Tərlan QULİYEV
Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə Mir Cəlal müəllim dünyasını dəyişəndən bir il sonra, 1979-cu ildə qəbul olunmuşam. Amma elə birinci kursdan müəllimlərimiz, professorlar Təhsin Mütəllimov və rəhmətliklər - Xalid Əlimirzəyev, Cəlal Abdullayevin söz-söhbətləri ancaq Mir Cəlal müəllimdən olurdu. Elmin, ədəbiyyatşünaslığın hansı sahəsindən danışırlarsa-danışsınlar, axırda ustalıqla söhbəti Mir Cəlal müəllimlə əlaqələndirir, onun necə böyük ürəyə malik insan, alim, pedaqoq olduğunu vurğulayırdılar. Və biz, birinci kursu beləcə, müəllimlərimizdən, həm professor Mir Cəlal Paşayevin professor Pənah Xəlilovla birgə qələmə aldıqları "Ədəbiyyatşünaslığın əsasları" kitabını oxumaqla, öyrənməklə, həm də müəllimlərimizin dilindən Mir Cəlal müəllim haqqında xatirələri dinləməklə başa vurduq. Və müəllimlərimizdən - Mir Cəlal müəllimin müasirlərindən Mir Cəlal müəllimin necə böyük bir insan olduğunu öyrənməklə yanaşı, eyni zamanda müəllimə hörmətin, ehtiramın necə ola biləcəyini də öyrəndik. Mir Cəlal müəllim, hətta dünyasını dəyişəndən sonra belə əsərləri, kitabları vasitəsilə bizə ədəbiyyat nəzəriyyəsinin bütün dərinliklərini öyrətdiyi kimi, bu mənəvi keyfiyyəti də öyrətdi: tələbələrinin, həmkarlarının simasında bir ömür boyu qazandığı müəllim, yazıçı, alim, ziyalı şəxsiyyətinə hörmətin, ehtiramın ehtişamını...
Yuxarı kurslara qalxdıqca Mir Cəlal müəllimlə daha bir neçə dəfə "görüşdük". Belə "görüşlərdən" birinə isə Mir Cəlal müəllimin "Füzuli sənətkarlığı" kitabı səbəb oldu. Bu kitab Füzuli yaradıcılığı haqqında azsaylı əsərlərdən və xüsusi ilə Füzuli sənətinin poetikası barədə ilk kitab olduğundan, çox maraqla oxuduğum və o gündən mənim stolüstü kitablarımdan birinə çevrilən monoqrafiyalardan oldu...
Füzulişünaslığın tarixi Füzuli irsinin tarixi qədər qədimdir. Hələ Füzulinin öz dövründə müasirləri Qəstəmonulu Lətifi, Əhdi Bağdadi, Sam Mirzə şair haqqında məlumat vermiş, onun sənətini yüksək qiymətləndirmişlər. Sonralar "Azərbaycan ədəbiyyatı" əsərində Firudin bəy Köçərli orta əsr təzkirəçilərindən fərqli olaraq, Füzuli yaradıcılığına bir qədər başqa bucaqdan yanaşsa da, Füzuli yaradıcılığı, demək olar ki, yenə də öz həqiqi qiymətini almamış qalırdı.
Azərbaycan ədəbiyyatşünaslığında Füzuli sənətinin öz həqiqi, layiqli qiymətini alması füzulişünaslıqda ədəbiyyat tarixi və poetika məktəblərinin əsaslarını qoyan, ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslığında bu məktəblərin baniləri sayılan Həmid Araslı və Mir Cəlalın adları ilə bağlıdır. Belə ki, Füzulişünaslıqda bu iki alimin tədqiqatları həmişə qoşa addımlamış və Füzulişünaslığın qoşa qanadına çevrilmişlər. Bu mənada, heç də təsadüfi deyildir ki, Həmid Araslının istər 1944 və istərsə də, 1958-ci illərdə tərtib etdiyi Füzulinin Azərbaycanca-türkcə divanına məhz Mir Cəlal Ön söz yazmışdır.
