Nizaməddin ŞƏMSİZADƏ
Məktub ədəbiyyatın epistolyar janrıdır. Onun müxtəlif formaları var. İnformasiya texnologiyaları mövcud olmayan qədim dövrlərdə insanlar bir-biri, qəriblikdə olan qohum-qardaşları ilə məktub vasitəsilə əlaqə saxlayırdılar. Məktub, həm də cəmiyyətləri təşkil edən ünsiyyət vasitəsidir.
Bu gün biz ədəbi-tarixi şəxsiyyətlərin məktublarından onların maraqları, müasirləri, dövrü haqqında həqiqətləri öyrənirik. Doğrudur, tarixi şəxsiyyətlərin özləri barəsində yazdıqları məktublarda müəyyən hissiyyata qapılma, subyektiv fikirlər də yer alır. Fəqət, bir də var ki, böyük ədəbi-tarixi şəxsiyyətlər, dövlətlərin - diplomatların yazdığı məktublar. Belə məktublar şəxsiyyət, onun tarixi epoxası, yaşadığı dövlətin siyasi durumu, zəmanənin ədəbi-tarixi xarakteri haqqında qiymətli məxəzlərdir. Qədim və zəngin Azərbaycan ədəbiyyatında Ə.Xaqaninin fəlsəfi məktubları, Nizaminin müasirlərinə yazdığı məktublar, M.Füzulinin Nişançı Paşaya "Şikayətnamə" kimi məşhur məktubu mütəxəssislərə yaxşı məlumdur. M.P.Vaqifin və ustad Aşıq Ələsgərin şeirlə yazılmış poetik məktublaşmaları sənət nümunələridir.
XIX əsrdə maarifçi filosof və dramaturq M.F.Axundzadənin müasirlərinə yazdığı məktublar, S.Ə.Şirvaninin oğluna və milli mətbuatımızın banisi H.B.Zərdabiyə poetik məktubları, XX əsrdə N.Nərimanovun V.İ.Leninə məşhur taleyüklü məktubu və s. qiymətli ədəbi, fəlsəfi-publisistik mənbələrdir. Xüsusilə, maarifçilik dövründə məktub - epistolyar janr tarixi əhəmiyyət kəsb etmişdir. XVIII əsr Fransa maarifçilərinin - Russonun, Volterin, Didronun epistolyar əsərləri Avropa maarifçiliyinin fəlsəfi əsasını təşkil edir. Məktublar, səyahətnamələr, Şərq-Azərbaycan ədəbiyyatının cünkləri, tənqid risalələri, çoxlu sayda təzkirələr bədii ədəbiyyatın yerliyini - ədəbi - tarixi müstəsisini təyin edən məxəzlərdir...
M.F.Axundzadənin müxtəlif formatda məktubları, xüsusən, Şərq ictimai-tarixi fikrini, müsəlman əxlaqını, fanatizmi, xurafatı, mövhumatı kökündən sarsıdan məşhur, fəqət, kommunist ideologiyası nəticəsində hələ də həqiqi, obyektiv, layiqli elmi-fəlsəfi dəyərini almamış "Kəmalüddövlə məktubları" traktatı dünya maarifçilik fəlsəfəsindən, xüsusən, möhtəşəm fransız maarifçiliyindən qaynaqlanmış əsərlərdir. M.F.Axundzadənin çoxcəhətli yaradıcılığının mühüm hissəsi olan məktubları bir neçə mövzu üzrə təsnif etmək olar:
1. M.F.Axundzadənin həyatı, mühiti, mənşəyi - şəcərəsi və taleyini əks etdirən məktublar.
2. Ərəb əlifbasını dəyişmək uğrunda çətin mübarizəsini göstərənlər.
3. M.F.Axundzadənin maarifçi görüşlərini səciyyələndirən məktublar: maarifçi realizm.
4. M.F.Axundzadə və Rusiya münasibətlərini əks etdirən məktublar.
5. "Kəmalüddövlə məktubları" - tarixi-fəlsəfi əhəmiyyəti.
Əlbəttə, belə təsnifat şərtidir, M.F.Axundzadənin məktubları çoxşaxəlidir, bəzən yığcam bir məktubda çox əhəmiyyətli məsələlərə toxunulur.
