Bir daha "Sevimli şairlər silsiləsindən Nigar Rəfibəyli" haqqında - Qəzənfər PAŞAYEV

 

Dekabr ayının 15-də sayılıb-seçilən, ənənəsi olan, beynəlxalq aləmdə tanınan "Xəzər" Universitetinin "Dünya Məktəbi"ndə Xalq şairi Nigar Rəfibəylinin 110 illiyinə həsr olunan qeyri-adi ədəbi-bədii gecə keçirildi.

Ədəbi-bədii gecəni gənc müğənni Fuad Dadaşov Nigar xanımın sözlərinə bəstələnmiş "Ala gözlüm" mahnısı ilə açdı. Onun məlahətli, həzin səsi Akif İslamzadənin səsinə bənzəyirdi.

Sonra səhnəyə çıxan "Xəzər" Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı salonda toplanan tələbə və müəllimləri, Nigar xanımın ailə üzvlərini, yazıçı və şairləri, elm adamlarını, mətbuat nümayəndələrini salamladı və Nigar xanımın yaradıcılığına şairanə bir ekskurs etdi. Hamlet müəllim xüsusi vurğuladı ki, həyat yoldaşı, mərhum Nailə xanım İsayevanın ən böyük arzusu tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar haqqında portret kitablar buraxmaq idi. Şükürlər olsun ki, Nailə xanımın arzusunu reallaşdıraraq, artıq 10 kitab buraxmışıq. Onuncu kitab Nigar xanım Rəfibəyliyə həsr olunub.

Elə oradaca, "Dünya Məktəbi"nin Marketinq Departamenti tərəfindən nəfis şəkildə, zövqlə hazırlanmış kitabı xüsusi çantalarda qonaqlara hədiyyə etdilər.

Tədbirdən sonra Nailə xanımın adını daşıyan muzeydə dünyasını dəyişmiş 100-dən artıq görkəmli azərbaycanlı qadının portretlərini gördüm və Nailə xanımın arzusunun yerinə yetiriləcəyinə, portret kitabların davamlı olaraq çap olunacağına tam əmin oldum.

Yığıncaqda Nigar xanımın övladları - Anar, Fidan və nəvəsi Günel kövrək xatirələrini dilə gətirdilər.

Anar müəllim çıxışında xalq qarşısında xidmətlərinə görə Hamlet müəllimin görkəmli maarifçilərimiz Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev kimi şəxsiyyətlərin gördüyü misilsiz işləri uğurla davam etdirdiyini xüsusi vurğuladı. Anar müəllimin bunu deməyə haqqı vardı.

Təkcə "Xəzər" Universitetində mütəmadi olaraq keçirilən "Elm və Sənət Məclisi" çox mətləblərə aydınlıq gətirir.

Ədəbiyyatçılar adından çıxış etmək mənə qismət oldu. Dedim ki, uşaqlıqdan mənəvi qidam saz-söz olduğundan poeziyanı çox sevirəm. Yəqin buna görədir ki, bir çox şairlərimiz haqqında məqalələrim, Tofiq Bayram, Hüseyn Arif və Fikrət Qocaya həsr olunmuş portret kitablarım çıxıb, "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyam çap olunub. Qadın şairlərimiz arasında poeziyasını ən çox sevdiyim şairlərdən biri, bəlkə də birincisi, Azərbaycan ədəbiyyat tarixində layiqli yeri olan, xalqımızın zərif duyğulu şairə qızı Nigar Rəfibəylidir. Təsadüfi deyil ki, ən çox müraciət etdiyim, haqqında silsilə məqalələr yazdığım Nigar Rəfibəylidir.

Nigar xanımın həmişəyaşar poeziyası fikir aydınlığı, deyim tərzi, özünəməxsusluğu ilə seçilir. Hər dəfə Nigar xanımın əsərlərini yenidən vərəqləyəndə indiyə qədər duymadığım, dərk etmədiyim ovqata uyğun mənalar, çalarlar üzə çıxır. Deməli, poeziya hər yaş dövründə bir cür dərk edilir. Görünür, xalqın bütün zümrələrinin, müxtəlif sənət adamlarının poeziyaya məhəbbəti buradan qaynaqlanırmış.