Mir Cəlal "Füzuli sənətkarlığı" əsəri ilə Azərbaycan ədəbiyyatşünaslığında poetika məktəbinin əsasını qoymuşdur. Onun Füzulinin poetikası haqqında qələmə aldığı və 1958-ci ildə çap olunmuş "Füzuli sənətkarlığı" əsəri istər Füzuli yaradıcılığı və istərsə də, ümumiyyətlə, poetika sahəsində Azərbaycan ədəbiyyatşünaslığında olduqca qiymətli, fundamental tədqiqat əsəridir. Bu əsər Füzuli sənətinin sənətkarlıq xüsusiyyətləri haqqında uzun illər yeganə tədqiqat əsəri olmuş və yazılmasının üzərindən təqribən səksən ilə yaxın bir müddətin keçməsinə baxmayaraq, ədəbiyyatşünaslığımızda öz mövqeyini daha da möhkəmləndirmiş, ondan sonra bu mövzuda qələmə alınan bir-iki əsər də əslində Mir Cəlal müəllimin əsərinin təsiri ilə araya-ərsəyə gəlmişdir. Bu mənada, bu günlərdə Mir Cəlalın "Füzuli sənətkarlığı" əsərinin alman dilinə çevrilərək, Avropa elminə təqdim olunması heç də təsadüfi deyildir və əslində tamamilə təbiidir. Çünki bizcə, ilk növbədə, bu əsər və daha sonra bu qəbildən olan digər əsərlər mütləq Avropa dillərinə tərcümə olunmalı, Avropa elmi mühiti Şərqin böyük şairləri ilə bir daha tanış olmaqla bərabər, eyni zamanda, Şərqdə bu şairlər haqqında yazılan qiymətli monoqrafiyalar, elmi əsərlərlə də tanış olmalıdırlar. Əsər Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının dostu, Nəsimi irsinin tədqiqatçısı, Qiesen Universitetinin professoru, görkəmli alman alimi Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilmişdir. Kitabın Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının "Bibliotheca Academica" Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap olunması münasibətilə 2023-cü il noyabr ayının 13-də Azərbaycanın Vyanadakı Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilmişdir. Qeyd edim ki, təqdimatı, ilk olaraq, Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Leyla Qasımova açdı. Sonra Bakıdan təqdimat mərasiminə qonaq kimi dəvət olunan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Üzeyir Hacıbəyli adına BMA-nın Humanitar fənlər kafedrasının müdiri, Prof.Dr. Tərlan Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi Dr. Rizvan Nəbiyev və Almaniyadan gəlmiş Prof. Dr. Mixael Raynhard Hess çıxış edərək, Füzuli yaradıcılığı, Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabı haqqında öz təəssüratlarını, elmi qənaətlərini bildirdilər. Sonda isə görkəmli ədibin qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ədibə xanım Paşayeva çıxış edərək, Mir Cəlal haqqında xatirələrini söylədi. Eyni zamanda Ədibə xanım Mir Cəlal Paşayevin həm elmi, həm bədii yaradıcılığı və həm də onun bir ziyalı kimi mənəvi dünyası haqqında qısaca danışaraq, "Füzuli sənətkarlığı" kitabının alman dilində işıq üzü görməsində zəhməti keçən bütün insanlara təşəkkürünü bildirdi. Olduqca səmimi, lakin yüksək elmi və intellektual səviyyədə keçən təqdimat mərasimi Azərbaycan musiqiçilərinin musiqi nömrələriylə tamamlandı. Yəqin ki, bu təqdimat, təqdimatda iştirak edən alman dostlarımızın, avstriyalı vətəndaşların və eləcə də Vyanada yaşayan azərbaycanlıların yaddaşında əbədi qalacaqdır.
Qeyd edim ki, "Füzuli sənətkarlığı" kitabının 2018-ci il Bakı çapının Ön sözünün müəlliflərindən biri kimi, mən də bu təqdimat mərasimində iştirak etdim. Azərbaycan Respublikasının Vyanadakı Mədəniyyət Mərkəzinin çox yüksək səviyyədə təşkil etdiyi bu tədbir mənim də yaddaşımda əbədi qalacaqdır. İndi isə mən hörmətli oxucularımıza Vyanadakı Mədəniyyət Mərkəzində etdiyim qısa çıxışın mətnini təqdim edirəm.
