"Azərbaycan" marşının türkiyəli bəstəkarı - Asif RÜSTƏMLİ

Asif RÜSTƏMLİ

Azərbaycan Xalq Cümhuriyyəti ilk və ən yığcam "Mübəyyin Əqdnamə"sini (Konstitusiya bəyannaməsini) 28.05.1918-ci il tarixində elan etdikdən sonra dövlət quruculuğu və suverenliyinin bərqərar olunması istiqamətində Heyəti-Vükəla (Nazirlər Şurası) mühüm və cəsarətli addımlar atdı... Xüsusilə, dövlət atributlarının hazırlanması və təsdiqi yönümündə təxirəsalınmaz təşəbbüslərə baş vurdu, bu sahədə irimiqyaslı tədbirlər həyata keçirməyi prioritet məsələlər kateqoriyasına daxil etdi. Cümhuriyyətin Heyəti-Vükəlası Tiflis şəhərindən Gəncəyə köçdükdən dörd gün sonra - 21.06.1918-ci il tarixində al boyalı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan Azərbaycanın müvəqqəti milli bayrağını təsdiqlədi.

Etiraf edilməlidir ki, bu bayraq Türkiyənin (Osmanlı İmperatorluğunun) 1793-1844-cü illərdə rəsmən istifadə etdiyi donanma bayrağının ekvivalenti idi. Al bayrağını səmalara yüksəldən Azərbaycanın igid, qəhrəman oğulları Anadolu türk döyüşçüləri ilə birgə general Nuru Paşanın komandanlığı altında bir yumruq kimi birləşərək bolşevik-daşnak tandeminə - mənfur erməni-rus işğalçı, təcavüzkar cütlüyünün silahlı qüvvələrinə qarşı qurtuluş savaşına atıldı. Bakı zəfəri (15.09.1918) Cümhuriyyət Hökumətinin Gəncə şəhərindən Azərbaycanın paytaxtına köçməsi ilə (25.09.1918) nəticələndi. Mavi, qırmızı, yaşıl rəngli, ay və səkkizguşə ulduzlu milli bayrağımızın qədim türk fəlsəfi rəmzlərindən barınaraq, bəhrələnərək yaradılan yeni, mükəmməl variantı Azərbaycanın Milli Şurası tərəfindən 09.11.1918-ci il tarixində təsdiq edildi. Müsəlman şərqində Avropa tipli ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət atributlarının - himn və gerbinin yaradılması məsələsi də ölkə vətəndaşlarının qürur qaynağına çevrilməsi üçün prioritet olaraq önə çəkildi.

Dövlət himninin (milli marşın) yaradılması uğrunda ilk təşəbbüslər, örnəklər ziyalıların yaradıcı, vətənsevər kəsimindən gəldi. 1918-ci ilin sentyabr ayından sonra gənc Cümhuriyyətin tanınmış istiqlalçı şairləri, gənc ədibləri, istedadlı musiqiçiləri himn (milli marş) yaradıcılığı istiqamətində siyasi arenada ilk addımlarını atan dövlətin milli istiqlalının birinci ildönümü münasibətilə 1919-cu il may ayının 28-də keçirilməsi nəzərdə tutulan təntənəli tədbirlərdə ifa olunması, musiqinin səsləndirilməsi üçün ölkəni, vətəni, bayrağı, ordunu tərənnüm edən əsərlər, nəşr nümunələri mətbuat orqanlarında intişar tapmağa başladı. Cəfər Cabbarlının "Sevimli Ölkəm" (Cəfər Cabbarlı. "Sevimli Ölkəm", "Azərbaycan" qəzeti, Bakı, 1919, 1 kanuni-sani, № 92), Əhməd Cavadın "Azərbaycan" (Əhməd Cavad. "Azərbaycan", "Mahnılar", Bakı, "Novruz" mətbəəsi, 1919, səh. 4-6), Cəmo bəy Cəbrayılbəylinin "Vətən marşı" (Cəmo bəy Cəbrayılbəyli. "Vətən marşı", "Milli nəğmələr", Bakı, "İran" mətbəəsi, 1919, səh. 22), Xədicə xanımın (Seyidzadə - A.R.) "Tazə Milli marş" (Xədicə xanım. "Tazə Milli marş", "Evraqi-nefise" dergisi, Bakı, 1919, 28 mayıs, № 3, səh.11), Əliabbas Müznibin "Azərbaycan" (Əliabbas Müznib. "Azərbaycan", "Evraqi-nefise" dergisi, Bakı, 1919, 16 temmuz, № 5, səh.1) və digər musiqi mətnləri insanlara vətənpərvərlik ruhu aşılamaq, milli hiss və duyğuları coşdurmaq, birliyə, bütövlüyə səsləmək, ölkənin düşmənlərinə qarşı amansız mübarizə aparmaq əzmini, qüdrətini yüksəltmək amalı və amacı ilə yazılmışdır. Şübhəsiz ki, bu və ya digər nəşr olunmuş əsərlərin içərisində imzasız, müəllifi bəlli olmayan və eyni zamanda əsas məramı, qayəni əks etdirməyən, sönük ruhlu yazılarla yanaşı, uğurlu nümunələr də az deyildir. Onlardan bir qismi Bakı, Gəncə şəhərlərində müstəqilliyin bir illiyi münasibətilə keçirilən İstiqlal bayramında müvəffəqiyyətlə səsləndirilmişdir.