Maarifçi ədibin məktublarında qoyulan birinci məsələ onun mənsubiyyəti, müasirləri, mühiti və şəxsiyyəti haqqında da fikirlərdir. Bunlar digər məktublardakı və ümumən onun yaradıcılığındakı həqiqətlərin açarıdır. "Kolopel Mirzə Fətəli Axundovun özü tərəfindən yazılmış bioqrafiyası - yəni tərcümeyi-halı"nda ilk cümlə belədir: "Mənim atam Məhəmməttəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur" (Mirzə Fətəli Axundov. Əsərləri üç cilddə, III cild. Bakı, Elm, 1988, s.265. Qeyd sitatlar bu cilddən, yalnız səhifə göstərilməklə veriləcək). 1811-ci ildə ticarət məqsədi ilə Xamnə qəsəbəsindən Şəkiyə gələn Mirzə Məmmədtağı Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənir və 1812-ci ildə bu izdivacdan Mirzə Fətəli dünyaya gəlir. Onun özünün yazdığı kimi, məntə və mənsubiyyətlə fars olması ziddiyyətlidir. 1845-ci ilin oktyabr ayında "Əlahəzrət imperatorun canişini" tərəfindən verilmiş "Şəhadətnamə"də deyilir. "Onun (yəni M.F. Axundzadənin!) nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar". Qeyd edim ki, XIX əsrə qədər türklər "türkmən" adlandırılırdı. Sual olunur: hansına inanaq: M.F.Axundovun özünə, yoxsa, Qafqaz canişininin verdiyi rəsmi Arayışa? "Hələlik bir yanda qalsın bu sual" (S.Vurğun) 05 iyun 1858-ci il tarixində Tehrana Hüseyn Nizamüddövləyə yazdığı məktubunda (qəribə) belə bir qeyd var: "Mən darül-xilafeyi Tehranda bir kəsi tanımıram. Sizin cəlal sahibinizlə də üz-üzə gəlib tanış olmamışam. Amma eşitmişəm ki, cənabımız Müqəddəm elindənsiniz. Mən də ata və ana tərəfdən müqəddəməm"... Ümidvar olduğumu bildirirəm ki, cəlal sahibi olan cənabımız ellilik təəssübü ilə mənim tərəfimi saxlayacaq" (s.66-67).
Yeri gəlmişkən, bir qeyd də verməliyik: "Mirzə Fətəlinin anası Nanə xanımın ulu babası zənci olmuşdur. M.F.Axundzadənin anası Nanə xanımın nəvəsi - Nisə xanımın qızı Mahmənzər Qacar yazır: "Anamın deyiminə görə, bizim şairlərimizin də rus şairi Puşkin kimi qanında zənci qarışığı varmış, onun anasının ulu babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə vergi toplamaq üçün göndərilmiş Müzəffər adlı bir zənci imiş" (M.Qacar. Mirzə Fətəli haqqında xatirələr. "İnqilab və mədəniyyət" jurnalı. 1928, №3, s.15). Bəlkə də o "Puşkinin ölümü haqqında Şərq poemasını bu "qohumluğa" görə yazmışdı. M.F.Axundzadə öz məktublarının əhəmiyyətini hamıdan yaxşı bilirdi. Mirzə Melkum xana (yaxın dostu və Türkiyə ermənisi idi!) 8 iyun 1871-ci il tarixli məktubunda yazırdı: "Mənim bütün məktublarımı əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın ki, biz öldükdən sonra gələcək nəsillər üçün tarixi və əntiqə sənədlər olacaqdır" (s.180).
13 övladı olan, lakin övladları bir-birinin ardınca vəfat edən Mirzə Fətəli bunun iztirabı ilə bərabər - cavanlığında ehtiyac içərisində yaşamış, buna baxmayaraq böyük iradə sahibi kimi Yeni əlifba layihəsini və "Kəmalüddövlə məktubları" fəlsəfi traktatını çap etdirmək uğrunda ömrünün sonuna kimi, yorulmadan mübarizə aparmışdır.
O, Qafqaz canişini idarəsində Şərq dilləri üzrə mütərcim işləyirdi və bu işindən çox razı idi. Lakin Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi müşavir və kavaler Mixail Pavloviç Şerbininə məktubunda yazırdı: "Qalan maaşım 12 başdan ibarət olan ailənin ən aşağı səviyyədə yaşaması üçün zəruri ehtiyacımı ödəmir.
