Cavidlər ayında düşüncələr
Böyük romantik şair, filosof, Azərbaycan ədəbiyyatının rükünlərindən Hüseyn Cavidin adı yer kürəsini adlayaraq qalaktikada əbədiləşdirilib. Onun adını yer üzündən silməyə çalışan xəbis müasirləri də, onun adını batırmağa çalışan sovet rejimi - totalitar ideologiya da biabırcasına məhv olub, tarix səhnəsindən çıxdı.
Nə idi Cavid əfəndinin günahı? Şeir yazması, əyilməzliyi, şəxsiyyəti, bəlkə milliyyətcə, türk olması? Deyəsən, bu sonuncu idi: günahı - günahsızlığı idi. İngilisə ingilis, ərəbə ərəb, yunana yunan, zənciyə zənci demək günah deyildi. Amma türkə türk demək günah, özü də siyasi günah idi. Mövcud rejim bunu qəbul etmirdi. Bəli, kommunist, bolşevik-daşnak rejimi "türk" sözündən qorxurdu.
H.Cavid öz doğma millətini sevməyin qurbanı oldu. Ətrafını bürüyən qarışıq nikahdan doğulanlar üçün Cavidin repressiya olunması (bu günahsız qurban) bayram idi.
İndi "böyük sənətkar"
adlanır murdar adın,
Şahların, sultanların
sinəsini yaladın.
Bu, o zaman Hüseyn Cavidə yazılmış şeirlərdən nümunədir. Kimin yazmasının nə fərqi var. Bilənlər bilir...
Əsas budur ki, Cavid öz zəmanəsinə sığmırdı, o öz mühitindən və dövründən yüksək idi. Nəydi bu yüksəkliyin səbəbi? Hər şeydən əvvəl, Cavidin şəxsiyyəti, şəxsiyyətində yuva bağlamış türk ruhu, bir də yüksək və ölməz Cavid sənəti!
H.Cavid konyukturaya uyması, totalitar sovet rejimini olduğu kimi - astarını üzünə çevirib qəbul etmədi. Onun öz yolu vardı. Axırı faciə olsa da, o heç bir rejimə baxmadan bu yolu getdi. Bu yol böyük Cavidin böyük əslindən - Turan dövlətindən başlanan Turan-Turk yolçuluğudur. Ona görə də böyük cəsarət göstərərək, o, qızının adını Turan, oğlunun adını Qayı tayfasının bəyi Ərtoğrulun şərəfinə Ərtoğrul qoymuşdu. Bu dövrdə onlar öz Türk qövmünə sədaqətlərini yalnız belə bildirirdilər. Onun müasiri, böyük ədib Abdulla Şaiq tarixçi oğlunun adını qüdrətli türk İldırım Bəyazidin şərəfinə İldırım, ədəbiyyatşünas oğlunun adını Müstafa Kamalın şərəfinə Kamal qoymuşdu.
Cavidin adı böyük sənəti ilə ucalmışdı: o romantik-fəlsəfi şeirlər, türk ruhu ilə süslənmiş "Azər" poemasını Şərq-islam mövzusunda, "Şeyx Sənan", "İblis", "Maral", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və s. kimi dərin fəlsəfi məzmuna malik dram əsərləri yazmışdı. İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin, Cəmaləddin Əfqaninin, Bəkir Çobanzadənin, İsmayıl Hikmətin nəzəriyyə şəklində dediklərini o, şeir dili ilə, poetik tərzdə deyirdi. H.Cavidin əsərlərinə türk ruhu, türkçülük fəlsəfəsi adıçəkilən müasirlərinin əsərlərindən və öz türk qövmünə məhəbbətindən daxil olurdu.
Hüseyn Cavid ərkanında bulunduğu müəllimlərinin türkçü-istiqlalçı yolunu irəli aparırdı. Bu müəllimlər Türkiyədə yaşayıb-yaradan Əbdülhaq Hamid, Rıza Tevfik, Abdulla Cövdət, Tofiq Fikrət, Namiq Kamal və s. idi. Cavid onların dərslərinə və ideallarına ömrünün sonunacan sadiq qaldı. Bu sədaqəti dua şəklində onun poeziyasında, xüsusən, "Bahar şəbnəmləri" kitabında görə bilirik.
H.Cavidə qoyulan bütün qadağalara baxmayaraq, onun öz sağlığında - 30-cu illərdə müasirləri çox yazıb: Cəfər Cabbarlı, Əli Nazim, Abdulla Şaiq və b. Cavidşünaslığın əsasını folklorçu və ədəbiyyatşünas Hənəfi Zeynallı qoyub. Bəraət alandan bir neçə il sonra akademik Məmməd Cəfər "Hüseyn Cavid" (1960) fundamental monoqrafiyasını, Məsud Əlioğlu "Cavidin romantizmi", Rafael Hüseynov "Əbədi Cavid", Timuçin Əfəndiyev "Hüseyn Cavidin ideyalar aləmi", Azər Turan genişhəcmli ciddi tədqiqat əsərini - "Cavidnamə" kitabını yazdı. 2010-cu ildə "Elm və təhsil" nəşriyyatında çap olunan bu kitab Cavidşünaslığa nöqtə qoydu. Burada Cavid haqqında hər şey, başlıcası isə, böyük Cavidə və Cavidlər ailəsinə misilsiz məhəbbət var.