Azərbaycan istiqlalının bir illik bayram tədbirləri 28 may 1919-cu ildə Cümhuriyyət qurucuları tərəfindən Bakı şəhərində gözləndiyindən daha təntənəli və möhtəşəm keçirildi. Küçələr - binaların eyvanları xalçalar, kilimlər, üçrəngli, ay-ulduzlu milli bayraqlar ilə süslənmişdir. Aktyorlar, müğənnilər bir-birindən baxımlı, maraqlı teatrlaşdırılmış səhnələr nümayiş etdirirdilər. Xüsusilə, zərb musiqi alətlərinin - nağara, qoşanağara, qaval, təbil, zınqrov, eləcə də zurna,  şeypur səsləri dalğa-dalğa ətrafa yayılırdı... Parlament binasının pəncərəsindən eyniadlı küçəsindən keçən böyük izdihamın şahidi olan, unudulmaz sevinc hissi ilə bayram nümayişini seyr edən şair-publisist Əli Yusif yazırdı: "...Bu aralıq otuz nəfərə qədər on yaşından yeddi yaşınadək çocuqların bir çoxu başıaçıq, ayaqyalın, əllərində təxtədən kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlar ilə kəmali-ciddiyyətlə keçirdilər... Bir cınqıraq (qumrov) sədası qədər lətif səslərlə marş oxuyurlardı. Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim. Pək müəssir (təsirli) bir mənzərə idi" (Ahmet Say "İsmail Zühtü Bey" Sanattan Yansımalar,  http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/ismail-zuhtu-bey/735).

Dövrün nüfuzlu qəzetində dərc edilən bu məlumat dövlət himninin yaradılması haqqında müsabiqəyə göndəriləcək, dahi Üzeyir Hacıbəylinin bəstələdiyi, son misraları "Şanlı vətən, şanlı vətən" misrası ilə bitən "Vətən marşı" haqqında ilk və ən dəyərli fakt idi. İnsanların vətənpərvərlik hissini coşduran, torpağı, bayrağı namus qədər müqəddəs, qudsal dəyərlərlə bərabər tutan milli marş Azərbaycanda az bir zamanda populyarlaşır, 7-10 yaşlı uşaqların repertuarından Əskəri birliklərin auditoriyasına qədər uğurlu yol keçir, hamının sevimli şərqisinə çevrilir.

"Vətən marşı" ədəbi-mədəni ictimaiyyət tərəfindən dövlət himninin yaradılması istiqamətində örnək, mayak timsalında qarşılanmaqla yanaşı, hökumətin bu sahəyə diqqətini artırdı. Azərbaycan Cümhuriyyətinin Maarif Nazirliyi "Azərbaycan" qəzetinin (rus dilində) 14.11.1919-cu il tarixli sayında dövlət himninin yaradılması üçün müsabiqə elan etdi. Müsabiqədə himnin mətninin və musiqi notunun 1920-ci il 1 fevral tarixinədək Maarif Nazirliyinin Kargüzarlıq şöbəsinə göndərilməsi və qalib müəllifə mükafat olaraq 15 000 manat verilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin milli himnin yaradılması haqqında təklifini 1920-ci il 30 yanvar tarixində nəzərdən keçirərək layihə mətnlərinin və notlarının 1920-ci il may ayının 1-nə qədər Maarif Nazirliyinin dəftərxanasına təqdim edilməli olduğunu və mükafatın həcmini artıraraq müsabiqə qalibinə 50 min manat verilməsini nəzərdə tuturdu. Müsabiqənin şərtləri Bakı, Tiflis, İstanbul qəzetlərində türk və rus dillərində dərc olundu.

