Yeni Azərbaycan dilinin yeni təzahürü - və ya "Məzhər üt-türki" haqqında

 

Nizami CƏFƏROV

Akademik

Aysel QƏRİBLİ

Filologiya elmləri doktoru

Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində türkcənin təxminən min il əvvəl başlamış diferensiasiya prosesi, demək olar ki, başa çatır. Və nəticə etibarilə, müasir türk dilləri, xüsusilə onların ədəbi təzahürləri tədricən daha ardıcıl (və keyfiyyətli!) şəkildə tarix səhnəsində görünür. Ən mühüm məqamlardan biri də odur ki, yeni türk xalqlarının bu yeni türk ədəbi dilləri milli ictimai təfəkkürdə (və həyatda) çox böyük mənəvi, siyasi və ideoloji rezonans doğurur. Heç də təsadüfi deyil ki, bəzi dilçi, ədəbiyyatşünas və tarixçilər Azərbaycanda XVI əsrdən başlayan son dərəcə dərin (və miqyaslı) ümummədəni dəyişiklikləri xalqın tarixində Milli İntibah dövrü olaraq səciyyələndirmişlər.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun bu günlərdə nəşr etdirdiyi "Məzhər üt-türki" kitabı həm türk dillərinin yeni dövrdəki diferensiasiya prosesinin nəticələrini, həm yeni Azərbaycan ədəbi dilinin təşəkkülünü, həm də bu dilin cəmiyyətdə necə yüksək mövqe qazandığını, ümumiyyətlə, təşəkkül tapmış xalqın (millətin!) necə bir ruh yüksəkliyi nümayiş etdirdiyini göstərir. Kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifi professor Nadir Məmmədli, tərcüməçilər Dos. Dr. İxtiyar Bəxşi və Dos. Dr. Günel Orucova, elmi redaktoru isə akademik Möhsün Nağısoyludur.

Xalqının dilinin, ədəbiyyatının və ruhunun bilavasitə daşıyıcısı olan bir Azərbaycan ziyalısının - Əbdürrəhim Ərdəbili-Şirvaninin "elm diyarı Şirazda" XVIII əsrin ortalarında risalə (traktat) janrında qələmə almışdır. Və kitaba geniş ön söz yazmış professor Nadir Məmmədli qeyd edir ki, Əbdürrəhim Ərdəbili-Şirvani "Məzhər üt-türki" risaləsini "Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişilə, bəlkə də, müəyyən haqq müqabilində "sürətli və hazırlıqsız" yazmışdır. Bir sıra səhv və xətaların olduğunu  etiraf etsə də, bu əlyazma, qeyd olunduğu kimi, 270 il bundan əvvəl Qızılbaş türkcəsinin elmi baxımdan araşdırılması üçün mühüm əhəmiyyətə malikdir". Ön söz müəllifi onu da qeyd edir ki, Əbdürrəhim Ərdəbili-Şirvani həm Azərbaycan türkcəsində, həm də farsca şeirlər yazan, böyük zövq və istedada malik fəzilətli şair və ədibdir. "Məzhər üt-türki"yə özünün farsca bir (5 beyt) və türkcə bir (3 beyt), həmçinin Əmir Əlişir Nəvainin türkcə bir (5 beyt) şeirini, Məhəmməd Füzulinin qəzəllərindən parçalar (31 beyt) və o dövrdə çox məşhur olan bir atalar sözü və türkcə beş cümlə daxil etmişdir".

Əsərdə nümunə olaraq verilən illüstrativ materialın xarakteri barədə irəlidə bəhs edəcəyik, ön sözdəki biri digəri ilə bağlı olan iki məsələ - fakt haqqında isə bəri başdan bir neçə kəlmə... Əbdürrəhim Ərdəbili-Şirvani risaləsini yalnız ona görə farsca yazmır ki, fars dili yenə dövrün elm-mədəniyyət dili olaraq qalmaqda davam edir, həm də ona görə ki, Azərbaycan türkcəsini və ya yeni Azərbaycan dilini öyrənmək istəyən, bu dili bilmədən ölkənin rəsmi-inzibati, elitar mühitinə daxil olmağın mümkün olmayacağını bilən farslar var. Və həmin farslar hətta "müəyyən haqq müqabilində" ölkədəki yeni mühitə qoşulmaq istəyirlər.

