Sazlı, sözlü, söhbətli Şəki - Abuzər BAĞIROV

Kamil Fikrət oğlu Adışirinovun "Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər)" mövzusunda doktorluq işilə bağlı mülahizələrim

 

Məna və məzmunca bir-birinə çox yaxın olan, əslində bir-birindən törəyən, eyni koloriti, mentaliteti özündə cəmləşdirən ədəbi məclis, ədəbi məktəb və ədəbi-mədəni mühitlər hər hansı milli ədəbiyyat üfüqünün genişliyini, əlvanlığını, zənginliyini şərtləndirirlər. Yeni və ən yeni dövr dünya ədəbi-nəzəri fikir tarixində bu anlayışların fəlsəfi mahiyyəti, məğzi, onların daşıdıqları funksional ağırlıq incəliklərinə qədər araşdırılıb aşkarlanıb, layiqincə qiymətləndirilib. Müxtəlif səpkili ecazkar bədii mətnlərin (bədii əsərlərin!) yaranmasında bu üç vəsilənin göstərdikləri əvəzsiz xidmətlər müasir zəmanəmizdə də qeyd-şərtsiz təsdiqlənir, məxsusi vurğulanır.

Zaman-zaman eyni ədəbi məclisdə iştirak edən, eyni ustaddan (yaxud eyni ustadlardan!) dərs alan bir qrup bədii istedad sahiblərinin cəmi əvvəl-axır ədəbi məktəb halında formalaşır, genişlənərək sonucda bəlli bir ədəbi-mədəni mühit yaradırlar. Məlumdur ki, Azərbaycanın bir sıra bölgələrində hələ lap qədimlərdən  qüdrətli ədəbi-mədəni mühitlər mövcud olmuşdur: VII-XI əsrlərdə Təbrizdə, Marağada, Zəncanda, Ərdəbildə, Mosulda, Kərkükdə uzun illər ərəbdilli türk kökənli Azərbaycan şairlərindən Müqlyasi Marağalı, Barakaveyx Zəncanlı, İsmayıl Yassaroğlu, Musa Şəhavət, Əbülabbas əl-Əma, Mənsur Təbrizi, Xətib Təbrizi, Məsud Namdarın; XI-XII əsrlərdə Gəncə və Şamaxıda farsdilli Xorasan Azərbaycan ədəbi məktəbinin yaradıcıları və davamçılarından Əbulüla Gəncəvi, Məhsəti xanım Gəncəvi, Qivami Mütərrizi, Ustad Əbubəkr Xosrovoğlu, Nizami Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddin Şirvani, Xaqani Şirvaninin; XIX əsrdə Tiflisdə və Qarabağda Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mirmöhsün Nəvvabın fəal iştirak etdikləri qüdrətli ədəbi-mədəni mühitlər ədəbiyyat tariximizin şanlı səhifələridir, daim araşdırılmağa, öyrənilməyə, yüksək səviyyədə təqdimə-təbliğə layiqdirlər. Amma unutmayaq ki, o taylı-bu taylı, quzeyli, güneyli ədəbiyyatımızın zənginləşməsində adlarını çəkdiyimiz nəhəng ədəbi-mədəni mühitlərlə yanaşı, bütöv Azərbaycanımızda sistemli şəkildə tədqiq edilməli digər bədii söz sənəti ocaqları da az deyildir.

Bu yönümdən yanaşanda iddiaçı Kamil Fikrət oğlu Adışirinovun sevimli Vətənimizin qədim yurdlarından biri olan Şəki ədəbi-mədəni mühitinin 115 il ərzində (1900-2015-ci illər) Azərbaycan ədəbiyyatının inkişafındakı ədəbi töhfələrini tədqiqata cəlb etməsi təqdirəlayiq və sevindirici elmi hadisədir. Müdafiəyə təqdim olunan dissertasiya işi əhatəli "Giriş"dən, materialın müvazi bölgüsünün tarazlığı gözlənilən dörd fəsildən, tədqiqat prosesində əldə olunmuş elmi qənaətləri qabarıq şəkildə bir daha nəzərə çatdıran səkkiz bəndlik yığcam "Nəticə"dən və əsasən, səliqəli tərtibatla hazırlanmış "İstifadə edilmiş ədəbiyyat" siyahısından ibarətdir.