Mir Cəlalın "Füzuli sənətkarlığı" əsərinin alman dilinə olan
tərcüməsi münasibəti ilə Azərbaycan Respublikasının Vyanadakı Mədəniyyət
Mərkəzində təşkil edilmiş təqdimat mərasiminə
Əziz dostlar, cənablar və xanımlar,
Sizi, bu gözəl ölkədə, gözəl məkanda salamlamaqdan olduqca məmnunam. Və bir də ona görə məmnunam ki, Avropanın ən gözəl ölkələrinin birində, Azərbaycanın və ümumiyyətlə Şərqin ən böyük söz ustadlarının birinin yaradıcılığı haqqında yazılmış əsərin alman dilinə tərcüməsinin təqdimat mərasimində iştirak edirəm. Qeyd edim ki, təqdimatına yığıldığımız bu əsər, Mir Cəlalın "Füzuli sənətkarlığı" əsəri, Füzulişünaslıqda, Füzuli irsinin öyrənilməsi tarixində müstəsna yer tutur və xüsusi əhəmiyyətə malikdir.
Məlumdur ki, XVI əsrdə yaşayıb-yaratmış Məhəmməd Füzuli (1494-1556) Şərqin, xüsusi ilə türkdilli xalqların ən böyük şairlərindən biridir. Onun böyüklüyünü hələ öz müasirləri duymuş, öz əsərlərində onun haqqında məlumatlar vermişlər. Lakin bu əsərlərdə verilən məlumatlar olduqca qısa olmaqla bərabər, təzkirə xarakteri daşımışdır. Füzuli əsərlərinin müasir dünya şərqşünaslığı, Avropa standartları baxımından elmi-metodoloji əsaslarla təhlili tarixi isə təqribən 70-80 il bundan öncə başlayır ki, bu tarixin də ən ön cərgələrinin birində Mir Cəlal və onun "Füzuli sənətkarlığı" əsəri durur. Qeyd edək ki, Mir Cəlal (1908-1978) Azərbaycan mədəniyyəti tarixində təkcə görkəmli Füzulişünas kimi deyil, eyni zamanda, olduqca görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq və görkəmli ziyalı kimi də mühüm yer tutur. Bu mənada, Füzuli haqqında yazılan ən qiymətli tədqiqatlardan birinin də Mir Cəlalın qələminə məxsus olması tamamilə təbiidir.
Dediyimiz kimi, Şərq ədəbiyyatı tarixi olduqca böyük söz sənətkarları ilə zəngindir. Bunlardan biri də Füzulidir. Ümumiyyətlə, Şərqdə şairin böyüklüyünü iki baxımdan dəyərləndirirlər: 1. O, nə deyib? 2. Həmin fikri necə, hansı poetik keyfiyyətdə söyləyib? Qeyd edək ki, Mir Cəlal Füzuli yaradıcılığına ilk dəfə bu istiqamətdən yanaşan tədqiqatçılardan biri olmaqla, ümumiyyətlə, Füzuli yaradıcılığını poetik baxımdan ilk araşdıran tədqiqatçıdır və Azərbaycan ədəbiyyatşünaslığında bu istiqamətin başında duran alimdir. Amma Füzuli sənətinin mahiyyətinin, məğzinin açılmasına da biganə deyil. Çünki Füzuli poetikasının açılmasının yolu əslində Füzuli əsərlərinin məzmununun mahiyyətinin açılmasından keçir. Mir Cəlal da məhz bunu bildiyi üçün, "Füzuli sənətkarlığı" kitabında, ilk növbədə, Füzuli əsərlərinin məzmununun şərh edilməsi məsələlərinə toxunmuş, Füzulinin və ümumiyyətlə, bütövlükdə Şərq ədəbiyyatının əsas mövzusu olan, Şərq ədəbiyyatından qırmızı bir xətt kimi keçən eşq mövzusunun izahını, şərhini vermişdir. Bu mənada, eşq nədir? Bu böyük və çox çətin izah olunan suala qısaca, bir cümlə ilə cavab verəsi olsaq, onu deyə bilərik ki, eşq İslam dininə, ictimai-fəlsəfi-poetik fikrinə görə, insanı Allah ilə bağlayan vasitədir, əlaqədir, duyğudur. Buna görə də, bu mövzunu açmadan Şərqdə heç bir şüur məhsulunu axıra qədər dərk etmək olmaz. Mir Cəlal da məhz "Füzuli sənətkarlığı" əsərində təqribən 80 il bundan öncə, Sovetlər Birliyinin bu mövzular haqqında danışmağı qadağan etdiyi dövrlərdə, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə böyük cəsarətlə Füzuli yaradıcılığında eşq məsələsini qaldırmış və onu dövrünün verdiyi sərt elmi çərçivələr hüdudunda olduqca doğru və elmi şəkildə şərh