1000 ilin Arazı - Turan UĞUR

Turan UĞUR

 

 

Məmməd Araz mənim ən sevdiyim şairlərdəndir. Hər il oktyabrın 14-ü gələndə ikiqat həyəcanlanıram, axı mən - Turan Uğur da nəhəng şairimizin anadan olmasından düz 50 il sonra - 1983-cü ilin bu günü doğulmuşam. Eyni gündə doğulmağın şərafətini paylaşmaq, görünür, həm də poeziyanın təravətini mərhum şairimizlə eyni dərəcədə dadmaq duyğusunu bəndənizdə yaşadır. Nə bilim, Məmməd Araz poeziyasına könül vermək üçün çeşidli səbəblərim var. Bu səbəblərdən biri isə onun şeirlərindəki söz oyunlarına rast gəlməyim, sözün müsbət çalarında janqlyorluğunun fərqinə varmağım, şairin hər misrasında ana dilimizin şəhdi-şirəsini sezməyimdir.Unudulmuş, arxaik, üstünü toz basmış, kif atmış sözlərə yenidən həyat vəsiqəsi vermək, çoxmərtəbəli misralar yaratmaq məsələlərində Məmməd Araz mahir sənətkar idi. Bütün bu məqamlar məni sevimli şairim haqqında yazmağa sövq edir və yazdığım esseyə mərhum şairin öz gedişləri, öz priyomları ilə yanaşmağa başlayıram.Yəni, lətif, kövrək, zəngin ana dilimiz haqqında ürək sözlərimlə "Bismillah" eləyirəm ki, yazımda "əlhəmdülillah" da urvatlı alınsın. Beləliklə, Məmməd Arazın 90-cı doğum günündə azman şairimizə ithaf etdiyim "1000 İlin Arazı" adlı esseni "Ədəbiyyat qəzeti"nə böyük məmnuniyyətlə təqdim edirəm.

 

1000 ilin Arazı

Gələcəkdə axar sulara min nəğmə qoşacaq Məmmədin doğuluşuna tanıqlığı bütün Naxçıvan elinin mübarək yerləri edib: Gurbulaq şəlaləsi, Batabat gölü, Əshabi-Kəhf ziyarətgahı. Sənətkar kimi gələcəkdə tanınmasına qol qoyub, imza atanlar arasında Küküdağ silsiləsi, Biçənək aşırımı, Salvartı, Ağdaban zirvələri də vardı. Hər kəs, hər şey məmnun görünürdü gələcək şairin dünyaya gəlişindən. Ən çox sevinənlərdən biri isə böyük qardaşı İbrahim olmuşdu. "Daha oynamağa qardaşım da olub", - deyə çox sevinmişdi Məmmədin ağabəyi. Bizlərdə böyük qardaşa "ağabəy", yaxud "dadaş" deyirlər, Məmmədin ailəsində necəydi, bilmirəm. Bildiyim odur ki, cılız, sısqa uşaq idi balacalığında, amma çevikliyinə, bacarığına söz ola bilməzdi. Məktəb müəllimi Kamran Hüseynov deyərdi ki, Məmmədin fərasətli biri olacağı hələ şagird vaxtından bəlli idi. Atası İnfil kişi də:

"Bu uşaqdan bir şey çıxacaq" - deyə qətiyyən narahatlıq keçirməzdi.

Sinə-dəftər anası Cahan xanımın da balaca Məmmədin yetişməsində böyük təsiri olub.Təhsilsiz qadın olsa da, Cahan ananın bildiyi cahan siqlətli şeirləri, gəraylıları, bayatıları şairin həyatında böyük iz buraxıb ömrü boyu....