"Giriş"də iddiaçı mövzunun aktuallığını müfəssəl və inandırıcı şəkildə əsaslandırmış, onun işlənmə dərəcəsinin xronoloji mənzərəsini göstərməyə çalışmış, mövzuya aid bir çox mövcud elmi-nəzəri tədqiqatlara diqqət yetirmiş, bu işləri müstəqillik dövrünün tələblərindən irəli gələn yeni yanaşmalar baxımından qiymətləndirmiş, üz tutduğu mənbələrə aydın mövqe bildirmiş, təqdirlə bərabər, yeri gəldikcə, tənqidi fikirlərini söyləmiş, ədəb-ərkanlı polemikaya girişmiş, yeni qənaətlərini ortaya qoymuşdur. Dissertasiya müəllifi ədəbi məclislər, ədəbi məktəblər, ədəbi-mədəni mühitlər haqqında dəyərli tədqiqatlar aparmış müqtədir ədəbiyyatşünaslarımızdan - akademik İsa Həbibbəyli, professorlar Abbas Hacıyev, Asif Rüstəmli, Alxan Bayramoğlu, Bədirxan Əhmədov və digərlərinin əsərlərini diqqətlə izləmiş, mövzunun hərtərəfli və sanballı işlənməsində onlardan səmərəli bəhrələnmişdir.

Tədqiqatın obyekti və predmeti düzgün təyin edilmiş, Şəki ədəbi-mədəni mühitinin Azərbaycan ədəbiyyatının inkişafındakı konkret rolu aydın göstərilmiş, dissertasiyanın məqsəd və vəzifələri elmi-nəzəri baxımdan yüksək səviyyədə aşkarlanmış, qoyulan məqsədə çatmaq üçün 1900-2015-ci illər ərzində yaranmış bədii nümunələr və faktoloji materiallar əsasında sözügedən ədəbi-mədəni mühitin parlaq inkişaf yolu, mərhələ və problemləri yetərincə tədqiq olunmuşdur. Qeyd etmək lazımdır ki, müəllifin gəldiyi qənaətlərin nəzəri səviyyəsinin inandırıcılığı onun məqsədinə tam şəkildə nail olduğunun əyani təsdiqidir. Tədqiqatın metodları da düzgün seçilib və uğurlu nəticələrin hasilinə xidmət edir: tarixi-xronoloji, tarixi-müqayisəli, analitik-tipoloji, ideya-bədii təhlil üsulları. Müdafiəyə on müddəa çıxarılmış və dissertasiyadan bu müddəaların hamısının tədqiq olunub yerinə yetirildiyi aşkar görünür. Tədqiqatın elmi yeniliyi altı bəndlə qeyd edilib və bu yeniliklərin, həqiqətən də, mətnin ümumi məzmunundan ortaya çıxdığı göz önündədir. Dissertasiyanın nəzəri-praktiki əhəmiyyəti də ümidverici və inandırıcıdır: milli ədəbiyyatımızın tarixini öyrənərkən, regionlarımızda mövcud olan ədəbi-mədəni mühitlərimizi, bütövlükdə bədii söz xəzinəmizi zənginləşdirən önəmli vəsilələr kimi dəqiqliklə araşdırmaq, onların təşəkkül və inkişaf mərhələlərini tədqiq etmək, elmi-nəzəri və ideya-estetik problemlərini üzə çıxarmaq istəyən hər bir tədqiqatçı üçün faydalı ola bilər.

