Adilə Nəzərovanın "Aşıq Ələsgər yaradıcılığında sufizm" kitabı haqda - Həcər PAŞAYEVA

 

Adilə Nəzərovanın "Aşıq Ələsgər yaradıcılığında sufizm" kitabı çox böyük zəhmət bahasına başa gəlmişdir. Müəllif təkcə bir yöndən yanaşaraq Aşıq Ələsgərin yaradıcılığında sufizm ideyalarını tədqiq etməklə qalmayıb, müxtəlif dini-elmi mənbələrdən, "Qurani-Kərim"dən, sufi şair və təriqətçilərdən misallar gətirməklə əhatəli, mükəmməl bir əsər ortaya çıxarmışdır. Həmçinin Aşıq Ələsgər haqqında danışılan maraqlı rəvayət və əhvalatları, aşığın on şeirini yeni redaktə ilə əlavə edərək oxuculara mükəmməl bir kitab təqdim etmişdir. Oxuduqca müəllifin kitabı necə böyük ürəklə, həmçinin əsl alim-tədqiqatçı baxışı ilə yazdığının şahidi olursan.

Müəllifin yazdığına görə mövzunu sazın 9 siminin rəmzi kimi 9 məqalədə tədqiq etmişdir: 1. Aşıq Ələsgər yaradıcılığında "vəhdəti-vücud" anlayışı. 2. Aşıq Ələsgər şeirində "Ələstü birəbbikum qalu bəla". 3. Aşıq Ələsgər şeirində kamil insan düşüncəsi. 4. Xalq şeiri ilə qəzəlin qarşılıqlı əlaqəsi. 5. Aşıq Ələsgər yaradıcılığında irfan məqamları və Hz. Əli qüdrəti. 6. Aşıq Ələsgər şeirində ilahiləşdirilmiş insan obrazı - Hz. Əli. 7. Aşıq Ələsgər şeirində ariflik - "Haqq səni sərraf yaradıb". 8. Aşıq Ələsgər şeirində hərflərin və sözlərin dili. 9. Folklor, din və mifologiya (Aşıq Ələsgərin şeirləri və özü haqqında rəvayətlər əsasında).

Tədqiqatçı-alim hər məqalədə geniş təhlil və müqayisələr aparmaqla Aşıq Ələsgərin qoşma, gəraylı, müxəmməs və qəzəllərində mətnaltı mənalarda gizli qalmış sufi-irfani, həmçinin islam dininin ideyaları ilə oxucunu tanış edir, indiyədək mənasını anlamadığımız söz və ifadələrə aydınlıq gətirir: "Aşıq Ələsgər şeirlərindəki "vəhdəti-vücud" Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bektaşi Vəli, Şah İsmayıl Xətayi, Aşıq Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Ağ Aşıq, Aşıq Alı kimi böyük sənətkarların ideyaları ilə eynidir. Bu mövzuda ustadın şeirləri arasında xarakterik olan "Aparır" rədifli müxəmməsidir:

 

...Ölmək var, dirilmək var, qail ol miyata, gedən!

Qəlbində şeytan mətahın alıb sata-sata gedən!

Sirat-əl müstəqimdə tapar səni xata, gedən!

Zülm ilə, sələm ilə yığıb ziyarata gedən!

Ziyarata getmək deyil, urusa sursat aparır!"

 

Müəllifin qeyd etdiyi kimi, Aşıq Ələsgər bütün varlığı ilə islama biət gətirsə də, həm də təsəvvüfün dörd mərhələsinin - şəriət, təriqət, mərifət və həqiqət pillələrinin də mahiyyətini dərindən dərk etmiş, mənasını mənimsəmişdir.

 

Həqiqətdən dərs almışam, təriqətdə söz qanam.

Şahi-Mərdan sayəsində elm içində ümmanam.

Dəryaların qaydasıdır, ümmana baş endirir.