Türkcə (bu dəfə artıq Azərbaycan türkcəsi) ilə farscanın (və bu dillərin timsalında türk-azərbaycanlı və fars ziyalılarının!) sözün geniş mənasında yeni tarixi xarakter almış ünsiyyəti, əlbəttə, həm Azərbaycan, həm də İran mədəniyyəti tarixinin, demək olar ki, toxunulmamış fundamental tədqiqat mövzularından biri sayıla bilər.

"Məzhər üt-türki", əslində, "türkcənin təzahürü", daha dəqiqi, "türkcənin yeni şəkildə ortaya çıxması" deməkdir ki, burada məhz yeni Azərbaycan türkcəsinin nəzərdə tutulduğu şübhə doğurmur.

"Məzhər üt-türki" orta əsrlər müsəlman katibliyi (inşası) ənənəsinə uyğun olaraq, Mərhəmətli və rəhmli Allahın adı ilə başlayır. Və müəllif özü haqqında məlumat verərək həmin ənənənin əsrlər boyu klişeləşmiş təhkiyə ədası ilə yazır:

"Cəhalət diyarının itkini və pərişanlıq xəyalları səhrasının sərgərdanı Əbdürrəhim Şirvani (Uca Allah onun günahlarını bağışlasın və eyblərini örtsün) təqdim səhifəsində yazır ki, bu zəlil qəribin doğulduğu yerin əsli böyük şəhər olan Ərdəbildir, lakin yeniyetməliyinin əvvəllərində bir müddət Şirvanın pak şəhəri olan Şamaxıda yaşamışdır və gəncliyinin ilk illərini həmin vilayətdə dostları ilə keçirmişdir".

Öz tərcümeyi-halında Ərdəbillə Şirvanı birləşdirən (və təsadüfi deyil ki, özünə Ərdəbili-Şirvani təxəllüsü götürən) müəllif Milli İntibah dövrü üçün səciyyəvi olan bir hərəkatın - Azərbaycan xalqının məskunlaşdığı geniş coğrafiyanın etnik, mənəvi-mədəni, xüsusilə siyasi təmərküzləşməsi prosesinin fəal daşıyıcısı və ya passionar subyektidir. İlk müstəqil Azərbaycan dövlətinin banisi Şah İsmayıl Xətai (Səfəvi) də bir vaxtlar demişdi ki, "Şirvan xəlayiqi qamu Təbrizə daşına, mülki-əcəm sorar kim, qiyamət xaçan qopar?" Dahi Sələfin yürütdüyü ideyanın yaranmaqda olan böyük bir xalqın, millətin ideologiyasına çevrilməsində tarixi xidmət göstərmiş minlərlə Azərbaycan ziyalılarından biri də iki əsr sonra - XVIII əsrin ortalarında, heç şübhəsiz, "Məzhər üt-türki" müəllifi olmuşdur ki, "Şirvanın pak şəhəri" Şamaxı haqqında yazır:

"O diyarın əhalisi böyükdən kiçiyə, varlıdan yoxsula, ümumiyyətlə, türkcə danışırdı və türk dili o bölgədə o qədər geniş yayılıb ki, o vilayətdə yeniyetmə ikən müşahidə edirdim ki, bəzən iraqlı, farslı və ya xorasanlı olan qonaq, ya yad o şəhər və diyara gəlib farsca sözlərlə danışanda o vilayətin əhalisi cavab verməkdə aciz qalıb dilmanca möhtac olurdular və həmin şəxsin suallarına farsca kitabların köməyi ilə çətinliklə cavab verməyə çalışırdılar".

