Akademik Arif Paşayev və ya fizikanın metafizikası - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Akademik Arif Paşayevin həyatının, tərcümeyi-halının ən mühüm göstəricisi, heç şübhəsiz, "ən böyük əsərim ailəmdir" deyən yazıçı-mütəfəkkir Mir Cəlalın ailəsində dünyaya gəlib boya-başa çatmasıdır.

Ailənin taleyi Mir Cəlalın təsəvvüründə həmişə bir xalqın taleyi qədər önəmli, əhəmiyyətli olmuşdur. Və təsadüfi deyil ki, görkəmli tənqidçi-ədəbiyyatşünas Cəfər Xəndan vaxtilə yazmışdı:

"Mir Cəlal ən böyük siyasi-ictimai hadisələri ailə-məişət məsələlərində və ən kiçik ailə-məişət məsələlərini də böyük ictimai-siyasi hadisələrlə bağlamağı bacaran bir yazıçıdır".

Yəqin ki, Azərbaycan ədəbiyyatında ailə mənzərələrini bu qədər genişliyi, təfərrüatı və təfsilatı ilə təsvir edən söz ustası olmamışdır... O, ailənin, ilk növbədə, qarşılıqlı sevgi, etibar əsasında qurulmasını təbliğ edir. Zahirən belə görünə bilər ki, bu cür təbliğata xüsusi bir ehtiyac yoxdur, lakin istər 20-ci, 30-cu illərin, istərsə də sonrakı dövrlərin ailə-məişət münasibətləri tarixi göstərir ki, heç də belə deyil. Hər dövrün özündə milli ailə ukladına qarşı cari ideoloji-mənəvi müdaxilələrin dağıdıcı təsirləri Mir Cəlalı daim düşündürmüşdür. Məsələn, "Təzə toyun nəzakət qaydaları" hekayəsində zahiri yenilik (və nəzakət) arxasındakı bayağı təmtəraq, mal-dövlət hərisliyi, mənəvi puçluq kəskin tənqid olunursa, "Açıq kitab"da Sadıq kişi ilə Səttarzadənin timsalında heç bir ayrı məqsəd güdülmədən qarşılıqlı sevgi, hörmət üzərində qurulan ailənin valideynlər (cəmiyyət!) tərəfindən necə himayə edildiyi göstərilir. Evlənənlərə "ilahi eşq tərənnümçüsü" Füzulinin kitabının hədiyyə verilməsi də müəllifin məramının ifadəsidir.

Mir Cəlalın ailə ideallarının və ya fəlsəfəsinin mahiyyətini daha dərindən anlamaq üçün "Yaşıdlarım" romanı xeyli material verir. Müharibəyə yollanan nişanlısı Nərimana vəfasızlıq (əslində, xəyanət) edərək başqasına ərə gedən Kiçikxanımın istəyi baş tutmur, "ər"ini tezliklə cəbhəyə aparırlar. Kiçikxanım əlacsız qalıb rayona bağça müəlliməsi işləməyə gedir. Və müharibədən qayıdan Nərimanla burada bir daha rastlaşırlar. Yazıçı keçici hisslərin, duyğuların fövqünə qalxaraq onların taleyini daha mükəmməl (və müdrik) mühakimələrlə həll edir ki, burada qazanılmış həyat təcrübəsinin rolu, əlbəttə, aparıcıdır:

"O gördü ki, Kiçikxanım indi xəyaldan, geyim və işrət meyllərindən uzaq olan, azad zəhmətin gözəlliyi və poeziyasını duymaq yoluna düşmüş, keçmişindən xəcalət çəkən bir qızdır. Buna görə də Nəriman ona xor baxmağı mədəniyyətsizlik sayırdı".

Ədəbiyyatşünas Yaqub İsmayılov haqlıdır ki, "romanda Nəriman - Kiçikxanım xətti, Kiçikxanımın aqibəti müəllifi ciddi məşğul etmişdir. Ədib bu məsələni birtərəfli, ancaq intim - fərdi hiss, əlaqə və münasibətlər dairəsində almamış, daha çox ictimai-siyasi mətləblər, ümumi həyati məqsədlərlə sıx bağlamış, bədii-tərbiyəvi planda canlandırmışdır... Mir Cəlal mahir bir psixoloq kimi qəlbə nüfuz etmiş, insan ürəyinin dərinliklərində gizlənən müxtəlif hissləri həssaslıqla aşkara çıxarmışdır".

