Avropanın qəzəbi - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Nə qədər ki, biz Avropanı öz beyinlərimizdə həzm etməmişik,

o qaçaqan avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq.

Əli bəy Hüseynzadə

 

Tarixən Yaxın və Uzaq Şərq Avropa üçün örnək, müdriklik mənbəyi olub. Hiyləgər Avropa Şərqdən istədiyini bol-bol alıb, Şərq elm və fəlsəfəsini mənimsəyib, dirçəlib. Qolenişev - Kütuzav "Dante i predvozrojdenis" kitabında sübut edir ki, Avropaya Renessans Şərq intibahından keçmişdir. Hətta antik Yunan mədəniyyəti, elm və fəlsəfəsi ərəb qazanında "biştikdən" sonra yenidən (xüsusilə Səlib müharibələri zamanında!) Avropaya  qayıdıb. Avropa məhz Şərq təfəkkürü sayəsində XVI əsrdən - Avropada kapitalizm meydana gəldikdən sonra (İngiltərədə çəpərləmələri yada salın!) bütün dünyaya, o cümlədən bir vaxtlar "oğurladığı" Şərqə mədəniyyət və elm nümunələri vermişdir.

Dərhal bir mülahizəni də söyləyək: Avropa həmişə Şərqə, xüsusən, qədim türk dünyasına qarşı düşmənçilik siyasəti yeridib. Bu siyasətin - işğalçı siyasətin baş qərargahı əvvəl Roma və Bizans, bir qədər sonra isə Fransa olub. 

Bəzi faktları xatırladaq; qədim türklərin, türk sivilizasiyasının beş min illik (bəzi mənbələrə görə yeddi!) bir tarixi var. Böyük türkçü Ziya Göyalpın misralarını yada salaq.

 

Sorma bana oymağımı, elimi,

Beş min ildir millət kibi yaşaram.

 

Bu, sadəcə, bir iftixar duyğulu deyil, tarixi həqiqətin bədii ifadəsidir.

Böyük Hun imperiyasının qurucusu Atilla fövqəladə bir qəhrəman idi. Az qala  bütün dünyanı fəth eləmiş və Avropaya - Vatikana gəlib çıxmışdı. Vatikanın (bura Avropanın casusluq şəbəkənin qərargahı idi. Emisarlar türk dövlətlərinə buradan göndərilirdi!). Vatikanın rəhbəri Papa onun atının üzəng\isini tuturdu. Avropalılar Atillanı "Tanrı qamçısı" adlandırırdılar. Onun qarşısını hücumla ala bilməyəcəklərini görəndə alçaq bir hiylə işlədirlər: Atillaya hədsiz gözəl bir alman qızı bağışlayırlar. Alman gözəli gecə yataqda Atillanı zəhərləyib öldürür. Heç türklərin baş şamanı belə bundan baş aça bilmir. Çünki Atillanın nəsli də onun kimi qulaqlarından qan açılıb ölmüşdülər. Ona görə nə qədər ağır olsa da qədim Türk dünyası bu ölümü təbii ölüm kimi qarşıladı. Sonradan məlum oldu ki, cazibədar alman gözəli ehtiraslı türk sərkərdəsi ilə öpüşərək ağzında saxladığı zəhəri onun mədəsinə göndəribmiş.

Yunan sərkərdəsi İskəndər Şərqi fəth edərkən Azərbaycana gəlir. Zərdüşt peyğəmbərin möhtəşəm "Avesta" abidəsini görüb, əvvəlcə onu yunan dilinə tərcümə etdirir, sonra da qısqanclıqdan (düşmənçilikdən!) onu yandırdı. İskəndər elə hesab edirdi ki, bütün dünyada yunan elmi Aristotel, Platonun əsərləri yeganə olmalıdır. Fəqət,  bu amansız fateh "Avesta"nı görüb sarsılır.

Böyük türklərdən biri İldırım Bəyazid bütün Avropanı diz çökdürmüşdü. Vatikan və Fransa, ümumi Avropanın kralları qorxudan evlərində yata bilmirdilər. Bu dəfə Fransanın hiylə (siyasət yox!) maşını işə düşür. Fransız kralı IV Kape məxfi məktublar yazaraq digər qüdrətli türk fatehtini - Əmir Teymuru Bəyazidlə müharibəyə təhrik edir və Əmir Teymur Ankara yaxınlığında Bəyazidi məğlub edib, əsir alır. Bəyazidi əsir kimi onun yanına gətirəndə qorxunc Teymur hönkür-hönkür ağlayır, törətdiyi əməldən peşman olur, aldadıldığını, səhv etdiyini başa düşür.