etmişdir. Bəli, bundan sonra Füzuli yaradıcılığında digər məsələləri izah etmək olar ki, Mir Cəlal da məhz belə etmiş və yenə də ilk dəfə olaraq, ümumiyyətlə Füzulişünaslıqda və xüsusilə də, Azərbaycan Füzulişünaslığında Füzuli lirikasının motivləri və obrazları, "Leyli və Məcnun" əsərinin poetik xüsusiyyətləri, aşiq portretinin poetik cizgiləri, Füzuli qəzəllərinin məzmun və sənətkarlıq xüsusiyyətləri, Füzuli nəsrinin, alleqoriyasının, fəlsəfi əsərlərinin dil, vəzn və qafiyə problemləri, Şərq ədəbiyyatşünaslığında məşhur olan təşbeh, istiarə və s. kimi poetik fiqurların Füzuli yaradıcılığına tətbiqi xüsusiyyətləri haqqında olduqca qiymətli elmi fikirlər söyləmişdir. Qeyd edək ki, Mir Cəlalın Füzuli yaradıcılığında qaldırdığı bu istiqamətlərdən bir neçəsi diqqəti ayrıca olaraq cəlb edir. Belə ki, bunlardan birincisi, təbii ki, onun Füzuli qəzəllərinin poetik xüsusiyyətləri, onların təsnifi məsələləridir. Füzuli qəzəllərini məzmun baxımından əsasən, iki yerə bölən Mir Cəlal, onların daha çox aşiqanə və fəlsəfi məzmunda qələmə alındıqlarını söyləyir. Və əgər "fəlsəfi" başlıqlı qəzəllərdə Füzulinin əsasən, dövrünün problemlərinə qarşı yazdığı ictimai fikirli əsərlərini nəzərdə tutursa, "aşiqanə" qəzəlləri bölgüsü ətrafına daha çox sırf məhəbbət məzmunlu, eşqdən, sevgidən, sevən qəlbin pıçıltılarından bəhs edən əsərlərini toplayır. Və "aşiqanə" qəzəllərinin əsas mövzusunun insani sevgi, insanlığa, bəşəriyyətə, dünyaya məhəbbət olduğunu vurğulayır. Bizcə, bu qiymət Füzuli yaradıcılığına verilən ən düzgün qiymətlərdən və birincilərdən biridir.
Mənim nöqteyi-nəzərimə görə, Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabında diqqəti çəkən daha bir məqam vardır ki, bu, müəllif tərəfindən bilərəkdən, sovet dövrünün qadağalarına görə bir o qədər də qabardılmasa da, əslində Mir Cəlalın "Füzuli sənətkarlığı" əsərinin mahiyyətinin ayrılmaz tərkib hissələrindəndir. Belə ki, xarici ölkə, daha çox türk Füzulişünasları Füzuli yaradıcılığında dini motivlərə az diqqət yetirdiklərinə görə, Azərbaycan Füzulişünaslarını həmişə tənqid etmişlər. Lakin qeyd etmək lazımdır ki, Füzuli haqqında müasir elmi metodologiya ilə yazılan ilk əsərlərin birində, hələ 80 il bundan öncə Mir Cəlal, Füzuli yaradıcılığında dini məsələlərə toxunmuş, bəzi beytləri, əsərləri şərh edərkən, dini mənbələrə söykənmiş, onun qəsidələrini şərh edərkən, onları oxucuya Füzuli yaradıcılığında "mənzərələr" başlığı altında təqdim etmişdir.
Bəli, bütün bunlar, burada dediyimiz və demədiyimiz fikirlər Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabının əsas cizgiləridir. Biz də bu kitabı 2018-ci ildə Bakıda yenidən nəşr etdirdik. Təbii ki, bu kitab, onun elmi xüsusiyyətləri haqqında çox danışmaq olar və bu kitab buna layiqdir. Mən çox sevinirəm ki, bu kitab Avropa elmi mühitinin də diqqətini cəlb etmiş və bu əsər alman dilinə çevrilərək, Avropada çap edilmişdir. Bu kitab mənim xalqıma, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına, onun haqqında gözəl bir tədqiqat əsəri yazmış görkəmli yazıçı, alim, pedaqoq, ziyalı Mir Cəlalın xatirəsinə ən gözəl töhfədir. İnanıram ki, bu gün müstəqil Azərbaycanın, inkişafda olan Azərbaycanın Avropa elmi mühiti ilə olan əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Ona görə də mən bu işdə zəhməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə, Prof. Dr. Tərlan Quliyev.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!