Firidun Hüseynov - 90: Ayıq-sayıq ədəbiyyatşünas, unudulmaz müəllim - Muxtar KAZIMOĞLU

 

Azərbaycan Dövlət Universitetində oxuduğumuz 1970-ci illərdə bizə (Universitetin filologiya fakültəsinin o vaxtkı tələbələrinə) Muxtar Hüseynzadə, Səlim Cəfərov, Musa Adilov, Fərhad Zeynalov, Yusif Seyidov, Ağamusa Axundov, Tofiq Hacıyev, Mir Cəlal, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Mehdi Məmmədov, Pənah Xəlilov, Qulu Xəlilov, Firidun Hüseynov kimi görkəmli dilçilər və ədəbiyyatçılar dərs deyiblər. Filoloji təhsil və elm sistemində hər birinin yeri görünən bu pedaqoq-alimlərdən Firidun Hüseynovun nurlu siması özünəməxsus cəhətlərlə yadda qalıb. Mülayim rəftar, gözəl nitq, iti yaddaş, güclü yumor hissi Firidun müəllimi fərqləndirən cəhətlərdəndi. Amma bütün bu xüsusiyyətlər dərin bilik və yüksək intellektlə birləşməsəydi, Firidun Hüseynov Universitetdə ən hörmətli müəllimlərdən biri kimi tanınmazdı. Firidun Hüseynov nəcib insani keyfiyyətlərinə və alim-pedaqoq səviyyəsinə görə yalnız Universitetdə yox, Universitetdən kənarda da xüsusi hörmət-izzət sahibi idi.

Firidun Hüseynov XX əsr Azərbaycan ədəbiyyatının ən tanınmış mütəxəssislərindən biridir. Müəllimi Mir Cəlalla birgə bu dövr ədəbiyyatına aid dərslik yazıb.  Dönə-dönə nəşr olunan bu dərslik indinin özündə universitetlərdə öz işləkliyini qoruyub saxlamaqdadır. Firidun Hüseynovun namizədlik dissertasiyası mollanəsrəddinçi şair Əli Nəzmi yaradıcılığı ilə, doktorluq dissertasiyası isə Molla Nəsrəddin ədəbi məktəbinin başçısı Cəlil Məmmədquluzadə nəsri ilə bağlıdır. Firidun müəllimin çap olunan elmi əsərləri ("Əli Nəzmi", "Adi əhvalatlarda böyük həqiqətlər", "Satirik gülüşün qüdrəti", "Molla Nəsrəddin" və mollanəsrəddinçilər") məhz XX əsr Azərbaycan ədəbiyyatına həsr olunub.

