Tərlan QULİYEV
Əruz vəzninin tarixi əruz elminin tarixindən daha qədimdir: tədqiqatçılara görə, ərəb poeziyası öz inkişafında səc və rəcəz dövrlərini arxada buraxdıqdan sonra, təqribən VI əsrdən etibarən, əruzvəznli poeziyaya qədəm qoyur. Əruz vəzninin nəzəri əsaslarını isə Xəlil ibn Əhməd sonralar, VIII əsrdə, Hicrətin 150-ci ilində, Miladi tarixlə 767-ci ildə yaradır. Ərəb dilində yazan azərbaycanlı şairlər hələ erkən orta əsrlərdən əruzun sirlərinə bələd olur, İmayıl ibn Yəsar, Musa ibn Şəhəvat, Əbul Əbbas Əl-Əma kimi şairlər əruz vəznində öz dövrlərində belə diqqət çəkən, təzkirələrə daxil ola biləcək, mətnlərinə musiqilər bəstələnəcək əsərlər qələmə alırlar. Sonralar fars poeziyasında işlənən əruz vəzninin inkişafında da azərbaycanlı şairlər böyük rol oynamış, təkcə elə Nizami Gəncəvi, "Xəmsə"sinin vəzni ilə də bütövlükdə Şərq ədəbiyyatında, xüsusilə də farsdilli ədəbiyyatda məktəb yaratmışdır. Belə ki, Nizamidən sonra "Sirlər xəzinəsi", "Leyli və Məcnun", "İskəndərnamə" və s. mövzularda yazıb-yaradan şairlər, öz əsərlərində Nizami mövzularını qoruduqları kimi, bu əsərlərin vəznlərini də qoruyub saxlamış, Nizami vəznlərində yazıb-yaratmışlar.
Hələlik əlimizdə olan faktlara görə, ən geci XIII əsrin ikinci yarısından etibarən ana dilimizdə, Azərbaycan türkcəsində, Azərbaycan dilində əruz vəznində yazıb-yaradan şairlərimiz, əruzun dilimizə uyğunlaşması, bu vəznin dilimizdə ram olması baxımından xeyli əziyyət çəkmiş, amma nə qədər çətin olsa da, bu işin öhdəsindən gələ bilmişlər.
Ümumiyyətlə, əruzun bir vəzn kimi Azərbaycan, o cümlədən, türk dillərinə uyuşması mürəkkəb məsələdir. Çünki Azərbaycan və o cümlədən, türk dillərinin nitq axınında açıq hecalar, ərəb dilinin nitq axınında və bu dilə əsaslanan əruz vəznində isə qapalı hecalar üstünlük təşkil edir. Bu baxımdan, bu prosesin gedişatında, yəni əruz ilə Azərbaycan dilinin qarşılıqlı münasibətlərində nə qədər istedadlı şairlər iştirak etsələr və nə qədər gözəl əsərlər yazsalar da, əslində, Azərbaycan dili ilə əruz vəzninin tam uyuşması mümkün deyildir. Çünki Azərbaycan dilində əruz vəznində şeir yaranan zaman, bu heca tipləri qarşılaşarkən, Azərbaycan dilinin təbii tələffüz qaydaları pozulur və nəticədə, vəznə xələl gəlir. Və bu, həmişə belə olacaqdır. Çünki nə əruz, nə də Azərbaycan dili öz təbiətlərini dəyişən deyil...
