Zakirin mətbu əsərində Böyük bəyə ünvanlanmış iki şeiri verildiyi bizə məlumdur. Həmin şeirlərdən məlum olur ki, Böyük bəy Zakirə taxt və qızılquş bağışlamış, lakin Zakir ərk edərək ondan bir daha taxt, yaxud başqa nəsə almaq məqsədilə bu şeirləri qələmə almışdır. Baba bəyin də Böyük bəyə müraciətlə yazdığı məktub onların dostluğundan xəbər verir. Şeir Böyük bəyə ünvanlansa da, əsl hədəf onların hər ikisinin yaxın dostluq əlaqəsində olduqları Səlah bəy adlı şəxsdir:

 

Ey Böyük bəy, eşitdik ki, Səlah bəy

Bizə bazi-vilaqayın göndərmiş.

Qarğa-sağsağana mehtər, qatırçı

Tulluyub, çıxarıb zayın göndərmiş

(1, v.174b).

 

Baba bəyin də Zakir kimi şeirini "Göndərmiş" rədifi ilə yazması onların bir-birindən bəhrələndiyini təsdiq edir. Hər iki şeir deyim tərzi, məna və məzmun, əhval-ruhiyyə baxımından da olduqca yaxındır. Hətta Zakir Böyük bəyin ona bağışladığı quşun kəsir cəhətlərini müasirləri arasında, el içində müəyyən keyfiyyətləri ilə məşhur olan Lələ Qurban, Darğa Məhəmməd, Xoşünnək Fatiməyə bənzətdiyi kimi, Baba bəy də ona hədiyyə edilmiş quşun bəzi naqis xüsusiyyətlərini zamanında mərdüməzarlığı ilə məşhur olan Əmiraslana bənzədirdi. Hər iki mənzumədə Dadaş adlı şəxsin də adı çəkilir.

Zakirin şeirində:

 

Bunların işləri cümlə təltəldi,

Təltəl işdən fayda yoxdur, - məsəldi.

Özü yolda öldü, cələsi gəldi,

Dadaşı da bir bimarı göndərmiş

(?)(2, s.509).

 

Baba bəyin mənzuməsində:

 

Bizi salmış nahaq dərdi-sərə bax,

Təriqi-dostluqda bixəbərə bax,

Öz quşun gizlədib, hiyləgərə bax,

Alıb Dadaş bəyin payın göndərmiş.

 

Q.Zakirin "Əsərləri"ndə (B. 1964) Dadaşın adıçəkilən misranın qarşısında mötərizədə sual işarəsinin qoyulması həmin misrada fikrin tam aydın olmadığını göstərir. Lakin Baba bəyin şeirini oxuduqda həmin misranın mənası aydınlaşır, məlum olur ki, Böyük bəy Dadaş bəy adlı şəxsə də qızılquş cürəsi göndəribmiş və Zakir də həmin məsələyə işarə vuraraq Böyük bəyə sataşmaq üçün ona keyfiyyətsiz quş göndərdiyi kimi, Dadaş bəyə də onun tayı olan xəstə qızılquş göndərdiyini zarafatla dostunun nəzərinə çatdırmışdır. Deyilənləri nəzərə alaraq misradakı "Dadaşı da bir bimarı göndərmiş. (?)" misrasındakı "Dadaş" sözünün sonunda olan "ı" təsirlik hal şəkilçisini "a" yönlük hal şəkilçisi ilə əvəz etdikdə, misranın mənası tam aydınlaşır və mirzələr, yaxud tərtibatçılar tərəfindən yol verilmiş səhv aradan qaldırılmış olur.

Baba bəy Şakir və Qasım bəy Zakirin eyni mövzuda, eyni rədiflə yazdıqları bu şeirlərin də biri-digərinin təsiri ilə yazıldığı fakt olaraq qalır. Baba bəy Şakirin şeirinin sonunda:

 

O gün Qasım bəyə yüz minnətilən

Sən verən cürənin tayın göndərmiş

(1, v.174b).

 

- deməsi, Zakirə daha öncə qızılquş bağışlandığını sübut edir. Zakirin ümumi yaradıcılıq xüsusiyyətlərini nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, bu mövzuya ilk öncə, Zakir müraciət etmiş, sonra isə Baba bəy onun təsiri ilə öz mənzuməsini ərsəyə gətirmişdir. Bu deyilənlər bir daha təsdiq edir ki, hər iki şair sıx yaradıcılıq əlaqələrində olmuş, qarşılıqlı şəkildə bir-birindən bəhrələnmişdir. Aralarındakı yaş fərqinə baxmayaraq Baba bəy Qasım bəy Zakirlə yaxın dost və sirdaş olmuşdur. Onların yaxınlığının əsas səbəbi xarakterlərinin oxşarlığı, hər ikisinin mərd, qorxmaz və sözübütöv olmalarından ibarət idi. Bu səbəbdən, əksər dönəmlərdə onların düşmənləri, tənqid hədəfləri də eyni olmuşdur. Zakirin Baba bəyin vəfatı münasibətilə yazdığı maddeyi-tarixi bu dostluğun bariz nümunəsi hesab etmək olar.