Çin səfərinə gedərkən qüssədən ölür. Avropa türkləri qarşı-qarşıya qoymaqla, qardaşı-qardaşa düşmən etməklə istədiyinə nail olur:

 

Avropanın hiyləsinə aldanaraq

Əmir Teymur Bəyazidin

kəsdi başın.

Sonra isə peşman olub

Tökdü göz yaşın -

qəlb yağışın.

Hiylə gəldi dalğa-dalğa,

zərbə vurdu türk adlanan

böyük xalqa.

Şah İsmayıl, Sültan Səlim

bir-birinə qılınc çəkdi

qanın tökdü.

qaldıranda məğlubiyyət

ağır oldu

Bu hadisə tarixdə bir

nağıl oldu.

 

Bu sadə və adi misralar da qətiyyən şairlik iddiasında olmayan bəndeyi - həqirimizindir. Xəyanətin üstündə öz oğlunun və qardaşının başını üzən Uzun Həsən (və "Ağqoyunlular" dövləti!)  Avropanın hiyləsinin qurbanı deyilmi?!

XIX əsrdə ruslar A.Bakıxanovu və M.F.Axundzadəni, XX əsrdə Nəriman Nərimanovu aldatdı (Bax: M.F.Axundzadənin məktubları, arvadı Tutu xanımın məktubu, N.Nərimanovun "Ucqarlarda inqilabımızın tarixinə dair" əsəri, "Leninə məktubu", N.Şəmsizadə "Estetik meyar və bədii mahiyyət" 2022)  Polkovnik A.Bakıxanov Tiflisə, çar canişin idarəsinə təzə gələn tərcüməçi  M.F.Axundzadəyə ayrılarkən demişdi: "Mənim bu günüm sənin gələcəyindir. Bunu yadında saxla". Onda Bakıxanov Şərqə, M.Fətəli isə Rusiyaya doğru gedirdi. Təxminən eyni fikri M.Ə.Rəsulzadə 1920-ci ildə Ə.Qarayevə demişdi: "Səni bolşevik qardaşların divara söykəyib güllələyəndə məni yada salarsan" M.Ə.Rəsulzadənin uzaqgörənliyi 1937-də təsdiq olundu. Aldadıldığını başa düşən N.Nərimanov "Leninə məktub da yazırdı: "Əziz Vladimir İliç! Məgər "Müstəqil Azərbaycan" sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış (!) Azərbaycan isə həm ərazilərini, həm də müstəqilliyini itirir" (Nərimanov N. Seçilmiş əsərləri. Bakı. 2004. s.466).

Bu gün Avropa ona görə qəzəblənir ki, Şərq, xüsusən türk dünyası və Azərbaycan üçün örnək ola bilmir. Xüsusilə, XVIII əsrdən üzü bəri - Fransız maarifçilərindən tutuş üç əsrdən artıqdır ki, "Məzlum Şərq", "Köçəri türklər" Avropalı "müəllimlər"nini dərslərini yaxşı qəbul etmişlər. Fransız Müsyö Jordan, Adolf Berte - Fridrix Bodoneştet Azərbaycana gül-çiçək yığmağa, şairlərimizinə sərlərini tərcümə və nəşr etməyə gəlmirdi. Bunlar hamısı bəhanə idi. Onlar Avropanın işğalçı siyasətinə şərait yaratmağa, mossonluğu yaymağa gəlirdilər.

Böyük Mirzə Fətəlinin "Əziz dostum", "Mehriban qardaşım" adlandırdığı Türkiyə ermənisi Mirzə Melkum xanı M.F.Axundovla enlə-belə "dostluq" eləmirdi. Bu gün də İstanbulda, Təbrizdə ən yaxşı xiyabanlarda (30 il əvvəl Bakıda olduğu kimi) məhz ermənilər yaşayır!?

