Firidun Hüseynov - 90: Görkəmli mollanəsrəddinçi ədəbiyyatşünas - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında görkəmli elm xadimi və tanınmış pedaqoq, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun böyük xidmətləri olmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan Firidun Hüseynov ölkəmizin fədakar ədəbiyyat tarixçilərindən biri kimi, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış simalarının həyat və yaradıcılığının, əsrin başlanğıc mərhələsində milli mətbuatının formalaşma və inkişafı məsələlərinin dərindən, əsaslı şəkildə araşdırıb tədqiq edilməsinə böyük töhfələr vermişdir. Ümumiləşdirilmiş şəkildə belə demək mümkündür ki, professor Firidun Hüseynov Azərbaycanda mollanəsrəddinçi ədəbiyyatın əsas yaradıcılarından biridir. Mollanəsrəddinçi ədəbiyyata dair sanballı elmi əsərləri onun XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının əsas və aparıcı ədəbi cərəyanının - tənqidi realizmin görkəmli tədqiqatçılarından biri olduğunu nümayiş etdirir.

Görkəmli elm xadimi Firidun Hüseynovun elmi fəaliyyəti bütünlüklə Azərbaycan mollanəsrəddinçi - tənqidi realist ədəbiyyatının tədqiq edilib öyrənilməsi və təbliğ edilməsinə həsr edilmişdir. Firidun Hüseynov mollanəsrəddinçi ədəbiyyat haqqındakı qiymətli tədqiqatlarında XX əsrin əvvəlləri Azərbaycan tənqidi realizmi ədəbiyyatının real mənzərəsi, ədəbi gedişatın uğurları və əsas ədəbi hadisələri dolğun və obyektiv şəkildə işıqlandırılmışdır. Sovet rejiminin hakim olduğu dövrdə yaşayıb-yaratmasına baxmayaraq, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun tədqiqat əsərlərində keçmiş ideologiyanın izləri çox azdır, yox dərəcəsindədir, məcburi, yaxud formal, zahiri fon təsiri bağışlayır. Bunun əsas səbəbi görkəmli alimin əsl mollanəsrəddinçi kimi, həmişə gerçəkçi elmi mövqedə dayanması, araşdırma prosesində əbədi faktlara və hadisələrə üstünlük verməsi ilə əlaqədardır. Firidun Hüseynovun təhlilləri mollanəsrəddinçi ədəbiyyatdan alınmış çoxsaylı informasiyalarla, real ədəbi materialla, bədii əsərlərdən seçilmiş əhəmiyyətli faktlarla və sitatlarla zəngindir. Bir çox tanınmış ədəbiyyatşünaslardan fərqli olaraq o, araşdırma apararkən, hazır sxemlərdən və mövcud modellərdən deyil, ədəbiyyatın özündən, bədii əsərlərin real, təbii məntiqindən, daxili enerjisindən çıxış etmişdir. Bu mənada, professor Firidun Hüseynovun hər bir tədqiqat əsəri ədəbiyyatşünaslıq elmini bədii ədəbiyyatın özünə, bədii mətnin məntiqinə daha da yaxınlaşdırmışdır. Onun elmi əsərlərində milli mollanəsrəddinçi ədəbiyyatın real nəbzi döyünür.

Azərbaycan mollanəsrəddinçi irsinin Mirzə İbrahimov, Mir Cəlal, Abbas Zamanov, Əziz Mirəhmədov, Əziz Şərif, Qulam Məmmədli kimi qüdrətli tədqiqatçılarının sıralarında Firidun Hüseynovun da özünəməxsus, şərəfli yeri vardır. O, ölkəmizdə mollanəsrəddinçi ədəbiyyatşünaslığın əsas yaradıcılarından biri kimi qəbul olunur. Məhz mollanəsrəddinçi ədəbiyyata həsr olunmuş qiymətli tədqiqat əsərləri onu geniş mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli yaradıcıları sırasına çatdırmışdır. Aradan xeyli illər keçməsinə və ideoloji sistemin dəyişməsinə baxmayaraq, indi də Firidun Hüseynovun zəngin mollanəsrəddinçi elmi irsi öz aktuallığını və müasirliyini itirməmişdir. Bu zəngin və dəyərli elmi irs - çoxsaylı məqalələr, sanballı monoqrafik tədqiqatlar yenə də alimlərin, mütəxəssislərin, müəllimlərin və tələbələrin xidmətindədir.

