Süleyman Əlisanın poetik dünyası - Füzuli BAYAT

Şeir nədir, epistemolojisi və ontolojisi nədən ibarətdir sualına Aristotelin "Poetika" əsərindən bu günə qədər yazılan minlərcə kitabdan, məqalədən heç biri tam cavab verə bilməmişdir. Bəziləri şeiri bütünlüklə şüur və ideyalardan ibarət bir sənət kimi mücərrədləşdirməyə meylli olduqları halda, buna paralel olaraq digərləri poetik təfəkkürün şeirdə əsas, aparıcı amil olduğunu söyləmişlərdir. Bəzilərinə görə şeir yalnız hisslərin tərənnümü olduğundan duyğu aləminin predmeti kimi həyatın gerçəklikləri orada əqli bir inikas yaratmamalıdır. Bununla da şeirin tərifini verməyə çalışanlar insan zehni ilə hissləri bir-birindən ayırırlar. Süleyman Əlisanı bir şair kimi fərqləndirən hisslə ağılı, düşüncə ilə duyğunu poetik deyimlərinə qata bilməsindədir:

 

Papaq altda kişilər var,

Papağı başından baha.

Papaq altda kişilər var,

Qalmayıb dözümü daha.

 

Papaq altda kişilər var,

Dörd əlli tutub dünyanı.

Papaq altda kişilər var,

Çırtma vursan çıxar canı.

Süleyman Əlisanın poetik yaradıcılığını iki müstəvidə dəyərləndirmək olar: 1) lirik duyğuların tərənnümü, 2) yaşadığı dünyanın ziddiyətlərini bir az cəsarətlə, bir az üstüörtülü, bir az da imalarla təqdim edən ictimai məzmunlu şeirləri. Süleymanın şeir dünyasında doğma yerlərə heyranlıq hiss edilir. Təbiətin gözəlliyi, kəndin saflığı onun lirikasında ecazkarlaşır, estetik çalarlarla oxucuya təqdim olunur:

 

Gecənin qoynunda təbəssüm saçır,

Bir cüt təzə çiçək, bir cüt tər çiçək.

Sizə gəlməmişdən hələ elçilər

Bu gecə yuxuda şərbət içəcək.

Ətirli, çiçəkli bu yaz gecəsi

Xınalı, sonalı bu yaz gecəsi

Yoxdur ürəyimdə bir umu-küsü...

 

Bu şeirlərdə insanla təbiətin assosisiativ yaxınlığı, birinin digərinin qaynağı olması, bir-birini tamamlaması sadə bənzətmələrdə dərin məna kəsb edir:

 

Çöllər ağ geyinər təzə gəlintək

İlk qarda ilk sevgi təmizliyi var.

Üşüməz küçələr, üşüməz yollar

Sevənlər od-alov parçası olar...

 

"Çecənin içində" adlı şeirində Süleyman Əlisa arzularla dolu bir yaşamın gecənin içində də mənalı olmasını rəngli boyalarla oxucuya çatdırır:

 

Gecənin içində

Kimisə yarıtmaq istəyirəm,

Kiməsə əl tutmaq istəyirəm

Kimisə oxşamaq istəyirəm

Kiminsə

yarımçıq qalmış ömrünü

yaşamaq istəyirəm.

Ancaq gözlərimə görünməyir heç kəs,

Qulaqlarım eşitməyir bir səs.

Gecə sakit...

Mən isə tək.

 

"Dənizə yağış yağır" şeiri isə başdan başa lirizmin kövrək həyəcanı ilə doludur. Buraya "Soraq ver", "Bağışla mənu", "Dəfn olunmuş şeir", "Təsəlli" və könül ünvanlı digər şeirlərini də aid etmək olar. "Ay kimindi?" poetik sualını da Süleyman özünə və hər kəsə ünvanlayır:

 

Kimisi yol gedir Ay işığında,

Kimi könül verir, kimi nazlanır.

Bu aylı gecədə, nurlu gecədə

Qəlbim misra-misra odlanır, yanır -

Görəsən göydəki o Ay kimindi?

 

Onun duyğu dolu dünyası lirik şeirlərində daha qabarıq üzə çıxır. "İslanıram yaxın-uzaq baxışların altında" deyən Süleyman Əlisa kəndin saflıq simvolu olduğunu bilsə də, artıq zamanın təkərləri altında o yerlərin dəyişdiyini də ağrı-acıyla müşahidə edir:

 

Gözünə döndüyüm bu kəndin

qocalarını torpaq çəkir,

cavanlarını şəhər.

 

Və arxasınca verdiyi suallarla oxucunu düşünməyə, bir anlıq da olsa dərin mətləbləri əxz etməyə çağırır:

 

Ancaq özünü sındırmayır;

Təsəllisi olub yeni-yeni

doğulan körpələr.

Gözünə döndüyüm bu kəndin,

Qurbanı olduğum bu kəndin

şəhərdən nəyi əskikdir?

Xına-xına gecələrimi,

Sona-sona gözəllərimi,

Allı-güllü yazımı,

Çörəyinin duzumu?

 

Hər şair bir ağrı, bir kədər yaşayar, bu ağrını, acını ümumiləşdirir, insanlığın dərd- kədərini ağrılı şeirlərində təcəssüm etdirir. "Od parçasıyam, İçim od, çölüm od", deyən şair "Şeirsiz keçən günlərim - od. Sevincim - od, Kədərim - od, Həsrətim - od" deyir. Süleyman Əlisanın varlığını yaxan bu od onu özündən alıb başqa dünyalara götürür. Çünki onun ağrıları var, sağalmayan, sızlayan yaraları var, fərdilikdən uzaq bu bəşəri ağrıları şair fərqli-fərqli kontekstə işləyir:

 

Belə ömür olmaz atam, qardaşım,

Belə zülüm olmaz atam, qardaşım,

Bir gör mənim nəyə qarışıb başım

Məni ağır-yüngül eləmə, dünya.