Çox sevilən yazıçı Qabriel Qarsia Markes deyirdi: "Ədəbiyyat olmasa, dünyanın düzəni zərrə qədər də olsun, dəyişməzdi." Rüsxət verin, sevilən yazıçıyla bu dəfə razılaşmayım. Dünyanın mənzərəsini necə təyin edəcəyimiz ədəbiyyatdan birbaşa asılıdır. Bizə bu seçimdə Məmməd Araz poeziyası daim yardımda bulunur. Ömrüboyu tufan əyən, su yaran, Xətai qılıncını suvarmağa iddialı olan Məmməd Araz əlləri öz ömrünü şum eləməyə də vaxt tapardı. Gündoğandan-günbatana kimi hər yeri mənzil bilib, "bu da belə bir ömürdür", - deyib yaşamağa xəfif bir zövq, xəfif bir eşq kimi deyil, həyati borc kimi baxırdı. Ona görə üstünə balta qıcıyanlarla, duz-çörəyi tapdayan, təhnəsi boş adamlarla mübarizədən və mücadilədən zərrə qədər də olsa, geri çəkilmirdi.

Oğul bilsə, Vətən üçün gedib qayasında mamır kimi bitməyə də hazır idin. Ancaq sən mamır yox, bu Vətənin sevilən şairi oldun, Məmməd Araz....Ən  əsası odur ki, heç zaman ölə-ölə yazmadın, əksinə, yaza-yaza öldün. Lakin hələ o ölümə çox var axı...

Lap əvvəldən - kənddən təzəcə çıxdığın o illərdən başlayaq. "Yanın, işıqlarım" adlı həmin ilk şeirindən çıxırıq yola.Yolağasız yollar sənə necə də tanışdır. Deyilmi? 1952-ci ildən söhbət gedir. O zaman "Vətən torpağı"," "Şeirə gətir","Necə unudum səni?" şeirlərini Məmməd İbrahim imzasıyla nəşr etdirmişdin. Amma Məmməd İbrahimin Məmməd Araza çevrilişinin bəşarətçiləri də məhz bu misralar idi...

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı.

 

Məmməd Arazın bu misraları artıq poetik zərb-məsələ çevrilib. Olmaz olsun o ölkə vətəndaşını ki, özünü vətən daşı hiss edə bilmir. Məmməd Araz üçün vətən daşı olmaq bir daş kimi küncdə-bucaqda qaxılıb dayanmaq deyildi. Vətəndaşlıq şair üçün bu məmləkətin daşına, torpağına sahib çıxmaq, dilinə, dininə etina göstərmək, xeyirinə sevinmək, şərinə üzülmək idi. Camaat kimi, səhər dan söküləndə işə getmək, axşam qaş qaralanda işdən dönməkdir Məmməd Araz yurddaşlığı.

Atadan, anadan başlayırdı yurd sevgisi Məmməd üçün. "A" hərfindən başlayırdı hər şey. Ona görə də İnfil kişinin ocağını doğma bilərdi, kəndə yolu-güzarı sıx-sıx düşərdi bu üzdən, haqlı idi. Təbiətdən ayrılmaz ki insan övladı. Sənə də, mənə də məsləhət görərdi təbiətin vəfalı sakini olmağı. Ata yurduna baş çəkməsən, itlə qurdu, boz qoduqla ceyranı necə ayırar övladlarınız?!

Bağırsaq dərələri dar bilib, böyük şəhərlərə yüyürən, onun-bunun kölgəsində baş girləyənləri qətiyyən anlamırdı. Məlhəmi təbiətdə görürdü şair. "Atamın kitabı" poemasını bu səbəbdən yazmışdı vaxtilə, atalar üçün yazmamışdı ki, biz övladlar üçün yazmışdı... Elə təbiət vurğunu olan Məmməd Arazın 1974-cü ildən ömrünün sonuna qədər "Azərbaycan təbiəti" jurnalında Baş redaktor kimi işləməyi də təbiət hadisəsi yox, Məmməd Araz hadisəsi idi. Atalar demiş:

"Çörəyi ver çörəkçiyə, birini də üstəlik".

Məmməd Araz şeiriyyatı o qədər əlvan və rəngarəng idi ki, insan heyrət eləyir, sadəcə. Bu qədər mənaca, məzmunca sanbalı olan şeirlərin üslubu, texnikası necə spesifik ola bilərmiş? Ən sıravi misralarından cinas qafiyəli bəndlərinə kimi...

 

Bu sevdadan nə yetirdik, nə üzdük?!

Dalğasına nə qərq olduq, nə üzdük.

Axır səni düzdə qoydu bu düzlük...

Unut məni, aldat məni, at məni.