Əruz istər praktik baxımdan, türk - Azərbaycan dilində və istərsə də nəzəri baxımdan, ümumtürk filoloji-elmi-nəzəri fikrində mürəkkəb yol keçmişdir. Bu mənada, tədqiqatçılar, bəzən Füzulinin "Nəzmi-nazik türk ləfzi ilə ikən düşvar olur" mətləli qitəsini bu çətinliyin etirafı kimi də qəbul edirlər. Ümumtürk filoloji-nəzəri-estetik istiqamətində isə Əmir Əlişir Nəvai və Zəhirəddin Məhəmməd Babur kimi alimlərimiz ümumtürk əruzunun nəzəri əsaslarından bəhs edən "Mizanül-övzan" və "Müxtəsər" kimi əsərlər qələmə almış, bununla da ərəb-fars elmi-nəzəri fikrinin qarşısına çıxaraq, ümumtürk nəzəri-estetik fikrinin heç də onlardan geri qalmadığını söyləyərək, hələ XV-XVI əsrlərdə ümumtürk filoloji bayrağını göylərə qaldırmışlar. Bu məqamda, yəni əruzun Azərbaycan poeziyasında milliləşməsi yolunda isə şairlərimiz başqa yolla getdilər. İlk dövrlərdə ərəb-fars kəlmələrinə daha çox müraciət edib, eyni zamanda əruzun dilimizə daha çox yatımlı olan qəliblərində yazıb-yaratdılar...
Məlum olduğu kimi, hər bir vəznin təşəkkülü və inkişafında dil əsas rol oynayır. Bu mənada, dediyimiz kimi, bu dairədə, Azərbaycan dili ilə əruz vəzninin qarşılıqlı əlaqələri də istisna deyildir. Amma bu da vardır ki, əruz poeziyamıza daxil olduğu ilk əsrlərdə bizim şairlərimiz əruz vəznində ərəb-fars dillərində çoxdan yazıb-yaratdıqları üçün, artıq bu vəznin sirlərinə bələd olmuş, bu vəzn onlar üçün alınmaz qalaya çevrilməmişdir. Əruzun isə sirləri olduqca çoxdur... Ən azından on doqquz bəhri və hər bəhrin onlarla növü vardır ki, bütövlükdə ərəb-fars əruzlarında bu növlərin sayı bəlkə də mini ötür. Azərbaycan şairləri təbii ki, bu bəhrləri, növləri bilmiş, amma öz yaradıcılıqlarında onların bir qisminə - Azərbaycan dilinə yatımlı olan qisminə müraciət etmişlər. Əruzun Azərbaycan dilinə yatımlı olan bəhrləri və növləri hansılardır və ümumi əruzun on doqquz bəhri və yüzlərlə növü arasında niyə məhz bəziləri, daha doğrusu, on iki bəhri və üç yüzə qədər əsas qəlibi Azərbaycan dilinə daha çox yatımlıdır sualına isə cavab vermək həm çətindir, həm də asan. Asandır ona görə ki, sadəcə, "bu qəliblər, bu bəhrlər dilimizə daha çox uyğundur" deyib ciddi cavabdan yan qaçmaq olar və qaçırıq. Çətindir ona görə ki, bu uyğunluğun köklərinə getmək və onun mahiyyətini açmaq lazımdır.
Təbii ki, çətinlikdən qaçmaqla çətinlik həll olunmur. Biz bu məsələnin kökünə gedib, əruzun hansı qəliblərinin Azərbaycan şeirində niyə, hansı səbəbdən daha çox işləndiyinin bəzi sirlərini öz düşüncələrimizə görə aça bilərik. Bunun üçün isə ilk növbədə Əkrəm Cəfər tərəfindən müəyyənləşdirilən əruzun Azərbaycan şeirində işlənən bəhrlərinə və onların ən əsas növlərinə bir daha nəzər salaq.