Azərbaycanın həm Cənubunda, həm də Şimalında türk mənşəli Azərbaycan dilinin xalq arasında geniş yayıldığını, "hökmü-fərman" olduğunu bir daha təsdiq edən müəllif öz ziyalı-dilçi missiyasını da düzgün müəyyən edir:

"Qəddar zəmanənin çətinliyinə baxmayaraq, Allahın tam lütfü mənim halıma şamil oldu və alimlərin yanında olmaq, qırmızı kimya təsiri kimi təsirli və işlək oldu. Onların müqəddəs nəfəslərinin hərəkətindən ərəb və fars sözlərinin qayda-qanunları ilə bir az maraqlandım. Türk dili sözlərinin qayda və qanunlarına uyğun yazılmış, bu əzəmətli və heybətli dilin həqiqətlərini və incəliklərini zehn və zəka sahiblərinin başa düşmələri üçün hər hansı bir kitab və ya risalənin yazılması bu kiçik bəndənin nəzərinə yetmədi".

Və yeni türkcənin - Azərbaycan türkcəsinin yeni təzahürünün təsvirini verməyi zəruri sayan, bundan boyun qaçırmağı "türk olmağın qeyrətindən və ucalığından uzaq bilən" müəllif hər nə qədər "türkçü", həm də bir qızılbaş - Azərbaycan türkçüsü olsa da, mənsub olduğu xalqı (və dini) dünya xalqlarının (və dinlərinin) yalnız biri sayır, bütün dilləri, xalqları və dinləri yaradan yeganə Allahı öz misraları ilə belə mədh edir:

 

Əzəldən əbədi yerin-göyün xalqı 

Dildə müxtəlif olsa da,

            Onun vəhdətində müttəfiqdir.

Hindü Rum, İranü Turan və tamam kainat

Hər şəhərdə və məkanda

            Onu bir cür mədh edir.

Türkü tacükü ərəb - istər mömin ola, istər kafir,

Onların hər biri Haqqa şükr etmiş

            və onu dillər əzbəri etmiş...

 

Yeni dövr Azərbaycan türk təfəkkürünün mədəni-linqvistik düşüncə miqyası üçün tamamilə səciyyəvi bir mövqedən çıxış edən müəllif göstərir ki, dünyada mövcud olan dillərin "ən aşkar və məşhur olanı ərəbcə, farsca və türkcədir, çünki böyüklər və elm sahibləri ərəbcəni fəsahətdə, farscanı məlahətdə və türkcəni şücaətdə tapmış və bunu belə hesab etmişlər. Qalan söz və deyimləri isə bilmək və anlamaq üçün yararlı bilməyiblər".

Əbdürrəhim Ərdəbili-Şirvaninin bu sözləri isə onun Şah İsmayıl Xətaidən bir az sonra yaşamış daha bir dahi Azərbaycan türkü Məhəmməd Füzulinin məşhur mülahizəsinin özünəməxsus (və yeni tarixi şəraitə uyğun) davamıdır:

 

Ey feyzrəsani - ərəbü türkü əcəm!

Qıldın ərəbi əfsəhi-əhli-aləm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türk zəbandan iltifat eyləmə kəm.

 

"Məzhər üt-türk" müəllifi müqayisəli-tarixi dilçiliyi ilk rüşeymləri səviyyəsində tətbiq edərək türkcənin XVIII əsrdəki mənzərəsinə ötəri bir nəzər salır:

"El və oymaq, tayfa və toplum çoxluğu etibarilə türkcə danışanların sözləri arasında çoxlu fərq vardır və baxmayaraq ki, həqiqətdə hamısı türkcədir, amma sözlərin əksəriyyətində söz və məna baxımından tam fərq vardır. Türkistan və Çin, Maçin, Xəta və Xotən kimi ki, Özbəkiyyə və Qalmaq onların tayfalarındandırlar və onların türkcəsi cığatay adı ilə məşhur və tanınmışdır ki, o, türk dillərinin içində son dərəcə bəlağət və fəsahətə görə ən kamil və üstündür".