Avropa ona görə qəzəblənir ki, Şərqdə (Müstəmləkələr), xüsusən, Qafqazda daha "at oynada" bilmir. Azərbaycan xalqı, onun qəhrəman ordusu hər günü bir ilə bərabər 44 günlük müharibədə təkcə Ermənistanı, "iti qovan kimi" qovub Azərbaycan torpaqlarından çıxarmadı, həm də Avropanı Qafqazdan "ipini kəsdi", quyunun dibinə saldı. İndi o quyuda E.Makron qışqıra-qışqıra qalıb, heç kim qulaq asmr, öz ölkəsi isə dağılır. Bir sözlə, dünya diplomatiya və siyasət arenasına Müzəffər Ali Baş Komandan kimi çıxan Prezident İlham Əliyevin bəşəri lilder olduğunu Avropa qəbul etməyə məcburdur.

O, bütün dünyada, xüsusən, doğma Türk Dünyasında və Qafqazda yeni tarixi reallıq yaratdı. Bunu Türkiyə ilə qardaşlıq və Türk Dövlətləri Təşkilatı, İslam Həmrəylik Təşkilatı, Asiya Dövlətləri Birliyi, Qoşulmamaq hərəkatı əyani olaraq sübut edir. Bunların qarşısında BMT və Amerika, YUNESKO, Avropa Şurası öz əhəmiyyətini itirib, dünya Türklərə qulaq açır. Azərbaycanı qəhrəman (və qeyrətli!) xalq kimi qəbul edib.

Müasir Azərbaycanın və Türkiyənin gündən-günə artan iqtisadi və siyasi - diplomatik nüfuzu Avropanı qəzəbləndirir. Artıq dünyada Türk amili Avropaya örnək olmağa başlayıb. İndi bəşəriyyətin "yol xəritəsi" belədir.

Alp Arslan 1071-ci il avqust ayında tarixi Malazkird döyüşündə 54 min türklə Bizans imperatoru Romeş Dnoyentin 200 minlik ordusunu məqlub edib, özünü də əsir aldı. Anadoluya türk Bayrağı sancdı, xaçı isə islam dünyasının baş qərərgahı Bağdada, xəlifəyə göndərdi. O gündən xaç dünyası türk dünyasını bağışlamır. Fürsət düşən kimi intiqam almaq istəyir. Əslinə qalsa Xaç da heç xristianların deyil, onu Avropaya türklər gətirib. (Bax: Murat Adcı "Polıi poleveskoe pole" kitabı) Türklərdə Tenqiri Günəş sifətli, fırlanan xaç günəşin rəmzi idi. Macarıstandan mançuriyaya, Sibirdən, Altaydan İtil çayı boyunca Yeni su "Yenisey" çayından Bəygölə (Baykala), Türküstandan, Orta (Mərkəzi!) Asiyadan Həmədana, Dərbənddən Göyçəyə və İrəvana, Borçalıya qədər Türk yurdudur.

Türklər bu gün dünyada 40 adla yaşayır, fəqət, onun böyük millət olaraq bir adı var: Türk, bir dövləti var: Turan! Məhz bütün bunlar (Bayraqdarın kəşfləri!) Avropanı qəzəbləndirir. Bu gün bəşəriyyət Türk dünyasından idarə olunur. "XXI əsr türk əsridir" (İlham Əliyev).

Bu, xəyal deyil, tarixi gerçəklikdir. Lakin "Xəyal (da) gerçəkliyə atılmış toxumdur" (R.T.Ərdoğan).

Mənim şuarım belədir: "Bütün dünya türkləri, birləşin!" Yolumuz budur: "Ortaq türk keçmişindən, ortaq türk gələcəyinə!". Bu yol Qızıl Almaya aparır. Azərbaycanın romantik ədibi və şairi Abdulla Şaiq  XX əsrin önlərində bəşəriyyəti İnsanlığa səsləyirdi: "Həpimiz bir Günəşin zərrəsiyiz" Hamımızın ulu əcdadı birdir: Həzrəti - Adəm!

 

Həpimiz bir yuva pərvərdəsiyiz!

Həpimiz bir günəşin zərrəsiyik!

Ayramaz bizləri təcyiri-lisan,

Ayramaz bizləri İncil-Quran

Ayramaz bizləri sərhəd - cəhan

Yetişər kinü-küdrət daşımaq!

Qoxumuş məzhəblərdə yaşamaq!

(1910)

 

Bir daha bəyan edirəm: "Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Və bu üç əlamətlə 70 ildir ömür sürürəm. Gəlin Günəşimizi qoruyaq!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!