Həzəc bəhri
məfA'İlün məfA'İlün məfA'İlün məfA'İlün
4 4 4 4
məfA'İlün məfA'İlün fə'Ulün
4 4 3
məfA'İlün məfA'İlün
4 4
məfA'İlün fə'Ulün məfA'İlün fə'Ulün
4 3 4 3
məfA'İlün fə'Ulün
4 3
məf"Ulü məfA'İlü məfA'İlü fə'Ulün
3 4 4 3
məf"Ulü məfA'İlün məf"Ulü məfA'İlün
3 4 3 4
məf"Ulü məfA'ilün fə'Ulün
3 4 3
Rəməl bəhri
fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilAtün
4 4 4 4
fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün
4 4 4 3
fA'ilAtün fA'ilAtün fA'ilün
4 4 3
fA'ilAtün fA'ilAtün
4 4
fA'ilAtün fə'ilAtün fə'ilAtün
4 4 4
Mütədarik bəhri
fA'ilün fə'il fA'ilün fə'il
3 2 3 2
fA'ilün fA'ilün fA'ilün fə'il
3 3 3 2
Rəcəz bəhri
müstəf'ilün müstəf'ilün müstəf'ilün müstəf'ilün
4 4 4 4
müstəf'ilün müstəf'ilün
4 4
müftə'ilün məfA'ilün müftə'ilün məfA'ilün
4 4 4 4
Müzare bəhri
məf'Ulü fA'ilAtü məfA'İlü fA'ilün
3 4 4 3
məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtün
3 4 3 4
məf'Ulü fA'ilAtün
3 4
məf'Ulü fA'ilün məf'Ulü fA'ilün
3 3 3 3
məf'Ulü fA'ilün
3 3
Münsərih bəhri
müftə'ilün fA'ilün müftə'ilün fA'ilün
4 3 4 3
məfA'ilün fA'ilün məfA'ilün fA'ilün
4 3 4 3
Müctəs bəhri
məfA'ilün fə'ilAtün məfA'ilün fə'ilAtün
4 4 4 4
məfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün
4 4 4 3
Mütəqarib bəhri
fə'Ulün fə'Ulün fə'Ulün fə'Ulün
3 3 3 3
fə'Ulün fə'Ulün fə'Ulün fə'ül
3 3 3 2
Xəfif bəhri
fə'ilAtün məfA'ilün fə'ilün
4 4 3
Səri bəhri
müftə'ilün müftə'ilün fA'ilün
4 4 3
Beləliklə, bu qəliblərə baxdıqda ilk növbədə nəyi görürük? Onu görürük ki, bu qəliblərin əksəriyyəti hecaların sayı baxımdan hecavəznli şeirimizin 16, 15, 14, 13, 12, 11 və s. ölçülü şeirləri ilə üst-üstə düşür. Deməli, buradan ən azından belə bir nəticə çıxartmaq olar ki, dilimizin nitq axınında istər hecada və istərsə də əruzda 16 hecadan böyük şeir olmadığı kimi, yenə də istər hecada və istərsə də əruzda heca baxımında ən çox yayılan ölçülər də elə 11-16-liqlardır. Doğrudur, Azərbaycan əruzunun bəhr və qəliblərindən xəbərdar olanlar Azərbaycan əruzunda kamil bəhrinin də işləndiyini və onun təfilələrinin beş hecadan ibarət olduğunu, misrasının isə iyirmi heca olduğunu söyləyə bilərlər.
Kamil bəhri
Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi
mütəfA'ilün mütəfA'ilün mütəfA'ilün mütəfA'ilün
5 5 5 5
Amma qeyd edək ki, bu bəhr poeziyamızda geniş yayılmamış və şairlərimiz bu bəhrdə tək-tük şeir yazmışlar. Cünki bu qəlibin istər misra həcmi, istər heca düzülüşü, istərsə də bölgü quruluşu Azərbaycan dilinə yaddır. Ümumiyyətlə, bizim təqdim etdiyimiz qəliblər istər bütövlükdə əruzun və istərsə də Azərbaycan əruzunun ancaq bir hissəsidir, bir fraqmentidir. Məsələn, bütövlükdə əruzda elə bəhrlər və qəliblər vardır ki, onların da heca quruluşlarının düzülüşləri, misra həcmləri, bölgü sistemləri Azərbaycan dilinin nitq axını ilə uyğun gəlmədiklri üçün onlar da Azərbaycan şeirində işlənməmişlər. Belə bəhr və qəliblərə elə kamil bəhrinin də daxil olduğu birinci və ikinci dairələrin digər bəhrlərinin - təvil, mədid, bəsit və vafirin adlarını çəkmək olar. Bu bəhrlər əsasən ərəb əruzunun bəhrləridir ki, bu bəhrlərin quruluşları türk dillərinin quruluşları ilə üst-üstə düşmədikləri üçün, türk dilli şairlər bu bəhrlərdə çox az əsər qələmə almışlar. Bu sözləri təqribən fars əruzçularının sonradan yaratdıqları cədid, qərib və müşakil bəhrləri haqqında da demək olar.
