Turan UĞUR
İrəvan - qədim Oğuz yurdu, əski Azərbaycan şəhəri. Hələ Çar Rusiyası dönəmində Bakıda bir sıra dərgilər, qəzetlər mətbuata vəsiqə qazananda, İrəvan ziyalıları, müəllimləri də bu işlərdən kənarda qalmırdılar. "Kəşkül", "Füyuzat", "Kaspi", "Həyat", "Molla Nəsrəddin" kimi həyati dərəcədə önəm kəsb edən qəzetlərin və jurnalların fəaliyyəti ilə tanış olur, həmin mətbu orqanların rəhbərləri ilə əməkdaşlıq edirdilər. Hətta Firudin bəy Köçərli, Haşım bəy Vəzirov kimi münəvvərlərimiz İrəvanda yaşadıqları müddətdə imzaları ilə "Kəşkül" qəzetinin səhifələrində görünər, yurddaşlarımızın qayğılarını, problemlərini yazıya alardılar. Bu səbəbdən İrəvanda Azərbaycan mətbuatını iki dövrə: Çar Rusiyası və Sovet dönəmlərinə ayırsaq, əsla, yanılmarıq. Hələ 1911-1912 və 1914-cü illərdə nəşr olunan "İrəvan xəbərləri" qəzetinin varlığından da danışsaq, İrəvanda Azərbaycan mətbuatının ilkin qaynaqlarından agah olmuş olarıq. O dönəmlərin araşdırmaçısı, mərhum tarixçimiz, jurnalistimiz İsrafil Məmmədovun qızı Xatirə İsrafilqızı ilə söhbətlərim bəndənizə bu ovqatda nələrsə yazmağa ruh verdi. Sayğıdəyər alimimiz İsrafil müəllimin müəllifi olduğu "İrəvan dəftəri" kitabını Xatirə xanımın mənə hədiyyə etməsi bu yazını qələmə almaq üçün əsl stimul oldu.
Yeri gəlmişkən, İrəvanda Azərbaycan mətbuatı haqqında əldə etdiyim bəzi faktlara görə tarixçi-alim Nazim Mustafaya da minnətdarlığımı bildirir və "Mətbuatımızın İrəvan səhifəsi" adlı analitik yazımı "Ədəbiyyat qəzeti"nə böyük məmnuniyyətlə təqdim edirəm.
Mətbuatımızın İrəvan səhifəsi
Hələ ötən əsrdə, daha konkret desək, 1972-ci ildə mərhum tədqiqatçımız İsrafil Məmmədov namizədlik dissertasiyasında İrəvanda Azərbaycan mətbuatının tarixini gün işığına çıxarıb.
O, XX əsrin əvvəllərində çap olunan "Lək-lək", "Bürhani-həqiqət" jurnallarının və bir sıra mətbu orqanların fəaliyyətini araşdırmağa müvəffəq olub.
Təqvim 1914-cü ilin fevral ayının 22-ni göstərirdi. İrəvanda ilk anadilli mətbu orqanımız olan "Lək-lək" işıq üzü görür. Elə soydaşlarımız da bu məcmuənin yaranması ilə işıqlanmağa, elmə, maarifə doğru ciddi addım atmağa nail olurlar.
Mir Məhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə "Molla Nəsrəddin" yolunu tutmaq, lakin öz dəst-xətti ilə seçilən bir məcmuə yaratmaq naminə meydana atılırlar. Satirik jurnal olan "Lək-lək"in hər nömrəsinin üz qabığında "Bu, türk dilində həftəlik məzhəkəli məcmuədir" sözləri yazılarkən, məcmuəçilər hədəflərini də gizli saxlamış deyildilər. Xurafata, cəhalətə, yurddaşlarımızın istismarına qarşı böyük bir cəbhə açan "Lək-lək" tezliklə cəmiyyətdə qamçılanır, radikal dindarların sərt tövrləri ilə üz-üzə qalırdı. Lakin ruhdan düşməyən məcmuəçilər, fürsət bulduqca Çar Rusiyasının yerlərdəki siyasətini ifşa edir, xalqlara qarşı olan rəzil mövqeyini tənqid atəşinə də tuturdular. Necə? Təxminən bu sayaq:
Millətdir, demə ki, köhnə mitildir, bu mitil,
Soluxub yanə düşüb, bir daha tutmaz bu şitil.