 

Kitabın müəllifi Aşıq Ələsgər şeirlərindəki sufilik və islam ideyalarını paralel, həm də əlaqəli şəkildə məharətlə, əsl alim-tədqiqatçı bacarığı ilə müqayisə etmişdir. "Göründüyü kimi, təsəvvüf dünyagörüşü islama müxalif deyil, əksinə, onun təməl prinsiplərinə bağlıdır" - deyən müəllif haqlı olaraq hər iki ideologiyanın bağlılığını təsdiq edir, aşığın "Gərəkdi" qoşmasında təriqət, şəriət, mərifət, həqiqət kateqoriyalarını çox ustalıqla açıqlayır.

"Vəhdət məqamını dərk edən haqq aşığı üçün sən-mən ayırımı yoxdur. Çünki Allahın sirrinə vaqif olmaq yolunda vəhdət şüurunda ikilik və müxaliflik düşüncəsi olmur. Haqq aşığı Aşıq Ələsgər insanın kamil olmaq yolunda ayrı-seçkilikdən keçməli, şöhrətpərəstlik, karyera, qısqanclıq, kin, nifrət, özünügöstərmə kimi aldadıcı hisslərdən və vəziyyətlərdən uzaq durmalı, ədəb-ərkan bilməli olduğunu tövsiyə edir". Bu mənada tədqiqatçı-alim aşığın "Biləsən" rədifli qoşmasından misal gətirməklə onun özünü əsərdə övliya kimi təqdim etməsini qeyd edir:

Təriqətdə mərifətə qulaq ver,

Şəriətdə yol-ərkanı biləsən.

Həqiqətdə nədən xəlq eylədi Haqq

Ərşi, kürşü, asimanı biləsən.

 

A.Nəzərova hər səhifədə oxucunu irfani ideyaların dərinliyinə aparır, bu sahənin mütəxəssisi, bilicisi kimi diqqəti cəlb edir: "Yaranan 10-u şəriət, 10-u təriqət, 10-u mərifət, 10-u həqiqət olmaqla, 40 məqamdan keçəndən sonra Yaradanla "vəhdəti-vücud" olur. Bu müqəddəs çətin yolu bilmək də getmək qədər çətin və önəmlidir. Ustad bir bənddə bu müqəddəsliyi bəyan edir, amma açmır, çünki "Həqiqəti tam açmağa dəyməz". Müəllif qeyd edir ki, "Eylə" qoşmasında gecə-gündüz "ya Hu", "ya Hu!" deyib "İbadət eylə" - deyə qəm xirqəsini geyən aşıq arzulanan imici ilə "vəhdəti-vücud" əlaqəsinə və fənafillahda təsəlli dərkinə işarə edir:

 

Qəddim əyib qəm xirqəsin geyirəm,

Məhəbbət odundan təam yeyirəm.

Leylü-nəhar "ya Hu", "ya Hu!" deyirəm

Çıxıbdı qəlbimdən "İbadət eylə".

 