Maddi vəziyyətimin qeyri-kafi olması məni bir ucdan borca düşməyə məcbur edir, səhhətimi pozur və məni, hətta bir çox faydalı işlərlə məşğul olmaq imkanından məhrum edir" (s.49). Tarixdə heç bir dövlətdə, heç zaman şairlər, alimlər, rəssamlar, bəstəkarlar yaxşı yaşamayıblar, ehtiyac içində yaşayıb, əzabla ölüblər (indi mənim vəziyyətim də belədir - N.Ş.).
"Tatarlar (azərbaycanlılar) başqa mütərcimə əyilməzdilər, ancaq onların mənə yolu var idi" (s.51). Elə buna görə 1834-cü ildə ikinci atası saydığı Axund Hacı Ələsgər rus sərdarı Baron Rozenə ərizə verib, onu Şərq dilləri üzrə asanlıqla mütərcim işinə qəbul etdirə bilir. Axundzadə Baron Rozeni (Qafqazı işğal etmiş vəzifəli rus məmurunu!) "mələk sifətli" adam hesab edir. Dolayısı ilə M.F.Axundzadə türkləri rus siyasətinə boyun əymək üçün hazırlayırdı... (bu barədə sonrakı yazılarda - N.Ş.) Vəziyyətinin çətin, faciələrlə dolu olmasına baxmayaraq (uşaqlarının vaxtsız vəfatı, maddi ehtiyaclar, düşmənlərinin ona böhtan atması və s!) o, gələcəyə böyük ümidlərlə yaşayırdı.
"Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb bunların əmrlərinə tabe olam. Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam... bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil minlərcə dəfə halımıza heyflənərək, bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin üzərinə heykəllər qoyacaqlar" (1871-ci ildə yazılmış məktub. s.170). Yusif xana məktubunda (1871. 8 iyun) əminliklə belə yazırdı: "Bir vaxt gələcək ki, qəbrimizin üzərinə ziyarətə gələcəklər" (s.174). Fəqət, zaman keçdikcə M.F.Axundzadənin ümidləri tədricən öləziyir, Mirzə Melkum xana 1870-ci il 27 dekabr tarixli məktubunda oxuyuruq: "Kaş anadan doğulmayaydıq! ...müasirlərimin vecsiz olması nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm" (s.150).
Bir qədər sonra Mirzə Melkum xana daha qəzəblə və sərt bir şəkildə yazır: "Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın. Barı, qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda ("Kəmalüddövlə məktubları" ilə bağlı!) nə qədər zəhmətlər çəkmişik, lakin səylərimiz heç bir nəticə verməmişdir. Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər. Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirlərimiz olan bu eşşəklərdən əmələ gələcəkdirlər" (s.244).
Qayıdaq, əvvəldə qoyduğumuz suala - nəsil mənsubluğu məsələsinə. Zərdüştlərin Tehranda yaşayan rəhbəri (əziz dostum) Manukri Sahibə 29 iyul 1871-ci il tarixli məktubunda belə fikirlər yer alır: "Siz bizim babalarımızın yadigarısınız. Qoy, bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq. İran bizim vətənimizdir.
Mən özüm, zahirən, türk olsam da, əslim farslar nəslindənəm. Ulu babam Hacı Əhməd Rəştdən gəlib" (s.182-183).
Dəfələrlə özü tərəfindən söylənilmiş (və yazılmış) bu fikirləri oxuyandan sonra türklərə və türk ədəbiyyatına M.F.Axundzadənin - bu "zahirən türk"ün münasibətinin həqiqi mənasını başa düşmək olar: "Bahar surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimdən şair olmayıbdır. Füzuli şair deyil və xəyal atında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır" (M.F.Axundov. Əsərləri, üç cilddə, II c. Bakı. Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı. 1961, s.203). Sitatı artırmaq da olardı. Lakin misal verdiyimiz parçanın birinci cümləsindəki ədalətsizlik heyrət doğurur. Tutaq ki, Füzuli deyil, Xaqani, Nizami, Rumi, Yunus Əmrə, Əhməd Yasəvi, Nəsimi, Nəvai, Vaqif... bunları necə inkar etmək olar?! Belə qəribəliklər əcnəbi ədəbiyyatların tarixində də olub. Məsələn, dahi Lev Tolstoy U.Şekspiri dramaturq hesab etmirdi və yaxud böyük tənqidçi Pisarev A.S.Puşkini şair saymırdı. Bu nədir, dahinin dahiyə qısqanclığı? Bəlkə də...
