Türk tanrıçılığının ilk qaynağı və ya "Oğuz kağan"ın poetikası - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Türklərin öz tarixləri barədə islamaqədərki təsəvvürlərinin rekonstruksiyasında, görünür, "Oğuz kağan" dastanı qədər istinad edəcəkləri ikinci bir mənbə yoxdur. Birincisi ona görə ki, araşdırıcıların dəfələrlə göstərdikləri kimi, uyğur hərflərilə çox gözəl bir türkcədə yazılmış mətndə islam təsirinə, "Kitabi-Dədə Qorqud"dan fərqli olaraq, rast gəlinmir. Və burada kifayət qədər tarixi-coğrafi təyinatları ilə təqdim olunan hadisələrin mərkəzində (əslində, önündə!) türk mifologiyasının ən populyar obrazlarına (Boz Qurd, yay, ox...) Oğuz kağanın uğurlarının atributları olaraq yer verilməsi dastanın islamaqədərki türk düşüncəsində getmiş mürəkkəb təkamül (və mücadilələrin) uzun bir dövrü əhatə edən mənzərəsini əks etdirir.

İkincisi, "Oğuz kağan" ondan sonra yaranmış, demək olar ki, bütün oğuznamələrin ideya-estetik əsasını təşkil edir. Və aydın görünür ki, türk təfəkkürü "Oğuz kağan"a qədərki hadisələri dastanın əvvəlinə, sonra yaşanan tarixi isə onun sonuna artırmaq baxımından çox məhsuldar bir yaradıcı texnologiyaya yiyələnir.

Günümüzə qədər gəlib çıxan (və Parisdə Fransa Milli Kitabxanasında saxlanan) yeganə mətn, araşdırıcıların qənaətinə görə, XIV əsrin sonu, XV əsrin əvvəllərində Doğu Türküstanda, prinsip etibarilə, Cağatay türkcəsində qələmə alınsa da, bir tərəfdən, daha əvvəlki əsrlərin (ən geci XII-XIII əsrlərin) tarixi görüşlərini əks etdirir, ikinci tərəfdən, yalnız Cağatay deyil, oğuz və qıpçaq türkcələrinə məxsus qrammatik xüsusiyyətləri də ehtiva edir.

Əlbəttə, "Oğuz kağan"ın bir süjet-dastan olaraq formalaşmasının e.ə. I minilliyin  sonu, b.e. I minilliyinin əvvəllərinə aid edilməsi elə bir mübahisə doğurmur. Ancaq "Oğuz kağan"ın türk epos ənənəsində son dərəcə geniş yer tutması deməyə əsas verir ki, onun kökləri daha qədim dövrlərə gedib çıxır. Prof. Dr. Əhməd Bican Ərcilasunun "Nəhr Dastan Oğuznamə" ("Oğuz Bitiq") kitabında zəngin faktlara, nümunələrə dayanaraq göstərdiyi kimi, əksər türk xalqlarının, xüsusilə oğuzların ümumi tarixlərinin son əsrlərinə (XVII-XVIII əsrlərə) qədər öz yaradıcı potensialını qoruyub saxlamışdır. Və bu  da danılmaz bir həqiqətdir ki, "Oğuznamə"lər nə qədər türk tarixi kimi, yəni türklərin etnik (milli) tarix şüurunun  ifadəsi olaraq ortaya çıxmışdırsa, o qədər də ədəbi-bədii dəyər kəsb etmiş, türk ədəbiyyatının  inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Yalnız zəmanəmizə qədər gəlib çatan ən qədim mətn olmaq deyil,  eyni zamanda son dərəcə zəngin mifoloji, elmi-tarixi və ədəbi-bədii informasiya daşımaq etibarilə "Oğuz kağan", fikrimizcə, "Kitabi-Dədə Qorqud"un uvertürası sayıla bilər. Bu iki əsərdə təsvir olunan hadisələr arasında o qədər çox zaman  fərqi vardır ki, "Oğuz kağan"da Oğuz, nəticə etibarilə, Türk-oğuz elinin yaradıcısı - hökmdarı, "Dədə Qorqud"da isə həmin elin - Oğuz  elinin özüdür.  Şəxs (əslində, mifoloji - tarixi şəxsiyyət!) adının əvvəl sülalə, tayfa, xalq, sonra isə yurd, ölkə, dövlət adına çevrilməsi türk sosial-mədəni təfəkkürü üçün son dərəcə səciyyəvi hadisədir.

"Oğuz kağan"ın, bütün müqəddəs mətnlər kimi, kifayət qədər mükəmməl tarixi - xronoloji strukturu vardır.