Roman yazıçının Nərimanla Kiçikxanımın yenidən (və bu dəfə həmişəlik!) qovuşacaqlarına çox böyük ümid ilə bitir. Və belə bir ümidçün, əlbəttə, kifayət qədər əsas vardır.

Mir Cəlalın ailə ideallarında ikinci mühüm şərt və ya prinsip qarşılıqlı anlaşma, səmimiyyət, sözün geniş mənasında ünsiyyət və ailə həyatının xoş günlərindən zövq almaqla yanaşı, ağır günlərinə dözməyi də bacarmaqdır... "Kəmtərovlar ailəsi" hekayəsində qeyri-adi bir "işgüzar" ailədən söhbət gedir. Daha çox pul qazanmaq üçün işləməklə "yarış"a girən ərlə arvad bir-birinin üzünü görə bilmirlər. Və qazandıqlarını da "bir Sarıköynək qadın" aparır... Tənqidçi Əhəd Hüseynov yazır:

"Mir Cəlalın qənaətinə görə ailənin maddi şəraitini yaxşılaşdırmaq istəyən insanın arzularında irad tutula biləcək pis bir cəhət yoxdur. Hər kəs öz ailəsində mümkün qədər buna nail olmalıdır. Lakin bu şərtlə ki, belə arzu insan həyatının yeganə məqsədinə çevrilməsin, xoşbəxtlik anlayışı ancaq öz ailəsinin şəraitini yaxşılaşdırmaqla məhdudlaşdırılmasın, insan öz ictimai borcunu unutmasın".

Sovet ideologiyasının qeyri-adi ictimai münasibətlər (və tiplər!) yetirdiyi illərdə yazıçı ailə münasibətlərindəki ənənəvi dəyərlərin müdafiəsinə qalxmışdır ki, bunun maraqlı faktlarından biri "İclas qurusu" hekayəsidir. Hekayənin qəhrəmanı həyatın mənasını, mahiyyətini iclasda görür. Və mövcud inzibati idarə sisteminin yetişdirdiyi bu bədbəxt adamın müdaxilə edə bilmədiyi bircə məkan varsa, o da Ailədir. O Ailə ki, hələ də öz etnoqrafik inersiyası ilə yaşamaqda davam edərək iclas qurusunun şəxsində bütün təkidlərinə, hətta təcavüzkarlığına rəğmən, mövcud inzibati idarə sisteminə güclü müqavimət göstərir.

Və yazıçı inanır ki, Ailə mənəvi-əxlaqi zənginliyin, ümumən insanı insan edən dəyərlərin alınmaz qalası, ən möhkəm təbii istehkamıdır. O münasibətlər ki, cəmiyyət həyatının digər sferalarında nə qədər yayılırsa yayılsın, ailə-məişətə daxil olmadan, mənəvi-əxlaqi normaya çevrilə bilməz.

Mir Cəlalın tələbəsi Nəriman Həsənzadənin Ustadın 110 illiyi ərəfəsində qələmə aldığı "Xəlvətdə yanan şam" dramatik poemasında beş əsas qəhrəman - personaj var: Mir Cəlal, Püstə xanım, Mikayıl Müşfiq, Arif Paşayev (gənc alim) və Qiyam ( Nəriman Həsənzadə - gənc şair). Və bu beş əsas qəhrəmanla yanaşı, Mir Cəlal "ailəsi"ndə birləşən çoxlu qəhrəmanlar da təsəvvürə gəlir. Dramatik poema müəllifi (və qəhrəman-obrazı!) deyir:

 

Həyat, səndən ötrü demə təzəyəm,

hər qəmin adını sən təzə qoyma.

Tanrım, taleyimlə mən üz-üzəyəm,

sən məni özümlə üz-üzə qoyma.

...Azərbaycan özü boyda

bir ocaqdı,

O yandıqca yaşayacaq,

yaşadıqca

yanacaqdı.