Nazirlər Şurasının "Azərbaycan Cümhuriyyətinin milli himninin hazırlanması haqqında" qərarı ziyalılar və sənət adamları tərəfindən böyük maraq hissi ilə qarşılandı. Azərbaycanın Milli Himn müsabiqəsinə qatılanlardan biri də Türkiyənin ünlü və istedadlı sənətçisi, dahi bəstəkar İsmayıl Zühdi bəy idi.

 

İsmayıl Zühdi bəy kimdir?

 

İsmayıl Zühdi bəy (1877-1924) Bolqarıstanın şərqində, Qara Dəniz sahilinin 15 km-də yerləşən Aydos şəhərində dünyaya gəlmiş, atası nalbənd Əhməd Ağa vəfat etdikdən sonra anası Ayşə xanımla on yaşında Türkiyənin İzmir şəhərinə köçmüşlər. Burada İzmir Sənaye Məktəbinin musiqi bölümünə daxil olaraq, əvvəlcə davul, trampet çalmağı öyrənən gənc İsmayıl bəy sonralar dövrün görkəmli macar pianoçusu Aleksandro Voltandan (Macar Tevfik Beyden) pianino dərsləri alır. 1896-cı ildə Sənaye məktəbini uğurla bitirən İsmayıl Zühdi bəy müəllim olaraq həmin məktəbdə fəaliyyətə başlayır, gənclərə böyük həvəslə dərs deyir, yeni musiqi qrupu yaradır və ilk musiqi əsərlərini bəstələyir. Ahmet Sayın araşdırmalarına əsasən, Türkiyədə "Avrupa müzik kültürünün klassik formlarından "sonat" ve "senfoni" gibi eserleri ilk besteleyen de İsmail Zühtü Bey olmuştur" (Ahmet Say. "İsmail Zühtü Bey" Sanattan  Yansımalar,  http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/ ismail-zuhtu-bey/735).

İsmayıl bəyin musiqi qrupu müxtəlif tədbirlərdə, toplantılarda, yarışlarda konsertlər verirdi. Bəstəkar olaraq da gündən-günə tanınan və sevilən Zühdi əfəndi repertuarlarını tez-tez yeniləyir və  az bir zamanda vətənpərvər şərqiləri ilə Türkiyədə məşhurlaşır.

İ.Zühdi bəy haqqında geniş araşdırma aparmış Günver Güneş onun musiqi yaradıcılığını yüksək dəyərləndirərək yazırdı: "İsmail Zühdü Hilmi Ferit Atrekin "melodi ve armoni noktasından bir şaheser olarak" nitelendigi "Türkün duası"ndan, başka bir dönemde Emin Bülentin "İntikam" şiirini, Aka Gündüzün ... yazdığı "Mersiye"yi, Abdul Hak Hamidin Tezerinden "Çiçek demeti" adıyla bazı parçaların yanında "Beyaz sancak" ve "Yeni Turan" isimli şiirleri de bestelemiştir. İsmail Zühdü İzmirli yazarlardan ise en fazla Mehmet Sırrının şiirlerini besteledi. Onun "Türk Ocağı Marşı", "Alsancak", "Türkler Kimi Affetmez", "Kelebek", "Türk Çocuğunun Duası" isimli şiir ve manzumeleri dönemin siyasi havasını yansıtan  önemli eserlerdi" (Ahmet Say. "İsmail Zühtü Bey" Sanattan Yansımalar,  http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/ismail-zuhtu-bey/735/).

Yunan ordusu İzmiri işğal etdiyi dönəmdə (1919 may) Zühdi bəy Eskişeherə gedərək milliyyətçi sənətkar kimi Qərb Cəbhəsi Komandanlığına qoşulur. O cəbhədə olarkən, çoxsaylı əsgəri marşlar yazır və döyüşçü dostları ilə insanları ruhlandıran vətənpərvər şərqiləri xor ilə ifa edirdilər. Zühdi bəy Eskişeherdə olduğu müddətdə Mehmet Akif Ersoyun "İstiqlal Marşı"nı Osman Zeki Üngördən öncə bəstələmiş və bu marş Ankarada, Böyük Millət Məclisində, rəsmi və siyasi mərasimlərdə üç il orkestr ilə ifa edilmişdir.

