Mirzə Cəlilə bənzətdiyim Mirzəcəlilşünas - Teymur Kərimli Firidun Hüseynov haqqında yazır

 

1970-ci ilin 1 sentyabrında Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ilk dərsimiz "Ədəbiyyatşünaslığın əsasları" fənni oldu və bu dərsi unudulmaz ustadımız, böyük alim professor Mir Cəlal Paşayev keçdi. Bir qədər sonra Mir Cəlal müəllimin tələbələrindən bizə müəllimlik edənlərin arasında professor Firidun Hüseynov da ustadı kimi təmkinlə, ağır-ağır bizə XX yüzil Azərbaycan ədəbiyyatını öyrətdi.

İlk baxışdan onu Cəlil Məmmədquluzadəyə bənzətmişdim və bəlkə də eyni torpaqdan, eyni sudan, havadan yaranmış bu iki şəxsiyyətin bir-birinə bu dərəcədə bənzəməsi təbii idi. Hətta mənə elə gəlirdi ki, Mirzə Cəlilin səsini, danışığını eşitməsəm də, elə Firidun müəllim kimi təmkinlə, sanballı-sanballı danışmalı idi. Elə yumoru da, eyhamı da, bəzən yumşaq kinayəsi də Mirzə Cəlillə üst-üstə düşürdü yəqin.

O zaman Filologiya fakültəsinin yerləşdiyi indiki İqtisad Universitetinin bir hissəsində auditoriyalarımız sən deyən abırlı gündə deyildi. Kommunist rejimi adi, salamat partaları belə bizə çox görürdü. Heç yadımdan çıxmaz: indi tanınmış diplomat olan professor Vilayət Quliyevin oturduğu partanın kiçik bir qapıcığı da var idi və tələbə Vilayət oturarkən, özünəməxsus yumorla həmin qapıcığı taqqıldadıb örtürdü. Bir dəfə də Firidun müəllimin dərsində belə eləyəndə müəllim təmkinini pozmadan astaca: "Lap trolleybus sürücülərinə bənzədin!" - dedi və bu, uşaqların gülüşünə səbəb oldu.

Professor Firidun Hüseynov professor Mir Cəlal Paşayevin elmi məktəbinin ən istedadlı tələbələrindən biri, onun qələm yoldaşı, böyük ədəbiyyatşünas alim idi. Heyif ki, bu fani dünyanı çox tez tərk elədi, yoxsa, hələ çox böyük əsərlər yarada, ədəbiyyatşünaslıq elmimizi daha da zənginləşdirə bilərdi. Təsəllimiz odur ki, onun kitabları, dərslikləri indi də filoloqların əlindən yerə düşmür, deməli, ustadımız indi də yeni-yeni tələbələr yetişdirir və nə qədər ki, bu proses davam edir, professor Firidun Hüseynov da yaşayır və müstəqil dövlətimizdə humanitar elmin inkişafında iştirak edir.

Bu böyük alim haqqında vikipediyada məqalənin olmaması da təəssüf doğurur. Yəqin ki, Bakı Dövlət Universitetinin uyğun qurumları tezliklə bu boşluğu dolduracaqlar.

Ustadımızı düşünərkən, böyük klassik şairimiz Əfzələddin Xaqaninin o dövrün başqa bir böyük şairi Fələki Şirvaninin ölümünə həsr etdiyi mərsiyə yadıma düşür:

 

Fələki doğmuşdu sehrimdən mənim,

Olmuşdu göylərin sirrinə agah.

Heyif ki, tez getdi, çox yaşamadı,

Fələkim tez getdi əllərimdən, ah!

 

Unudulmaz ustadımız, professor Firidun Hüseynov Haqq dünyasına getməyə tələssə də, tələbələrinin, onu tanıyanların qəlbində, onun kitablarını oxuyanların gözündə yaşayır!

 

22.11.2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!