Cığataycanın üstünlüyünü göstərmək üçün "əfsəh üş şüəra Nəvai"dən gətirdiyi nümunələrlə nümayiş etdirən müəllif sözünə davam edərək yazır:

"Digəri isə biladi-Rumdur ki, o sərhəddə və ərazidə Osmanlı tayfaları və digərləri yaşayırlar, sayından daha çox xalq orada hamılıqla türkcə danışır və onların da əksər ifadələri İran türkcəsindən çox fərqlidir. Digəri isə İranın vilayətləri və elatının türkləridir ki, onlar da müxtəlif cür danışırlar".

Əbdürrəhim Ərdəbili-Şirvani XVIII əsrin ortaları Azərbaycan ümumxalq dilinin mənzərəsini son dərəcə dəqiq təsvir edərək, əvvəla, coğrafi mövqeyi barədə aydın təsəvvür yaradır, sonra onun ərəb-fars təzyiqi altına düşmüş dialektləri barədə, həqiqətən, tarixi dəyərə malik məlumat verir:

"Xüsusən Fars vilayətləri elat və xidmətkarlarında türkcə sözlərə çoxlu əlavə və ixtisarlar etdikləri üçün az qalıb ki, kimsə bu vilayətdə türkcə danışıb dinləməyə rəğbət göstərməyib türkcə danışmağı tamamilə dayandırsın. Misal üçün, atın çapmağının tərifində deyirlər "dövi xasdur" ki, onun türkcəsi budur: "çapmağı yaxşıdır", "Döv" farscadır və "xas" ərəbcə və "dur" türkcə sözdür və bu kimi rabitəsiz çoxlu sözlər deyirlər".

Göründüyü kimi, əsrlər  boyu ərəbcə, farsca və türkcənin bir yerdə işləndiyi "köhnə Azərbaycan dili" artıq XVIII əsr dilçisini təmin etmir. Və o, yeni Azərbaycan dilinin (əslində, ümumxalq dili əsasında meydana çıxmış Azərbaycan ədəbi dilinin!) formalaşmaqda olan perspektiv modelini təqdim edir:

"Ona görə bu həqir və kiçik bəndə bu risalənin bünövrəsini İranın, həqiqətən, axıcı və rabitəli və sevilən-bəyənilən türkcə olan və şirin sözə malik Qızılbaş türkcəsi tərzində qoymuşdur və ona bəzi əlavələr, ixtisarlar edərək onun qayda-qanunlarını izah və şərh etdim".

Yeni Azərbaycan dili anlayışının həm coğrafi, həm sosial-siyasi, həm də struktur-tipoloji baxımdan dəqiq müəyyən edən ilk Azərbaycan dilçilərindən biri, təbiidir ki, ilk növbədə ərəb-müsəlman dilçiliyi ənənələrinə riayət edir. Və odur ki, yazır:

"Biz bu risalənin qanunlarını, şübhəsiz, ərəb sözləri kimi qaydaya salmışıq, buna görə bu risalənin mövzularını oxumağa başlayan üçün lazım və məcburidir ki, sərfü nəhv elmində müxtəsər və qısa da olsa o mənadan uzaq və kənar olsalar, onu dərk etmədən və anlamadan tam həzz və ləzzət ala bilməzlər və qeyd olunan məqamların çoxu onların idrakına çatmayacaq".