1914-cü il iyunun 30-u... Məcmuənin sonuncu - 12-ci sayı... Amansız Çar rejimi "Lək-lək" mətbu orqanını ana bətnindəcə boğdu. Boğdu ki, analar, atalar, övladlar maarif çeşməsindən su içməsinlər, elm, tərəqqi təamından doyunca dadmasınlar. Boğdu ki, hələ uzun illər İrəvan şəhəri anadilli mətbuatımıza həsrət qalsın.
Sovet dönəmində isə İrəvanda nəşr olunan ilk qəzet "Kommunist" qəzeti olub. İrəvan Şəhər Partiya komitəsinin orqanı kimi "Rəncbər" qəzetinin fəaliyyətini də o illərdə görürük.1923-cü ildə qapadılan bu qəzet yerini "Yeni fikir" qəzetinə verməyini də araşdırma yazılardan öyrənə bilirik. Bala Əfəndiyevin redaktorluğu ilə uzun və gərgin əməyin nəticəsi kimi "Zəngi" qəzetinin fəaliyyətə başlaması faktı da qeydə alınıb. Bu qəzetin adı dəyişərək, 1929-cu ildə "Qızıl şəfəq" kimi tarixiləşib.
Əslində İsrafil Məmmədov kimi jurnalistlərimizin, redaktorlarımızın fəaliyyəti Sovet dönəmində heç də asan olmayıb. Qərb mətbuatına, hətta erməni alimlərinin dəlillərinə istinadən yazdığı əsərlərindəki Azərbaycan həqiqətlərini alt-üst edə bilmədiklərini görən daşnaklar fədakar alimimizin İrəvanda evini yandırırlar. Hələ 1967-ci il idi. Hələ beynəlmiləl şüarların qulaq pərdələrimizi dəlmə-deşik edən çağları idi. Guya ki, quzunun qurdla otladığı yer idi ucsuz-bucaqsız sovet ölkəsi.
O üzücü hadisəni bəndənizə danışarkən, Xatirə xanımın həyəcandan köksü qabarır, gözləri dolur, nitqi quruyurdu. Sən demə, çox çətinliklə İsrafil müəllim və ailəsi bu bəladan xilas ola bilib. Bu da son deyildi. 1990-cı ildə alimimizin başı yenə müsibətlər görür. Erməni şovinistləri İrəvanda Azərbaycan ailələrini qətlə yetirəndə, gecənin ənginliyində minbir müsibətlə İsrafil müəllim və həyat yoldaşı İrəvandan qaça bilirlər. Azərbaycanda isə hamı onları həlak olmuş bilirdi. Bakıya döndükdən sonra yaşadığı mənhus olaylar nəticəsində bir neçə müddət gözləri də tutulub İsrafil Məmmədovun, amma tarixçimiz qələmini yerə qoymadı, yenə yazdı, yenə araşdırdı; qədim yurdumuz haqqında silsilə əsərlər ortaya qoydu. İrəvan, Qərbi Azərbaycan yurdumuz haqqında yazdığı "Tariximiz, torpağımız, taleyimiz" kitabını bizə ərməğan elədi.
İrəvanda mətbuat tariximizə nəzər yetirəndə görürük ki, qəzet, jurnallarla yanaşı, həm də İrəvan Radiosunun "Azərbaycan dilində verilişlər redaksiyası" bu mənada, çox böyük işlər görüb. Ta ki, 1988-ci ilin dekabrına qədər - redaksiya fəaliyyətini dayandırmağa təhrik edilənə kimi. Lakin nə xoş ki, millət təəssübündə dayanan alimlərimiz onların işini, zəhmətini tarixin yaddaşına köçürə biliblər. Təkcə tarixin deyil, həm də ədəbiyyat saxlancı, ədəbiyyat faktıdır bunca görülmüş işlər...
"Ədəbiyyat", - dedim, bir ədəbi epizod düşdü yadıma.
Mərhum yazıçımız Əli İldırımoğlunun vaxtilə "Dərd" kitabının işıq üzü görməsini epizod yox, hadisə adlandırardım. Gərək ki, 1993-cü il idi, təxminən 10 yaşım olardı. O kitabdan Cavid əmiyə (akademik, Ali Sovetin deputatı, nəcib insan, şair Cavid Axundovu (Salmanoğlunu) nəzərdə tuturam) də öz imzası ilə hədiyyə eləmişdi Əli müəllim. İlini də deyə bilərəm sizə - 1995-ci ildə. Bu günə kimi də "Zorən jurnalist" və "Dərd" kitablarını Əli İldırımoğlunun Cavid əmiyə ən böyük bəxşişi sayıram.
