A.Sanduccinin "Qədim alimlər türk xalqları haqqında" kitabına - Ön söz - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Dünyanın etnogenetik sistemində həm kəmiyyətinə, həm də keyfiyyətinə - min illərlə davam edən hərbi-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi passionarlığına görə əhəmiyyətli yer tutmuş, XX əsrin sonu, XXI əsrin əvvəllərindən etibarən, özünün harmoniya yaradıcılığı iddiaları ilə tarix səhnəsinə yenidən çıxmağa başlamış türk xalqlarının - türklərin "tərcümeyi-halı"nın qədim dövrlərinə həsr olunmuş bu, son dərəcə geniş panoramlı, ən müxtəlif məsələləri eyni bir məcrada üzvi şəkildə birləşdirərək kifayət qədər dərin, əsaslı təhlilini verən bu əsər təsadüfən, yaxud hansısa, məlum siyasi-ideoloji mövqeyin təsiri və ya təzyiqi altında deyil, xüsusi intellektual-humanist bir missiya ilə qələmə alınmışdır ki, müəllif Ön sözdə bu barədə yazır: "Bu kitabın yeganə məqsədi çoxəsrlik yalanları təkzib etmək və türk xalqlarına qarşı ləyaqətsiz düşmənçiliyi aradan qaldırmaq, qədim və orta əsr müəlliflərinin - keçmişin qərəzsiz və ləkəsiz abidələrinin yaradıcılarının ifadələrini köməyə çağırmaq, heç kimin tərəfini tutmadan, bir milləti izzətləndirmədən və digərini alçaltmadan faktların mahiyyətini bildirməkdir".

A.Sanducci "qədim alimlər" dedikdə, istər qədim dövrün yəhudi, yunan, Roma, istərsə də, orta əsrlərin ərəb-müsəlman, türk, Avropa elm adamlarını nəzərdə tutaraq onların ən müxtəlif aspektlərdən - dil, din, ədəbiyyat, incəsənət, adət-ənənə və s. verilmiş çox mötəbər məlumatlarını, söylənmiş fikir və mülahizələrini, bir tərəfdən, müqayisə, digər tərəfdən, şərh etməklə türklər haqqındakı həqiqətləri ortaya çıxarmağa çalışır. Bununla belə cəsarətlə demək olar ki, müəllif yalnız "qədim alimlər"in dedikləri ilə kifayətlənməyib sözügedən məlumatlar, fikir və mülahizələr işığında və xeyli zəngin, çoxtərəfli materiala istinad edərək özünəməxsus araşdırmalar aparır. Həmin araşdırmalar ona görə ayrıca dəyərləndirilməlidir ki, sadəcə, "qədim alimlər"in dediklərini təsdiq eləməklə bitməyib bir sıra zəruri problemlərin həllinə, türk tarixinə yeni faktlar, mənbələr, elmi-metodoloji prinsiplər əsasında yanaşmağa gətirib çıxarır. "Qədim alimlər"lə müasir dövrümüzün tədqiqatçısı arasındakı bu "mətnaltı dialoq" isə bir çox mətləblərin aşkarlanmasına, başlıcası isə, yüz illər boyu müəyyən beynəlxalq üstünlük, nüfuz qazanmış mədəniyyətlərin müasir texnologiyalardan geri qalmış mədəniyyətlərə, xüsusilə, onların keçmişinə qarşı yürütdükləri təcavüzkar siyasətin iç üzünün açılmasına yardım göstərir.

Əsərin birinci fəslində müasir türkologiya üçün demək olar ki, tamamilə orijinal bir mövzu - türk xalqlarının Bibliya mənşəyi barədə bəhs olunur ki, həmin mövzuya indiyə qədər bu cür sistemli münasibət göstərilməmişdir. Qədim türklərdən olan azlarla Bibliya diyarı Uzun, Bibliya türkləri ilə midiyalıların, Orta Asiya və Çinin Bibliya hitit, xett və xitaylarının, eləcə də, akkad, şumer, kassit, kaanit və başqalarının etnogenetik müqayisəsi olduqca maraqlıdır. Və bu müqayisələr qədim türklüyün hüdudlarını genişləndirməklə qalmayıb, Ön Asiyanın etnik tarixi barədə XIX, XX əsrlərdə formalaşmış müəyyən trafaretlərə heç bir alternativ fikir qəbul etməyən pedant təsəvvürlərə yeni mövqedən baxmağın ilk təcrübələrini verir. Əlbəttə, müəllif bu və ya digər müddəasında müəyyən mübahisəli fikir söyləyə, yaxud yanlışlığa yol verə bilər, bütövlükdə isə etiraz doğurmayan onun hər cəhətdən obyektiv həqiqət axtarıcılığı enerjisidir ki, kitabın bütün fəsillərində özünü ardıcıl nümayiş etdirir.