Beləliklə, hər nə qədər yeni dilin dilçisi olsa da, Əbdürrəhim Ərdəbili-Şirvani hələ də ərəb-müsəlman dilçiliyinin - "sərfü nəhv"in nümayəndəsidir. Və onun təsəvvüründə türk "qrammatika"sının əsasları ondan ibarətdir ki, "türk sözləri də ərəb sözləri kimi ya feildir, ya isimdir, ya da hərfdir (yəni köməkçi sözlərdir - N.C., A.Q.)". Heç şübhəsiz, bu bölgü - dilin strukturunun adlara? feillərə və köməkçi nitq hissələrinə bölünməsi dünya dilçiliyinin ümumi təsəvvürlərindən gəlir ki, ərəb-müsəlman dilçiliyində də öz əksini tapmışdır.

"Məzhər üt-türki" müəllifinin verdiyi son dərəcə yeni məlumat isə ondan ibarətdir ki, yeni Azərbaycan dilçiliyinin bizə məlum olmayan kifayət qədər zəngin ənənəsi varmış:

"Və bəzi mübahisəli məqamlarda sözün yaxşısını pisdən ayırd etmək zəruri olurdu, buna görə, təsəvvür və təfəkkür şəhərinin beşiyində doğulan, uzun müddət xəyal dünyasının hər küçəsində, vaxtlarını gərəkli və gözəl və uyğun şəkildə müzakirə üçün sərf edən Xəmsə alimlərinin adlarını qeyd etdim və onların mövzularını, necə ki, irəlidə görüləcək, elə yazdım ki, Allah-taala istəsə, bu risaləni görənlər ixtiyar gözü ilə onların mövzularına baxıb, düzü səhvdən ayırıb və türkcənin axıcılığına yaxın və əsaslı hesab etdikləri qaydada yerinə yetirərlər".

Risalə müəllifi "Xəmsə alimləri"nin adlarını belə bir sıra ilə göstərir: Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmir Qaragözlü, Molla Tanrıverdi Şahsevən, Molla Yaradanqulı Silsüpür. Bu barədə bəhs edərkən professor Nadir Məmmədli bildirir ki, "müəllif əsər boyu türk dilinin dahiləri hesab etdiyi beş alimin əsərlərinə müraciət etdiyi üçün onları Xəmsə (beşlik) alimləri adlandırır. Lakin adı çəkilən beş alimdən başqa, Molla Yolqulıdan da sitat verilir ki, müəllif onu Xəmsə alimlərinə daxil etmir".

Təəssüf ki, digər heç bir mənbədə həmin alimlərin - yeni dövrün bu ilk dilçilərinin adlarına rast gəlinmir. Və görünür, onlar dilçiliklə yanaşı, dinlə, ədəbiyyatla, fəlsəfə ilə də maraqlanmışlar. Ən əhəmiyyətlisi isə odur ki, onları yaxşı tanıyan Əbdürrəhim Ərdəbili-Şirvani bu söz sahiblərindən sadəcə sitat gətirmir, eyni zamanda kifayət qədər polemik mülahizələrini də "Məzhər üt-türki" mətninə daxil edir. Məsələn, yazır:

"Molla Yolqulı buyurub ki, belə müstəhəbdir (tövsiyə olunur, yaxud yaxşı olardı - N.C., A.Q.) ki, izah gərək kişi və qadın cinsində olsun, amma Molla Cecimxan digər alimlər onunla razılaşmayıblar və deyiblər: "Bu fikir son dərəcə zəifdir və onda dəqiqləşdirmə çox nöqsanlı və əlaqəsizdir". Lakin bəzi mövzularda yanlışlığı aradan qaldırmaq üçün bunu belə təyin ediblər və onlar bunu kifayət qədər nadir hesab edirlər".

Burada söhbət ümumən türkcədəki kimi Azərbaycan türkcəsində də cins qrammatik kateqoriyasının olmamasından və eləcə də ərəb-müsəlman dilçiliyinin flektiv əsasda müəyyənləşmiş prinsiplərinin aqqlütinativ türkcəyə mexaniki tətbiqinə etirazdan gedir.