Baba bəyin Zakirin "Divan"ında olan ikinci qeyri-mətbu şeiri Kərbəlayi Səfi "Valeh" təxəllüslü şairə yazdığı həcvdir. Xatırladırıq ki, Baba bəy Şakirin mətbu əsərinin son səhifəsində "Natamam parçalar" başlığı altında həmin şeirdən cəmi dörd misra verilmişdir (3, s.52). Həcvin məzmunundan məlum olur ki, Baba bəy Kərbəlayi Səfiyə düşmən mövqedə olmamış, sadəcə, onunla dilxoşluq, zarafat etmək məqsədilə bu mənzumə-həcvini qələmə almışdır. Baba bəyin:

 

Misli-sümük yüzində yalın düm ağ,

Dişlərin ki, çoxdan olubdur ovrağ

(1, v.167a).

 

- deyərək, müraciət etməsi, Valehin artıq qoca yaşlarında olmasından xəbər verir. Ayrı-ayrı misralarda olan bəzi işarələrdən o da məlum olur ki, Valeh kiməsə sataşmış, bu isə Baba bəyə xoş gəlməmişdir:

 

Qəbihdir sataşmaq keçən uluya,

Həmçəşmindir, sataş qədim Quluya.

Hər kimsə axtarıb tapsa tayını,

Sən də çağır gəlsin Xalxun Sayını.

 

Valeh də Baba bəyi cavabsız qoymayaraq onu həcv etmiş və demək olar ki, onun hər bir beytinə eyni səviyyədə münasibət bildirmişdir. Onun cavab məktubunu:

 

Ey Baba bəy, sən bir yaxşı babasan,

Heyf ola kim, bir az ağzı yavasan

(1, v.168a).

 

- beytilə başlaması, öndə qeyd etdiyimiz kimi, onların yaxşı münasibətdə olmalarından xəbər verir. Baba bəy Valehin qocalığına, dişlərinin tökülməsinə lağ edərək görkəmcə Xalxun Sayına bənzəməsini söylədiyi kimi, Valeh də "Bəzi kişinin yoğun olur dodağı" deməklə onun qalındodaq bir şəxs olduğunu, görkəmdə isə topçu Arzumana və Pərvan Alıya bənzədiyini qeyd edir:

 

Sən bəna demisən Xalxun Sayısan,

Özün topçu Arzumanın tayısan.

Bir ayna tut yolun düşsə Qalıya,

Gör kim, oxşarmısan Pərvin Alıya?!

 

Valeh dişlərinin tökülməsini yaşla əlaqələndirir:

 

Nə qandırım sənin kimi çobanə,

Adəm təşbihatdır növrəs, xəzanə.

Növrəs olan xəzan olur, diş düşər,

Nə qisim kim, bahar ötər, qış düşər.

 

Baba bəyə nəsihət edir ki, ağızda dişin olması vacib deyil, əsas məsələ başda ağılın olmasıdır.

Nümunələrdən göründüyü kimi, şəxsi münasibətlər zəminində yaranmış bu həcvlərdə müəyyən tərbiyəvi, nəsihətamiz fikirlər də mövcuddur. Zakirin divanında olan Baba bəyə məxsus şeirlərin tam mətni belədir:

 

Böyük bəyə

 

Ey Böyük bəy, eşitdik ki, Səlah bəy

Bizə bazi-vilaqayın göndərmiş,

Qarğa-sağsağana mehtər, qatırçı

Tulluyub, çıxardıb zayın göndərmiş.

 

Deyib Car quşudur tutmağı cantək,

Kefə baxsın bu il kişilər xantək,

Hinqami-şikarə Əmiraslantək,

Bilirmiş olduğun xayın göndərmiş.

 

Yavaş apar, təpindirmə, ay gədə,

Qanad-quyruğuna düşməsin zədə,

Dönə-dönə tapşururmuş Məhmədə,

Guya bizə yedək dayın göndərmiş.

 

Bizi salmış nahaq dərdi-sərə bax,

Təriqi-dostluğa bixəbərə bax,

Öz quşun gizləyib, hiyləgərə bax,

Alıb Dadaş bəyin payın göndərmiş.

 

On-on beş gün evi doldu ətilən,

Kefləndi, söz dedi zərafətilən.

O gün Qasım bəyə yüz minnətilən

Sən verən cürənin tayın göndərmiş.