Epos Oğuzun qeyri-adi (mifoloji-epik) doğuluşu ilə başlanır:

"...Künlərdən bir kün Ay Kağanunq közü yarup bödüdi, irkək oğul toğırdı. Oşol oğlununq önqlüki çırağı kök irdi, ağızı ataş kızıl irdi, gözləri al, saçları, kaşları kara irdilər irdi".

Anasını bircə dəfə əmən körpə daha süd istəmir, tezliklə böyüyüb dil açır, yemək, hətta şərab tələb edir... "Kırk kündün sonq bedüklədi, yöridi, oynadı. Adakı ud adakı təq, billəri büri billəri təq, yağrı kiş yağrı təq, köküzü aduq köküzü təq irdi... Yılkılar küdəyə turur irdi, atlarqa minə turur irdi, kiyik av avlaya turur irdi".

Epos təfəkkürü Oğuzu ona görə əvvəl təbiətin üzvi tərkib hissəsi kimi təqdim edir ki, sonra onu bu ilkinliyindən ayırıb qeyri-təbii (ilahi!) missiya ilə  fərqləndirsin. Heç şübhəsiz, həm ideoloji, həm də estetik funksiya daşıyan həmin yaradıcılıq aktı, nəticə etibarilə, türklərin totemizmdən tanrıçılığa keçməsini  simvolizə edir. Və cəsarətlə demək olar ki, "Oğuz kağan" mətnindəki orman, eləcə də ov əhvalatları özünün bilavasitə quş və heyvan təsvirlərilə birlikdə elə bir dinamik semiotik sistem yaradır ki, həmin sistem strateji inam (dünyagörüşü) dəyişməsi prosesini aydın əks etdirir: Oğuz müşahidə edir ki:

 

Buqu yidi, aduq yidi,

Cidam ölürdi, temir bolsa.

Kıyantnı şunqkar yidi,

Ya okum öltürdi, yil bolsa.

 

Müşahidə etdiyi bu mənzərə - sxemlər Oğuzu (türkü!) əmin edir ki, quş və ya heyvana tapınmaq tamamilə əsassızdır. Və beləliklə, Tanrını yerdə yox, göydə (Tanrıda) axtarmaq lazım gəldiyi kəşf olunmuş olur.

Çox da təfsilata varılmır.

Məhz bu inqilabi kəşfinin  (totemizmdən tanrıçılığa keçidin!) nəticəsi olaraq Tanrı da Oğuzu (türkü) mükafatlandırır.

"...Künlərdə bir kün Oğuz kağan bir yerdə Tenqrini calbarquda irdi" ki, göydən mavi,  parlaq bir işıq düşür. Yaxınlaşıb görür ki, "oşbu yaruknunq arasında bir kız bar irdi, yalquz olturur irdi, yaxşı körüklük bir kız irdi".

Tanrı ikinci bir qızı da göndərir:

"...Bir kün Oğuz kağan avqa kitdi. Bir köl arasında alındın bir ığaç kördi. Bu ığaçnınq kabuçakında bir kız bar irdi. Calquz olturur irdi..."

Tanrı bu iki qızdan Oğuza üçər (altı) oğul verir:  Kün, Ay və Yultuz; Kök, Taq və Tənqiz.

Etnosun Yer və Göyün qarşılıqlı əlaqəsində (və bütövlüyündə!) dünyanı dərk etmək "ehtiras"ının bütün inkişaf etmiş qədim xalqlar üçün onların etnoqrafik simasını təyin edəcək bir səviyyədə təzahürü türklərə münasibətdə o qədər əlamətdardır ki, Təbiətdən (Yerdən) Tanrıya (Göyə) yüksələn idrak texnologiyalarının nəinki sistemini, hətta sxematikasını belə izləməyə imkan verir.

Etnosun "taleyinə yazılmış" dini (türk tanrıçılığını!) qəbul edən Oğuzun həmin əsasda ailə qurması ilə süjetin bir periodu başa çatıb ikincisi başlayır.

Təhkiyə davam edir:

"Andın sonq Oğuz kağan bedük toy birdi. İl - künqə carlıq carlap kinqəşdilər, kəldilər. kırk şirə, kırk bandənq capturdı, türlüq aşlar, türlüq sörmələr, çubuyanlar, kımızlar aşadılar, içdilər. Toydan sonq Oğuz kağan biglərgə, il -künlərgə carlıq birdi, takı tedi kim:

 

Mən sinlərgə boldum kağan,

Alalınq ya takı kalkan.

Tamqa bizgə bolsun buyan,

Kök böri bolsunqıl uran!

