Gülbəniz Qocayevanın "Yaddaşlardan vərəqlənən xatirələr" (Bakı, 2023) kitabının adındakı "xatirələr" sözü oxucuda memuar janrının növbəti nümunəsi ilə tanışlığa ümid verir.
Düşünürəm ki, qarşımdakı əsər memuar janrının ənənəsi kontekstində orijinallığı ilə seçilir. Sözü gedən nəsrdə Qocayevlər soyu haqda ətraflı söhbət aparan müəllifin uşaq yaşlarından eşitdikləri, gördükləri haqda yazdıqları, habelə yaxın qohumlarından - İsrafil əmisi, Leyli bibisi, Soltan əmisi, anası Zərxaranın, qardaşı Vaqifin, kiçik bacısı Güldənizin xatirələrinə, qardaşı Fikrətin xatirə yazısından fraqmentlərə istinadlar təhkiyəni dolğunlaşdırır, əyaniləşdirir. Bu fərdi söyləmələrdə sezilən ümumilik "Qoca uşaqları"nın kökə bağlılığından, ailə dəyərlərinə sadiq olduqlarından xəbər verir. Müəllifin özünün təhkiyəsində xüsusi xətlə - Zərxara ananın deyimləri, nəsihətləri, obrazlara keçir ("anam deyərdi", "anamın uşaqlıq xatirələrindən" və s.).
Müəllifin nəsillərinə aid maraq dairəsinin genişliyində "Qoca uşaq"larına aid, hətta hər hansı toponim, antroponimlərin mənşəyi ilə bağlı axtarışların özünəməxsus yeri var. Məs., məlum olur ki, "atama babası Göyüşün adını qoyublar və bu, nəsildə dördüncü dəfə təkrarlanan ad imiş... Soyadımız isə ulu babamız Göyüşün atası Qocanın adından götürülüb". Yaxud ulu babasının ləqəbi ilə, atasının kəndi Kotanarx toponiminin qısa tarixi, adına dair mövcud versiyalar haqda məlumat, müəllifin özünün ehtimalıdır. Qardaşı Fikrət Qocanın adı ilə bağlı eşitdiklərindən: 1935-ci ilin avqustun 25-də dünyaya göz açan ilk övladına ataları Göyüşün Fikrət adını seçməsi: "O, oğluna çox sevdiyi şairlərdən - Tofiq Fikrətin adını qoyur. Gənc ata o zaman bilməzdi ki, onun körpə Fikrətinə də şair taleyi qismət olacaq".
"Ön söz"də müəllifin nəsil ağacının tərtibinə cəhdi qeyd edilir. Məlum olduğu kimi, dünyada qəbul olunmuş genealoji ağacın şablon qrafikində şəcərənin adı, nəsillərin soyadları, doğum-ölüm tarixləri, yaşayış yerləri və s. qeyd edilir. Yəni "quru" qeydiyyat məlumatı. Bu sahədə xidmət göstərən qurumlar fəaliyyət göstərir. Məs., ailənin 1500 illik yaşı olan genealoji ağacını tərtib edən "Şəcərə və Heraldika İnstitutu" (Moskva, 2002); bu sahədə sifarişlə müxtəlif proqramlar işləyib.
Sözü gedən kitabda Qoca soyu şəcərəsinin son beş nəslinin genealoji sxemi təqdim olunur ayrı-ayrılıqda (böyüklər - övladlar - nəvələr: adbaad). Və hər sxemdən sonra nəslin həyatı ilə bağlı əldə olan və əldə edilən müvafiq məlumat, xatirələr, fotolar təqdim edilir.
Əslində, qarşımızdakı yuxarıda qeyd edilən janrların norma sədlərini aşan orijinal bir nəşrdir. Və bu nəşrin ərsəyə gəlməsində müəllif asan olmayan hazırlıq (axtarış) işi görüb: həyatda olan qohumlarla söhbətləri, xatirələri dinləyib qeyd etmək, arxivlərdən material toplamaq, məktublarla, fotolarla işləmək və s.
Şərti olaraq əhvalat 8 noyabr 2006-cı il tarixindən başlayır: müəllif ailə üzvləri ilə ənənəyə sadiq olaraq atalarının son mənzilini ziyarət etmək üçün Ağdaşın Kotanarx kəndinə yola çıxmağından və bu yol boyu ata-anası, nəsilləri ilə bağlı xatirələrə dalması, hər il bu tanış yolda gördüyü dəyişikliklərdən, hansısa yerlə bağlı uşaqlıqda baş verən əhvalatlardan, yada düşən digər hadisələrdən danışır.
"Qoca uşağı" deyilən nəsillərin varisliyindən, ata-anası Göyüş - Zərxaranın qoyub getdiyi yurddan, bu "böyük ailənin yazılmamış nizamnaməsi"nin nəsildən-nəslə ötürülməsindən ritorik tərzdən azad, yada düşən böyük-kiçik münasibətlərini səciyyələndirən, bəzən məişət epizodlarını adi, bəzən yumorlu tərzdə təsvir edir. Hətta qəlb yaddaşında "toxunulmaz statusa" malik ata-anasının arasında baş vermiş az qala ayrılmaqla qurtara biləcək hadisə (atasının xəyanəti) yad edilir. Anasının böyük səbir, müdrikliklə, ailənin qorunması naminə və sözsüz, ərinə dərin məhəbbətinə görə keçirtdiyi iztirablara necə qalib gələ bilməsi də minnətdarlıqla yad edilir. Ümumiyyətlə, bütün yada düşən əhvalatların təsvirində bu və ya digər dərəcədə - başda Yurd - Göyüş - Zərxara motivi mənəvi Meyar kimi duyulmaqdadır.