Dissertasiyanın "Şəkidə ədəbi-mədəni mühitin formalaşması və inkişafı" adlanan dörd paraqrafdan ibarət I fəslində öncə, el aşıqlarından geniş və səriştəli söhbət açılır, Şəkidəki sənətkar aşıqlar haqqında geniş icmal xarakterli bilgilər təqdim olunur, aşıq ədəbiyyatı tariximizdə məxsusi yeri olan Aşıq Molla Cümənin həyat və yaradıcılığının qaranlıq məqamlarına təcrübəli araşdırıcı tərəfindən işıq salınır, söz sərrafı barədə bir sıra yeni faktlar inandırıcı mənbələrə istinadən ədəbi-elmi arenaya çıxarılır. Sonra XX əsrin əvvəlindən başlayan və Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha vüsətli inkişaf yolu keçən Şəki ədəbi-mədəni mühitinin təhlilində müəllifin ədəbi-bədii qaynaqları dəyərləndirməsində nümayiş etdirdiyi nəzəri-estetik prinsiplər araşdırılan məsələlərin elmi aktuallığını üzə çıxarmağa əsaslı yardım göstərir. Üçüncü və dördüncü paraqraflarda "Qızıl Qələmlər Cəmiyyəti"nin Şəki  şöbəsinin, "Səbuhi" ədəbi məclisinin, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin fəaliyyətlərindən bəhs edilir, tədqiqat materialları sistemləşdirilərək nəzəri cəhətdən saf-çürük edilir, yeni müstəqillik dövrü prizmasından qiymətləndirilir, elmi dəyər verilir. Burada doktorantın mövzu ilə bağlı geniş və dərin hazırlığa malik olduğu, çoxdan bu materiallar üzərində işlədiyi aydın görünür. Onun belə yüksək nəzəri səviyyəli tədqiqat aparmaq bacarığı təqdirəlayiq və sevindirici haldır. Yeri gəlmişkən, uzun illərin müşahidəsinə, arayıb-araşdırdığım saysız-hesabsız bu qəbil elmi, nəzəri məqalə, monoqrafiyalardan hasil etdiyim qəti qənaətimə söykənib, bir məsələ üzərində məxsusi dayanmaq istərdim. Deyəcəyim mətləblər ədəbi məclislər, ədəbi məktəblər və ədəbi-mədəni mühitlər haqqında yazan ədəbiyyatşünasların qarşılaşdıqları şərtlərin, öhdəsindən gəlməli olduqları problemlərin heç də hamısı deyil. Bu sahəyə üz tutan alim eyni zamanda bir sıra elm sahələrinə dərindən bələd olmalı, məktəb, məclis, mühitlərin formalaşdığı ictimai-siyasi, iqtisadi, coğrafi, tarixi şəraitlərdən baş çıxarmalı, həmin dövrlərdə milli-mədəni inkişafın səviyyəsini, milli psixologiyanın, milli ruhun durumunu düzgün müəyyənləşdirməyi dəqiq bilməli, Böyük Ədəbiyyatın təşəkkülündə və inkişafında hər zaman əhəmiyyətli vəsilə rolunu oynayan belə birlikləri araya-ərsəyə gətirən çoxsaylı yaradıcı şəxsiyyətlərin bioqrafiyalarını xırda nüanslarına qədər öyrənməli, həmin sənətkarların yaratdıqları bədii söz nümunələrini, elmi, nəzəri əsərlərini, xülasə, bütöv yaradıcılıqlarını küll halında tədqiqata cəlb etməyi, sistemləşdirməyi, ümumiləşdirib elmi nəticələrə gəlməyi bacarmalıdır. Şükürlər olsun ki, milli ədəbiyyatşünaslığımızda bu çətin, amma şərəfli qədirşünaslıq işinin öhdəsindən gələn alimlərimiz çoxdur. Amma mən bu sahənin bir neçə ustad korifeylərinin adlarını çəkməklə kifayətlənəcəm: Firidun bəy Köçərli, Əziz Şərif, Abbas Zamanov, Mir Cəlal, İsa Həbibbəyli.