 

Baba bəyin

Valehlə dediyi həcv

 

Pirlikdən bir neçə söz söyləyim,

Asta Səfi, bən səni həcv eyləyim.

Misli-sümük yüzündə yalın düm ağ,

Dişlərin ki, çoxdan olubdur ovrağ.

Ağzın oxşar qarıların ...a,

Köhnə xərabənin uçuq damına.

Qəbihdir sataşmaq keçən uluya,

Həmçeşmindir, sataş qədim Quluya.

Hər kimsə axtarıb tapsa tayını,

Sən də çağır gəlsin Xalxun Sayını.

Söhbəti-üqba eyləsin, guş qıl,

Ləzzəti-dünyanı fəramuş qıl.

Sən elənin soyulduğun deyincə,

Soyuluban qoyulduğun deyincə,

Dünən gecə davasını desənə?

İndi şeşdang həvasını desənə?

Qıcca cəddə ki, vurdu Cəfərin atını,

Təmam düşmənlər övratını

Gər ağa yanında əgsə alığı,

Kim əlindən alar o culfalığı?!

Yenə gedər dəzgah açar, bez toxur,

Yəqin məcmu culfalardan tez toxur.

Əgər anınla da keçməsə maşı,

Ayaq üstə gəzmək istəsə xaşı,

Dəllak olsa, olmaz hər yetən kimi,

Dəsturu əlində, bir kətən kimi,

Həcamət qoyar azarlının .....

Çıxardar rizqini, salmaz çətinə.

 

***

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan bir neçə cüngdə "Şakir" təxəllüslü şairin şeirlərinə rast gəldik. Müxtəlif zamanlarda tərtib olunmuş bu cünglərin əksəriyyətinin ön və arxa vərəqlərinin cırılıb düşməsi nəticəsində onların kim tərəfindən, harada və nə zaman tərtib olunduğunu müəyyənləşdirmək mümkün olmadı. Bu səbəbdən həmin şairin şəxsiyyətini, şeirlərin hansı "Şakir"ə məxsus olduğunu müəyyənləşdirə bilmədik və hələlik, onları tədqiqata cəlb etmək fikrindən daşındıq. Bu da maraqlıdır ki, "Şakir" təxəllüsü ilə rast gəldiyimiz şeirlərin əksəriyyəti şifahi və yazılı ədəbiyyatın müştərək janrı olan müxəmməs janrında yazılmışdır. Xüsusilə, Əlyazmalar İnstitutunun arxivində B-1987/3612 şifrə ilə saxlanılan cüngün 17b, 18a, 23b, 24a, 34b, 35a, 40a, 46b, 47a, 47b, 48a, 71a, 76a vərəqlərində "Şakir" təxəllüsü ilə verilmiş şeirlərin hamısı müxəmməsdir. Fikrimizcə, həmin şeirlər Şakir Şirvaniyə məxsusdur.

1868-ci ildə tərtib olunmuş, müəllifi bizə məlum olmayan B-1761/10653 şifrli cüngdə də "Şakir" təxəllüslü şairin dörd şeiri verilmişdir. Bu cüngdə olan "Ələ düşməz" rədifli müxəmməsə biz A-222/666 şifrli cüngdə də rast gəldik. Həmin cüngdə bu şeirlə yanaşı, Baba bəyin Şəki alimləri, Qazax arifləri, Ərəş əhli, Bozdağ sakinləri, Ağdaş və Qəbələnin bütün əfəndilərinə ünvanladığı 62 beyt həcmində mənzuməsinin və şəkili Molla Qasım Zakirin ona 69 beytdən ibarət cavab məktubunun verilməsi də sübut edir ki, bu müxəmməs Baba bəy Şakirə məxsusdur:

 

Ey məh, sənə manənd deyikli canan ələ düşməz,

Yüz zib mələk, şəmsi-dirəxşan ələ düşməz,

Ləlin kimi bir ləli-Bədəxşan ələ düşməz,

Çeşmin kimi bir qarəti-iman ələ düşməz,

Əlqissə, bu tədbirilə insan ələ düşməz.

 

Bu dövrdə həmta sana bir kəs başa gəlməz,

Rəna qəddinə xələti-ətlas başa gəlməz,

Ovsafına təxmisü müxəmməs başa gəlməz,

Ayatü qəzəl, birlə müsəddəs başa gəlməz,

Tərifini bir şairi-xoşxan ələ düşməz.

 

Qəvvasi-cəhan bir belə gövhər bula bilməz,

Seyr etsə bu dünyanı sərasər, bula bilməz,

Məhbubi-cəfacuy sitəmgər bula bilməz,

Xurşid üzünü sən kimi ənvər bula bilməz,

Sidrin kimi sərlövheyi-Quran ələ düşməz.