Milli marş, dövlət himni sahəsində yetərincə təcrübəsi, səriştəsi, peşəkarlığı olan Türkiyənin böyük bəstəkarı İsmayıl Zühdi bəy Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il noyabr və 1920-ci il fevral aylarında mətbuatda elan etdiyi və "milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min manat" mükafat verəcəyi məlumatı ilə bilgiləndikdən sonra musiqi müsabiqəsinə qatılmaq qərarına gəlir. O, təxminən 1920-ci ilin fevral-aprel aylarında "Azərbaycan" adlı milli marş bəstələyərək yarış üçün Azərbaycan Cümhuriyyətinin Maarif Nazirliyinin Dəftərxanasına ünvanlayır. Azərbaycanlı Əli Kamalın tərtib etdiyi və İstanbulun Orxaniyyə mətbəəsində bəstəkarın vəfatından dörd il sonra nəşr edilən "İstiqlal uğrunda" adlı şeirlər məcmuəsində yer alan "Azərbaycan" himninin mətni belədir:

 

Azərbaycan

 

Hilal artıq soldu deyə,

Sevinmişdi düşmən yenə.

Hilal birkən iki oldu,

Salam, bizdən ikinciyə.

            Azərbaycan, Azərbaycan,

            Alqışladıq səni candan.

Anamız bir, babamız bir,

Azərbaycan öz qardaşdır.

Zatən, biriz, fəqət yarın

Bütün, bütün birləşiriz.

            Azərbaycan, Azərbaycan,

            Bildin, xəyal degil Turan.

İsmayıl Zühdi" (İsmayil Zühdi. Azərbaycan. "İstiqlal uğrunda" (şiirler mecmuesi), İstanbul, Orxaniyyə metbeesi, 1928, sah. 147).

Azərbaycan istiqlalını sevgi, sayğı ilə vəsf edən İsmayil Zühdi bəy şeirin birinci bəndində iki ciddi məsələni vurğulamağı zəruri hesab etmişdir: birinci beytdə "Hilal" obrazı Azərbaycanın və Türkiyənin istiqlal rəmzi kimi təqdim edilir və müharibənin odu-alovu içərisində çırpınan və müstəqilliyi uğrunda mücadilə aparan xalqımızın çətin, müşkül durumuna düşmənlərin sevinməsinə diqqəti cəlb edir... Lakin düşmənin sevinci uzun çəkmir və gözündə qalır. İkinci beyt birinci ilə bədii təzad təşkil edir: "Hilal birkən iki oldu, Salam, bizdən ikinciyə."

İ.Zühdi bəyin bu misralarını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin (1923-2003) məşhur "Bir millət, iki dövlət" deyiminin ilkin variantı da hesab etmək olar. İstiqlalına, hilalına sahib çıxmış, ikinciyə - Azərbaycana salam söyləyən bəstəkar yığcam sözlərin verdiyi geniş və dərin məna ilə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun himnini yaratmışdır.

Və yaxud ikinci bənddəki "Anamız bir, babamız bir" sözləri xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirinin məzmunu, ruhu ilə necə də səsləşir. "Azərbaycan öz qardaşdır" - Türkiyə ilə Azərbaycan "öz" yəni əsas, əsil qardaşdır. Bu qardaşlığı pozmaq, silmək, zəiflətmək mümkünsüzdür. Yüz il əvvəl söylənmiş fikirlər bu gün də aktualdır və böyük əhəmiyyət kəsb edir.

İsmayıl Zühdi bəyin "Azərbaycan" himninin yazılmasından bir əsrdən də çox vaxt keçməsinə baxmayaraq türk insanının qəlbində bir istək, bir məslək əbədi yaşam haqqı qazanmışdır - Azərbaycan-Türkiyə qardaşlığı dönməz və sarsılmazdır!

Milli himnin nəqarat hissəsində "Azərbaycan, Azərbaycan, Bildin, xəyal degil Turan" misralarında türk xalqlarının hələ o vaxtlardan idealı olan böyük Turan birliyinin tərənnümü və xatırladılması təsadüfi deyildir. İ.Zühdi bəy bir kəlmə ilə himndə Azərbaycan Cümhuriyyətinin Türk dünyasının, Turan gerçəkliyinin bir parçası olduğunu vurğulamış və nişan vermişdir.

 

"Azərbaycan" himninin sonrakı taleyi...