Bəzən tədqiqat müəllifi uzun illər yaşadığı, hətta fəal iştirak etdiyi ədəbi-mədəni mühitdən yazmalı olur. Belə məqamlarda araşdırıcı, sözün müstəqim mənasında, başdan-ayağacan mövzunun içində olur, mühitin bütün incəliklərini bilir, əksər iştirakçılarını tanıyır, hamı ilə yoldaşlıq, dostluq əlaqələrində olur, təhlil etdiyi materialların çoxunun necə, nə zaman yarandığını yaddaşının çinədanında gəzdirir, müsbətini, mənfisini yetərincə xatırlayır. Belə araşdırma aparmaq qisməti nəsib olanlar gördükləri işdən xüsusi ləzzət alır, sönməz həvəslə, şövqlə, ürəklə çalışırlar, əksər hallarda yüksək nəticə əldə edir, meydana fundamental monoqrafik tədqiqat işi qoyurlar. Bəndəniz bu hissləri  "Moskva Azərbaycan ədəbi mühiti" (2017) və "Moskvadakı Azərbaycan ədəbi-mədəni mühit fenomeni" (2018) monoqrafiyalarını ərsəyə gətirəndə yaşayıb. Hazırda üzərində çalışdığım "Azərbaycanın rus ədibləri" adlı genişmiqyaslı tədqiqat işinin gedişatından da həmin xoş duyğuları yaşamaqdayam. Qayıdaq mətləb üstünə.

Sazlı, sözlü, söhbəti məzəli, duzlu Şəkinin ədəbi-mədəni mühitindən onlarca elmi məqalə yazan, bir neçə maraqlı kitab bağlayıb ("İsmayıl bəy Nakam" - 2006;  "Qədim türk-oğuz yurdu Oxud" - 2006; "XX əsr Şəki ədəbi-mədəni mühiti: I Kitab" -2015; "Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru" - 2019; "Yaqub Mahirin poetik irsi" - 2020; "Şəki ədəbi mühitində Sabir satira ənənələri" -2020) oxuculara, ədəbi ictimaiyyətə ərməğan edən dərin və geniş ədəbiyyat bilicisi, təcrübəli, zəhmətkeş tədqiqatçı, özünəməxsus şirin, ürəyəyatımlı üslub sahibi olan həmkarım Kamil Adışirinovun doktorluq işi kimi təqdim etdiyi tədqiqat əsəri də yuxarıda dilə gətirdiyim ölçüdə, biçimdə yaranıb. İddiaçı da bütün mənalı ömrünü yaşadığı, fəal müşahidəçisi, iştirakçısı olduğu doğma Şəki ədəbi-mədəni mühitinin Böyük və Bütöv Azərbaycan ədəbiyyatını zənginləşdirən sirli-soraqlı, çeşidli yollarından yazıb. Məhz bu faktor əsərə məxsusi rövnəq verir, onun uğurlu alınmasında əhəmiyyətli rol oynayır.

Tədqiqatın üç paraqrafdan ibarət "Ədəbi növ və janr əlvanlığı" adlanan II fəslində poeziya, nəsr, dramaturgiya ilə məşğul olan Şəki ədiblərinin yığcam bioqrafik arayışlarına və onların yaradıcılığından nümunələrin bədii təhlilinə geniş meydan verilmişdir. Çoxlu sayda şair, nasir və dramaturqun haqqında yalnız tezis xarakterli fikirlər söyləmək, onların ədəbi məhsullarını sistemləşdirib tədqiqat məcrasına yönəltmək, bu əsərlərin mənəvi dəyərlərinin ümumi bağlılığını müəyyənləşdirmək, ən nəhayət, elmi-nəzəri baxımdan qiymətləndirmək olduqca çətin məsələdir. Tədqiqatçının illər boyunca zərrə-zərrə topladığı peşəkarlığı bu gərgin işin məharətlə yerinə yetirilməsində ona aşkar havadarlıq etmişdir. Fəslin daşıdığı informasiya yükünün bolluğu və gözlənilməz paradiqmalarla təqdimi bütövlükdə yenilik təəssüratı yaradır, işin ümumi orijinallığını artırır. Yeri gəlmişkən, qeyd edim ki, dissertasiyada 100-dən artıq ədibin yaradıcılığı nəzərdən keçirilir, Şəki ədəbi-mədəni mühitində onların yaradıcılıq fəaliyyətləri diqqətə çatdırılır. Doktorant bu ağır işin öhdəsindən məharətlə gəlmişdir.