Böyük fransız maarifçi filosofu J.J.Russo yazıb: "İnsan dünyaya azad gəlir, ancaq mən onu hər yerdə qolubağlı gördüm". H.Cavid insan azadlığının böyük carçısı idi. Cavid türkçülüyə, turançılığa dayaqlanaraq bəşəri insan konsepsiyasını irəli sürürdü. Cavid romantizminin qüdrəti bunda idi. Ümumən, romantizm sərhədsiz söz sənətidir. O həyatda olmayan, lakin olmalı olanı tərənnüm edir. Ona görə ləyaqət - həqiqəti görmək və deməkdir. H.Cavid haqqında ən yaxşı fikirlərin müəllifi, akademik Məmməd Cəfərin yetirməsi, mütəfəkkir tənqidçi Yaşar Qarayev klassiklərə tarixən yanaşmağı tövsiyə edirdi: "Təkrarsız milli sərvətimiz - təbiətlə yanaşı, həm də tarixdir. O, keçmişə yox, bizə məxsusdur. O özü dünənə çevriləndə yox, biz onu unudanda "ölür". Tarixin əbədi - mənəvi diriliyi onun fasiləsiz əxlaqı tərbiyə və təsir qaynağı olmasındadır. Tarixi həqiqətin düzgün qavrayışı, bəzən faktdan da çox, faktı oxuyandan asılı olur. Tarixi müqayisə üçün bəzən dahiyanə faktdan da çox, dahiyanə təfəkkür, intellekt və intuisiya lazım olur". (Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı, "Yazıçı" 1988, səh.56, 84).
Tarix faktların, illərin, olayların silsiləsi deyil, hər bir xalqın tarixini yaradan və yaşadan onun görkəmli şəxsiyyətləridir. H.Cavid özü bütövlükdə tarixdir, epoxadır. Hədsiz qalmaqallı, mürəkkəb dünya müharibələri, siyasi inqilablarla müşayiət olunan XX əsri H.Cavid dürüst, tarixən doğru prioritetləri ilə birlikdə əks etdirən mütəfəkkir idi.
Böyük türk və bəşər şairi Cavid əfəndi yeni rejimi "Azər" (1926) poeması ilə belə qarşılayır:
Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edir meymunlar.
Cühəla elm, fəzilət satıyor
Bizi həp aldatıyor, aldatıyor.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
"Azər" poemasının qəhrəmanı H.Cavid özü idi.
Hüseyn Cavidin "Şeyx Sənan" əsəri insanlığın faciəsidir. O, dinləri insanları bir-birindən ayıran amil hesab edirdi. O böyük cəsarətlə islam dini başçısının Şeyxi, xristian-gürcü qız Xumara ideal məhəbbətini (Şeyx Xumara qovuşmaq üçün donuz otarır, boynuna xaç salır və s.) tərənnüm edir. Rəmzi olaraq belə bir məna hasil edir ki, bütün monoteist dinlərə və məzhəblərə mənsub insanlar Allahın öz surəti kimi yaratdığı Adəm övladlarıdır.
"Şeyx Sənan" romantik Cavidi sufizmlə bağlayan mövzuda yazılmışdı. Bu mövzu böyük sufi Fəridəddin Əttarın "Məntiq-ütteyr" ("Quşların mühakiməsi" (məntiqi) əsərindəki bir hekayətdən götürülmüşdü. F.Əttar yazmışdı: "Həqiqi aşiq heç bir dini tanıya bilməz, belə ki, onun tanrısı məhəbbət özüdür. Onu cəmiyyətdə tutduğu mövqe də maraqlandırmır, çünki aşiqlikdən daha yüksək mövqe yoxdur (Xəlilov C. "Cavid və Əttar". "Ədəbiyyat" qəzeti, 01.05.2009). Buna görə də Cavid "Mənim sevgim gözəllikdir, sevgidir və yaxud məhəbbətdir ən böyük din" deyirdi.
Ümumən, H.Cavid yaradıcılığında bəşəri insan harada, hansı millətdən, hansı dindən olur-olsun, eşqə mübtəla olan insandır. Bu nöqtədə o, hətta sufizmlə (təsəvvüflə) birləşir.