Firidun Hüseynov mollanəsrəddinçi ədəbiyyatın tədqiqinə "Əli Nəzminin həyatı və yaradıcılığı" adlı namizədlik dissertasiyası ilə başlamışdır. Əli Nəzmi - Məşədi Sijimqulu ilə əlaqədar araşdırmaları Firidun Hüseynovun "Molla Nəsrəddin" dünyasına açılan ilk elmi qapısıdır. "Əli Nəzmi" monoqrafiyası (1970) mollanəsrəddinçi irsin tədqiqinin birinci mərhələsinin uğurlu elmi təqdimatıdır. Bu qiymətli kitab ədəbiyyat tariximizdə "İkinci Sabir" kimi tanınmış görkəmli mollanəsrəddinçi şair Əli Nəzmiyə ucaldılmış layiqli elmi abidədir. Burada Əli Nəzminin həyat və yaradıcılığının bütün istiqamətləri və əsas problemləri özünün dolğun elmi əksini və həllini tapmışdır. İstinad edilən çoxsaylı elmi mənbələr, ilk dəfə üzə çıxarılaraq elmi ictimaiyyətə çatdırılan qiymətli və zəngin ədəbi materiallar, şairin haqqında söz açılan müasirləri haqqındakı geniş informasiya "Əli Nəzmi" monoqrafiyasına ensiklopedik kitab xarakteri gətirir. Burada, həm Əli Nəzminin dolğun elmi-ədəbi portretinin verilməsi və həm də onun sənət və əqidə yoldaşları haqqındakı əhatəli məlumatlar və təhlillər bu mollanəsrəddinçi şairi dövrü, mühiti və müasirləri ilə birlikdə, yaradıcılığının əsas problemləri ilə vəhdətdə təqdim etməyə imkan yaratmışdır. "Əli Nəzmi" monoqrafiyası kimi, Əli Nəzminin satiralarını və məqalələrini də arxivlərdən və dövri mətbuat səhifələrindən toplayıb kitab halında nəşr etdirməsi də professor Firidun Hüseynovun Azərbaycan ədəbiyyatşünaslıq elminə xidmətləri sırasında özünə yer tutur. İndiki mərhələdə "Əli Nəzmi" monoqrafiyasının və Əli Nəzminin seçilmiş əsərlərinin yenidən nəşr edilib latın qrafikası ilə müasir elmi dövriyyəyə daxil edilməsinə ehtiyac vardır.

