Roman təkamülünə bir baxış - İkinci yazı - Nərgiz CABBARLI

Nərgiz CABBARLI

 

Əvvəli burada

 

XIX əsrin sonları, XX əsrin əvvəllərində artıq dünya romanları haqqında, onun metod və strukturu haqqında Azərbaycan ədəbi mühitində müəyyən məlumat var idi. Məhz bu səbəbdəndir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində yeni ictimai-siyasi və ədəbi-bədii hadisələr zəminində təhlillər aparan, müasir dövrün, vəziyyətin aydın, anlaşıqlı, xalqa yaxın ədəbi dil tələblərinin fonunda meydana çıxan və inkişafı üçün zəmin yaranan yeni janrlar diqqət mərkəzinə çəkilirdi. Nəinki romançılıq, hətta hekayənəvislik belə bu dövr üçün yeni fakt idi. İlk roman müəlliflərindən biri kimi, Azərbaycan ədəbiyyatı tarixinə düşən S.M.Qənizadə 1894-cü ildə Məhəmməd Tağı Sidqiyə göndərdiyi məktubda hekayənəvisliyin əhəmiyyətindən söz açaraq deyirdi: "...Bu zəmanədə hekayənəvislik bazari-xacə Hafiz xətm etdiyi qəzəliyyatın təhrifatından rəvacdır". Çünki artıq "qəzəliyyat" və klassik Şərq şeiri öz mövzu dairəsi, problematikası ilə müasir dövrün "məzmunu"nu ifadə etmək iqtidarında deyildi. Yeni janrlar isə, hələ ki yalnız anlayış olaraq ədəbiyyata daxil olurdu. Və dövrün qabaqcıl ziyalıları bir-birini bu janrı dəstəkləməyə, bu janrda yazmağa səsləyirdi.  Məsələn, tənqidçi S.Hüseyn "İqbal" qəzetində çıxan bir məqaləsində yazırdı: "Romançılıq ədəbiyyat aləmində bir sənətdir. Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə bərabər şeir babında çox irəliləmişdir. Nəsr babında qeyrilərə nisbətən geridə qaldığından romançılıq sənəti bizdə bir halətdədir. Halbuki romanın təhzibi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bur gün fikri söyləmək üçün romandan gözəl bir alət olmaz. Roman vasitəsilə bir millətin həqiqət kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək olar ki, oxucu onu şirin oxumaqla, öz nöqsanlarını düşünə bilər".

Göründüyü kimi, bu sitatda da romanın ictimai-siyasi mühit, bu mühitin və cəmiyyətin, millətin problemləri haqqında danışmaq, onları təhlil etmək üçün geniş imkanlar yaradan bir janr olması xüsusiyyəti diqqətə çatdırılır.

Seyid Hüseynin də qənaətlərində qəribə heç nə yox idi, çünki həqiqətən də, bütün Şərq xalqlarının ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da şeir, klassik Şərq şeiri üstün mövqedə idi. Bütün təzkirələr də, orta əsrlərə aid mənbələr də, qaynaqlar da bunu açıq-aşkar sübut edir.

Daha bir incə məqam məhz bununla bağlıdır. O təzkirələr, orta əsrlərə aid mənbələr bir çox janrların inkişaf dinamikasını müşahidə etməyə imkan verir. Ümumiyyətlə, bizim düşüncəmizə görə, janrın inkişafı ilə həmahəng olan onun nəzəri xüsusiyyətlərinin formalaşması və ədəbi-nəzəri düşüncədə öz izahını, təhlilini qazanması adekvat bir prosesdir. Lakin nədənsə, romanı orta əsr faktı adlandıranlar bu məqamı nəzərdən qaçırırlar. Bizim fikrimizə görə, roman haqqında gec danışılması məntiqi bir proses ardıcıllığı ilə bağlıdır. Əslində, bu qənaətin özü tədqiqatçının "roman orta əsr faktıdır" tezisinə qarşıdır. Çünki hər bir ədəbi forma, janr haqqında onun öz zamanında müəyyən elmi qənaətlər, nəzəri müddəalar irəli sürülür. Janrın nəzəri əsasları formalaşdıqca onun haqqnda fikirlər də yaranır, elmi qənaətlər də formalaşır. Bunu biz digər janrlarla bağlı artıq bilirik. Yəni bir janr haqqında ədəbi fikrin danışması üçün əsrlərin keçməsinə ehtiyac olmamalı idi.