 

Bu şeirlərlə tanış olandan sonra dilimizin kasadlığından şikayət edənlərə əməlli-başlı diş qıcamalı olursan. Bu şeirlərə könül verən hər bir kəs yalnız heyrət edə bilər ki, Azərbaycan türkcəsində bu qədər gözəl yazmaq və danışmaq mümkünmüş. Ən nəhayət, Məmməd Araz poeziyası bizə "aha, belə bir söz də varmış dilimizdə, nəcəb ağlımın ucundan keçməmiş indiyə kimi", - deyibən, sadəcə, çaşqınlıq içində dayana bilərsən. Fəqət, dayanmayan, yerində durmayan bir məfhum var: Zaman!

Vaxt keçdikcə, mazimizdən istiqbalımıza yön aldıqca Məmməd Araz şəxsiyyəti daha da ucaboylu görünür. Görünür və yaşayır. Onu sevən pərəstişkarlarının sözündə-söhbətində yaşayır Məmməd Araz. O söhbətlər içərisindən bir fraza aydın şəkildə qulağımı batırır:

 

"Bu dünyadan Məmməd Araz keçdi, nə yaxşı ki də keçdi, dostlar!"...

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar.

Bəşərin gülləsi-söz,

Sözü - məhəbbət olar, -

Müharibə olmasa!

 

Düz deyirdi, Məmməd bəy. Müharibə olmasaydı, çox şey başqa cür olardı. Məsələn, üç oğlunu davaya göndərən Gülsənəm ananın ömrü iztirabdan 5 km uzaq olardı. Üç gün vüsal görüb, on üç il hicranla boğuşmazdı ərsiz qadınlar. Məmləkətin tifilləri yetim qalmazdı, bir şair kimi Məmməd Araz "müharibə olmasa!" ifadəsini əslində, "müharibə olmasın!" nidasından yoğurmuşdu. Şair idi axı. Hərblərin, döyüşlərin olmasını istəyən ən sonuncu insan yer üzündə məhz şairlər olur. Savaşın yox, barışın tərəfdarıydı Məmməd Araz. Bir də inanmışdı lap məsum çocuq kimi, müharibələrin olmadığı bir yerdə alimin göydən ay-ulduzu dartıb yerə sala biləcəyinə də iman gətirmişdi. Daha doğrusu, inanmaq istəmişdi buna.

 

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada billik

Yerlə Mars arasında, -

Müharibə olmasa!

M.Araz

 

44 günlük Zəfər savaşından, doğma Qarabağımız öz hürriyyətinə qovuşandan sonra Məmməd Arazın da murazı könlündə qalmayıb. Sevinir şair. Hayqırtılı, alovlu, hərarətli Vətən şeirlərindəki ağrılarına ilac tapılıb artıq. Bilirsiniz, hardan bilirəm?!

Yağı caynağından qurtulan, dübarə, hürriyyətini yaşamağa başlayan torpaqlarımızın bəxtəvər görünüşündən bilirəm. Ona görə Vətən indi hamımıza oğul deyir, bizim hamımıza:

Biz - müəllimlərə

biz - jurnalistlərə

biz - fəhlələrə

biz - fermerlərə

biz - həkimlərə

biz - hakimlərə

biz - şairlərə

biz - kəndlilərə

biz - şəhərlilərə

Biz - mühasiblərə

biz - müşavirlərə

biz - dənizçilərə

biz - duluzçulara

biz - dülgərlərə

biz - misgərlərə

biz- zərgərlərə

biz - bərbərlərə

biz - tacirlərə

- bizim hamımıza.

Hə, az qalsın, unutmuşdum, şairim, biri var, min illərdir axan Araz çayı, biri də var, şeiriyyatımızın Arazı. Əslində eynidir: 90 ilin Məmməd Arazı  min illərin Araz çayından rişələnibsə, deməli, bu Arazlar gedib hansısa nöqtədə, hansısa məqamda çulğalaşır. O zaman baxın görün, bu ürək sözlərimi deməyin yeri varmı?

"1000 İlin Arazı" - Məmməd Araz, nə yaxşı ki, varsınız, varımızsınız!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!