Üç paraqrafdan ibarət "Şəkidə teatr və mətbuat" adlanan III fəsil  məzmunca  tədqiqatın olduqca dəyərli, orijinal bölümü kimi diqqətəlayiqdir və qeyd etmək lazımdır ki, müəllif qarşıya qoyulan məqsədə tam çata bilib. Burada 1879-cu ildən meydana çıxan Şəki teatrının 136 illik tarixi  dəqiqliklə izlənib, yeri gəldikcə, bu teatrın səhnəsində tamaşaya qoyulmuş əsərlərin bədii məziyyətlərindən peşəkar teatrşünas səriştəsilə bəhs edilib, dəyərləndirilib, hətta rejissor quruluşlarına, aktyorların oyunlarına, tamaşaların rəssamlıq işlərinə, musiqi tərtibatlarına da xüsusi diqqət yetirilib. Elmi, ədəbi cameəyə az məlum olan və ya heç məlum olmayan faktların bolluğu bu fəslin dəyərini artıran amillərdəndir. Şəkinin mətbuat tarixi və publisistika sahəsində uğurla çalışan bir çox püxtə qələm sahibləri barədə də diqqətə çatdırılan gərəkli informasiyalar müəllifin uzun illər apardığı gərgin axtarışların, tədqiqatçılıq yorulmazlığının bəhrəsi olduğu fəslin ikinci, üçüncü paraqraflarından aşkar görünür.

Cəmi 35 səhifədən ibarət olan iki paraqraflı "Sənətkarlıq məsələləri: bədii dil, tipikləşdirmə, fərdiləşdirmə, ümumiləşdirmə" adlanan IV fəsil yığcamlığı, söylənən nəzəri tezislərin təsdiqi üçün verilən bədii nümunələrin qüsursuz  seçimləri, müəllifin ümumiləşdirmə bacarığının yüksək səviyyəsi, dəyərləndirmə meyarının obyektivliyi, inandırıcılığı baxımından uğurlu alınıb və Kamil Adışirinovun geniş potensiala malik yetkin bir nəzəriyyəçi-tədqiqatçı alim olduğunun əyani isbatıdır. Lakonik "Nəticə" ümumi işin əsas elmi qənaətlərini əhatə edən dolğun xülasə təsiri bağışlayır və funksional vəzifəsini yerinə yetirən mükəmməl sonluq kimi dissertasiyanı nəzəri cəhətdən tamamlayır.

Xüsusi qeyd etmək lazımdır ki, doktorantın "Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər)" dissertasiya işi elmi-nəzəri yeniliyi, müəllifin tədqiqata cəlb etdiyi faktoloji materialların hədsiz bolluğundan çəkinmədən, onları səriştə ilə sistemləşdirib ümumiləşdirərək, Şəki ədəbi-mədəni mühitinin bütövlükdə Azərbaycan ədəbiyyatını necə zənginləşdirdiyi barədə tutarlı elmi qənaətlərə gəlməsi ilə çox uğurlu əsər kimi diqqətəlayiqdir, qənaətbəxşdir. Tədqiqat işinin yetərli nəzəri səviyyəsi, orijinal elmi yenilikləri danılmaz həqiqətdir. Lakin qeyd edilən uğurlu nəticələrlə yanaşı, dissertasiyanın ümumi dəyərinə xələl gətirməyən, monoqrafik nəşr zamanı asanlıqla düzəldilə biləcək bəzi nöqsanları da göstərməyi lazım bildim. Həmin nöqsan və iradları qısa şəkildə iddiaçının diqqətinə çatdırmağı faydalı hesab etdim:

1. Mətndə bəzən üslub dolaşıqlığına, semantik yanlışlığa yol verilir: "Şəkidə söz sənətini şifahi və yazılı şəkildə bu günümüzə daşıyan aşıqların yaşaması bu məkanda aşıq mühitindən kifayət qədər söz açmağa imkan verir" (s.17) cümləsindəki bu günümüzə daşıyan əvəzinə, bu günümüzə çatdıran, bu məkanda əvəzinə isə, bu məqamda işlənsə, daha düzgün olardı. Arabir gözə dəyən belə dil xətaları mətnin rəvanlığına xələl gətirir.

2. Bəzən təhlil üçün dissertasiya mətnində istifadə edilən bədii nümunələrin həcmi lüzumsuz olaraq əndazəni aşır: Nurpaşa Hümmətovun "Sən məni tut, mən səni" (s.269) şeirinin bütün bəndlərini mətnə daxil edib, ayrı-ayrı təhlildənsə, ümumiləşdirib, yekun fikri bir bənd nümunə gətirməklə bildirmək olardı. Bu qəbil nöqsanların mətndə yer alması təəssüf doğurur.

3. "İstifadə edilmiş ədəbiyyat" siyahısında bütün müəlliflərin soyadından sonra ad və ata adlarının baş hərflərinin mütləq yazılması elmi aparatın əzəli-əbədi tərtib qaydasıdır: Əhmədova, S. (117), Əlişanoğlu, T. (121), İmanov, M. (148), Kazımov, T. (156), Qarayev, N. (161), Qarayev, M. (162), Orucəli, H. (233), Piriyeva, M. (237), Rəhimova, R. (241), Sadıqov, R. (252) və s. Ədəbiyyat siyahısında dünya şöhrətli klassiklərin ədəbi təxəllüsü kanonik qaydaya uyğun olaraq bütöv verilir: Nizami Gəncəvi, Məhəmməd Füzuli və s.

4. Zənnimcə, "Sənətkarlıq məsələləri: bədii dil, tipikləşdirmə, fərdiləşdirmə, ümumiləşdirmə"  başlıqlı IV fəsil dissertasiyanın ümumi quruluşu ilə dissonans təşkil edir, göydəndüşmə təsiri bağışlayır, hətta artıq görünür. Buradakı materiallardan əsaslı şəkildə qısaldılmış formada digər fəsillərdə ədiblərin əsərlərinə qiymət verilən zaman istifadə edilə bilər, onların sənətkarlıqları barədə daha əyani təsəvvür yaratmış olardı. Əldə olunan əlavə həcmin hesabına "Şəkidə teatr və mətbuat" adlı III fəsil iki müstəqil fəsil kimi geniş işlənsə, daha məqsədəuyğun olardı. Çünki burada müəllifin araşdırma prosesində material bolluğunun öhdəsindən gəlmək naminə hədsiz sıxışdırmaya, bəzən faktların, sadəcə, sadalanması və tezisləşdirmə üsuluna əl atdığı aydın görünür. 

Bir daha qeyd etmək istərdim ki, göstərilən iradlar işin ümumi elmi səviyyəsini qətiyyən azaltmır, amma onların düzəlişinin işin mükəmməlliyinə yardım edəcəyinə inanıram. Doktorant Kamil Adışirinovun uzun illərin gərgin zəhməti hesabına araya-ərsəyə gəlmiş tədqiqat işi yüksək elmi-nəzəri nəticələrin əldə edilməsi ilə seçilir və zənnimcə, doktorluq elmi dərəcəsi almağa tam layiqdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!