Çoxlarının "bəxtəvər" deyərək, həsəd apardıqları Nigar xanımın ömür yolu daşlı-kəsəkli, ağrılı-acılı, keşməkeşli olmuşdur. O, cəmi 68 il (1913-1981) ömür sürüb.  Lakin bu illərin çoxunu qorxu-hürkü içərisində yaşayıb. Onun iztirabları 7 yaşından başlayıb. 1920-ci ildə atası - Azərbaycanın ilk ali təhsilli cərrahı Xudadat bəyi heç bir günahı olmadan, bolşeviklər suçlayaraq Bakıya etap etmiş, Nargin adasında güllələmişdilər. Ailə pərən-pərən düşmüşdü. Nigar xanımın iki qardaşından biri Rusiyaya, biri isə Türkiyəyə mühacirət etmişdi. Evləri müsadirə edilən Nigar xanım və anası Cəvahir xanım Bakıya sürgün edilmişdilər.

Bütün bunlara rəğmən, istedadı, ilhamı, mübarizliyi və bəxti sayəsində Nigar xanım həyatın dibindən çıxa bilmişdi.

O, Bakıda Pedaqoji Texnikumu, Moskvada Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsini bitirib. Xalq yazıçısı İlyas Əfəndiyev bu münasibətlə yazırdı: "...Tale təqsirsiz, məhkəməsiz güllələnmiş xalq cəfakeşi Xudadat bəyin heç olmazsa köməksiz, imdadsız qalmış o gənc qızına aman vermişdisə, demək, dünyada az da olsa, ədalət varmış".

İllər boyu səksəkədə yaşayan, depressiyaya məruz qalan Nigar xanım nəzarət altında olub; vaxtaşırı gəlib otağını yoxlayırdılar. Bir dəfə otağından "Günəş Şərqdən doğur, Şərqdən doğacaq" şeiri çıxmışdı. Sapı özümüzdən olan baltalar qriqoryanlara qoşulub Nigar xanımı ləkələmək, məhv etmək istəyirdi. İmdadsız, köməksiz gənc şairənin işdən qovulması gündəmə gəlmişdi.

Mikayıl Quluzadə Moskvadan Yazıçılar İttifaqına yazır ki, şeir onundur. Şeir Sovet quruluşuna qarşı deyil, qədim yunanların kəlamıdır.

Nə yaxşı ki, Nigar xanımın məşəqqətli ağır günlərində onun tale yolunda Rəsul Rza dayandı. Həyatdan, quruluşdan küskün olan, ürəyi nisgilli Nigar xanıma o vaxt arxa olmaq qəhrəmanlığa bərabər idi. Rəsul müəllim Sovet rejiminin tüğyan elədiyi 1937-ci ilin fevralında, hətta Nigar xanımla ailə qurmaqdan belə çəkinməmişdi.

Arxiv materialları göstərir ki, hətta 40-cı illərin 2-ci yarısında Nigar xanım və anası Cəvahir xanımın Azərbaycandan sürgün edilməsi məsələsi gündəmə gəlmişdi. Xoren Qriqoryanın imzası ilə "hakimiyyətə düşmən münasibət bəslədiklərinə görə" onların sürgün edilməsi barədə sənəd M.C.Bağırovun dərkənarı üçün masasının üstünə qoyulmuşdu. Sənəddə M.C.Bağırovun dərkənarı var: "ostavit", yəni "toxunmayın, qalsınlar".

Yığıncaqda Anar müəllim dedi ki, bir çox faciələrdə əli olan M.C.Bağırovun, nədənsə, bizim ailəmizə rəhmi gəldi.

Anar müəllimlə heç cür razılaşa bilmirəm. Necə olur ki, Rəsul Rzanın yaxın dostu Abbas Zamanovun həyat yoldaşının "pantürkist qızı" bəhanəsi ilə sürgün edilməsinə, iki körpə oğlunun yetim qalmasına M.C.Bağırovun rəhmi gəlmədi, atası "xalq düşməni" damğası ilə güllələnən, evləri müsadirə edilən, Bakıdan sürgün edilən Nigar xanım və anası Cəvahir xanıma rəhmi gəldi?