O kimisə üşüdəcək,

o kimisə yandıracaq,

o yanacaq.

İçimdəki yatan dünyam

yuxusundan

oyanacaq...

 

Böyük şairin təqdimində Mir Cəlal ailəsi - Müşfiq ailəsi, Səməd Vurğun ailəsi, sözün böyük mənasında "Azərbaycan ailəsi" deməkdir.

Ailənin ən mühüm missiyası yeni nəsli hər cəhətdən sağlam, həm ailə ənənələrinə, həm də cəmiyyətin zaman-zaman dəyişən birgəyaşayış normalarına uyğun böyütməkdən ibarətdir ki, bu, Mir Cəlalın ailə ideallarının üçüncü əsas şərtidir... "Şəxsi məsələ", "Oğul", "Əsgər oğlu", "Nazik mətləb", "Heykəl uçulanda" və s. hekayələrində yazıçı Ailəni gənc nəslin formalaşması işinə, sözün böyük mənasında, səfərbər edir.

Mir Cəlal əmindir ki, milli ailə ukladının möhkəmliyində onun qarşılıqlı məhəbbət əsasında qurulması, valideynlər arasında hörmət-ehtiramın mövcudluğu nə qədər mühümdürsə, övladların həm ailə, həm də cəmiyyət üçün layiqli bir səviyyədə yetişdirilməsi də o qədər əsasdır. Hər şeydən əvvəl ona görə ki, yeni ailənin təməli köhnə ailədə qoyulur.

Mir Cəlal ailəsinin ənənəvi dəyərləri qoruyub saxlamaqla məişət qayğıları fövqünə yüksəlib milli ictimai məzmun-mündərəcə kəsb etməsində ailənin "qoruyucu mələy"i Püstə xanım rolunu Mir Cəlal müəllimin dostları, həmkarları, tələbələri bu günə qədər yaxşı xatırlayırlar. Püstə xanımın özü isə keşiyində dayandığı ailə haqqında bir vaxtlar yalnız Mir Cəlal qələminin yaza biləcəyi dahiyanə sözlər demişdi:

"Mənim uşaqlarım həyatda elə oturub durublar ki, başımızı həmişə uca eləyiblər. Məktəbdə əlaçı olublar, müəllimləri məni həmişə təbrik edib, ev tərbiyələrindən razı qalıblar. Arif onilliyi yenicə qurtarmışdı. Atası istəyirdi ki, gedib Moskvada oxusun, gözü açılsın, 17 yaşında uşağın uzağa getməsindən qorxurdum. Sonra onu yola saldıq, dalınca da həmişə sovqat göndərirdim. Nəhayət, oxudu gəldi. Gözü-könlü seçdiyi qızla evləndi, ondan da iki qızı oldu. İndi o qızları da gözəl ailə qurublar, gözəl də uşaqları var. Allah canlarını sağ eləsin, xoşbəxtdirlər. Ancaq özü tək qaldı (kövrəlir). Aida xanım dünyasını tez dəyişdi".

Arif müəllimlə Aida xanımın qızları - Nərgiz xanımla Mehriban xanım Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında, eləcə də beynəlxalq münasibətlərinin inkişafında həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda elə tarixi xidmətlər göstərmişlər (və göstərməkdədirlər) ki, həmişə etiraf olunacaqdır.

***

Akademik Arif Paşayevin elmi yaradıcılığı haqqında az-çox maraq doğuracaq bir söz demək iddiasından tamamilə uzağam. Çünki fizika barədəki təsəvvürlərim orta məktəb miqyasından kənara çıxmır və təbii ki, vaxtilə bu və ya digər dərəcədə canlı olan təsəvvürlərimin hal-hazırda həmin miqyasda qaldığına da əmin deyiləm. Ancaq qarşımda Azərbaycan Milli Kitabxanasının 2019-cu ildə "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi "Arif Paşayev. Biblioqrafiya" kitabı var (tərtibçiləri - texnika elmləri doktoru, professor Xaqani Abdullayevlə Lamiyə Miryaqubova, məsləhətçi - əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, elmi redaktoru - professor Kərim Tahirovdur) ki, həmin kitabın verdiyi zəngin məlumata güvənərək görkəmli alimin, demək olar ki, həyatını həsr etdiyi elmin zirvəsinə necə yüksəldiyini ən azından əsas cizgiləri ilə izləmək mümkündür.