Risalədə "Xəmsə alimləri"nə hər nə qədər geniş istinad olunub onların müxtəlif mülahizələri bəzən təqdir, bəzən də tənqidlə iqtibas edilsə də, bu dilçi-ziyalılar haqqında aydın təsəvvürümüzün olmaması hər halda müəyyən anlaşılmazlığa yol açır. Həmin anlaşılmazlığı gücləndirən bir məqam da bu şəxsiyyətlərin adlarının, bir növ, xalq yaradıcılığı təəssüratı daşımasıdır. Doğrudur, dövrün - XVII-XVIII əsrlərin özünün həyat tərzində, düşüncə mədəniyyətində folklorizm geniş yayılmışdır, ancaq görkəmli ruhani - mütəfəkkirlərin adları üçün klassik standartların səciyyəviliyi də şübhə doğurmamalıdır. Və hər halda risalə mətnindəki həmin bu "Xəmsə alimləri" məsələsinə müəyyən aydınlıq gətirilməsinə ciddi ehtiyac olduğu öz-özlüyündə aydındır.

"Allahın adı ilə" başlayan ön söz həm əsərin, həm müəllifin, həm də zamanın dil-ünsiyyət sahəsindəki siyasi-ideoloji mövqeyini bilavasitə əks etdirən sözlərlə bitir:

"Bil ki, türkcə danışmaq çox yaxşı və bəyəniləndir və bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və zəmanə və dövrün əmr sahibi olan sultanlar və hakimlərin dilidir. Bu dilin onların işlərinin həyata keçməsində hədsiz və sonsuz faydaları var və bəlkə də, bu dil onların dünyəvi işlərində ən üstün və ən kamildir".

Dilə ümumiyyətlə müasir dil fəlsəfi cərəyanlarının bəzi mülahizələri səviyyəsindən baxıldığı təsəvvürü yaradan bu tipli fikirlər müəllifin yalnız ərəb-müsəlman qrammatisti yox, dövrün Milli İntibah ideyalarına sahib mütəfəkkir olduğunu da göstərir. Və "türkcə danışmağ"ın fəziləti barədəki sözünə davam edən müəllif yazır:

"Əgər onlar bu məna libasını əyinlərinə geyinməyiblərsə, şübhəsiz, bu zəmanənin insanlarının nəzərində danlaq və məzəmmətə layiqdirlər və dövrün camaatının gözündə onlar üçün heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz".

Azərbaycan türkcəsinin tarixi qüdrətini, sosial nüfuzunu sözün əsl mənasında tərənnüm etdikdən sonra Əbdürrəhim Ərdəbili-Şirvani bilavasitə qrammatika məsələlərinə keçir. Və türk feillərindən bəhs edərək yazır:

"Bütün türkcə feillər məsdər, keçmiş və gələcək zamanlarda, əmrdə və inkar, sual və təsdiqdə türkcə tamamilə əmrlə deyilir ki, Allah-taalanın hökmü ilə onlar barədə ətraflı məlumat veriləcək".

Yeri gəlmişkən, bu məqamda belə bir qeyd verilmişdir ki, guya "müəllif bu fikrində səhvə yol verir, çünki məsdər təsriflənmir, deməli, əmr şəklində olmur".

Fikrimizcə, belə bir qeydin meydana çıxması ümumiyyətlə son dərəcə peşəkar olan tərcümədəki kiçik bir qüsurdan irəli gəlir. Əslində, risalə müəllifinin məqsədi türkcə feil köklərinin (formal şəkildə!) əmrdə olduğunu xatırlatmaqdır ki, sözünün davamında bunu da yuxarıda haqqında bəhs etdiyimiz siyasi-ideoloji mövqeyin stilizasiya predmetinə çevirir:

"Türk dili tamamilə əzəmətli və hikmətli bir dildir. Aydındır ki, bütün söz və birləşmələri hökmetmə və əmr mənalarına görə olan hər bir dil, əlbəttə, nəzərlərdə heybətli və zəhmli görsənir. Və keçmiş və gələcək zaman əlamətləri və digərləri sözlərə qoşulanda onların hər birinə o birilərdən üstünlük verir".