XX əsrin əvvəllərində qədim şumerlərin etnik, eləcə də dil mənşəyi barədəki mülahizələrdə türk amili, əgər belə demək mümkünsə, aparıcı mövqedə olsa da, sonralar bu mövqedən ümumən imtina olunması, düşünmürük ki, yalnız elmi qənaətlərdən irəli gəlmişdir. Çünki elə təkzibedilməz faktlar (ilk növbədə, leksik paralellər, şumer-türk epos modelləri oxşarlıqları və s.) vardır ki, məsələ müzakirə edilərkən, bunlara arxa çevirmək sadəcə olaraq mümkün deyil. Və ona görə də A.Sanduccinin sözügedən mövzunu daha əhatəli bir şəkildə yenidən müzakirə predmetinə çevirməsi cəhdi diqqəti çəkməyə bilməz.

Sak-skiflərin türk mənşəliliyi də şumerlərin türk mənşəliliyi kimi, ya kəskin şəkildə təsdiq, ya da eyni kəskinliklə inkar olunması ilə səciyyəvidir. Həmin məsələyə nüfuz edərkən də, müəllif öz araşdırma-analiz üsuluna sadiq qalaraq çox geniş bir kontekstə müraciət eləyir: Skifiyanın etnik mənzərəsini müəyyənləşdirmək üçün nəzərlərini parfiyalılar və baktriyalılar, sonra hunlar, sonra sarmatlar, savromatlar və turka, hətta kelt, iber və german tayfalarına qədər fərqli etnik məkanlarda və zamanlarda gəzdirərək elə bir universal qanunauyğunluq və ya qlobal zaman-məkan hüdudları axtarır ki, türklərin etnik "tərcümeyi-halı"nı bütün təfərrüatı ilə göstərsin.

Müasir Azərbaycanın tarixi ərazisi olan Midiyanın əhalisinin İran, yaxud türk mənşəli olması da elmi dairələrdə neçə illərdir ki, gərgin mübahisələr doğurmaqdadır. Bəzi məqamlarda bu məsələyə əfsanəvi İran-Turan münaqişələri fonunda yanaşılır. Son illərdə Azərbaycan tarixçisi və türk dünyası ictimai-siyasi xadimi Həsən Həsənovun bəzi araşdırmalarında problemin həllinə ciddi cəhdlər göstərilir. Ənənəvi olaraq A.Sanducci də məsələyə daha çox linqvistik baxımdan yanaşır. Midiyanın türk onomastikasını aşkarlayan, Bisitun (Akbatan) kitabəsinə əsaslanaraq Midiya dilinin türk mənşəli olduğu fikrini müdafiə edən və bunun üçün 65 qrammatik göstəricini nümunə gətirən müəllifin, heç şübhəsiz, daha irəli getdiyini demək mümkündür.

Kitabın ariya xalqlarının türk şəcərəsindən bəhs olunduğu fəsli, görünür, müəllifin təkcə mifoloji, tarixi və linqvistik faktlarla qarşılıqlı əlaqədə (və məharətlə) işləmək bacarığının deyil, eyni zamanda cəsarətli fikir söyləməkdən, yeni-yeni müzakirələr açmaqdan çəkinmədiyinin daha bir əlamətidir. German və türk xalqlarının "təəccüblü oxşarlığı"ndan danışan elm adamının müşahidələrinə, intuisiyasına gəldikdə isə, etiraf etməliyik ki, bu, onun təqdimində o qədər də təəccüblü görünmür. Hər şeydən əvvəl ona görə ki, A.Sanduccinin izlədiyi araşdırma metodu olduqca humanist inersiyası ilə görünür, zahirən müxtəlif görünən xalqlar arasında daxili etnogenetik oxşarlıqlar, eyni mənşədən gəldiklərini göstərən əlamətlər, xüsusiyyətlər tapır.