Arif Paşayev 1951-ci ildə Bakıdakı 164 saylı orta məktəbi bitirərək Moskva Elektronika Rabitə İnstitutuna daxil olmuş, 1954-cü ildən təhsilini Odessa Elektronika Rabitə İnstitutunda davam etdirmiş, 1957-ci ildə həmin institutu "radio-rabitə və radioyayım" ixtisasına yiyələnərək bitirmişdir. Bir neçə il Azərbaycan Dövlət Universitetində, Azərbaycan Elmlər Akademiyasında çalışdıqdan sonra 1960-cı ildə Moskva Dövlət Nadir Metallar İnstitutunun aspirantı olmuşdur. 1964-cü ildə yenidən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna kiçik elmi işçi kimi qayıdan gənc tədqiqatçı 1965-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Akademik Arif Paşayevin (eləcə də onun qardaş və bacılarının) həyatının, tərcümeyi-halının ən mühüm (və ən ümumi) göstəricisi yazıçı-mütəfəkkir Mir Cəlalın ailəsində dünyaya gəlib boya başa çatmalarıdırsa, ondan az əhəmiyyətli olmayan bir göstəricisi də seçdikləri ixtisasın, məsul olduqları vəzifələrin missiyasını sona qədər ləyaqətlə daşımalarıdır... Namizədlik dissertasiyası müdafiə etdikdən sonra Arif Paşayev bir il Elmlər Akademiyasının fizika - riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi olduqdan sonra beş il (1966-1971) Fizika İnstitutunun baş elmi işçisi, iyirmi beş il (1971-1996) isə (!) həmin institutun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasının rəhbəri olmuşdur. Və həmin iyirmi beş ilin gərgin elmi axtarışları nəticəsində Arif müəllim elmlər doktoru dissertasiyasını müdafiə etmiş (1978), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş (1989), Azərbaycan SSR Dövlət Mükafatına (1991), fizika elmi sahəsindəki yüksək nailiyyətlərinə görə bir sıra başqa mötəbər mükafatlara layiq görülmüşdür.

1996-cı ildə Elmlər Akademiyası Fizika İnstitutunun Akustooptika laboratoriyasının rəhbəri təyin olunması ilə yanaşı, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə gətirilməsi həm görkəmli alimin, həm də Azərbaycan Hava Yollarının, həm də ölkənin "tərcümeyi-hal"ında tarixi bir hadisə olmuşdur.

Akademik Arif Mehdiyev yazır:

"Dünyanın əksər ölkələrində aviasiya sahəsində kadrlara kəskin ehtiyac duyulur və bu sahədə öz tələbatını ödəməyən ölkələr aviasiya kadrları hazırlamaq və ya aviasiya kadrlarına olan tələbatını ödəmək üçün digər ölkələrə müraciət etməli olurlar. Bəli, respublikamız üçün müasir elmi-texniki tərəqqinin bugünkü tələblərinə cavab verən peşəkar aviasiya kadrlarının, o cümlədən yüksək standartlara uyğun pilotların hazırlanması akademik A.M.Paşayevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətləri sırasında xüsusi olaraq qeyd olunmağa layiqdir".

Arif müəllimin Milli Aviasiya Akademiyasına rəhbərliyi ilə Azərbaycan səmasında tək milli fizikanın deyil, milli metafizikanın da hərəkətinə, nüfuzuna start verildi. Bir neçə il ərzində Beynəlxalq Mühəndislik, Beynəlxalq Elmlər, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Ekoenergetika və Beynəlxalq informasiyalaşdırma akademiyalarının, eləcə də Azərbaycan Milli Elmlər akademiyasının həqiqi üzvü seçilən alim-rektor Azərbaycan aviasiyasını bütün dünyada tanıdan çoxsaylı uğurlu layihələrə imza atdı. Və xalq şairi Zəlimxan Yaqub həmin münasibətlə demişdi ki, "Sizin fikriniz, xəyalınız təyyarənin uçan, pərvazlanan qanadı ilə bir yerdə həmişə göylərdə, üfüqlərdədir. Qoy bu ucalıq heç vaxt zirvələrdən enməsin". Bu, bir tərəfdən, xəyalı göylərdə olan görkəmli alimə şair xeyir-duası idisə, digər tərəfdən, dövlət müstəqilliyinə nail olmuş xalqın yalnız öz yerlərinə deyil, göylərinə də sahib çıxmasından doğan qürurun şairanə ifadəsi idi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov yazmışdı:

"Akademik Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir".