Nəticə etibarilə Əli Nəzmiyə həsr olunmuş sanballı elmi-tədqiqat işi və həmin araşdırma əsasında yazılmış qiymətli monoqrafiyası, həm də mollanəsrəddinçi ədəbi irsin tədqiqi sahəsində Firidun Hüseynovun mükəmməl elmi məşqidir. "Molla Nəsrəddin" dünyasına həsr olunmuş sonrakı qiymətli elmi əsərləri həmin möhkəm bünövrə üzərində ucaldılmışdır. Elmi mühitdə professor Firidun Hüseynov daha çox görkəmli Mirzəcəlilşünas alim kimi tanınır. Doktorluq dissertasiyası kimi meydana çıxmış "Cəlil Məmmədquluzadə bədii nəsrinin əsas problemləri" adlı sanballı elmi-tədqiqat əsəri onun adının Azərbaycan ədəbiyyatşünaslığının böyük "Mirzəcəlilşünaslarının cərgəsinə daxil edilməsinə meydan açmışdır. Görkəmli alimin doktorluq dissertasiyası əsasında hazırlanıb nəşr edilmiş "Adi əhvalatlarda böyük həqiqətlər" adlı qiymətli monoqrafiyası (1977), ümumən Cəlil Məmmədquluzadə yaradıcılığının, xüsusən də, ədibin bədii nəsrinin daxili dünyasını, özünəməxsus zənginliklərini açan və yüksək elmi səviyyədə dəyərləndirən fundamental elmi tədqiqat əsəridir. Bu qiymətli tədqiqat əsərində Firidun Hüseynovun mövcud ədəbi materialı bütün dərinlikləri və incəlikləri ilə dəyərləndirmək və elmi ümumiləşdirmələr aparmaq istedadı əyani surətdə görünməkdədir. Monoqrafiyanın düzgün seçilmiş uğurlu adı burada Cəlil Məmmədquluzadə yaradıcılığının əsas qayəsinin, ana xətlərinin əhatəli və dolğun şəkildə ifadə edildiyini qabarıq surətdə nəzərə çarpdırır. Firidun müəllim tərəfindən düşünülmüş bu ad, sərlövhə - "Adi əhvalatlarda böyük həqiqətlər" formatı Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bərabər, geniş mənada, mollanəsrəddinçi ədəbiyyatın, Azərbaycan tənqidi realizminin əsas mahiyyətini, ideya-estetik prinsiplərini ifadə etmək, elmi baxımdan şərh etmək imkanlarına malikdir. İlk dəfə Cəlil Məmmədquluzadənin əsərlərində meydana çıxmış "kiçik adam" obrazları haqqında Firidun Hüseynovun formalaşdırdığı elmi model, geniş mənada, Azərbaycan tənqidi realizm ədəbiyyatında fərqli bədii obraz formatının müəyyən edilməsinə xidmət edir. Firidun müəllimin mollanəsrəddinçi ədəbiyyatın mövzu və problemlərinə, təsvir və ifadə vasitələrinə dair fikirləri, həm də XX əsrin əvvəlləri Azərbaycan tənqidi realist ədəbiyyatının mahiyyətinə işıq salan mükəmməl nəzəri qənaətlərdir. Bundan başqa, Firidun Hüseynovun əsl ədəbiyyat tarixçisi kimi Cəlil Məmmədquluzadənin əsərlərinin yazılma və çap olunması tarixi, dövrün ictimai-siyasi prosesləri ilə əlaqəli təhlili, ədibin təqdim etdiyi obrazların prototipləri haqqındakı araşdırmaları doğrudan da, onun tədqiqatında "Adi əhvalatlarda böyük həqiqətlər"in dahiyanə şəkildə əks etdirildiyini əyani surətdə göstərir. Bütün bunlar Firidun Hüseynovun tədqiqatlarının əhatə dairəsini, onun ədəbiyyatımızın ideya-mövzu cəhətdən, bədii obraz və xarakter baxımından özünəməxsusluqlarını hansı miqyasda əks etdirdiyini təsəvvür etməyə imkan yaradır.

