Azər TURAN
Bir az əvvələ getsən bura Alp Ər Tonqanın vətənidir... Xüsusən, Göyçə gölünün sahilləri... Turanın qurucusu Alp Ər Tonqanın (Əfrasiyabın) məzarı bu yerlərdədir.
Ötən yazılarımın birində xatırlatmışdım ki, Qarabağ xanlığı yeni qurulanda Pənahəli xanın hakimiyyətini qəbul etmiş erməni məlikləri II Yekaterinaya müraciətlərində vəd edirdilər ki, "rus qoşunlarının Qarabağa yürüşü zamanı erməni məlikləri müsəlmanlara qarşı silahlı mübarizəyə qalxacaqlar" və imperatriçədən Qarabağa 10 min nəfərə qədər piyada qoşun göndərilməsini və həmin qoşuna komandanlığın Suvorova tapşırılmasını istəyirdilər. Üstündən 250 il keçir. İndi erməni lideri və ideoloqları haqsız olaraq Rusiyanı ermənilərə xəyanətdə suçlayır. Rusiya rəsmiləri isə tamamilə haqlı olaraq, erməniləri rol dəyişikliyində ittiham edir. Çünki bu gün Rusiyaya arxa çevirib Qərbə yönələn ermənilər Zəngəzur, Meğri və Sisiana qədər mövcud olan varlıqlarına görə Rusiyanın erməni knyazlığı layihəsinə borcludurlar. Tarixin heç bir mərhələsində rus və erməni amili bu şəkildə üz-üzə gəlməyib. Bu, cənubi Qafqazda tamam yeni hadisədir. Qafqazda ən yeni tarix başlayır. Və bu tarixi Azərbaycan Prezidenti İlham Əliyev başlayır. O, 250 ildir ki, əzab çəkən heysiyyətimizin, qanayan qürurumuzun qisasını aldı; dünyadakı erməni mifinin özülünü məhv etdi. Dünyanın bir qanunu var: "Əzməyən əzilir!" İlham Əliyev dünyanın gözü qarşısında Daşnaksütyun, Nemesis, Andranik, Şaan Natali mifini əzdi, tarixin axarını Azərbaycanın xeyrinə dəyişdi. Rusiyanı Cənubi Qafqazda hakim qılan ideya - II Yekaterinanın erməni knyazlığı layihəsi süqut etdi. Biz 250 ildir ki, “ermənilər bu torpaqlara gəlmədirlər” desək də, səsimizi heç yerdə eşitdirə bilmirdik. İlham Əliyev isə 23 saatlıq antiterror əməliyyatından sonra Xankəndində Azərbaycan bayrağını ucaldıb, erməniləri 250 il bundan əvvəl buralara necə axın etmişdilərsə, 250 ildən sonra, elə o şəkildə də Qarabağdan yola saldı. Özü də burunlarının ucu belə qanamadan. Gülə-gülə etiraf etdilər ki, “Allah haqqı erməni millət deyil” və getdilər...
İnanaq ki, İlham Əliyev Cümhuriyyət dövründəkı tarixi yanlışlarımızı da təshih edəcək. 1918-ci il mayın 23-də Tiflisdə Qafqaz seyminin iclaslarını müşahidə edən Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu Osmanlı imperatorluğunun Başkomandan vəkili Ənvər Paşaya məktub yazmış (məktubun əslini ilk dəfə burda, “Ədəbiyyat qəzeti”nin “Qərbi Azərbaycan” sayında təqdim edirəm) və bildirmişdilər ki, buradakı, yəni seymdəki türk nümayəndələr (yəni azərbaycanlı nümayəndələr) və seym üzvləri Qafqaz Konfederasiyasına daxil olmaları üçün ermənilərə torpaq güzəştinə hazırdırlar. Ənvər Paşa isə cavabında Qafqaz İslam Ordusunun generalitetinə belə bir məktub ünvanlamışdı: "Anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil, Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna razı olacaqmış. Məncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə Amerikadan gəlmə ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olar və bizim üçün Rusiyadan daha müzir bir düşmənə çevrilər".
Çevrildilər də. Baxmayaraq ki, bizim orda bitib-tükənməyən yurd yerlərimiz vardı. İrəvanda Sərdar sarayımız vardı. Böyük rəssam Mirzə Qədim İrəvani o sarayın divarlarına Şərq incəsənətinin parlaq nümunlərini çəkərək türk Qacarları vəsf etmişdi.