Mənə belə gəlir ki, burada Rəsul Rza faktoru az rol oynamamışdır. Bu münasibətlə "Ədəbiyyat qəzeti"ndə çap olunan "Sevimli şairlər silsiləsindən Nigar Rəfibəyli" məqaləmdə (8.07.2023) yazmışam: "Rəsul Rzanın 1944-cü ilə qədər 10 əsəri çap olunmuşdu. Azərbaycan Ali Sovetinin deputatı idi. "Əməkdar incəsənət xadimi" (1945) fəxri ada layiq görülmüşdü. Azərbaycanda "Sərbəst şeir məktəbi"nin banisi kimi məşhur idi. Bundan əlavə, şairin 1950-ci ildə işıq üzü görən "Lenin" poemasının ayrı-ayrı hissələri əvvəllər mətbuatda çap olunmuşdu.

Heç şübhəsiz, M.C.Bağırov bu tutarlı faktoru göz önünə gətirərək dərkənarda yazmışdı: "Toxunmayın, qalsınlar".

Bütün bunları düşünərək demək olar ki, Rəsul Rza Nigar xanıma, nəinki arxa-dayaq olmuş, eləcə də onun və qayınanası Cəvahir xanımın xilaskarı olmuşdur.

Nigar xanım məşəqqətli, ağır günlərini onunla eyni taleyi yaşayan gənclik rəfiqəsi, görkəmli dilçi-alim professor Nəzakət xanım Ağazadəyə həsr etdiyi şeirində real boyalarla, tarixi həqiqətə uyğun  bir intonasiya ilə ifadə etmişdir:

 

Nə ata çörəyi yedik,

Nə gördük qardaş sovqatı.

Qamçıladı bizi acı-acı

sərt üzlü yetimlik həyatı.

Ömrün çətin yollarında

bizə yar oldu Əli, Rəsul

O zamanlar bizimlə

ünsiyyət bağlamaq,

Sadə sevgi deyil,

Böyük hünər idi.

 

Onu da demək lazımdır ki, Rəsul Rzanın cəsarəti və sevgisi ona başucalığı gətirmiş, ictimaiyyət arasında qorxmazlığı, mərdliyi barədə fikir formalaşmışdı.

Nigar xanımın Rəsul müəllimə tükənməz məhəbbəti, həm də buradan qaynaqlanırdı - desək, səhv olmaz.

 

Sən olmasan, baharın,

yazın ətri olmazdı.

Sən olmasan, bir dünya

sevinc belə çox azdı.

Baharın çiçəkləri

açıb-solmasın sənsiz.

Ömrüm sənsiz olmasın,

Şeirim olmasın sənsiz.

 

Xüsusi vurğulamağa dəyər ki, yazarlar arasında Rəsul Rza ailəsi nümunəvi, örnək ailə kimi tanınırdı.

Nigar xanım, şübhəsiz, buna görədir ki, fəxarətlə yazmışdır:

 

Ömrümüzü bulaq suyu kimi saf,

Ayna kimi ləkəsiz yaşadıq.

 

Nigar xanımın poeziyası nəğmə qədər qəlbəyatandır. Çünki onun lirikası kövrək, ülvi duyğuları tərənnüm edən yüksək poeziya nümunələridir. Onun poeziyasının cazibə qüvvəsindən çıxmaq olmur. Odur ki, görkəmli bəstəkarlarımız - Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Emin Sabitoğlu və başqaları onun poeziyasından bəhrələnmiş, əbədiyaşar mahnılar yaratmışlar.

Zeynəb Xanlarovanın oxuduğu "Dağları duman alanda", Akif İslamzadənin "Ala gözlüm", Xədicə Abbasovanın "Aman ayrılıq" mahnıları belələrindəndir. Bu mahnılar içərisində Emin Sabitoğlunun sonralar, "Ala gözlüm" kimi tanınan "Neyləyim" mahnısı ən çox sevilən mahnılardan oldu.