Bizə bu dövr ədəbiyyatından dərs deyən Firidun müəllimi bir insan kimi yaxından tanımaq üçün dostlarının, həmkarlarının, oturub-durduğu, isti ünsiyyətdə olduğu müxtəlif adamların xatirə - yazılarına baxıram. Məlum olur ki, münasib məqamlarda Firidun müəllimin lətifə danışmaq xasiyyəti də varmış. Və bu lətifələr, bir çox hallarda, siyasi məzmunlu lətifələr olarmış. Məsələn, bu cür: Kamil Mirbağırov (Filfakın hazırcavab və əhlikef müəllimlərindən biri) əlini Kirovun Dağüstü parkdakı heykəlinə uzadıb soruşur: "Onun yerinə kimin heykəlini qoymaq yaxşıdır?" Biri Nərimanovun, biri Xətainin, biri Koroğlunun adını çəkir. Kamil müəllim hamısına "yox" deyir. Soruşurlar ki, sən bilən, kimin heykəlini qoymaq olar? Deyir: "O heykəli kim götürsə, ora onun heykəli qoyulmalıdır". Akademik Tofiq Hacıyevin xatırlatdığı bu fakt barədə düşünüb-daşınmalı olursan. Fikirləşirsən ki, atdığı hər addımın, dediyi hər sözün yerini bilən, ağır davranışı ilə seçilən Firidun  müəllimin zarafatcıllığı, güclü yumor hissinə sahib olması onu Molla Nəsrəddin ədəbi məktəbinə bağlayan amillərdən biridir. Mollanəsrəddinçi sənətkarları dərindən duyub araşdırmaqda, heç şübhəsiz, bu amil az rol oynamır. Ayrı-ayrı sənətkarların fərdi yaradıcılıq manerasından və özünəməxsus dəst-xəttindən imkan daxilində bəhs edən Firidun Hüseynov həmin sənətkarların hamısını və yaxud bir çoxunu birləşdirən ideya-bədii istiqamətlər üzərində dayanır. Belə istiqamətlərdən biri köləlik bəlasının müxtəlif ədəbi janrlarda ardıcıl əks etdirilməsi ilə bağlıdır. Firidun Hüseynov köləlik bəlasını yalnız Novruzəlilər və Usta Zeynallar timsalında izləmir, bu bəlanın daha qorxulu nümunəsini var-dövlət sahiblərinin, ruhanilərin və yazı-pozu adamlarının obrazları əsasında araşdırır. Əli Nəzmi şeirindən bəhs edərkən, Firidun müəllim şairin "Gücsüzü tapdamışıq, güclünü mehmanlamışıq", "Özgəyə tülkü, bizə aslan olandan küsmüşəm" kimi misralarını misal çəkib köləliyin nədən, hansı daxili naqislikdən törədiyini diqqət mərkəzinə çəkir: özündən güclünün ayağı altında payandaz olmaq, özündən zəifi, nə qədər mümkündür, əzib alçaltmaq. Bəyin, mollanın, şairin canındakı nökərçilik xislətinin kökündə duran budur. Kərbəlayı Qasım adlı məzlum kəndli ilə "xəncər dilində" danışan Qurbanəli bəyin nümunəsində (Cəlil Məmmədquluzadə. "Qurbanəli bəy" hekayəsi) rəzalətin böyüyünü Firidun Hüseynov, həmin bəyin "əcnəbi müstəmləkəçilər"ə münasibətində görür. "Ay naçalnik, əgər sənin mahalında bir belə yügürən at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam... Nə qədər mənim canım sağdır, sənə mən nökərəm". Qurbanəli bəyin bu sözlərini və "əcnəbi müstəmləkəçilər" qarşısındakı əttökən hərəkətlərini xatırladan Firidun Hüseynov oxşar mənzərəni ruhanilərin və yazı-pozu adamlarının davranışlarında izləyir. Firidun Hüseynovun araşdırmalarının izinə düşüb, "Danabaş kəndinin məktəbi" pyesində (Cəlil Məmmədquluzadə) müəllim Həsənov və qazını pristav yanında müti qul sifətində görürük: "Göydə Allah və yerdə padşahi-mehribanımızın rəhmət və şəfqətinə möhtacdır cəmi ərbab və hacat və zərurat!.. Səlavat və salam ola göylərin padşahına ki, ərrəhmanirrəhimdir. Və yerlərin padşahı şəhriyari-xurşid ayət Nikolay Aleksandroviçə..." Qazının qəliz bir dillə, camaatın qətiyyən anlamadığı bir bəlağətlə ərz etdiyi bu miskin nökərçilik xisləti eynilə müəllim Həsənova da aiddir.

Miskin nökərçilik müqabilində Qurbanəlibəylərin, Həsənovların və əmmaməli kişilərin qazancı nədən ibarətdir? Bu suala aydınlıq gətirmək üçün Firidun Hüseynov, Mirzə Cəlilin "Xabi-qəflət" məqaləsinə müraciət edir. Lev Tolstoy haqqındakı həmin məqalədə Mirzə Cəlil yazır: "Tolstoy deyir ki, Allah rizası məhəbbətlə bağlıdır. Harada məhəbbət var isə, orada Allah da var. Məhəbbət olmayan yerdə Allah da yoxdur. O deyir ki, Allah rizasını əmələ gətirmək üçün hamıya qardaş gözü ilə baxmaq lazımdır... hamının ehtiyacını rəva etmək lazımdır. Amma bizim vaizlər Allah rizasını özgə şeylərdə görürlər. Onlar Allah rizasını... ləziz təamlarda... görürlər". Əlbəttə, burada "ləziz təam" vaizlərin din davası yox, un davası döyməsinə, mənsəbə can atmasına bir işarədir. Məsələni məhz bu yöndə dəyərləndirən Firidun Hüseynov vaizlərin məddahlıq müqabilindəki mənsəb hərisliyini eynilə məddah bəylərə və yazı-pozu adamlarına da aid edir.