Akademik Mahmud Kərimov öz fikrini belə yekunlaşdırmışdı ki, "inkişaf, tərəqqi, yüksəliş yolumuzun ön cərgəsində irəliləyən elm adamlarımızdan biri olan akademik Arif Paşayev respublikamızın həyatında taleyüklü məsələlərin həllində səylərini əsirgəməyərək öz xalqına əvəzsiz xidmət göstərir".

Görkəmli alim haqqında söylənən çoxsaylı mötəbər sözlərdə onu dərindən səciyyələndirən üç keyfiyyət diqqəti çəkir ki, birincisi yüksək elmi-intellektual səviyyə, ikincisi həmin səviyyəni praktikaya gətirmək bacarığı, üçüncüsü isə elmi mühit yaradaraq rəhbərlik etmək (liderlik!) qabiliyyətidir. Haqqında söhbət açdığımız "Biblioqrafiya"dan məlum olduğu kimi, akademik Arif Paşayev məşğul olduğu elmin aktual problemlərinə həsr edilmiş onlarla kitabın, yüzlərlə məqalənin, əllidən çox ixtiraların müəllifidir. Və mən bu zəngin yaradıcılıq xəzinəsindən Arif Paşayevin rəhbərliyi ilə hazırlanmış lüğətlərin adlarını xüsusi olaraq xatırlatmaq istərdim: "Aviasiya terminlərinin qısa izahlı lüğəti" (Bakı, 2004), "Aeronaviqasiya terminləri lüğəti" (Azərbaycan, ingilis və rus dillərində)" (Bakı, 2005), "İngiliscə- azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (üç cilddə, Bakı, 2016). Azərbaycan mühiti (və Azərbaycan dili) üçün tamamilə yeni sahə olan aviasiyanın milli terminoloji korpusunu yaratmaqla yanaşı, böyük mütəxəssis aviasiya, ümumən fizikaya dair azərbaycanca bir sıra ali məktəb dərsliklərinin hazırlanması layihəsini də uğurla gerçəkləşdirmişdir ki, buraya ilk növbədə "Ümumi fizika kursu", "Aeromexanika", "Atmosfer proseslərinin fiziki əsasları", "Elektron qurğularının əsasları", "Tətbiqi mexanika" kimi fundamental əsərlər daxildir. Və bu əsərlər öz ixtisas sahələrindəki elmi nailiyyətləri əks etdirməklə bərabər, müasir Azərbaycan dilinin də mükəmməl abidələridir.

Texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun aşağıdakı sözləri akademik Arif Paşayevin elmi istedadının (və fəaliyyətinin) miqyasını, heç şübhəsiz, dəqiq müəyyən edir:

"O, daim həqiqət axtarışında olan insan idrakının nüvəsi kimi ideya və fikirlərin generatorudur. Məhz onun ötürdüyü impulslar insanın ona məlum olmayan və ya az məlum olan aləmə ehtirasla baş vurmağa təhrik edir. O, aləmin dərinliklərinə irəlilədikcə insan durmadan onu yaradıcılığa təhrik edən fəlsəfi fikrin istiqamətlərini müəyyənləşdirməyə çalışır, tədqiqatlar nəticəsində əldə etdiyi məlumatların bazasında əvvəlcə düşüncələrini ehtiva edən "həqiqət necə olmalıdır" nəzəriyyəsini yaradır, sonra isə saysız-hesabsız eksperimentlər vasitəsilə riyazi, fiziki və digər hesablamalar apararaq düsturlarla zənginləşdirir, nəhayət, bir qədər əvvəl ona dərkedilməz, mümkünsüz görünən həqiqəti tapır".