 

Başqa bir şeirdə şair dərd çəkdiyini, ağrılardan bezdiyini lirik şəkildə belə dilə gətirir:

 

O od-ocaq, o söz-söhbət hanı bəs?

Ölçü, mizan, insaf, mürvət hanı bəs?

"Bu dünyanın qara daşı göyərməz" -

Allah məni dərd çəkməyə yaradıb.

 

Dəyişən dünyada baş verən hadisələrin fonunda hələ də dəyişməyən şüurun, hələ də dəyişmyən stereotiplərin qarşısında şair təəccüblənir, bu halın doğma vətəni üçün bir qaydaya çevrildiyinə çox məyus olur.Milli dərdin, milli bəlaların ehtiyatla tərənnüm edildiyi şeirlərin bəzilərinin dili, üslubu, qafiyə sistemi, poetik yükü zəif olsa da, bu şeirlər cəmiyyətin çirkinliklərini göstərdiyi üçün dəyərlidir. Bu mənada Süleyman sözü ehtiyatla, məcazla, işarələrlə deyən şairdir...

Süleyman Əlisanın bəzi əsərləri həm poetikliyi, həm bitkinliyi, həm də şeir informasiyası baxımından zəifdir. Ancaq şairin şeirlərinin çoxunda duru bir dil hakimdir. Heç bir söz göydən düşməyib, bu gün yaranmayıb, sözün cilalanması, məna yükünü tutması, məcazlaşması, simvollaşması on illər, əsrlər boyu davam etmişdir. Sözə hakim olmaq təkcə şair üçün deyil, qələm əhli olan hər kəs üçün vacibdir. Sözü düzgün, yerli-yerində işlətməmək, axıcı danışmamaq nitqin sintaksisi ilə bağlı məsələdir. Kasıblaşan dil bir gün özgə dillərin təsiri altında əriyib getməyə məhkumdur. Çünki söz ilahi mənşəlidir, Levh-i mahfuzdan gəlir. Şair, alim, ziyalı oxumaqla, mütaliə etməklə nitqini inkişaf etdirsə də, feyz-i ilahiylə sözə hakim olur. 

Danışıq dilindən, xüsusən də atalar sözündən, deyimlərdən bacarıqla istifadə edən Süleyman Əlisanın yaradıcılığı Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilir. Məsələn, "Lalələr necə də şən oynayırlar, Qardaş toyundakı bacılar kimi" bənzətməsi orijinaldır. Yaxud "Günəş də baharda murada yetib Yer, yerə salmayıb onun sözünü. Harda ki, lalələr, nərgizlər bitib Orda Günəş öpüb Yerin üzünü" - misraları da bu qəbildəndir.

S.Əlisanın təbiət lövhələri silsiləsi içində də dili duru, deyilişi səmimi olan şeirləri var, ancaq onun uşaq şeirləri daha orijinal və daha lakonik, daha səmimi təsir bağışlayır. Məsələn, balaca Nihalın suallarına - Gülnar çəpişdir, Gülnar şeytandır, Gülnar pintidir - şairin son cavabı belədir:

 

Eh, Nihalım, Nihalım

Düz deyirsən, ansaq gəl

Günah görmə Gülnarda.

Sən də elə beləydin

Gülnar boyda olanda!

 

Şairin müqəddəs bir varlığa - anaya həsr etdiyi şeirlərin bəziləri axıcı, bəziləri lakonik, bəziləri də şeiriyyətdən uzaq olsa da, hamısı səmimidir. Təbii ki, hər şairin şah beytləri ilə yanaşı, zəif misraları, güclü şeirləri ilə yanaşı zəif şeirləri də olur. Şair heç bir zaman eyni ovqatda, eyni ilhamda ola bilmir. Bu, dünyanın ən böyük şairlərinə də aiddir. Bir vətəndaş kimi Süleyman Əlisa 44 günlük müharibədə şəhid olan əsgərlərimizdən, erməni xislətindən, ikili standartdan da yazıb. Hətta onun 1941-1945-ci illər müharibəsindən bəhs edən şeirləri də var. Şair gah Çanaqqaladan yazır, gah Rəcəb Tayyib Ərdoğanı tərifləyir, gah da mövzunu dəyişib bahar duyğularını tərənnüm edir. Bir sözlə onun yaradıcılığı çoxşaxəlidir.

Və uzun poetik yaradıcılığının sonunda Süleyman Əlisa:

 

Kəlmə-kəlmə, misra-misra

Vurdum özümü odlara.

Mən hara, şairlik hara

Ömrüm elə-belə keçdi

 

- deyir.Və ya etirafın ən səmimisi olan bir şeirində iki misra olduqca önəmli görünür:

 

Nə bir şeirim var yadda qalası,

Nə bir iş görmüşəm örnək olası.

 

- desə də, bir şair duyğusu, bir şair ömrünün 65 illik hesabatında bunları görmək əsl mütəvazilik örnəyidir.Publisist, araşdırmaçı Süleyman Əlisa az şeir yazsa da, bundan sonra çox söz deyəcək, sevənlərini sevindirəcək, poeziyanın çətin yollarında əyilmədən, bükülmədən, qırılmadan irəlləyəcək. Birin ikiyə bölündüyü həqiqətini bilən şairə yaradıcılıq uğurları arzulayırıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!