Temir cıdalar, bol orman!

Av yirdə yörüsün kulan,

Taki taluy, taki mürən.

Kun tuğ bolqıl, kök kurıkan!

- tep tedi".

 

Türk epos ənənəsinə görə, dastan bu sözlərlə bitməli idi, ancaq növbəti bir "kenə andın sonq" kəlməsi gəlir. Və artıq kağan olmuş Oğuzun fəthləri barədə bəhs edən yeni dastan başlayır:

"...Oğuz kağan tört sarıqa carlıq cumşadı, bildürgülük bitidi, ilçileriqə birip yiberdi. Oşbu bildürgülükdə bitilmiş irdi kim, "mən Uyqurnınq kağanı bola mən kim, yirninq tört bulunqununq kağanı bolsam kerek turur".

Kağan taleyin (və Tanrının!) ona vermiş olduğu tarixi missiyanı hansı yolla həyata keçirəcəyini açıq şəkildə bəyan edir:

"Oşol kim meninq ağızumqa  bakar turur bolsa, tarıtqu tartıp dost tutar mən" tep tedi. "Oşbu kim ağızumqa bakmaz turur bolsa, çamat çakıp, çəriq çəkip düşmən tutar mən, taqurak basıp asturup yok bolsunqıl tep kılur mən" tep tedi".

Əlbəttə, iudaizmdən, xristianlıqdan fərqli olaraq (əslində, ilk mərhələlərdə!), islam da bu cür "ya, ya!" məntiqi ilə yayılmışdı. Və ehtimal etmək olar ki, bu, türk tanrıçılığının qəbul edilməsinin "epik izah"ında islamın təsiri olub mətnə sonralar ümumi tipoloji qaydada yüklənmişdir.

Altın kağan hədiyyələr göndərib Oğuz kağanın dostluq təklifini qəbul etsə də, çoxlu qoşunu, şəhərləri olan Urum kağan ondan imtina edir. Oğuz kağan düşmən üzərinə yeriyir... "Kırk kündün sonq Muz Tay tegen taqnunq adakıqa kəldi. Kurıkannı tüşkürdi. Şük bolup uyup turdı. Çanq irtə boldukta Oğuz kağannunq kurıkanıqa kün təq bir caruk kirdi. Ol carukdun kök tülüklüq, bedük bir irkek böri çıkdı".

Çadıra göydən gələn Boz Qurd Oğuz kağana bildirir ki, Urum kağan üzərinə hücumda ona bələdçilik edəcək.

İtil çayının sahilində qoşunlar üz-üzə gəlir... "Tutulunç, uruşunç andağ yaman boldı kim, İtil mürennünq suğı kıpkızıl sibsinqgir teq boldı. Oğuz kağan başadı, Urum kağan kaçdı"... Urum kağana qalib gəldikdən sonra yürüşlərini davam etdirən Oğuz kağanın yeni bir missiyası da qabardılır ki, bu da rastlaşdığı şəxslərə əlamətlərinə, düşdükləri vəziyyətə, qabiliyyətlərinə görə müəyyən adlar verməsidir. Və diqqəti cəlb edən cəhət də ondan ibarətdir ki, həmin adlar türk tayfalarına məxsus adlardır: kıpçak, karluk, kalaç, kanqaluq...

Mifoloji-tarixi şəxsiyyətlərin adlarının tayfa, xalq, eləcə də dövlət adlarına qədər "ictimailəşməsi" türk sosial-mədəni təfəkküründə, artıq qeyd etdiyimiz kimi, çox geniş yayılmış hadisə, özünəməxsus bir qanunauyğunluq olmaqla "Oğuz kağan" da əhəmiyyətli yer tutur. Çünki Şəxsiyyət (Xalq) - Siyasi Birlik (Dövlət) bir-biri ilə iyerarxik olaraq həm prespektiv, həm də retrospektiv baxımdan o qədər bağlı anlayışlardır ki, onları bir-birindən ayrı təsəvvür etmək, sadəcə mümkün deyil.

Oğuz kağanın uğurlu yürüşlərinə öncüllük edən Boz Qurd (Kök Börü), məlum olduğu kimi, türk mifologiyasının ən məşhur obrazlarından biridir. Və totemizm dövrünü adlayıb tanrıçılıqda da yaşaması göstərir ki, Boz Qurd türk etnosunun mənəvi tarixinə (və taleyinə!) təsadüfən gəlməmiş, bir sıra xalqlar üçün simvol olan mifoloji-totemik obrazlar (Şir, Ayı, Əjdaha...) silsiləsində bu günə qədər yaşamaqda, türklüyü lazımi ləyaqət, ideya-estetik qürurla təmsil etməkdədir.