"Satirik gülüşün qüdrəti" kitabı (1982) Firidun Hüseynovun ayrılıqda götürülmüş konkret bir satirik yazıçının həyatı və yaradıcılığının araşdırılmasından bütövlükdə "Molla Nəsrəddin" ədəbi məktəbinin tam halda tədqiq edilməsinə keçidinin başlanğıcıdır. Kitabda toplanan araşdırmalarda ayrı-ayrı mollanəsrəddinçi yazıçı və şairlərin yaradıcılığının ana xətləri öz əksini tapmışdır. Bundan başqa, Firidun Hüseynovun mollanəsrəddinçi ədəbiyyata dair ümumiləşdirilmiş elmi qənaətləri də "Satirik gülüşün qüdrəti" kitabında özünə yer almışdır. Firidun Hüseynov mollanəsrəddinçi yazıçıların timsalında satira haqqındakı nəzəri fikirlərini də bu kitabda elmi ictimaiyyətə çatdırmışdır. Buna görə "Satirik gülüşün qüdrəti" kitabı Firidun Hüseynovun elmi fəaliyyətində, geniş mənada, "Molla Nəsrəddin" ədəbi məktəbinin tədqiqinə keçid baxımından elmi körpü funksiyasını həyata keçirir. Fikrimizcə, Firidun Hüseynovun "Molla Nəsrəddin" və mollanəsrəddinçilər monoqrafiyası Əli Nəzmi haqqındakı araşdırmalardan sonra "Satirik gülüşün qüdrəti" kitabı zəminində meydana çıxmışdır. Bu mənada, "Molla Nəsrəddin və mollanəsrəddinçilər" monoqrafiyası (1986) professor Firidun Hüseynovun tənqidi realist ədəbiyyat haqqındakı tədqiqatların qanunauyğun və uğurlu məntiqi yekundur. Firidun Hüseynovun "Molla Nəsrəddin və mollanəsrəddinçilər" adlı ümumiləşdirici tədqiqat əsərində "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçi satirik mətbuat, habelə Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilər haqqında geniş elmi araşdırmalar öz əksini tapmışdır. Nəticə etibarilə professor Firidun Hüseynov bu tədqiqatı ilə mollanəsrəddinçi ədəbiyyat haqqında geniş və ümumiləşdirilmiş elmi söz deməyə nail olmuşdur. Müəllif özünəməxsus böyük təvazökarlıqla "Molla Nəsrəddin və mollanəsrəddinçilər" monoqrafiyasını "Realist mətbuat və ədəbiyyatımızın araşdırılması və təbliği sahəsində tikilməkdə olan böyük binanın divarına qoyulan bir kərpic" adlandırsa da, əslində həmin monumental elmi əsər böyük "Molla Nəsrəddin" sarayının çox geniş və işıqlı bir qəsri kimi dəyərləndirilməyə layiqdir. Etiraf etmək lazımdır ki, Molla Nəsrəddin ədəbi məktəbi haqqında Azərbaycan ədəbiyyatşünaslıq elmində bu miqyasda yazılmış elmi əsərlər azdır. Bu, görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin "Azərbaycanda ədəbi məktəblər" adlı sanballı monoqrafiyasından sonra həmin mövzuda yaradılmış nadir tədqiqat əsərlərindən biridir. Bu, Firidun Hüseynovun ədəbiyyatşünaslıq elmimizə bəxş etdiyi qiymətli bir mollanəsrəddinnamədir. "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçi ədiblər haqqında ən zəngin məlumat bu kitabda toplanılmışdır. Ona görə də professor Firidun Hüseynovun "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığına ensiklopediya xarakteri daşıyan elmi əsər kimi daxil olmuşdur.

Professor Firidun Hüseynov eyni zamanda "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin əsas yaradıcılarından biridir. Onun görkəmli alim, böyük yazıçı və pedaqoq Mir Cəlal Paşayevlə birlikdə hazırladığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi universitetlərdə indi də istifadə olunan mükəmməl ali məktəb dərsliyidir. Mir Cəlal Paşayev və Firidun Hüseynovun müəllifləri olduqları "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi keçən yüzilliyin yetmişinci illərində, yəni sosializm cəmiyyətinin inkişaf etdiyi bir dövrdə hazırlanmasına baxmayaraq, əsasən, ideologiyadan uzaq olan, ədəbiyyat tariximizin bu dövrünün ümumi mənzərəsini və real gedişatını obyektiv şəkildə təqdim edən sanballı monoqrafik tədqiqat hesab oluna bilər. Doğrudur, burada dərsliklərdə olduğu kimi, yazıçılar və şairlər haqqında mükəmməl portret-oçerklər verilmiş, onlara dair zəruri ədəbiyyat siyahısı da öz əksini tapmışdır. Lakin dərslikdə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərinə: tənqidi realizm, maarifçi realizm, romantizm, tənqid və ədəbiyyatşünaslığın və milli mətbuatın inkişafına həsr edilmiş icmallar və dövrün yazıçı və şairlərinin həmin istiqamətlər üzrə qruplaşdırılmış şəkildə təqdim olunması kitaba dərslik-monoqrafiya xarakteri gətirmişdir. Bu, Mir Cəlal Paşayevin və Firidun Hüseynovun ali məktəblər üçün dərslik yaratmaq sahəsindəki orijinal yolu və elmi xidmətləridir.