Bütün mənbələrdə, təzkirələrdə, qaynaqlarda əsasən, şairlər, onların yaradıcılığı və şeir janrlarının inkişaf dinamikası izlənilir.  Məsələn, qəzəl, qəsidə, müxəmməs, müstəcəd və s. janrların inkişaf dinamikası, hansı dilli ədəbiyyat faktı olması, Azərbaycan ədəbiyyatında və dilində işlədildiyi zaman hansı xüsusiyyətlərini itirdiyi, yaxud hansı yeni keyfiyyətlər qazanması və s. müşahidə edilən prosesdir. Bizim gətirdiyimiz bu faktlar roman yaradıcılığının, romanın bir janr olaraq XIX əsrin sonları,  XX əsrin ortalarında ədəbiyyat meydanına atıldığına dəlalət edir. Adı, forması, tələbləri belə bəlli olmayan bir janrın tarixinin orta əsrlərdə aranması, fikrimizcə, əsassızdır.

Ümumiyyətlə, ədəbiyyat üçün, ədəbi mühit üçün aktual olan bir proses roman üçün də işlək idi. Bu da klassik Şərq ənənələri, janrları, ona vərdiş edən ədəbiyyatın (ədəbi dilin, mühitin) sadə dildə "danışmaq" üçün mübarizəyə başlaması, klassik Şərq janrlarından aktual Qərb ədəbi janrlarına keçidin başlaması idi. Bundan başqa, klassik Şərq poetikası ilə Avropa romanı arasında bir keçid (bir çox janrlar arasında olan keçidlər kimi), əvvəlcə, daha çox sintez xarakteri daşımışdır və bu prosesi də açıq-aydın müşahidə etmək olur. Çünki yeni forma bəlağətli nitqə uyğun deyildi. Hələ ki dil təsirindən qurtulma baş verməmişdi. Klassik ənənələr, şərq ədəbi ənənələri, bəlağətli nitqlə qərbdən gələn roman janrını sintez etməyə çalışdılar. İlk cəhdlərdəki uğursuzluğun səbəbi bu idi. Yəni təsadüfi deyil ki, XIX əsrin sonlarında yaradılmış "roman" adlandırılan mətnlərdə klassik Şərq ənənələri, dili, təhkiyəsi, düşüncə tərzi və poetik ifadə vasitələri ilə müasir forma xüsusiyyətləri arasında bir çarpışma, eyni zamanda da sintez cəhdləri müşahidə olunur. Ona görə də bu mətnlərdə roman janrının poetik xüsusiyyətləri ilə klassik Şərq poetikasının xüsusiyyətlərinin "çarpışdığı"nı görə bilirik. Bu fikrimizi ilk roman kimi dəyərləndirilən Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" əsərində də müşahidə etmək olar. Zaman keçdikcə roman bir forma olaraq Şərq poetikasını, ifadə və təsvir vasitələrini özündən itələyərək çıxarır, məzmun olaraq özünə hopdurduğu ictimai-siyasi məzmunlu problemlərin tələbi ilə daha anlaşıqlı, daha sadə ifadə formalarına üstünlük verməyə başlayır (məsələn, "Bahadır və Sona", "Şeyda bəyin məktubları" və s.).  Lakin bu prosesin özü belə zaman, özünütəsdiqləmə və özünütapma xüsusiyyətinin mövcudluğunu tələb edirdi. Ona görə də sınanan qələm təcrübələrində, hətta XX əsrin əvvəllərində yaranan və "kiçik roman", "roman" kimi təqdim edilən əsərlərin özündə belə roman janrının özünü tam mənası ilə təsdiqləyə bilmədiyini görürük.

Biz bu qənaətləri  Zaman Əsgərlinin araşdırmalarında da görürük: "Azərbaycan ədəbiyyatının inkişaf tarixində xüsusi mərhələ kimi seçilən XIX yüzilin fərdi özəlliyini, onun modern səciyyəsini və poetikasını şərtləndirən mühüm amillərdən biri yeni bədii nəsrin yaranmasıdır. Əlbəttə, həyatı əksetdirmə üsulu kimi mənsur təhkiyə Azərbaycan ədəbiyyatında XIX əsrə qədər də var idi və XIX yüzildə yazılan hekayə, nəsihət, nadirə, povest, roman örnəklərinin çoxu özündən əvvəlki dövrün nəsr ənənələri üzərində meydana gəlmişdir. Hətta XIX yüzildə yaranan Azərbaycan bədii nəsrinin ilkin nümunələrinin həm məzmun, həm də struktur qatında, dil üslub modelində və bədii sintaksisində orta əsrlərə məxsus təhkiyə üsulunun, Füzuli "Həqiqətəs-süəda"sının tipoloji oxşarlığı aydın görünür. Lakin əsrin ikinci yarısında milli bədii-estetik fikrin Qərbə inteqrasiyasi bütünlüklə ədəbiyyatı, o cümlədən onun ayrı-ayrı növlərini və janrlarını zənginləşdirir, bu dövrdən başlayaraq, Azərbaycan nəsri özündə bir tərəfdən, ənənəvi Şərq, digər tərəfdən isə, yeni Qərb kontekstini birləşdirir".     