Risalə müəllifi ümumən türkcənin, xüsusilə Azərbaycan (qızılbaş) türkcəsinin qrammatik-semantik zatında "əmr vermək" qətiyyətinin olmasını yalnız inersiya ilə izah etmir, onu "Xəmsə alimləri"nə istinadən həm də "türkcə söz"ün düşünülərək, əxlaqa, haqq-ədalətə uyğun deyilməli olduğu ilə əsaslandırır:

"Xəmsə alimləri sözdə müttəfiqliyi möhkəm ənənə hesab edirlər ki? türkcə danışığa gərək qətiyyət daxil edilsin və bu dildə bilərəkdən əmrdən irəli gələrək danışılsın. Əgər səhv olsa, ya da, qətiyyət işlənməsə, türkcə sözün haqqı verilməmiş olacaq və türkcə sözün çarəsizlik və nəzakət səbəbilə danışılması ikrah doğurucudur. Molla Qaraxanoğlu bu məkanı əbədi haram və belə türkcə danışanı xətalı, hətta tat adlandırır və onu türklərin ali, şərəfli sülaləsinə daxil etmir".

O qədər də əsaslı olmayan ənənədən irəli gələrək kitabda "tat" sözünə belə bir "standart" şərh verilmişdir: "Türklərin və monqolların, farslara verdikləri ad"... Halbuki "Məzhər üt-türki"dən indicə gətirdiyimiz sitat göstərir ki, burada söhbət artıq "türklərin ali, şərəfli sülaləsinə daxil olmayan" (və türkcə danışan!) tatlardan - o oturaq əhalidən gedir ki, onlar sənətkar, yaxud tacir "üslub"unda, diplomatik dil"də, necə deyərlər, "əzilib-büzülərək" danışırlar.

Risalə müəllifi bir az da "dərin"ə gedib məsələyə əməlli-başlı sosial-iqtisadi məzmun-mündərəcə verir:

"Xəmsə alimləri buyurublar ki, türkcə danışan şəxs müstəhəbdir ki, vəzifə sahibi, ya da böyük sürü və ilxı sahibi olsun, ya da heç olmasa, süvari atlı və dövlət işlərində ehtiyac duyulan şəxs olsun və əgər bunların heç birisi türkcə danışan adamda olmasa, o şəxsin türkcə danışması məkruh (yəni arzuolunmaz - N.C., A.Q.) olacaqdır və hətta Molla Yaradanqulı bu mənanı haram bilir".

Hər dəfə böyük sələfi Mahmud Kaşğari kimi türkcənin - bu dəfə Azərbaycan türkcəsinin "hökmdarlar (və hökm!) dili olduğuna qayıdan risalə müəllifi "çıq(maq)" feili barədə bəhs edərkən bu gün o qədər də məşhur olmayan bir əfsanə-pritça verir:

"Məşhurdur ki, bir gün ki bəşər övladının atası Adəm - bizim peyğəmbərimiz (və ona salam olsun) cənnətdən çıxmaqla vəzifələndirildi, mələklər hər dil ilə - ibricə və süryanicə və ərəbcə və farsca dedilər ki, hökmdür ki, cənnətdən şərif qədimlərini çölə qoy. Həzrət Adəm itaət etmirdi və qulaq asmırdı. Sonda çarəni onda gördülər ki, o həzrətə türkcə cənnətdən çıxmağı hökm etsinlər: "Çıq!" O həzrət artıq qalmağa dözməyib bu heybətli sözün siyasətindən çölə çıxır".

Göründüyü kimi, sözü ərəbcə, farsca deməklə türkcə demək arasında üslub fərqləri müqayisə olunmaqla üstünlük ona görə türkcəyə verilir ki, "türkün sözü" kəsərlidir, heç bir tərəddüdə yer qoymur, burada "söz-işdir".