Qeyd etdik ki, "Azər" poemasının qəhrəmanı olan Azər Cavid Əfəndinin özüdür. Bu poema, xüsusən, onun "Azər düşünür" hissəsi romantik filosof şairin obrazını aydın görməyə imkan verir. Kiçik bir parçanı misal verək:
Azər daha çoq zevq alır aydın gecələrdən,
Hətta sarışın Ay ona gülmüşdü bir aqşam.
Gülmüşdü bulutlar arasından süzülürkən,
"Hürr ol!" deyə qəlbində doğurmuş yeni ilham.
Artıq o sönük çərçivə şən Azər işıqmış...
Səyyah olaraq Ayla bərabər yola sıqmış...
Sevdirmiş içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qovuşmaq dilər əlan.
Duymaq və duyurmaqda bulur zevqi, nişatı,
Yalnızlığa, ıssızlığa qəlbən edər isyan.
İstər bulut olsun da dənizlər kibi aqsın,
İstər Günəş olsun da qaranlıqları yaqsın.
Nə gözəl, nə süslü bir romantik mənzərə, vəsf və tərənnüm. Burada romantik aura (hilə) romantik mətndən çox-çox güclüdür.
Oktyabr ayı Cavidlər ayıdır. Hüseyn Cavidin, Turan Cavidin, Ərtoğrul Cavidin tale qisməti bu aya düşüb. H.Cavidin türkçü əqidə yoldaşı A.Şaiq deyirdi: "Yad et məni, şairanə yad et!" Biz də bu oktyabrda (və bütün gələcək oktyabrlarda) deyirik: "Yad et məni, cavidanə, yad et!" Cavid yaddaşlara əbədi həkk olunub...
Ədəbiyyat ağrı yaddaşından doğulur. H.Cavid ağrının - vicdan ağrısının, idrak və qəlb ağrısının romantik obrazını yaradıb. Ağrıya-ağrıya necə sevinmək olar? Cavidin qəhrəmanları ağrıya-ağrıya təbəssüm göstərən insanlardır, çünki onlar Aydan nur, Günəşdən hərarət alırlar. Onun bütün qəhrəmanlarını eşq idarə edir. "Hər şey eşq üstündə durur dünyada", - deyib dahi Nizami. Eşq insanı fədakarlığa və qəhrəmanlığa sövq edir, insanın dizinə təpər, qəlbinə cəsarət verir. "Eşq olmayan yerdə hər şey qeylü-qaldır", - deyib dahi Füzuli. Eşqlə Peyğəmbər min illərin bütlərini sındırır, məhz eşq insanı insana - İslam Şeyxini xristian qızına doğru çəkir, hətta xəyal da eşqdən doğulur. İnsanın böyüklüyü onun eşqi ilə ölçülür.
H.Cavid romantizmi nə qədər göylərə yüksəlsə də, torpaqdan güc alırdı: Azərbaycan torpağından Mancuriyadan Macarıstana, Sibirdən Yenisey nəhrindən, Altaydan, Türküstandan Anadoluya və Təbrizə qədər uzanan Türk torpağından!
Bu iki amil - Türk ruhu və Azərbaycan torpağının ətri onun məğrur şəxsiyyətində, bütün əsərlərində rayihə saçırdı. Bu millət Cavidi yetirdi, bu millət Cavidi itirdi, bu millət də Cavidi gətirdi və bu millət də Cavidi əbədi yaşadacaq! Bu mənim - Cavidin vətənində doğulmuş bir ziyalının Gün kimi, Ay kimi nur tanıdığı həqiqətdir.
Böyük türkçü H.Cavid əbədi Turan aşiqi idi. O bütün əsərlərini bu eşqlə yazıb, bu eşqi tərənnüm və təlqin edib. Cavidlərin səmimi təəssübkeşi Azər Turan öz qiymətli kitabında - "Cavidnamə"də "Türk erasının iki zamanı", "Əbədi Turan" bölmələrində də H.Cavidin əsərlərini bu bölmələr hüdudunda təhlil edir.
Hər bir sənətkarın milli ədəbi-tarixi prosesdəki mövqeyi, böyüklüyü onun estetik idealı ilə müəyyən olunur. Romantik şair və filosof olaraq Hüseyn Cavidin estetik idealını milli çərçivəyə, dini təriqət və məzhəbə sığmayan bəşəri insan konsepsiyası təyin edirdi:
Mən, fəqət hüsnü-xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm.
Bu beytdə şair öz obrazını hər kəsdən dolğun yaradır. Ədəbiyyatımızda Hürufilər insanı "həqdən qopmuş nur parçası" hesab edirdilər. Bu mənada, Cavid sənəti insanı üzündə Quran ayələri əks olunmuş varlığa bənzədən İ.Nəsimi şeirinə yaxınlaşır.
Hüseyn Cavid romantik-fəlsəfi şeirinin bəşəri mahiyyəti məhz bunda - "Hüsnü-xuda" şairi, Səma şairi olmasındadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!