Bəs mollanəsrəddinçilərin sovet dövrü yaradıcılığında vəziyyət necədir? Fəhlə-kəndli hökumətinin qurulduğu bir vaxtda köləlik mövzusu nə dərəcədə aktualdır? Axı Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının Bakıda çıxan ilk nömrəsində Şura hökumətinin şəninə xoş sözlər deyirdi: "O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə... hər babətdən müvafiqdir, onun adı Şuradır... Etiqadımız bunadır ki, vətən və məmləkət orada yaşayan əfradının hamısınındır". Bu cür xoş sözlərlə başlayan "Şura" məqaləsi sovet dövründə kitablara, çox təəssüf ki, ixtisar olunmuş şəkildə düşüb. Müstəqillik illərində Cəlil Məmmədquluzadənin akademik İsa Həbibbəyli tərəfindən tərtib və nəşr edilmiş ikicildlik "Seçilmiş əsərləri"ndə məqalənin tam mətni ilə tanışlıq bambaşqa bir təəssürat yaradır. Təəssürat ondan ibarətdir ki, məqalənin əvvəlindəki xoş sözlərdən sonra Cəlil Məmmədquluzadə bir "Amma..." yazıb Şura iclasında millət vəkillərinin heç bir şey anlamadıqlarını, onların iclasda formal olaraq iştirak etməsini istehza ilə oxucunun diqqətinə çatdırır. "Molla Nəsrəddin" jurnalının sovet dövründəki ilk nömrəsindən bəlli olur ki, Cəlil Məmmədquluzadə sovet cəmiyyətində müşahidə etdiyi bəlaları, eləcə də keçmişdən davam edib gələn köləlik bəlasını qələmə almaqdan çəkinmir: "Müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına gedən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur... Maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsaydı, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilərdi" ("Molla Nəsrəddin", 1923, № 28). Azərbaycan türkcəsində bir kəlmə də bilməyən Moskva nümayəndəsinin azərbaycanlıya təhqiramiz münasibətini qələmə almaq müstəmləkəçilik siyasətinə işarə etməyin bir nümunəsidir. Andreyevlərin təhqirindən tükü belə tərpənməyən yerli məmurlar da öz növbəsində əzməyə, alçaltmağa zəif adam axtarırlar: "İspolkom sədri yumşaq divan üstündə oturub, kəndlilərə etina etmir və balaca uşaqlar ona baş əyməyəndə üç gün-üç gecə onları dustaq saxlayır". "Molla Nəsrəddin" jurnalının 1924-cü ildəki 4-cü nömrəsindən götürülmüş bu parçada uşaqlarla bağlı detal Cəlil Məmmədquluzadənin sovetləşmədən əvvəlki bəzi uşaq obrazlarını yada salır. Onu da yada salırsan ki, Firidun Hüseynov "Adi əhvalatlardan böyük həqiqətlər" monoqrafiyasında köləliyin qurbanı olan uşaq obrazlarının təhlilinə ayrıca fəsil ayırıb. O fəsildə uşaq obrazları haqda çox təsirli cümlələr var: "Cismani və mənəvi azadlığı əlindən alınmış Məhəmmədhəsən əmi, Usta Zeynal və Novruzəlilərin ailəsində doğulub böyüyən uşaqlar gələcəkdə hansı cəsarətin, hünərin sahibi olacaqlar? Müsbət keyfiyyət naminə onlarda ancaq təmiz ürək, sədaqət, insanpərvərlik kimi nəcib xüsusiyyətlər olacaq ki, bu da həmin şəraitdə bədbəxtliyin, fəlakətin əsasıdır... Mütləqiyyət şəraitində... bu uşaqlar, öz ata-anaları kimi müti, qorxaq ruhda