 

Məlum olduğu kimi, Azərbaycan Nazirlər Şurasının "Azərbaycan Cümhuriyyətinin milli himninin ... layihəsinin hazırlanması haqqında" 1920-ci il 30 yanvar tarixli qərarı bir neçə həftə sonra "Azərbaycan" qəzetində ("Azərbaycan" qəzeti (rusca). 19 fevral 1920-ci il, № 33) dərc edilmişdir. Şərtlərə görə, müsabiqə iştirakçıları milli himn layihəsinin əsasını təşkil edən milli-mənəvi və siyasi rəmzləri şərh etməklə mətni və notu 1920-ci il 1 may tarixinə qədər Maarif Nazirliyinin dəftərxanasına ünvanlamalı idi. Çünki dövlət himni İstiqlalımızın ikinci ildönümünədək - 1920-ci il 28 may tarixinədək Cümhuriyyət Parlamentində təsdiq edilməli idi... Lakin Müstəqil Azərbaycan dövlətinin XI rus-bolşevik işğalçı ordusu tərəfindən istila edilməsi (27.04.1920) bir çox böyük, işıqlı ideallarla yanaşı, milli himn sahəsində müsabiqəni yekunlaşdırmaq və qərar qəbul etmək arzusunu da yarımçıq qoydu...

Təəssüf ki, böyük türk bəstəkarı, çoxsaylı musiqi əsərlərinin müəllifi İsmayıl Əhməd Ağa oğlu Zühdi bəy 1924-cü il 11 avqust tarixində İzmir şəhərində ürək çatışmazlığından vəfat etdi. Onun vəfatından dörd il sonra İstanbulda nəşr edilən "İstiqlal uğrunda" kitabında İsmayıl Zühdi bəyin bəstələdiyi "Azərbaycan" himninin sonrakı taleyi barədə yazılmışdır: "Bu mənzumə məşhur bəstəkar, İzmirli İsmail Zühdi bəy mərhumundur. Azərbaycanımızın elani-istiqlal etməsi üzərinə coşan qiymətli sənətkar bu mənzuməyi yazaraq bəstələmiş, İzmirdə və Anadolunun müxtəlif yerlərində kəndi tələbəsinə tədris etmişdir. Axirən Ankara Musiqi Məktəbi müdiri olan mumaileyh (Mumaileyh - yuxarıda adı vurğulanan - A.R.), milli bəstələri ilə bilxassə Qərbi Anatoluda böyük şöhrət qazanmışdı. Vəfat etdigi zaman İzmirdə kəndisinə böyük bir ihtifal (təntənə) yapılmış və cənazəsi təyyarə ilə yüksəklərə çıxarılmışdır. Azərbaycana candan aşiq olan bu böyük ustadı hər Azəri türkü hörmətlərlə yad etmək məcburiyyətindədir" ("İstiqlal uğrunda" (Şiirler mecmuesi), İstanbul, Orxaniyye metbeesi, 1928, səh. 147).

Bu dəyərli qeydlərin müəllifi, "Yeni Qafqasiya" dərgisinin (1923-1927) yazarı, "İstiqlal uğrunda" (1928) adlı şeirlər məcmuəsinin tərtibçisi, azərbaycanlı Əli Kamal bəy "...qiymətli sənətkar bu mənzuməyi yazaraq bəstələmiş" - xatırlatması ilə bir daha təsdiqləmişdir ki, İsmayıl Zühdi bəy "Azərbaycan" himnini yalnız bəstələməmiş, həm də onun sözlərini yazmışdır. Ə.Kamal bəyin qeydlərinin sonuncu cümləsi olduqca ibrətamizdir: "Azərbaycana candan aşiq olan bu böyük ustadı (İsmayıl Zühdi bəy nəzərdə tutulur - A.R.) hər Azəri türkü hörmətlərlə yad etmək məcburiyyətindədir".

Təəssüflə vurğulanmalıdır ki, Azərbaycan xalqı 70 illik Sovet rejimi dönəmində milli dəyərlərindən və milli istiqlalından uzaq düşdüyü üçün onu candan sevən İsmayıl Zühdi bəylərin xidmətlərini layiqincə dəyərləndirmək imkanlarına malik deyildi. Türkiyənin böyük bəstəkarı və düşüncə adamı İsmayıl Zühdi bəyə həsr olunmuş bu yazı, inanırıq ki, onun sevgi və sayğı ilə yad edilməsi və xatırlanmasına səbəb olacaqdır. 

Azərbaycanın dövlət atributlarından biri - milli marş sahəsində İsmayıl Zühdi bəyin böyük şövq ilə yaratdığı "Azərbaycan" himni Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını təcəssüm etdirən ədəbi-mədəni və mənəvi sənət abidəsidir.

 

2023 sentyabr

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!