Göründüyü kimi, akademik Arif Paşayevin yaradıcılığı (və şəxsiyyəti!) nümunəsində fizikadan (maddi gerçəklikdən) metafizikaya (fəlsəfəyə, müdrikliyə!) bilavasitə yollar uzanır. Və bu yolların artıq fizikadan metafizikaya yox, əks hərəkətinin - metafizikadan fizikaya gediş arxetipini xalq şairi Nəriman Həsənzadənin poetik dühası kəşf (və formulə) edir:

"Siz indi dəqiq elmlərin milli problemlərilə yanaşı, dünya fizika-riyaziyyat elmlərinin ən mürəkkəb məsələlərilə də, məşğul olan alim kimi böyük zəka sahibisiniz. Bu, artıq bəşəri mənada milli sərvətimiz hesab edilməlidir. Bu da İŞIQ dı, Arif müəllim. Siz işıqdan törəyənlərsiniz".

Arif müəllimin Azərbaycan elmindəki liderlik missiyası dövlət mükafatları - "Şöhrət" ordeni (2004), "Əməkdar elm xadimi" fəxri adı (2005), "Şərəf" ordeni (2009), "İstiqlal" ordeni (2014) ilə təsdiq olunmuş, beynəlxalq akademik nüfuzu isə bir neçə akademiyanın fəxri üzvü, bir neçə universitetin fəxri professoru seçilməklə qeyd edilmişdir. 

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti olması isə akademik Arif Paşayevin Azərbaycanda mühəndislik sənətinin ən müxtəlif təzahürlərində peşəkar fəaliyyət sferası olaraq dərk etməyin imkanlarını genişləndirməklə onu milli bir yaradıcılıq ( və özünütəsdiq!) meydanına çevirdi.

 

***

Həyatın həddi-hüdudu bilinməyən "fizika"sının mahiyyətinə varmadan görünür, onun "metafizika"sına da yiyələnmək mümkün deyil. Qədim zamanlarda idealist filosoflar maddi dünyanı (fizikanı) ilahi-mənəvi dünyanın (metafizikanın) "solğun obrazlar"ı hesab edirdilər, yeni dövrün materialist filosofları isə əksinə düşündülər, hər cür metafizikanın əsasında fizikanın dayandığını dedilər. Görkəmli bir fizik olaraq akademik Arif Paşayevin yaradıcılıq (və düşüncə) tərcümeyi-halında aparıcı tendensiyanın məhz metafizikadan ibarət olmasını, onu təxminən iyirmi beş ildir ki, tanıyan biri kimi, cəsarətlə deyə bilirəm.

Mən çox istedadlı riyaziyyatçılar, kimyaçılar, fiziklər tanıyıram ki, seçdikləri ixtisasın "riyaziyyat"ına, "kimya"sına və "fizika"sına daxil ola bilməyib intellektual aləmdə sərgərdan qaldılar, eyni zamanda çoxlarını da tanıyıram ki, seçdikləri ixtisasın "riyaziyyat"ında, "kimya"sında və "fizika"sında yox olub getdilər... Akademik Arif Paşayev o alim-şəxsiyyətlərdən (və mütəfəkkirlərdən) biridir ki, fizikanın dərinliklərindən metafizikanın zirvələrinə yüksələ bildi.

Akademik Akif Əlizadə yazır:

"Yüksək davranış mədəniyyəti, təvəzökarlığı, ilhamvericiliyi alim və ziyalıları onun ətrafına cəlb edir. Hər yerdə ona hörmət edir, onu müdrik insan kimi qəbul edir, ona inanır, onu sevirlər. O isə həmişə hamı ilə bərabər olduğunu, heç kimdən yuxarıda durmadığını bütün səmimiliyi ilə ortaya çıxarır. Arif müəllim hər bir əməkdaşa fərdi yanaşmağı bacarır. Onun başqalarının uğurlarına sevinmə qabiliyyəti, qayğılarına şərik olma xüsusiyyəti göz qabağındadır. Arif Paşayevin çoxillik həyat təcrübəsi və cəmiyyətdə baş verən proseslərə məsuliyyətli münasibəti ziyalılıq üçün bir nümunədir".