Uzun müddət Bakı Dövlət Universitetində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasına bacarıqla rəhbərlik etmiş  Firidun Hüseynovun birlikdə çalışdığı böyük müəllimlərinə - Mir Cəlal Paşayevə və Abbas Zamanova bəslədiyi yüksək ehtiram bugünkü nəsillər üçün də ibrətamiz nümunə sayıla bilər. Firidun müəllim üçün elmi rəhbəri olmuş Mir Cəlal Paşayev əsl insanlıq və müdriklik mücəssəməsi olmuşdur. O, Bakı Dövlət Universitetində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasına rəhbərlik etməsini də böyük ustadı Mir Cəlal müəllimin adı ilə bağlı olan ənənələrin estafetini məsuliyyətlə daşımaq mənasında daim uca tutmuşdur. Firidun Hüseynov ədəbiyyatşünaslıq elmində Mir Cəlal Paşayev məktəbinin yaradıcılıqla davam və inkişaf edilərək, ləyaqətlə yaşatmaq vəzifəsini şərəflə yerinə yetirmişdir. Professor Firidun Hüseynovun işıqlı ömür yolu, zəngin elmi-pedaqoji fəaliyyəti əsl alimlik və böyük müəllimlik məktəbidir. Bundan başqa, Firidun müəllim uzun illər ərzində Bakı Dövlət Universitetində "XX əsr Azərbaycan ədəbiyyatı" fənnindən ədəbiyyatşünasların və ədəbiyyat müəllimlərinin bir neçə nəslinə dərs demişdir. Müasirləri onu natiqlik və müəllimlik qabiliyyətinə görə universitetdə böyük ad qazanmış professor Əli Sultanlı ilə müqayisə edirlər. Firidun Hüseynov elm sahəsində olduğu kimi, müəllimlik işində də böyük ad qoyub getmişdir.

Müəllimləri və müasirləri professor Firidun Hüseynovun bütöv şəxsiyyətinə və zəngin elmi-pedaqoji irsinə, ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətlərinə, pedaqoji bacarıqlarına yüksək qiymət vermişdir. Görkəmli elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov bu sətirlərin müəllifinə göndərdiyi 7 mart 1987-ci il tarixli məktubundakı aşağıdakı sətirlər bunun ən yaxşı ifadəsidir: "Göndərdiyin "Kitablar aləmində" jurnalı məni sevindirdi, həm də kədərləndirdi. Çünki unudulmaz dostumuz  Firidun Hüseynovun son yazısı - "İntibah carçısı" məqaləsi burada çap olunmuşdur. "Molla Nəsrəddin" haqqında mollanəsrəddinnamə məqaləsi….

Bu məqaləni oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə bir daha üz-üzə gəldim.

İsa! Firidun nadir insan, nadir dost, nadir alim, nadir şəxsiyyət idi. Sevdiyi, sədaqətlə xidmət etdiyi Vətən torpağı halaldır ona".

Fikrimcə, haqqında danışmaq istədiyim professor Firidun Hüseynov haqqında görkəmli elm xadimi Abbas Zamanovun fikirlərindən yüksək söz tapmaq çətindir. Firidun müəllim görkəmli elm xadimi böyük şəxsiyyət və əsl müəllim kimi onu tanıyanların qəlbində silinməz iz salmışdır.

Firidun müəllimlə tanınmış görkəmli alimlər: Fərhad Zeynalov, Yusif Seyidov, Kərim Həsənov, İnaət Bektaşi, Qara Namazov və başqaları ilə birgə iştirakçısı olduğum hadisələr, söhbətlər… əvəzsiz həyat və elm dərsləri kimi yaddaşımda əbədi həkk olunub. Bundan başqa, müxtəlif vaxtlarda Bakıda, Naxçıvanda, Şərurda, Şahbuzda şahidi olduğum görüşlər Firidun müəllimin adiliyi, sadəliyi və böyüklüyünü gün işığı kimi ortaya qoyurdu. Firidun müəllim elmdə olduğu kimi, həyatda da mollanəsrəddinçi idi. Bu sadə, gerçəkçi, obyektiv, mənəvi cəhətdən zəngin insan qeyri-adi yumoru ilə diqqəti cəlb edirdi. Gülüşü və təbəssümü də bənzərsiz idi.

Professor Firidun Hüseynov Molla Nəsrəddin kimi işıqlı və müdrik insan, görkəmli mollanəsrəddinçi alim olaraq əbədi yaşamaq haqqı qazanmışdır.

 

11 noyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!