Baxmayaraq ki, bizim orda 1767-ci ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmiş Göy məscidimiz var idi. Qafqazın ikinci şeyxülislamı Fazil İrəvani Tiflisdə deyil, İrəvanda iqamət edirdi. Bir şeyx ki Qarabağda müsiqi risaləsi yazan bir seyid əsərinin və musiqinin halallığı barədə fitvanı ondan istəyirdi. “Nəqamat haramdır” hökmünü Qarabağlı Mir Möhsün Nəvvabla İrəvanlı Şeyx Fazil ortadan qaldırırdı. Bir şeyx ki, həm də "Qızılgül və bülbül” romanını yazırdı. Kitabı rus, fransız dillərində çap olunurdu. Parisdə nəşr olunurdu. Hammer bu əsəri alman dilinə tərcümə edirdi. Zaman keçdikcə, ermənilər Şeyx Fazil İrəvaninin də əsərini mənimsədilər. Necə ki, “Sarı gəlin”i, necə ki, “Çırpınırdın Qara dəniz”in melodiyasını mənimsəmişdilər...
Göyçədə Aşıq Ələsgər möcüzəsi, Kərkibaşda Ağ Aşıq, Qızılvəngdə Aşıq Alı, Ağkilsədə Növrəs İman var idi... Zəngəzur və İrəvanın timsalında Qərbi Azərbaycan mədəniyyətlə, irfanla aşıb-daşırdı.
Biz ermənilərə torpaq güzəşti etməklə Fazil İrəvaninin, Mirzə Qədim İrəvaninin, Aşıq Ələsgərin, Ağ Aşığın, Aşıq Alının, Növrəsin, Bəzminin ruhunu incitdik.
1918-ci ildən sonra keçən illər Ənvər Paşanın fəhmini gerçəkləşdirdi. Ermənilər erməniliyin təşəkkülü üçün azərbaycanlılar tərəfindən onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb, daha böyük düşmənə çevrildilər və üstündən bir əsr keçəndən sonra bu acı gerçəklərin siyasi təsnifatını Azərbaycan lideri olaraq tarixdə ilk dəfə 1994-cü ilin 23 fevralında Heydər Əliyev, sonra isə İkinci Qarabağ savaşından 9 il öncə - 2011-ci il iyulun 5-də İlham Əliyev verdi: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər..."
Qeyd etdiyim kimi, Prezident bu sözləri 2011-ci ildə söylədi və üstündən 9 il keçəndən sonra Azərbaycan tarixində misli görünməmiş addımı atdı və indi erməni lideri Paşinyan da təsdiq edir ki, belə davam eləsə, əks təqdirdə, Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər. Necə ki, düşüb də. Bəzən gecələr Ağrı dağında işıq şəklində Türkiyə və Azərbaycan bayraqları sayrışır...
Rus-Osmanlı savaşında osmanlının təəssübünü çəkən Həsən bəy Zərdabi iyirmi yeddi ildən sonra "Həyat" qəzetinin səhifələrində yazırdı: "Ermənilərin küçələrində gözləri kor, əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi ki, o aşıqlar nə oxuyurlar?.. Osmanlı dövləti onlara elədiyi zülmlərdən və qeyrə şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?!”
Təbii ki, günah deyildi. Amma biz “bir millət işi olanda hamımız qalxıb bir adam kimi” olmaq istəyirdikmi? Bunu yalnız 2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” çağırışıdan sonra istədik və bununla da alnımızdakı 200 illik tarix ləkəsini silməyi bacardıq.
... “Ədəbiyyat qəzeti”nin budəfəki özəl sayını “Qərbi Azərbaycan” adlandırmağımız səbəbsiz deyil. Yaşadığımız misilsiz tarix Azərbaycanın siyasi həyatında mühüm bir mərhələyə təsadüf edir. Bu, yeni tariximizin Qərbi Azərbaycan mərhələsidir. Biz ağrılarımızın Qarabağ səhifəsini üç ildir ki, qapamışıq. Yeni tariximizin Qərbi Azərbaycan mərhələsini isə mədəniyyətlə başlamaq əzmindəyik. Turan yolu da Qərbi Azərbaycandan - Zəngəzurdan keçir. Turana gedən yolda bu dəfə qılınclar deyil, mədəniyyətlər danışacaq. Çünki bu dillə danışanda hamı bir-birini anlayır. Sayat Novanın da dili belədir. Türkcə yazdıqları ermənicə yazdıqlarından daha gözəl və daha anlamlıdır. Bəlkə ona görə ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda erməni Açaryan öz məruzəsində belə bir ibrətli mülahizə söyləyirdi ki, türk dilinin erməni dili üzərindəki təsiri çox böyükdür, bəzən ermənicə elə bir cümləyə rast gəlirsən ki, bütövlükdə türk sözlərindən ibarət olur və s...