Bu, yalnız sonralar effektini verməyə başladı. Yəni formanın sadə təhkiyə, anlaşıqlı dil, prosesi təsvir edəcək və oxucuya yönəlik bəlağət deyil, hadisələri çatdıracaq sadəlik tələb etdiyi ortaya çıxdıqda. Çünki "Roman ədəbiyyatda realizmi qüvvətləndirir, onun estetik əhatə və təsir dairəsini genişləndirir, onu xalq həyatına və milli mənəviyyata yaxınlaşdırır, millətin varlığındakı gücü və qüdrəti aşkara çıxarıb bədii cəhətdən onun yaşamaq haqqını təsdiqləyir. Roman tarixi gerçəkliyin bədii portretidir" (Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi (dərslik). Bakı, "Proqress", 2012, 434 səh. 252-253).

Təbii ki, romanın bir janr olaraq Azərbaycan ədəbiyyatına gəlişini neft bumu, Avropa və Rusiyada təhsil alan ziyalıların çoxalması, əlaqələrin genişlənməsi kimi ümumi proseslərdən kənarda təhlil etmək düzgün deyildir. O  dövrdə gedən prosesi yenə də ən uğurlu bir şəkildə ədəbiyyat tarixçisi Firidun bəy Köçərli xarakterizə edirdi: "Hacı Seyid Əzim Şirvanidən və çox gənc ikən 1867-ci ildə vəfat etmiş Abdulla bəy Asidən sonra onların şəxsində ideal-romantik istiqamətli ən yaxşı nümayəndələrini itirmiş Azərbaycan ədəbiyyatı tamamilə başqa bir yola düşmüşdür. Bu zamandan başlayaraq poeziya və şeirlə deyilən söz öz yerini nəsrlə yazılmış komediyalara, tragediyalara, povest və romanlara verməyə başladı... Bu yeni  ədəbi cərəyanın nümayəndələri əsas etibarilə Şərq təhsilindən əlavə... rus təhsili görmüş gənclər idi,... bəziləri povest və romanlarda öz gücünü sınayırdı.

Çox maraqlıdır ki, roman anlayışının ilk dəfə ədəbi leksikonumuzda işlənməsi belə o prosesin birdən-birə hərəkətə gəlməsinə rəvac verməmişdir. Bu səbəbdəndir ki, M.F.Axundovun ilk nəsr əsərlərindən sonra hələ uzun müddət boşluq olması bir çox tədqiqatçıların diqqətini çəkmişdir: "M.F.Axundov məşhur "Təmsilat"ının nəşrindən 90-cı illərin başlanğıcına qədər otuz beş illik müddətin ötüb keçməsinə baxmayaraq, Azərbaycanda realist ədəbiyyatın, xüsusilə, böyük ədibin özünün yüksək əhəmiyyət verdiyi nəsr və dramaturgiyanın inkişafında, demək olar ki, heç bir irəliləyiş olmamışdı.

Roman janrı, həm də realizmin inkişafı ilə bağlı idi. 26 may 1911-ci ildə Qoridən göndərdiyi məktubda F.Köçərli ədəbiyyatşünaslığın qarşısında duran məsələlərdən danışır, gənc Şaiqə realizmin əsas xüsusiyyətlərini başa salır, onu yerli-yersiz ərəb-fars, osmanlı sözlərini işlətməkdə tənqid edir, xalq dilində yazmağa ruhlandırırdı. Roman janrının meydana çıxması dünya ədəbiyyatı tarixində də, əsasən, kataklizmlər dövrünün, böyük ictimai-siyasi hadisələrin gedişatının  təsiri ilə adekvatdır. Çünki o hadisələri (əlbəttə ki, şəxsi talelər fonunda olmaqla) yalnız roman kimi genişhəcmli janr təsvir obyektinə çevirə bilərdi. XX əsrin əvvəlləri Azərbaycan üçün məhz belə bir tarixi mərhələnin, çevrilişin, ictimai-siyasi dəyişikliklərin, azad düşüncə, azad şəxsiyyət, azad mənəviyyat məsələlərinin gündəmə gətirildiyi dövr idi. Mehdi Hüseyn bu prosesin izahını çox dəqiq vermişdir: "Necə olmuşdur ki, uzun bir inkişaf yolu keçmiş və zəngin poeziyasının tarixi yüz illərlə ölçülən bir ədəbiyyatda roman janrı, əsasən, yalnız bu son iyirmi il müddətinə yaranmışdır? Belə görünür ki, roman xalqın tarixində müəyyən ictimai amillər olmadan meydana çıxa bilməz. Görünür ki, romanın yaranması üçün təkcə böyük ədəbi istedadların və görkəmli poetik şəxsiyyətlərin mövcudiyyəti hələ kafi deyildir. ...belə görünür ki, roman bir ədəbi janr olaraq xalqın azadlıq hərəkatı meyillərinin və ictimai şüurunun qüvvətlənməsi ilə əlaqədardır". 