Ədəbi-bədii gecənin aparıcısı və ssenari müəllifi, "Dünya Məktəbi"nin əməkdaşı Afaq Qəmbərova müğənnilərin ifasında bu mahnılardan nəğmə çələngi düzəltmişdi. Fərqanə Qasımova "Aman ayrılıq" mahnısını tamam yeni tərzdə oxudu. Sanki müğənni "Mənə zülm eylədi yaman ayrılıq" deyən Nigar xanımın ağrısını-acısını dilə gətirib fəryad qoparırdı.

"Dağları duman alanda" mahnısını Mirələm Mirələmov və Kamilə Nəbiyeva məlahətlə oxudular.

Müğənni Nuriyyə Hüseynova "Güllər" mahnısını yeni ürəyəyatan bir tərzdə təqdim etdi.

Mənə belə gəlir ki, ədəbi-bədii gecənin ən təsirli hissəsi videoçarxdan ekranda Akif İslamzadənin ifasında:

Ala gözlüm, səndən ayrı gecələr

Bir il qədər uzun olur, neyləyim?!

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?!

 

- misralarının səsləndirilməsi və səhnədən Fuad Dadaşovun 2-ci kupleti canlı oxuması oldu:

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yaşlı qalanda

Yasəmənlər saçın yolur, neyləyim?

 

Mən Akif İslamzadə və Rəfibəylilər nəslinin ağsaqqalı Akif Rəfibəylinin arasında oturmuşdum. Akif İslamzadənin ifasında "Ala gözlüm" mahnısını ekranda canlandıranda o, əlləri ilə üz-gözünü tutdu, göz yaşlarını saxlaya bilmədi.

Aktyor Kamran Yunis və Gülnar Əliyeva Nigar xanımın qəlbimizi oxşayan şeirlərini tarzən Vamiq Məmmədəliyevin müşayiəti ilə əsl qiraət ustası kimi oxudular.

Yeri gəlmişkən, Nigar Rəfibəylinin 100 illik yubileyi münasibəti ilə Türkiyədə ona həsr olunmuş "Ala gözlüm" adlı kitab nəşr olunmuşdu. Kitaba böyük məhəbbətlə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Ön söz yazıb. Ön sözdən məlum olur ki, yuxarıda adıçəkilən mahnılar Türkiyə radiosunda tez-tez səsləndirilirmiş. Lakin onları "Qars türküsü" adı ilə təqdim edir, müəllifi Sovet rejimindən qoruyurdular.

Ön sözdə Yaqub Öməroğlunun etirafı da səmimiliyi ilə fərqlənir: "İllər sonra, bizi başqa aləmə aparan bu mahnıların sözlərinin azərbaycanlı şair Nigar Rəfibəyliyə aid olduğunu öyrənəcəkdim. Şairənin həyatı haqqında öyrəndiklərimdən sonra o, mənim könül dünyamda kristal bir abidəyə çevrildi".

Nigar Rəfibəyli ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə "Xalq şairi" fəxri ada layiq görüldü. Ümummilli liderin xalqın istəyi ilə yenidən hakimiyyətə gəldiyi dövrdə isə, Gəncədə - Sərdar bağında abidəsi ucaldıldı. Açılışda Heydər Əliyev şəxsən iştirak etdi və Nigar xanımın yaradıcılığını yüksək qiymətləndirdi.

Ümummilli liderin çıxışından bir hissəsini veririk: "...Nigar xanım Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir. O, öz həyat yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının, atasının, anasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir... Bir ailədə üç Xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar".

Yeri gəlmişkən, ulu öndər başqa bir çıxışında "Yazıçı və şairlər bizim milli sərvətimizdir, onlar xalqa məxsusdur", - deyərək onların yaradıcılığını yüksək qiymətləndirirdi.

Burada Nigar xanımın da payı vardır.

Nigar xanımın əzablı, keşməkeşli yolunun sonu işıqlı oldu. Təsadüfi deyil ki, o, son kitablarından birini "İşıqlı dünyam" adlandırıb.

"Xəzər" Universitetinin "Dünya Məktəbi"ndə dəfələrlə vurğulandığı kimi, bu gün poeziyamızı Nigar xanımsız təsəvvür etmək çətindir. Onun poeziyası həmişəyaşar və təkrarsızdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!