 

Rüxsarına qibləm, məhi-ənvər desəm, olmaz,

Ağzın sədəfin hoqqeyi-gövhər desəm, olmaz,

"Lam"ü "yey"ini, "əyn"i yeksər desəm, olmaz,

Yəni Əli məşuqi, dilavər desəm, olmaz,

Bu hüsnilə bir qüdrəti-yəzdan ələ düşməz.

 

Şakir necə cəhd etsə, bu ovsafə yetişməz,

Nadan oxuyub sureyi-ihqafə yetişməz,

Məyus könül sahibi-iltafə yetişməz,

Qəmzən necə xunrizdi, insafə yetişməz,

Hüsn əhlində bir sən kimi qılman ələ düşməz

(4. v.8b).

                                     

Analoji hala diğər bir cüngdə (B-1760/1547) də təsadüf etdik. Həmin cüngdə də Baba bəyin qeyd etdiyimiz mənzuməsindən verilmiş bir parça ilə yanaşı, "Şakir" təxəllüslü şairə məxsus "Könlüm səni istər" rədifli müxəmməsə də rast gəldik. Şeirin başlığında "Baba bəy Şakirin kəlamı" sözlərinin yazılması onun birmənalı şəkildə Baba bəyə məxsus olduğunu təsdiq edir:

 

Müxəmməs

 

Yüz dilbəri-ziba ola, könlüm səni istər,

Yüz zülfü səmənsa ola, könlüm səni istər.

Yüz Şirinü Leyla ola, könlüm səni istər,

Yüz misli-Züleyxa ola, könlüm səni istər.

Yüz afəti-dünya ola, könlüm səni istər.

 

Yüz qız ki, görən bəndə düşər zülf ilə xalə,

Yüz türfə nigarü sənəmü hurimisalə,

Yüz sibzənəx, ləbləri mey, ağzı piyalə,

Yüz zülfü bənəfşə, gözü nərgis, rüxi lalə,

Yüz gərdəni mina ola, könlüm səni istər.

 

Yüz aşiqin canın alan afəti-dünya,

Yüz qız ki, məlahətdə ola huridən əla,

Yüz gözləri nərgis, rüxi alü güli-rəna,

Yüz kəlməsi dilmürdələri eyliyə əhya,

Yüz nitqi Məsiha ola, könlüm səni istər.

 

Yüz xalı həbəş, kiprigi ox, zülfü pərişan,

Yüz qəmzəsi cəllad, vəla qarətgəri-iman,

Yüz qaşları mehrab ola, yüz mehri-dirəxşan,

Yüz baği-behişt, yüz verə yüz hurivü qılman,

Yüz mehri-dilara ola, könlüm səni istər.

 

Yüz sərvi-səhi ola baxdıqca qiyamət,

Yüz kani-səxa, mədəni-lütfü kəramət,

Yüz çeşmeyi-kövsər, dəxi yüz tutiyi-cənnət,

Yüz Şakiri-biçarə edərmi ona rəğbət?

Yüz baği-cinan, mənzili-mava ola,

                        könlüm səni istər

(5,v. 20a).

 

***

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivində A-357/803 şifri ilə saxlanılan bir əlyazmasında da Baba bəy Şakirə məxsus "Həcviyatnameye-Baba bəy Qərabağlu şiə" başlığı altında 92 beyt həcmində verilmiş mənzuməyə təsadüf etdik. Həmin mənzumə Baba bəyin "Seçilmiş əsərləri"ndə (B. 1985) "Təriqət şeyxlərinin və onlara uyanların həcvi" başlığı ilə 76 beyt həcmində verilmişdir. Göründüyü kimi, cüngdə verilən variant mətbu variantda olduğundan 16 beyt çoxdur. Cüngdə şəkili şair Molla Qasım Zakirin ona ünvanladığı 94 beytdən ibarət cavab məktubu da verilmişdir. Faktlar göstərir ki, mənzumənin orijinal variantı 92-94 beyt həcmində olmuşdur. Cüngdə olan 23 beytə (18-27, 29, 31, 32, 34, 43, 60-65, 79, 82) Baba bəy Şakirin mətbu əsərində rast gəlmədiyimiz kimi, kitabda olan 7 beytə də (2, 22, 23, 28, 33, 34, 45) cüngdə təsadüf etmədik. Bununla yanaşı, bəzi qoşa misralar arasında da müəyyən fərqlərin olduğu aşkar olundu. Bütün bunları nəzərə alaraq, şairin əsərlərinin yeni nəşrinə daxil etmək arzusu ilə analizlər aparıb tektoloji müqayisə yolu ilə mənzumənin həcminin 92 beyt olduğunu sübuta yetirdik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!