Sufilər hesab edirdilər ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlik, yüksək əxlaqi keyfiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Sufilərə görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə də problemlərin yalnız zahiri tərəfini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, Allaha içdən gələn sevgi duyğularını ona aşılayır. Bu təlimdə əsas örnək Məhəmməd peyğəmbər, onun səhabələri, əhli-beytidir. Sufiliyin qaynağı isə "Quran" və hədislərdir. Müəllif bu baxımdan Aşıq Ələsgərin əsərlərindəki sufi və islami təlimlərin qaynağını çox mükəmməl şəkildə aydınlaşdırır, oxucu aşığın şeirlərindəki bu mənaları anlaya bilir. Həmçinin A.Nəzərova bir alim fəhmi ilə haqlı olaraq qeyd edir ki, Aşıq Ələsgər xalq içərisindən çxmış bir el aşığıdır, ozandır. Onun yaradıcılığına sırf sufi-irfani nəzəri ilə baxmaq birtərəfli yanaşma olardı. Aşıq Ələsgər özündən əvvəlki aşıq ədəbiyyatının təsiri ilə xalq ruhunda gözəl əsərlər yaratmış, dini-mistik ideyalardan xali sırf real həyat lövhələrini də yaradıcılığının meyarına çevirmişdir: "Aşıq Ələsgər yaradıcılığını ümumilikdə qətiyyən təriqət ənənəsinə bağlamaq olmaz. Çünki aşıq ədəbiyyatı özündən əvvəlki və formalaşdığı dövrlərdəki bütün ədəbiyyatlardan qidalanan müstəqil janrdır. Aşıq ədəbiyyatı və saz ənənəsi qeyri-dini xarakter daşıyır. Bunun səbəbi isə mədrəsə ənənəsinə zidd olaraq həm də əyləncə məqsədli bir sahə olmuşdur ki, Aşıq Ələsgər də həyat və yaradıcılığını bu yöndə qurmuşdur. Xalqın mədəniyyətinə, davranışına təsir edən iki fərqli tərzin ortaya çıxması nəticəsində mədəniyyət dairəsinin üst təbəqəsini təmsil edən ziyalıların aşıqlara xor baxdığı dövrlər də olmuşdur. Bu səbəbdən cəmiyyətin rəğbətini qazanmaq üçün aşıqlar irfani şeirlərində ancaq nəsihət ənənəsini qoruyub saxlamaqla həm dini qaydaları yaymağa, həm də ümumi vəziyyəti tənzimləməyə başlamış və bunu bacarmışlar".

Kitabın ikinci məqaləsində müəllif əsasən "Quran"dan müxtəlif surə və ayələrdən misallar gətirməklə Aşıq Ələsgərin əsərlərində "Quran"a işarə edilən söz və ifadələrin izahını mükəmməl verə bilmişdir. Aşıq Ələsgərin "Olmuşam" rədifli qoşmasında bir ifadənin ("Ələstü birəbbikum qalu bəla") izahını "Əl-Əraf" surəsinin 172-ci ayəsi ilə bağlı izahı çox maraqlıdır.

 

Ələstü birəbbikum qalu bəladan

Mərdin mövlasına nökər olmuşam.

Sürtmüşəm üzümü xaki-payinə,

Elm tapıb, sinədəftər olmuşam.

 

23 il ərzində nazil olan "Qurani-Kərim"in ayələri yarandığı dövrün tarixi hadisələrilə əlaqəli, bağlıdır. Müəllifin sözlərinə görə, tədqiqatçılar müəyyən etmişlər ki, müqəddəs kitabda yanlış beş yüzə yaxın ayənin nazil olması üçün konkret səbəblər vardır. Müəllif VII əsr ərəb tarixindən, "Quran" təfsirçilərinin yazdıqlarından misallar gətirməklə ayənin və qoşmadakı "Quran"la bağlı sözlərin izahını ustalıqla əlaqələndirmişdir: "İrfan fəlsəfəsinə görə hər kəs dünyaya gəlməmiş Allahın hüzurunda ruh şəklində mövcud olub. Həmin vaxt hər kəsdən öz rəbbini tanıması və bu təqdirdə Rəbbin buyruqlarına tabe olması haqqında sual edilib: bütün ruhlar buna razılıq edərək "bəli" cavabını iqrar etmişlər. Məhz bu "bəli"nin əsasında Allahla hər kəs arasında əhd-peyman bağlanıb:

 

Ələstüdə bəli deyən, sübhana baş endirir,

Məhəmmədə nazil olan "Quran"a baş endirir.

Özü birdir, adı minbir, vəhdəhüəl-la-şərik

Əhli-mömin görə bilməz, pünhana baş endirir".

 

Adilə Nəzərova "Quran" ayələri ilə hədis və qissələri müqayisə edərək məntiqi cəhətdən düzgün nəticəyə gəlmişdir. Kitabda yeri gəldikcə müxtəlif səmavi kitablardan da misallar gətirməklə "Qurani-Kərim"in mükəmməlliyindən söhbət açmışdır. Həmçinin "qəlb şairi" M.Füzulinin qəzəlləri ilə Aşıq Ələsgər yaradıcılığına aid əsərlərin məna yaxınlığının izahı xüsusən maraqlıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!