Fəridə Namazova
Tarix üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi Prezident Kitabxanası,
aparıcı məsləhətçi
Bildiyimiz kimi, Hicri-qəməri təqvimində Ayın Yer kürəsi ətrafında dövr etməsi əsas olaraq götürülüb.
Bu gün işlətdiyimiz rəsmi təqvim, yəni Miladi təqvim isə Yer kürəsinin Günəş ətrafında dönməsi üzərində qurulub.
Hər il, dekabrın 22-də gün dönümü baş verir. Yer kürəsinin şimal bölgələrində görünən Günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Beləliklə, 25 dekabr ilin ən uzun gecəsi olur. Bu hal 3 gün davam edir və 25 dekabrdan başlayaraq günlər uzanmağa başlayır.
Əslində bu, Günəşin doğuşu deməkdir. Necə ki hər ay, göydə ayın ilk hilal formasında gördüyümüz gecəni, ayın ilk günü sayırıq, "ay doğdu" deyirik. Beləcə də, bu dövrdə Günəş enerji toplayaraq yeni dönəmə başlayır; bir il davam edən bir dönəmə. Bu üç gün mühüm astroloji hadisədir.
Miladdan öncə, Şimal yarımkürəsində bir çox xalqlar qədim inanclara görə, 25 dekabrı Günəş tanrısının günü kimi qeyd edirdilər. Bu günü, həm də Yeni il kimi, yeni həyatın başlanğıcı kimi, işıqlı gündüzün qaranlıq gecə üzərindəki qələbəsi kimi qeyd edirdilər. Qədim şumerlərdə, zərdüştlərdə, Mesopotamiyada, Misirdə Günəşin dönməsi günü ilin ən vacib və əsas bayramı sayılırdı. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Mazda) şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparmışdır.
Yulian təqvimi ilk dəfə İsgəndəriyyə şəhərində Misir kilsəsi tərəfindən qəbul edilir. Kilsə rəhbərliyi çox gözəl anlayırdı ki, qədim xalq adətlərini qadağan edə bilməyəcəklər. Xalqın rəğbətini qazanmaq üçün, xristianlığın yaranma tarixini, İsa peyğəmbərin anadan olma gününü günəş bayramı ilə əlaqələndirmək qərarına gəlirlər. Təqvimi tərtib etmək bir qrup astronoma həvalə olunur. Beləliklə, təqvim Günəşin illik hərəkəti üzrə tərtib edilir. Qədim romalılar 25 dekabrda "Günəşin doğuşu" bayramını çox təntənəli və şən keçirirdilər. Bu adət qədim şumerlərdən yunanlara və romalılara keçmişdir. Eramızın 337-ci ilində Roma papası Günəş bayramını nəzərə alaraq, 25 dekabrı İsa peyğəmbərin doğum günü kimi təqdim edir və xristianlığın başlanğıcı məhz bu gündən sayılır. Əslində İsa peyğəmbərin əsil doğum günü və ili məlum deyil. 1996-cı ildə Roma Papası II İohann Pavel təsdiq edir ki, İsa peyğəmbərin doğum tarixi məlum deyil və əslində Xilaskar Miladdan 5-7 il əvvəl anadan olub.
Skandinav xalqları ilin ən uzun gecəsi olan 21-22 dekabr günü şərəfinə "qışın ortası" bayramını təntənə ilə keçirərək bu bayramı "YOL" adlandırırlar (Prazdnik yolə, YOLĞ - povorot kolesa qoda) və bunu orta əsr german xalqlarının bayramı kimi izah edirlər. Lakin "YOLĞ" sözünün etimologiyasını heç kim izah edə bilmir. YOL-YIL əlbəttə ki, türk xalqlarına məxsus bir sözdür. Bu kəlmənin german xalqları ilə sıx təmasda olan hunlardan keçməsi inkaredilməzdir.
Milad bayramının əsas atributu ŞAM ağacı sayılır. Həmişə yaşıl, soyuq qışdan sonra da davam edən həyatı simvolizə edir.
Bildiyimiz kimi, İsa peyğəmbər Fələstin dövlətinin ərazisində anadan olub və isti iqlim şəraitində şam ağacının bitməsi mümkün deyil. Aralıq dənizi ətrafında yaşayan ilk xristianlar şam ağacını görməyiblər. Müqəddəs yazılarda Şam ağacının adı çəkilmir. Şam ağacının bəzədilməsi adəti ilk dəfə XVI (!) əsrdə Almaniyada peyda olur. Ağac kultu ilə bağlı belə bir fakt var: slavyan xalqlarında, almanlarda müqəddəs ağac palıd ağacı sayılırdı, yunanlarda - zeytun ağacı, finlərdə - huş ağacı. Şam ağacı, şimal xalqlarda, Tayqa meşələri ilə məşhur olan, Sibirin türk xalqlarında müqəddəs ağac sayılırdı. Şam ağacı ətrafında müxtəlif rituallar edən şamanlara ŞAMan deyilir. Murad Acının "Qıpçaq çölünün yovşanı" kitabında qıpcaqların islamdan əvvəl sitayiş etdikləri Yer-su adlı bir allahla bağlı qədim rəvayət təsvir edilir - "Yer-su dünyanın ortasında olur. Orada nəhəng bir şam bitir. Şamın yanında Ulgen - ağ saqqallı bir qoca oturur. O, insanların yanına qışda gəlir. Təbiət donanda. Ulgen şam ağacı gətirirdi, onun yanında insanlar şənlənirdi, uşaqlar qocaya kömək edirdi hədiyyələri paylamağa".
Şam ağacı ilə bağlı adətləri məhz köçəri hunların(!) Avropaya gətirməsi məntiqəuyğundur.
Azərbaycanda da ən qədim bayramlarımızdan olan, ilin ən uzun gecəsi - Çilə gecəsi 22 dekabrda qeyd olunurdu. Müxtəlif bölgələrimizdə bu gecəyə xüsusi hazırlıqlar olur, həmin gün maraqlı adətlər, mərasimlər keçirilir. Çilə gecəsindən sonra hər gün, gündüz gecədən 1-2 dəqiqə daha uzun olacaq. Bu? yeni həyatın, yeni dövrün başlanğıcı deməkdir. Bu? yeni ilin başlanğıcı deməkdir. Dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, günəşin şüaları hər kəsi bir az daha çox isidəcək. Beləliklə, Milad bayramı və Milad təqvimi ilə Yeni il bayramı tək xristian dünyasının deyil, Yer kürəsində yaşayan bütün insanların bayramıdır, ümumbəşər bir bayramdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!