Düşünürəm ki, böyük ailələri ilə bağlı bu söhbətdə müəllif dərində keçirtdiyi istilik və təbii fəxarət hissini əsərində qabartmır, müasir siyasətçilərin işlətdiyi dəbdə olan ifadəni işlətsək, "qırmızı xətləri" keçmir. Məsələn, İsrafil əmisinin nəsilləri haqda söylədiyindən: "Nəslimizdə hər cür adamlar - ağıllısı, təmkinlisi də olub, dəlisovu da. Lakin nəslimizin kişilərinin hamısında ümumi bir xasiyyət olub: onlar bütün dövrlərdə döyüşdən qorxmayıb, lazım gələndə millət, torpaq və vətən uğrunda silahlanıb döyüşə yollanıblar. Ermənilər Şamaxıda qırğın törədəndə mənim atam Baxış kişi 500 nəfər atlı ilə azərbaycanlıları qorumağa gedib, Mədrəsədə ermənilərlə döyüşüb... Bizim nəsildən 1941-45-ci illər müharibəsində iştirak edib həlak olanlar da çox olub. Qarabağ müharibəsində isə xalqın bütün qeyrətli oğulları kimi Baxışın, Şoşuğun nəvə-nəticələri də, ümumiyyətlə nəslimizin cavanları könüllü olaraq döyüşə yollanıblar".
Ailənin həyatında ölkədə baş verən məlum tarixi hadisələrin təsirindən danışılarkən atası Göyüşün də taleyinə düşənlər qeyd olunur: məs., məşhur kollektivləşmə siyasəti dövründə Göyüşün babadan qalan şəxsi təsərrüfatının müsadirə edilməsi, 1941-ci ildə müharibəyə getməsi, bu hadisə ilə bağlı ailədə yaşanan həyəcanlar, başsız qalan arvad-uşaqların Zərxanagilin kəndinə köçürülməsi və s.
Xatirələrin xeyli hissəsi Bakı dövrünə aiddir. Qardaşlarının təhsillərini davam etdirmələri ilə bağlı mərhələdə ailənin Ağdaşdan şəhərə köçməsi, buradakı yaşayışları, "Bakı həyatını asanlıqla mənimsəyə bilmə"dikləri, doğma yurdla, ocaqla bağlı nostalji hisslər, daha sonra kimin hansı peşəyə yiyələnməsi, ailə həyatına yol almaları və s.
Qeyd etdiyim Ağdaşdakı evləri, yaşam qaydaları, həyətləri, əlçatmaz məktəb illəri ünyetməz uşaq oyunları və nələr, nələr haqda lirik bədii esse üslubunda söylənmiş "Yaşıl-əlvan xatirələr" ailənin sonbeşiyi Güldənizə məxsusdur. Bu cəlbedici xatirə-hekayədə işlədilən "Əlvan dekorlu nağıl tamaşası idi mənimçün həyətimiz" ifadəsi ailənin o dövrdəki həyatı haqda bədiiləşmiş qədirbilənliyə işarə edən məcaz kimi qəbul edilə bilər.
Digər bədii təəssüratlı səhifələr anası Zərxaranın ərə getməyiylə bağlı, daha doğrusu, Göyüşün onu qaçırtması əhvalatına aid xatirələrə həsr olunub. Bu hadisələr qısametrajlı filmin ssenarisi kimi oxunur. Bu bəzi məqamlarda yumorlu tərzdə təsvir edilən real səhnəciklərdə bəhs edilən dövrün adətləri, milli xarakterləri görünməkdədir.
Müxtəlif nəsillərin nümayəndələrinin çeşidli hadisələrlə bağlı xatirələrinin təqdimi eklektika təəssüratı bağışlamır: hər xatirəni müəllif nəql etdiyi öz xatirə-təhkiyəsinə üzvi surətdə daxil edir və qəbul edilən tamlığa nail olur. Nəticədə müəllif mətni, şəcərə ilə bağlı sxemlər, onlarla bağlı canlı məlumatlar, xatirələr, müvafiq fotoşəkillər, Fikrətin, Vaqifin, Aybənizin şeirləri - "Qoca uşaq"ları deyilən böyük ailənin tanınan canlı portretini yaratmağa nail olur desəm, düşünürəm ki, yanılmaram.
Kitabın son səhifələrində müəllif böyük ailədə böyüdüyünə görə fəxarət duyduğunu bildirir və bu ailəni dünyaya gətirdiyi valideynlərinə Allahdan rəhmət diləyir. Ailənin əxlaq ənənələri haqda xatirələr söyləyən müəllif bunları yaradan valideynlərini belə yad edir: "Atamdan sonra anam ömrünün sonuna qədər bu böyük ailənin yazılmamış nizamnaməsini müqəddəs kitab kimi mühafizə etdi, özündən sonrakı ailələrin xanımlarına irs qoyub getdi".
"Ön söz"də nəsil ağacının tərtib edilməsinin məqsədini sadəcə övladlarına, nəvə və nəticələrimizə çatdırmaq istəyi ilə bağlayır. Sonra isə buna xatirələrin əlavə olunduğunu göstərir. O ki qaldı yazdıqlarını kitab şəklində nəşr etməyinə, birinci, qardaşı Fikrət Qocanın tövsiyəsi, ikinci isə iş prosesində bu yazıya yeni ailə xatirələrinin get-gedə əlavə olunması ilə alınan "Qoca uşaq"ları haqqında bu özünəməxsus salnaməni daha geniş oxucu auditoriyasına təqdim etmək istəyi ilə bağlıdır.
Və nə yaxşı ki, bu arzusunu həyata keçirtdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!