Turan yolu mədəniyyət yoludur. Andranik Zəngəzurda kütləvi qırğınlar törədəndə “Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...” deyən Hüseyn Cavid Araz Türk Respublikasının rəsmi nümayəndəsi kimi vəziyyəti anlatmaq məqsədilə Bakıya gəlmişdi. Azərbaycan hökuməti Naxçıvan və Zəngəzurda - Şərurda, Sürməlidə, Vedi-Basarda və Millistanda qaçqınlara və zərərçəkmişlərə yardım məqsədi ilə bir milyon manat vəsait ayırmış və məbləğin ünvana çatdırılmasından ötrü Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski Tomsondan tərkibində Hüseyn Cavidin də olduğu nümayəndə heyəti üçün təhlükəsizlik qarantı almışdı..
Qərbi Azərbaycan torpaqları hələ ermənilərə verilməzdən 3 il əvvəl, yəni 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin parlamentində Zəngəzurdan seçilən deputatlarımız vardı... Erməni əsilli deyil, türk əsilli deputatlar. İkinci Qarabağ savaşından sonra əsgərimiz Azərbaycanın öz ərazisində dayanıb Sarı dolama səmtinə baxanda, Amerikadan Nensi Pelosi İrəvana gəlib “Yazıq” erməni “xalqı” üçün göz yaşı tökdü. Siyasətdə, ideologiyaların fitrətində yəqin ki, həsrət amili olmur, ədəbiyyatda isə həsrət mədəniyyət faktıdır... Daha doğrusu, həsrət böyük mədəniyyəti yaradan amildir. Əsgərimizin Zəngəzur səmtində Sarı dolamanı axtarması Vətən həsrətinin doğurduğu mədəniyyətdir. Nensi Pelosinin göz yaşları bu mədəniyyəti anlamaz... Özü də bizim Zəngəzura, İrəvana, Dərələyəzə, Göyçəyə həsrətimiz sıradan həsrət deyildir, tragik həsrətdir. Qələm dostum Arif Buzovnalı 2 il əvvəl Şuşada Vaqif günlərinin tribunasında Zəngəzuru əruz ölçüsündə, daha doğrusu, belə demək mümkünsə, əruzun sərbəstində danışdırdı və oxuduğu “Zəngəzurdan məktub” şeiri ilə Azərbaycanın bütövlük həsrətini Şuşanın və Zəngəzurun timsalında şeirləşdirdi:
Gözün aydın, Şuşa, sən azadsan,
Ana yurdun qucağında sevilən övladsan.
Mənsə, səndən Vətənin ətrin alan Zəngəzuram,
Düz yüz il gözləri yollarda qalan Zəngəzuram.
O gün olsun, qara bəxtim Qarabağtək gülsün,
O gün olsun, mənim üçün Vətən açsın meydan.
O gün olsun ki, silib göz yaşımı,
Məni öz qoynuna alsın anam Azərbaycan!
Bütün problemlərimizin və faciələrimizin, elə Qarabağla, Qərbi Azərbaycanla, quru yolları hələ də erməni işğalı altında qalmış Naxçıvanla, Qərbi Zəngəzurla, zəbt olunmuş İrəvanla bağlı ağrılarımızın təməlində Arif Buzovnalının şeirindəki bu böyük həsrətin kədəri dayanır. Ədəbiyyatın başlıca missiyası Vətən yaratmaqdır. Həsrətsiz Vətən olmur...
... Turan bu gün mədəni xəyaldan siyasi gerçəkliyə çevrilməkdədir. Qarşıdan Azərbaycanda prezident seçkiləri gəlir. Milli tariximizin ən məsul dövründəyik. Budəfəki seçki fevral ayına təsadüf edəcək - Turan düşüncəsini ilk dəfə siyasi gündəmə gətirən Əli bəy Hüseynzadənin doğum tarixinə. Seçkilər ərəfəsində böyük mütəfəkkirin 160 yaşı tamam olacaq... Bu gün Turan yolunda Azərbaycana onun ideyaları çox lazım oldu: “Menşikov, Maqda Neyman, Çerevanski, "Mşak", "Arşalyus" və sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!..”
Turan romantik idealları gerçəkləşdirməklə hasilə gəlir.
Turan məfkurəsinin qurucusu Əli bəy Hüseynzadənin 170 illik yubileyinə - Bakıdan İstanbula XXI yüzilin mədəniyyət yoluyla - Zəngəzur yoluyla getmək hamımızın arzusudur...
27 dekabr 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!