İctimai şüurun güclənməsi, cəmiyyətdə, xalqın həyatında milli özünüdərkin kəskinləşməsi, cəmiyyətdə mövcud nöqsanları görə biləcək zəkaların oyanışı da romanın bir janr olaraq aktuallaşmasını şərtləndirirdi. Hər halda, başqa heç bir janr və ya ədəbi forma xalqın, cəmiyyətin dərk edilmiş ağır problemlərini dəqiq, əhatəli və əsaslı şəkildə təsvir etmək üçün qələm adamına imkan və şərait təqdim etmir. Elə yeni yaranan romanlarda mətnin bədii qatına hopdurulmasına çox da nail olunmayan, üzdə qalan sosial, ictimai, mənəvi problemlərin (məsələn, "Səyahət" və s.) təsviri bunun sübutudur.

Onu da yaddan çıxarmaq olmaz ki, roman ideoloji inkişafın, maarifçilik hərəkatının məhsuludur. Roman bir janr olaraq təsvir etmək, nöqsanları göstərmək, reallığı diqqətə çatdırmaqdan başqa, həm də inkişaf etdirmək, öyrətmək funksiyası da daşımışdır.  Hər zaman belə olmuşdur. "Bir milli ideoloji hərəkat kimi Maarifçilik öz böyük tarixi-tipoloji funksiyasını Yaxın və Orta Şərqdə də, Azərbaycanda da icra etmiş olur: bədii inkişafda orta əsrlərdən (klassik romantik poeziyadan) "yeni dövr"ə qəti keçidi tarixən hazırlayır. İctimai və bədii-fəlsəfi təfəkkürün məhz Maarifçilik mərhələsində Azərbaycanda da antifeodal məfkurənin və realist metodun müstəqil milli tipi yarana bilir. Məhz bu zaman XIX əsrin ortalarından ümumilli ədəbi dilin təşəkkül prosesi başa çatır, maarifçi demokratizm ideologiya kimi formalaşır, rus və Qərb mədəniyyəti ilə əlaqələr güclənir...."  Bu əlaqələrin məntiqi nəticəsi olaraq da,  bir sıra ədəbi formalar və janrlar kimi, roman da Azərbaycan ədəbiyyatına yol tapır. Lakin "Azərbaycanda maarifçi realist ədəbiyyat ilk mərhələlərdə hələ öz böyük romanını, öz böyük nəsr janrlarını yaratmır. Bunun üçün hələ uzun bir mərhələyə ehtiyac var idi. Zaman tələb olunurdu.

Romanın Azərbaycan ədəbiyyatında XX əsr faktı olmasını onun nəsrlə yazılan əsər olması amili də sübut edir. Roman nəsrlə yazılır. Bu danılmaz faktdır. Hətta əsrin əvvəllərində roman adı ilə ədəbiyyatımızda və ədəbiyyatşünaslığımızda təqdim edilən əsərlərin özlərini tədqiq etdikdə roman tələblərinin - strukturunun, süjetinin, roman üçün vacib olan təhkiyənin, roman dilinin, detalların və s. nə qədər zəif olduğu  müşahidə edilir. Bu poetik xüsusiyyətlərin zaman-zaman inkişaf etdiyini, oturuşduğunu, özünü əsaslandırdığını açıq-aydın görmək mümkündür.  Bu səbəbdən də romanın Azərbaycan ədəbiyyatında XX əsr hadisəsi olduğu, sosial-ictimai münasibətlərin artımı, xarici ədəbiyyatlardan təsirlənmənin və dünyagörüşünün genişlənməsi, əlaqələrin formalaşması zəminində təcrübə olaraq sınandığı (eynilə dram, komediya kimi) faktının üzərində dayanırıq.

Lakin tədqiqatçılar bir əsas amilin - roman təfəkkürü və dil faktoru üzərində nədənsə dayanmır, dil, təhkiyə və təfəkkür əlaqəsinin mövcudluğunu nəzərdən qaçırırlar. Romanın bir janr olaraq formalaşması, onun əsas komponentləri, yalnız geniş epik təsvir, xarakterlər və tiplərin mövcudluğu, qlobal proseslərin təsviri deyil. Eyni zamanda da dil və təhkiyə problemi, roman təfəkkürü faktı ilə əlaqəlidır. Roman - bir janr olaraq nəsr hadisəsidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!