Yaxşı yadımdadır... Yazıçı, alim, müəllim Mir Cəlalın 100 illiyi ərəfəsində Arif müəllim Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gəldi. Onda mən fakültənin dekanı idim... Mir Cəlal müəllimin uzun illər müdiri olduğu Azərbaycan ədəbiyyatı tarixi kafedrasına (onsuz da ona elə əvvəlcədən Mir Cəlal müəllimin kafedrası deyilirdi) Mir Cəlalın adı verildi. Və həmin günlərdə Arif müəllimin iştirakı ilə çox maraqlı görüşlər keçirildi ki, burada Azərbaycanın görkəmli ziyalıları iştirak edirdilər. Onların içərisində Mir Cəlal müəllimin bilavasitə tələbələri Nəriman Həsənzadə, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev, Tofiq Hacıyev, Azad Nəbiyev və b. vardı. Hamımız görürdük ki, Arif müəllim Mir Cəlalın tələbələrinə nə qədər hörmətlə, ehtiramla yanaşır. Və artıq həyatda kifayət qədər yüksək mövqe qazanmış tələbələri isə vaxtilə Mir Cəlaldan gördükləri xeyirxahlıq üçün indi onun övladına necə minnətdarlıq edəcəklərini bilmirlər.

Arif müəllim əsl məclis adamıdır. Və onu dinlədikcə qarşında "darıxdırıcı" bir elmin - fizikanın yüksək ixtisaslı nümayəndəsindən çox həqiqi bir dilçini, ədəbiyyatçını, psixoloqu, filosofu görürsən. Nəinki ciddi söhbətlərində, ən adi zarafatlarında da o, səmimi olduğu qədər müdrik, müdrik olduğu qədər səmimidir.

Heç yadımdan çıxmaz... Görüşlərin birində akademik Tofiq Hacıyev Aida İmanquliyevanın istedadlı bir şərqşünas - ərəbşünas olduğu barədə danışırdı. Birdən "Aida Paşayeva" deyib dayandı, vəziyyətdən çıxmaq üçün Arif müəllimdən "nə üçün Aida xanım soyadını dəyişmədi?" deyə soruşdu. Bu sual nə qədər gözlənilməz olsa da, Arif müəllim onu gözlənilən etdi, çox böyük təmkinlə "çünki onun özü də şəxsiyyət idi" dedi. Və bu cavab illər boyu rəhbər tutulmuş "zərif ailə fəlsəfəsi"nin ifadəsi idi ki, heç şübhəsiz, mənbəyini Mir Cəlalın "ailə idealları"ndan alırdı.

Mən şahidi olmuşam ki, Arif müəllimin iştirak elədiyi məclisdə nə Hafiz müəllim, nə də Ədibə xanım bir söz deyib. Nə demək lazımdırsa onu Arif müəllim deyib. Və əvəzində qardaşın da, bacının da çöhrəsində məmnunluğun xoş bir təbəssümündən başqa hər hansı reaksiya olmayıb... "Ədibin Evi"nin keçirdiyi Mir Cəlal hekayə müsabiqələrində Arif müəllim az-az görünür, ancaq münsiflər heyətinin üzvləri olaraq biz işin obyektiv getməsinə göstərdiyi köməyi, qayğını həmişə hiss edirik. Və bu, tək Mir Cəlal yaradıcılığına, şəxsiyyətinə, ideya- estetik ənənələrinə ehtiram deyil, həm də irsi məsuliyyətdir - Mir Cəlalın özünün də bütün həyatını heç bir fəxri ad, ünvan gözləmədən həsr etdiyi o taylı-bu taylı Azərbaycan ədəbiyyatına elə bir münasibətdir ki, o, oğula yalnız atadan miras qala bilər.

Akademik Arif Paşayev kimi mənsub olduğu xalqın böyük ideallarından doğulan şəxsiyyətlər fizikanın hüdudlarını aşaraq metafizikanın üfüqlərini fəth etməyin elə həyati nümunələrini verirlər ki, cəmiyyət ondan mənəvi güc, enerji alır. Və dünya bütün parametrləri ilə daha nurlu, daha işıqlı olur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!