O kitablar indi də Əli müəllimin və Cavid əminin ən böyük xatirəsi kimi, gecə-gündüz, gündüz-gecə kitab rəfimi müzəyyən eləməklə məşğuldur. Yurdumuzun başına gələn faciələri "Ayılmadıqca aldanırıq" sənədli oçerkində mükəmməl yazıya alıb Əli İldırımoğlu. Əli müəllim deyirdi:"Hələ Sovet hökuməti bizə beynəlmiləlçilik nəğməsini xorla oxutduranda, ermənilər ərazi iddiası ilə tutuşub-yanır, sovxoz, kolxoz yarışlarından sonra təşkil olunan konsert proqramlarında "Krunq", "Daşnaksütun" kimi terrorçu partiyaların ideologiyalarına xidmət edən nəğmələr oxuyurdular." Bu gün də bədnam qonşularımız o havaları sədalandırırlarsa, biz də buna cavab olaraq tariximizə, keçmişimizə, mətbuatımıza sahib çıxmalıyıq. Beynəlmiləlçilik nəğmələrinin yerini ulus şərqilərinə, türkün iftixar marşlarına verməliyik. Deyəcəksiniz ki, ay Turan Uğur, yenə də 1-ci şəxsin cəmi, yenə də "malı", "məli", yenə də feilin vacib şəkli?
Elədir ki var! Yenə də biz - yenə də 1-ci şəxsin cəmi, yenə də feilin vacib şəkli! Millət kimi sərsəm beynəlmiləlçilik havalarına qol götürüb oynamaq vaxtını çoxdan arxada qoymuşuq. İndi dizimizin təpəri, qolumuzun qüvvəti bizə başqa havalar üçün gərəkdir. Lap elə Cabbar Qaryağdıoğlunun "İrəvanda xal qalmadı" kimi nəğmələrini sədalandırmaq vaxtıdır. Ən azı ona görə ki, bir daha torpaq həsrətindən, Vətən qübarından ürəyimizə xal düşməsin!
Mətbuatımızın İrəvan səhifəsini vərəqlədikcə böyük mazimizlə yanaşı, həm də ümidverici istiqbalımız gözümüzdə canlanır. Sanki Qərbi Azərbaycan tariximizin keşməkeşli, kələ-kötür yollarına iri ağızlı şanə kimi sığal çəkir İrəvan mətbuatının dünəni. Bəs sabahı? Sabahı isə bir zamanlar Əli İldırımoğlunun nəql etdiyi rəvayətdən necə dərs çıxarıb-çıxarmamağımızdan asılı olacaq:
Rəvayət: "Günlərin bir günü bağbanın həyətindəki ilan bağbanın oğlu ilə yola getmir, əlinə fürsət düşdüyü ilk andaca yeniyetməni zəhərləyir. Həyətə hay-həşir düşür,bunu eşidən bağban becid çıxıb eyvana, özünü həyətə tullayır. Həyətdən yabanı götürür, cumur ilanın üstünə.Görür ki, iş-işdən keçib, ilan bağbanın oğlunu çalıb artıq, biçarə yeniyetmə yerdəcə qıvrılır. Bağban da var gücü ilə yabanı endirir ilanın başına, ilan qıvraq tərpənir, amma yaba onun başını yox, quyruğunu qoparır. İlan yaralı-yaralı girir yuvasına. Bağbanın oğlu isə canını tapşırır. İlanın intiqamından qorxan ev yiyəsi bir müddət gözə görünmür, ilan da bağbandan qorxur, deyə həyətə hərlənmir. Bu kin-küdurət içində yaşamaq bağbana sonsuz dərəcədə acı verir. Bir gün dostluq ismarıcını ilana çatdırır ki, daha olan-olub, nə mənim oğlum sağalıb geri qayıdandır, nə də sənin quyruğun bitişəndir, gəl, olanları unudaq, gəl, barışaq. İlan ilanlığını yerə qoymur, deyir:
- Nə danışırsan, bağban lələ? Qiyamətə qədər elə şey ola bilməz. Ev yiyəsi "niyə?"sini soruşanda, ilan dillənir:
- Nə sənin "bala dərdi"n keçəndir, nə mənim "quyruq yaram" sağalandır. Bizdən daha dost çıxmaz!"
Deməli, belə, dostlar! İlandan dost çıxmır haaa...
07 yanvar 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!