Fəthlərini başa çatdıran Oğuz kağanın öz yurduna qayıtması ilə ikinci dastan da başa çatır. Və üçüncü dastan başlayır ki, bu, artıq Oğuz kağanın yox, onun oğullarının dastanıdır:

"Kenə qaşkarun kalmasun, bellüq bolsun kim, Oğuz kağannunq canıda ak sakallıq, moz saçluq, uzun usluq bir kart kişi turur bar irdi. Ukquluq, tüzün bir iz irdi, tüşiməl irdi. Anunq atı Uluq Türük irdi".

"Oğuz kağan" dastanında Uluq Türükə bu cür mötəbər bir mövqedə yer ayrılması maraq doğurur. İlk növbədə ona görə ki, ilk orta əsrlərdən başlayaraq, əgər belə demək mümkünsə, bir oğuz-türk qarşılaşması və ya dilemması ortaya çıxır. Və türk anlayışına üstünlük verən Göy Türk yazılarında, heç də təsadüfi deyil ki, Oğuz ikinci plana keçir... Adətən, xalqına "türk bəgləri bodunu" deyə müraciət edən Bilgə kağan hərdən bir "türk-oğuz bəgləri, bodunu" da deyir.

Türk, fars və ərəbdilli mənbələr orta əsrlərdə hər nə qədər həm  oğuz, həm də türk anlayışlarını tarixi-ədəbi dövriyyəyə daxil etsələr də, "türk" xüsusilə Qərb mənbələrində get-gedə daha inamla səslənməyə başlayır.

Uluq Türük (Ulu Türk) bir gecə yuxuda görür ki, gündoğandan günbatana qədər hər yeri tutmuş bir qızıl yaydan çıxan üç gümüş ox şimala doğru uçmaqdadır. Yuxusunu Oğuz kağana söyləyir:

 

Ay kağanun, sanqa

Caşaqu bolsunqıl uzun!

Ay kağanun, sanqa

Törəlik bolsunqıl tüzün!

Negü Kök Tenqri berdi

Tüşümdə kəldürsün!

Talay turur yirni

Uruqunqa birdürsün!

- tep tedi. Oğuz kağan Uluq Türknünq sözün yaxşı kördü, ögütün tilədi, ögütügə körə kıldı".

Türk etnosunun mifoloji-tarixi mənşəyində Oğuz kağandan sonra Uluq Türükə (arada Boz Qurda!) yer ayrılması (və nəticə etibarilə, etnosun məhz "türk" adlandırılması) "Oğuz kağan"a türk tanrıçılığının müqəddəs Mətni səlahiyyətini verilməsinin daha bir aktıdır.

Oğuz kağan Tanrıdan gəlmiş növbəti tapşırığı (birincisini Boz Qurd, ikincisini isə Uluq Türük gətirmişdi) yerinə yetirir... "...İrtə boluqda akalarını, inilərini carlap kəltürdi, takı aytdı kim, "ay, məninq könqlüm avnı tiləp turur. Karı bolqumdın meninq kaqaslukum yok turur. Kün, Ay, Yultuz, tanq sarıqa sənlər barunq! Kök, Taq, Tənqiz, tün sarıqa sənlər barunq! - tep tedi"... Oğullar yayı da, oxları da tapıb gətirirlər.

Oğuz kağan bütün türk tarixinin taleyini həll edəcək Qurultay (Uluğ Kurultay) çağırır, yaratdığı mifoloji-tarixi Yurdu altı övladı arasında bölüşdürdükdən sonra onlara son müraciətini edir:

 

Ay oğullar, köp mən aşdum,

Uruşqular köp mən kördüm.

Cıda bilə köp ok atdım,

Ayqır birlə köp yörüdüm.

Düşmanlarını iqlaqurdum,

Dostlarımnı mən külgürdüm.

Kök Tenqriqə mən ötədim,

Sənlərqə birə mən yurdum!

 

Prof. Dr. Əhməd Bican Ərcilasunun topladığı (ümumən, özünəməxsus şəkildə rekonstruksiya etdiyi) mətnlərdən (və Mətndən) də məlum olduğu kimi, "Oğuznamə"  tanrıçılıq əsasında oğuzları (türkləri) yaradır, bölür və bölgünü başa vurduqdan sonra onların (artıq türklərin!) taleyini islama tapşırıb getsə də, tanrıçılığın ilk qaynağı olaraq varlığını etnik tarixin ən dərin qatlarından gələn tükənməz bir enerji mənbəyi kimi həmişə nəzərə çarpdırır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!