Azərbaycan əruzunda işlənən bəhr və qəliblərdən də danışarkən biz, bölgü baxımından eyni olub, ancaq hecalarının düzülüşləri fərqli olduqları üçün fərqlənən bəzi qəliblərin üzərindən keçdik. Cünki bu qəliblər əruz nöqteyi-nəzərindən bir-birlərindən fərqlənsələr də, bizə lazım olan məqama - bölgü quruluşlarına görə fərqlənmirlər. Bu mənada, onu demək istəyirik ki, əslində müxtəlif bəhrlərdə dilimizə uyğun misra həcmi və bölgülərdə olan qəliblər heç də az deyildir və onların ən əsaslarını göstərdik.. Bu qəlibləri Azərbaycan əruzu üçün doğmalaşdıran səbəb əgər ilk növbədə onların heca düzülüşlərinin Azərbaycan dilinin heca düzülüşü ilə yaxınlığıdırsa, daha sonra misra həcmləri və bölgü xüsusiyyətləridir. Bu isə o deməkdir ki, Azərbaycan dilinin sintaqmatik quruluşu heca ( Tərlan Quliyev. Hecavəznli şeirin strukturu, 13 may 2023-cü il, Ədəbiyyat Qəzeti) və sərbəst (Tərlan Quliyev. Təbiilikdən doğan sərbəst, 29 iyul 2023-cü il, Ədəbiyyat Qəzeti) vəzinlərin yaranmasında hansı həlledici rolu oynayırsa, azərbaycandilli əruzvəznli şeirin yaranmasında da həmin rolu oynayır. Yəni bütövlükdə Azərbaycan dilinin sintaqmatik quruluşu istər heca, istər sərbəst və istərsə də əruz olsun Azərbaycan şeirinin əsasında duraraq, onun ən azından misra həcmini və ritmini müəyyən edir. Yəni məsələn, əgər Səməd Vurğun şeirində 16-lıq varsa və o 4 4 4 4 bölgü quruluşuna malikdirsə, əruzda da bu bölgü ilə üst-üstə düşən məfA'İlün məfA'İlün məfA'İlün məfA'İlün, müstəf'ilün müstəf'ilün müstəf'ilün müstəf'ilün, fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilAtün və s. kimi qəliblər vardır. Əruzda isə Azərbaycan dilinin sintaqm quruluşunun əruzun bölgüləri ilə gözəl şəkildə üst-üstə düşməsi məqamını biz Əliağa Vahid yaradıcılığında görürük ki, Vahidin sevilməsinin səbəblərindən biri də bizcə, məhz budur.
Əruzda da gördüyümüz kimi, Azərbaycan qəliblərin yaranmasında 4 və 3 bölgülü, əruz dili ilə desək təfiləli ritimlər və onların müxtəlif kombinasiyaları əsas rol oynayır. Bu mənada, buradan, dediyimiz kimi, əsas belə bir nəticə çıxır ki, əruzu heca ilə yaxınlaşdıran, ümumiyyətlə, hecanın, sərbəstin, əruzun da əsasında duran Azərbaycan dilinin sintaqmatik quruluşudur, ritmidir. Cünki bütövlükdə Azərbaycan şeirinin- hər üç vəznin əsasında Azərbaycan dilinin sintaqmı, 3,4, (5=3+2...), 6 hecalı ritmik parçalar durur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!