Belə bir sual meydana gələ bilər ki, tarixin müxtəlif dövrlərində və dünyanın ayrı-ayrı coğrafiyalarında türklərin bu qədər fəal bir şəkildə zühur edib etnogenetik proseslərin mərkəzində dayanmaları nə dərəcədə əsaslıdır? Əlbəttə, bu sual nə qədər məntiqli görünsə də, A.Sanduccinin kitabı bu cür sualların yox, külli miqdarda faktların (və həmin faktları fiksə edərək öz ümumiləşdirmələrini verən qədim alimlərin) məntiqinə əsaslanır. Məsələn, qədim etrusklar, onların dili (etrusk dilindəki 45, yaxud frigiya dilindəki 37 türk dili ünsürü), eləcə də bir sıra ortaq mifoloji süjetlər, obrazlar türklərin İtaliya yarımadasında olmaları barədə elə bir təkzibedilməz təsəvvür yaradır ki, bu və bunabənzər çoxsaylı induktiv sübutlar hər hansı deduktiv şübhəyə yer qoymur. Müəllifin geniş erudisiyasının nəticəsidir ki, burada da eynitipli faktların geniş bir mənzərəsini canlandırır.

Qədim türk tamqaları (damğaları) türklərin həm dövlətçilik, həm təsərrüfat həyatı, həm də mədəniyyət tarixi (xüsusilə, bir etnos olaraq, türklərin identifikasiyası!) üçün çox mühüm göstəricidir. Kitabda tamqaların etnosemiotik xüsusiyyətlərinin öyrənilməsinə müfəssəl yer verilmiş, onların dini-mistik, hərbi- siyasi, mənəvi-mədəni səciyyəsi barədə müəyyən təsəvvür yaradılmışdır.

Amerikada yaşayan araşdırmaçının həm Şimali, həm də Cənubi Amerikada qədim türk izlərinə diqqət yetirməsi, əlbəttə, tamamilə təbiidir. Və buradakı türk mənşəli toponim, etnonimlərin, Mayya, eləcə də yerli amerikalıların lüğətlərindəki türk leksikonunun, Şimali və Cənubi Amerika kurqan mədəniyyətinin, regionun türk tamqalarının, petroqliflərin və s. arxaik elementlərin öyrənilməsi müəllifin amerikalı olması ilə yanaşı, türkoloji marağının üfüqlərinin intəhasızlığından irəli gəlir.

Fikrimizcə, türk dilləri, xalqları və mədəniyyətləri haqqında elmin hazırki inkişaf mərhələsində əsərin dəyərini iki səviyyədə etiraf etmək lazımdır ki, onlardan birincisi, ümumbəşəri səviyyədir: "qədim alimlər"in mülahizələrinə, yəni prinsip etibarilə, ümumbəşəri intellektual mövqeyə əsaslanan bu səviyyə göstərir ki, türklər dünyanın "tarix yaradan" xalqlarından biri olmuşlar. Və onların zaman- zaman "zəbt edilmiş" qürurverici tarixi irslərini özlərinə qaytarmaq lazımdır. Türkoloji miqyas daşıyan ikincisi isə, odur ki, əcdadlarının necə bir irsin sahibləri olduğunu ayrı-ayrı türk xalqları da anlamalı, dünya birliyində özlərinəməxsus iqtisadi, siyasi, mədəni mövqe qazanmaq uğrunda XXI əsrin əvvəllərindən daha da güclənən mübarizədə inamlı olmalıdırlar.

A.Sanduccinin "Qədim alimlər türk xalqları haqqında" kitabı bir neçə il əvvəl ingilis və rus dillərində çıxmışdır. Biz əminik ki, azərbaycanca bu nəşrin ardınca bütün türk dünyasında yayılmaq üçün kitabın tədricən digər türk dillərində də nəşrləri meydana çıxacaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!