"Yaşıl" və "qırmızı" ensiklopediyalar
Azərbaycan Sovet Ensiklopediyası hazırlamaq cəhdinə 1920-1930-cu illərdə cəhd göstərilsə də, baş tutmamışdı. 1960-cı illərdə görkəmli şair və ictimai xadim Rəsul Rzanın başçılığı ilə I cildin hazırlanaraq 1970-ci ildə nəşr edilməsi mümkün oldu. Qırx min tirajla, yaşıl rəngdə (bəzi mənbələrdə 20-30 min göstərilir) çap olunan ensiklopediya senzura tərəfindən ləğv edildi. Ensiklopediyanın nəşr olunmuş nüsxələri məhv edilərək yayımı yasaqlandı. 1975-ci ildə isə Rəsul Rza işdən kənarlaşdırıldı.
Baş redaktor kimi Rəsul Rza milli, tarixi dəyərlərə əsaslanmış, onun dil, etnogenez məsələlərə münasibəti isə hakim dairələrin və müxtəlif alimlərin narazılığına səbəb olmuşdu.
Ensiklopediyanın R.Rzadan sonra nəşr edilən cildlərində Azərbaycan istiqlalında, elmində, milli mədəniyyətinin təşəkkülündə rol oynamış adamların adları yox, "əmək qabaqcılları"nın, "tarla qəhrəmanları"nın "fədakarlığı" əsas yer tutdu. ASE-nin 10 cildinə yalnız ümumi nəzəri xarakterli məqalələr və ədəbi simalar haqqında qısa arayış-oçerklər daxil oldu.
Azərbaycan Sovet Ensiklopediyası üzərində iş 1966-cı ildə başlamışdı. Ensiklopediya əvvəl Azərbaycan Elmlər Akademiyasının binasında, sonradan isə Çkalov (indiki Niyazi prospekti) küçəsi-3 ünvanında, o qədər geniş şəraiti olmayan bir yerdə hazırlanırdı.
Bəs Rəsul Rza ensiklopediyada hansı məqamlara daha çox üstünlük verirdi ki, bu da sonradan narazılığa səbəb olmuşdu? 1) R.Rza Azərbaycan tarixini saxtalaşdıranlardan narazı idi. O, razılaşmırdı ki, Azərbaycan xalqı inqilaba qədər savadsız olub və inqilabdan sonra mədəniləşib; 2) R.Rza Dağlıq Qarabağda məskunlaşmış ermənilərin etnik mənşəyinin dəqiq göstərilməsini tələb edirdi. O, bu fikirdə idi ki, bu ermənilər albanlardan dönmədirlər, qalan ermənilər isə Türkiyə və İrandan köçüb gələnlərdir; 3) R.Rza bu fikri müdafiə edirdi ki, azərbaycanlılar Azərbaycan ərazisinə, haradansa, miqrasiya yolu ilə gəlməmişlər, onlar bu ərazidə doğulub məskunlaşmışlar.
O dövrdə isə Ensiklopediyada əsaslandırılan bu konsepsiyalar bəzi tarixçilər tərəfindən tənqid edilməyə başlandı.
R.Rzanın Baş redaktorluğu ilə çıxan ASE-nin I cildində verilən "Ararat" məqaləsi cəmi bir cümlədən ibarət idi və sonda belə istinad verilmişdi: "Bax: həmçinin Ağrıdağ". Sonrakı, 1976-cı ildəki Cəmil Quliyevin Baş redaktorluğu ilə çıxan I cilddə qırmızı rəngdə "Ararat" məqaləsi genişləndirilib çap olunmuşdu. R.Rzanın rəhbərliyində çıxan nəşrdə "Ararat" haqda yazılmışdı: "Türkiyə ərazisində dağ; sönmüş vulkan, SSRİ, Türkiyə və İran sərhədləri yaxınlığında, Araz vadisindədir. Anadoluda ən yüksək dağdır". 1976-cı ildə isə belə yazılmışdı: "Türkiyənin şərqində, Van gölündən şimalda, Ermənistan yaylasının orta hissəsində dağ silsiləsi".
R.Rzanın başçılığı ilə çıxan ensiklopediyanın bu nəşrindən Ermənistan Elmlər Akademiyasının alimləri də Azərbaycan KP MK-ya etiraz məktubları yazmışdılar.
R.Rza ensiklopediyasında 180 azərbaycanlı, 15 erməni adı var idi. Sonrakı ensiklopediyada 150 azərbaycanlı, 51 erməni adı yazıldı. R.Rza ensiklopediyasında 1918-ci ilin Mart faciəsinin iştirakçıları bu nəşrə daxil edilmədiyi halda, 1976-cı il nəşrində 26-ların hamısı haqqında ayrı-ayrı məqalələr, fotolar verildi.
Birinci ensiklopediyada azərbaycanlıların Ermənistanda, Gürcüstanda, RSFSR-də, Dağıstanda, Özbəkistanda, Qazaxıstanda və dünyanın bir çox ölkələrində yaşadığı konkret rəqəmlərlə göstərilirdi. İkinci ensiklopediyada isə məlumat belə yazılmışdı: "Azərbaycanlılar Azərbaycanda 3777 min (1970-ci il) nəfərdir. Xaricdə də (əsasən, İranda) yaşayırlar".
Birinci ensiklopediyadakı yazılar: "Azıx Mağarası, Azıx Kahası. Azərbaycan SSR Füzuli şəhərinin 14 km şimal-şərqində aşağı Paleolitə aid Karst mağarası. Azıx mağarasında tapılan (1968) Aşöl dövründə yaşamış neondertal adamının (SSRİ-də birinci, dünyada beşinci tapıntıdır) çənə sümüyü Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir".
"Qırmızı" ensiklopediyada isə Azıx mağarasının DQMV-nin Hadrut rayonu ərazisində yerləşdiyi qeyd edilir.
"Yaşıl" ensiklopediyada yazılmışdı: "Azərbaycan on doqquzuncu əsrin əvvəllərində Rusiya imperiyasına qatılmışdır ("Gülüstan" və "Türkmənçay" müqavilələri əsasında)".
"Qırmızı" ensiklopediyada isə "Azərbaycan tarixi - Azərbaycan Kommunist Partiyasının qurultayıdır" olaraq təqdim edilir. Bu qurultayda isə "Lenin dilində" çıxış edən dörd nəfərdən ikisi azərbaycanlı, biri rus, o biri də, mütləq erməni olurdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!