Əbdürrəhim Ərdəbili-Şirvani həm adlar, həm feillər, həm də köməkçi sözlərə aid nümunələri dahi Füzulidən gətirir. Və əlbəttə, yeni Azərbaycan dilini XVIII əsrin ortalarına qədər zəngin xalq ədəbiyyatı, xüsusilə aşıq poeziyası, nəsri təmsil edirdi. Füzuliyə üstünlük verməsi isə görünür, bir tərəfdən, dahi şairin özünün populyarlığı, digər tərəfdən, dilinin son dərəcə mükəmməl ədəbi normativliyi olmuşdur.

Azərbaycan (qızılbaş) türkcəsinin artıq müstəqil dil olaraq həm orta Asiya (cığatay), həm də Osmanlı türkcəsinə qarşı qoyulması müqayisəli-tarixi az da olsa təhlilə müəyyən imkanlar açdığı kimi, risalədə ərəb, fars və türk dillərinin ənənəvi tipoloji müqayisəsi də davam edir. Ancaq bütün aydınlığı ilə hiss olunur ki, bu müqayisə leksik-qrammatik ifadə texnologiyaları baxımından türkcənin nə ərəbcədən, nə də, məsələn, Əlişir Nəvainin "Müqayisətül-lüğəteyn"ində olduğu kimi farscadan üstünlüyünü göstərmək məqsədi güdmür. Bu isə o deməkdir ki, XVII-XVIII əsrlərdə artıq Azərbaycan coğrafiyasında yeni türkcə - Azərbaycan türkcəsi nə ərəb, nə də fars dili ilə ciddi rəqabətdə deyil. Və Azərbaycan türkcəsi özünün sosial, siyasi-ideoloji və mədəni hakimiyyətini bərqərar etmişdir.

Əbdürrəhim Ərdəbili-Şirvani hər nə qədər Azərbaycan türkcəsinin qüdrəti ilə fəxr edərək bunu öz dəyərli əsərində var səsi, milli təəssübkeşliyi ilə bəyan eləsə də, risalə müəllif haqqında çox mütəvaze sözlərlə bitir:

"...Ümid edirəm ki, risaləyə baxanlar bu həqirin günahlarına əfv qələmi çəkərlər. Düzdür ki, bu kitab əvvəldən axıra yanlış və səhv və xətadır, fəsahətdən və bəlağətdən uzaq ifadələrlə yazılmışdır, ümidim var ki, bu katibi türkəsilli olması vasitəsilə bağışlayalar və onun eyiblərini nəzərə alalar və böyüklər kiçiklərə irad tutmazlar".

Ancaq bu gün cəsarətlə (və məmnunluqla!) deyə bilərik ki, "Məzhər üt-türki" yeni dövr Azərbaycan dilinin (və dilçiliyinin!) mükəmməl abidəsidir ki, haqqında söhbət gedən dilin beşiyi başında dayanaraq onun türkcədən ayrılma prosesini həm əsas fonetik, leksik və qrammatik tərəflərilə şərh edir, həm də artıq inamla tarix səhnəsinə qədəm basmış bir xalqın (millətin) adından belə bir qüdrətli dilin mövcudluğu ilə bağlı qürur hissi keçirir.

Əlbəttə, neçə əsrlər arxivlərdə gizli qalmış belə bir əsəri gün işığına çıxarıb yenidən (və bu dəfə daha geniş miqyasda!) təqdim edənlərin xidmətləri də ayrıca hörmətə, ehtirama layiqdir. Həmin xidmət - belə bir qiymətli əsərin tapılıb nəşr etdirilməsi isə göstərir ki, bizim ana dilimizin - Azərbaycan dilinin hələ neçə-neçə abidələri arxivlər küncündə öz tədqiqatçılarını gözləyir, o milli ruhlu tədqiqatçıları ki, əsərlər də həmin ruhla yaradılmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!