Paradoksal deyilmi, türkçülüyün atası Ziya Göyalp onu "iki böyük türkdən biri" adlandırırdı. M.F.Axundzadə, həm də müsəlman şərqçiliyinin rəsmi təsliminə bəraət qazandıran adamlardan biri idi. Biz gəncliyimizdə - XX əsrin 80-ci illərində, həm televiziyadakı bir çıxışımızda, həm də məqalələrimizdə M.F.Axundzadənin 4 günahını zikr etmişdik:
1. Ərəb əlifbasını dəyişməklə Azərbaycanı Şərqdən ayırmaq.
2. İslam dininin əsaslarını sarsıtmaq.
3. Türk ədəbiyyatını, xüsusən, Füzulini şair hesab etməmək.
4. Azərbaycan ədəbiyyatına Avropa dram və roman modelini gətirmək.
Bunlar, əlbəttə, M.F.Axundzadənin yox, bizim totalitar sovet ideologiyasının təsiri altında olan, təhsil olan gənc alimin səhvləri idi. Bir də, bu yanlışlıq bizim Avropa - xristian təlimlərinə, xüsusən, erməni (daşnak) Qriqorian kilsəsinə mənfi münasibətimizlə bağlı idi.
Mən o zaman M.F.Axundzadəni yaxşı oxumamışdım. İranın Tiflisdəki konsulu Əli Xana məktubunda yazır: "Bəlkə də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar... Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm". M.F.Axundzadə onu islam dininin düşməni kimi başa düşənlərə "Kəmalüddövlə məktubları"nda dini yox, mövhumatı, xurafatı tənqid etdiyini deyirdi.
M.F.Axundzadə öz xalqını, millətini çox sevib. Öz xalqını sevən adam onun dinini tənqid edə bilməz. "Xalqımın vəziyyəti elədir ki, onu düşündükcə insan ağlamaq istəyir... Mən xalqın elə bir üzvüyəm ki, fikrimi xalqa çatdırmaq üçün davat və qələmimdən başqa heç bir şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm" (Maarif nazirinə məktub. s.108).
Təbii ki, məktublarda ən qabarıq görünən M.F.Axundzadənin öz portreti, öz obrazıdır. O özünü, həm zahirdən, həm də daxildən təsvir (və tərənnüm!) edir. Mirzə Yusif xana avqust 1869-cu il tarixli məktubunda belə sətirlər yer alır: "Siz bilirsiniz ki, mən şər-şür adam deyiləm, lakin əgər bir nəfər hörmətimi saxlamayıb özünü mənim qarşımda Əbdürrəsul xan kimi ədəbsiz göstərərsə, mən ona nifrət edərəm və haqqında pis danışmaqdan özümü saxlaya bilmərəm" (s.130).
M.F.Axundzadə elə həmin məktubda özünü tənbəl adlandırır: "Nə fayda ki, başımda çoxlu coşqun fikirlər varsa da, onları yazmaq işində tənbələm və özüm də öz tənbəlliyimdən şikayətçiyəm" (s.131). Cəllaləddin Mirzəyə 15 iyun 1870-ci il tarixli məktubunda öz vəziyyətini şərh edərək yazır: "Bu ilin səfərül müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi... tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dolaraq oturmuşam" (s.141).
Elə bu məktubunda böyük ədib dil haqqında gözəl bir xətt yazır: "Dünyanın ən şirin dillərindən olan dilimizi ərəb dilinin istilasından azad edəydilər". Bu adi adamın yox, dilə vaqif olan, əsərlər yaradan ədibin fikridir.
Məktublarının birində, hətta öz məzhəbi barəsində də yazıb: "Cəlal sahibi olan cənabımızın hüzurunda ərz edirəm; Mən şiə məzhəb müsəlmanlardan biriyəm... Böyük Rusiya dövlətinin torpağına gəlib, Şəki şəhərində sakin oldum" (s.114).
Bu iki mənfi ştrixlə də böyük mütəfəkkir və dramaturq, Azərbaycan maarifçi realizminin banisi M.F.Axundzadənin portret cizgilərini tamamlayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!