böyüməyə məhkumdur". Uşaqları sağlam ruhda böyütmək imkanları çarizm mütləqiyyəti ilə müqayisədə sovet sistemində qismən geniş idi. Bu işdə ziyalılar, o cümlədən, qələm sahibləri çox iş görə bilərdilər və gördülər də. Amma millətin "oxumuşları" arasında sovet siyasi rejiminə züy tutub, "ləbbek" deyən, ziyadan çox, qaranlığın daşıyıcısı olan adamlar da az olmadı. Belə adamları 1920-ci illərdə "Molla Nəsrəddin" də gördü və onlar barədə söz deməyi özünün vətəndaşlıq borcu bildi. Təsadüfi deyil ki, Firidun Hüseynov "Molla Nəsrəddin"in həmin illərdəki fəaliyyətini izləyərkən, "başabəla oxumuş" və "köhnəpərəst əhli-qələm" mövzusunun jurnalda xüsusi yer tutmasını diqqət mərkəzində saxlayır: "Jurnalın 1929-cu ildəki 8-ci nömrəsində iki centlmen şəkli yanaşı təsvir olunub. Baş tərəfdə "şairlərimizdən" sözü diqqəti cəlb edir. Şəkillərdən birinin altında "keçmiş əsrlərdə saray şairi", o birinin altında "indiki əsrdə proletar şairi" sözləri yazılıb... Şəkildə saray şairi ilə proletar şairinin zahiri qiyafəsi, eyniyyəti əks olunur". Jurnaldakı bu şəkil, Cəlil Məmmədquluzadənin həmin ildə yazdığı "Proletar şairi" hekayəsinin məzmunu ilə üst-üstə düşür. Üst-üstə düşən əsas cəhət budur ki, proletar şairi adı daşıyan adam kasıb-kusub dərdi çəkməkdən çox-çox uzaqdır. Neft ölkəsində Ağdaşın kəndlilərinin neft tapa bilməyib, piy çırağı yandırması ("Molla Nəsrəddin", 1926, № 6); Ədliyyə Komissarlığında dörd qoca kəndlinin liftə buraxılmayıb, altı mərtəbəni piyada qalxmağa məcbur edilməsi ("Molla Nəsrəddin", 1926, № 5); Qazaxdan və Şəmkirdən gəlmiş kəndlilərin Kənd Evində gecələməsinə icazə verilməməsi ("Molla Nəsrəddin", 1926, № 24) və s. kimi acınacaqlı hallar Yeldai (Qaranlıqpərəst) təxəllüslü proletar şairini qətiyyən maraqlandırmır. Bəs onu maraqlandıran nədir? Firidun Hüseynov bu suala belə cavab verir: "Ədibin təsvir etdiyi proletar şairi saxta, formalist, bəzək-düzəklidir. Onu proletariatın dərdi-qəmi, sevinci düşündürmür. O ancaq bu ad arxasında daldalanıb, yeni cəmiyyətdə bir mənsəb sahibi olmaq istəyir. "Proletar şairi" hekayəsinin qəhrəmanı simasız adamdır, onda... sənət adamına, ziyalıya xas olan keyfiyyətlər yoxdur". Sovet dövründə Cəlil Məmmədquluzadənin ziyalı qıtlığını ürək ağrısı ilə qələmə alması ədibin "Şeir bülbülləri", "Şərq fakültəsi", "Taxıl əkimi" və s. kimi hekayələri üçün də səciyyəvidir və Firidun Hüseynov həmin hekayələri də səriştəli ədəbiyyatşünas təhlillərinə cəlb edir.

...Bu cür səriştəli (və ayıq-sayıq!) ədəbiyyatşünas təhlillərini nəzərdən keçirib bir daha əmin olursan ki, münasib məqamlarda, etibarlı dost-tanış yanında sovet gerçəkliyindən siyasi lətifələr danışmaq təsadüfi deyilmiş. Qətiyyən şübhə etmirsən ki, huşyar və peşəkar bir qələm sahibi olan Firidun Hüseynovun çağdaş ədəbiyyatşünaslığımızda öz dəst-xətti, öz yeri var.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!